Tutdum günəş əlindən,
Bu günəş, yoxsa aydı? [123, 31]
Ah nə dilim bir söz tutur,
Nə açılır dodağım [127, 14]
3) Bir az sonra zəng vurub
Abuzərə üz tutur [127, 67]
Göründüyü kimi, şair bir sözün polisemantik xüsusiyyətini – məcaziliyini əsas tutaraq onun vasitəsilə müxtəlif mənalar ifadə etmişdir. Çünki çoxmənalı sözlərdə məna çalarlığının sayından asılı olmayaraq, bunlardan yalnız biri onun ilkin, həqiqi mənasında, başqa mənaları isə məcazi mənada işlənir. Belə ki, birinci nümunədə tutmaq feli öz ilkin mənasında, ikinci nümunədə danışmaq felinin inkar formasında, üçüncü nümunədə müraciət etmək mənasında çıxış etmişdir.
Bəzən şair çoxmənalı xüsusiyyətə malik olan ümumişlək sözün semantikasını genişləndirmək məqsədilə onu bədii-üslubi cəhətdən yeni bir anlamda işlədir:
Yer kürəsi iki rəngdən yoğrulmuşdu –
Qara ilə qırmızıdan.
Ölümə mərdanə
getdi cavanlar –
Qızardı göy rəngi asimanın da [124, 107- 108]
Nə zaman ki, mavi göylər
Geyinərdi qırmızı [127, 7]
N.Xəzri bu misralarda ümumişlək «qırmızı», «qızarmaq» sözlərini yeni bir mənada işlətmişdir. Bu bədii parçalarda qırmızı, qızarmaq sözləri rəng anlayışı bildirməklə yanaşı, eyni zamanda rəmzi funksiyada çıxış etmişdir. Sözdən bu cür istifadə edən şair «yer kürəsinin iki rəngdən-qara ilə qırmızıdan yoğrulduğunu» deyərkən xeyirlə şərə, yaxud «cavanların ölümə getməklə asimanın, göy rənginin qızarması»nı, «mavi göylərin qırmızı geyinməsi»ni deyərkən göyün qana boyanmasına işarə etmişdir.
Ümumişlək sözlərin bədii üslubdakı funksional rolunu müəyyənləşdirərkən məlum olur ki, bu sözlər başqa sözlə birləşərək sabit birləşmələr-frazeoloji birləşmələr əmələ gətirir. Bununla da yazıçı ümumişlək sözlərin çoxmənalılığından yaranan frazeoloji ifadələr vasitəsilə fikrin obrazlı və emosional – ekspressiv ifadəsinə nail olur. Məsələn;
Həsrət səhrasında
bir içim suyum,
Sevgi qitəsində
gur ümmanımsan
Ay ana dilim! [124, 199-201]
Hər sözün rəngi var,
hər sözün ətri [122, 201-203]
Arzu çəməninə
Vaxtsız əsdi qış
Fəlakət qılıncı
Çıxdı qınından
Əsdı ölüm küləkləri
O, ümid, sədaqət
heykəli kimi
Gəzər iftixarla
Torpaq üstündə [124, 225-234]
Bir ümid körpüsü
Uzanıb gedir
Könül ümmanında
Coşar tufanlar
Sevgi vadisində
Çağlayan seldir
Səslənən ürəyin
Qəm telləridir [123, 239].
Beləliklə, ümumişlək sözlərə dair göstərdiyimiz faktlar bir daha göstərir ki, N.Xəzri bədii yaradıcılığında ədəbi dildə leksik mənası hamıya məlum olan ümumşlək sözlərin ilkin, həqiqi mənalarından istifadə etməklə yanaşı, eyni zamanda işlənmə məqamı ilə əlaqədar olaraq bu sözlərin fərdi, səciyyəvi mənalarını da meydana çıxarmışdır. Təbii ki, bu da bədii əsərin məzmunu, ideyası, şairin özünəməxsus fərdi üslubu, yaradıcılıq təxəyyülü ilə əlaqədar mümkün olmuşdur.
Dostları ilə paylaş: |