İnsan həyatında həzzin rolu İnsan həyatında həzzin rolunun öyrənilməsi sahəsində Z.Freydin xidmətləri böyükdür. Xüsusi tədqiqatlar ona «həzz prinsipinin» qəlbin fəaliyyəti və ya psixi proseslərin əsas təbii tənzimləyicisi olması barədə fikir yürütməyə imkan verdi. Freydə görə, insan psixikasında fərdin normativ məqsədlərindən asılı olmayaraq, həzz almaq və ya almamaq üstünlük təşkil edir. Daha intensiv və parlaq, həm də nisbətən asan yolla əldə edilən həzz cismani, məsələn, seksual həzzdir. Yeməyə, soyuqdan qızınmağa, istirahətə olan tələbatların təmin olunması da bu qəbildəndir. İnsan doğulandan «hedonik» olur. Körpənin tələbatlarının ödənilməsi heç də çətin olmur. Bunu ətrafdakılar edir. Bu tələbatlar çox sadə və asandır: yedizdirmək, beşiyi yelləmək, lay-lay, isti və zərif əllərin hərarəti və s. Bunlardan həzz alan körpə ağlamır və hətta müəyyən mənada «öz razılığını» bildirir. Freydə görə erkən yetkinlik çağında gəncin aldığı seksual həzz ona görəəhəmiyyətli və yaddaqalandır ki, bu həzzi o, böyüklərdən asılı olmayaraq edir.
Bütün bu deyilənlərdən belə çıxmasın ki, həzz əxlaqa, etikaya və humanist dünyagörüşə ziddir. Onu yəqin ki, müəyyən məqamlarda xoşbəxtliyin elementi kimi nəzərdən keçirmək olar.
Bütün etik sistemlərdə xoşbəxtlik bilavasitə həyatın mənası anlayışı iləəlaqələndirilir. Xoşbəxtlik kimi həyatın mənası da yalnız şəxsi xoşbəxtlik üzərində qurula bilməz. Bu hal gec-tez fərdi xarakter alaraq eqoizmə aparır.
Etik sistemlərin çoxunda xoşbəxtlik insan hüquqlarının ayrılmaz hissəsi, xoşbəxtliyə can atma isə insanın fitri xüsusiyyəti kimi nəzərdən keçirilir.
İnsan özünü dərk etməyə başlayandan onu həyat əhəmiyyətli suallar narahat etməyə başlayıb: «İnsan nə üçün yaşayır?», «Onun məqsədi nədir?», «İnsanın xoşbəxtliyi nədədir?», «Həyatın məzmunu və məqsədi nədir?». Beləliklə, həyatın mənası problemi insandan asılı olmayaraq mövcuddur. Xoşbəxtlik və həyatın mənası problemi etika tarixində çoxlarını düşündürüb. Bu baxışları əsasən 3 qrupa bölmək olar: 1) həyatın mənasını fərdi nailiyyətlərlə bağlayanlar; 2) dini etiqadlara tabe olaraq o biri dünyanı qazanmaqla bağlayanlar; 3) insan həyatını və mövcudluğunu absurd, mənasız hesab edənlər.
Birinci cərəyanın nümayəndələri, fərdiçilik konsepsiyasını irəli sürənlər hedonizm (həzz) və evdemonizm (xoşbəxtlik) prinsiplərini ön plana çəkirlər. Xoşbəxtliyin maksimum qaneolunma kimi başa düşülməsi utilitarizm (yararlılıq) etikasında da mövcuddur. Bu eqoistik konsepsiyanın əxlaqa zidd olduğunu onun tərəfdarları da hiss etdiklərindən özlərini təmizə çıxarmaq üçün müxtəlif bəhanələr tapırdılar. Epikurdan tutmuş fransız maarifçilərinədək bu problemlə məşğul olanlar yeni nəzəriyyə – «ağıllı eqoizm» nəzəriyyəsini ortaya atdılar.
İkinci cərəyan daha çox dini etika tərəfindən irəli sürülür. Bu dünyadakı həyatın insanlar üçün Allah tərəfindən sınaq kimi göndərilməsi vəəsil həyatın o biri dünyada olması fikrindən müəyyən məqsədlər üçün istifadə edən bəzi din xadimləri bu minvalla insanları asketizmə (tərki-dünyalığa) ruhlandırır. Keçmişəsrlərdə əsasən hakim siniflərin mənafeyinə xidmət edən bu mövqe insanları ədavətə, zülmə, haqsızlığa qarşı mübarizədən çəkindirir, dinin özünə qarşı isə düzgün olmayan münasibət formalaşdırırdı. Əslində din insanı xoş həyat uğrunda fəaliyyətdən, zəhmətdən, mübarizədən nəinki çəkindirmir, əksinə, insanı öz həyatını yaxşılaşdırmaq, asanlaşdırmaq üçün elmlərə yiyələnməyə, əməksevərliyə təhrik edir, öz xoşbəxtliyini düşünməyi, həmçinin digərlərinin, xüsusən imkansızların qayğısına qalmağı məsləhət görür. Uzun müddət ateistlər, xüsusən, islam dininin düşmənləri bu kimi məsələləri təhrif olunmuş şəkildə izah edərək insanları çaşdırmışlar. «Qurani-Kərimi» özü şəxsən oxumayan insanlar, özünü «molla» adlandıran, savadsız fırıldaqçıların danışdığı cəfəngiyyatla kifayətlənməli olurdular. Bu gün insanların dini şüurunun və savadının artması nəticəsindəİslamın ən humanist din olması qəbul edilir. Fanatizmdən, cəhalətdən, avamlıqdan, savadsızlıqdan uzaqlaşaraq sırf dini mövqe tutanlar həyatın əsil mənasını dərk edir, bütün gücünü, qüvvəsini, vaxtını, ağıl və düşüncəsini insanların xoşbəxtliyi, xoş həyatı uğrunda mübarizəyə sərf edirlər.
Üçüncü cərəyanı pessimist cərəyan adlandırmaq olar. Bu cərəyanın nüiayəndələri insanın mövcudluğunun mənasını inkar edir, onun absurd, mənasız olduğunu sübut etməyə çalışırlar. Kinik (e.ə. IV əsr, əxlaq normalarını inkar edən fəlsəfi məktəb) məktəbinin etikasında, ekzistensialistlərdə (mövcudluq fəlsəfəsi) və s.-də bunun izlərinə rast gəlmək olar.
Etika tarixində həyatın mənası, onun sevincləri haqqında ilk təlimin yaradıcısı Epikur sayılır. O, həyatın mənasını müdriklikdə görür. Onun fikrincə, insan ağlı ilə bütün mənasız arzulardan əl çəkməli, qəlbin rahatlığına nail olmalıdır. Qədim Yunan filosoflarından Gegesi hesab edirdi ki, o vaxt yaşamağa dəyər ki, həyatın gətirdiyi həzzin miqdarı iztirablardan çox olsun. Əgər əksinədirsə, onda insan ölsə yaxşıdır. Siseronun dediyinə görə, bu filosof sonralar Peysitanatos ləqəbi qazanır ki, bu da «intihar carçısı» mənasını verir. Onun mühazirələri İskəndəriyyədə bu səbəbdən qadağan edilmişdi.
XVIII əsr fransız materialistləri həyatın mənasını insanın dünyəvi maraqlarından ayırmağa qarşı qətiyyətli çıxış etdilər. Bu, onların əvəzsiz xidmətidir. Onlar həyatın mənasını xoşbəxtliyə, dünyəvi ideala qovuşmaqda görür, elmi nailiyyətləri, bəşəriyyətin tərəqqisinə sonsuz inamı bunun əsası hesab edirdilər. Psixoloq E.Fromm yazır ki: «İnsan yeganə heyvandır ki, onun varlığı özü üçün problemə çevrilir, o, bu problemi həll etməlidir və ondan heç yerə qaça bilməz».
Keçmişini və gələcəyini, özünü vəətrafdakıları, etdiyi hərəkətləri və gətirə biləcəyi yenilikləri düşünməyən adamın həyatını mənalı hesab etmək olmaz. İnsan təbiətən praktik məxluqdur. O qarşısına məqsəd qoyur və onlara çatmağa çalışır. Məqsəd və vəzifələrsiz insan heyvana çevrilir. İnsan öz inkişaf və fəaliyyət perspektivlərini, həyatının məqsədini, nəyəəsaslanmalı olduğunu başa düşməli, bilməli və görməlidir.