Xoşbəxtliyin yaranması Xoşbəxtliyin yaranma prosesi bir sıra özünəməxsus əxlaqi xüsusiyyətləri də üzə çıxarır. Hadisənin və şəraitin xırda eqoizm mövqeyindən deyil, yüksək əxlaqi dəyərlər baxımından qiymətləndirilməsi xoşbəxtliyin başa düşülməsində mühüm rol oynayır. Müxtəllif əxlaqlı adamların xoşbəxtliyi və onu başa düşməsi arasında müəyyən fərqlər mövcud olur.
Xoşbəxtlik azad quşa bənzəyir. O olmayan yerdə insanı güclə özünü xoşbəxt hesab etməyə məcbur etmək olmaz. Bu baxımdan xoşbəxtliyə aid bir sıra atalar sözləri də mövcuddur. Məsələn, «xoşbəxtlik at deyil ki, boynuna cilov taxasan» və ya «xoşbəxtlik balıq deyil ki, onu tilovla tutasan».
Xoşbəxtlik fərdi olur. Yəni hər bir insanın, ailənin, sosial qrupun, millətin xoşbəxtliyi ola bilər. Xoşbəxtlik insanın mənəvi ideala nə dərəcədə yaxın olubilə də üzə çıxır. «Yaxşı həyat nədir və insan ilk növbədə nəyə can atmalıdır» kimi suallar xoşbəxtliyə aid olan əsas məsələlərdəndir.
Xoşbəxtliklə bağlı insanların fikirləri çox müxtəlifdir. Bəziləri üçün xoşbəxtlik öz zahiri əlamətləri ilə seçilməlidir ki, bura ilk növbədə uğur, həzz, şərəf, var-dövlət və s. aiddir. İnsanın sevincə, rahatlığa, arzularının icrasına can atması təbiidir. Lakin bunların əxlaqi tələblərlə, məsələn, borcla toqquşması problem yarada bilər.
Bəxti gətirmə, tale kimi başa düşülən xoşbəxtlik insanın özündən asılı deyil. Buna başqaları da qarışa bilməz. Bu barədə düşünən Aristotel o fakta diqqət yetirib ki, insanın ədalətli olması, və yaxud hər hansı xeyirxahlığı uğur kimi qiymətləndirilmir, çünki bu keyfiyyətlər insanın cəhdindən, səyindən asılıdır. Lakin mirasa sahib olmaq, yaxşı yaşayışa, fitri istedada malik olmaq uğur, müvəffəqiyyət kimi başa düşülür. Pis bir hadisədən, qəzadan yaxa qurtarmaq özü də uğurdur. Lakin Allahın göndərdiyi səadət belə insandan müəyyən zəhmət tələb edir. «Səndən hərəkət, Allahdan bərəkət» misalı da təsadüfən yaranmayıb. Lakin hər hansı uğur, həyatın «insana gülümsəməsi» hələ insana özünü xoşbəxt hiss etməyə imkan vermir. Eyni zamanda xoşbəxtliyin yaşanması, duyulması, onun əsas məqamıdır. Xoşbəxtlik o vaxt həqiqi olur ki, o, insanda sevinc və razılıq duyğuları oyatsın.
Xoşbəxtlik haqqında yayılmış təsəvvürlərdən biri də budur ki, o yaşanan zaman keçirilən sevinc hissi dərin olur. Lakin bu cür həyəcan vəziyyəti də tez keçəndir. Xoşbəxtlik ona görə qısaömürlü, epizodik hal kimi xatırlanır ki, insan xoşbəxt olanda saat yadına düşmür, hər saat bir ana çevrilir.