Azərbaycan respublikasi təHSİLVƏ elm naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti nəzdində



Yüklə 91,5 Kb.
səhifə3/6
tarix07.05.2023
ölçüsü91,5 Kb.
#108975
1   2   3   4   5   6
Aytən-psixolgya

Həzz və xoşbəxtliyin fərqi
Həzz və xoşbəxtliyin fərqini insanlar nəinki çoxdan başa düşüblər, hətta onu da dərk ediblər ki, hər bir həzz heç də xoşbəxtliyə aparmır. Qədim Yunanıstanda məşhur siyasi xadim, e.ə. VI əsrdə yaşamış Solon deyirdi ki, «sənə qüssə gətirəcək həzzdən qaç». Bəzən bədbəxt adamlar da nədənsə həzz ala bilər. Eyni zamanda, xoşbəxtlik də həzlə müşayiət edilir. Həzsiz xoşbəxtliyi dərk etmək çətindir. Lakin həzz xoşbəxtliyin nə şərti, nə də məzmunu deyil.
Xoşbəxtlik haqqında yayılan digər təsəvvür var-dövlətlə bağlıdır. Lakin var-dövlət həmişəmi xoşbəxtlik gətirir? Burada var-dövlətin hansı yolla qazanılması da rol oynayır. Bundan başqa, bir çox var-dövlət sahibləri heç də özlərini xoşbəxt hiss etmirlər. Əlbəttə, halal yolla qazanılmış var-dövlət insana əziyyət vermir, ondan qətiyyən qaçmaq lazım deyil, çünki kasıb ola-ola xoşbəxt olmaq doğrudan da çətindir. Lakin bir daha xatırladaq ki, xoşbəxtlik var-dövlətlə, onun miqdarı ilə ölçülmür. Doğrudur, uğurlu tale, sevinc, maddi və mənəvi baxımdan zəngin həyat xoşbəxtliyin əldə edilməsinə səbəb olan amillərdir. Lakin bunlar xoşbəxtlik üçün yalnız əlverişli şəraitdir, onun səbəbi və məzmunu deyil. Sokrat deyirdi ki, xoşbəxtlik insanın tərbiyəsindən, təhsilindən və nə dərəcədə xeyirxah olmasından asılıdır. Yalnız layiqli və namuslu adamlar xoşbəxt ola bilər, ədalətsiz və səfehlər xoşbəxt ola bilməz. Ədalətsizlər cəzalanmırsa, onda onlar xüsusilə bədbəxtdirlər.
Xoşbəxtlik məmnun qalma kimi başa düşülürsə, deməli bu qaneolunma ani deyil, uzunmüddətlidir, həyatın böyük bir zaman kəsiyini əhatə edir. Xoşbəxtlik üçün kəmiyyət göstəriciləri olmasa da, həyatın bütövlükdə və ya ayrı-ayrı tərəflərinin insanı qane etməsi kimi kəmiyyət göstəriciləri mövcuddur.
Xoşbəxtlik sevinc hissi ilə də çox yaxındır. Sevinc emosional olduğu halda, xoşbəxtlik sakit də yaşana bilər.
Birgəyaşayış şəraitində mövcud olan insan nə iləsə barışmalı, nəyin naminəsə özünü qurban verməli, müəyyən məhdudiyyətlərə dözməlidir. Bu cür dözümlü, xeyirxahlıqlarla dolu həyat xoşbəxtliyə səbəb ola bilər. Bir çoxları məhz bu fikirdədirlər ki, «xoşbəxt olmaq istəyirsənsə, xeyirxah ol». Bu, əlbəttə, çətin xoşbəxtlikdir. Qədim filosofların çoxu artıq xoşbəxtlik və xeyirxahlığın nisbəti barədə fikir söyləyirdi. Polyak filosofu B.Tatarkeviç (1886-1980) özünün «Xoşbəxtlik və insanın kamilliyi» əsərində xoşbəxtliyin bir neçə növündən söhbət açır: «1) həzz, ləzzət; 2) uğur, bəxti gətirmə; 3) tale (qədim yunan mifologiyasında tale və xoşbəxtlik ilahəsi Tixe, qədim Romada isə Fortuna idi); 4) sərvətə malik olma».
Xoşbəxtlik çox mürəkkəb anlayış olsa da, onun mövcudluğunun təzahürü olan bir sıra amillərdən danışmaq mümkündür. Nahaq yerə demirlər ki, xoşbəxtlik balıq deyil ki, onu tilovla tutasan. Bu amillər xoşbəxtliyin yaranmasına zəmanət verməsə də, hər halda müəyyən mənada ona təkan ola bilər. Bu amilləri şərti olaraq obyektiv və subyektiv kimi 2 qrupa ayırmaq olar. Obyektiv amillər əsasən insanın şüurundan və iradəsindən asılı deyil, subyektiv amillərin yaranmasında isə adətən insan özü iştirak edir. Obyektiv amillərə təbii şərait (əlverişli iqlim, coğrafi mövqe, təbii fəlakətlərin baş verməməsi və s.) və cəmiyyətin vəziyyəti (müharibə və ya sülh şəraitində yaşaması, qanunların işləməsi, ədalətin bərqərar olması və s.) aiddir. Əgər ölkədə təbii fəlakət baş verirsə, qorxulu epidemiya yayılırsa, vətəndaş müharibəsi gedirsə və s. bu kimi hallar mövcuddursa tam mənada xoşbəxtlikdən danışmağın heç yeri deyil. Əgər ətrafdakı insanlar əzab çəkirsə, qan tökülürsə, hansı xoşbəxtlikdən danışmaq olar? Torpaqları işğal altında olan hansı xalq rahat yaşaya bilər? Xoşbəxtliyin yaranması dövrlə, xalqın adət-ənənələri, mədəni xüsusiyyətləri, siyasi rejimi və s. amillərlə də bağlıdır. Obyektiv amillərə həmçinin insanın sağlamlığı, temperament tipi (məsələn, kimsə tündməcazlığı, hər hansı mənfi xüsusiyyəti ucbatından cəmiyyət, kollektiv, qonşular, qohumlar tərəfindən sevilmir), hətta xarici görkəmi aiddir. İnsanın məşğuliyyəti də bu baxımdan mühüm rol oynaya bilər. Çünki çox vaxt yaradıcılıq uğurları insanda nəinki adicə məmnunluq hissi oyadır, hətta onu yetərincə xoşbəxt edir.
Subyektiv amillərə insanın məsləkləri, əqidə və etiqadı, maraqları, nəyəsə olan həvəsi, əhval-ruhiyyəsi və s. aiddir. Subyektiv amillər çox vaxt müxtəlif hadisələrə fərdin münasibətini formalaşdırır. Bu bir daha o deməkdir ki, biz hadisələri dəyişə bilməsək də, onlara münasibətimizi dəyişməyə qadirik ki, bu da bizi xoşbəxt edə bilər. Seneka deyirdi ki: «Özünü xoşbəxt hesab etməyən adam bədbəxtdir». Doğrudan da, insanın xoşbəxt olması yalnız obyektiv, xarici şəraitdən deyil, həm də subyektiv amillərdən, insanın özündən, onun fəallığından, məqsədyönlülüyündən asılıdır. Pessimist insan asanlıqla öz xoşbəxtliyindən yan keçə bilər. Əfsanəyə görə, Makedoniyalı İskəndər çəlləkdə yaşayan Diogendən soruşanda ki, dünyada ən xoşbəxt adam kimdir?», o cavab vermişdi ki: «mənəm, çünki Dünyanın yarısı sənin ola-ola gözün doymur, mənim isə heç nəyim olmasa da, heç nəyə ehtiyacım yoxdur». F.Nitsşe isə deyirdi ki, xoşbəxtliyə yalnız seçmə adamların hüququ var, çünki onlar digərləri üzərində müəyyən hakimiyyətə malikdirlər. A.Şopenhauerə görə isə xoşbəxtlik yalnız iztirabların olmamasıdır. İztirablar pozitiv və real olduğu halda xoşbəxtlik həmişə arzu kimi qalacaq. L.Bethovenə görə başqalarını xoşbəxt etmək özü xoşbəxtlikdir. J.Rasin hesab edirdi ki, xoşbəxtlik ona görə mövcuddur ki, onu kiminləsə bölüşməyi bacarasan.
«A.A.Bakıxanov «Təhzibi-əxlaq» və «Nəsihətnamə» əsərlərində təvazökarlığı xoşbəxtlik əldə etməyin mühüm vasitələrindən biri hesab etmişdir. Onun nəzərincə, təvazökar olmayan adam heç bir vaxt sakitlik, qəlb rahatlığı əldə edə bilməz. Təvazökarlıq insanın cəmiyyətdə mövqeyini yaxşılaşdırmağa, həm də ona daxilən mənəvi cəhətcə təkmilləşməkdə kömək edir. Təvazökar olmayan adam öz əxlaqını saflaşdıra bilməz. Çünki təkəbbürlü və lovğa adam çox vaxt öz nöqsanlarını və zəif cəhətlərini görə bilmir. Təvazökarlığın mənəvi mənfəəti ondadır ki, insan özünün nöqsan və acizliyindən xəbərdar olduğu üçün sadəliyi üstün tutur.
Bakıxanova görə, insan öz ağlına müəyyən hədd qoyub deyə bilməz ki, daha mən hər şeyi bilirəm, çünki insanın dünyada dərk etməli olduğu çox şeylər vardır. Kim ki öz bilik və təcrübəsini artırmağa ehtiyac hiss etmirsə,
o ciddi surətdə yanılır. Öz biliyinə həddindən artıq güvənmək cəhalət əlamətidir. Bakıxanov bu münasibətlə özü haqqında deyir ki, gənclik çağlarında öz əqlimə tamamilə inanırdım, nöqsanlı olduğumu heç vaxt ürəyimə gətirmirdim. Rəyimə müvafiq olmayan bir işi, öz istəyimin əksinə nəticələnən bir məsələni özgəsindən bilərək, zəmanə adamlarını təqsirləndirirdim. Hərçənd ki, onlar da günahsız deyildilər. Lakin onların günahı mənim düşündüyüm qədər deyildi. Getdikcə tədqiqatım və təcrübəm artdı. Öz əqlimin dərəcəsinəşübhə etməyə başladım, bilmədiyim nöqsanlar yavaş-yavaş meydana çıxdı. Nəhayət, zövqümün xoş bir çağında və yabançılardan uzaq olduğum bir zamanda insafı hakim edərək özümün xasiyyət və rəftarımı bir-bir nəzərdən keçirdim. Məlum oldu ki, mənim təsəvvürlərim puç imiş, nəfsimin və şəhvətimin təsiri altında imiş. Yaxşı sandığım şey mənim halıma uyğun deyilmiş. Zehnim və zirəkliyim xudbinliyimə qalib gəlmiş olsaydı, bu gün xatırladıqda, peşmançılığını çəkdiyim işləri görməzdim.
Bakıxanov məsləhət görmüşdü ki, elm və kamalımızın nöqsanları olduğunu bildikdən sonra, insan gərək öz elm və etiqadına arxayın olmasın. İşin dal-qabağını dərin düşünmədən ona əl atmasın; əqli tədqiqatını, dünyanın böyük adamlarının və xalqlarının görkəmli alimlərinin rəyləri ilə tətbiq etsin və ümuminin faydasına olan işi qəbul etməkdən utanmasın. Çünki bizim heç bir işimiz təqlidsiz olmamalıdır, heç olmazsa pisliyə və zərərə səbəb olan işə deyil, ümuminin faydasına olan iş təqlid edilsin.
Maraqlıdır ki, Abbasqulu ağa Bakıxanov təvazökarlıq və sadəlikdən danışarkən, sadəliyi prinsipsizlik, acizlik dərəcəsinə endirməməyi tələb etmişdir. O yazırdı ki, həlimliyin acizlik, təvazökarlığın isə alçaqlıq dərəcəsinə gəlib çıxmasından saqınmaq lazımdır. Ancaq acığı və vüqarı, yeri gəldiyi vaxtda, bədəni qorumaq üçün alət etmək lazımdır. Çünki, bir çoxları bir nəfəri aciz gördükdə onu incitməyə tələsirlər» (16, s.234-235).
Z.Göyüşov özü isə belə hesab edir ki, «…xoşbəxtlik – əxlaqi ideal və arzu ilə sıx surətdə bağlıdır. Əxlaqi ideal və arzu insanın xoşbəxtliyinin mühüm tərkib hissəsi olmaqla bərabər, həm də qiymətli əxlaqi sərvət xarakteri daşıyır. İdealsız, arzusuz, məqsədsiz, gələcəyə inamsız mənalı insan həyatı təsəvvür etmək çətin olduğu kimi, bunlarsız əsl xoşbəxtlik də mümkün deyil».


Yüklə 91,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin