Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında



Yüklə 52,5 Kb.
tarix01.01.2017
ölçüsü52,5 Kb.
#4107
Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

17.09.2009



AZƏRBAYCAN RESPUBLİKASININ

NAZİRLƏR KABİNETİ

QƏRAR

144

Bakı şəhəri, 17 sentyabr 2009-cu il

Azərbaycan Respublikasında arıçılıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında

"Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.13-cü, 1.15-ci və 1.17-ci bəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

1. "Xarici ölkələrdə arıçılıqda istifadə olunmuş inventar və avadanlıqların Azərbaycan Respublikasının ərazisinə idxalının məhdudlaşdırılması halları və Qaydası", "Arı ailələrinin zərərvericiləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi Qaydası" və "Arı ailələrinin balyığma və yeni məskunlaşma yerlərinə köçürülməsi Qaydası" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

  Azərbaycan Respublikasının

Baş naziri A.Rasi-zadə

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmişdir



 Xarici ölkələrdə arıçılıqda istifadə olunmuş inventar və  avadanlıqların Azərbaycan Respublikasının ərazisinə idxalının məhdudlaşdırılması halları və  Qaydası

1.Ümumi müddəalar

1.1. Bu Qayda "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.13-cü bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və xarici ölkələrdə arıçılıqda istifadə olunmuş inventar və avadanlıqların Azərbaycan Respublikasının ərazisinə idxalının məhdudlaşdırılması hallarını tənzimləyir.

1.2. Xarici ölkələrdə arıçılıqda istifadə olunmuş inventar və avadanlıqların Azərbaycan Respublikasının ərazisinə idxalı, xəstəliklərin yayılmasının qarşısının alınması, bu işdə baytarlıq-sanitariya qaydalarına riayət olunması, standarta uyğun gəlməyən, istismar müddəti qurtarmış, yararsız inventar və avadanlıqların, ehtiyat hissələrinin gətirilməsinin qarşısının alınması məsələlərini əhatə edir.

 

2. Xarici ölkələrdə arıçılıqda istifadə olunmuş inventar və avadanlıqların Azərbaycan Respublikasının ərazisinə idxalının məhdudlaşdırılması halları

2.1. Azərbaycan Respublikasına arıçılıqda istifadə olunan inventar və avadanlıqların idxalı qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirilir.

2.2. Xarici ölkələrdə arıçılıq təsərrüfatlarında istifadə olunmuş inventar və avadanlıqlar Azərbaycan Respublikasının ərazisinə gətirilərkən gömrük rüsumlarının dərəcələri "Gömrük tarifi haqqında" Qanuna əsasən müəyyən olunur.

2.3. Təhlükəli və yoluxucu arı xəstəlikləri olan ölkələrdən, habelə istifadə müddəti başa çatmış və istifadəyə yararsız inventar və avadanlıqların Azərbaycan Respublikasına idxalına icazə verilmir.

2.4. Ölkəyə idxal olunan istifadə olunmuş arıçılıq inventar və avadanlıqların sağlam təsərrüfatlarından gətirilməsinə dair ixrac edən ölkənin dövlət baytarlıq orqanının rəyi olmalıdır.

2.5. Ölkəyə idxal olunan istifadə olunmuş arıçılıq inventar və avadanlıqları dövlət sərhədinin buraxılış məntəqəsində gömrük orqanları tərəfindən baytarlıq qanunvericiliyində müəyyən edilmiş qaydada və müddətdə məcburi dezinfeksiya edilir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmişdir



Arı ailələrinin zərərvericiləri ilə mübarizə tədbirlərinin həyata keçirilməsi

Q a y d a s ı

 1. Ümumi müddəalar

1.1. Bu Qayda "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.15-ci bəndinə uyğun olaraq hazırlanmışdır və arı ailələrinin zərərvericiləri ilə mübarizə tədbirlərini müəyyən edir.

1.2. Arı ailələrinin zərərvericiləri arıçılığa xeyli iqtisadi ziyan vurur. Bunun qarşısını almaq, arı ailələrini sağlam və məhsuldar saxlamaq üçün ziyanvericilərə qarşı aparılan profilaktik mübarizə və müalicə tədbirləri mütəmadi və səmərəli təşkil edilməlidir.

 2. Arı ailələrinin zərərvericiləri ilə mübarizə tədbirləri

2.1. Mum güvəsi. Bu zərərverici ilə mübarizə həm arıxanada, həm də şan və mum xammalı saxlanılan anbarlarda aparılır. Güvəyə yoluxmuş şanlar pətəkdən çıxarılır, yuva kiçildilir, ailələr ehtiyat yemlə təmin edilir və yuva qızdırılır.

Anbarda saxlanılan şan və mum xammalında mum güvəsi aşkar edildikdə, ciddi zədələnmiş şanlar mum üçün əridilir, az zədələnmiş şanlar isə dezinfeksiya edilir. Mum güvəsi ilə mübarizə aparmaq üçün kükürd tüstüsündən istifadə edilir.

2.2. Güləm güvəsi. Onlarla mübarizə tədbirləri güclü arı ailələrinin saxlanmasından, pətəyin təmizliyinə diqqət yetirilməsindən, şanlara kükürd tüstüsü verilməsindən, onların quru yerdə saxlanılmasından və binanın havasının dəyişdirilməsindən ibarətdir.

2.3. Gənələr. Bu həşəratları məhv etmək üçün endobakterindən istifadə edilir. Ehtiyat şanda mum güvəsində olduğu kimi kükürd tüstüsündən istifadə edilir.

2.4. Büvələr. Bu zərərvericilərin arılara hücumu çox vaxt arıxanaların balyığma yerlərinə köçürülərkən, pətəkləri bilavasitə torpağın üstünə qoyduqda baş verir. Buna görə də pətəklərdə çatlar olmamalıdır, onlar hündür (30-40 sm) dayaqlar üzərinə qoyulmalıdır, uçuş bacasına ancaq arı keçə biləcəyi ölçüdə tor çəkilir.

2.5. Hörümçəklər. Bu həşəratlar pətəklərin uçuş bacası altında, yaxud onlara yaxın yerlərdə gizlənirlər. Hörümçəklərə qarşı mübarizə tədbirləri arıxanada və arıxana yaxınlığında olan hörümçək torlarını və onların baramalarını məhv etməkdən ibarətdir.

2.6. Qarışqalar. Onların pətəyə daxil olmasının qarşısını almaq üçün pətəklər 30-40 sm hündürlükdə dayaqlar üzərində yerləşdirilməli və dayaqların aşağı hissəsinə yapışqanlı örtüklər sarınır. Pətəyin ətrafında olan hündür otlar biçilir.

2.7. Qaxac dəriyeyəni. Bu zərərvericilərə qarşı profilaktika və mübarizə tədbirləri güclü arı ailələri saxlamaqdan, pətəyin təmizliyini təmin etməkdən və istiləşdirici materialı dezinfeksiya etməkdən ibarətdir. Şan saxlanan anbarların havası vaxtaşırı dəyişdirilir, parazit müşahidə olunduqda bina kükürd tüstüsü ilə dezinfeksiya edilir.

2.8. İynəcələr. Bunlara qarşı mübarizə məqsədi ilə onların kütləvi uçuşu zamanı arıxana başqa yerə köçürülür və arıxanada suvat təşkil edilir ki, arılar sudan ötrü iynəcələr olan sucaq yerlərə getməsinlər.

2.9. Qısqaclar. Bu həşəratlar zəif ailələrə daha çox hücum edirlər.Onların hər biri 300 qrama qədər bal yeyir. Qısqacların pətəyə girməsinin qarşısını almaq üçün pətəklər dirəklər (30-40 sm hündürlükdə) üstünə qoyulur, dirəklərin aşağısına yapışqanlı məhlullar: kanifol ilə gənəgərçək yağının qarışığı, neft yağları sürtülür. Qısqaclarla mübarizədə antibakterindən də istifadə edilir.

2.10. Qurd arısı (filant). Onların törəyib artması bal arısının mövcudluğu ilə bağlıdır. Buna görə də iyul və avqust aylarında qurd arısı inkişaf etdiyi vaxt arıxana onların məskən saldıqları yerdən 7-10 km aralı məsafəyə köçürülməlidir.

2.11. İt arıları. Bu həşəratlar payızda havalar soyuyanda bal arılarının yuvanı qorumaq fəaliyyəti zəiflədikdə, hücum edərək balı mənimsəyirlər.

İt arıları ilə mübarizə yazda onların inkişaf etdiyi vaxtda yuvalarına kükürd tüstüsü verməklə aparılmalıdır.

2.12. Himar arıları. Bunlara qarşı tədbirlər it arılarına qarşı görülən tədbirlər kimidir.

2.13. May böcəyi. Bu həşəratın iki növü vardır: adi may böcəyi və zolaqlı (alabəzək) may böcəyi. Onların hər ikisinin sürfələri arılar arasında meleoz xəstəliyini törədir.

Xəstəliyə qarşı mübarizə tədbiri məqsədi ilə tütün tüstüsündən istifadə edilir. Böcəkləri məhv etmək üçün torpağa 0,2 faizli perfekton, yaxud 0,4 faizli roqor məhlullarından hektara 500-600 litr hesabı ilə səpilir.

2.14. Siçanlar. Onlar taxtanı gəmirərək pətəyin divarını korlayır, çərçivələr olan yerə girərək ehtiyat şanları məhv edir, pətəkdəki diri arıları yeyirlər. Siçanlara qarşı mübarizə məqsədi ilə uçuş bacasına arıların keçə biləcəyi ölçüdə tor çəkilir. Siçanları məhv etmək üçün tələlərdən və aldadıcı zəhərli yemlərdən istifadə olunur.

2.15. Senotainiya milçəkləri. Bunların sürfələri arı zərərvericiləri içərisində xüsusilə seçilir. Bu milçəyin sürfələri senotainoz xəstəliyini törədir. Ona qarşı mübarizə tədbiri əsasən yaşlı milçəkləri məhv etməkdən ibarətdir. Senotainiya milçəyini məhv etmək üçün pətəklərin üstünə tərkibində 0,5 faiz xlorofos olan 1 faizli su nişasta suspenziyası çəkilmiş qalın kağız vərəqi qoyulur.

 2.16. Forid milçəkləri. Bu həşəratın sürfələri foridioz xəstəliyi törətməklə arıçılığa xeyli ziyan vurur. Forid milçəkləri arı ailələrində çürümə hiss edən kimi pətəklərə girərək yumurtalarını açıq sürfələrə və ölmüş arılara yapışdırırlar. Bu milçəklərə qarşı mübarizə tədbirləri aşağıdakılardır: ailənin sağlam və güclü olması təmin olunur, pətəklər və arıxana təmiz saxlanılır, şanlar ildə 2 dəfə, yazda və payızda təmizlənir və dezinfeksiya edilir.

2.17. Fizosefala milçəkləri. Bu zərərvericilərin sürfələri arılarda fizosefalyoz xəstəliyi törədir. Bu parazitə qarşı mübarizə tədbiri olaraq hər 3 gündən bir pətək ətrafındakı ölmüş arılar toplanıb yandırılır.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 144 nömrəli qərarı ilə təsdiq edilmişdir



 Arı ailələrinin balyığma və yeni məskunlaşma yerlərinə köçürülməsi

Qaydası

1. Ümumi müddəalar

1.1. Bu Qayda "Arıçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 aprel tarixli 82 nömrəli Fərmanının 1.17-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və arıçılıq sahəsində arı ailələrinin balyığma və yeni məskunlaşma yerlərinə köçürülməsi qaydalarını müəyyən edir.

1.2. Arı ailələrinin normal inkişafını, məhsuldarlığını, habelə kənd təsərrüfatı bitkilərinin tozlanmasını təmin etmək, yaz, yay və payız mövsümlərində nektar gəlirinə olan tələbatını fasiləsiz ödəmək məqsədi ilə yeni məskunlaşma yerlərinə köçürülür.

 2. Arı ailələrinin qida toplaması və yeni məskunlaşma yerlərinə köçürülməsi

2.1. Arıxanalar köçürülərkən aşağıdakı işlərin həyata keçirilməsi vacibdir:

2.1.1. yuvadan süni və ağır ballı nektarla yeni doldurulmuş şanlar, isidici döşəkçələr və isti kətan parçalar çıxarılır;

2.1.2. yuvada yüksək temperaturun və nəmliyin yaranmasının qarşısını almaq üçün ventilyasiya dəlikləri açıq saxlanılır, yuva üstü məsaməli torla örtülür;

2.1.3. yuvada olan şan çərçivələrinin, pətəyin altlığının, divarlarının və qabağının köçürülməsi zamanı tərpənərək arıları narahat etməmək üçün onlar müvafiq qaydada bir-birinə bərkidilir;

2.1.4. arıxanaların köçürülməsi axşam və gecə vaxtı həyata keçirilir, havalar sərin keçdikdə onlar gündüz də köçürülə bilər;

2.1.5. arı ailələri nəqliyyat vasitəsinə yerləşdirildikdə alt hissədə zəif, üst hissədə isə güclü arı ailələri yerləşdirilməli, nəqliyyat vasitəsi tam ehtiyatla idarə edilməlidir;

2.1.6. köçürülmə başa çatdıqdan sonra arıların bir-birinə hücumunun qarşısını almaq üçün onların sakitləşməsi gözlənilir və hər pətəkdən bir uçuş bacası açılır, qalan pətəklərin bacaları isə ardıcıl açılır;

2.1.7. yeni məskunlaşma sahəsində qonşu arıxanadakı arı ailələrinin sağlam olması və kənd təsərrüfatı bitkilərinin zərərvericilərinə qarşı kimyəvi mübarizə vasitələrindən istifadənin vaxtı müəyyən edilir.

2.2. Arı ailələri bitkilərin çiçək açma vaxtından, müddətindən və nektar ifraz etmə qabiliyyətindən asılı olaraq bir ərazidən digər əraziyə arıçılıq təsərrüfatlarında əvvəlcədən tərtib olunmuş təqvim planına əsasən köçürülür. Arı ailələrinin köçürülməsi yerli özünüidarəetmə orqanları ilə əvvəlcədən razılaşdırılır.

2.3. Arıçılar arıxanaların aran bölgələrdə mədəni bitkilər olan ərazilərə, dağətəyi bölgələrdə əsas nektar ifraz edən mədəni və yabanı bitki örtüyü olan ərazilərə və dağlıq bölgələrdə isə əsas nektar gəliri verən yabanı bitki örtüyü olan ərazilərə köçürülməsini təmin edirlər.



2.4. Fevral ayının ikinci ongünlüyünün əvvəlində dağətəyi bölgələrdən aran bölgələrə aparılmaqla arı ailələrinin birinci köçürülməsi, may ayının ikinci ongünlüyündə aran bölgələrdən dağətəyi bölgələrə aparılmaqla ikinci köçürülməsi, iyul ayında dağlıq bölgələrə aparılmaqla üçüncü köçürülməsi, arıxanalardan bal süzüldükdən sonra avqust ayının əvvəllərində yenidən aran bölgələrinə qaytarılmaqla arıxanaların dördüncü köçürülməsi, oktyabr ayının əvvəllərində isə aran bölgələrindən dağətəyi bölgələrə aparılmaqla onların beşinci köçürülməsi təşkil olunur.

2.5. Arı ailələri köçürüldükdə arı cinslərinin və onların populyasiyalarının rayonlaşdırılması planına riayət olunmalıdır.
Yüklə 52,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin