Etnik münaqişə – etnik əlamətlərə görə qruplararası münaqişə formalarından biridir. Burada mənafeləri toqquşan qruplar etnik əlamətlərə görə qütbləşir.Müasir dövrdə etnik münaqişələrin mənbəyini, bir qayda olaraq, qeyri-etnik sosial-siyasi və iqtisadi ziddiyyətlər təşkil edir.Etnik münaqişələrin daxili mənbəyi kimi milli mənafelərin, yəni həmin etnik birliyin milli şüur səviyyəsində qəbul olunan sosial-siyasi və iqtisadi mənafelərin toqquşması çıxış edir. Qarşıdurma şəraitində həmin mənafelərin etnik birliyin daha çox üzvləri tərəfindən dərk olunması bu mənafelərin özünə təhdid yaradır.Etnik münaqişələrin digər mənbəyini etnik proseslərin siyasiləşdirilməsi təşkil edir. Bu zaman qarşı-qarşıya duran sosial təbəqələr etnik əlamətlərə görə qütbləşir.Etnosiyasi təkamül “təbii seçmə” yolu ilə baş verir. Kim güclüdür, o da haqlıdır. Lakin güc də nisbi və dəyişkəndir. Dövlət zəiflədikdə, o, regionlarda nəzarətini itirir. Regionların azadlıq əldə etmək imkanı yaranır. Tarixi baxımdan bu proses dalğavari gedir. Münaqişələrin qarşısının alınması və tənzimlənməsi metodlarını müəyyən etmək üçün ilk növbədə onun xüsusiyyətlərini müəyyən etmək lazımdır.
Etnik münaqişələrin xüsusiyyətlərinə daxildir:
1. Komplekslik, mürəkkəb tərkibli xarakterə malik olması. Etnik münaqişənin son nəticədə məqsədi öz dövlətçiliyini (hətta, hal-hazırda bu məqsədə nail olmaq üçün real imkanları olmasa da) qurmaq cəhdi olduğundan həmin münaqişə siyasi münaqişə xarakteri alır.
2. Emosiyaların artması, insan təbiətinin irrasional tərəflərinin üzə çıxması;
3. Dərin tarixi köklərin olması.
4. Yüksək səfərbərlik: müdafiə olunan etnik xüsusiyyətlər – dil, məişət, dini inam
hamını narahat edən amillərdir.
5. Xroniki xarakterə malik olması. Etnik münasibətlər dəyişkən olduğundan bu münaqişələrin tam həlli mümkün deyil. Etnosun indiki nəslini təmin edən hal-hazırkı azadlıq və müstəqillik dərəcəsi gələcək nəsli qane etməyə bilər.Etnosiyasi münasibətlər öz-özlüyündə münaqişəlidir. Bura siyasi səhvlər də əlavə edildikdə onların partlayış potensialı sürətlə artır.Beləliklə, etnik münaqişələr unikal xarakterə malikdir. O, cəmiyyətin parçalanması və ya dezinteqrasiyası, bir etnosun digərləri tərəfindən diskriminasiyası, insanlar arasında sosial münasibətlərin və əlaqələrin kəsilməsi və s. nəticəsində ortaya çıxır.
Siyasi münaqişələrin və ümumiyyətlə, zorakılığın səbəblərini izah etmək üçün problemlə əlaqədar bir sıra nəzəriyyələr (C.Rul, D.A.Qoldsoun, T.R.Gerr, F.Moşiri) diqqətə çatdırılmalıdır. Etnik münaqişələrin özünəməxsusluğundan irəli gələrək onun səbəb və nəticələri haqqında əhatəli və ümumi qəbul olunmuş nəzəriyyələr yoxdur.Yalnız etnik münaqişələrin ayrı-ayrı aspektlərini izah etməyə çalışan hipotez və yanaşmalar irəli sürülür.Etnik münaqişələrin səbəblərini izah etmək üçün ilk növbədə etnik qrupların necə və nə üçün səfərbər olduğunu (siyasi fəaliyyət üçün təşkilatlandığını) müəyyən etmək lazımdır.Yeni nəzəriyyələr adətən, yeni siyasi hadisələrin izahını verməyə çalışır.
Etnosiyasi nəzəriyyələr əsasən XX əsrin 70-ci illərində ortaya çıxdı. Vaşinqton universitetinin professoru Maykl Heçterin 1975-ci ildə irəli sürdüyü “daxili müstəmləkəçilik” nəzəriyyəsi geniş yayılmağa başladı. Bu nəzəriyyəyə əsasən daxili müstəmləkəçiliyin nəticəsində eyni ölkədə zəngin və yoxsul regionlar formalaşır. Şotlandiya tədqiqatçısı T.Neyrnin “qeyri-bərabər inkişaf” nəzəriyyəsi M.Heçterin “daxili müstəmləkəçilik” nəzəriyyəsinə yaxındır. Onun fikrincə, etnik münaqişələr ölkənin az inkişaf etmiş ərazilərinə mərkəzin nümunələrinin “tətbiqi”nin nəticəsidir.Kolumbiya universitetinin professoru C.Rotşild “Etnosiyasət” (1981) adlı əsərində modernləşdirilmə zamanı milli azlıqların liderlərinin siyasiləşməsi, bununla da, bütün sosial qrupun siyasiləşməsi prosesinin baş verdiyi fikrini irəli sürür.Etnik münaqişələrin xarakterini müəyyən etmək üçün ilk növbədə zorakı mübarizənin yenidən başlamasının səbəblərini izah edən nəzəri yanaşmalar, əsasən də primordializm (ekzistensializm), instrumentalizm və konstruktivizm nəzəriyyələri təhlil olunmalıdır.
Primordializm (lat. primordium – başlanğıc) siyasiləşmiş etnik qrupun həmrəyliyini insanların etnik identikliyə tələbatı kimi izah edir. Primordializmin tərəfdarları iki istiqamətə ayrılırlar: sosiobioloji və təkamül-tarixi.Primordializm nəzəriyyəsində etnos qan qohumluğu (bioloji) əlaqələri olan birlik kimi göstərilir. Bu nəzəriyyə hələ antik dövr fəlsəfəsində öz əksini tapmışdır.Primordializmin kulturoloji variantı insanların anadangəlmə həmrəyliyi fikrini inkar edir. Fərdin qrupa birləşmək tələbatı etnik mədəniyyətin təsiri altında siyasiləşmənin gedişində formalaşır.Beləliklə, primordializm nəzəriyyəsinə əsasən insanların etnik və dini identikliyi dərin sosial, tarixi və genetik əsaslara malikdir. Bu nöqteyi-nəzərdən modernləşmə etnik həmrəyliyə təhdid yaradır, bu da azlıqları öz mədəniyyətlərini və həyat tərzini müdafiə etmək üçün səfərbərliyə sövq edir.XX əsrin 80-cı illərindən başlayaraq etnik ziddiyyətlərin və münaqişələrin artması bu problemə dair tədqiqatları daha da aktual etdi.
İnstrumentalizm nəzəriyyəsi etnik səfərbərliyi müxtəlif növ siyasi və iqtisadi mənafelərə nail olmaq üçün bir vasitə hesab edir. Bu nəzəriyyəyə görə etniklik dəyişkən təbiətə malikdir, fərdin ehtiyacları və məqsədlərindən asılı olaraq dəyişir.
Dostları ilə paylaş: |