Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında



Yüklə 80,01 Kb.
tarix24.04.2017
ölçüsü80,01 Kb.
#15632
Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə hallarda əhalini mühafizənin əsas prinsipləri haqqında

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 93 nömrəli Fərmanının 3-cü bəndinə müvafiq olaraq Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində Fövqəladə hallarda əhalini mühafizənin Azərbaycan Mülki Müdafiə Qərargahının Azərbaycan Ədliyyə Nazirliyi ilə razılaşdırıb təqdim etdiyi Əsas prinsipləri təsdiq edilsin (əlavə olunur).

 

Azərbaycan Respublikasının Baş naziri



R. HÜSEYNOV

Bakı şəhəri, 28 dekabr 1992-ci il

                      № 700

 

 



 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

1992-ci il 28 dekabr tarixli 700 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR


 

 

Azərbaycan Respublikasında sülh və müharibə dövrlərində fövqəladə hallarda əhalini mühafizənin



 

Əsas Prinsipləri

 

1. Giriş

 

1.1. Sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalini mühafizə etmək Azərbaycan Respublikası Mülki müdafiəsinin başlıca vəzifələrindən biridir.[1]



Bu vəzifənin yerinə yetirilməsində bütün dövlət hakimiyyəti orqanları, fiziki və hüquqi şəxslər yaxından iştirak etməlidirlər.[2]

1.2. Əhali:

müharibə dövründə - müasir basqın silahlarının və təhlükə potensiallı obyektlər dağıdılarkən yaranan ikinci dərəcəli zədələyici amillərdən;

sülh dövründə - ehtimal edilən qəzalardan, təbii fəlakətlərdən və adamların həyatı üçün təhlükə törədən digər fövqəladə hallardan mühafizə edilməlidir.

1.3. Əhalinin mühafizəsi - fövqəladə hallarda adamların həyatının qorunması üçün lazımi şərait yaradılmasını nəzərdə tutur. Mühafizə tədbirlərində məqsəd — fövqəladə halların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hallar  zamanı adamların zədələnməsinin qarşısının alınması, yaxud zədələnmənin maksimum azaldılması, fövqəladə halların və onların nəticələrinin  aradan qaldırılmasıdır.[3]

1.4. Bu prinsiplər:

müharibə qurbanlarının mühafizəsi haqqında Cenevrə müqavilələrinin və bunlara əlavə edilmiş protokolun əsas müddəalarından, hərbi əməliyyatların ehtimal olunan xarakterindən, müxtəlif fövqəladə hallarda maddi baza yaratmaq və əhalinin mühafizəsini təmin etmək üzrə respublikanın imkanlarından irəli gəlir;

əhalinin mühafizəsinin ilkin müddəalarını, mühafizənin xüsusiyyətlərini, üsullarını və bunlardan istifadə etmək qaydalarını müəyyən edir;

dövlət hüquqi-normativ aktlarının, mühəndis-texniki tədbirlər normalarının və mülki müdafiə üzrə digər normativ sənədlərin işlənib hazırlanması üçün ilkin sənəd sayılır.

 

2. Əhalinin mühafizəsinin əsas prinsipləri

 

2.1. Mühafizə tədbirlərində məqsəd — fövqəladə halların qarşısının alınması məqsədilə profilaktik tədbirlərin həyata keçirilməsi, fövqəladə hallar  zamanı adamların zədələnməsinin qarşısının alınması, yaxud zədələnmənin maksimum azaldılması, fövqəladə halların və onların nəticələrinin  aradan qaldırılmasıdır.[4]



2.2. Əhali yerləşən rayonların hərbi-siyasi və təbii xarakterindən, burada ehtimal edilən fövqəladə halların növündən, təhlükənin dərəcəsindən asılı olaraq mühafizə tədbirləri fərqli surətdə planlaşdırılır və həyata keçirilir.

Bu məqsədlə, sülh dövründə baş verə biləcək fövqəladə halların xarakteri və miqyası barədə proqnozlar əsasında, habelə müasir müharibələrin xüsusiyyətləri, başlanması variantları, müxtəlif növlü qırğın vasitələrinin işlədilməsi imkanları nəzərə alınmaqla Azərbaycan Respublikasının ərazisi  zonalara, şəhərləri qruplara, təsərrüfat obyektləri isə dərəcələrə bölünür. Mülki müdafiə tədbirləri hərbi komandanlıq orqanları ilə sıx əlaqədə yerinə yetirilir. [5]

2.3. Əhalinin mühafizəsinə müxtəlif mühafizə üsullarından kompleks halında istifadə edilməklə nail olunsun ki, bu üsullardan ən əsasları - əhalinin müxtəlif mühafizə qurğularında daldalandırılması, təhlükəli rayonlardan köçürülməsi və eyni zamanda fərdi mühafizə vasitələrindən istifadə olunmasıdır.

2.4. Əhalinin mühafizəsi üzrə tədbirlər sülh dövründə əvvəlcədən hazırlanır, iqtisadi və sosial inkişaf planlarında nəzərdə tutulur və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada yerinə yetirilir.

2.5. Əhalinin mühafizəsi üzrə planlaşdırılan tədbirlərin həcmi «məqsədyönlü və kifayətdir» prinsipi ilə müəyyən edilir.

Bu prinsipdə aşağıdakılar nəzərdə tutulur:

fövqəladə hallarda gözlənilən nəticələrin elmi proqnozu əsasında mühafizənin optimal variantlarının seçilməsi;

mülki müdafiə vəzifələrinin xalq təsərrüfatı mənafeləri ilə əlaqələndirilməsi;

təhlükə yaranan dövrdə qabaqcadan təşkilati və mühəndis-texniki tədbirlərin yerinə yetirilməsi;

mülki müdafiə obyektlərinin tikintisində yüksək keyfiyyətli parametrlərin tətbiq edilməsi;

mühafizə vasitələrinin həm sülh, həm də müharibə şəraiti üçün yararlığının təmin olunması;

iqtisadi və sosial inkişaf planlarının tərtibində və yerinə yetirilməsində mühafizə məsələlərinə üstünlük verilməsi.

2.6. Əhalinin mühafizəsi üzrə mülki müdafiə tədbirlərində respublikanın bütün vətəndaşlarının iştirakı prinsipial şərtdir. Bu, hər bir adamdan öz təhlükəsizliyi üçün şəxsi məsuliyyət daşımağı, mülki müdafiə siqnallarını bilməyi və bu siqnallar üzrə düzgün fəaliyyət göstərməyi, kollektiv və fərdi mühafizə vasitələrindən istifadəni bacarmağı, habelə fövqəladə hallarda davranış və fəaliyyət qaydalarına riayət olunmasını tələb edir.

Buna mülki müdafiə biliklərini əhaliyə müntəzəm və fasiləsiz surətdə öyrətməklə nail olmaq mümkündür.

 

3. Əhalinin mühafizəsi sistemi

 

3.1. Əhalinin mühafizəsi məsələlərini daha səmərəli həll etmək məqsədilə ümumdövlət və ərazi mühafizə sistemləri yaradılır ki, onlar aşağıdakı tədbirləri həyata keçirirlər: ehtimal olunan fövqəladə halların və onların nəticələrinin proqnoz və təhvil edilməsi; onların baş verməsi barədə əvvəlcədən xəbərdarlıq; basqın vasitələri işlədilməsinin, həmçinin güclü qəzalar və təbii fəlakətlərin nəticələrini zəiflədən qabaqlayıcı tədbirlər; mühafizə üsulları və vasitələrinin hazırlanması və vaxtında istifadə edilməsi üzrə mülki müdafiə tədbirləri; fövqəladə hallar yaranmış rayonlarda xilasetmə və təxirəsalınmaz bərpa işlərinin təşkili və yerinə yetirilməsi.



3.2. Fövqəladə halların nəticələrini və təhlükənin dərəcəsini zəiflədən qabaqlayıcı tədbirlər əhalinin etibarlı mühafizəsi üçün böyük əhəmiyyətə malikdir. Belə tədbirlərdən ən vacibləri aşağıdakılardır:

yaşayış məntəqələrinin salınması və şəhər tikintisi üzrə baş planlar tərtib edilərkən təhlükə ehtimallı bölgələrdə və sahələrdə yerli xüsusiyyətləri nəzərə almaq;

təhlükə potensiallı obyektlərdə ehtimal olunan qəzaların nəticələrindən əhalinin və ətraf mühitin təhlükəsizliyini təmin etmək üçün belə obyektlərin səmərəli yerləşdirilməsi;

binaların, qurğuların, mühəndis şəbəkələrinin, nəqliyyat kommunikasiyalarının müəyyən edilmiş təhlükəsizlik normalarına müvafiq tikilməsi;

təhlükə potensiallı obyektlərin qəzasız fəaliyyətini təmin edən tədbirlərin görülməsi;

yaşayış məntəqələrinin və xalq təsərrüfatı obyektlərinin təhlükəli təbii hadisələrdən kompleksli mühafizə sxemlərinin işlənib hazırlanması;

yerlərdə fövqəladə halların qarşısını almaq və nəticələrini aradan qaldırmaq məqsədilə müvafiq planların işlənib hazırlanması və həyata keçirilməsi;

xüsusi mühəndis qurğularının (sel, sürüşmələr və s. əleyhinə) əvvəlcədən tikilməsi;

respublika ərazisində sanitariya mühafizəsi tədbirlərinin yerinə yetirilməsi.

Bütün bunlar müvafiq səlahiyyətli təşkilatlar tərəfindən yerinə yetirilir, həmin işlərin icrasına mülki müdafiə orqanları nəzarət edirlər.

 

4. Fövqəladə hallarda əhalinin mühafizəsini təmin edən mülki müdafiə tədbirləri

 

4.1. Sülh və müharibə dövrlərindəki fövqəladə hallarında əhalinin mühafizəsini təmin etmək üçün görülən mülki müdafiə tədbirləri kompleksinə aşağıdakılar daxildir:



fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və yaranmış vəziyyət barədə ona müntəzəm məlumat verilməsi;

ətraf mühitin, ərzaq məhsullarının, suyun radioaktiv kimyəvi və bakterioloji (bioloji) zəhərlənməsinə nəzarət edilməsi;

əhalinin təhlükəsiz rayonlara və ya sahələrə köçürülməsi (çıxarılması);

müvafiq tibbi mühafizə tədbirlərinin görülməsi;

əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi;

müxtəlif fövqəladə hallarda fərdi mühafizə vasitələrindən istifadə edilməsi, mühafizə rejimləri qoyulması və əhalinin davranış qaydaları barədə təkliflərin hazırlanması;

zədələnmə ocaqlarında xilasetmə və digər təxirəsalınmaz işlərin (qəza işlərinin) yerinə yetirilməsi, fövqəladə hallar yaranmış rayonlarda əhalinin həyat təminatının bərpa edilib saxlanması;

fövqəladə hallarda mühafizə və fəaliyyət qaydalarının bütün əhaliyə öyrədilməsi.

4.2. Fövqəladə hallar barədə əhalinin xəbərdar edilməsi və ya yaranmış şərait barədə ona müntəzəm məlumat verilməsinə aşağıdakı yollarla nail olunur:

əhalini xəbərdar edən mərkəzləşdirilmiş respublika və ərazi avtomat xəbərdarlıq sistemlərini əvvəlcədən yaratmaq və daimi hazır vəziyyətdə saxlamaqla;

mərkəzləşdirilmiş ərazi xəbərdarlıq sistemlərini və xalq təsərrüfatı obyektlərinin məhəlli xəbərdarlıq sistemlərini təşkilati-texniki cəhətdən bir-birinə qoşub əlaqələndirməklə;

ehtimal olunan fəlakətli daşqın zonalarında, radiasiya və kimyəvi zəhərlənmə təhlükəli müəssisələr və yüksək təhlükəli digər obyektlər yerləşmiş fəaliyyət göstərən məhəlli xəbərdarlıq sistemləri yaratmaq və onları təşkilati-texniki cəhətdən müşahidə və nəzarət sistemlərinə qoşmaqla;

ümumdövlət və sahə rabitə sistemlərindən, radio, televiziya verilişləri və yerli radio şəbəkəsindən, digər texniki informasiya vasitələrindən mərkəzləşdirilmiş surətdə xəbərdarlıq üçün istifadə etməklə.

4.3. Ətraf mühitə, ərzaq məhsullarına, suya müşahidə və nəzarət aşağıdakı yollarla edilir:

sanitariya-epidemioloji stansiyaları, baytarlıq, aqrokimyəvi və obyekt laboratoriyalarını, Dövlət Hidrometeorologiya Komitəsi müəssisələrini, radiasiya və kimya müşahidəsi postlarını cəlb etməklə əvvəlcədən ümumdövlət və sahə müşahidə və laboratoriya nəzarəti şəbəkəsi yaratmaq və daim hazır vəziyyətdə saxlamaqla;

ətraf mühitin vəziyyəti barədə, eləcə də yeyinti məhsullarının və ərzaq xammalının, əlafın, suyun radioaktiv, kimyəvi və bakterioloji (bioloji) maddələrlə çirklənməsi haqqında məlumatları toplamaq, təhlil etmək və yaymaqla.

4.4. Mülki müdafiənin mühafizə qurğuları (sığınacaqlar, radiasiya daldalanacaqları, sadə daldalanacaqlar - zirzəmilər və başqa yeraltı tikililəri) respublikanın bütün əhalisinin qorunmasını təmin etməlidir.

Mühafizə qurğuları fondu aşağıdakı qayda üzrə yaradılır:

şəhərlərdə və yaşayış məntəqələrində olan yeraltı qurğulardan kompleks halında istifadə etmək hesabına; burada sosial-məişət, istehsal və təsərrüfat təyinatlı otaqlar, binalar, yerləşdirmək, sülh və müharibə dövrlərindəki fövqəladə hallarda onların bir qisminin əhalinin mühafizəsi üçün uyğunlaşdırılması və istifadə edilməsini nəzərdə tutmaqla;

mühafizə üçün yararlı yeraltı və yerüstü bina və qurğuları, dağ-mədən yerlərini, təbii kaha və mağaraları yoxlamaq və qeydə almaqla;

yaranmış vəziyyəti nəzərə alaraq, zirzəmiləri və digər yeraltı tikililəri daldalanacaq kimi düzəltməklə;

xalq təsərrüfatı təyinatlı ayrıca yeraltı qurğular tikmək; lazım gəldikdə onları mühafizə üçün uyğunlaşdırmaqla;

təhlükəli dövrdə kütləvi surətdə sadə daldalanma yerləri düzəltməklə (tikməklə);

hökumətin qərarlarına əsasən əvvəlcədən sığınacaqlar və radiasiya daldalanacaqları tikməklə;

bütün mülki müdafiə mühafizə qurğularını əhalinin dərhal daldalanması üçün texniki-istismar hazırlığı halında saxlamaqla.

Əhaliyə şəxsi və kooperativ mülkiyyət formasında mühafizə qurğuları tikmək tövsiyə edilir. Belə hallarda mülki müdafiə orqanları lazımi metodiki yardım göstərir.

Mülkiyyət formasından asılı olmayaraq, bütün mövcud mülki müdafiə mühafizə qurğuları fondundan (sığınacaqlar və daldalanacaqlar) mülki müdafiə orqanlarının müəyyən etdiyi qaydalar üzrə təsərrüfat, məişət və mədəni məqsədlər üçün istifadə edilir, onların yenidən quraşdırılmasına icazə verilmir.

4.5. Təhlükəli rayonlardan və zonalardan (karantin zonasından başqa) əhali onun həyatı və sağlamlığı üçün qorxu yaranan hallarda köçürülür (çıxarılır).

Təhlükəli rayonlardan bütün əhali və ya əhalinin ayrı-ayrı qrupları (yaşına, məşğuliyyətinə görə) köçürülür.

Müharibə dövrü üçün səfərbərlik vərəqəsi olan şəxslər köçürülmür, onlar Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sərəncamına gedirlər. [6]

Əhali hər növ nəqliyyat vasitələrindən istifadə edilməklə qısa müddətdə kütləvi şəkildə, ya da yaranmış vəziyyətdən asılı olaraq mərhələ-mərhələ, həm bütün nəqliyyat vasitələrindən istifadə edilməklə, həm də piyada surətdə köçürülə bilər.

Köçürmənin səmərəliliyi üçün:

köçürülmə planlarını əvvəlcədən tərtib etmək;

şəhərdənkənar zonanı və məskunlaşdırma rayonlarını köçürülən əhalinin normal həyatını təmin etmək üçün hazırlamaq;

bütün nəqliyyat növlərini köçürmə işlərinə hazırlamaq;

köçürmə dövrü üçün lazımi idarəetmə strukturları və köçürmə orqanları yaratmaq;

əhali arasında ictimai asayişin və mütəşəkkilliyin təmin edilməsi üzrə tədbirlər kompleksi həyata keçirmək lazımdır.

Əhali yerləşdiriləcək rayonlar və köçürmə qaydası hərbi komandanlıq orqanları və müvafiq idarə və müəssisələrlə razılaşdırılır.

Köçürmə tədbirlərinin təşkili və yerinə yetirilməsi qaydaları fövqəladə hallarda əhalini mühafizə haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə müəyyən edilir.

4.6. Əhalinin mühafizəsi üzrə təbii tədbirlər - adamların zədələnməsinin qarşısını almaq, yaxud zədələnməni zəiflətmək, zərərçəkənlərə vaxtında yardım göstərmək və onları müalicə etmək, fövqəladə hallar yaranmış rayonlarda epidemioloji təhlükəsizliyi təmin etmək işlərindən ibarətdir.

Bunun üçün:

sahə tabeliyindən asılı olmayaraq bütün mövcud səhiyyə orqanları qüvvələrinin və vasitələrinin fəaliyyətini planlaşdırmaq və onlardan istifadə etmək;

fövqəladə vəziyyət yaranarkən kifayət qədər tibb müəssisələri açmaq;

tibbi profilaktika vasitələrindən vaxtında istifadə etmək;

ərzaq mallarına və suya nəzarət etmək;

vaxtında ixtisaslı tibb dəstələri yaratmaq və onları fəaliyyətə hazırlamaq;

tibbi mühafizə vasitələri ehtiyatları, tibbi və xüsusi avadanlıq və texniki ehtiyatları yaratmaq;

tibb işçiləri hazırlamaq və bütün əhaliyə tibbi sanitariya biliklərini öyrətmək lazımdır.

4.7. Bioloji yoluxma vasitələrindən mühafizə - yoluxma təhlükəsinin, yaxud faktının, yoluxmanın növü və miqyasının vaxtında aşkar edilməsindən, habelə inzibati-təsərrüfat, rejimli-məhdudlaşdırma və xüsusi tibb tədbirlərinin müəyyən edilməsindən ibarətdir.

Bioloji zədələnmə vasitələrindən mühafizə üçün:

kollektiv və fərdi mühafizə vasitələrindən vaxtında istifadə etmək;

karantin və observasiya rejimləri qoymaq;

yoluxma ocağını zərərsizləşdirmək;

təcili və xüsusi (spesifik) profilaktika keçirmək;

xalq təsərrüfatı obyektləri, tibb müəssisələri və əhali tərəfindən epidemiya əleyhinə rejimə riayət edilməsinə nail olmaq lazımdır.

4.8. Əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi - radiasiya və kimyəvi şəraiti aşkar edib qiymətləndirməkdən, radiasiyadan mühafizə üzrə birtipli rejimlərin müəyyən edilməsindən, fərdi mühafizə vasitələri ilə təchizat, xüsusi təmizləmə işlərinin təşkili və keçirilməsi tədbirlərindən ibarətdir.

Əhalinin radiasiyadan və kimyəvi zəhərlənmədən mühafizəsi üçün:

əvvəlcədən fərdi mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları ehtiyatları yaratmaq, bunları qoruyub işə hazır vəziyyətdə saxlamaq lazımdır. Həmin ehtiyatların həcmi və saxlanma yerləri mövcud təhlükəli zonalara müvafiq olaraq fərqli surətdə müəyyən edilir. Bu zaman həmin avadanlıqla ilk növbədə - mülki müdafiə dəstələrinin şəxsi heyəti, zədələnmə ocaqlarında aparılan xilasetmə və təxirəsalınmaz işlərdə iştirak edən qüvvələr, habelə radiasiya və kimya təhlükəli xalq təsərrüfatı obyektlərinin işçiləri və belə obyektlərin ətrafındakı təhlükəli zonada yaşayan əhali təmin edilir;

radioaktiv və kimyəvi zəhərlənmənin miqyasını, xarakterini və nəticələrini aşkar etmək məqsədilə vaxtında kəşfiyyat aparmaq;

düşmənin kütləvi qırğın vasitələri işlətdiyini, həmçinin radiasiya və kimyəvi zəhərlənmə təhlükəli xalq təsərrüfatı obyektlərində qəzaları (dağıntıları) aşkar etmək, onların miqyasını və nəticələrini qiymətləndirmək üçün ən müasir vasitələrdən və üsullardan istifadə etmək, o cümlədən ərazidə havadan radiasiya kəşfiyyatı aparılması üçün mülki aviasiya təyyarələrini (vertolyotlarını) bu işə cəlb etmək;

həm müharibə, həm də sülh dövrü üçün yararlı olan vahid növlü (unifikasiya edilmiş) mühafizə vasitələri, radiasiya, kimyəvi kəşfiyyat və dozimetrik nəzarət cihazları və cihaz dəstləri (kompleksləri) yaratmaq;

əhaliyə müəyyən edilmiş qaydada şəxsi istifadə üçün fərdi mühafizə vasitələri və dozimetrlər almağa imkan yaratmaq;

zəhərlənmiş ərazidə əhalinin radiasiyadan mühafizəsi və xalq təsərrüfatı obyektlərinin fəaliyyəti üçün birtipli rejimlər işləyib hazırlamaq;

kommunal-məişət xidməti və nəqliyyat müəssisələrini adamların sanitariya təmizlənməsi, paltarların, avadanlığın və nəqliyyatın xüsusi təmizlənməsi işlərinə əvvəlcədən uyğunlaşdırmaq;

radioaktiv və kimyəvi zəhərlənmə ocaqlarını vaxtında ləğv etmək, zəhərli tullantıları bu məqsədlə ayrılmış xüsusi yerlərdə basdırmaq lazımdır.

4.9. Zədələnmə ocaqlarında, qəza və təbii fəlakət rayonlarında xəsarət almış adamlara vaxtında yardım göstərmək məqsədilə qısa müddətdə xilasetmə və digər təxirəsalınmaz işlər təşkil edilir və yerinə yetirilir.

Bunlar aşağıdakılardan ibarətdir:

zədələnmə ocaqlarında və fəlakət rayonlarında kəşfiyyat aparmaq;

zədələnmə ocağını məhdudlaşdırmaq;

axtarış və xilasetmə kompleks tədbirləri görmək;

zərərçəkənlərə yardım göstərmək;

təhlükəli rayonlardan əhalini çıxarmaq və ya köçürmək;

karantin-observasiya tədbirləri, xilasetmə işləri aparılan rayonlarda ictimai asayişi təmin etmək;

zərər çəkmiş rayonlarda əhalinin həyatının təmin edilməsi üzrə ilkin tədbirləri həyata keçirmək;

epidemiya əleyhinə və sanitariya-gigiyena tədbirləri;

zərər çəkmiş rayonlardakı əhalinin ruhi sabitliyini təmin etmək üçün kompleks tədbirlər həyata keçirmək.

Xilasetmə və təxirəsalınmaz işlərin səmərəliliyi bu tədbirlərlə təmin edilir:

ixtisaslı mülki müdafiə qüvvələrini (qoşun hissələri, ştatda olan qəza-xilasetmə, qəza-bərpa dəstələri və hərbiləşdirilməmiş dəstələr), habelə ixtisaslı sahə dəstələrini, könüllü xilasetmə qüvvələrini əvvəlcədən yaratmaq və fəaliyyətə hazırlamaq;

sahə tabeliyindən asılı olmayaraq digər qüvvələri, müəssisələri, habelə lazım gəldikdə könüllüləri xilasetmə işlərinə cəlb etmək;

əvvəlcədən əldə edilmiş razılaşmalar əsasında xarici ölkə mütəxəssislərini və xilasedicilərini işə cəlb etmək;

əvvəlcədən idarəetmə orqanlarını işə hazırlamaq, xüsusi fəaliyyət planlarını tərtib etmək;

xilasetmə işləri və digər təxirəsalınmaz işlər aparmaq üçün xüsusi texniki avadanlıq hazırlamaq və istehsal etmək;

zərərçəkənlərin ərzaqla, digər gündəlik tələbat əşyaları ilə təchizatını, həyati təminatını təşkil etmək;

xilasetmə işlərində iştirak edən adamların təhlükəsizliyi üzrə tədbirlərə ciddi riayət etmək, fəlakət zonasında əhalinin davranış rejimini müəyyənləşdirmək;

fövqəladə halların xarakterini və miqyasını nəzərə almaqla xilasediçi qüvvə və vasitələri tədricən artırmaq;

xilasetmə işlərində iştirak edən qüvvələrin mühəndis, kimyəvi, tibbi, nəqliyyatla təminatını, maddi və texniki təminatını müntəzəm təşkil etmək.

4.10. Mühafizə üsulları və vasitələrindən istifadə etmək, yaralılara ilk yardım göstərmək, xilasetmə və digər təxirəsalınmaz işlərdə fəal iştirak etmək bacarığı əhaliyə müəssisələrdə, idarə və təşkilatlarda, habelə yaşayış yerlərində yarana biləcək real təhlükənin xarakterinə uyğun olaraq öyrədilir. Bu zaman əhalinin lazımi məsləhət və tövsiyələr alması üçün hər cür şərait yaradılır.

Yerlərdə ehtimal olunan fövqəladə hallar zamanı fəaliyyət və davranış qaydaları qabaqcadan kütləvi informasiya vasitələrilə, yaxud xüsusi yaddaş kitabçaları paylamaqla bütün əhalinin nəzər-diqqətinə çatdırılır.

 

5. Sülh dövründəki fövqəladə hallarda əhalinin mühafizəsini təşkil etməyin xüsusiyyətləri

 

5.1. Sülh dövründə əhalinin mühafizəsinin əsasını fövqəladə halların qarşısını alan, yaxud azaldan təşkilati, mühəndis-texniki və digər tədbirlərin yerinə yetirilməsi; əhalinin vaxtında xəbərdar edilməsi və adamların təhlükəli zonadan çıxarılması; əldə olan mühafizə vasitələrindən istifadə olunması; fövqəladə hallar yaranan rayonlarda xilasetmə və digər təxirəsalınmaz işlər aparmaq üçün qüvvə və vasitələrin hazırlanması təşkil edir.



Bu məqsədlə:

Azərbaycan Respublikasının ərazisindəki müvafiq obyektlərdə işin təhlükəsizliyini təmin etmək üçün dünya standartlarına uyğun vahid tələblər müəyyən edilir;

təhlükə potensiallı obyektlərdə qüsurlu qovşaqları aşkar etmək məqsədilə istehsalatın təhlükəsizliyi müntəzəm surətdə araşdırılır və təhlil edilir;

qüsurların aradan qaldırılması üzrə əməli tədbirlər planı işlənir və yerinə yetirilir;

yeni tikilən təhlükəli istehsalatlar hesablanıb, elə yerləşdirilir ki, burada qəzalar baş verərsə, onun zədələyici amilləri adamlar yaşayan sahələrə yayıla bilməsin.

5.2. Fövqəladə hallarda mühafizə tədbirləri sülh dövrü üçün müəyyən edilmiş xüsusi meyarlar nəzərə alınmaqla yerinə yetirilir.

5.3. Ehtimal edilən zəhərlənmə zonalarında yaşayan əhaliyə daimi istifadə üçün fərdi-mühafizə vasitələri respublika hökumətinin və yerli icra hakimiyyəti başçılarının qərarlarına əsasən pulsuz verilə bilər. Bu məqsədlə, müharibə dövrü üçün nəzərdə tutulmuş vasitələrin bir qismindən müəyyən edilmiş qayda üzrə istifadə etmək olar.

 

6. Müharibə dövründə əhalinin mühafizəsini təşkil etməyin xüsusiyyətləri

 

6.1. Müharibə dövründə əhalinin mühafizəsinin əsasını mühafizə qurğuları fondu, fərdi mühafizə vasitələri, tibb avadanlığı ehtiyatları yaradılması və onlardan istifadə olunması, təhlükəli rayonlardan və zonalardan əhalini köçürmək üzrə tədbirlərin əvvəlcədən hazırlanması və yerinə yetirilməsi təşkil edir.



6.2. Respublikanın iqtisadi imkanlarına müvafiq olaraq, «məqsədyönlü və kifayətdir» prinsipi əsasında əhalinin mühafizəsi üzrə tədbirlərin bir qismi (xəbərdarlıq sisteminin, sığınacaq və daldalanacaqlar fondunun bir hissəsinin, fərdi mühafizə vasitələri ehtiyatlarının yaradılması və s.) əvvəlcədən, hələ sülh dövründə həyata keçirilir, qalanı isə (kütləvi surətdə mühafizə vasitələrinin verilməsi və s.) təhlükəli dövr yaranarkən və hərbi əməliyyatlar başlanarkən yerinə yetirilir.

 

7. Əhalini mühafizə prinsiplərinin həyata keçirilməsi qaydaları

 

7.1. Əhalinin mühafizəsinin əsas prinsipləri Azərbaycan Respublikası Prezidentinin, Ali Sovetinin və hökumətinin verdiyi müvafiq qərarlarla, habelə mühafizə məsələləri üzrə normativ sənədlər sisteminə uyğun olaraq:



xalq təsərrüfatı planlarına mülki müdafiə tədbirlərinin yerinə yetirilməsinə dair xüsusi bölmə daxil edilməsi;

Naxçıvan Muxtar Respublikasında, Azərbaycan Respublikasının digər şəhər və rayonlarında sülh və müharibə dövrlərindəki fövqəladə hallarda əhalinin mühafizə vasitələrilə təminatına dair xüsusi proqramlar hazırlanması və yerinə yetirilməsi (mühafizə qurğuları fondunun yaradılması, fərdi mühafizə vasitələri ilə təchizat, xəbərdarlıq sistemlərinin inkişaf etdirilməsi və s. məsələlər üzrə əməli tədbirlərlə birlikdə);



təhlükə potensiallı obyektlərdə çalışan işçilərin və belə obyektlərin yaxınlığında yaşayan əhalinin mühafizəsi üzrə birtipli planlar işlənib hazırlanması;

istehsalat-ərazi mülki müdafiə orqanlarının fəaliyyətə hazırlanması, habelə əhaliyə mühafizənin öyrədilməsi ilə həyata keçirilir.
Yüklə 80,01 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin