Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi


Fəsil 5. NORMATİV HÜQUQİ AKTLARIN EKSPERTİZASI



Yüklə 0,73 Mb.
səhifə28/61
tarix13.12.2023
ölçüsü0,73 Mb.
#175881
1   ...   24   25   26   27   28   29   30   31   ...   61
DEVdR3Vob0xy97cUnAKQBSERK0f3jUI1B4oeBZj2

Fəsil 5. NORMATİV HÜQUQİ AKTLARIN EKSPERTİZASI
Konstitusiya Qanununa əsasən normativ hüquqi aktın layihəsinin, Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanunun məcburi hüquqi ekspertizası məcburi linqvistik ekspertizadan və digər ekspertizalardan əvvəl keçirilməlidir.
Azərbaycan Respublikasının qanunvericiliyinə görə həm normativ hüquqi aktların layihələrinin, həm də imzalanmaq üçün Prezidentə təqdim edilən qanunların məcburi hüquqi ekpertizası aparılmalıdır. Qanun layihələri Azərbaycan Respublikası Milli Məclisinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən, Azərbaycan Respublikasının Prezidentinə təqdim edilən normativ hüquqi aktların layihələri və imzalanmaq üçün təqdim edilən qanunlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının səlahiyyətli struktur bölməsi tərəfindən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin işinin təşkilati təminatını həyata keçirən qurumun səlahiyyətli struktur bölməsi tərəfindən, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələri həmin orqanların hüquq xidmətləri tərəfindən hüquqi ekspertizadan keçirilir.


Hüquqi ekspertiza zamanı aşağıdakı məsələlər yoxlanılır:



  • Normativ hüquqi aktın “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 8-ci maddəsində müəyyən edilən prinsiplərə uyğunluğu;

  • normativ hüquqi aktın normalarının normativ hüquqi aktın məqsəd və vəzifələrinə uyğunluğu;

  • normativ tənzimləmə predmetinə uyğunluğu;

  • normativ hüquqi aktın formasının və mahiyyətinin uyğunluğu;

  • daxili strukturun məntiqliliyi;

  • daxil edilməsi nəzərdə tutulan normaların qarşılıqlı ziddiyyətsizliyi;

  • bir dövlət orqanının digər dövlət orqanının səlahiyyətlərinə müdaxilə etməməsi;

  • normativ hüquqi aktın müvafiq səlahiyyətə malik olan normayaratma orqanı tərəfindən öz səlahiyyəti daxilində qəbul edilməsi;

  • normativ hüquqi aktın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və formada qəbul edilməsi;

  • normayaratma texnikasına uyğunluğu;

  • “Normativ hüquqi aktlar” haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun 37-ci maddəsinin tələblərinə (hüquq sisteminin sabitliyi) riayət olunması.

Keçirilmiş hüquqi ekspertiza zamanı yuxarıda göstərilənlər yoxlanılmaqla, rəy tərtib edilməlidir. Rəydə aşağıdakı nəticələrdən biri öz əksini tapmalıdır:





  • normativ hüquqi aktın layihəsi rədd edilir;

  • normativ hüquqi aktın layihəsi yenidən işlənilməsi üçün normayaratma təşəbbüsünün subyektinə qaytarılır;

  • normativ hüquqi aktın layihəsi dəstəklənir.

Qeyd edilməlidir ki, ekspertiza rəyi Konstitusiya Qanununa 1 nömrəli əlavəyə uyğun şəkildə tərtib edilir.


Qanuna dair məcburi hüquqi ekspertizanın rəyində, onun Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanması və ya imzalanmadan öz etirazları ilə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə qaytarılması təklif edilir.
Məcburi hüquqi ekspertizadan keçirilən normativ hüquqi aktların layihələrində və Azərbaycan Respublikasının Prezidentinə imzalanmaq üçün təqdim edilən qanunlarda sui-istifadə təzahürləri üçün şərait yaranmasına kömək edən müddəaların əmələ gəlməsinin qarşısını almaq, onları aşkar etmək və aradan qaldırmaq məqsədi ilə normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizası keçirilir.
Normativ hüquqi aktların layihələrinin sui-istifadəyə məruz qalmasına dair ekspertizası məsələləri təhlil edilərkən antikorrupsiya ekspertizasının keçirilməsi ilə bağlı qabaqcıl beynəlxalq təcrübəyə nəzər salmaq faydalı ola bilər. Azərbaycan Respublikasında normativ hüquqi aktların layihələrinin ayrıca antikorrupsiya ekspertizası həyata keçirilməsə də, normativ hüquqi aktların layihələrinin sui-istifadəyə məruz qalmasına dair ekspertiza həyata keçirilir. Lakin hesab edirik ki, bu ekspertiza tam olaraq korrupsiya risklərinin müəyyən edilməsi və aradan qaldırılmasını təmin etmir. Bir sıra ölkələrdə normativ hüquqi aktların layihələrinin antikorrupsiya ekspertizasından keçirilməsi təcrübəsi mövcuddur. Bu baxımdan MDB məkanında Moldova Respublikasının normativ hüquqi aktların antikorrupsiya ekspertizası sahəsində nailiyyətləri təqdirəlayiq hesab oluna bilər.
Həmin ekspertizanın əsas məqsədi qanunvericilik təşəbbüsünə malik olan subyektlərin bu səlahiyyətin tətbiqi zamanı potensial korrupsiya risklərini müəyyənləşdirməklə neqativ nəticələrin aradan qaldırılması üçün müvafiq tövsiyələrin hazırlanmasıdır. Moldovada antikorrupsiya ekspertizası konkret metodologiya əsasında həyata keçirilir. Həmin metodologiyaya əsasən 7 kateqoriya üzrə 37 növ korrupsiya xarakterli risk qiymətləndirilir: linqvistik məsələlər (hüquqi terminlərin düzgün istifadə edilməməsi, ikimənanlı müddəalar və sair), digər normativ aktlarla uyğunluq (səlahiyyətlərin bölgüsündə maraqların toqquşması, boşluqlar, zidd müddəaların mövcud olması və sair), şəffaflıq və informasiya əldə olunması ilə bağlı risklər, insan hüquqları və öhdəliklərin yerinə yetirilməsi ilə bağlı risklər (fərdi maraqların üstün tutulması, öhdəliklərin yerinə yetirilməsində potensial çətinliklər, diskriminasiya xarakterli müddəalar və sair), dövlət qurumların səlahiyyətləri ilə bağlı risklər (həddən artıq yüksək nəzarət səlahiyyəti, vəzifələri yerinə yetirməkdən boyun qaçırmaq üçün subyektiv əsaslar və sair), nəzarət mexanizmləri ilə bağlı risklər (nəzarətin kifayət həcmdə olmaması və sair) və hesabatlılıq və sanksiyalarla bağlı risklər (hüquq pozuntusu və sanksiya arasında mütənasibliyin pozulması, sanksiyaların müəyyən edilməməsi və sair).
Hazırda Moldova Respublikasında antikorrupsiya ekspertizası Milli Antikorrupsiya Bürosu tərəfindən həyata keçirilir. Ekspertiza nəticələri qanunvericilik orqanı üçün məcburi xarakter daşımasa da, bu nəticələr nəzərə alınmalı və açıq şəkildə ictimaiyyətə təqdim edilməlidir. Eyni zamada vətəndaş cəmiyyəti tərəfindən (the Center for the Analysis and Prevention of Corruption) digər metodologiya üzrə paralel ekspertiza keçirilə bilər.
Rusiya Federasiyasında antikorrupsiya ekspertizası “Normativ hüquqi aktların və onların layihələrinin antikorrupsiya ekspertizası haqqında” Qanuna əsasən həyata keçirilməklə Moldova Respubliksından fərqli olaraq qüvvədə olan normativ hüquqi aktları da əhatə edir. Ekspertizanın həyata keçirilməsi üçün məsul orqanlar qismində Rusiya Federasiyasının Ədliyyə Nazirliyi, Baş Prokurorluğu və mərkəzi icra hakimiyyəti orqanları müəyyən edilmişdir. Bundan əlavə müvafiq layihələrin xüsusi hökumət portalında dərc edilməklə, həmçinin qeyri-hökumət təşkilatları tərəfindən müstəqil ekspertizanın həyata keçirilməsinə imkan yaradılmışdır. Qeyd etmək lazımdır ki, antikorrupsiya ekspertizasının Rusiya Federasiyasında xüsusi bir qanunla tənzimlənməsi normativ aktlar haqqında federal qanunun olmaması ilə şərtləndirilir.
Belarus Respublikasında korrupsiya risklərinin qiymətləndirilməsi üzrə qanunvericiliyin özünəməxsus xüsusiyyətləri var. Belə ki, Belarus Respublikasının "Normativ hüquqi aktları haqqında" Qanununun 49-1-ci maddəsinə əsasən normativ hüquqi aktların layihələri kriminoloji ekspertizadan keçirilir. Belə bir ekspertizanın keçirilməsinin halları və qaydası Prezident tərəfindən müəyyən edilmişdir. Kriminoloji ekspertiza bir qədər fərqli adlandırılmasına baxmayaraq, mahiyyəti və məqsədlərinə görə antikorrupsiya ekspertizası ilə üst-üstə düşür. Kriminoloji ekspertiza xüsusi bir dövlət qurumu olan Belarusiya Respublikası Baş Prokurorluğunun Qanunçuluq Problemləri Elmi və Praktik Mərkəzi tərəfindən həyata keçirilir. Belarusiya Respublikasında kriminoloji ekspertiza aparılarkən hüquqi aktın layihəsini qiymətləndirmək üçün əsas meyar, onun tətbiqi prosesində kriminogen xarakterli risklərin, o cümlədən potensial risklərin baş vermə ehtimalıdır.
Milli qanunvericilikdə normativ hüquqi aktların antikorrupsiya eksperti­zasından keçirilməsi nəzərdə tutulmasa da, normativ hüquqi aktlar və onların layihələri müəyyən xüsusiyyətlərinə görə antikorrupsiya ekspertizasını xatırladan normativ hüquqi aktların (onların layihələrinin) sui-istifadəyə məruz qalmasına dair ekspertizadan keçirilir.
Qanunvericiliyə əsasən sui-istifadə amilləri dedikdə, normativ hüquqi aktın tətbiqi zamanı sui-istifadənin təzahürünə səbəb olan, o cümlədən sui-istifadə təcrübəsinin bilavasitə əsası olan, yaxud sui-istifadə əməllərinə legitim şərait yaradan, sui-istifadə əməllərinə yol verən və ya onlara təhrik edən normativ hüquqi aktların müddəaları (o cümlədən, normanın və hüquqi düsturların qüsurları) nəzərdə tutulur.

Özündə sui-istifadə amillərini ehtiva edən normalar (normativ hüquqi aktlar, onların layihələri) sui-istifadəyə məruz qalmış normalar (normativ hüquqi aktlar, onların layihələri) hesab edilir.


Tipik sui-istifadə amillərinə əsasən, tənzimləmə predmetindən asılı olmayaraq normativ hüquqi aktlarda (onların layihələrində) daha tez-tez rast gəlinən və şübhəsiz və ya böyük ehtimalla sui-istifadə təzahürlərinə səbəb olan sui-istifadə amilləri aid edilir.
Normativ hüquqi aktların layihələrinin hazırlanması və təkmilləşdirilməsi zamanı onlara “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda qeyd edilən tipik sui-istifadə amillərinin və sui-istifadəyə məruz qalma təzahürlərinin, habelə sui-istifadəyə şərait yaranmasına səbəb olacaq digər müddəaların daxil edilməsinə yol verilmir.
Normativ hüquqi aktın (onun layihəsinin) ekspertizası aparılarkən aşağıdakı 4 növ tipik sui-istifadə amilləri və sui-istifadəyə məruz qalma təzahürləri aşkar edilməli və aradan qaldırılmalıdır:


1   ...   24   25   26   27   28   29   30   31   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin