Maddə 209. Gömrük ödənişlərinin ödənilməsindən yayınma
209.1. Xeyli miqdarda gömrük ödənişlərinin ödənilməsindən yayınma—
cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən dörd mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
209.2. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər:
209.2.1. təkrar törədildikdə;
209.2.2. külli miqdarda törədildikdə—
cinayət nəticəsində vurulmuş ziyanın üç mislindən beş mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
209.3. Bu Məcəllənin 209.1-ci maddəsində nəzərdə tutulmuş əməllər xüsusilə külli miqdarda törədildikdə —
cinayət nəticəsində vurulmuş ziyanın dörd mislindən beş mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Qeyd:
1. Bu maddədə «xeyli miqdar» dedikdə, ödənilməmiş gömrük ödənişlərinin iyirmi min manatdan yuxarı, lakin yüz min manatdan artıq olmayan məbləği, «külli miqdar» dedikdə yüz min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləği, «xüsusilə külli miqdar» dedikdə beş yüz min manatdan yuxarı olan məbləği başa düşülür.
2. Bu Məcəllənin 209.1 və 209.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri ilk dəfə törətmiş şəxs cinayət nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. (1, 45, 111, 131)