Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 262. İstintaq eksperimenti



Yüklə 1,91 Mb.
səhifə20/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

Maddə 262. İstintaq eksperimenti

262.1. Cinayət təqibi üçün əhəmiyyətli olan, təcrübə və digər tədqiqat hərəkətlərinin aparılması şərti ilə araşdırıla biləcək məlumatların yoxlanılması və dəqiqləşdirilməsi məqsədi ilə müstəntiq istintaq eksperimenti apara bilər.

262.2. Təqsirləndirilən və ya şübhəli şəxsin iştirakı ilə aparılan istintaq eksperimentində, həmçinin onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi istintaq eksperimentinin aparılmasında iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.

262.3. Müstəntiqin dəvəti ilə istintaq eksperimentinin aparılmasında, həmçinin şahid, mütəxəssis, müəllim, həkim və digər şəxslər iştirak edirlər.

262.4. Müstəntiqin göstərişi və ya icazəsi ilə istintaq eksperimentinin aparılmasında foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilə bilər.

262.5. İstintaq eksperimentinin aparılmasına insanların həyatı və sağlamlığı üçün təhlükə yaranmadıqda, şərəf və ləyaqətləri alçaldılmadıqda, onlara maddi zərər vurulmadıqda yol verilir.



Maddə 263. İstintaq eksperimentinin protokolu

263.1. İstintaq eksperimenti qurtardıqdan sonra müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:

263.1.1. İstintaq eksperimentinin aparıldığı tarix, vaxt və yer;

263.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

263.1.3. İstintaq eksperimentinin aparılmasında iştirak edən digər şəxslərin (şübhəli, təqsirləndirilən şəxsin, müdafiəçinin, şahidin, mütəxəssisin, müəllimin, həkimin və digərlərinin) soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri və ya vəzifəsi, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

263.1.4. barəsində istintaq eksperimenti aparılan şəxsə onun hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd;

263.1.5. İstintaq eksperimentinin aparılmasının xüsusiyyətləri, o cümlədən istintaq eksperimenti zamanı hansı məlumatların yoxlanıldığı (dəqiqləşdirildiyi), habelə foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilməsi barədə qeyd;

263.1.6. İstintaq eksperimentinin aparılması zamanı müşahidə edilmə ardıcıllığı ilə bütün aşkar olunanlar (eksperimentin halları və nəticələri təfərrüatı ilə göstərilir).

263.2. İstintaq eksperimentinin protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan bu istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə onun hər bir vərəqi göstərilən istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

263.3. İstintaq eksperimentinin aparılması zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.



XXXV fəsil. Ekspertizanın aparılması

Maddə 264. Ekspertizanın aparılmasının əsasları

264.1. Ekspertiza elm, texnika, incəsənət və ya sənət sahəsində, habelə müvafiq tədqiqatın metodikası üzrə xüsusi biliklər tələb edildikdə cinayət təqibi üçün əhəmiyyətli olan halların müəyyən edilməsi məqsədilə aparılır.

264.2. Təhqiqatçı, müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, mütəxəssis və cinayət prosesinin digər iştirakçılarının xüsusi biliklərə malik olması cinayət təqibi orqanını müvafiq hallarda ekspertizanın təyin edilməsi zərurətindən azad etmir. Bu Məcəllənin 140.0.1—140.0.4-cü maddələrində nəzərdə tutulmuş halların müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsi məcburidir.

264.3. Ekspertiza müstəntiqin qərarına və ya cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda müdafiə tərəfinin yazılı müraciətinə əsasən aparılır. Ekspertizanın təyin edilməsi haqqında qərar onun aid olduğu şəxslər üçün məcburidir.

264.4. Ekspertizanın təyin edilməsi haqqında qərarda aşağıdakılar göstərilməlidir:

264.4.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

264.4.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

264.4.3. ekspertizanın təyin edilməsinə əsas verən obyektiv hallar və onun motivlərinin əsaslandırılması;

264.4.4. aşkar edildiyi və götürüldüyü yer, vaxt və şərait göstərilməklə ekspertizaya göndərilən maddi sübutlar və digər obyektlər, ekspertiza işin materialları üzrə aparıldıqda isə ekspertin gəldiyi nəticənin əsaslana biləcəyi məlumatlar;

264.4.5. ekspert qarşısında qoyulan suallar;

264.4.6. ekspertizanın aparılması tapşırılan ekspert idarəsinin adı və ya şəxsin soyadı.

264.5. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda, müdafiə tərəfinin mənafeyinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün müdafiəçi öz təşəbbüsü ilə bir və ya bir neçə ekspertə, ekspert idarəsinə ekspert işinin müqavilə əsasında ödənilməsi şərti ilə ekspertizanın aparılması barədə rəsmi müraciət etmək hüququna malikdir.

264.6. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda, ekspertizanın müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparılması zamanı ekspertə suallar siyahısı və tədqiqat obyektləri verilir.

264.7. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda, müdafiə tərəfinin rəsmi müraciəti əsasında ekspertiza aparmış ekspertlərin təqdim edilmiş rəyləri məhkəmə tərəfindən materiallara əlavə edilir və digər sübutlarla yanaşı qiymətləndirilir.



Maddə 265. Təkbaşına və komisyon ekspertiza

265.1. Ekspertizanı xüsusi biliklərə malik olan, ekspert qismində təyin olunan bir və ya bir neçə şəxs apara bilər.

265.2. Təkbaşına ekspertizanın aparılması müəyyən bir ekspertə və ya müəyyən eksperti təyin edən ekspert idarəsinin rəisinə tapşırılır.

265.3. Mürəkkəb və təkrar ekspertizalar eyni ixtisasdan olan ekspertlər komissiyası tərəfindən aparılır. Tərəflərin xahişi ilə ekspert komissiyasının tərkibinə onların göstərdiyi ekspertlər daxil edilə bilər. Ekspertlər öz aralarında məsləhətləşmə aparır və ümumi rəyə gəldikdə rəyi imzalayırlar. Ekspertlər arasında fikir ayrılığı olduqda onlardan hər biri fikir ayrılığı doğurmuş bir və ya bir neçə suala dair ayrıca rəy verir.

265.4. Komisyon ekspertiza aparılması haqqında qərarın icrası ekspert idarəsinin rəhbəri üçün məcburidir. Hər hansı ekspertizanın aparılması ekspert idarəsinə tapşırıldıqda, həmin idarənin rəhbəri ekspertizanın aparılması üçün ekspertlər komissiyası təşkil edə bilər.

Maddə 266. Kompleks ekspertiza

266.1. Cinayət təqibi üçün əhəmiyyətli olan hallar müxtəlif bilik və ya elm sahələri, yaxud biliyin bir sahəsi daxilində müxtəlif üsullar sistemi əsasında yalnız bir neçə tədqiqat aparılmaqla müəyyən edilə bildikdə kompleks ekspertiza təyin edilir.

266.2. Ekspertlər öz səlahiyyətləri daxilində kompleks ekspertiza çərçivəsində müəyyən edilmiş faktiki məlumatların məcmusu əsasında müəyyən edilməsi üçün ekspertizanın təyin edildiyi hallar barədə gəldikləri nəticəni ifadə edirlər.

266.3. Ekspert kompleks ekspertizanın rəyinin onun səlahiyyətinə aid olmayan hissəsini imzalaya bilməz.

260.4. Kompleks ekspertizanın aparılması ekspert idarəsinə tapşırıldıqda, kompleks tədqiqatların təşkili həmin idarənin rəhbərinin üzərinə düşür.

Maddə 267. Əlavə və təkrar ekspertiza

267.1. Qoyulmuş suallara ekspert tam cavab vermədikdə və ya tədqiqat aparılmış obyektlərə dair müstəntiqin əlavə sualları yarandıqda, aparılmış tədqiqatın və ya rəydəki boşluğun aradan qaldırılması üçün həmin və ya başqa ekspert tərəfindən əlavə ekspertiza aparılır.

267.2. Ekspertin rəyi kifayət qədər əsaslı olmadıqda və ya şübhə doğurduqda, yaxud onun əsaslandığı sübutlar etibarsız (qeyri-mötəbər) hesab edildikdə və ya ekspertiza aparılmasının prosessual qaydaları pozulduqda təkrar ekspertiza aparılır.

267.3. Təkrar ekspertizanın aparılması başqa ekspertə tapşırılır. Əvvəlki ekspertizanı aparmış ekspertlər təkrar ekspertizanın aparılmasında iştirak edə və izahlar verə bilərlər, lakin tədqiqat zamanı və rəy tərtib edilərkən onlar iştirak etmirlər.

267.4. Təkrar ekspertizanın aparılması haqqında qərarda əvvəlki ekspertizaların nəticələri ilə razı olmamağın motivləri göstərilməlidir. Təkrar ekspertiza təyin edilərkən ekspert qarşısında əvvəllər tətbiq edilmiş tədqiqat üsullarının elmi əsaslılığı barədə sual qoyula bilər.

Maddə 268. Ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxsin hüquqları

268.1. Müstəntiqin qərarına əsasən ekspertizanın təyin edilməsi və aparılması zamanı şübhəli və ya təqsirləndirilən şəxs aşağıdakı hüquqlara malikdir:

268.1.1. protokol tərtib edilməklə ekspertizanın aparılmasından əvvəl onun təyin edilməsi haqqında müstəntiqin qərarı ilə tanış olmaq və ona məxsus olan hüquqların izahını almaq;

268.1.2. ekspertə etiraz etmək;

268.1.3. eksperti onun göstərdiyi şəxslər içərisindən təyin edilməsi barədə vəsatət vermək;

268.1.4. öz təşəbbüsü ilə və öz hesabına alternativ ekspertiza aparmaq və onun rəyinin cinayət işinə əlavə edilməsi barədə vəsatət vermək;

268.1.5. rəy alınması üçün müstəntiq tərəfindən təyin edilmiş ekspert qarşısında əlavə suallar qoymaq;

268.1.6. müstəntiqin icazəsi ilə ekspertizanın aparılmasında iştirak etmək, bu zaman tətbiq edilmiş tədqiqat üsullarının mahiyyətinin və alınmış nəticələrin izahını ekspertdən tələb etmək və ekspertə izahlar vermək;

268.1.7. ekspertin rəyi müstəntiqə daxil olduğu vaxtdan ən geci 10 (on) gün müddətində onunla tanış olmaq, əlavə və ya təkrar ekspertizanın aparılması haqqında vəsatət vermək;

268.1.8. onun vəsatəti üzrə aparılan ekspertin dindirilməsində iştirak etmək.

268.2. Sadalanan hüquqlar, həmçinin psixi vəziyyəti imkan verdikdə, haqqında məcburi xarakterli tibbi tədbirlərin tətbiqi üzrə icraat aparıldığı şəxsə də məxsusdur.

Maddə 269. Ekspert idarəsində ekspertizanın aparılması

269.1. Müstəntiq ekspertiza təyin edilməsi haqqında qərarını, tədqiqat obyektlərini, zəruri hallarda isə cinayət işini rəy verilməsi üçün ekspert idarəsinin rəhbərinə göndərir. Ekspertiza ekspert idarəsinin əməkdaşı tərəfindən aparılır. Qərarda ekspertizanın kim tərəfindən keçirilməsi göstərilmədikdə, ekspert idarəsinin rəhbəri ekspertizanın aparılmasını həmin idarənin əməkdaşlarından birinə və ya bir neçəsinə tapşırır və bu barədə ekspertiza təyin etmiş şəxsə məlumat verir.

269.2. Ekspertiza müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparıldıqda həmin tərəf ekspertiza idarəsinin rəhbərinə suallar siyahısını və tədqiqat üçün obyektləri göndərir.

269.3. Ekspertiza idarəsinin rəhbəri aşağıdakı vəzifələri yerinə yetirir:

269.3.1. ekspertə onun bu Məcəllənin 97.4 və 97.6-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir;

269.3.2. ekspertə bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edir və bu barədə ekspertizanın təyin edilməsi haqqında qərarda ekspertin imzası ilə təsdiq edilən müvafiq qeyd aparır;

269.3.3. ekspertizanın aparılmasını təşkil edir;

269.3.4. tədqiqat obyektlərinin qorunub saxlanılmasını təmin edir;

269.3.5. ekspertizanın qurtarma müddətini müəyyən edir.

269.4. Ekspert idarəsinin rəhbəri ekspertə tədqiqatın gedişi və onun gəldiyi nəticələri əvvəlcədən həll edən göstərişlər vermək hüququna malik deyil.



Maddə 270. Ekspert idarəsindən kənarda ekspertizanın aparılması

270.1. Ekspert idarəsindən kənarda ekspertiza aparıldıqda, müstəntiq ekspertizanın təyin edilməsi haqqında qərar çıxardıqdan sonra aşağıdakı tədbirləri görür:

270.1.1. ekspertiza aparılmasının tapşırıldığı şəxsi çağırır;

270.1.2. onun şəxsiyyətinə və səlahiyyətinə əmin olur;

270.1.3. ekspertin şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxs və cinayət prosesinin digər iştirakçılarına münasibətini müəyyənləşdirir və ekspertə etiraz üçün əsasların olub-olmamasını yoxlayır;

270.1.4. ekspertiza təyin edilməsi haqqında qərarı ekspertə təqdim edir;

270.1.5. ekspertə onun bu Məcəllənin 97.4 və 97.6-cı maddələrində nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir;

270.1.6. ekspertə bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyəti haqqında xəbərdarlıq edir;

270.1.7. ekspertin müraciətlərini və xahişlərini qeyd edir;

270.1.8. bu Məcəllənin 270.1.2—270.1-7-ci maddələrində nəzərdə tutulmuş müvafiq hərəkətlərin aparılması barədə ekspertizanın təyin edilməsi haqqında qərarla ekspertin tanış edilməsi haqqında protokolda qeyd edir.

270.1.9. ekspertin xahişinin təmin və ya rədd edilməsi haqqında əsaslandırılmış qərar çıxarır.

270.2. Şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidin bədəninin və ya psixi vəziyyətinin tədqiqatı zərurəti olduqda, yaxud həmin şəxslərin ekspertizanın aparılmasında iştirakı zəruri hesab edildikdə, müstəntiq göstərilən şəxslərin ekspertin yanına çatdırılmasını təmin etməlidir.

270.3. Ekspertiza müdafiə tərəfinin təşəbbüsü ilə və onun hesabına aparıldıqda ekspertlə həmin tərəf arasında müqavilə bağlanır. Müdafiə tərəfi ekspertizanın aparılması üzrə xərcləri ödəyir və ekspertə suallar siyahısını və tədqiqat üçün obyektləri verir.

Maddə 271. Ekspertin rəyi

271.1. Ekspertiza təyin edilməsi haqqında müstəntiqin qərarının ekspertə daxil olduğu və ya ekspertlə müdafiə tərəfi arasında müqavilənin bağlandığı vaxtdan 1 (bir) aydan gec olmayaraq ekspert zəruri tədqiqatlar aparır, yazılı rəy tərtib edir, onu öz imzası ilə təsdiq edir və dərhal ekspertizanı təyin etmiş şəxsə və ya müdafiə tərəfinə göndərir.

271.2. Ekspertin rəyində aşağıdakılar göstərilir:

271.2.1. ekspertizanın aparıldığı tarix, vaxt və yer;

271.2.2. ekspertizanı aparan şəxsin soyadı, adı, atasının adı, təhsili, ixtisası, ixtisas üzrə iş stajı, elmi adı və elmi dərəcəsi, tutduğu vəzifə;

271.2.3. bilə-bilə yalan rəy verməyə görə cinayət məsuliyyətinin ekspertə məlum olmasını təsdiq edən qeyd;

271.2.4. ekspertizanın aparılması üçün əsaslar;

271.2.5. ekspertizanın aparılmasında iştirak etmiş şəxslər haqqında qeyd (soyadları, adları, atalarının adları və ev ünvanları);

271.2.6. ekspertiza aparılmasının xüsusiyyətləri, o cümlədən ekspertin cinayət işinin hansı materiallarından istifadə etməsi, hansı maddi sübutların, nümunələrin və digər obyektlərin tədqiq edilməsi, hansı üsulların tətbiq edilməsi və onların etibarlılıq dərəcəsi, qoyulmuş suallara əsaslandırılmış cavablar, ekspertin təşəbbüsü ilə müəyyən edilmiş cinayət təqibi üçün əhəmiyyətli olan hallar barədə qeyd.

271.3. Ekspertin rəyinə ekspertin gəldiyi nəticələri təsdiq edən maddi sübutlar, nümunələr, digər materiallar, habelə fotoşəkillər, sxemlər, cədvəllər əlavə edilir.

271.4. Tədqiqat zamanı təqdim edilmiş materialların və ekspertin xüsusi biliklərinin kifayət qədər olmaması aşkar edildikdə ekspertin rəyində onun qarşısına qoyulmuş sualların hamısına və ya bir qisminə cavab verməyin qeyri-mümkünlüyünü əsaslandıran müddəa öz əksini tapmalıdır.

271.5. Ekspertin rəyi ekspertizanı aparmış şəxslər tərəfindən imzalanır (bu imzaların həqiqiliyi ekspertiza idarəsində idarənin rəhbəri tərəfindən təsdiq edilir).



Maddə 272. Ekspertin dindirilməsi

272.1. Ekspertin rəyi kifayət qədər aydın olmadıqda və ya həmin rəydə əlavə tədqiqatlar aparılmasını tələb etməyən boşluqlar olduqda, habelə ekspertin tətbiq etdiyi üsulları və ya istifadə olunan terminləri dəqiqləşdirmək zərurəti yarandıqda müstəntiq eksperti dindirmək hüququna malikdir.

272.2. Ekspertin çağırılması və dindirilməsi bu Məcəllənin 226, 227 və 230-cu maddələrində nəzərdə tutulmuş müddəalara uyğun olaraq aparılır.

272.3. Ekspert rəy təqdim edənədək onun dindirilməsi yolverilməzdir.



XXXVI fəsil. Tədqiqat üçün nümunələrin götürülməsi

Maddə 273. Tədqiqat üçün nümunələrin götürülməsinin şərtləri

273.1. Müstəntiq tədqiqat üçün nümunələrin götürülməsi məqsədilə müvafiq istintaq hərəkətini aşağıdakı hallarda apara bilər:

273.1.1. nümunələr hər hansı insanın, heyvanın, insan meyitinin, heyvan cəsədinin, habelə əşya və ya maddələrin xassələrini əks etdirdikdə;

273.1.2. nümunələr cinayət təqibi üçün əhəmiyyətli olduqda.

273.2. Tədqiqat üçün nümunələrin götürülməsi məqsədilə müvafiq istintaq hərəkətinin aparılması üçün müstəntiq əsaslandırılmış qərar çıxarır. Həmin qərarda aşağıdakılar göstərilməlidir:

273.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

273.2.2. müstəntiqin soyadı, adı, atasının adı və vəzifəsi;

273.2.3. tədqiqat üçün nümunələrin götürülməsinə əsas verən obyektiv hallar və onun motivlərinin əsaslandırılması;

273.2.4. tədqiqat üçün nümunələri götürməli olan şəxsin soyadı, adı və atasının adı;

273.2.5. tədqiqat üçün nümunələrin götürülməli olduğu şəxsin soyadı, adı və atasının adı;

273.2.6. tədqiqat üçün hansı nümunələrin və hansı miqdarda götürülməli olduğu;

273.2.7. tədqiqat üçün nümunələrin götürülməsi üçün şəxsin nə vaxt və kimin yanına gəlməli olduğu;

273.2.8. tədqiqat üçün nümunələr götürüldükdən sonra onların nə vaxt və kimə verilməli olduğu.

273.3. Tədqiqat üçün nümunələr, həmçinin bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş hallarda və qaydada baxış, axtarış, götürmə, əmlak və ya yazışma üzərinə həbs qoyulması zamanı da götürülə bilər.

273.4. Zəruri hallarda başqa şəxslərin hüquqlarını pozmamaq şərti ilə tədqiqat üçün nümunələr ekspert tərəfindən də götürülə bilər.

273.5. Tədqiqat üçün nümunələrin götürülməsi üsulundan asılı olmayaraq onların insana əzab verən, onun həyatına, səhhətinə və ya bədən bütövlüyünə təhlükə törədən üsulla götürülməsi qadağandır.



Maddə 274. Tədqiqat üçün götürülən nümunələrin növləri

274.0. Tədqiqat üçün aşağıdakı nümunələr götürülə bilər:

274.0.1. qan, sperma (məni), tük, dırnaq kəsintisi, bədənin xarici örtüklərinin mikroskopik qazıntısı;

274.0.2. tüpürcək, tər və orqanizmin digər ifrazatları;

274.0.3. dəri naxışının (nəqşəsi), dişlərin və əl-ayağın izləri;

274.0.4. əlyazmalar, düyünlər, məmulatlar və insan bacarığını əks etdirən digər materiallar;

274.0.5. səsfonoqramı;

274.0.6. material, maddə, xammal və hazır məhsulun nümunələri;

274.0.7. alətlər, güllə və gilizlər;

274.0.8. digər maddələr və əşyalar.



Maddə 275. Müstəntiqin qərarı əsasında tədqiqat üçün nümunələrin götürülməsi

275.1. Tədqiqat üçün nümunələrin götürülməsi məqsədilə müstəntiq nümunələr götürülən şəxsi çağırış vərəqəsi ilə öz yanına çağırır və ya onun olduğu yerə gəlir.

275.2. Təqsirləndirilən və ya şübhəli şəxsdən tədqiqat üçün nümunələr götürüldükdə onun müdafiəçisi iştirak etmək hüququna malikdir. Bu istintaq hərəkətinin aparılması barədə müstəntiq tərəfindən əvvəlcədən xəbərdar edilmiş müdafiəçi tədqiqat üçün nümunələrin götürülməsində iştirak etmək arzusunu bildirdikdə, müstəntiq onun bu hüququnu təmin etməlidir.

275.3. Müstəntiqin dəvəti ilə tədqiqat üçün nümunələrin götürülməsində, həmçinin mütəxəssis, müəllim, həkim və digər şəxslər iştirak edə bilər.

275.4. Tədqiqat üçün nümunələrin götürülməsindən əvvəl müstəntiq bu istintaq hərəkətinin aparılmasında iştirak edən bütün şəxsləri imza etdirməklə tədqiqat üçün nümunələrin götürülməsi haqqında qərarla tanış edir, onların hüquq və vəzifələrini izah edir.

275.5. Tədqiqat üçün nümunələrin götürülməsində müstəntiq foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə etmək hüququna malikdir.

275.6. Müstəntiq və ya onun göstərişi əsasında digər şəxs zəruri hərəkətləri aparır və əks cinsdən olan şəxsin soyunması ilə bağlı hallar istisna olmaqla, bu istintaq hərəkətinin aparılmasında iştirak edən digər şəxslərin yanında tədqiqat üçün nümunələri götürür. Sənədlər istisna olmaqla, tədqiqat üçün götürülmüş nümunələr qablaşdırılır və möhürlənir.

Maddə 276. Nümunələrin götürülməsi protokolu

276.1. Nümunələri götürdükdən sonra müstəntiq protokol tərtib edir və həmin protokolda aşağıdakılar göstərilir:

276.1.1. nümunələrin götürüldüyü tarix, vaxt və yer;

276.1.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

276.1.3. tədqiqat üçün nümunələrin götürülməsində iştirak edən şəxslərin vəzifəsi, soyadı, adı və atasının adı, doğulduğu il, ay, gün və yer, iş yeri, faktiki yaşadığı və qeydiyyatda olduğu yer;

276.1.4. tədqiqat üçün nümunələrin götürülməsində iştirak edən şəxslərə onların hüquq və vəzifələrinin izah edilməsi barədə qeyd;

276.1.5. tədqiqat üçün nümunələrin götürülməsinin xüsusiyyətləri, o cümlədən tədqiqat üçün nümunələrin götürülməsi zamanı hansı nümunələrin və hansı yolla götürüldüyü, habelə tədqiqat üçün nümunələrin götürülməsi zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edilib-edilməməsi barədə qeyd;

276.1.6. yerinə yetirilməsi ardıcıllığı ilə nümunələrin götürülməsi üçün görülmüş tədbirlər, tətbiq edilən elmi-texniki üsul və vasitələr, habelə nümunələrin özünün təsviri;

276.1.7. müşahidə edilməsi ardıcıllığı ilə nümunələrin götürülməsi zamanı bütün aşkar olunanlar (nümunələrin götürülməsinin halları və nəticələri təfərrüatı ilə göstərilir).

276.2. Tədqiqat üçün nümunələrin götürülməsi protokolu ona öz qeydlərinin daxil edilməsini tələb etmək hüququna malik olan bu istintaq hərəkətinin bütün iştirakçıları tərəfindən imzalanır. Protokol bir neçə səhifədə tərtib edildikdə, onun hər bir vərəqi göstərilən istintaq hərəkətinin iştirakçıları tərəfindən ayrıca imzalanır.

276.3. Protokola tədqiqat üçün götürülmüş nümunələr əlavə edilir. Tədqiqat üçün nümunələrin götürülməsi zamanı foto, video və kino çəkilişdən və ya digər yazan texniki vasitələrdən istifadə edildikdə, müvafiq yazılar, fotoşəkillər, çəkiliş lentləri, yaxud başqa məlumat daşıyıcıları protokola əlavə olunur.

XXXVII fəsil. Cinayət işi üzrə icraatın dayandırılması və ona xitam verilməsi

Maddə 277. Cinayət işi üzrə icraatın dayandırılması qaydası

277.1. Cinayət işi üzrə icraat bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş hallarda müstəntiqin əsaslandırılmış qərarı ilə dayandırılır.

277.2. Cinayət işi üzrə icraatın dayandırılması barədə qərarda aşağıdakılar göstərilməlidir:

277.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

277.2.2. müstəntiqin soyadı, adı və atasının adı, vəzifəsi;

277.2.3. cinayət işi nə vaxt və kim tərəfindən başlanmışdır;

277.2.4. cinayət işinin başlanmasına səbəb və əsas olan hallar,

277.2.5. İbtidai istintaq zamanı müəyyən edilmiş hallar;

277.2.6. cinayət işi üzrə icraatın dayandırılması üçün motivlər;

277.2.7. bu Məcəllənin 53.1-ci maddəsində göstərilən hallardan birinə və ya bir neçəsinə istinad edilməklə müstəntiqin cinayət işi üzrə icraatın dayandırılması barədə qərarının əsaslandırılması;

277.2.8. müvafiq hallarda barəsində cinayət işi üzrə icraatın dayandırıldığı şəxsin soyadı, adı və atasının adı;

277.2.9. cinayət işi üzrə icraatın dayandırılması ilə əlaqədar görülməli tədbirlər.

277.3. Cinayət işi üzrə icraatın dayandırılması barədə müstəntiqin qərarının çıxarıldığı andan 24 saatdan gec olmayaraq onun surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

277.4. Müstəntiq zərər çəkmiş şəxsi, onun nümayəndəsini, mülki iddiaçını, mülki cavabdehi və ya onların nümayəndələrini yazılı qaydada cinayət işi üzrə icraatın dayandırılması barədə qərarla tanış etməli və onlara cinayət işi üzrə icraatın dayandırılması barədə qərardan bu Məcəllənin 122-ci maddəsində nəzərdə tutulmuş qaydada şikayət verilməsinin mümkünlüyünü izah etməlidir. Bu Məcəllənin 53.1.4—53.1.6-cı maddələrində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə icraat dayandırıldıqda bu barədə, həmçinin təqsirləndirilən şəxs və onun müdafiəçisi də məlumatlandırılır.

277.5. Cinayət işi üzrə icraat dayandırıldıqdan sonra müstəntiq özü və ya təhqiqat orqanı vasitəsilə aşağıdakı hərəkətləri yerinə yetirir:

277.5.1. bu Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş halda—təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən edilməsi üçün tədbirlər görür;

277.5.2. bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş halda—təqsirləndirilən şəxsin olduğu yerin müəyyən edilməsi üçün tədbirlər görür;

277.5.3. bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş halda—istintaqdan gizlənmiş təqsirləndirilən şəxsin axtarışı üçün tədbirlər görür.

277.6. İcraatı dayandırılmış cinayət işi üzrə istintaq hərəkətlərinin aparılmasına yol verilmir.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin