Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə



Yüklə 0.57 Mb.
səhifə1/10
tarix26.12.2016
ölçüsü0.57 Mb.
  1   2   3   4   5   6   7   8   9   10

Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə



AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI
"Notariat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat" təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri A. RASİZADӘ
Bakı şəhəri, 11 sentyabr 2000-ci il

№ 167


Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə

TƏSDİQ edİlmİşdİr

Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması

qaydaları haqqında

TƏLİMAT

I BÖLMƏ

ÜMUMİ MÜDDƏALAR

1. Bu Təlimat Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 18 yanvar tarixli, 261 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanıb, dövlət notariusları və xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılması qaydasını müəyyən edir.

2. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 17 və 26-cı maddələrinə uyğun olaraq notarius aşağıdakı notariat hərəkətlərini aparır:

1) əqdləri və etibarnamələri təsdiq edir;

2) miras əmlakın qorunması üçün tədbirlər görür;1

3) vərəsəlik hüququ haqqında şəhadətnamələr verir;

4) ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr verir;

5) yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr verir;

6) sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq edir;

7) sənədlərdəki imzaların hәqiqiliyini təsdiq edir;

8) sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edir;

9) şəxsin sağ olması faktını təsdiq edir;

10) şəxsin müəyyən yerdə olması faktını təsdiq edir;

11) şəxslə fotoşəkildəki şəxsin eyniliyini təsdiq edir;

12) sənədlərin təqdim olunduğu vaxtı təsdiq edir;

13) fiziki və hüquqi şəxslərin ərizələrini başqa fiziki və hüquqi şəxslərə verir;

14) öhdəliyin icra predmetini saxlamağa, pul məbləğlərini, qiymətli kağızları və vəsiyyətnamələri depozitə qəbul edir;2

15) icra qeydləri aparır;

16) veksellərə protestlər tərtib edir;

17) çekləri ödənilmək üçün təqdim edir və çeklərin ödənilmədiyini təsdiq edir;

18) sənədləri saxlanmaq üçün qəbul edir;

19) dəniz protestləri tərtib edir;

20) sübutları təmin edir.

Azərbaycan Respublikasının qanunvericiliyi ilə dövlət notariusuna başqa notariat hərəkətlərinin aparılması da həvalə edilə bilər.

3. Notariat hərəkətlərini dövlət notariusu (böyük dövlət notariusu, dövlət notariusu) və xüsusi notarius aparır.

4. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq notariat hərəkətlərinin aparılması zamanı Azərbaycan Respublikasının Konstitusiyası, "Notariat haqqında" Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, habelə "Notariat haqqında" Azərbaycan Respublikasının Qanununa zidd olmayan Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin öz səlahiyyətləri daxilində qəbul etdikləri normativ aktlar və Təlimat rəhbər tutulur.

5. Notarius "Notariat haqqında" Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan notariat hərəkətlərini apara bilər, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrini tərtib edə bilər, sənədlərin surətlərini və onlardan çıxarışları hazırlaya bilər, notariat hərəkətlərinin aparılması ilə əlaqədar məsləhətlər verə bilər, fiziki və hüquqi şəxslərdən həmin hərəkətlərin aparılması üçün sənədlər və məlumatlar tələb edə bilər.

Bu hərəkətlərin yerinə yetirilməsi dövlət notariat kontorunun ştatında olan məsləhətçilərə, notarius yanında təcrübə keçənlərə, eləcə də xüsusi notariusun məsləhətçilərinə həvalə edilə bilər. 3

6. Notarius öz vəzifələrini yerinə yetirərkən:

a) fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün kömək göstərməlidir;

b) hüquqi məlumatsızlığın onlara vura biləcəyi ziyanın qarşısını almaq üçün notariat hərəkətlərinin aparılması nəticələri barədə onlara xəbərdarlıq etməlidir;

c) "Notariat haqqında" Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına əməl etməli, peşə fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar ona məlum olan məlumatları gizli saxlamalıdır;

d) "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanununun 9-11-ci və 12-1-ci maddələrinin tələblərinə riayət etməli, bu sahədə Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər tədbirləri həyata keçirməlidir.4

ç) Notarius Notariusun etik davranış kodeksinin tələblərinə riayət etməlidir. 5

7. Notariuslar və xidməti vəzifələrini yerinə yetirmələri ilə əlaqədar notariat hərəkətlərindən xəbərdar olan şəxslər bu hərəkətlərin sirrini saxlamağa borcludurlar.

Notariat hərəkətləri barədə arayışlar və sənədlər yalnız notariat hərəkətlərinin aparılmasını tapşırmış və ya barəsində notariat hərəkətləri aparılmış fiziki və hüquqi şəxslərə verilməlidir.

Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariat hərəkətləri ilə bağlı məlumatlar maliyyə monitorinqi orqanına verilir.6

Notariat hərəkətləri ilə bağlı sənədlər məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar bu orqanların qərarı əsasında onlara verilir, vəkilə isə notariat hərəkətləri ilə bağlı sənədlərin surətləri onun yazılı sorğusu və orderi əsasında verilir.

Konkret cinayət işləri ilə əlaqədar notariat sənədlərinin götürülməsindən əvvəl həmin orqanlar notariusu götürmə barədə qərarla tanış etməlidir, Notariat sənədlərinin götürülməsi müvafiq protokolla rəsmiləşdirilir və onun surəti notariusa verilir.7

Vəsiyyətnamələr haqqında arayışlar (vəsiyyətnamənin olması, onun məzmunu və s.) yalnız vəsiyyətçinin ölümündən sonra onun ölümü haqqında şəhadətnamə təqdim olunduqda verilə bilər.

Notarius, şahid, habelə vəsiyyətnaməni vəsiyyət edənin əvəzinə imzalamış şəxslər vəsiyyətnamənin məzmununa, tərtibinə, dəyişdirilməsinə və ya ləğvinə aid məlumatları miras açılanadək açıqlaya bilməzlər. Bu barədə notarius bu şəxsləri xəbərdar edir.

Notariat hərəkətləri sirrinin açılmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşımalıdırlar.

Notariat hərəkətlərinin aparılması ilə əlaqədar notariusa qarşı cinayət işi qaldırıldıqda məhkəmə onu sirri saxlamaq vəzifəsindən azad edə bilər.

Notariat hərəkətləri barədə məlumatlar məhkəmə, istintaq və təhqiqat orqanlarının icraatında olan konkret cinayət və ya mülki işlərlə əlaqədar həmin orqanların yazılı sorğuları, vəkilə isə onun yazılı sorğusu və orderi əsasında verilir.

Notarius daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqaviləni təsdiqlədikdən sonra iki iş günü müddətində həmin müqavilənin bir nüsxəsini sifarişli poçt göndərişi vasitəsi ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir.8

Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Notariat Sənədlərinin Elektron Məlumat Bankı”na daxil etməlidir.

Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi “Notariat Sənədlərinin Elektron Məlumat Bankı”na daxil olmuş məlumatı texniki vasitələrdən istifadə etməklə üç gün müddətində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir.9

Notarius təsdiq etdiyi müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir. Müraciət edən şəxsin istəyi ilə notarius daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat barəsində hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə (zərurət olduqda - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1-ci maddəsində nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatı üçün digər əsasları əks etdirən sənədlər), torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə birlikdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə göndərir (bu halda bu Təlimatın 7-ci hissəsinin on birinci abzasında müqavilənin nüsxəsinin göndərilməsi ilə bağlı müddəa tətbiq edilmir). 10

8. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə müvafiq olaraq notarius tərəfindən öz adına və öz adından, ərinin (arvadının), onun və özünün qohumlarının (valideynlərinin, uşaqlarının, nəvələrinin, babalarının, nənələrinin, həmçinin qardaşlarının, bacılarının, əmilərinin (dayılarının), bibilərinin (xalalarının), onların uşaqlarının adına və bu şəxslərin adından, həmin notarius ilə bir yerdə işləyənin adına və onun adından notariat hərəkətlərinin aparılması qadağandır.

Göstərilən hallarda notariat hərəkətləri hər hansı digər notariat kontorunda aparılır.

Bu bəndin tələblərini pozmaqla aparılmış notariat hərəkətləri və onlara bərabər tutulan hərəkətlər mübahisələndirilə bilər.11

9. "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq notariat fəaliyyəti üzrə kargüzarlıq Azərbaycan Respublikasının dövlət dilində aparılır.

Notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxs kargüzarlığın aparıldığı dili bilmirsə və ya notariat hərəkətinin hər hansı dildə aparılmasını xahiş edirsə, notarius imkan daxilində tərəfindən rəsmiləşdirilən sənədlərin mətnlərini arzu edilən dildə tərtib edir və ya mətn ona müvafiq dili bilməsi barədə sənəd təqdim edən tərcüməçi tərəfindən tərcümə edilir.

Əgər şəxs sənədin tərtib olunduğu dili bilmirsə, o, sənədə ona məlum olan dildə imza edir.

10. Dövlət notariusları notariat hərəkətlərinin aparılmasına görə dövlət rüsumu tuturlar.

Dövlət notariusları sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünün, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünün təsdiqi ilə əlaqədar göstərilən xidmətə (texniki işlərin yerinə yetirilməsi) görə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğində, əqdlərin və etibarnamələrin təsdiqi ilə əlaqədar göstərilən xidmətə (məsləhətlərin verilməsi, əqdlərin, ərizələrin və digər sənədlərin layihələrinin tərtib edilməsi, texniki işlərin yerinə yetirilməsi) görə isə həmin hərəkətlərin aparılması üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinin 15 faizi miqdarında haqq tuturlar.

"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununa görə notariat hərəkətlərinin aparılması üzrə dövlət rüsumunun ödənilməsindən azadolmalar tətbiq edilən hallarda notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

Notariat hərəkətlərinə görə dövlət notariusu tərəfindən qəbul edilmiş dövlət rüsumu iki bank günü ərzində dövlət büdcəsinə, haqq isə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xüsusi hesabına köçürülür.

Xüsusi notariuslar tərəfindən notariat hərəkətlərinin aparılmasına görə dövlət notariusları tərəfindən notariat hərəkətlərinin aparılması üçün müəyyənləşdirilmiş dövlət rüsumu miqdarında haqq tutulur.

11. Dövlət rüsumunun və notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqqın məbləğləri barədə məlumat lövhə şəklində hər bir dövlət notariat kontorunun yerləşdiyi və ya xüsusi notariusun işlədiyi binanın (otağın) görkəmli yerində asılmalıdır.12

12. Notariuslar statistik və mühasibat hesabatları aparmalı, notariat hərəkətləri və tutulan dövlət rüsumları, büdcəyə keçirilən vergilər və digər ödəmələr barəsində Dövlət Statistika Komitəsinin, Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin müvafiq rayon İdarələrinə məlumat verməlidirlər.

Dövlət notariusları notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə tutulan haqq barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müvafiq rayon (şəhər) idarələrinə (şöbələrinə) və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə həmin nazirliklərin müəyyən etdiyi forma və dövr üzrə məlumatlan təqdim etməlidirlər.13

13. Notariat fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirir.14

Hər bir notariusun notariat fəaliyyəti iki ildə bir dəfədən az olmadan yoxlanılmalıdır.

Notarius yoxlama aparılmasına səlahiyyətli şəxsə notariat fəaliyyətinə aid bütün məlumat və sənədləri təqdim etməyə borcludur.

Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 42-1-ci maddəsinin tələbinə riayət edilməsinə nəzarətin həyata keçirilməsini təmin etmək məqsədi ilə notariuslar hər iş günü ərzində aparılmış notariat hərəkətlərinə dair məlumatları "Notariat Sənədlərinin Elektron Məlumat Bankı"na daxil etməlidirlər.15


  1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə