Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın təsdiq edilməsi barədə


VI fəsil Vərəsəlİk hüququ haqqında şəhadətnamələrİn verİlməsİ



Yüklə 0.57 Mb.
səhifə7/10
tarix26.12.2016
ölçüsü0.57 Mb.
1   2   3   4   5   6   7   8   9   10

VI fəsil
Vərəsəlİk hüququ haqqında şəhadətnamələrİn verİlməsİ


92. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

93. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

94. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrinin (miras passivi) toplusu daxildir.

95. Mirasın açıldığı yerin notariusu vərəsələrin ərizəsinə əsasən vərəsəlik qaydasında keçən əmlaka vərəsələrə və dövlətə vərəsəlik hüququ haqqında şəhadətnamə verir.

Vəsiyyət edən öldükdən sonra notarius gün təyin edərək maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius bu barədə müvafiq protokol tərtib etməlidir. Əgər vəsiyyətnamənin qoyulduğu zərf möhürlənmişdirsə, möhürün salamatlığı qeyd edilməlidir.

96. Vərəsəlik hüququ haqqında şəhadətnamə vərəsələrə mirasın açıldığı gündən altı ay keçdikdən sonra verilir. Əgər notariusda şəhadətnamə tələb edən şəxslərdən savayı, başqa vərəsələrin olmadığı barədə məlumat vardırsa, vərəsəlik hüququ haqqında şəhadətnamə altı aydan tez də verilə bilər.

Qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı surətdə ifadə edilməlidir.

Əgər mirası qəbul etməyə çağırılmış vərəsə miras açıldıqdan sonra onu müəyyənləşdirilmiş müddətdə qəbul etməyə macal tapmadan ölərsə, onun vərəsələri ilkin miras qoyanın ölümündən sonra qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilərlər.

Vərəsəlik hüququ haqqında şəhadətnamə həm bütün miras, həm də onun bir hissəsi üçün verilə bilər. Şəhadətnamə həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi, digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

97. Əgər nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə yoxdursa və ya vərəsələrdən heç biri mirası qəbul etməmişdirsə, yaxud bütün vərəsələr vərəsəlik hüququndan məhrum edilmişdirsə, vərəsələri olmayan əmlak dövlətə keçir; əgər miras qoyan şəxs qocalar, əlillər , sağlamlıq imkanları məhdud uşaqlar üçün müəssisələrin, müalicə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, onların mülkiyyətinə keçir.66

Əmlak vərəsəlik hüququ üzrə dövlətə keçdikdə dövlətin vərəsəlik hüququ haqqında şəhadətnamə vәrәsәliyin açıldığı gündən altı aydan tez olmayaraq Dövlət Əmlakı Nazirliyinə verilir.

98. Mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında ərizələr yazılı formada olmalıdır.

Bu ərizələrdə vərəsənin imzasının həqiqiliyi notariat hərəkətləri aparan orqan tərəfindən təsdiq edilməlidir.

Vərəsə ərizəni vərəsəliyin açıldığı yerdəki notariusa şəxsən təqdim edərsə, imzanın həqiqiliyinin təsdiq edilməsi tələb olunmur. Bu halda notarius vərəsənin şəxsiyyətini müəyyən edir və imzasının həqiqiliyini yoxlayır, bu barədə ərizədə qeyd edir və şəxsiyyəti təsdiq edən sənədin adını, nömrəsinin verilmə tarixini, sənədi vermiş idarənin adını, vərəsənin anadan olduğu ili göstərir.

Əgər mirasın qəbul edilməsi, ondan imtina olunması və ya vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi haqqında poçtla daxil olmuş ərizədə vərəsənin imzasının həqiqiliyi təsdiq edilməmişsə, notarius ərizəni qəbul edir, lakin vərəsəyə təklif edir ki, lazımi qaydada tərtib olunmuş ərizə göndərsin, yaxud notariat kontoruna şəxsən gəlsin.

99. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

Vərəsə mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

Əgər vərəsələrdən biri miras payını qəbul etməkdən başqa vərəsənin xeyrinə imtina edərsə, belə hərəkət mirasın qəbul olunmaması sayılır.

Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras qoyanla birgə yaşadığı haqqında və ya miras qoyanın əmlakının vərəsə tərəfindən götürüldüyü haqqında mənzil-istismar idarəsinin arayışı, daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsəlik açıldıqdan sonra vərəsə tərəfindən ödənildiyi barədə Vergilər Nazirliyinin yerli İdarəsinin və ya mənzil-istismar sahələrinin arayışı və ya verginin, yaxud kommunal xidmətlər üçün haqların ödənildiyi barədə qəbz, mirasın vaxtında qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti və miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər.

Notariusda mirası qəbul etmək üçün əmanət kitabçasının qanunla müəyyən olunmuş müddətdə alınmasını təsdiq edən məlumat olduqda, əmanət kitabçasının olması da miras əmlakı idarə etməyə başlanılmasına sübut ola bilər (miras qoyanın ölümündən sonra miras əmlakı siyahıya almış idarənin, müəssisənin sənədi, əmanət kitabçasının vərəsəyə verilməsi haqqında miras əmlakın qorunması üçün tədbirlər görmüş notariusun sənədi, miras qoyanın dəfnini təşkil edən komissiyanın aktı (əmanət kitabçasının vərəsəyə təqdim olunduğu vaxt bu sənədlərdən görünür), vərəsənin bankdan pul alması haqqında əmanət kitabçasında qeydlər və ya bankın məlumatı, miras qoyanın ölümündən sonra qalan əmanət kitabçasının müəyyən vaxtda vərəsəyə təqdim edildiyi barədə mənzil-istismar idarəsinin arayışı, bu kitabçanın poçtla göndərilməsi haqqında sənəd və sair).67

100. Mirası fəaliyyət qabiliyyətli şəxs qəbul edə bilər. Fəaliyyət qabiliyyəti olmayan və məhdud fəaliyyət qabiliyyətli şəxslər mirası öz qanuni nümayəndələri vasitəsi ilə qəbul edirlər. Bu halda notarius yetkinlik yaşına çatmamış və fəaliyyət qabiliyyəti olmayan vərəsələrin adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə onların əmlak mənafelərini mühafizə etmək məqsədi ilə vərəsənin yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına məlumat verməlidir (vərəsəlik hüququ haqqında şəhadətnamənin surətini göndərməlidir).

101. Vərəsə mirası şəxsən və ya nümayəndə vasitəsi ilə qəbul edə bilər.

102. Notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vərəsəliyin açıldığı vaxtı və yeri, şəhadətnamə verilməsi haqqında ərizə vermiş şəxslərin miras qoyanla qohumluq münasibətlərini, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır.

Ölüm faktı və vərəsəliyin açıldığı vaxt miras qoyanın ölümü haqqında vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnaməsi ilə təsdiq edilir.

Mirasın açıldığı yer aşağıdakı sənədlərlə təsdiq olunur: miras qoyanın yaşayış yeri haqqında mənzil-istismar idarəsindən, rayon icra hakimiyyətindən və ya ölənin iş yerindən verilən arayış, ölənin yaşayış yeri məlum olmadıqda isə miras əmlakın və ya onun əsas hissəsinin olduğu yer haqqında sənəd.

Vərəsələrdə həmin sənədlər olmadıqda, notarius vərəsəliyin açıldığı yerin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surətini tələb edir.

Vərəsələrin miras qoyanla qohumluq və digər münasibətləri aşağıdakı sənədlərlə sübut edilir: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanların şəhadətnamələri, yaş kağızı kitablarından çıxarışlar, pasportlarda uşaqlar və ər (arvad) haqqında qeydlər, qohumluq münasibətlərinin müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrinin surəti.

Ayrı-ayrı hallarda iş və ya yaşayış yeri üzrə idarə və təşkilatların verdikləri arayışlar da qəbul edilə bilər, bu şərtlə ki, onlar digər sənədlərlə birlikdə vərəsələrin miras qoyanla qohumluq münasibətlərini təsdiq etsin.

Qanun üzrə bir və ya bir neçə vərəsə miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmək imkanına malik deyildirsə, onlar miras qoyanla qohumluq münasibətlərinə dair sübutlar təqdim etmiş bütün qalan vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.68

103. Əgər miras qoyanın himayəsində olmuş və özlərini müstəqil saxlaya bilməyən əmək qabiliyyəti olmayan şəxslərin adları vəsiyyətnamədə çəkilməmişdirsə, onlar mirasdan dolanacaq təminatı (aliment) tələb edə bilərlər. Dolanacaq təminatı kimi ödənilməli məbləğin ölçüsü miras aktivin həcmi nəzərə alınmaqla azaldıla bilər.

Himayədə olma faktının sübut olunması üçün aşağıdakı sənədlər təqdim edilə bilər: miras qoyanın himayəsində olan şəxslər haqqında evlər idarəsinin və ya miras qoyanın iş yerinin arayışı, ailəni dolandıranın itirilməsi ilə əlaqədar olaraq pensiya təyin edilməsi haqqında pensiya təyin edən orqanın arayışı, himayədə olma faktının müəyyən edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti.

Himayədə olanın yaşla əlaqədar əmək qabiliyyətinin olmaması pasport, doğum haqqında şəhadətnamə əsasında yoxlanılır, səhhətlə əlaqədar əmək qabiliyyətinin olmaması pensiya vəsiqəsi və ya tibb-əmək ekspert komissiyasının arayışı ilə yoxlanılır.69

Notarius mirasda məcburi pay hüququ olan şəxslərin dairəsini də yoxlamalıdır.

104. Notarius vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölümü faktını, vəsiyyətnamənin olub-olmadığını, vərəsəliyin açıldığı vaxtı və yeri, barəsində şəhadətnamə verilən miras əmlakın tərkibini və olduğu yeri müvafiq sübutlar tələb etmək yolu ilə yoxlayır, mirasda məcburi paya hüququ olan şəxslər olub-olmadığını aydınlaşdırır, habelə vəsiyyətnamənin ləğv edilib-edilmədiyini onu təsdiq etmiş notariat kontorunda yoxlayır.

Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə vərəsələrin miras qoyanla qohumluq və ya digər münasibətlər göstərilirsə (vərəsələrin arzusu ilə), notarius bu münasibətləri təsdiq edən sənədləri tələb edir.

105. Vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənə verilərkən vəsiyyətnamənin vərəsə tərəfindən təqdim olunmuş əsl nüsxəsi və ya dublikatı notariusda saxlanılır. Vərəsənin arzusu ilə vəsiyyət üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə vəsiyyətnamənin notariat qaydasında təsdiq olunmuş surəti və ya onun dublikatı əlavə edilə bilər.

106. Əgər vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasında bölüşdürülmüşdürsə, lakin mirasın açıldığı vaxt vərəsələrdən biri sağ deyildirsə, qanun üzrə vərəsəlik əmələ gəlmir və onun əmlak payını vəsiyyət üzrə digər vərəsələr paylarına mütənasib surətdə alırlar.70

107. Miras əmlakın tərkibində daşınmaz əmlak olduqda, notarius daşınmaz əmlakın miras qoyana məxsus olması haqqında hüquq müəyyənedici sənəd, daşınmaz əmlakın özgəninkiləşdirilməsinə qadağanın və ya bu əmlak üzərində həbsin olub-olmadığı barədə arayış tələb edir. Qadağan borc alınması ilə əlaqədar qoyulmuşsa, notarius kreditora bildirir ki, borc alanın vərəsələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir.

Əmlak üzərində məhkəmə və ya istintaq orqanları tərəfindən həbs qoyulmuşsa, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi həbs götürülənədək dayandırılır.

108. Xüsusi qeydə alınmalı olan əmlakı (avtomobil, motosikl, motorlu qayıq və s.) vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil etmək üçün notarius həmin əmlakın miras qoyana məxsus olması haqqında sənədi (texniki pasportu, gəmi şəhadətnaməsini və s.) yoxlayır və şəhadətnamə verilməsi haqqında ərizədə bu barədə qeyd edir.

109. Miras əmlakın müəyyən hissəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almış vərəsələrə sonralar miras əmlakın əvvəlcə verilmiş şəhadətnamədə göstərilməyən digər hissələrinə vərəsəlik hüququ haqqında şəhadətnamə verilir.

Başqa əmlaka vərəsəlik hüququ haqqında əlavə şəhadətnamə verildikdə və əvvəlcə verilən şəhadətnaməyə daxil edilməmiş vərəsələr gəldikdə, onlar da mirası qəbul etmiş bütün vərəsələrin yazılı razılığı ilə əlavə əmlaka vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

110. Notarius vərəsəlik işlərinin uçotu kitabını aparır.

Vərəsəlik işlərinin uçotu kitabında aşağıdakı sənədlər qeydə alınır: mirasın qəbul edilməsi, vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi, xərclərin miras əmlak hesabına ödənilməsi haqqında sərəncamlar, mirasdan imtina haqqında və mirasın qəbulu haqqında ərizələr, kreditorların tələbləri, habelə miras əmlakın qorunması üçün tədbirlər görülməsi haqqında ərizələr (bu ərizələr əsasına həmin tədbirlər görülmüşsə).71

Qeydə alınmış ərizələr əsasında ölənin adına vərəsəlik işi açılır. Bütün sonrakı ərizələr (əlavə ərizələr, başqa vərəsələrdən və kreditorlardan daxil olan ərizələr) də vərəsəlik işlərinin uçotu kitabında qeydə alınır.

Bütün ərizələrdə onların daxil olduğu vaxt və vərəsəlik işinin nömrəsi göstərilir.

Vərəsələrdən, digər şəxslərdən və idarələrdən tələb olunmuş sənədlər və vərəsəlik hüququ haqqında şəhadətnamənin nüsxəsi vərəsəlik işinə tikilir.


VII fəsil
Ər-arvadın ümumİ əmlakındakı paya mülkİyyət hüququ haqqında şəhadətnamələrİn verİlməsİ


111. Notarius ər-arvadın birgə yazılı ərizəsi əsasında onların birinə və ya hər ikisinə birgə nikah dövründə əldə edilmiş ümumi əmlakdakı paya görə mülkiyyət hüququ haqqında şəhadətnamə verir.

Şəhadətnamə ər-arvadın hər birinə həm nikahda olarkən, həm də nikah pozulduqdan sonra verilə bilər.

Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah müqaviləsində və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

Ər-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artırılan vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchiz etmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah müqaviləsində və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

112. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

113. Notarius şəhadətnamə verərkən nikah münasibətlərinin təsdiq edən (nikah haqqında şəhadətnamə, nikahın qeyd olunması haqqında pasportda qeyd və s.), nikahları pozulmuş şəxslər (keçmiş ər-arvad) müraciət etdikdə isə nikahın pozulması faktını təsdiq edən sənəd (nikahın pozulması haqqında şəhadətnamə, nikahın pozulmasının qeyd olunması haqqında pasportda qeyd və s.) tələb edir. Vergi və ya rüsum tutulan əmlak barəsində şəhadətnamə verilərkən vergi və ya rüsumun ödənilməsi haqqında sübut təqdim olunur (vergilər idarəsindən arayış, qəbz və s.).

114. Əmlakın tərkibinə yaşayış evi, mənzil, bağ, bağ evi, qaraj, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, digər daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlak daxildirsə, notarius bu əmlakın ər-arvada məxsus olmasını yoxlayır. Bu məqsədlə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı orqanından arayış tələb edir.

Evin tikintisi və ya əsaslı təmiri üçün verilmiş borcla əlaqədar olaraq evin özgəninkiləşdirilməsinə qadağan qoyulmuş olduqda mülkiyyət hüququ haqqında şəhadətnamə borcu vermiş müvafiq bank idarəsinin, yaxud təsərrüfat hesablı müəssisənin, yaxud təşkilatın icazəsi ilə verilir. Ev üzərinə həbs qoyulmuşdursa, mülkiyyət hüququ haqqında şəhadətnamə verilə bilməz.

Yaşayış evinə, mənzilə, bağa, bağ evinə, qaraja, torpaq sahəsinə və digər daşınmaz əmlaka mülkiyyət hüququ haqqında şəhadətnaməni yalnız əmlakın olduğu yerin notariusu verə bilər.

115. Mülkiyyət hüququ haqqında şəhadətnamə ər-arvadın yalnız əmlakdakı paya mülkiyyət hüququnu təsdiq edir. Konkret əmlaka şəhadətnamə verilmir (məsələn, ər-arvadın birinə evə, digərinə avtomobilə şəhadətnamə verilməsinə yol verilmir). Ona görə də əgər ər-arvadın hər hansı biri əmlaka (əşyaya) ayrılıqda mülkiyyət hüququ almaq istəyirsə, notarius onlara şəhadətnamə almaq əvəzinə nikah dövründə birgə əldə etdikləri əmlakın bölüşdürülməsi müqaviləsinin rəsmiləşdirilməsini təklif etməlidir.

116. Ər-arvadın biri öldükdə, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnaməni sağ qalmış ərin (arvadın) ərizəsinə əsasən yalnız mirasın açıldığı yerin notariusu verməli və bu barədə miras qoyanın mirası qəbul etmiş vərəsələrinə məlumat göndərməlidir.

Məlumatda ər-arvadın ümumi əmlakının tərkibi (həmin əmlakda pay barəsində sağ qalmış ər (arvad) mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsini xahiş edir) göstərilir, habelə sağ qalmış ərin (arvadın) əmlak tələbləri barəsində vərəsə mübahisə etdikdə məhkəməyə müraciət etmək hüququ izah olunur.

Məlumat poçtla göndərilir, notariusa şəxsən müraciət edən vərəsələrə isə notarius tərəfindən şifahi məlumat verilir, bu barədə sağ qalmış ərin (arvadın) ərizəsində vərəsənin imzası ilə müvafiq qeyd yazılır. Vərəsələr arasında yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şəxslər olduqda bildiriş onların yaşayış yeri üzrə qəyyumluq və himayə orqanına göndərilir.

117. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə nikah dövründə əldə edilmiş ümumi əmlakın yarısına verilir.

Ər-arvadın biri öldükdə, əmlak isə ər-arvadın birgə nikah dövründə əldə edilibsə və sağ qalan ərin (arvadın) adına rəsmiləşdirilibsə (qeydə alınıbsa), ölənin mirası qəbul etmiş vərəsələrinin ərizəsi əsasında sağ qalmış ərin (arvadın) razılığı ilə ölmüş ərin (arvadın) ümumi əmlakından pay da müəyyən edilə bilər. Bu pay əmlakın 1/2 hissəsindən ibarət olmalıdır. Həmin pay müəyyənləşdiriləndən sonra qanuni vərəsələrin vərəsəlik hüququ haqqında şəhadətnamə almağa hüququ var.

118. Sağ qalmış ərə (arvada) ər-arvadın ümumi əmlakında paya mülkiyyət hüququ haqqında şəhadətnamə verilərkən ərin (arvadın) ölümü haqqında şəhadətnamə, ərizə sahibinin ölmüş ərlə (arvadla) nikah münasibətlərini təsdiq edən sənəd, ər-arvadın əmlakına ümumi (birgə) mülkiyyət hüququnu təsdiq edən sənəd, nikah müqaviləsi tələb olunur.

119. Əmlakın tərkibində yaşayış evi, mənzil, bağ, bağ evi, qaraj, qeyri-yaşayış sahəsi, torpaq sahəsi, digər daşınmaz əmlak, nəqliyyat vasitəsi və digər əmlak daxildirsə, notarius bu Təlimatın 113-114-cü bəndlərində göstərilən qaydalara əməl edir.

120. Vərəsələrin sağ qalmış ərin (arvadın) payının müəyyən edilməsinə dair yazılı razılığı olmadıqda, notarius mülkiyyət hüququ haqqında şəhadətnamə verilməsindən imtina edir və vərəsələrə məhkəməyə müraciət etmək hüququnu izah edir.

121. Ər-arvadın ikisi də öldükdə (bir gündə və yaxud müxtəlif vaxtda), notarius tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə vərəsələrin ərizələri əsasında verilmir və onlara məhkəməyə müraciət etmək hüququ izah olunur.

VIII fəsil
Yaşayış evİnİn açıq hərracdan alınması barədə şəhadətnamənİn verİlməsİ


122. Açıq hərracdan yaşayış evlərinin alınmasını evin yerləşdiyi yerin notariusu əldə edənə bu barədə şəhadətnamə verməklə rəsmiləşdirməlidir.

Hərrac Azərbaycan Respublikasının mülki və mülki-prosessual qanunvericiliyində nəzərdə tutulan hallarda və qaydada keçirilir.

123. Hərrac baş tutmadıqda yaşayış evinin əldə edilməsi barədə şəhadətnamə tələbkara verilir.

Şəhadətnamə evin açıq hərrac yolu ilə satılması və ya hərracın baş tutulması ilə əlaqədar olaraq evin tələbkara verilməsi barədə aktın surəti əsasında verilir.

Aktda hərracın keçirildiyi gün, yaşayış evinin yerləşdiyi ünvan, onun satış qiyməti, alıcının (hərrac baş tutmayıbsa, tələbkarın) soyadı, adı, atasının adı, yaşayış yeri (hüquqi şəxsdirsə adı, hüquqi ünvanı, səlahiyyətli nümayəndəsinin soyadı, adı, atasının adı) göstərilməlidir. Aktda hərrac keçirən vəzifəli şəxsin imzası və möhürü olmalıdır.

Akt əsasında notarius alıcıya, hərrac baş tutmayıbsa - tələbkara şəhadətnamə verir.

Şəhadətnamədə:

şəhadətnaməni verən notariusun soyadı, adı, atasının adı, vəzifəsi, şəhadətnamənin verilmə tarixi;

alıcının (tələbkarın) soyadı, adı, atasının adı, yaşayış yeri;

yaşayış evinin ünvanı;

şəhadətnamənin hansı akt əsasında verilməsi barədə məlumat göstərilməlidir.

IX fəsil
Sənədlərİn surətlərİnİn və sənədlərdən çıxarışların düzgünlüyünün, İmzanın həqİqİlİyİnİn və tərcümənİn düzgünlüyünün təsdİq edİlməsİ

Sənədlərin surətlərinin və sənədlərin surətlərindən çıxarılmış surətlərin və sənədlərdən çıxarışların düzgünlüyünün təsdiq edilməsi


124. Notariuslar idarələrin, müəssisələrin və təşkilatların verdikləri sənədlərin surətlərini o şərtlə təsdiq edirlər ki, həmin sənədlər qanuna zidd olmasın, hüquqi əhəmiyyət daşısın, sənədlərin surətlərinin və sənədlərdən çıxarışların düzgünlüyünü təsdiq etmək qanunla qadağan edilməmiş olsun.

Şəxsin verdiyi sənədin surətinin düzgünlüyü o hallarda təsdiq edilir ki, sənədin əslində həmin şəxsin imzasının həqiqiliyini notarius, müvafiq icra hakimiyyəti orqanı və ya şəxsin işlədiyi, təhsil aldığı və yaxud müalicə olunduğu yer üzrə idarə, müəssisə, təşkilat təsdiq etmiş olsun.

125. Sənədin surətinin düzgünlüyü notariat qaydasında təsdiq olunmuşsa və ya sənədin surətini sənədin əslini vermiş idarə, müəssisə, təşkilat vermişdirsə, notarius sənədin surətindən çıxarılmış surətin düzgünlüyünü təsdiq edə bilər. Sonuncu halda sənədin surəti idarənin, müəssisənin, təşkilatın blankında tərtib edilməli, üzərinə möhür vurulmalı və qeyd olunmalıdır ki, sənədin əsli həmin idarə, müəssisə, təşkilatda saxlanılır.

126. Sənədlərdən çıxarışların düzgünlüyü o halda təsdiq edilə bilər ki, bu sənədlərin məzmunu bir-biri ilə əlaqəsi olmayan bir neçə məsələyə aid olsun. Çıxarış sənədin müəyyən məsələyə aid hissəsinin tam mətnini özündə əks etdirməlidir.

Sənədlərdən çıxarışların düzgünlüyü bu Təlimatın 124-125-ci bəndlərində müəyyən olunmuş qaydada təsdiq olunmalıdır.

127. Sənədin təsdiq edilən surəti və ya sənəddən çıxarış sənədin əsli ilə tutuşdurulur. Sənədin surəti kseroks və yaxud çap və əlyazma üsulu ilə tərtib edilə bilər.


Sənədlərdə imzanın həqiqiliyinin təsdiq edilməsi


128. Notarius qanuna zidd və əqdin şərhindən ibarət olmayan, eləcə də özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatlar əks etdirməyən sənədlərdə imzanın həqiqiliyini təsdiq edir.

129. Notarius imzanın həqiqiliyini təsdiq edərkən sənəddə şərh olunmuş faktları deyil, yalnız müəyyən şəxsin etdiyi imzanın həqiqiliyini təsdiq edir. Sənədlər əqdin şərhindən ibarətdirsə, notarius tərəflərə müvafiq qaydada əqd bağlamağı təklif etməlidir.

130. Əqddə yalnız cismani qüsurlarına, xəstəliyinə və ya digər üzrlü səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyi təsdiq oluna bilər.

Bu halda notarius cismani qüsurlarına, xəstəliyinə və ya başqa səbəblərə görə şəxsən imza edə bilməyən şəxsin əvəzinə imza etmiş şəxsin imzasının həqiqiliyini təsdiq edərkən həm imza etmiş şəxsin, həm də bu şəxs kimin əvəzindən imza etmişsə həmin şəxsin şəxsiyyətini müəyyən edir.

131. Sənəddə təsdiq edilən halları təsdiq etmək hüququ yalnız dövlət orqanına məxsus olduqda (məsələn, anadan olma, nikah, ölüm tarixi və s.), şəxsin həmin sənəddəki imzasının həqiqiliyi təsdiq edilə bilməz. Həmin sənəddəki imzanın həqiqiliyi elə hallarda təsdiq edilə bilər ki, bu sənəd xarici dövlətin məhkəməsinə və ya digər idarəsinə təqdim olunmaq üçün nəzərdə tutulsun.

132. Bank vərəqələrində vəzifəli şəxslərin imzalarının nümunələrini təsdiq edərkən notarius onların imzalarının həqiqiliyini və imza hüququna səlahiyyətini yoxlayır.

Səlahiyyətin təsdiqi üçün notarius aşağıdakı sənədləri tələb edir və özündə saxlayır: vəzifəli şəxsin təyin edilməsi haqqında əmr və ya seçilməsi haqqında protokol, müəyyən edilən qaydada təsdiq olunmuş nizamnamə və ya əsasnamə, yaxud idarə başçısının adına yuxarı təşkilat tərəfindən verilmiş etibarnamə. Vərəqədə bu təşkilatın möhürü ottiskinin nümunəsi göstərilməlidir. Təşkilatın möhürü yoxdursa, bu halı təsdiq edən müvafiq sənəd (hesabın sahibinə nisbətən yuxarı təşkilat tərəfindən verilmiş arayış və s.) təqdim olunmalıdır.

Tərcümənin düzgünlüyünün təsdiq edilməsi


133. Notarius müvafiq dilləri bilirsə, sənədlərin bir dildən başqa dilə tərcüməsinin düzgünlüyünü təsdiq edə bilər.

Notarius müvafiq dilləri bilmədiyi halda sənədləri tərcüməçi tərcümə etməli, onun imzasının həqiqiliyini isə notarius təsdiq etməlidir.

Notarius tanıdığı tərcüməçinin hər dəfə gəlməməsi üçün onu qeydiyyata götürür. Bu məqsədlə onun ərizəsini, diplomunun surətini və imza nümunəsini tələb edir.

Notarius etibar etdiyi tərcüməçinin imzasını tanıdığı hallarda onun imzaladığı sənədi elektron rabitə vasitəsilə qəbul edə bilər. Tərcümə elektron rabitə vasitəsilə qəbul edildikdə onun surət kimi təsdiqlənməsi tələb olunmur.

Sənədlərin tərcüməsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi və notarius vasitəsilə təşkil edildiyi halda tərcüməyə görə haqq notarius tərəfindən qəbul edilərək iki bank günü ərzində tərcümə xidməti göstərən hüquqi şəxsin bankdakı hesabına keçirilir.72

134. Notariat hərəkəti aparılarkən (əqdin təsdiq edilməsi, surətin düzgünlüyünün təsdiq olunması və s.) eyni zamanda başqa dilə tərcümə də edilərsə, tərcümə sənədin əsli ilə bir vərəqdə, hər iki mətn bir-birinin yanında, şaquli xətlə ayrılan bir səhifə elə yerləşdirilir ki, mətnin əsli sol tərəfdə, tərcümə isə sağ tərəfdə olsun. Mətnin hamısı tərcümə olunmalı və imzalarla qurtarmalıdır. Tərcümənin sonunda tərcüməçinin imzası olur. Təsdiq qeydi sənədin və sənəddən tərcümənin mətnlərinin sonunda ifadə olunur.

135. Tərcümə sənədin əslindən ayrı vərəqdə də verilə bilər. Bu halda tərcümə sənədin əslinə əlavə olunur, qaytanla ona tikilir və notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.

X fəsil
FAKTLARIN təsdİq edİlməsİ

Şəxsin sağ olması faktının təsdiq edilməsi


136. Notarius şəxsin xahişinə əsasən onun sağ olması faktını təsdiq edir.

14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayanların sağ olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların sağ olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir.

137. Şəxsin sağ olması faktı həm o, notariusa gəldikdə, həm də notarius bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur.

138. Notarius maraqlı şəxslərə şəxsin sağ olması faktını təsdiq edən şəhadətnamə verməlidir.


Şəxsin müəyyən yerdə olması faktının təsdiq edilməsi


139. Notarius şəxsin xahişi ilə, onun müəyyən yerdə olması faktını təsdiq edir.

14 yaşı tamam olmayan yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı onların qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, qəyyumlarının) xahişi ilə təsdiq edilir, 14 yaşından 18 yaşınadək olan yetkinlik yaşına çatmayanların müəyyən yerdə olması faktı isə onların xahişi ilə qanuni nümayəndələrinin (valideynlərinin, övladlığa götürənlərinin, himayəçilərinin) razılığı ilə təsdiq edilir.

140. Şəxsin müəyyən yerdə olması faktı həm o, notariusa gəldikdə, həm də notarius bu faktı notariusun yerləşdiyi binadan kənarda təsdiq etdikdə müəyyən olunur.

141. Notarius maraqlı şəxslərə şəxsin müəyyən yerdə olması faktını təsdiq edən şəhadətnamə verməlidir.


Şəxsin fotoşəkildəki şəxslə eyniliyinin təsdiq edilməsi


142. Notarius şəxsin xahişinə əsasən onun təqdim olunan fotoşəkildəki şəxslə eyniliyinə şübhə etmirsə, həmin halı təsdiq etməli və bu barədə həmin şəxsə şəhadətnamə verməlidir.

143. Fotoşəkil şəhadətnamənin verilən nüsxəsinin yuxarı sol küncünə yapışdırılır, notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir. Həm də möhürün bir hissəsi fotoşəklin üzərinə, bir hissəsi isə şəhadətnaməyə düşməlidir.

144. Notarius fotoşəkildəki şəxslə şəxsin eyniliyinə şübhə edirsə, bu halı təsdiq etmədən ona məsələ üzrə məhkəməyə müraciət etmək hüququnu izah etməlidir.

Sənədin təqdim olunduğu vaxtın təsdiq edilməsi


145. Notarius ayrı-ayrı şəxslərin, idarə, müəssisə və təşkilatın ərizəsinə əsasən sənədin təqdim olunduğu vaxtı təsdiq etməlidir.

Bu notariat hərəkətinə ehtiyac o vaxt yaranır ki, ezam olunmuş şəxs ezam olunduğu təşkilata vaxtında gəlir, lakin həmin vaxt bu təşkilat ləğv edilmiş olur. Belə halda notarius ezamiyyə vərəqinin təqdim olunduğu vaxtı təsdiq edir.

Təqdim olunduğu vaxt təsdiq edilən sənədlərə müxtəlif növ ixtiraların təsviri, avtoreferatlar və s. aiddir.

146. Notarius sənədi təsdiq etmiş şəxsin şəxsiyyətini müəyyən edir.

Notariusa sənədin təqdim edildiyi vaxtın təsdiq edilməsinin təsdiq qeydi sənədin əslində və hökmən sənədi təqdim etmiş şəxs göstərilməklə qeyd edilir.

147. Əgər eyni vaxtda bir neçə sənəd təqdim edilərsə, təsdiq qeydi hər bir sənədə ayrılıqda qeyd edilir və dövlət rüsumu hər bir sənəd üçün ayrılıqda tutulur. Əgər bir sənəd bir neçə vərəqdə ifadə edilibsə, notarius bu sənədlərdə təsdiq qeydi apararkən onları qaytanlamalı, vərəqlərin sayını göstərməklə imza etməli və şəxsi gerbli möhürünü vurmalıdır.


Ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların ərizələrinin verilməsi


148. Notarius ayrı-ayrı şəxslərin, idarələrin, müəssisələrin və təşkilatların məzmunu qanuna zidd olmayan və özündə insanın şərəf və ləyaqətini ləkələyən məlumatları əks etdirməyən ərizələrini başqa şəxslərə, idarələrə, müəssisələr və təşkilatlara verir.

149. Ərizələr geri məlumat verilməsi şərti ilə poçt vasitəsi ilə və ya imza etdirmək şərti ilə şəxsən verilir. Ərizələr həmçinin texniki vasitələrdən istifadə etməklə verilə bilər.

150. Notarius ərizə vermiş şəxsin xahişi ilə, ona ərizənin başqasına verilməsi haqqında şəhadətnamə verir.

151. Ərizələrin verilməsi və ərizələrin verilməsinə dair şəhadətnamə verilməsi reyestrdə qeydə alınır.


XI fəsil

ÖHDƏLİYİN İCRA PREDMETİNİN SAXLAMAĞA, PUL MƏBLƏĞLƏRİNİN, QİYMƏTLİ KAĞIZLARIN VƏ VƏSİYYƏTNAMƏLƏRİN DEPOZİTƏ QƏBUL EDİLMƏSİ73


152. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532-533-cü maddələrində nəzərdə tutulmuş hallarda notariuslar kreditora vermək üçün öz depozit hesablarına pul məbləğlərini və qiymətli kağızları qəbul edirlər.

Pul məbləğlərini və qiymətli kağızları öhdəliyin icrası yerindəki notarius depozitə qəbul edir.

Notarius bu təlimatın 63-cü bəndində göstərilən vəsiyyətnamələri, habelə öhdəliyin icra predmetini saxlamaq üçün depozitə qəbul edir.74

153. Notarius pul məbləğlərini və qiymətli kağızları depozitə qəbul edərkən borcluya təklif edir ki, öz soyadını, adını, atasının adını (və ya təşkilatın adını) və ünvanını, pul məbləğləri və ya qiymətli kağızlar kimə verilmək üçün qoyulmuşsa, həmin şəxsin soyadını, adını, atasının adını və məlum olan son ünvanını, öhdəliyin hansı səbəblərə görə bilavasitə icra edilə bilmədiyini yazılı və ya şifahi bildirsin. Borclu həmçinin ödəniş barəsində əsasını və hesablaşmanı göstərə bilər.

Notarius öhdəliyin predmetini (pul məbləğlərini, qiymətli kağızları) depozitə qəbul edərkən ödənişin əsaslarını, yəni kreditorun hüquqlarının və borclunun vəzifəsinin əmələ gəlməsi əsaslarını yoxlamır.

154. Notarius depozitə pul məbləğləri və ya qiymətli kağızlar qoyan şəxsə ödəniş haqqında qəbz verir.

Borclunun xahişi ilə ödəniş haqqında qeyd borcu müəyyən edən təqdim olunmuş sənəddə də yazıla bilər.

155. Notarius pul məbləğlərinin və qiymətli kağızların daxil olması haqqında kreditora məlumat verir və kreditorun tələbi ilə bu pul məbləğini və ya qiymətli kağızları ona verir.

Borclu kreditorun ünvanını göstərmirsə və bu ünvan notariusa məlum deyildirsə, borclu xəbərdar edilir ki, pulun və ya qiymətli kağızların ödənildiyi barədə kreditora məlumat vermək vəzifəsi borclunun öhdəsində qalır.

156. Pul məbləğləri notariusa poçtla və kredit idarəsindən daxil olmuşsa, daxil olmuş məbləğdən lazımi qədər dövlət rüsumu tutulur, qalan məbləğ isə depozitə qəbul edilir.

157. Pul məbləğlərinin və qiymətli kağızların onları depozitə (debitora) vermiş şəxsə qaytarılmasına yalnız xeyrinə haqq ödənilmiş şəxsin (kreditorun) yazılı razılığı ilə və ya məhkəmənin qərarına əsasən yol verilir.

158. Depozit məbləğlərinin notariusun hesabında saxlanması aşağıdakı müddətlərdə məhdudlaşdırılır:

fiziki şəxslərə verilməli olan depozit məbləğləri üç il saxlanılır;

təsərrüfat hesablı dövlət müəssisələrinə və təşkilatlarına, habelə digər hüquqi şəxslərə verilməli olan depozit məbləğləri bir il saxlanılır;

bu müddətlər kreditorun adına depozitə pul məbləğləri və ya qiymətli kağızlar verilməsi haqqında kreditora bildiriş göstərildiyi gündən hesablanır;

dövlət büdcəsində və yerli büdcədə olan idarələrə verilməli depozit məbləğlərinin bu məbləğləri verildiyi ilin dekabr ayının 31-dək, həll edilməmiş məhkəmə işləri üzrə depozitə verilmiş məbləğlər isə məhkəmənin qətnamə çıxardığı ilin dekabr ayının 31-dək saxlanılır.

Tələb olunmayan depozit məbləğləri həmin müddət keçdikdən sonra dövlət büdcəsi mədaxilinə keçirilir.

Tələb edilməmiş depozit məbləğləri göstərilən müddətlər keçdikdən sonra bir aydan gec olmayaraq dövlət büdcəsi mədaxilinə keçirilməlidir.

159. Notarius predmeti saxlamağa qəbul etdiyi barədə kreditora məlumat verir və predmet ondan qəbul etməyi tələb edir.

Borclu saxlanmağa verdiyi predmetin kreditor tərəfindən qəbul edilənə qədər qaytarılmasını tələb edə bilər, bu şərtlə ki, lap əvvəldən o, qaytarmadan imtina etməmiş olsun. Borclu predmetin qaytarılmasını tələb edirsə, saxlama baş tutmamış sayılır.

Kreditor predmetdən imtina edirsə və ya Azərbaycan Respublikası Mülki Məcəlləsinin 369-cu maddəsi ilə müəyyən edilmiş müddət qurtarmışsa, borclu təhvil verdiyi predmeti geri götürə bilər.

Borclu predmeti geri götürürsə, saxlama xərcləri onun üzərinə düşür.

Borclu predmeti geri götürülmə üçün zəruri olan müddət ərzində almazsa, o, dövlət əmlakı sayılır.

160. Depozit məbləğlərinin uçotu Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi qaydada aparılır.

160-1. Daşınmaz əmlak üzərində sərəncam verilməsi ilə bağlı notariat qaydasında təsdiq edilən müqavilələr üzrə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş pul məbləğindən artıq vəsaitin tərəflərdən birinin digərinə ödəməsi notariusun bankda açdığı depozit hesabı vasitəsi ilə həyata keçirilməlidir.75

Notarius belə müqavilələri pul məbləğinin bankda açılmış depozit hesabına ödənilməsi barədə qəbz təqdim edildikdən sonra təsdiq edir.76

Tərəflər müqavilə ilə bağlı məbləğin depozit hesabı vasitəsilə ödənilməsi barədə ərizə ilə müraciət etdikdən sonra notarius, təsdiq etdiyi əqdin məzmununun qanuna və tərəflərin həqiqi niyyətinə uyğunluğunu yoxlayır, habelə "Notariat haqqında" Azərbaycan Respublikası Qanununun 42-1-ci maddəsində nəzərdə tutulmuş tədbirləri görür və ərizəni daxil olan sənədlərin qeydə alınması kitabında qeydə alır.

Razılaşdırılmış pul məbləğinin depozit hesabına mədaxil edilməsi üçün alıcıya banka ünvanlanmış məktub verir və depozit hesabı üzrə aparılmış əməliyyatlar barədə gündəlik bank çıxarışı notariusa çatdırıldıqdan, habelə alıcı tərəfindən həmin vəsaitin hesabına ödənilməsi barədə bank qəbzi təqdim etdikdən sonra müqavilə təsdiq edilir.

Pulu ödəmiş şəxsin xahişi ilə bu barədə qəbzin surəti təsdiq edilərək ona verilir.

Müqavilə üzrə pul məbləği Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş aşağı həddən az olduğu hallarda da notarius müvafiq notariat hərəkətinin aparılması üçün müraciət etmiş şəxsin xahişi ilə həmin məbləğin depozit hesabı vasitəsilə ödənilməsi barədə tədbir görə bilər.

Müqavilə rəsmiləşdirildikdə notarius depozit hesabına mədaxil edilmiş müqavilə məbləğinin götürülməsi üçün satıcıya müştərinin istəyindən asılı olaraq pul çeki və ya hesablaşma çeki (çek kitabçaları ilə notariusu müvafiq bank təmin edir) verir. Göstərilən işin düzgün və dəqiq qurulması üçün notariat kontorunda depozit hesaba mədaxil və məxaric edilən məbləğin, həmçinin onun qalığının uçotu aparılır.

Hər ay başa çatdıqda növbəti ayın birinci iş günü təsdiq edilmiş müqavilələr üzrə depozit hesabı vasitəsilə ödənilmiş məbləğlər barədə bank hesabından çıxarışla üzləşmə aparılır və rübdən sonra ayın 5-dək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə məlumat verilir

Depozit hesabının açılması Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə razılaşdırılmalıdır.77

160-2. Notarius bu Təlimatın 63-cü hissəsində göstərilən vəsiyyətnamələri depozitə notariat kontorunda qəbul edir və həmin kontorda olan seyflərdə saxlayır. 78

Notarius vəsiyyətnaməni depozitə qəbul edərkən, vəsiyyətnaməni təqdim edən şəxsin şəxsiyyətini müəyyən edir və onun fəaliyyət qabiliyyətini yoxlayır.

Notarius vəsiyyətnamənin qoyulduğu zərfin vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən etibarlı bağlandığını və sonradan açılmadığını təsdiq etmək üçün zərfin bağlanan hissəsinə möhür vurur. Əgər zərf üzərində qeydlərin aparılması üçün kiçikdirsə və ya yararsızdırsa, notarius vəsiyyətnaməni təqdim edən şəxsə zərfi dəyişdirməsini təklif edir. Notarius zərfin üzərində zərfdəki vəsiyyətnaməni onu təqdim edən şəxsin öz əli ilə yazıb imzalaması və vəsiyyətnamənin hansı tarixdə və saatda depozitə qəbul olunması barədə qeyd yazır. Qeyd notariusun imzası və şəxsi gerbli möhürü ilə təsdiq edilir.

Notarius vəsiyyətnaməni depozitə qəbul etdikdən sonra bu barədə iki nüsxədə qəbz tərtib edərək onun bir nüsxəsini vəsiyyətnaməni təqdim edən şəxsə verir, digər nüsxəsini isə bunun üçün xüsusi ayrılmış qovluqda saxlayır. Qəbzdə vəsiyyətnaməni təqdim edən şəxsin, vəsiyyətnamə notariusa təqdim edilərkən iştirak edən üç şəxsin adı, soyadı, atasının adı, yaşadığı ünvan, depozitin yeri, vəsiyyətnamənin depozitə qəbul olunduğu tarix və saat qeyd edilir. Vəsiyyətnaməni depozitə qəbul edən notarius qəbzi imzalamalı və ona şəxsi gerbli möhürünü vurmalıdır. Qəbz itdikdə vəsiyyətnaməni depozitə qoyan şəxsin, həmin şəxs öldükdən sonra isə onun vərəsəsinin müraciəti əsasında qəbzin notariat qaydada təsdiq olunmuş surəti verilir.

Depozitin yeri dəyişdirildikdə, notarius bu barədə digər şəxslərə məlumatın çatmasını istisna edən üsullarla vəsiyyətnaməni təqdim edən şəxsə məlumat verir.

Notariusun fəaliyyətinə xitam verildikdə, depozitə qoyulmuş vəsiyyətnamələr həmin ərazi üzrə təyin edilmiş notarius tərəfindən saxlanılır.

Notarius depozitə qoyulmuş vəsiyyətnaməni onu təqdim edən şəxsin notariat qaydasında təsdiq edilmiş ərizəsinə əsasən geri qaytarır.

Vəsiyyətnaməni depozitə qoyan şəxs öldükdən sonra qəbzi təqdim edən şəxs ərizə ilə müraciət etdikdə, notarius işlədiyi və fəaliyyət göstərdiyi inzibati ərazi vahidi üzrə digər notariat kontoruna mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilib-verilməməsini yoxlayır. Digər notariat kontoruna mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilmişdirsə, notarius 2 (iki) iş günü ərzində vəsiyyətnaməni mirasın açıldığı yerin notariusuna təqdim edir və ya “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir. Mirasın açıldığı yerin notariusu vəsiyyətnamə saxlayan notariusla eyni şəhərdə (rayonda) fəaliyyət göstərirsə, vəsiyyətnamə onu saxlayan notarius tərəfindən mirasın açıldığı yerin notariusuna imza etdirməklə şəxsən təqdim edilməlidir.

Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizə verilməyibsə, notarius qəbzi təqdim edən şəxsə həmin ərizənin verilməsi qaydasını izah edir. Mirasın qəbul edilməsi və ya vərəsəlik şəhadətnaməsinin alınması barədə ərizənin verilməsi haqqında məlumat notariat kontoruna daxil olduqdan sonra notarius vəsiyyətnaməni mirasın açıldığı yerin notariusuna, mirasın açıldığı yer Azərbaycan Respublikasının hüdudlarından kənarda olduqda, həmin yer üzrə Azərbaycan Respublikasının konsulluğuna göndərilməsi üçün Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə, bu Təlimatın 160-2-ci hissəsinin səkkizinci abzasında nəzərdə tutulmuş qaydada təqdim edir və ya göndərir və şəxsə bununla bağlı yazılı məlumat verir.

Mirasın açıldığı yerin notariusu gün təyin edərək, maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edir. Notarius maraqlı şəxsləri vəsiyyətnamənin məzmunu ilə tanış edərkən, vəsiyyətnamənin surətlərini onlara paylayır və vəsiyyətnamənin mətnini ucadan oxuyur. Vəsiyyətnamənin məzmunu bu barədə notarius tərəfindən tərtib edilən müvafiq protokolda qeyd edilir. Vəsiyyətnamənin qoyulduğu zərf açılmazdan əvvəl zərfə vurulan möhürün salamatlığının yoxlanılması barədə məlumat da protokolda qeyd edilir. Protokol notarius və vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxslər tərəfindən imzalanır. Vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxs protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxsin protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onun bu izahatı və mülahizələri protokola əlavə edilir. Protokolun notariat qaydasında təsdiq edilmiş surətləri vəsiyyətnamənin məzmunu ilə tanış olan maraqlı şəxslərə verilir, vəsiyyətnamənin əsli isə notariusda saxlanılır.

Vəsiyyətnamə mirasın açıldığı yerin notariusunda depozitə qoyulubsa, bu Təlimatın 160-2-ci hissəsinin onuncu abzasında nəzərdə tutulmuş hərəkətlər həmin notarius tərəfindən həyata keçirilir.

Vəsiyyətnamənin depozitə qəbul olunması, saxlandığı depozitin yeri, vəsiyyətnaməni təqdim edən şəxs tərəfindən onun geri götürülməsi, vəsiyyətnamənin mirasın açıldığı yerin notariusuna göndərilməsi, vəsiyyətnamənin məzmunu ilə maraqlı şəxslərin tanış edilməsi barədə məlumatlar notariat reyestrində qeyd edilir.


XII fəsil
İcra qeydlərİnİn aparılması


161. Borclunun olduğu yer üzrə notariuslar borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün əlaqədar şəxslərin ərizələrinə əsasən borcu müəyyən edən sənədlərdə icra qeydləri aparırlar.

Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısı Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

162. İcra qeydləri aşağıdakı hallarda aparılır:

1) əgər təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu və ya borclunun tələbkar qarşısında digər məsuliyyətini təsdiq edirsə;

2) tələb etmək hüququnun yarandığı gündən on ildən çox keçməmişsə, müqavilə tələbləri üzrə münasibətlərdə isə üç ildən çox keçməmişsə.

Barəsində icra qeydi verilən tələb üçün qanunla başqa müddət müəyyən edilmişsə, icra qeydi bu müddət ərzində verilir.

İcra qeydinin aparıla biləcəyi müddətlər tələbkarda borcu məcburi qaydada tutmaq hüququnun əmələ gəldiyi gündən hesablanır.

163. Notarius icra qeydi apararkən borcun tutulmasını əsaslandırmaq üçün borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilmiş sənədlərin təqdim olunmasını tələb edir.

164. İcra qeydləri aşağıdakı məlumatları özündə əks etdirməlidir:

icra qeydi aparan notariusun vəzifəsi, soyadı, adı və atasının adı;

tələbkarın adı və ünvanı;

borclunun adı və ünvanı;

ödəniləsi məbləğ və tələb olunub alınası əşyalar, çatası faiz və peniyalarla birlikdə;

borcun miqdarı, tələbkarın ödəyəcəyi və ya borcludan tutulmalı olan dövlət rüsumunun məbləği;

icra qeydinin aparıldığı tarix (il, ay, gün);

icra qeydinin reyestrdə qeyd olunduğu nömrə;

icra qeydi aparan notariusun imzası və şəxsi gerbli möhürü.

165. İcra qeydi borcu müəyyən edən sənədin əslində qeyd olunur.

İcra qeydi borcu müəyyən edən sənəddən ayrılıqda aparılmır.

Borcu müəyyən edən sənədə əsasən borcu hissə-hissə tutmaq lazım olduqda, hər bir sənəd üzrə icra qeydi borc sənədinin surətində və ya borclunun şəxsi hesabından çıxarışda qeyd oluna bilər və həmin hallarda borcu müəyyən edən sənədin əslində tutulmalı olan məbləğ notariat reyestrində qeydə alınma tarixi və nömrəsi göstərilməklə, aparılmış icra qeydi haqqında qeyd yazılır.

166. Borcu müəyyən edən sənədin surəti, yaxud borclunun şəxsi hesabından çıxarış və icra qeydinin surəti notariusda saxlanılır.

Eyni öhdəlik üzrə sonralar hər dəfə icra qeydi aparıldıqda, borcu müəyyən edən sənədin surətinin təkrar təqdim olunması tələb edilmir. Bu hallarda şəxsi hesabdan çıxarışın iki nüsxəsini və öhdəliyin əslini təqdim etməklə kifayətlənmək lazımdır. Çıxarışın, üzərində icra qeydi olan bir nüsxəsi və öhdəliyin əsli tələbkarlara qaytarılır, ikinci nüsxə isə notariusda saxlanılır.

167. Borcu müəyyən edən vahid formalı (məsələn, bank borcu) sənədlər üzrə bir neçə icra qeydi aparıldıqda, notariusda borcu (borclulardan biri üçün) müəyyən edən sənədin bir surəti və borclarının tutulması üçün icra qeydləri aparılmış borcluların siyahısı (borcluların tam adı və ünvanı, ödəmə müddətləri, icra qeydi üzrə tələbin məbləği, lazım gəldikdə isə digər məlumatlar göstərilməklə) saxlanıla bilər.

168. İcra qeydi aparmaq üçün borcu müəyyən edən sənəddən əlavə, borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısında göstərilən digər sənədləri də təqdim etmək zəruridirsə, həmin sənədlər icra qeydinə əlavə olunmur, notariusda saxlanılır.

169. Çeklərdə icra qeydləri ödəyicinin və ya bank idarəsinin olduğu yer üzrə aparılır. İcra qeydləri notarius tərəfindən yalnız o zaman aparılır ki, çekin ödənişə təqdim edildiyi gün göstərilməklə və ödənilmədiyi barədə ödəyicinin və ya bank idarəsinin çek üzərində qeydi olsun. İcra qeydi aparılarkən çekin ödənişə vaxtında təqdim olunması yoxlanılır.

İcra qeydi ödəyicinin (bankın) çeki ödəməkdən imtina etdiyi gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müddətlərdə verilir.

İcra qeydi çek sahibinin arzusu ilə həm çekverən əleyhinə, həm də çek üzrə məsuliyyət daşıyan qeyd yazanlar əleyhinə aparılır.

Notarius icra qeydi aparılması haqqında reyestrdə qeyd edir, çekin ödənilməməsi və icra qeydi verilməsi haqqında çekverənə məlumat göndərir.

İcra qeydi üzrə ödəniş Azərbaycan Respublikasının qanunvericiliyi və məhkəmə qətnamələrinin icrası üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

169-1. İpoteka predmetinə tutma yönəldilməsi barədə icra qeydi aşağıdakı hallarda aparılır:

a) ipoteka predmetinə məhkəməyə müraciət edilmədən tutmanın yönəldilməsi ipoteka müqaviləsində nəzərdə tutulubsa;

b) ipoteka müqaviləsi müəyyən edilmiş qaydada dövlət qeydiyyatına və qanunla nəzərdə tutulmuş hallarda əlavə qeydiyyata alınıbsa;

c) ipoteka kağızında ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ipoteka saxlayanın hüquqlarının məhkəməyə müraciət edilmədən həyata keçirilməsi barədə qeyd olunubsa;

ç) ipoteka kağızı qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına, ipoteka kağızı üzrə hüquqlar başqa şəxsə verildikdə isə verilmə qeydi ipoteka kağızının qeydə alındığı müvafiq reyestrdə əlavə qeydiyyata alınıbsa;

d) ipoteka saxlayan tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildiriş ipoteka qoyana, bildirişin surəti isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərilibsə, bildirişdə ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq əks olunubsa və bildiriş müvafiq reyestrdə təsdiqlənibsə;

e) tutmanın yönəldilməsi haqqında bildiriş bu bəndin “d)” yarımbəndində nəzərdə tutulmuş şəxslərə verildikdən azı 30 təqvim günü keçdikdə və əsas öhdəlik bu müddətdə icra edilməyibsə.79

170. İcra qeydini təqdim etmək üçün buraxılmış müddətin bərpası Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir.

XIII fəsil
Veksellərə protestlərİn tərtİb edİlməsİ, çeklərİn ödənİlmək üçün təqdİm olunması və çeklərİn ödənİlmədİyİnİn təsdİq edİlməsİ


171. Notariuslar Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1032-1033-cü maddələrinə müvafiq olaraq ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə protest verirlər.

172. Ödənilməmiş veksellərə protestlər ödəyicisinin olduğu yer və ya ödəniş yeri (veksel) verənin yaşayış yerinə nisbətən başqa ödəniş yeri qeyd olunmuş veksellər, yeni üçüncü şəxsin yanında ödənilməli olan veksellər) üzrə, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə protestlər isə ödəyicinin olduğu yer üzrə notarius tərəfindən aparılır.

173. Ödənilməmiş veksellər protest verilməsi üçün veksel üzrə ödəniş tarixi keçdikdən sonra, ertəsi gün də notarius tərəfindən qəbul edilə bilər.

174. Protest notarius tərəfindən tərtib edilməlidir.

Protestdə aşağıdakı məlumatlar göstərilməlidir:

protest verən şəxsin adı;

protestin yönəldiyi şəxsin adı;

protestin yönəldiyi şəxsdən ödənişi həyata keçirmək və ya aksepti icra etmək barəsində xahişlər edilməsinin nəticəsiz qaldığı və ya onu yerində tapmağın mümkün olmadığı və ya protestin yönəldiyi şəxsin yaşayış yerini və ya olduğu yeri müəyyənləşdirməyin mümkün olmadığı;

nəticəsiz qalmış xahişin verildiyi və ya cəhdin edildiyi yer və gün.

175. Veksellərə protest Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1032.2-ci maddəsi ilə müəyyən edilmiş müddətlərdə verilir.

176. Notarius protesti imzalayır və köçürmə vekselinin arxa tərəfinə və ya ona qoşulmuş vərəqə şəxsi gerbli möhür vuraraq imzalayır.

177. Əgər köçürmə vekselindən irəli gələn bir neçə tələb bir neçə şəxsə və ya eyni şəxsə qarşı irəli sürülməlidirsə, çoxsaylı tələblər üçün bir protest tərtib edilir.

Notarius protestin bir surətini özündə saxlamalıdır.

Bu surətdə aşağıdakılar göstərilməlidir:

veksel məbləği;

ödəniş müddəti;

protestin tərtib etdiyi yer və tarix;

veksel verənin, ödəyicinin adı, habelə ödəniş kimə və ya kimin sərəncamı ilə həyata keçirilməlidirsə, onun adı.

178. Vekselin protest üçün qəbul edildiyi gün notarius ödəyiciyə və ya domisilianta (üçüncü şəxsin yanında ödənilməli olan vekseli ödəmiş şəxsə) ödəniş (və ya aksept) haqqında tələb verir.

Ödəyici (domisiliant) vekseli ödəyərsə, notarius protest verməyərək vekseli onu ödəyən şəxsə qaytarır və vekselin özündə ödənişin və digər çatası məbləğlərin alınması haqqında müəyyən olunmuş formada qeyd yazır.

Ödəyici köçürmə vekselində aksept haqqında qeyd etmişsə, veksel protest verilmədən veksel sahibinə qaytarılır.

179. Vekseli ödəmək və ya aksept etmək barəsində ödəyicidən (domisiliantdan) imtina cavabı alındıqda və ya o, notariat kontoruna gəlmədikdə, notarius ödənilməyə və ya aksept edilməməyə protest haqqında müəyyən olunmuş formada akt tərtib edir və reyestrdə müvafiq qeyd edir, habelə vekselin özündə ödənilməməyə və ya aksept olunmamağa protest haqqında qeyd yazır.

180. Ödəyicinin yeri məlum deyildirsə, vekselə protest vekselin ödənilməsi və ya aksept edilməsi haqqında tələb verilmədən, protest haqqında aktda və reyestrdə qeyd yazılmaqla verilir.

181. Barəsində protest verilmiş veksel sahibinə və ya onun vəkil etdiyi şəxsə verilir.

182. Ödəyicinin olduğu yerdəki notarius çekin verildiyi gündən on gün keçdikdən sonra, xarici çeklər üzrə isə çekin verildiyi gündən altı ay keçdikdən sonra, lakin bu müddətdən sonra gələn gün saat 12-dən gec olmayaraq təqdim edilmiş çekləri ödənilməyə verilmək üçün qəbul edir.

Notarius elə həmin gün çeki ödəniş üçün banka verir. Çek ödənilmədikdə, notarius çek üzərində müəyyən olunmuş formada qeyd yazmaqla çekin ödənilmədiyini təsdiq edir və bunu reyestrdə qeyd edir.

Notarius çek üzərində qeyd yazmaqla yanaşı, çek verənə onun çekinin bank tərəfindən ödənilmədiyi və çek üzərində qeyd yazıldığı barəsində xəbərdarlıq məktubu göndərir.

Çek ödənilmədikdə, notarius çek sahibinin xahişi ilə bu Təlimatın 169-cu bəndində göstərilən qaydalar üzrə icra qeydi aparır.


XIV fəsil
Dənİz protestlərİnİn tərtİb edİlməsİ


183. Notarius gəmi sahibinin hüquqlarını və qanuni mənafeyini qorumaq üçün sübutların təmin olunması məqsədi ilə, səfər dövründə və ya gəminin dayandığı dövrdə baş verən, gəmi sahibinə əmlak tələbləri verilməsi üçün əsas ola biləcək hadisə haqqında gəmi kapitalının ərizəsini qəbul edir.

184. Dəniz protesti haqqında ərizədə hadisənin təsviri və kapitana etibar olunmuş əmlakın qorunmasını təmin etmək üçün kapitanın gördüyü tədbirlər göstərilməlidir.

Gəmi kapitalını dəniz protesti haqqında ərizədə şərh olunmuş halların təsdiq edilməsi üçün SSRİ Dəniz Ticarət Gəmiçiliyi Məcəlləsinin 290-cı maddəsinə müvafiq surətdə ərizə ilə birlikdə, yaxud gəminin Azərbaycan Respublikası limanına daxil olduğu vaxtdan və ya hadisə limanda baş vermişsə, hadisə baş verdiyi vaxtdan ən çoxu yeddi gün müddətində gəmi jurnalını və gəmi jurnalından kapitanın təsdiq etdiyi çıxarışı nəzərdən keçirmək üçün notariusa verməlidir.

185. Dəniz protesti haqqında ərizə SSRİ Dəniz Ticarət Gəmiçiliyi Məcəlləsinin 288-ci maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası limanında notariusa gəminin limana gəldiyi vaxtdan iyirmi dörd saat ərzində verilməlidir. Dəniz protesti verilməsi zərurətini doğuran hadisə limanda baş vermişsə, protest hadisə vaxtından iyirmi dörd saat ərzində verilməlidir.

Protesti müəyyən edilmiş müddətdə vermək mümkün olmadıqda, bunun səbəbləri dəniz protesti haqqında ərizədə göstərilməlidir.

186. Notarius gəmi kapitanın ərizəsinə, gəmi jurnalının məlumatına, habelə kapitanın özünün və imkan daxilində gəmi heyətindən olan azı dörd şahidin, o cümlədən, komanda heyətindən olan iki şahidin dindirilməsinə əsasən müəyyən olunmuş formada dəniz protesti haqqında akt tərtib edir, onu öz imzası və şəxsi gerbli möhürü ilə təsdiq edir. Aktın bir nüsxəsi gəmi kapitanına və ya onun müvəkkil etdiyi şəxsə verilir, digər nüsxəsi isə kapitanın ərizəsini və gəmi jurnalından çıxarışı ona əlavə etməklə, notariusda qalır.


XV fəsil
Sənədlərİn saxlanılmaq üçün qəbul edİlməsİ


187. Notariuslar sənədləri saxlanılmaq üçün siyahı üzrə qəbul edirlər.

Siyahı iki nüsxədə tərtib olunur, sənədləri saxlanılmaq üçün verən şəxs və notarius tərəfindən imzalanır.

Siyahının bir nüsxəsi notariusda, ikincisi isə sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsdə qalır.

Sənədlər notariusun iştirakı ilə lazımi qaydada qablaşdırılmışdırsa, notarius şəxsin xahişi ilə sənədləri siyahısız qəbul edə bilər.

Qablaşdırma notariusun möhürü, onun və sənədləri saxlanılmaq üçün təhvil verən şəxsin imzaları ilə təsdiq edilməlidir.

Sənədləri saxlanılmaq üçün təhvil vermiş şəxsə müəyyən olunmuş formada şəhadətnamə verilir.

188. Qəbul olunmuş sənədlər notariat kontorunun möhürü ilə möhürlənmiş dəmir şkaflarda və ya seyflərdə ayrıca qovluqda saxlanılır.

189. Saxlanılmaq üçün qəbul edilmiş sənədlər onları saxlanılmaq üçün təhvil vermiş şəxsin və ya müvəkkil edilmiş şəxsin tələbi üzrə şəhadətnamə və siyahının nüsxəsi təqdim olunduqda, yaxud məhkəmənin qərarı əsasında qaytarılır.


XVI fəsil
Sübutların təmİn edİlməsİ


190. Notarius məhkəmələrdə, istintaq və təhqiqat orqanlarında iş başlanarkən zəruri olacaq sübutları, həmin sübutların təqdim edilməsinin sonralar qeyri-mümkün və ya çətin olacağını güman etməyə əsaslar olduqda, maraqlı şəxslərin xahişi ilə təmin edir.

Notariuslar maraqlı şəxslərin notariusa müraciət etdikləri zaman məhkəmənin , istintaq və təhqiqat orqanlarının icraatında olan işlər üzrə sübutları təmin etmirlər.

Zəruri sübutlar xarici dövlətin məhkəmə orqanına və ya digər idarəsinə təqdim olunmalıdırsa, sübutlar maraqlı şəxsin müraciət etdiyi anda işin artıq xarici dövlətin məhkəməsinin və ya digər idarəsinin icraatında olmasından asılı olmayaraq təmin edilir.

Sübutların təmin edilməsində maraqlı olan şəxs (gələcək iddiaçı, güman edilən cavabdeh) fəaliyyət ərazisində sübutların təmin edilməsi sahəsində prosessual əməliyyatlar aparılmalı olan notariusa ərizə verir.

191. Notarius sübutların təmin olunması qaydasında şahidləri dindirir, yazılı və maddi sübutları müayinə edir, ekspertiza təyin edir.

192. Notarius sübutların təmin edilməsi sahəsində prosessual hərəkətləri yerinə yetirərkən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin müvafiq qaydalarını rəhbər tutur.

193. Notarius sübutlarının təmin edildiyi vaxt və yer haqqında digər tərəfə və maraqlı şəxslərə xəbər verir, lakin onların gəlməməsi sübutların təmin olunması sahəsindəki hərəkətləri yerinə yetirməyə mane olmur.

Digər tərəflərə və maraqlı şəxslərə xəbər vermədən sübutların təmin olunması yalnız təxirəsalınmaz hallarda və ya gələcəkdə kimlərin işdə iştirak edəcəyini müəyyənləşdirmək mümkün olmadıqda həyata keçirilir.

Çağırışlar üzrə şahid və ekspert gəlmədikdə, notarius Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün bu barədə şahidin və ya ekspertin yaşayış yerindəki məhkəməyə məlumat verir.

194. Notarius bilə-bilə yalan ifadə, yalan rəy verməyə görə və yaxud ifadə verməkdən imtina etməyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 297-298-ci maddələrinə əsasən məsuliyyət haqqında şahidi və eksperti xəbərdar edir.

195. Notarius sübutların təmin olunması qaydasında şahidin dindirilməsi haqqında protokol tərtib edir, protokolda aşağıdakılar göstərilir:

dindirmə tarixi, dindirməni aparan notariusun soyadı, adı, atasının adı, notariusun fəaliyyət göstərdiyi ərazi;

dindirmədə iştirak edən şəxslərin soyadı, adı və atasının adı;

şahidin soyadı, adı və atasının adı, anadan olduğu il, yaşadığı yer;

bilə-bilə yalan ifadə verməyə görə və ifadə verməkdən imtina etməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsi haqqında qeyd;

şahidin ifadəsinin məzmunu (ona verilmiş suallar və onlara cavablar).

Protokol şahid, dindirmədə iştirak etmiş şəxslər və notarius tərəfindən imzalanır.

196. Notarius yazılı və maddi sübutların müayinəsi haqqında protokol tərtib edir; protokolda aşağıdakılar göstərilir:

müayinənin aparıldığı tarix və yer;

müayinə aparan notariusun soyadı, adı, atasının adı, notariusun fəaliyyət göstərdiyi ərazi;

müayinədə iştirak edən əlaqədar şəxslərin soyadı, adı və atasının adı, onların yaşayış yeri;

müayinə zamanı aşkara çıxarılan hallar.

Protokol müayinədə iştirak edən şəxslər və notarius tərəfindən imzalanır.

197. Notarius ekspertiza təyin edilməsi haqqında qərar çıxarır; qərarda aşağıdakılar göstərilir:

qərarın tərtib olunduğu tarix, qərar çıxarmış notariusun soyadı, adı, atasının adı, notariusun fəaliyyət göstərdiyi ərazi;

ekspertiza təyin olunmasını xahiş etmiş şəxsin soyadı, adı və atasının adı, onun yaşayış yeri;

barəsində ekspertin rəyi tələb olunan məsələlər;

ekspertiza aparılması tapşırılan ekspert idarəsinin (ekspertin) adı. Ekspertiza aparılması konkret şəxsə tapşırılırsa, onun soyadı, adı, atasının adı, yaşayış yeri, iş yeri və vəzifəsi göstərilir. Qərar notarius tərəfindən imzalanır.

Ekspertiza aparılması haqqında akt tərtib olunur, aktı ekspert və ekspertizada iştirak edən şəxslər imzalayırlar. Ekspertin rəyi ekspert tərəfindən imzalanır.

198. Sübutların təmin edilməsi icraatı qurtardıqdan sonra əlaqədar şəxsə sübutların təmin olunması qaydasında tərtib edilmiş hər bir sənədin bir nüsxəsi verilir, hər bir sənədin bir nüsxəsi isə notariusda saxlanılır.

199. Notarius sübutların təmin olunması icraatının aparılması üçün xahişlə müraciət etmiş şəxsdən şahidlərə və ekspertlərə haqq ödəmək üçün, habelə sübutların təmin edilməsi icraatı üzrə digər xərclərdən ötrü pul ödəməsini tələb edir.

Ekspertlərə və şahidlərə haqq və digər xərclər, məhkəməyə şahidlər və ekspertlər çağırıldıqda onlara haqq verilməsi üçün müəyyən olunmuş dərəcələr üzrə verilir.

Ekspertlərə və şahidlərə haqq və digər xərclər üçün vəsait əvvəlcədən notariusun depozit hesabına qoyulur. Notarius bu xərcləri həmin hesabdan ödəyir.




1   2   3   4   5   6   7   8   9   10


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə