Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 40. Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar



Yüklə 1,91 Mb.
səhifə3/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   2   3   4   5   6   7   8   9   ...   36

Maddə 40. Cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar

40.1. Cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir.

40.2. Şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72—74-cü maddələrində nəzərdə tutulmuş aşağıdakı hallarda təhqiqatçının və müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər:

40.2.1. səmimi peşmanlıq çəkdikdə;

40.2.2. zərər çəkmiş şəxslə barışdıqda;

40.2.3. şərait dəyişdikdə;



Maddə 41. Cinayət təqibinə xitam verilməsi qaydası

41.1. Təhqiqatçı, müstəntiq və ya prokuror cinayət təqibi üzrə icraatın məhkəməyədək hər hansı mərhələsində bu Məcəllənin 39-cu maddəsində göstərilən halları aşkar edərsə, cinayət təqibinə xitam verilməsi barədə (o cümlədən cinayət işi üzrə icraata xitam verilməsi barədə) qərar çıxarır.

41.2. Təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsi, o cümlədən ölmüş şəxsin yaxın qohumlarının və müdafiəçisinin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Belə halda cinayət təqibi üzrə icraat bu Məcəllə ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. (45)

41.3. Dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur.

41.4. Məhkəmə baxışı başlananadək məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs haqqında cinayət təqibindən imtina edilməsi məsələsinin həll olunmasını dövlət ittihamçısına təklif edə bilər.

41.5. Məhkəmə baxışı başlanandan sonra məhkəmə cinayət təqibini istisna edən halları aşkar edərsə, məhkəmə baxışını başa çatdırır və bəraət hökmü çıxarır. Cinayət işinə andlılar məhkəməsində baxılarkən göstərilən hallar aşkar edilərsə, şəxsin təqsirli olub-olmaması məsələsi andlı iclasçılar tərəfindən həll edilir.

41.6. Dövlət ittihamçısı bu Məcəllənin 40-cı maddəsində göstərilən cinayət təqibinin həyata keçirilməməsinə imkan verən halları məhkəmədə aşkar edərsə, təqsirləndirilən şəxsin barəsində cinayət təqibindən imtina edilməsini bildirməyə haqlıdır. Dövlət ittihamçısının cinayət təqibindən imtina etməsi barədə mövqeyi xüsusi ittihamçının təqsirləndirilən şəxsin barəsində cinayət təqibini davam etdirməsinə mane olmur.

41.7. Xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir.



Maddə 42. Bəraətin əsasları

42.1. Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır:

42.1.1. cinayət hadisəsi olmadıqda;

42.1.2. əməldə cinayət tərkibi olmadıqda;

42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda;

42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə;

42.1.5. andlı iclasçılar kollegiyası şəxsin təqsirsizliyi barədə verdikt çıxardıqda.

42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır:

42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda;

42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi yoxdursa və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcuddursa;

42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə;

42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə.



Maddə 43. Məhkəmə baxışı gedişində cinayət təqibinə xitam verilməsinin əsasları

43.1. Məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır:

43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə;

43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6—39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda.

43.2. Xüsusi ittihamçının üzrlü səbəb olmadan məhkəmə iclasına təkrarən gəlməməsi və ya gəlməməsinə üzrlü səbəb olduğu barədə məhkəməyə məlumat verməməsi öz hüquqi əhəmiyyətinə görə cinayət təqibindən imtina etməyə bərabər tutulur.

43.3. Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır.

43.4. Məhkəmə baxışının gedişində dövlət ittihamçısının bu Məcəllənin 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibindən imtina etməsi ilə əlaqədar məhkəmənin qərarına əsasən cinayət təqibinə xitam verilərkən, cinayət törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, qərar qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir.

Maddə 44. Məhkum etmənin əsasları

44.1. Məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır.

44.2. Bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır:

44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda —təqsirləndirilən şəxsə cəza təyin etməməklə;

44.2.2. bu Məcəllənin 39.1.11-ci maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə;

44.2.3. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müddəalarına əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinin tətbiq edilməməsi qərarına gəldiyi halda — təqsirləndirilən şəxsə cəza təyin etməklə;

44.2.4. bu Məcəllə və cinayət qanunu ilə nəzərdə tutulmuş bütün digər hallarda — təqsirləndirilən şəxsə cəza təyin etməklə.

IV fəsil. Cinayət təqibi üzrə icraatın aparılması

Maddə 45. Cinayət təqibi üzrə icraatın aparılmasının məcburiliyi

45.1. Cinayət təqibi həyata keçirilərkən onun gedişini və nəticələrini əks etdirən icraat aparılmalıdır.

45.2. Cinayət təqibi üzrə icraat cinayət işi üzrə materiallarda, məhkəməyədək sadələşdirilmiş icraatın materialında və ya xüsusi ittiham qaydasında şikayətin materialında əks olunur.

45.3. İctimai və ya ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat cinayət işi başlandığı andan müvafiq olaraq təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən açılır. Böyük ictimai təhlükə törətməyən aşkar cinayətə dair şikayət üzrə təhqiqatçı cinayət işi başlamadan sadələşdirilmiş icraat aça bilər.

45.4. Xüsusi ittiham qaydasında cinayət təqibi üzrə icraat xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etmiş məhkəmə tərəfindən müvafiq qərar qəbul edildiyi andan açılır.

45.5. Cinayət təqibi üzrə icraata cinayət təqibini istisna edən hallara, cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallara, habelə cinayət təqibinin həyata keçirilməsinə mane olan hallara görə cinayət prosesini həyata keçirən orqanın qərarı ilə xitam verilə bilər.



Maddə 46. Cinayət işinin başlanması ilə bağlı cinayət təqibi üzrə icraatın açılmasının xüsusiyyətləri

46.1. İctimai ittiham və ictimai-xüsusi ittiham qaydasında cinayət təqibi üzrə cinayət işinin başlanması üçün müvafiq səbəb və əsaslar olmalıdır.

46.2. Cinayət işinin başlanması üçün səbəb kimi törədilmiş və ya hazırlanan cinayət haqqında fiziki şəxs tərəfindən verilən ərizə, hüquqi şəxsin (vəzifəli şəxsin) və ya kütləvi informasiya vasitəsinin məlumatları, yaxud bu məlumatların təhqiqatçı, müstəntiq və ya prokuror tərəfindən bilavasitə aşkar edilməsi ola bilər.

46.3. Cinayət işinin başlanması üçün əsas cinayətin əlamətlərinə işarə edən kifayət qədər dəlillərin olmasıdır. Cinayətin əlamətlərini əks etdirən əməlin törədilməsini və cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar mövcuddursa, öz səlahiyyətləri daxilində fəaliyyət göstərən təhqiqatçı, müstəntiq və ya prokuror dərhal cinayət işi başlamalıdır.

46.4. Cinayət təqibini istisna edən halların mövcudluğu istisna edilməklə, məhkəmə iclasında sədrlik edən ədalət mühakiməsi əleyhinə olan hər hansı cinayətin əlamətlərinin məhkəmə baxışı zamanı müəyyən olunduğuna prokurorun diqqətini cəlb etdikdə, prokuror bununla bağlı dərhal cinayət işi başlamalıdır. Bu halda prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edərsə, məhkəmə iclasında sədrlik edən həmin qərarın qanunsuz və əsassız olması qənaətinə gəldikdə yuxarı prokurordan zəruri tədbirlərin görülməsini tələb edə bilər.

46.5. Cinayət işinin dərhal başlanması üçün bu Məcəllənin 206.2-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu da kifayətdir. Bu halda hərtərəfli, tam və obyektiv ibtidai araşdırma cinayət təqibinin həyata keçirilməsinə mane olan aşağıdakı hallar müəyyən olunanadək aparılır:

46.5.1. cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutlar əldə edilmədikdə;

46.5.2. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində yeganə təqsirləndirilə bilən şəxsə qarşı bu Məcəllənin 39.1.4—39.1.7 və 39.1.10-cu maddələrində göstərilən cinayət təqibini istisna edən hallar olduqda;

46.5.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsinə görə hər hansı şəxsə qarşı bu Məcəllənin 39.1.3, 39.1.11 və 39.1.12-ci maddələrində göstərilən cinayət təqibini istisna edən hallar olduqda.

Maddə 47. Cinayət təqibi üzrə icraatı aparan orqanlar

47.1. Cinayət təqibi üzrə icraat cinayət prosesini həyata keçirən orqan tərəfindən aparılır. Bununla əlaqədar məsuliyyət müvafiq olaraq icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat üzrə material və ya xüsusi ittiham qaydasında şikayət üzrə material olan təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmənin üzərinə düşür.

47.2. Xarici dövlətlərin müvafiq orqanları ilə cinayət təqibi üzrə münasibətlərin qurulması, həmçinin bu dövlətlərin məhkəmə və istintaq orqanlarının göstərişlərinin yerinə yetirilməsi ilə bağlı icraat aparılması Azərbaycan Respublikasının qanunvericiliyi və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən müvafiq məhkəmənin, prokurorun və müstəntiqin üzərinə düşür.

Maddə 48. Cinayət təqibi üzrə icraatın tezliyinin təmin olunması

48.1. Cinayət təqibi üzrə icraat təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən bu Məcəllədə nəzərdə tutulmuş müddətlərdə elə başlanmalı və qurtarmalıdır ki:

48.1.1. sübutların vaxtında əldə olunması və tədqiq edilməsi təmin olunsun;

48.1.2. şəxslər onlara ittiham elan olunmasını, işlərinə baxılmasını və pozulmuş hüquqlarının bərpasını həddən artıq uzun müddət gözləməsinlər.

48.2. Cinayət prosesini həyata keçirən orqan hər bir halda aşağıdakıları təmin etməlidir ki:

48.2.1. haqqında həbs, ev dustaqlığı və ya girov qismində qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs qətimkan tədbiri seçildikdən sonra bu Məcəllənin 158 və 159-cu maddələrində nəzərdə tutulmuş müddətlər keçənədək ittihamın əsaslılığının müəyyən olunması üçün məhkəmə qarşısında dayana və məhkəmə baxışından keçə bilsin;

48.2.2. hər hansı cinayət işi başlandığı andan bu Məcəllənin 218-ci maddəsində nəzərdə tutulmuş müddətlərdə ittiham aktı ilə məhkəməyə göndərilsin və ya cinayət təqibinə xitam verilsin;

48.2.3. məhkəməyə daxil olmuş hər hansı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala və ya xüsusi ittiham qaydasında şikayətə, habelə çıxarılmış hökm və məhkəmənin digər qərarlarına dair şikayət və protestlərə bu Məcəllənin 298.2, 301.4, 391.1, 419.3, 426.2 və 427.1 maddələrində nəzərdə tutulmuş müddətlərdə baxılmağa başlansın.

48.3. Təqsirləndirilən şəxsin cinayət prosesini həyata keçiran orqandan gizlənməsi, cinayət təqibi üzrə icraatın dayandırılmasına səbəb olan digər hallar olduğu müddət, habelə cinayət işinin ona təqdim olunmuş materialları ilə tanış olduğu müddət bu Məcəllənin 48.2-ci maddəsində nəzərdə tutulmuş müddətlərə daxil deyildir.

48.4. Şəxs cinayət işi üzrə məhkəməyədək icraatda bu Məcəllənin 48.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla, bu Məcəllənin 48.2.1-ci maddəsində göstərilmiş müddətdən artıq həbsdə qalarsa, ona dəymiş mənəvi ziyana görə pul kompensasiyasını almaq hüququna malikdir. Kompensasiya cinayət işi üzrə çıxarılmış qərardan asılı olmayaraq, mülki mühakimə icraatı qaydasında həll olunur.



Maddə 49. Cinayət təqibi üzrə icraatın birləşdirilməsi

49.1. Yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər.

49.2. Müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir.

49.3. Toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir.

49.4. Aşağıdakılar bir icraatda birləşdirilə bilməz:

49.4.1. çıxarılıb

49.4.2. cinayətin törədilməsi ilə onun gizlədilməsi və ya xəbər verilməməsinə dair ittihamlar üzrə;

49.4.3. cinayət təqibi bir əmələ görə xüsusi ittiham qaydasında, digəri ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilən ittihamlar üzrə;

49.4.4. birgə baxılması obyektiv araşdırılmasına mane ola bilən digər bütün ittihamlar üzrə.

49.5. Cinayət işi üzrə icraatın birləşdirilməsi müstəntiqin və ya prokurorun qərarı, xüsusi ittiham qaydasında icraat isə məhkəmənin qərarı əsasında həyata keçirilə bilər.



Maddə 50. Cinayət təqibi üzrə icraatın ayrılması

50.1. Cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verilir.

50.2. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində iştirak etmiş, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmayan şəxs digər şəxslərlə birlikdə cinayət təqibinə məruz qalarsa, onun barəsindəki icraat ibtidai araşdırma zamanı mümkün qədər ayrıca icraata ayrılmalıdır.

50.3. Cinayət təqibi üzrə icraatın ayrılması müstəntiqin, prokurorun və ya məhkəmənin qərarı ilə həyata keçirilir.



Maddə 51. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılmasının məcburiliyi

51.1. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişi və nəticələri protokol və digər yazılı sənədlərdə, habelə tərkib hissəsi kimi onlara əlavə olunan fotoqrafik neqativlərdə, fotoşəkillərdə, diapozitivlərdə, audio yazılarda, fonoqramlarda, video və kino çəkiliş lentlərində, planlarda, sxemlərdə, izlərin surətlərində və basmalarda, rəsmlərdə, elektron və digər məlumat daşıyıcılarında əks olunmalıdır.

51.2. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişinin və nəticələrinin protokollaşdırılması, bir qayda olaraq, cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir. Cinayət təqibi üzrə prosessual hərəkətin aparılması haqqında protokol bu hərəkətin gedişi zamanı və ya qurtardıqdan bilavasitə sonra həmin hərəkəti aparan təhqiqatçı, müstəntiq, prokuror və ya digər müvəkkil edilmiş şəxs tərəfindən tərtib edilir.

51.3. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin protokolu əllə tərtib edilə, çap oluna, protokollaşdırılması üçün digər texniki vasitələrdən, o cümlədən elektron texnikasından istifadə edilə bilər. Protokolda doldurulmamış sətirlər və səhifələr pozulmalı, ona əlavələr, pozmalar və düzəlişlər xüsusi qeyd olunmalıdır.

51.4. Cinayət təqibi üzrə aparılan prosessual hərəkətlərin gedişini və nəticələrini protokollaşdıran sənədlər elə tərtib olunmalıdır ki, onların məzmunu bilavasitə və ya texniki vasitələrin köməyindən istifadə edilməklə aydın başa düşülsün.

51.5. Məhkəmə icraatı halları istisna edilməklə, prosessual hərəkətin aparılması haqqında protokol onu tərtib etmiş şəxs tərəfindən imzalanır. Bundan sonra protokol prosessual hərəkətin aparılmasında iştirak etmiş bütün şəxslərə oxunur, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunur. Əgər bu şəxslərdən hər hansı biri fiziki qüsurlar və sair səbəblər üzündən protokolu şəxsən imzalamaq imkanından məhrumdursa, onun əvəzinə protokolu müdafiəçisi, qanuni nümayəndəsi və ya nümayəndəsi imzalayır. Prosessual hərəkətin aparılmasında iştirak etmiş şəxs protokolu imzalamaqdan imtina edirsə, bu barədə protokolda müvafiq qeyd aparılır.

51.6. Prosessual hərəkətin aparılması zamanı texniki vasitələrdən istifadə olunmaqla audio və başqa yazılar, foto, video, kino və digər çəkilişlər həyata keçirilirsə, prosessual hərəkəti aparan şəxs hərəkəti başlamazdan əvvəl bütün iştirakçıları bu barədə xəbərdar edir. Texniki vasitələrdən istifadə olunması prosessual hərəkətin aparılması haqqında protokolda qeyd olunur, yazı və ya çəkiliş isə möhürlənir və müvafiq protokolun əlavəsi kimi cinayət təqibi üzrə icraatın materialları ilə birlikdə saxlanılır. Prosessual hərəkətin gedişinə dair audio və başqa yazılar, foto, video, kino və ya digər çəkilişlər başqa prosessual hərəkətin aparılması zamanı dinlənildikdə və ya baxıldıqda, bu barədə qeyd axırıncı prosessual hərəkətin aparılması haqqında protokolda göstərilməlidir.

51.7. Məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən məhkəmə iclası qurtardıqdan sonra 3 (üç) gün müddətində imzalanır. Bundan sonra məhkəmə tərəfindən onunla tanış olmaq hüququ olan şəxslərə 3 (üç) gün müddətində protokolla tanış olmaq imkanı yaradılır. Həmin şəxslər protokola dair yazılı qeydlərini verdiyi halda məhkəmə iclasında sədrlik edən qeydlərə baxaraq onlarla razılaşdıqda öz imzası ilə qeydləri təsdiq edir, razılaşmadıqda isə bu barədə müvafiq qərar qəbul edir. Protokola edilən qeydlərlə razılaşıb-razılaşmamasından asılı olmayaraq, həmin qeydlərin özü və onlara dair qərar məhkəmənin iclas protokoluna əlavə edilməlidir.



Maddə 52. Cinayət təqibi üzrə icraatın materialları

52.1. Sübutlar qismində əlavə olunmuş sənədlər, bu Məcəllənin 51.1-ci maddəsində nəzərdə tutulmuş sənədlər, habelə cinayət prosesini həyata keçirən orqanlar tərəfindən qəbul olunmuş qərarlar və cinayət prosesi tərəflərinin yazılı müraciətləri müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarında saxlanılır.

52.2. Hər bir sənəd müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materialına əlavə olunan kimi dərhal vərəqələr üzrə nömrələnməlidir. Cinayət prosesini həyata keçirən orqan həmin vərəqələrin ardıcıl nömrələnməsini və xronoloji qaydada müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın materiallarına tikilməsini təmin etməlidir.

52.3. Bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bütün prosessual qərarlar ciddi hesabat sənədləri olmaqla xüsusi formalı, nömrələnmiş blanklarda tərtib olunur. Həmin blankların formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları və Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən birgə müəyyən olunur.

52.4. Cinayət işinin materialları hər bir qovluğun üzərində müvafiq yazıları və orada olan sənədlərin siyahısı cildlənmiş bir və ya bir neçə qovluqda tikilməlidir.

52.5. Həcminə və ya xarakterinə görə cinayət işinin materiallarında saxlanıla bilməyən digər sənədlər və əşyalar onun tərkib hissəsi kimi ayrıca saxlanılır. Cinayət işinin materiallarından ayrı saxlanılan əşyaların və sənədlərin siyahısı cinayət işinin materiallarına əlavə edilməlidir.

52.6. Cinayət işinin materiallarına aid sənədlərin surətləri cinayət prosesini həyata keçirən orqan tərəfindən düzgünlüyü təsdiq edilmiş kağızda və ya elektron daşıyıcısında çıxarıla bilər.

Maddə 53. Cinayət təqibi üzrə icraatın dayandırılması əsasları

53.1. Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda dayandırıla bilər:

53.1.1. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadıqda;

53.1.2. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin olduğu yer müəyyən olunmadıqda;

53.1.3. təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs istintaqdan və ya məhkəmədən gizləndikdə;

53.1.4. təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakı müvəqqəti mümkün olmadıqda;

53.1.5. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində təqib olunan şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi və ya xarici dövlət tərəfindən verilməsi məsələsi qanunla müəyyən olunmuş qaydada qoyulduqda;

53.1.6. insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edildikdə.

53.1.7. məhkəmə qərarlarının icra edilməməsi ilə əlaqədar cinayət təqibi zamanı mülki-prosessual qanunvericiliyə uyğun olaraq qərarın icrası kassasiya instansiyası məhkəməsi tərəfindən dayandırıldıqda.

53.2. Cinayət təqibi üzrə icraat dayandırıldıqda cinayət işi üzrə icraat, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat da dayandırılır.

53.3. Cinayət təqibi üzrə icraat aşağıdakılara riayət edilməklə dayandırıla bilər:

53.3.1. bu Məcəllənin 53.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız cinayət işinin başlanılmasından 2 (iki) ay keçdikdə;

53.3.2. bu Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda yalnız təqsirləndirilən şəxs haqqında axtarış elan edildikdən sonra;

53.3.3. bu Məcəllənin 53.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxsin axtarışının elan edilməsi ilə eyni vaxtda;

53.3.4. bu Məcəllənin 53.1.4—53.1.6-cı maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibinin dayandırılmasına əsas verən, müvafiq olaraq stasionar tibb müəssisəsinin şəxsin ağır xəstəliyini təsdiq edən tibbi rəyi, şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda olmasını təsdiq edən təhqiqat orqanının arayışı, şəxsin toxunulmazlıq hüququndan məhrum edilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatı və ya Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməsinə dair məhkəmənin qərarı olduqda.

53.3.5. bu Məcəllənin 53.1.7-ci maddəsində nəzərdə tutulmuş hallarda qərarın icrasının dayandırılması haqqında kassasiya instansiyası məhkəməsinin qərarı olduqda.

53.4. Cinayət təqibi üzrə iki və daha artıq təqsirləndirilən şəxs olarsa və icraatın dayandırılması əsasları onların hamısına aid deyilsə, müstəntiq, prokuror və ya məhkəmə bütün təqsirləndirilən şəxslərin iştirakı olmadan icraata obyektiv baxılması mümkün olmadıqda, icraatın bir hissəsini ayrıca icraata ayırmağa və onu dayandırmağa və ya bütün icraatı dayandırmağa haqlıdır.

53.5. Cinayət təqibi üzrə icraat dayandırılanadək cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxs olmadan həyata keçirilməsi mümkün olan bütün prosessual hərəkətləri yerinə yetirməli, müstəntiq isə bundan əlavə cinayət törətmiş şəxsin müəyyən edilməsi və tapılması üçün bütün tədbirləri görməlidir.

53.6. İcraatın dayandırılmasına əsas verən səbəblər aradan qalxanadək cinayət təqibi üzrə icraat dayandırılmış qalır. Bu səbəblər aradan qalxdıqdan sonra prokurorun, müstəntiqin və ya məhkəmənin qərarı ilə cinayət təqibi üzrə icraat təzələnir.

53.7. Təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsi, ömürlük azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulan cinayətin törədilməsi, habelə sülh və insanlıq əleyhinə və müharibə cinayətləri törədilməsi halları istisna edilməklə, cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi ilə əlaqədar cinayət törətmiş şəxslərin müəyyən edildiyi cinayət təqibi üzrə dayandırılmış icraata xitam verilir.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin