Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 382. Apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraatın xüsusiyyətləri



Yüklə 1,91 Mb.
səhifə28/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

Maddə 382. Apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraatın xüsusiyyətləri

382.1. Cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə baxılması zamanı birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış hökm və ya qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 381—407-ci maddələrinin müddəalarına müvafiq olaraq aparılır.

382.2. Məhkəmə nəzarəti qaydasında birinci instansiya məhkəməsi tərəfindən çıxarılmış qərarlardan apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə icraat bu Məcəllənin 452—454-cü maddələrinin müddəalarına müvafiq olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən aparılır.

Maddə 383. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər

383.1. Apellyasiya şikayəti vermək hüququna aşağıdakı şəxslər malikdir:

383.1.1. məhkum edilmiş şəxsin mənafeyinə aid hissədə—məhkum edilmiş şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;

383.1.2. bəraətin dəlil və əsaslarına aid hissədə—bəraət almış şəxs, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;

383.1.3. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsinə dair—yetkinlik yaşına çatmamış şəxsin özü, onun qanuni nümayəndəsi və ya müdafiəçisi;

383.1.4. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə dair—barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilmiş şəxsin qanuni nümayəndəsi və müdafiəçisi, xəstəliyin xüsusiyyəti ona öz hüquqlarından istifadə etməyə mane olmadıqda isə həmin şəxsin özü;

383.1.5. tərəfindən birinci instansiya məhkəməsində irəli sürülmüş tələblər daxilində zərər çəkmiş şəxsin mənafelərinə aid hissədə—zərər çəkmiş şəxs (xüsusi ittihamçı) və onun nümayəndəsi;

383.1.6. mülki iddiaya dair hissədə—mülki iddiaçı, mülki cavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri.

383.2. Apellyasiya protesti vermək hüququna onun gəldiyi nəticələrin və təkliflərin nəzərə alınmadığı hissədə birinci instansiya məhkəməsində işə baxılmasında iştirak etmiş dövlət ittihamçısı malikdir. Göstərilən dövlət ittihamçısı vəfat etdikdə, xəbərsiz itkin düşdükdə, uzunsürən ağır xəstəliyə tutulduqda, protest verməkdən yayındıqda və ya imtina etdikdə, habelə onun mövqeyi ilə razılaşmadıqda, Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan həmcinin Naxçıvan Muxtar Respublikasının prokuroru birinci instansiya məhkəməsində iştirak etmiş dövlət ittihamçısının əvəzinə apellyasiya protesti vermək hüququna malikdir. Birinci instansiya məhkəməsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına bu Məcəllənin 314.1, 314.3 və 314.4-cü maddələrinin tələblərinin ziddinə baxıldığı halda apellyasiya protesti vermək hüququna Azərbaycan Respublikasının Baş prokuroru və ya onun müavini, habelə Naxçıvan Muxtar Respublikasının birinci instansiya məhkəmələri tərəfindən çıxarılmış hökm və ya qərarlardan Naxçıvan Muxtar Respublikasının prokuroru malikdir.

383.3. Məhkumun və ya zərər çəkmiş şəxsin yaxın qohumlarının şikayətləri yalnız o halda apellyasiya icraatına səbəb olur ki, həmin şəxslər bu Məcəllənin qaydalarına uyğun olaraq müstəntiq və ya birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən və ya zərər çəkmiş şəxsin qanuni nümayəndəsi qismində işə buraxılır.



Maddə 384. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətləri və halları

384.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində aşağıdakı hallarda verilir:

384.1.1. İttiham və ya bəraət hökmü çıxarıldıqda;

384.1.2. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında qərar çıxarıldıqda;

384.1.3. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında qərar çıxarıldıqda;

384.1.4. hakimə (hakimlərə) etirazın təmin edilməsi haqqında qərar çıxarıldıqda;

384.1.5. çıxarılıb

384.1.6. çıxarılıb

384.1.7. xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar çıxarıldıqda;

384.1.8. tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qərar çıxarıldıqda;

384.1.9. tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi və ya qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsinə göndərilməsi haqqında qərar çıxarıldıqda.

384.1.10. hökmün və ya məhkəmənin digər yekun qərarının icrası qaydasında qərar çıxarıldıqda.

384.2. Həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir.

384.3. Məhkəməyə gəlməkdən boyun qaçıran məhkum və ya bəraət almış şəxs çıxarılmış hökm barədə birinci instansiya məhkəməsinin elanlar lövhəsində məlumatın yerləşdirildiyindən sonra 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti vermək hüququna malikdirlər.

384.4. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində cinayət işi yuxarı məhkəmə tərəfindən birinci instansiya məhkəməsindən tələb edilə bilməz.

384.5. Apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər məhkəmə baxışı zamanı birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş digər qərarlardan narazı olduqlarını cinayət işi üzrə yekun məhkəmə qərarından verdikləri müvafiq olaraq apellyasiya şikayətində və ya apellyasiya protestində əsaslandırmaq hüququna malikdirlər.



Maddə 385. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi qaydası

385.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi vasitəsi ilə verilir.

385.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin surətləri apellyasiyanın maraqlarına aid olduğu cinayət prosesinin iştirakçılarına çatacaq sayda apellyasiya şikayətinə və ya apellyasiya protestinə əlavə edilir. Bu vəzifə həbsdə olan məhkuma, yetkinlik yaşına çatmamış şəxsə və barəsində tibbi xarakterli məcburi tədbir tətbiq edilən şəxsə şamil edilmir. Belə hallarda lazım olan miqdarda apellyasiya şikayətlərinin surətlərini birinci instansiya məhkəməsi hazırlayır.

385.3. Apellyasiya şikayəti və ya apellyasiya protesti bilavasitə apellyasiya instansiyası məhkəməsinə verildiyi halda apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin 385.2-ci maddəsində nəzərdə tutulmuş tələblərin görülməsi üçün şikayəti və ya protesti birinci instansiya məhkəməsinə göndərir.



Maddə 386. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa edilmə qaydası

386.1. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər.

386.2. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilmə müddətinin bərpa edilməsi məsələsi birincı instansiya məhkəməsində məhkəmə iclasında sədrlik edən və ya hakim tərəfindən həll edilir. Belə vəsatətin baxılma günü və saatı barədə vəsatəti qaldırmış şəxsə vaxtında xəbər verilməlidir. Həmin şəxsin məhkəmə iclasına gəlməməsi vəsatətə baxılmasına mane olmur.

386.3. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət rədd edildikdə, bu qərardan apellyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir.



Maddə 387. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair tələblər

387.1. Apellyasiya şikayətində və ya apellyasiya protestində aşağıdakılar göstərilməlidir:

387.1.1. apellyasiya şikayətinin və ya apellyasiya protestinin ünvanlandığı apellyasiya instansiyası məhkəməsinin adı;

387.1.2. apellyasiya şikayətini və ya apellyasiya protestini verən şəxsin adı;

387.1.3. hökm və ya qərar çıxarmış birinci instansiya məhkəməsinin adı;

387.1.4. hökm və ya məhkəmənin digər yekun qərarının qısa məzmunu və apellyasiya şikayəti, yaxud protesti verən şəxsin mülahizələrinə görə onun qanunsuzluğunun, əsassızlığının yaxud ədalətsizliyinin nədən ibarət olması;

387.1.5. apellyasiya şikayəti və ya apellyasiya protesti verən şəxsin xahişi.

387.1.6. apellyasiya şikayətinə və ya apellyasiya protestinə əlavə olunan sənədlərin siyahısı.

387.2. Hökmün dəyişdirilməsi və ya ləğv edilməsinin zəruriliyi əsaslandırıldıqda apellyasiya şikayətində və ya apellyasiya protestində işin müvafiq vərəqlərinə istinad olunmalıdır. Bu tələb həbsdə saxlanılan məhkuma və yetkinlik yaşına çatmamış şəxsə şamil edilmir.

387.3. Apellyasiya şikayəti və ya apellyasiya protesti yazılı şəkildə verilir və onu verən şəxs tərəfindən imzalanır.

387.4. Qanuni nümayəndənin və ya nümayəndənin səlahiyyətlərini təsdiq edən sənəd cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında olmadıqda qanuni nümayəndənin və ya nümayəndənin verdiyi apellyasiya şikayətinə onların səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir.

387.5. Apellyasiya şikayətində və ya apellyasiya protestində birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlara istinad edilməsinə yalnız həmin sübutların birinci instansiya məhkəməsinə təqdim edilməsinin mümkünsüzlüyünün və ya onların həmin məhkəmə tərəfindən qəbul edilməməsinin əsaslandırıldığı halda yol verilir.



Maddə 388. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin daxil olması haqqında bildiriş

388.1. Apellyasiya şikayəti və ya apellyasiya protesti daxil olduqdan sonra birinci instansiya məhkəməsi 48 saat müddətində onların surətlərini bu Məcəllənin 383.1 və 383.2-ci maddələrində göstərilən şəxslərə təqdim edir və ya göndərir və onlara bu sənədlərə dair öz etirazlarını bildirmək və digər şəxslərin etirazları ilə tanış olmaq hüququnu və müddətini izah edir.

388.2. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə dair etirazlar işə əlavə olunur, bu etirazlar iş məhkəməyə göndərildikdən sonra daxil olduqda bilavasitə apellyasiya instansiyası məhkəməsinə göndərilir.

Maddə 389. Apellyasiya şikayətinin və apellyasiya protestinin verilməsinin nəticələri

389.1. Birinci instansiya məhkəməsinin hökm və ya qərarından apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi onların qanuni qüvvəyə minməsini dayandırır.

389.2. Apellyasiya şikayəti və ya apellyasiya protesti məhkəməyə daxil olduqdan sonra hökmü və ya qərarı çıxarmış məhkəmə 10 (on) gün müddətində onları cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə bütün icraat materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərir.

Maddə 390. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavə edilməsi

390.1. Apellyasiya instansiyası məhkəməsində işə baxılmamışdan əvvəl apellyasiya şikayətini və apellyasiya protestini verən şəxs onu geri götürmək, dəyişdirmək və ya ona əlavələr etmək, habelə cinayət prosesinin digər iştirakçısının apellyasiya şikayətinə, yaxud apellyasiya protestinə öz etirazlarını bildirmək hüququna malikdir.

390.2. Apellyasiya instansiyası məhkəməsində icraatda iştirak etmək üçün təyin edilmiş dövlət ittihamçısı birinci instansiya məhkəməsində həmin icraatda iştirak etmiş dövlət ittihamçısının verdiyi apellyasiya protestinə əlavə etmək, onu dəyişmək və ya geri götürmək hüququna malikdir.

390.3. Barəsində tərbiyəvi və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxsin, habelə məhkumun və ya bəraət almış şəxsin vəziyyətinin pisləşməsinə səbəb olan apellyasiya şikayətinə və ya apellyasiya protestinə dəyişikliklər yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddət ərzində edilə bilər.

390.4. Bu Məcəllənin 390.5 və 390.6-cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir.

390.5. Müdafiəçi öz apellyasiya şikayətini yalnız müdafiə etdiyi şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürə bilər. Apellyasiya icraatında cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata cəlb edilmiş müdafiəçi yalnız məhkum olunmuş və ya bəraət almış şəxsin və onların qanuni nümayəndələrinin razılığı ilə birinci instansiya məhkəməsində iştirak etmiş müdafiəçinin apellyasiya şikayətinə əlavə və dəyişikliklər etmək hüququna malikdir.

390.6. Məhkum və ya bəraət almış şəxs öz müdafiəçisinin apellyasiya şikayətini geri götürmək hüququna malikdir.

390.7. Zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) apellyasiya instansiyası məhkəməsində iştirak edən nümayəndəsi öz apellyasiya şikayətini, habelə zərər çəkmiş şəxsin birinci instansiya məhkəməsində iştirak edən nümayəndəsinin apellyasiya şikayətini yalnız zərər çəkmiş şəxsin (xüsusi ittihamçının) və ya onun qanuni nümayəndəsinin razılığı ilə geri götürmək hüququna malikdir.



Maddə 391. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması

391.1. Apellyasiya şikayətləri və ya apellyasiya protestləri apellyasiya instansiyası məhkəməsinə daxil olduqdan sonra bu Məcəllənin 298.1-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq hakimlərin icraatına verilir. Apellyasiya instansiyası məhkəməsi 15 (on beş) gün müddətində (cinayət işinin həcminin böyüklüyü, təqsirləndirilən şəxslərin sayının çoxluğu və ya baxışın təşkilinin xüsusilə mürəkkəb olması ilə əlaqədar bu müddət məhkəmənin qərarı ilə 30 (otuz) günədək uzadıla bilər) üç hakimdən ibarət tərkibdə və məhkəmə iclası katibinin iştirakı ilə məhkəmə iclasında apellyasiya şikayətinin və ya apellyasiya protestinin ilkin baxışını aparır. Apellyasiya şikayəti vermək hüququ olan şəxslər və apellyasiya instansiyasında ittiham tərəfi təmsil edən dövlət ittihamçısı məhkəmənin iclasında iştirak etmək hüququna malikdirlər. Həmin şəxslər müəyyən edilmiş qaydada məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə əvvəlcədən xəbərdar edilirlər, lakin onların gəlməməsi apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılmasına mane olmur. pellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması üzrə məhkəmə iclasında iştirak etmək barədə müraciət olduqda apellyasiya instansiyası məhkəməsi həbsdə saxlanılan məhkumun gətirilməsi barədə qərar çıxarır.

391.2. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması qaydası apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilir. Bu zaman hər bir halda apellyasiya instansiyası məhkəməsi aşağıdakı məsələləri araşdırmalıdır:

391.2.1. daxil olmuş apellyasiya şikayətinin və ya apellyasiya protestinin həmin məhkəməyə aid olub-olmadığını;

391.2.2. apellyasiya şikayəti və ya apellyasiya protesti verilərkən bu Məcəllənin 381—390-cı maddələrinin tələblərinə riayət olunub-olunmadığını;

391.2.3. cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsasların olub-olmadığını;

391.2.4. cinayət işi üzrə qətimkan tədbirinin dəyişdirilməsi, ləğv edilməsi və ya seçilməsi üçün əsasların olub-olmadığını;

391.2.5. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə birinci instansiya məhkəməsində icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol verilib-verilmədiyini.

391.3. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

39.1.3.1. apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması haqqında;

391.3.2. apellyasiya şikayətinin və ya apellyasiya protestinin məhkəmə aidiyyəti üzrə göndərilməsi haqqında;

391.3.3. apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında;

391.3.4. apellyasiya şikayəti və ya apellyasiya protesti üzrə məhkəmə baxışının təyin edilməsi haqqında;

391.3.5. apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında;

391.3.6. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə, icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında;

301.3.7. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında;

391.3.8. cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraatın dayandırılması haqqında;

391.3.9. cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında;

391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında.

391.4. Bu Məcəllənin 386 və 387-ci maddələrinin tələbləri yerinə yetirilmədikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin hərəkətsiz saxlanılması barədə qərar çıxarır və öz qərarı ilə həmin tələblərin yerinə yetirilməsi üçün 10 (on) gündən 20 (iyirmi) günədək müddət təyin edir. Təyin edilmiş müddət ərzində həmin tələblər yerinə yetirilmədikdə, apellyasiya instansiyası məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmiş hesab edilir və baxılmamış saxlanılır.

391.5. Apellyasiya şikayəti və ya apellyasiya protesti buna hüququ olmayan şəxs tərəfindən verildikdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin öz icraatına qəbul edilməsindən imtina haqqında qərar çıxarır.

391.6. Apellyasiya instansiyası məhkəməsi aşağıdakı hallarda cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır:

391.6.1. birinci instansiya məhkəməsində icraat zamanı aparılmış məhkəmə iclasının protokolu məhkəmə iclasında sədrlik edən və ya məhkəmənin katibi tərəfindən imzalanmadıqda;

391.6.2. hökmün surəti məhkuma və ya bəraət almış şəxsə verilmədikdə və ya onun ana dilinə, yaxud bildiyi dilə tərcümə edilmədən verildikdə;

391.6.3. birinci instansiya məhkəməsinin hökm və ya qərarı məhkəmə baxışında iştirak edən hakim tərəfindən imzalanmadıqda;

391.6.4. cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraat materiallarında və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraat materiallarında məhkəmə iclasının protokolu, birinci instansiya məhkəməsində məhkəmə baxışı zamanı çıxarılmış hökm və ya qərar olmadıqda.

391.7. Bu Məcəllənin 391.6-cı maddəsində nəzərdə tutulmuş hallarda aşağıdakı hərəkətlər yerinə yetirilir:

391.7.1. apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə yol verilmiş pozuntuların aradan qaldırılması üçün 10 (on) gündən çox olmamaq şərtilə müddət təyin edir və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə göndərir;

391.7.2. birinci instansiya məhkəməsi təyin edilmiş müddət ərzində yol verilmiş pozuntuları imkan daxilində aradan qaldırır və cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları apellyasiya şikayətinə və ya apellyasiya protestinə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərir.

391.8. Bu Məcəllənin müddəalarının aşağıdakı kobud pozuntularına yol verildiyi hallarda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialların birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır:

391.8.1. birinci instansiya məhkəməsində məhkəmə baxışı bu Məcəllənin 303.3-cü maddəsinin tələbləri pozulmaqla keçirildikdə;

391.8.2. birinci instansiya məhkəməsi bu Məcəllənin 391.6-cı maddəsində göstərilən pozuntulardan hər hansı birini aradan qaldırmadıqda;

391.8.3. birinci instansiya məhkəməsində məhkəmə baxışı məhkəmə aidiyyətinin qaydaları pozulmaqla keçirildikdə;

391.8.4. birinci instansiya məhkəməsində məhkəmə baxışı özü özünə etiraz etmiş və ya etiraz edilmiş hakimin qanunsuz iştirakı ilə keçirildikdə;

391.8.5. birinci instansiya məhkəməsində məhkəmə baxışı hakimlərin tərkibinin dəyişilməzliyi barədə tələblər pozulmaqla keçirildikdə;

391.8.6. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulması ilə keçirildikdə;

391.8.7. birinci instansiya məhkəməsində məhkəmə baxışi təqsirləndirilən şəxsin sərbəst bildiyi ana dilindən və tərcüməçinin köməyindən istifadə etmək hüququnun pozulması ilə keçirildikdə;

391.8.8. birinci instansiya məhkəməsində məhkəmə baxışı dövlət ittihamçısının, təqsirləndirilən şəxsin və ya onun müdafiəçisinin iştirakına dair tələblərin pozulması ilə keçirildikdə;

391.8.9. birinci instansiya məhkəməsində məhkəmə baxışı təqsirləndirilən və zərər çəkmiş şəxsə, dövlət ittihamçısına məhkəmə çıxışları, təqsirləndirilən şəxsə isə, həmçinin son sözlə çıxış etmək imkanının yaradılması barədə tələblərin pozulması ilə keçirildikdə;

391.8.10. birinci instansiya məhkəməsində məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarı hakimlərin müşavirəsinin gizliliyi haqqında tələbin pozulması ilə çıxarıldıqda;

391.8.11. birinci instansiya məhkəməsində məhkəmə baxışı ittihamın hüdudları barədə tələblərin pozulması ilə keçirildikdə (ittihamın irəli sürüldüyü cinayətlə müqayisədə ittiham hökmü daha ağır cinayət üzrə çıxarıldıqda)

391.8.12. birinci instansiya məhkəməsinin hökm və ya qərarı hakimlər tərəfindən bu Məcəllənin 352.5 və 352.6-cı maddələrinin tələblərinə müvafiq surətdə imzalanmadıqda.

391.8-1. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsində dövlət ittihamçısı tərəfindən müdafiə edilmiş ittihamla müqayisədə daha ağır cinayət üzrə ittihamın irəli sürülməsinə dair Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikasının prokurorunun protesti ilə razılaşdıqda apellyasiya şikayətinə və apellyasiya protestinə baxılmasına xitam verilməsi və cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının birinci instansiya məhkəməsinə qaytarılması haqqında qərar çıxarır.

391.9. Bu Məcəllənin 391.8 və 391.8-1-ci maddəsində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi öz qərarı ilə:

391.9.1. məhkəmə baxışının nəticələri üzrə çıxarılmış birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edir;

391.9.2. cinayət işini, məhkəməyədək sadələşdirilmiş icraat materiallarını və ya xüsusi ittiham qaydasında şikayət üzrə materialları birinci instansiya məhkəməsinə məhkəmənin hazırlıq iclasının keçirilməsi mərhələsinə və ya yeni məhkəmə baxışına göndərir.

391.10. Bu Məcəllənin 391.6, 391.8 və 391.8-1-ci maddələrində nəzərdə tutulmuş hallarda apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin yol verilmiş kobud pozuntularına dair xüsusi qərar çıxara bilər və həmin qərarı müvafiq olaraq aşağıdakı şəxslərə göndərməlidir:

391.10.1. dövlət orqanlarının vəzifəli şəxsləri barəsində tabelik qaydasında müvafiq yuxarı dövlət orqanının rəhbərinə;

391.10.2. müstəntiqlər, təhqiqatçılar və təhqiqat orqanın əməkdaşları barəsində—tabelik qaydasında Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbərinə;

391.10.3. prokurorlar və prokurorluğun müstəntiqləri barəsində—Azərbaycan Respublikasının Baş prokuroruna;

391.10.4. birinci instansiya məhkəməsinin hakimləri barəsində—apellyasiya instansiyası məhkəməsi sədrinin vasitəsilə Məhkəmə-Hüquq Şurasına.

391.11. Apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxs öz apellyasiya tələblərindən imtina etdikdə və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayəti və ya apellyasiya protesti olmadığı halda, məhkəmə apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında qərar çıxarır. Apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verildiyi andan birinci instansiya məhkəməsinin hökm və ya digər yekun qərarı qanuni qüvvəyə minir.

391.12. Apellyasiya instansiyası məhkəməsinin apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması nəticələrinə dair çıxarılmış qərarlarından kassasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin