Press-reliZ 29 aprel 2011-ci IL Bakı, Azərbaycan



Yüklə 146 Kb.
tarix13.02.2017
ölçüsü146 Kb.
#8389
R A T İ

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu


PRESS-RELİZ
29 aprel 2011-ci il

Bakı, Azərbaycan



  • AMERİKA BİRLƏŞMİŞ ŞTATLARININ PREZİDENTİ CƏNAB BARAK OBAMAYA MÜRACİƏT

  • YUNESKO-NUN BAŞ DİREKTORUNA İRİNA BOKOVAYA M Ü R A C İ Ə T

  • ELAN!

  • BAŞ REDAKTORUN HƏBSDƏ ÖLMƏSİ FAKTI İLƏ BAĞLI VERİLƏN APELLYASİYA ŞİKAYƏTİ DƏ TƏMİN EDİLMƏDİ

  • GƏNC FƏALIN MƏHKƏMƏSİNDƏ EKSPERT VƏ MÜSTƏNTİQ İFADƏ VERƏCƏK

  • AZADLIQ” QƏZETİNİN REPORTYORUNUN DÖYÜLMƏSİ FAKTI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB


Amerika Birləşmiş Ştatlarının Prezidenti

cənab Barak Obamaya

  

M Ü R A C İ Ə T

 

Cənab Prezident,

 Biz 3 may Beynəlxalq Mətbuat Azadlığı Günü və bu günlə bağlı ABŞ Prezidentinin gözlənilən ənənəvi bəyanatı ərəfəsindəyik. Bu ərəfədə Sizə müraciət etməyimizin səbəbi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru və qətlə yetirilmiş azərbaycanlı jurnalist “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun yaxın dostu və həmkarı olmuş  Eynulla Fətullayevin 4 ildən artıq müddətdir ki Azərbaycanda həbsdə saxlanılmasıdır.

  Fətullayev 2007-ci ilin aprelindən həbsdədir və bu dövr ərzində onun tamamilə əsassız olaraq həbsdə qalması faktiki olaraq sübut edilmişdir. Belə ki, bu dövr ərzində Fətullayev yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınmışdır, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ilin aprelində onun dərhal azadlığa buraxılması barədə qərar çıxarmışdır. Avropa Şurasının Nazirlər Kabineti 2010-cu ilin noyabr və 2011-ci ilin mart ayında Avropa Məhkəməsinin qərarının icra edilməsi və Fətullayevin azadlığa buraxılması ilə bağlı müzakirələr aparmış və konkret qərarlar qəbul etmişdir.

  Təəssüflə qeyd etməliyik ki, həbs dövrü ərzində həm jurnalistin özünə, həm də ailəsinə qarşı hədələr, təzyiqlər və təxribatlar davam etmişdir. O dəfələrlə karserə (cəza kamerası) salınmış, valideynlərinə onların oğullarının öldürüləcəyi barədə hədə zəngləri edilmişdir. Avropa Məhkəməsinin gözlənilən bəraətverici qərarının icra edilməsinin əvvəlcədən qarşısını almaq üçün 2009-cu ilin dekabrında Fətullayevin üzərinə narkotik maddə atılmış və onun həbs müddəti əsassız olaraq uzadılmışdır. Bu halların baş verməsi göstərir ki, jurnalistin həyatına təhlükə var.   

Cənab Prezident,  imzaladığınız    Daniel Pearl Mətbuat Azadlığı Aktı vasitəsilə bütün dünyaya güclü mesaj göndəribsiniz. ABŞ ifadə azadlığını məhdudlaşdıran  və jurnalistlərə qarşı zorakılıq aktlarına cəlb olunan hökumətlərə qarşı ölçülər götürəcək. Biz hesab edirik ki, ABŞ-ın  öz vədini həyata keçirmək vaxtdır.

Hesab edirik ki, beynəlxalq ictimaiyyət dünyada həbsə atılan bütün jurnalistlərin azadlığa buraxılması və onlara qarşı təzyiqlərin dayandırılması ilə bağlı çağırışlar etməlidir. 

 Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 3 may Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı verəcəyiniz bəyanatda  Eynulla Fətullayevin  dərhal azadlığa buraxılması çağırışı ilə çıxış etməyinizi xahiş edirik.

\


YUNESKO-nun baş direktoruna İrina Bokovaya
M Ü R A C İ Ə T

Xanım Bokovaya,

Sizə müraciət etməyimizin səbəbi “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevin 4 ildən artıq müddətdir ki Azərbaycanda həbsdə saxlanılmasıdır.


Fətullayev 2007-ci ilin aprelindən həbsdədir və bu dövr ərzində onun tamamilə əsassız olaraq həbsdə qalması faktiki olaraq sübut edilmişdir. Belə ki, bu dövr ərzində Fətullayev yerli və beynəlxalq təşkilatlar tərəfindən vicdan məhbusu kimi tanınmışdır, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu ilin aprelində onun dərhal azadlığa buraxılması barədə qərar çıxarmışdır. Avropa Şurasının Nazirlər Kabineti 2010-cu ilin noyabr və 2011-ci ilin mart ayında Avropa Məhkəməsinin qərarının icra edilməsi və Fətullayevin azadlığa buraxılması ilə bağlı müzakirələr aparmış və konkret qərarlar qəbul etmişdir.
Təəssüflə qeyd etməliyik ki, həbs dövrü ərzində həm jurnalistin özünə, həm də ailəsinə qarşı hədələr, təzyiqlər və təxribatlar davam etmişdir. Avropa Məhkəməsinin gözlənilən bəraətverici qərarının icra edilməsinin əvvəlcədən qarşısını almaq üçün 2009-cu ilin dekabrında Fətullayevin üzərinə narkotik maddə atılmış və onun həbs müddəti əsassız olaraq uzadılmışdır. Bu halların baş verməsi göstərir ki, jurnalistin həyatına təhlükə var.
Biz 3 may Beynəlxalq Mətbuat Azadlığı Günü ərəfəsindəyik və BMT-nin ixtisaslaşmış qurumu kimi YUNESKO bu günü xüsusi olaraq qeyd edir. Eyni zamanda YUNESKO bütün dünyada söz və ifadə azadlığının müdafiəsi üçün fəaliyyət göstərir. Bunun bariz nümunəsi kimi 1997-ci ildən YUNESKO/Gilyermo Kano Mətbuat Azadlığı Mükafatının təqdim edilməsini göstərə bilərik. Bu ildə adı çəkilən mükafat İrandan olan jurnalistlərə layiq görülüb və mükafatın may ayının 3-də təqdimat mərasimi keçirəcək. Hesab edirik ki, YUNESKO dünyada həbsə atılan bütün jurnalistlərin azadlığa buraxılması və onlara qarşı təzyiqlərin dayandırılması ilə bağlı çağırış etməlidir.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq, dünyada həbsdə olan digər jurnalistlərlə yanaşı Eynulla Fətullayevin dərhal azadlığa buraxılması üçün təşəbbüslə çıxış etməyinizi və bu məsələni Azərbaycan hakimiyyəti qarşısında qaldıraraq onun azad edilməsinə çağırış etməyinizi xahiş edirik.



ELAN!

02 MAY SAAT 12.00-DA Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində vətəndaş Aslanova Natəvan ərinə qarşı irəli sürülmüş saxta ittihamlar və məhkəmə tərəfindən yol verilən pozuntularla bağlı mətbuat konfransı keçirəcək.

Tədbirə jurnalistlər, hüquq müdafiəçiləri və diplomatik korpus nümayəndələri dəvətlidirlər.



BAŞ REDAKTORUN HƏBSDƏ ÖLMƏSİ FAKTI İLƏ BAĞLI VERİLƏN APELLYASİYA ŞİKAYƏTİ DƏ TƏMİN EDİLMƏDİ

Aprelin 29-da Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Dəmirovun sədrliyi ilə mərhum jurnalist, “Tolışi-Sədo” (“Talışın Səsi”) qəzetinin baş  redaktoru Novruzəli Məmmədovun ailə üzvlərinin Nəsimi rayon Məhkəməsinin 27 yanvar 2010-cu il tarixli qətnaməsindən verdikləri apellyasiya şikayəti üzrə məhkəmə  prosesi keçirilib.

Prosesdə mərhumun ailə üzvlərinin vəkili Ramiz Məmmədov, cavabdehlərdən isə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mərkəzi müalicə müəsissəsinin nevrologiya şöbəsinin rəisi Məhərrəm İsayev və Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi İftixar Qurbanov, eləcə də media nümayəndələri iştirak edirdilər.

Vəkil Ramiz Məmmədov Novruzəli Məmmədovun həbs edildiyi zaman da bir-sıra xəstəliklərdən əziyyət çəkdiyini və ona laqeyd münasibət göstərilməsi nəticəsində onun həbsdə öldüyünü bildirib.

Daha sonra qısa müddətə müşavirəyə gedib geri dönən hakim İlqar Dəmirov iddianın təmin edilməməsi barədə çıxardığı qərarı elan etdi.

Prosesdən sonra vəkil Ramiz Məmmədov bu qərarı ədalətsiz hesab etdiyini və qərardan kassasiya şikayəti veriləcəyini dedi.

            Xatırladaq ki, Novruzəli Məmmədov 2007-ci ildə qapalı keçirilən məhkəmə prosesində  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (“Dövlətə Xəyanət”) maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum edilsə də, milliyyətcə talış olan baş redaktor özünü təqsirli bilməyərək,  etnik-siyasi motivlərlə və ifadə azadlığına görə həbs olunduğunu iddia edirdi.

            Qeyd edək ki, Novruzəli Məmmədov 17 avqust 2009-cu il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mərkəzi Xəstəxanasında 68 yaşında müəmmalı şəkildə vəfat edib. Rəsmi qurumlar onun beyin qansızması  nəticəsində dünyasını dəyişdiyini desələr də, Novruzəli Məmmədovun Hüquqlarının Müdafiə Komitəsi və ailə üzvləri baş redaktora lazımi tibbi yardım göstərilməməyi və düzgün müalicə olunmamağı nəticəsində öldüyünü bildirirlər.


GƏNC FƏALIN MƏHKƏMƏSİNDƏ EKSPERT VƏ MÜSTƏNTİQ İFADƏ VERƏCƏK

Aprelin 29-da Sumqayıt şəhər məhkəməsində hakim İlqar Məmmədovun sədrliyi ilə AXCP Gənclər təşkilatının üzvü Cabbar Savalanlının barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə açılan cinayət işi üzrə məhkəmə prosesi keçirildi. Gənc fəalın vəkili Anar Qasımov RATI-yə proses barədə məlumat verib.

Vəkil Anar Qasımov bildirdi ki, proses ilk olaraq, şahidlərin ifadə verməsi ilə başlayıb. Belə ki, hal şahidi Şıxəliyev Rəhim, İsmayılov Məhərrəm, o cümlədən polis işçiləri Vüsal Abbasov, Elnur Məmmədov, Faiq Mirzəliyev ziddiyətli ifadə veriblər və vəkillərin sualllarını cavablandırmaqda çətinlik çəkiblər

Vəkilin sözlərinə görə, müdafiə tərəfi olaraq, Cinayət Prosessual Məcəlləsinə əsasən hal şahidlərinin verilən tələblərə uyğun olmaması əsas gətirilərək, verdikləri ifadənin etibarsız hesab edilməsi və təkrar narkoloji ekspertizanın keçirilməsi, eləcə də ekspertlərin yenidən dindirilməsi və müstəntiq Ziyadxan Əliyevin prosesə dəvət edilməsi barədə vəsatətlər qaldırıblar.

Hakim İlqar Məmmədov ekspertin və müstəntiqin məhkəməyə dəvət edilməsi ilə bağlı vəsatətlərin təmin edildiyini deyərək, prosesi 3 may saat 12:00-a təyin edib.

Xatırladaq ki, Cabbar Savalanlı fevralın 5-də qanunsuz narkotik saxlamaq ittihamı ilə həbs edilib. Cabbar Savalanlıya Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb. Lakin onun sosial şəbəkələrdə iqtidar əleyhinə səsləndirdiyi fikirlərə görə həbs olunmağı istisna edilmir.

AZADLIQ” QƏZETİNİN REPORTYORUNUN DÖYÜLMƏSİ FAKTI İLƏ BAĞLI CİNAYƏT İŞİ AÇILIB
Aprelin 28-də “Azadlıq” qəzetinin reportyoru Ramin Deko Yasamal rayon Polis İdarəsinə aprelin 4-də döyülməsi fakti ilə bağlı dindirilməyə çağırılıb. Bu barədə bu gün (29 aprel) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) Ramin Dekonun özü məlumat verib.

Jurnalistin sözlərinə görə, o Polis İdarəsində müstəntiq Vüqar Babanlı tərəfindən dindirilib: “Dünən səhər saat 11:30-da Polis İdarəsində oldum. Mənə döyülməmlə bağlı cinayət işinin açıldığını bildirdilər. Mən də aprelin 4-də başıma gələn hadisəni danışdım. Müstəntiq məni döyənləri tanıyıb-tanımadığımı soruşdu. Bildirdim ki, hadisə baş verən ərazi qaranlıq olduğundan döyənlərin üzünü görə bilmədim. Dedim ki, döyülməmişdən bir gün öncə Rəsulzadə qəsəbəsində oğurlanaraq Maştağa istiqamətinə aparılmışam. Orada mənimlə “proflaktik” söhbətlər edilib”.

R.Deko onu da bildirdi ki, dindiriləndən sonra müstəntiqlə hadisə yerinə gəlib: “Döyüldüyüm yerdə Vüqar Babanlı bir neçə şəkil çəkdi. Əraziyə baxış keçirdi”, - deyə R.Deko bildirdi.

Xatırladaq ki, “Azadlıq” qəzetinin əməkdaşı Ramin Deko  aprelin 3-də naməlum şəxslər tərəfindən oğurlanmış, bir gün sonra isə naməlum şəxslərin fiziki hücumuna məruz qalmışdı.


Qeyd edək ki, "Azadlıq" qəzeti 1989-cu il dekabrın 24-dən fəaliyyət göstərir və gündəlik çap olunur.
MƏLUMATLARIMIZDAN İSTİFADƏ EDƏRKƏN RATİ-YƏ İSTİNAD EDİN

 

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ)



Ünvan: Azərbaycan, Bakı şəh., Behbudov 8, mənzil 85/86

tel: (+99 412) 418-03-34, fax: (+ 99 412) 598-45-19

e-mail: irfs.az@gmail.com

web: www.irfs.az skype: irfs.az
Yüklə 146 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin