Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 54. Cinayət təqibi üzrə icraatın başa çatdırılması



Yüklə 1,91 Mb.
səhifə4/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   2   3   4   5   6   7   8   9   ...   36

Maddə 54. Cinayət təqibi üzrə icraatın başa çatdırılması

54.0. Cinayət təqibi üzrə icraat aşağıdakı hallarda başa çatır:

54.0.1. cinayət təqibi üzrə icraata tam xitam verilməsi barədə qərar qüvvəyə mindikdə;

54.0.2. icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edilmədikdə, cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın və ya xüsusi ittiham qaydasında icraatın materialları üzrə hökm və ya məhkəmənin digər yekun qərarı qüvvəyə mindikdə;

54.0.3. icrası üçün xüsusi tədbirlərin görülməsi tələb edildikdə, cinayət işi məhkəməyədək sadələşdirilmiş icfaatın və ya xüsusi ittiham qaydasında icraatın materialları üzrə hökmün və ya məhkəmənin digər yekun qərarının icraya yönəldilməsi təsdiq olunduqda.

V fəsil. Bəraət qazanma (reabilitasiya). Vurulmuş ziyanın ödənilməsi

Maddə 55. Şəxsin bəraət qazanması

55.1. Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.

55.2. Haqqında məhkəmənin bəraət hökmü çıxarılmış və ya məhkəməyədək icraat zamanı cinayət təqibinə bəraətverici əsasla xitam verilmiş hər hansı şəxs təqsirsiz sayılır.

55.3. Haqqında bəraət hökmü çıxarılmış və ya hər hansı əsaslarla cinayət təqibinə xitam verilmiş şəxsin mənzil, mülkiyyət, əmək və digər hüquqlarına hər hansı məhdudiyyət qoyula bilməz.



Maddə 56. Vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxslər

56.0. Aşağıdakılar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdirlər:

56.0.1. bəraət almış təqsirləndirilən şəxs;

56.0.2. bu Məcəllənin 39.1.1, 39.1.2, 39.1.6—39.1.8, 39.2-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilmiş şəxs;

56.0.3. bu Məcəllənin 39.1.3, 39.1.4, 39.1.10 və 39.1.11-ci maddələrində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan, lakin vaxtında xitam verilməyən və haqqında cinayət təqibi davam etdirilən şəxs;

56.0.4. bu Məcəllənin 39.1.12-ci maddəsində nəzərdə tutulmuş əsaslarla barəsində cinayət təqibinə xitam verilməli olan və buna razılıq alınmasına baxmayaraq haqqında cinayət təqibi davam etdirilən şəxs;

56.0.5. qanunsuz həbs olunmuş və ya tibbi, yaxud tərbiyə müəssisəsinə məcburi yerləşdirilmiş, habelə qanuni əsas olmadan müəyyən edilmiş müddətdən artıq həbsdə saxlanılmış şəxs;

56.0.6. cinayət təqibi üzrə icraat zamanı qanunsuz olaraq bu Məcəllənin 176 və 177-ci maddələrində nəzərdə tutulmuş hallarda prosessual məcburiyyət tədbirlərinə məruz qalmış şəxs.



Maddə 57. Vurulmuş ziyanın ödənilməsinin xüsusiyyətləri

57.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində bu Məcəllənin 56-cı maddəsində nəzərdə tutulmuş şəxslərə vurulmuş mənəvi, fiziki və maddi ziyan ödənilməlidir. Həmçinin, bu şəxslərin əmək və mənzil hüquqları bərpa edilməli, bunlar mümkün olmadıqda isə həmin hüquqların pozulması nəticəsində dəyən ziyanın pul kompensasiyası təmin edilməlidir.

57.2. Vurulmuş ziyan aşağıdakı andan hesablanır:

57.2.1. Bu Məcəllənin 56.0.1, 56.0.2, 56.0.5 və 56.0.6-cı maddələrində göstərilən şəxslərə — cinayət prosesini həyata keçirən orqanın cinayət təqibini istisna edən müvafiq halları bildiyi və bilməli olduğu gündən 7 (yeddi) gün keçdikdən sonra;

57.2.2. Bu Məcəllənin 56.0.3 və 56.0.4-cü maddələrində göstərilmiş şəxslərə — müvafiq olaraq cinayət qanununun və ya amnistiya aktının qüvvəyə mindiyi andan.

57.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin könüllü gəlməsi və ya sonradan yalan olduğu aşkar edilərək məhkəmə qarşısında özlərinin təqsirli olduqları barədə bəyanatları ilə özlərinə qarşı cinayət təqibinin başlanmasına və prosessual məcburiyyət tədbirlərinin tətbiqinə şərait yaratmaları müəyyən edildikdə ziyan ödənilmir.



Maddə 58. Vurulmuş ziyana görə kompensasiya

58.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş maddi ziyan əsaslandırılaraq hesablandıqdan sonra kompensasiyası verilməklə tam həcmdə ödənilməlidir.

58.2. Fiziki və mənəvi ziyan Azərbaycan Respublikasının qanunvericiliyi ilə digər hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən ədalətli hesab olunmuş məbləğdə ödənilir.

58.3. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərə aşağıdakılara görə kompensasiya verilir:

58.3.1. məhrum olduğu əmək haqqı, pensiya, müavinət və başqa gəlirlər;

58.3.2. müsadirə edilməsi, dövlət nəfinə keçirilməsi, istintaq orqanları tərəfindən götürülməsi, üzərinə həbs qoyulması ilə vurulmuş əmlak ziyanı;

58.3.3. ödənilmiş məhkəmə xərcləri;

58.3.4. müdafiəçiyə ödənilmiş pul məbləği;

58.3.5. hökmün icrası zamanı ödənilmiş və ya tutulmuş cərimə.

58.4. Həbsdə saxlanılmasına, məhkəmə məsrəflərinə, həbsdə saxlanılarkən gördüyü məcburi işlərə görə haqqın verilməsinə sərf olunmuş məbləğlər cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində şəxsə vurulmuş ziyanın ödənilməsi üçün nəzərdə tutulmuş məbləğdən çıxıla bilməz.

58.5. Ziyan bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi haqqında qərara əsasən ödənilmişsə və sonradan bu qərar ləğv edilərək müvafiq şəxsin barəsində həmin cinayət təqibi ilə əlaqədar ittiham hökmü çıxarılmışsa, ziyanın ödənilməsinə yönəldilmiş məbləğlər tutulması üçün məhkəmə tərəfindən təkrar icraya yönəldilə bilər.

Maddə 59. Vurulmuş ziyanın ödənilməsi ilə bağlı digər hüquqların bərpası

59.1. Bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslərin vurulmuş ziyanın ödənilməsi ilə bağlı aşağıdakı hüquqları vardır:

59.1.1. əvvəlki vəzifəsinə bərpa olunmaq, bu mümkün olmadıqda isə ona bərabər vəzifəyə təyin olunmaq və ya əvvəlki vəzifəsini itirməsi ilə əlaqədar vurulmuş ziyana görə pul kompensasiyasını almaq;

59.1.2. azadlıqdan məhrum edildiyi və ya azadlığının məhdudlaşdırıldığı vaxtı iş stajına daxil etdirmək;

59.1.3. əvvəl yaşadığı evini (mənzilini) qaytarmaq, bu mümkün olmadıqda isə ona bərabər tutulan, o cümlədən sahəsinə və yerləşdiyi yerə uyğun yaşayış evinə (mənzilə) köçürülmək;

59.1.4. məhrum olunduğu xüsusi və ya hərbi rütbəni bərpa etdirmək;

59.1.5. məhrum olunduğu fəxri adını və ya dövlət təltiflərini qaytartmaq.

59.2. Məhkəmə tərəfindən bəraət verilmiş, həmçinin barəsində cinayət təqibinə xitam verilmiş şəxsin tələbi ilə:

59.2.1. məhkəmə və ya istintaq orqanı iki həftə müddətində bu barədə həmin şəxsin əvvəlki və ya hazırkı iş yerinə, təhsil aldığı yerə, yaşayış yerinə məlumat verməlidir;

59.2.2. şübhəli və ya təqsirləndirilən şəxsi ləkələyən cinayət təqibi haqqında məlumatlar dərc edən kütləvi informasiya vasitəsi vətəndaşın təqsirsizliyini şübhə altına almadan bir ay müddətində iş üzrə yekun qərarı haqqında məlumat verməlidir.

59.3. Cinayət prosesini həyata keçirən orqan onun səhvi və ya sui-istifadəsi nəticəsində həbsdə saxlanılmış, yaxud təqsirləndirilən şəxs qismində cəlb edilmiş şəxsdən yazılı surətdə üzr istəməlidir.

Maddə 60. Vurulmuş ziyanın ödənilməsini tələb etmə hüququ olan şəxslər

60.1. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsini tələb etmək və kompensasiya almaq hüququna bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxslər, onların qanuni nümayəndələri, növbə üzrə daha yaxın vərəsələri, habelə vurulmuş ziyanın ödənilməsi hüququ olan şəxs öldükdə qanuna əsasən ailə başçısının itirilməsinə görə pensiya ilə təmin edilməli ölmüş şəxsin ailə üzvləri malikdir.

60.2. Bu Məcəllənin 59.2-ci maddəsində nəzərdə tutulmuş hərəkətlərin yerinə yetirilməsini tələb etmək hüququ bu Məcəllənin 56-cı maddəsində göstərilən şəxs öldüyü, yaxud fəaliyyət qabiliyyətini itirdiyi hallarda onun hər hansı qohumuna məxsusdur. Göstərilən halda kütləvi informasiya vasitəsi tərəfindən icrası məcburi olan müvafiq tələbi həmçinin ərazi və ya ixtisaslaşdırılmış prokuror verməyə haqlıdır.

Maddə 61. Vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun tanınması

61.1. Cinayət prosesi gedişi zamanı vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ qanuni qüvvəyə minmiş bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda tanınır.

61.2. Bəraət hökmündə və ya cinayət təqibinə xitam verilməsi haqqında qərarda cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi məsələsi əks olunmayıbsa, bu məsələnin həlli cinayət təqibi üzrə icraat qurtardıqdan sonra həyata keçirilir.

Maddə 62. Vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququnun izah edilməsi

62.1. Bəraət hökmü çıxarmış məhkəmə, habelə cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarmış təhqiqatçı, müstəntiq və ya prokuror cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda, buna hüququ olan şəxsə, həmin şəxs olmadıqda isə bu Məcəllənin 60.2-ci maddəsində nəzərdə tutulmuş digər şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydalarını izah etməlidir.

62.2. Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququnun şəxsə izah edilməsi haqqında ayrıca protokol tərtib olunur.

Maddə 63. Cinayət təqibi üzrə icraat qurtardıqdan sonra vurulmuş ziyanın ödənilməsi qaydaları

Cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ödənilməsi qaydaları mülki mühakimə icraatı qaydasında «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə həyata keçirilir.



VI fəsil. Prosessual qərarların məcburiliyi

Maddə 64. Prosessual qərarların icrasının məcburiliyi

64.1. Cinayət prosesini həyata keçirən orqanın qüvvəyə minmiş qərarları, habelə göstərişləri, çağırışları və digər qanuni müraciətləri bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının ərazisində şərtsiz icra edilməlidir.

64.2. Cinayət prosesini həyata keçirən orqanın qərarlarının icra edilməməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.

64.3. Xarici dövlətlərin məhkəmələri və istintaq orqanları qərarlarının Azərbaycan Respublikası ərazisində məcburiliyi Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir.



Maddə 65. Prosessual qərarların preyudisial əhəmiyyəti

65.1. Cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir.

65.2. Aşağıdakı qərarlar cinayət prosesini həyata keçirən orqan üçün məcburi qüvvəyə malik deyildir və yeni hallar aşkar edilərsə və ya əvvəlki hallar aradan qalxarsa, onlara ləğv edilmədən yenidən baxıla bilər:

65.2.1. şəxslərin cinayət prosesinin iştirakçısı qismində tanınması və bu qisimdə onların cinayət prosesində iştirakına xitam verilməsi haqqında;

65.2.2. qətimkan tədbirinin seçilməsi və ya digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi haqqında;

65.2.3. cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiə tədbirlərinin tətbiqi və onlara xitam verilməsi haqqında;

65.2.4. sübutların və cinayət təqibi üzrə icraatın digər materiallarının axtarılıb tapılması, toplanması, əlavə edilməsi, tədqiqi məsələləri haqqında;

65.2.5. prosessual hərəkətlərin icraatının növbəliliyi və vaxtı haqqında.

65.3. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarlarının bütün dövlət orqanları, fiziki və hüquqi şəxslər üçün məcburiliyi məhkəmə hökmünün və digər qərarının kassasiya qaydasında və yeni açılmış hallar üzrə yoxlanılmasına, ləğv edilməsinə və dəyişdirilməsinə mane olmur.

65.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə baxılarkən məhkəmə üçün yalnız hadisənin və təqsirləndirilən şəxsin ona aidiyyəti olub-olmaması hissəsində məcburidir. İddianın təmin edilməsi hüququnu təsdiq edən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü mülki işə baxılarkən məhkəmə üçün bu hissədə məcburidir.

65.5. Məhkəmə cinayət təqibinə xitam verilməsi haqqında təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarını məhkəmə nəzarəti funksiyalarını həyata keçirərkən ləğv edə bilər, məhkəmə baxışı nəticəsində isə, həmçinin xüsusi qərar çıxara bilər.

65.6. Birinci və apellyasiya instansiyası məhkəməsi üçün şəxsin əvvəllər məhkum edilməsinə və ya bəraət almasına dair qanuni qüvvəyə minmiş hökm şərtsiz məcburidir.

65.7. Məhkəmənin mülki iş üzrə qanuni qüvvəyə minmiş qərarı cinayət prosesini həyata keçirən orqan və cinayət işinə baxan məhkəmə üçün yalnız hadisənin olub-olmaması hissəsində məcburidir.

İkinci bölmə. Məhkəmə və cinayət prosesində iştirak edən şəxslər

VII fəsil. Məhkəmə

Maddə 66. Cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr

66.0. Azərbaycan Respublikasında cinayət mühakimə icraatını aşağıdakı məhkəmələr həyata keçirir:

66.0.1. rayon (şəhər) məhkəmələri;

66.0.2. hərbi məhkəmələr;

66.0.3. ağır cinayətlər məhkəmələri; (43)

66.0.4. çıxarılmışdır; (43)

66.0.5. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi; (43)

66.0.6. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi;

66.0.7. Apellyasiya məhkəmələri;

66.0.8. Azərbaycan Respublikasının Ali Məhkəməsi.



Maddə 67. Rayon (şəhər) məhkəmələrinin aidiyyəti

67.1. Rayon (şəhər) məhkəmələri birinci instansiya məhkəmələri qismində fəaliyyət göstərirlər.

67.2. Rayon (şəhər) məhkəmələri böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə dair işlərə baxırlar.

67.3. Rayon (şəhər) məhkəmələri, həmçinin məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallara, xüsusi ittiham qaydasında şikayətlərə, habelə məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar.

67.4. Hər bir rayon (şəhər) məhkəməsinə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir.

Maddə 68. Hərbi məhkəmələrin aidiyyəti

68.1. Hərbi məhkəmələr birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərirlər.

68.2. Hərbi məhkəmələr müharibə və hərbi xidmət əleyhinə olan böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxırlar (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində işə də hərbi məhkəmə tərəfindən baxılır). (43)

68.3. Hərbi məhkəmələr məhkəmə nəzarəti funksiyalarının həyata keçirilməsinə dair və digər materiallara baxırlar.

68.4. Hər bir hərbi məhkəməyə yalnız məhkəmənin yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər və digər materiallar aiddir.

Maddə 69. Ağır cinayətlər məhkəmələrinin aidiyyəti (43)

69.1. Ağır cinayətlər məhkəmələri birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir. (43)

69.2. Ağır cinayətlər məhkəmələri ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır. (43)

69.3. Hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir.(43)



Maddə 70. Çıxarılmışdır. (43)

Maddə 70-1. Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin aidiyyəti (43)

70-1.1. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi birinci instansiya məhkəməsi qismində fəaliyyət göstərir.

70-1.2. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi ağır və xüsusilə ağır cinayətlərə dair işlərə və digər materiallara baxır.

70-1.3. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir.



Maddə 71. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aidiyyəti

71.1. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

71.2. Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi aşağıda göstərilən birinci instansiya məhkəmələrinin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır:

71.2.1. Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəmələrinin;

71.2.2. yurisdiksiyasına aid edilmiş hərbi məhkəmələrin;

71.2.3. Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinin.(43)



Maddə 72. Apellyasiya məhkəmələrinin aidiyyəti

72.1. Apellyasiya məhkəmələri cinayət işləri və cinayət təqibi ilə bağlı materiallar üzrə apellyasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

72.2. Apellyasiya məhkəmələri aşağıda göstərilən məhkəmələrin qanuni qüvvəyə minməmiş hökmlərindən və digər qərarlarından apellyasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır:

72.2.1. yurisdiksiyalarına aid edilmiş rayon (şəhər) məhkəmələrinin;

72.2.2. yurisdiksiyalarına aid edilmiş hərbi məhkəmələrin;

72.2.3. yurisdiksiyalarına aid edilmiş ağır cinayətlər məhkəmələrinin;(43)

72.2.4. çıxarılmışdır.(43)



Maddə 73. Azərbaycan Respublikası Ali Məhkəməsinin aidiyyəti

73.1. Azərbaycan Respublikasının Ali Məhkəməsi cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə kassasiya instansiyası məhkəməsi qismində fəaliyyət göstərir.

73.2. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyası və ya hərbi kollegiyası apellyasiya instansiyası məhkəmələri və andlılar məhkəməsi tərəfindən çıxarılmış hökmlərdən və digər qərarlardan verilmiş kassasiya şikayətləri və ya protestləri əsasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxır. (43)

73.3. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu əlavə kassasiya qaydasında kassasiya instansiyası məhkəməsi tərəfindən çıxarılmış qərarlardan Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin təqdimatları, Azərbaycan Respublikası Baş prokurorunun protestləri, müdafiə tərəfinin şikayətləri əsasında və hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə işlərə baxır.



Maddə 74. Ərazi üzrə məhkəmə aidiyyəti

74.1. Cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır.

74.2. Uzanan və ya davam edən cinayətlərin törədilməsi ilə bağlı cinayət işlərinin məhkəmə aidiyyəti aşağıdakılara əsasən müəyyənləşdirilir:

74.2.1. uzanan cinayətin başa çatdığı yer onun törədildiyi yer hesab olunur;

74.2.2. cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur.

74.3. Xaricdə törədilməsi ehtimal olunan cinayət üzrə iş təqsirləndirilən şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.

74.4. Cinayətin törədildiyi yeri müəyyən etmək mümkün olmadıqda, cinayət işi həmin işin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəməyə aiddir.

74.5. Cinayət işlərindən biri ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət ağır cinayətlər məhkəməsin baxılır. (43)

74.6. Cinayət işlərindən biri hərbi məhkəməyə, digəri isə rayon (şəhər) məhkəməsinə, yaxud ağır cinayətlər məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə hərbi məhkəmədə baxılır.(43)

74.7. Cinayət işlərindən biri Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə, digəri isə Naxçıvan Muxtar Respublikasının rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində baxılır. (43)

74.8. Eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır.

74.9. Məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında, habelə hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası qaydasında materiallara birinci instansiya məhkəmələrində aidiyyəti üzrə baxılması bu Məcəllənin 442.1, 510.1, 511.1, 512.1, 513.1, 514.1, 515.2, 516 - 519-cu maddələri ilə müəyyən olunur.



Maddə 75. Cinayət işinin və ya digər materialın məhkəmə aidiyyəti üzrə verilməsi

75.1. Cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir.

75.2. Məhkəmə öz icraatına qəbul etdiyi cinayət işinə bu Məcəllənin 74.5 və 74.6-cı maddələrində nəzərdə tutulmuş şərtlərə uyğun başqa məhkəmədə baxılmalı olduğunu məhkəmə baxışı zamanı müəyyən edərsə, işi məhkəmə aidiyyəti üzrə göndərməlidir.

Maddə 76. Cinayət işinin və ya digər materialın məhkəmə aidiyyətinin dəyişdirilməsi

76.1. Cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti aşağıdakı hallarda dəyişdirilə bilər:

76.1.1. bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə və bu Məcəllənin 107, 109-cu maddələrində nəzərdə tutulmuş hallarda həmin hakimə etiraz təmin edildikdə;

76.1.2. məhkəmənin bütün hakimləri əvvəllər bu işə baxılmasında iştirak etdiklərinə görə həmin məhkəmə cinayət işinə və ya digər materiala baxa bilmədikdə, cinayət prosesi tərəflərindən birinin vəsatəti və ya hakimin, yaxud müvafiq məhkəmə sədrinin təqdimatı əsasında.

76.2. Bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir.

76.3.Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda, bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər.



Maddə 77. Məhkəmə aidiyyətinə dair mübahisələrin həlli

77.1. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir.

77.2. Cinayət işinin və ya digər materialın məhkəməyə aidiyyəti olmaması barədə cinayət prosesi tərəflərinin şikayətlərinə həmin məhkəmədə baxılır.

Maddə 78. Məhkəmənin tərkibi

78.1. Azərbaycan Respublikasının məhkəmələrində cinayət işlərinə hakimlər təkbaşına və ya kollegial tərkibdə baxırlar.

78.2. Böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlərə dair cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara birinci instansiya məhkəmələrinin hakimləri tərəfindən təkbaşına baxılır.

78.3. Ağır cinayətlər məhkəmələrində, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində və ağır və xüsusilə ağır cinayətlərə dair işlərə baxarkən hərbi məhkəmələrdə cinayət işlərinə andlı iclasçıların iştirakı ilə və ya üç hakimdən ibarət kollegial tərkibdə baxılır. (43)

78.4. Apellyasiya instansiyası məhkəməsində cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara apellyasiya şikayəti və ya protesti üzrə üç hakimdən ibarət kollegial tərkibdə baxılır.

78.5. Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasında və ya hərbi kollegiyasında cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara kassasiya şikayəti və ya protesti üzrə üç hakimdən ibarət kollegial tərkibdə, həmin işlərə və materiallara alavə kassasiya qaydasında və ya yeni açılmış hallar üzrə — Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun iclasında baxılır. (43)

78.6. Bu maddədə nəzərdə tutulmuş qaydalara zidd olaraq cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılması üçün hər hansı hakimin və ya andlı iclasçının cəlb edilməsi qadağandır.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin