Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi



Yüklə 1,91 Mb.
səhifə7/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   2   3   4   5   6   7   8   9   10   ...   36

Maddə 92. Müdafiəçi

92.1. Cinayət prosesində müdafiəçi qismində yalnız Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququna malik olan vəkil iştirak edə bilər. Müdafiəçi şübhəli və ya təqsirləndirilən şəxsin şəxsiyyəti və onun iştirakı ilə baxılan cinayət işinin xarakteri ilə eyniləşdirilə bilməz.

92.2. Şübhəli və ya təqsirləndirilən şəxsin bir neçə müdafiəçisi ola bilər. Müdafiəçinin iştirakı məcburi olan prosessual hərəkətlər aparılarkən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçilərindən hər hansının iştirak etməməsi bu hərəkətlərin qanunsuz hesab edilməsinə əsas ola bilməz.

92.3. Cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı hallarda təmin olunmalıdır:

92.3.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə;

92.3.2. şübhəli və ya təqsirləndirilən şəxs lal, kor, kar olduğuna, danışmaq, eşitmək, görmək funksiyalarında digər ciddi qüsurlar olduğuna, uzun sürən ağır xəstəliyinə, habelə kəmağıllığa, aşkar əqli zəifliyə və ya digər qüsurlara görə müdafiə hüququnu müstəqil həyata keçirə bilmədikdə;

92.3.3. cinayət təqibi üzrə icraat aparılan anda şübhəli və ya təqsirləndirilən şəxsdə ruhi xəstəliyin kəskinləşməsi və ya müvəqqəti ruhi pozuntu aşkar edildikdə;

92.3.4. şübhəli və ya təqsirləndirilən şəxs cinayət mühakimə icraatının aparıldığı dili bilmədikdə;

92.3.5. şübhəli və ya təqsirləndirilən şəxs cinayəti törədərkən yetkinlik yaşına çatmadıqda;

92.3.6. təqsirləndirilən şəxs müddətli hərbi xidmət qulluqçusu olduqda;

92.3.7. şübhəli və ya təqsirləndirilən şəxsə xüsusilə ağır cinayət törətməsi istinad edildikdə;

92.3.8. şübhəli və ya təqsirləndirilən şəxs məcburi qaydada xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirildikdə;

92.3.9. şübhəli və ya təqsirləndirilən şəxs tutulduqda və ya təqsirləndirilən şəxs haqqında qətimkan tədbiri qismində həbs tətbiq edildikdə (bu Məcəllənin 153.2.8-ci maddəsində nəzərdə tutulmuş hal istisna edilməklə);

92.3.10. cinayət təqibi cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçdikdən sonra həyata keçirildikdə;

92.3.11. təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət mövcuddursa və onlardan birinin müdafiəçisi olduqda;

92.3.12. cinayət təqibi cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törədən şəxs barəsində həyata keçirildikdə;

92.3.13. şübhəli və ya təqsirləndirilən şəxsin fəaliyyət qabiliyyəti olmadıqda.

92.4. Cinayət prosesində müdafiəçinin iştirakı aşağıdakı andan təmin olunur:

92.4.1. şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçini tələb edərkən — bu Məcəllənin 92.3.1-ci maddəsində nəzərdə tutulmuş halda;

92.4.2. şəxs ilk dəfə dindirilərkən, ona tutulması haqqında cinayət prosesini həyata keçirən orqanın qərarı, tutma haqqında protokol və ya qətimkan tədbiri seçilməsi haqqında qərar, yaxud ittiham elan edilərkən — bu Məcəllənin 92.3.2, 92.3.4, 92.3.5 və 92.3.7-ci maddələrində nəzərdə tutulmuş hallarda;

92.4.3. şəxsdə xəstəlik və ya anlaqsızlıq aşkar edilərkən — bu Məcəllənin 92.3.3 və 92.3.12-ci maddələrində nəzərdə tutulmuş hallarda;

92.4.4. təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılarkən — bu Məcəllənin 92.3.6 və 92.3.10-cu maddələrində nəzərdə tutulmuş hallarda;

92.4.5. şübhəli və ya təqsirləndirilən şəxsin xüsusi tibb (stasionar müalicə-psixiatriya) müəssisəsinə yerləşdirilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.8-ci maddəsində nəzərdə tutulmuş halda;

92.4.6. şübhəli və ya təqsirləndirilən şəxs tutularkən və ya həbs qətimkan tədbirinin seçilməsi barədə prokurorun təqdimatına məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.9-cu maddəsində nəzərdə tutulmuş halda;

92.4.7. təqsirləndirilən şəxsə qarşı ittihama məhkəmədə baxılarkən — bu Məcəllənin 92.3.11-ci maddəsində nəzərdə tutulmuş halda;

92.4.8. şübhəli və ya təqsirləndirilən şəxsin mülki mühakimə icraatı qaydasında fəaliyyət qabiliyyəti olmadığı təsdiq edilərkən və ya cinayət mühakimə icraatı qaydasında fəaliyyət qabiliyyəti olmadığı müəyyən edilərkən — bu Məcəllənin 92.3.13-cü maddəsində nəzərdə tutulmuş halda.

92.5. Şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçiyə malik olduğu halda ondan imtina etmişdirsə, bu Məcəllənin 92.3.1-ci maddəsinə əsasən onun yenidən müdafiəçi tələb etməsi məhkəmə istintaqı başlandıqdan sonra müdafiəçinin məcburi iştirakını müəyyən edən hal deyil.

92.6. Cinayət prosesində müdafiəçinin məcburi iştirakını cinayət prosesini həyata keçirən orqan təmin edir. Cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirilərsə, məhkəmə xüsusi ittiham qaydasında şikayəti öz icraatına qəbul etdiyi andan müdafiəçinin iştirakını təmin edir.

92.7. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsini öz öhdəsinə götürdükdə, müdafiəçi cinayət prosesini həyata keçirən orqana şəxsiyyətini və Azərbaycan Respublikasının ərazisində vəkillik fəaliyyətini həyata keçirmək hüququnu təsdiq edən sənədi, habelə vəkil qurumunun orderini təqdim etməlidir.

92.8. Bu Məcəllənin 92.7-ci maddəsində nəzərdə tutulmuş tələblər yerinə yetirilmədikdə cinayət prosesini həyata keçirən orqan hər hansı şəxsin cinayət prosesinə müdafiəçi qismində buraxılmasından imtina edilməsi haqqında əsaslandırılmış qərar çıxarır.

92.9. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada müdafiəçi aşağıdakı hüquqları həyata keçirir:

92.9.1. şübhənin və ya ittihamın mahiyyətini bilmək;

92.9.2. söhbətlərin sayı və müddəti məhdudlaşdırılmadan müdafiə etdiyi şəxslə təklikdə görüşmək və konfidensial ünsiyyət saxlamaq;

92.9.3. cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

92.9.4. şübhəli və ya təqsirləndirilən şəxsə hüquqlarını yadına salmaq, istintaq və ya digər prosessual hərəkəti aparan şəxsin nəzərini onun yol verdiyi qanun pozuntularına cəlb etmək;

92.9.5. məhkəməyədək və ya məhkəmə icraatı zamanı cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq edilməsi üçün sübutlar, habelə digər materiallar toplamaq və cinayət prosesini həyata keçirən orqana təqdim etmək;

92.9.6. etirazlar etmək və vəsatətlər vermək;

92.9.7. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokolunda qeyd edilməsini tələb etmək;

92.9.8. özünün və ya müdafiə etdiyi şəxsin iştirakı ilə keçirilmiş istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclasının protokolları ilə tanış olmaq; iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokollarındakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlər vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə baxışında iştirak edərkən zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

92.9.9. şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsinin həyata keçirilməsi ilə əlaqədar məsələlərin aydınlaşdırılması üçün sübutların toplanması üzrə tədbirlər həyata keçirmək, bu məqsədlə cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildiyi halda fiziki və hüquqi şəxslərin razılığı ilə onları sorğu-suala tutmaq, habelə müqavilə əsasında ekspertin rəyini almaq və mütəxəssisin fikrini öyrənmək;

92.9.10. cinayət prosesini həyata keçirən orqanın ekspertizanın təyin edilməsi haqqında qərarı və ona dair ekspertin rəyi ilə, müdafiə etdiyi şəxsin tutulması, həbsə alınması və ya həbsdə saxlanmasının qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış olmaq;

92.9.11. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, müdafiə etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq;

92.9.12. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

92.9.13. birinci instansiya məhkəməsinin iclasında andlı iclasçıların seçilməsində iştirak etmək;

92.9.14. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

92.9.15. hüquqlarına və qanuni mənafeyinə toxunan qərarlar haqqında cinayət prosesini həyata keçirən orqan tərəfindən məlumatlanmaq və özünün xahişi ilə bu qərarların, o cümlədən qətimkan tədbirinin seçilməsi, istintaq və ya digər prosessual məcburiyyət tədbirlərinin aparılması, təqsirləndirilən şəxs qismində cəlb etmə, ittiham elan olunması haqqında qərarların, habelə ittiham aktının, iddia ərizəsinin, hökmün, məhkəmənin digər yekun qərarının, apellyasiya və ya kassasiya şikayətlərinin, yaxud protestlərinin surətlərini almaq;

92.9.16. təhqiqatçının, müstəntiqin və ya prokurorun hərəkətlərindən və qərarlarından şikayət etmək;

92.9.17. hökmdən və ya məhkəmənin digər qərarlarından apellyasiya, kassasiya və ya əlavə kassasiya qaydasında şikayət vermək;

92.9.18. ittiham hökmündən şikayət istisna olmaqla, verdiyi hər hansı şikayətdən imtina etmək;

92.9.19. müdafiə etdiyi şəxsin tapşırığı ilə onun adından şübhəli və ya təqsirləndirilən şəxsin zərər çəkmiş şəxslə barışdırılmasında çıxış etmək;

92.9.20. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara öz etirazını bildirmək;

92.9.21. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə toxunan şikayətlə əlaqədar cinayət işinə məhkəmə iclasında kassasiya, əlavə kassasiya və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasında və işin materiallarının tədqiqində iştirak etmək;

92.9.22. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

92.9.23. digər tərəfin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

92.9.24. cinayət prosesinin gedişində şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərildikdə müdafiə etdiyi şəxsin hesabına, hüquqi yardım pulsuz göstərildikdə isə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına haqq almaq;

92.9.25. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

92.10. Müdafiəçiyə aşağıdakılar qadağan olunur:

92.10.1. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək, ona qarşı qaldırılmış mülki iddianı qəbul etmək, onun iştirakı ilə aparılan prosessual hərəkətlərdə iştirakdan imtina etmək və onun hüquqlarının həyata keçirilməsinə mane olmaq;

92.10.2. yeni cinayətin hazırlanması və ya törədilməsi barədə məlumat alınması, habelə müdafiəni lazımi qaydada həyata keçirməməsinə görə vəkilin məsuliyyət məsələsi həll edilərkən müdafiə olunan şəxsin dəlillərinin təkzib edilməsi halları istisna olmaqla, hüquqi yardım göstərilməsi ilə əlaqədar ona məlum olan məlumatlardan müdafiə etdiyi şəxsin qanuni mənafeyi ziddinə istifadə oluna bilərsə, onları yaymaq;

92.10.3. özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduqda onlardan ikisini və daha çoxunu müdafiə etmək;

92.10.4. başqa müdafiəçinin cinayət prosesində iştirakına və ya dəvət edilməsinə mane olmaq;

92.10.5. cinayət prosesində iştirak etmək üçün öz səlahiyyətlərini başqasına etibar etmək;

92.10.6. müdafiə etdiyi şəxsin razılığı olmadan hər hansı şəxsi şahid və ya ekspert qismində çağırmaq, şübhəli və ya təqsirləndirilən şəxsin hadisə ilə əlaqəsi, cinayət törətməkdə təqsiri olduğunu, zərər çəkmiş şəxslə barışdığını elan etmək, mülki iddianı tanımaq, müdafiə etdiyi şəxsin şikayətini və ya ittiham hökmündən verdiyi şikayətdən imtina etmək.

92.11. Müdafiəçi bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

92.11.1. cinayət prosesində iştirak edərkən qanunun tələblərini rəhbər tutmaq; şübhəli və ya təqsirləndirilən şəxin qanuni mənafeyinin müdafiəsini bütün qanuni üsullarla həyata keçirmək; onun vəziyyətində işin mümkün dərəcədə xeyrinə başa çatdırılması üçün müdafiə etdiyi şəxsə zəruri hüquqi məsləhətlər vermək və müdafiə tərəfin seçdiyi mövqe üzrə hərəkət etmək; vəkil sirrini qorumaq və vəkil andına riayət etmək;

92.11.2. cinayət prosesini həyata keçirən orqana müdafiəçi səlahiyyətlərini təsdiq edən sənədləri təqdim etmək, cinayət mühakimə icraatı zamanı vəkil etikasına riayət etmək;

92.11.3. şübhəli və ya təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

92.11.4. müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olmadıqda, həmin şəxsin razılığı ilə onda olan əşya və sənədləri cinayət prosesini həyata keçirən orqana təqdim etmək;

92.11.5. məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

92.11.6. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;

92.11.7. məhkəmə iclasında qaydaya riayət etmək;

92.11.8. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

92.11.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

92.12. Şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi protokolda göstərilir. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə müdafiəçidən imtinanı yalnız o halda qəbul edir ki, şübhəli və ya təqsirləndirilən şəxs bu barədə ərizəni öz təşəbbüsü ilə könüllü və müdafiəçinin və ya müdafiəçi qismində təyin olunacaq vəkilin iştirakı ilə vermiş olsun. Hüquqi yardımı ödəmək üçün vəsaitin olmaması üzündən, habelə bu Məcəllənin 92.3.2—92.3.5, 92.3.8, 92.3.12, 92.3.13-cü maddələrində nəzərdə tutulmuş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsi qəbul olunmur, ona müdafiəçi məcburi təyin olunur və ya müdafiəçisi qismində təyin olunmuş vəkilin səlahiyyətləri saxlanılır.

92.13. Şübhəli və ya təqsirləndirilən şəxs müdafiəçidən imtina etdiyi andan özünü müstəqil müdafiə edən hesab olunur. Müdafiəçidən imtina etmiş şəxs bu imtina qəbul edildikdən sonra məhkəmə istintaqı başlananadək cinayət prosesinin hər hansı anında bununla əlaqədar öz mövqeyini dəyişməyə haqlıdır.

92.14. Təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə şübhəli, yaxud təqsirləndirilən şəxsə müəyyən müdafiəçinin dəvət edilməsini təklif etməyə haqlı deyil. Lakin onlar müvafiq ərazi üzrə vəkil qurumunun rəhbərindən aşağıdakı hallarda vəkillər sırasından müdafiəçi təyin edilməsini xahiş etməlidirlər:

92.14.1. şübhəli və ya təqsirləndirilən şəxs tələb etdikdə;

92.14.2. cinayət prosesində müdafiəçinin iştirakı məcburi olan hallarda şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisi olmadıqda.

92.15. Təhqiqatçı, müstəntiq və ya prokuror aşağıdakı hallarda müdafiəçinin digər vəkillə əvəz edilməsini müvafiq ərazi üzrə vəkillər qurumunun rəhbərindən tələb etməyə haqlıdır:

92.15.1. müdafiəçi qismində seçilmiş vəkil şübhəli və ya təqsirləndirilən şəxsin müvafiq olaraq tutulduğu, yaxud həbsə alındığı andan 6 saat müddətində həmin şəxslə görüşməyə gəlmədikdə;

92.15.2. müdafiəçi uzun müddət ərzində (hər bir halda 5 (beş) gündən artıq olmamaq şərti ilə) cinayət prosesində nəzərdə tutulmuş zəruri istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmədikdə, cinayət prosesini həyata keçirən orqan isə bu hərəkətlərin aparılmasını artıq təxirə sala bilmədikdə.

92.16. Vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına aşağıdakı hallarda xitam verilmiş hesab edilir:

92.16.1. müvafiq icraatda iştirak etmək üçün onun səlahiyyətləri olmadıqda;

92.16.2. şübhəli və ya təqsirləndirilən şəxs ondan imtina etdikdə (onunla müqaviləni pozduqda);

92.16.3. cinayət prosesini həyata keçirən orqan müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları aşkar edib onu kənarlaşdırdıqda.

92.17. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçidən imtina etməsini qəbul etmədikdə, müdafiəçinin cinayət prosesində iştirakına xitam verilmir.



Maddə 93. Mülki cavabdeh

93.1. Cinayət prosesinin gedişi zamanı haqqında verilmiş iddia ilə əlaqədar təqsirləndirilən şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməsi nəticəsində vurulmuş maddi ziyana görə qanunla üzərinə maddi məsuliyyət qoyula biləcək şəxs mülki cavabdeh qismində tanınır.

93.2. Mülki cavabdeh qismində tanımaq haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia verilən anda şəxsin mülki cavabdeh qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur.

93.3. Mülki cavabdeh qismində tanındıqdan sonra həmin şəxsin üzərinə təqsirləndirilən şəxsin hərəkətlərinə görə maddi məsuliyyət qoyula bilməməsi və ya şəxsin mülki cavabdeh vəziyyətində qalmasına digər əsaslar olmadığı müəyyən edilərsə, təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə əsaslandırılmış qərarı ilə şəxsin cinayət prosesində mülki cavabdeh qismində iştirakına xitam verir.

93.4. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada mülki cavabdeh aşağıdakı hüquqları həyata keçirir:

93.4.1. ittihamın mahiyyətini bilmək;

93.4.2. ona qarşı verilmiş iddia üzrə izahat və ifadə vermək;

93.4.3. cinayət işinə əlavə və məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

93.4.4. etirazlar etmək və vəsatətlər vermək;

93.4.5. ona qarşı verilmiş iddianın təmin olunması məqsədilə könüllü olaraq pul, qiymətli kağız və qızıl-zinət əşyalarını, müvəqqəti saxlanılması üçün dövlət bankına təhvil vermək;

93.4.6. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə qarşı öz etirazını bildirmək, həmin etirazın istintaq və ya digər prosessual hərəkətlərin protokollarında qeyd olunmasını tələb etmək;

93.4.7. iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokoldakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə, habelə məhkəmə iclasında iştirak edərkən qeyd olunması zəruri olan halların protokolda öz əksini tapmasını tələb etmək; məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlərini vermək;

93.4.8. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq;

93.4.9. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında və işin materiallarının tədqiqində iştirak etmək;

93.4.10. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında nümayəndəsi olmadıqda nitq və replika söyləmək;

93.4.11. cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş, onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə həmin qərarların surətlərini almaq;

93.4.12. ittiham aktının, hökmün və ya məhkəmənin digər qərarının surətlərini almaq;

93.4.13. təhqiqatçının, müstəntiqin, prokurorun qərarlarından, yaxud hərəkətlərindən, habelə hökmün ona qarşı irəli sürülmüş iddiaya dair hissəsindən və ya məhkəmənin digər yekun qərarından şikayət vermək;

93.4.14. özünün və ya nümayəndəsinin verdiyi hər bir şikayətdən imtina etmək;

93.4.15. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş iddia hissəsinə öz etirazını bildirmək;

93.4.16. qanuni mənafeyinə toxunan şikayəti ilə cinayət işinə kassasiya, əlavə kassasiya qaydasında və ya hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə baxılmasına, yaxud cinayət prosesinin digər iştirakçısının şikayətinə öz etirazını bildirmək və cinayət işi materiallarının tədqiqində iştirak etmək;

93.4.17. məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

93.4.18. cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

93.4.19. nümayəndəyə malik olmaq və onun səlahiyyətlərinə xitam vermək;

93.4.20. cinayət prosesinin istənilən anında mülki iddianı qəbul etmək;

93.4.21. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

93.4.22. cinayət prosesini həyata keçirən orqan tərəfindən maddi sübut qismində və ya digər əsaslarla götürülmüş əmlakı, ona məxsus rəsmi sənədlərin əslini geri almaq;

93.4.23. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.

93.5. Mülki cavabdeh bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

93.5.1. cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

93.5.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

93.5.3. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

93.5.4. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;

93.5.5. məhkəmə iclasında qaydaya riayət etmək;

93.5.6. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və ya qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

93.5.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

93.6. Mülki cavabdeh cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində dindirilə bilər.

93.7.Mülki cavabdeh şəxsən və ya nümayəndəsi vasitəsilə öz hüquqlarından istifadə edir və vəzifələrini yerinə yetirir.



X fəsil. Cinayət prosesində iştirak edən digər şəxslər

Maddə 94. Hal şahidi

94.1. Cinayət prosesində şəxsi marağı olmayan, öz razılığı ilə aşkar olunan faktların, onların məzmununun, gedişinin və nəticələrinin təsdiq olunması üçün bu Məcəllənin 236, 244, 246-cı maddələrində nəzərdə tutulmuş hallarda istintaq hərəkətinin aparılmasında iştirak etmək üçün cəlb edilmiş şəxs hal şahidi ola bilər. Təhqiqat, ibtidai istintaq, prokurorluq orqanlarının və məhkəmələrin əməkdaşları, yetkinlik yaşına çatmamışlar, Azərbaycan Respublikasının vətəndaşı olmayanlar, cinayət prosesinin iştirakçısı və ya onların yaxın qohumları, habelə görmə, eşitmə və nitq qabiliyyətində qüsurları olan və ya psixi xəstəliklərdən əziyyət çəkən şəxslər cinayət işi üzrə hal şahidi ola bilməzlər. Hal şahidi qismində cəlb olunmuş hər bir şəxs onun iştirakı ilə baş verənləri tam və düzgün dərk etmək qabiliyyətinə malik olmalıdır.

94.2. Hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

94.2.1. cinayət təqibi orqanının çağırışı ilə gəlmək;

94.2.2. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə cinayət prosesində iştirak edən şəxslərlə münasibətləri barədə məlumat vermək;

94.2.3. istintaq hərəkətini aparan şəxsin göstərişlərinə tabe olmaq;

94.2.4. iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləmək, istintaq hərəkəti aparılan yeri tərk etməmək;

94.2.5. müvafiq istintaq hərəkəti protokolunu imzalamaq, onun qeydləri protokolda əks olunmadığı halda isə protokolu imzalamaqdan imtina etmək;

94.2.6. cinayət prosesini həyata keçirən orqanın icazəsi olmadan onun iştirakı ilə aparılmış istintaq hərəkəti və bu hərəkət zamanı aşkar edilmiş hallar barədə məlumatları yaymamaq; şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

94.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.

94.3. Hal şahidi öz vəzifələrini icra edərkən yol verdiyi qanun pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyır.

94.4. Hal şahidi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

94.4.1. müvafiq istintaq hərəkətinin icraatında onun başlanmasından qurtarmasınadək iştirak etmək;

94.4.2. iştirak etdiyi istintaq hərəkətinin protokolu ilə tanış olmaq, qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

94.4.3. müvafiq istintaq hərəkətinin icraatı və onun protokolu ilə tanış olarkən baş verənlərə dair öz etirazını bildirmək;

94.4.4. istintaq hərəkəti protokolunu yalnız şəxsən dərk etdiyi hallarda imzalamaq;

94.4.5. cinayət prosesində sərf etdiyi xərclərin ödənilməsinə və cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq;

94.4.6. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqlardan istifadə etmək.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin