Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 102. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndələri



Yüklə 1,91 Mb.
səhifə9/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   ...   5   6   7   8   9   10   11   12   ...   36

Maddə 102. Zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndələri

102.1. Cinayət prosesi zamanı zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin qanuni mənafeyini təmsil edən şəxslər onların nümayəndələri hesab edilirlər.

102.2. Cinayət prosesində zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi qismində müvafiq şəxs tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və digər şəxslər iştirak edə bilərlər. Mülki iddiaçı və ya mülki cavabdeh qismində hüquqi şəxsin nümayəndəsi kimi müvafiq hüquqi şəxsin rəhbəri də vəsiqə təqdim etməklə cinayət prosesində iştirak etməyə buraxıla bilər.

102.3. Şəxs zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin nümayəndəsi kimi tanındıqdan sonra şəxsin həmin qisimdə qalmasına əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı ilə onun cinayət prosesində iştirakına xitam verilir. Zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh tərəfindən səlahiyyətlərinə xitam verildikdə, şəxsin də nümayəndə qismində cinayət prosesində iştirakına xitam verilir.

102.4. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin bir neçə nümayəndəsi ola bilər. Cinayət prosesini həyata keçirən orqan istintaq və ya digər prosessual hərəkətin aparılmasında, habelə məhkəmə iclasında iştirak edən nümayəndələrin sayını eyni vaxtda bir nəfərədək məhdudlaşdırmağa haqlıdır.

102.5. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi cinayət prosesi zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, təmsil etdiyi şəxsin hüquqlarını həyata keçirir.

102.6. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

102.6.1. ittihamın mahiyyətini bilmək;

102.6.2. bu Məcəllədə nəzərdə tutulmuş hallarda cinayət prosesini həyata keçirən orqanın təklifi ilə bu orqanın apardığı istintaq və ya digər prosessual hərəkətlərdə, habelə təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən hər hansı istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

102.6.3. izahatlar vermək;

102.6.4. cinayət işinə əlavə və ya məhkəmə iclasında tədqiq olunması üçün sübutlar və digər materiallar təqdim etmək;

102.6.5. etirazlar etmək və vəsatətlər vermək;

102.6.6. cinayət prosesini həyata keçirən orqanın hərəkətlərinə öz etirazını bildirmək və bu etirazın istintaq və ya digər prosessual hərəkətlər protokoluna yazılmasını tələb etmək;

102.6.7. özünün, yaxud təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərin, habelə məhkəmə iclası protokolları ilə tanış olmaq, iştirak etdiyi istintaq və ya digər prosessual hərəkətin protokolundakı yazıların düzgünlüyü və tamlığı barədə qeydlərini vermək; istintaq və ya digər prosessual hərəkətlərdə və məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək;

102.6.8. ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, təmsil etdiyi şəxsə aid zəruri sənədlərin surətlərini çıxarmaq;

102.6.9. məhkəmə baxışı zamanı məhkəmə iclasında iştirak etmək, həmçinin təmsil etdiyi şəxsin iştirak edə biləcəyi bütün digər məhkəmə iclaslarında eyni əsaslarla iştirak etmək;

102.6.10. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında təmsil etdiyi zərər çəkmiş şəxsin, mülki iddiaçının, mülki cavabdehin əvəzinə müvafiq olaraq giriş sözü, nitq və ya replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

102.6.11. cinayət prosesini həyata keçirən orqan tərəfindən onun nəzərinə çatdırılmış məlumatlardan və ya cinayət prosesinin digər iştirakçılarının şikayətlərindən ona məlum olmuş hallara təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan hissədə öz etirazını bildirmək;

102.6.12. təmsil etdiyi şəxsin hüquqlarından istifadə edərək məhkəmə iclasında cinayət prosesinin digər iştirakçıları tərəfindən verilmiş vəsatət və təkliflər haqqında, habelə məhkəmə tərəfindən həll edilən məsələlər üzrə öz fikrini bildirmək;

102.6.13. təmsil etdiyi şəxsin hüququndan istifadə edərək cinayət prosesinin digər tərəfinin qanunsuz hərəkətlərinə öz etirazını bildirmək;

102.6.14. təmsil etdiyi şəxsin razılığı ilə onun üçün digər nümayəndə dəvət etmək və nümayəndəliyi digər şəxsə etibar etmək;

102.6.15. cinayət prosesini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş zərərin ödənilməsini tələb etmək;

102.6.16. təmsil etdiyi şəxsin qanuni mənafeyinə toxunan qərarın qəbul edilməsi barədə cinayət prosesini həyata keçirən orqandan məlumat almaq. Öz xahişinə əsasən göstərilən qərarların surətlərini əldə etmək;

102.6.17. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

102.7. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi təmsil etdiyi şəxsin qanuni mənafeyi əleyhinə hər hansı hərəkəti etməyə haqlı deyil.

102.8. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsinə verilmiş etibarnamədə nəzərdə tutulmuş halda nümayəndə, habelə vəzifəsinə görə mülki iddiaçının və ya mülki cavabdehin qanuni mənafeyini təmsil edən müvafiq hüquqi şəxsin rəhbəri öz səlahiyyəti daxilində bu Məcəllədə nəzərdə tutulmuş qaydada təmsil etdiyi şəxsin adından aşağıdakıları etmək hüququna malikdir:

102.8.1. təmsil etdiyi şəxsə qarşı cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi barədə verilmiş şikayətdən imtina etmək;

102.8.2. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;

102.8.3. nümayəndəsi olduğu zərər çəkmiş şəxsin xüsusi ittihamçı qismində tanınmasını tələb etmək;

102.8.4. təmsil etdiyi şəxsin verdiyi mülki iddiadan imtina etmək;

102.8.5. təmsil etdiyi şəxsə qarşı irəli sürülmüş mülki iddianı qəbul etmək;

102.8.6. təmsil etdiyi şəxsə məhkəmənin qərarı ilə verilmiş əmlakı almaq.

102.9. Zərər çəkmiş şəxsin, mülki iddiaçının və ya mülki cavabdehin nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı vəzifələri yerinə yetirməlidir:

102.9.1. təmsil etdiyi şəxsin göstərişlərinə əməl etmək;

102.9.2. özünün nümayəndə səlahiyyətlərini təsdiq edən sənədləri cinayət prosesini həyata keçirən orqana təqdim etmək;

102.9.3. təmsil etdiyi şəxsin qanuni mənafeyinin müdafiəsi üçün cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə gəlmək;

102.9.4. cinayət prosesini həyata keçirən orqanın tələbi ilə müqayisəli tədqiqat aparmaq üçün onda olan əşyaları, sənədləri və nümunələri təqdim etmək;

102.9.5. təhqiqatçının, müstəntiqin, prokurorun və ya məhkəmə iclasında sədrlik edənin göstərişlərinə tabe olmaq;

102.9.6. məhkəmə iclasında sədrlik edənin icazəsi olmadan fasilə elan edilənədək məhkəmənin iclas zalını tərk etməmək;

102.9.7. məhkəmə iclasında qaydaya riayət etmək;

102.9.8. şəxsi həyatın toxunulmazlığına, ailə, dövlət, peşə, kommersiya və qanunla qorunan digər sirlərə toxunan hallar barədə məlumatları yaymamaq;

102.9.9. bu Məcəllədə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.



Maddə 103. Xüsusi ittihamçının nümayəndəsi

103.1. Xüsusi ittihamçının nümayəndəsi cinayət təqibi üzrə icraat zamanı şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, xüsusi ittihamçının hüquqlarını həyata keçirir.

103.2. Xüsusi ittihamçının nümayəndəsinin cinayət təqibi üzrə icraatda iştirakı bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulmuş zərər çəkmiş şəxsin nümayəndəsi üçün müəyyən olunmuş müddəalara və bu maddədə göstərilmiş xüsusiyyətlərə uyğun həyata keçirilir.

103.3. Məhkəmə cinayət təqibi üzrə icraatda iştirak edən xüsusi ittihamçının xahişi ilə vəkili onun nümayəndəsi qismində təyin etməlidir.

103.4. Cinayət işinə məhkəmə baxışında xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin əvəzinə iştirak edə bilər.

103.5. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada xüsusi ittihamçının nümayəndəsi aşağıdakı hüquqlara malikdir:

103.5.1. cinayət təqibi üzrə materialların hazırlanmasını həyata keçirmək;

103.5.2. təmsil etdiyi şəxsin razılığı ilə cinayət prosesinin istənilən anında ittihamdan imtina etmək;

103.5.3. dövlət ittihamçısı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibini davam etdirmək;

103.5.4. birinci və apellyasiya instansiyası məhkəmələrinin iclaslarında təmsil etdiyi şəxsin əvəzinə giriş sözü, nitq və replika söyləmək, kassasiya məhkəməsində isə baxılan məsələ üzrə çıxış etmək;

103.5.5. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

103.6. Xüsusi ittihamçının nümayəndəsi cinayət prosesinin gedişində xərclərin ödənilməsini təmsil etdiyi şəxsin hesabına, bu Məcəllənin 194.1-ci maddəsi ilə müəyyən edilmiş halda isə, xüsusi ittihamçıya hüquqi yardım pulsuz göstərildikdə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına almaq hüququna malikdir.

103.7. Xüsusi ittihamçının nümayəndəsi bu Məcəllənin 102.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.

Maddə 104. Şahidin qanuni nümayəndəsi

104.1. 14 yaşına çatmamış, habelə daha artıq yaşı olan, lakin yetkinlik yaşına çatmayan və ya fəaliyyət qabiliyyəti olmayan şahidin qanuni nümayəndəsi olmadıqda cinayət prosesini həyata keçirən orqan tərəfindən qəyyumluq və himayəçilik orqanı həmin şəxsin qanuni nümayəndəsi qismində təyin edilir.

104.2. İstintaq və ya digər prosessual hərəkətlərdə iştirak edərkən şahidin qanuni nümayəndəsi bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada aşağıdakı hüquqları həyata keçirir:

104.2.1. təmsil etdiyi şəxsin cinayət prosesini həyata keçirən orqana çağırılmasını bilmək, istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

104.2.2. cinayət prosesini həyata keçirən orqanın icazəsi ilə təmsil etdiyi şəxsə məsləhətlər vermək, irad tutmaq və suallarla müraciət etmək;

104.2.3. vəsatət vermək;

104.2.4. cinayət prosesini həyata keçirən orqanların hərəkətlərinə qarşı etiraz etmək və bu etirazın istintaq və ya digər prosessual hərəkət protokoluna qeyd edilməsini tələb etmək;

104.2.5. təmsil etdiyi şəxslə birgə iştirak etdiyi cinayət işi üzrə məhkəməyədək icraatda İstintaq və ya digər prosessual hərəkətlərin protokolları ilə tanış olmaq, protokolda yazılanların düzgünlüyünə və tamlığına dair qeydlər vermək, istintaq və ya digər prosessual hərəkətlərdə və ya məhkəmə iclasında iştirak edərkən qeyd edilməsi zəruri olan halların müvafiq protokola daxil edilməsini tələb etmək, məhkəmə iclasının protokolu ilə tanış olmaq və ona qeydlər vermək;

104.2.6. təmsil etdiyi şəxs üçün nümayəndə qismində vəkil dəvət etmək;

104.2.7. bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

104.3. Şahidin qanuni nümayəndəsi bu Məcəllənin 101.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.

Maddə 105. Şahidin nümayəndəsi

105.1. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı zamanı şahidi cinayət prosesini həyata keçirən orqana müşayiət etmək üçün onun tərəfindən nümayəndə qismində dəvət edilmiş və bu hərəkətlərin aparılmasının başlanğıcında gəlmiş nümayəndə (vəkil və ya digər şəxs) səlahiyyətini təsdiq edən müvafiq sənədləri təqdim etdikdən sonra aşağıdakı hüquqlara malikdir:

105.1.1. təmsil etdiyi şəxsin hansı cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə çağırıldığını bilmək;

105.1.2. təmsil etdiyi şəxsin iştirakı ilə keçirilən istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək;

105.1.3. təmsil etdiyi şəxsin razılığı ilə onun dindirilməsində iştirak edən tərcüməçiyə etiraz etmək;

105.1.4. xahişlər etmək;

105.1.5. təmsil etdiyi şəxsə hüquqi məsələlər üzrə izahat vermək.

105.2. Şahidin nümayəndəsi bu Məcəllənin 102.9-cu maddəsində nəzərdə tutulmuş vəzifələri yerinə yetirməlidir.



Maddə 106. Zərər çəkmiş şəxsin hüquqi varisi

106.1. Hadisə nəticəsində ölmüş zərər çəkmiş şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri zərər çəkmiş şəxsin hüquqi varisi hesab olunur.

106.2. Zərər çəkmiş şəxsə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə mənəvi, fiziki və ya maddi ziyan vurmuş yaxın qohumu həmin zərər çəkmiş şəxsin hüquqi varisi hesab edilə bilməz.

106.3. Zərər çəkmiş şəxsin yaxın qohumunun onun hüquqi varisi qismində tanınması haqqında qərarı həmin qohumun xahişi olduqda, cinayət prosesini həyata keçirən orqan qəbul edir. Bu zaman müvafiq xahişlə müraciət etmiş bir neçə yaxın qohum arasından zərər çəkmiş şəxsin hüquqi varisinin seçilməsində mübahisə olduqda həmin məsələni məhkəmə həll edir. Göstərilən xahişlə müraciət edilən anda şəxsin hüquqi varis qismində tanınması üçün kifayət qədər əsaslar olmadıqda, müvafiq qərar belə əsaslar müəyyən edildikdən dərhal sonra qəbul edilir.

106.4. Şəxs zərər çəkmiş şəxsin hüquqi varisi kimi tanındıqdan sonra onun həmin qisimdə qalması üçün əsasların olmadığı müəyyən edildikdə, cinayət prosesini həyata keçirən orqan əsaslandırılmış qərarı ilə bu şəxsin cinayət prosesində zərər çəkmiş şəxsin hüquqi varisi kimi iştirakına xitam verir. Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət işi üzrə icraatın hər hansı anında müvafiq səlahiyyətləri öz üzərindən götürə bilər.

106.5. Zərər çəkmiş şəxsin hüquqi varisi cinayət təqibi üzrə icraatda zərər çəkmiş şəxsin əvəzinə iştirak edir. Bu zaman o, zərər çəkmiş şəxsin ifadə vermək hüququndan və şəxsiyyətin ayrılmaz hüquqları istisna olmaqla, digər hüquqlardan istifadə edir və digər vəzifələr daşıyır. Zərər çəkmiş şəxsin hüquqi varisi zərər çəkmiş şəxs kimi eyni əsaslar üzrə xüsusi ittihamçı hüquqlarından istifadə edə və onun vəzifələrini daşıya bilər.

106.6. Zərər çəkmiş şəxsin hüquqi varisinin aşağıdakılara hüququ yoxdur:

106.6.1. şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq;

106.6.2. xüsusi ittihamçı qismində cinayət təqibindən imtina etmək;

106.6.3. zərər çəkmiş şəxsin verdiyi şikayətdən imtina etmək.

106.7. Zərər çəkmiş şəxsin hüquqi varisi şahid qismində dindirilə bilər.

106.8. Zərər çəkmiş şəxsin hüquqi varisi bu Məcəllədə nəzərdə tutulmuş digər hüquqları və vəzifələri yerinə yetirir.



XII fəsil. Cinayət prosesində etirazlar

Maddə 107. Etiraz və özü özünə etirazın ümumi müddəaları

107.1. Cinayət prosesində müvafiq şəxslərin iştirakına etirazlar və özü özünə etirazlar əsaslandırılmaqla yazılı formada edilir.

107.2. Hakimin, andlı iclasçının, prokurorun, müstəntiqin, təhqiqatçının, müdafiəçinin, zərər çəkmiş şəxsin, (xüsusi ittihamçının), mülki iddiaçının, mülki cavabdehin, yaxud şahidin nümayəndəsinin, eləcə də hal şahidinin, məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ya ekspertin cinayət prosesində iştirakını istisna edən, bu Məcəllənin 109, 110, 112—118-ci maddələri ilə nəzərdə tutulmuş hallar mövcud olduqda, onlar özü özünə etiraz etməlidirlər.

107.3. Etiraz aşağıdakı qaydada edilə bilər:

107.3.1. prokurora, müstəntiqə, təhqiqatçıya, məhkəmə iclasının katibinə, tərcüməçiyə, mütəxəssisə, yaxud ekspertə — cinayət prosesinin hər hansı iştirakçısı tərəfindən cinayət prosesinin istənilən anında;

107.3.2. müdafiəçiyə, zərər çəkmiş şəxsin, xüsusi ittihamçının, mülki iddiaçının, mülki cavabdehin və ya şahidin nümayəndəsinə — cinayət prosesinin istənilən anında şübhəli və ya təqsirləndirilən şəxs, dövlət ittihamçısı və ya xüsusi ittihamçı, habelə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki çavabdeh, onların qanuni nümayəndələri və ya nümayəndələri tərəfindən;

107.3.3. hakimə, yaxud andlı iclasçıya — cinayət prosesinin istənilən iştirakçısı tərəfindən yalnız məhkəmə istintaqı başlananadək, məhkəmə istintaqı başlandıqdan sonra isə yalnız cinayət prosesinin etiraz edən hər hansı iştirakçısı müvafiq şəxsin prosesdə iştirakını istisna edən halların bilavasitə etiraz etməkdən əvvəl ona məlum olduğunu sübut etdikdə;

107.3.4. hal şahidinə — müvafiq istintaq hərəkəti başlananadək cinayət prosesinin həmin istintaq hərəkətində iştirak etmək hüququna malik olan hər hansı iştirakçısı tərəfindən.

107.4. Hakimə (məhkəmə tərkibinə) və ya andlı iclasçıya etiraz məhkəmə baxışını ləngitmək məqsədilə edilmişsə, yaxud etirazın dəlilləri uydurma olarsa (həqiqətə uyğun deyildirsə), etiraz etmiş şəxs məhkəmənin qərarına əsasən iki yüz iyirmi manat cərimə edilə bilər.

107.5. Cinayət prosesini həyata keçirən orqan öz səlahiyyətləri daxilində cinayət prosesinin gedişində etirazları və özü özünə etirazları həll etməyə, müvafiq şəxsin cinayət prosesində iştirakını istisna edən halları aşkar etdikdə isə öz təşəbbüsü ilə onu cinayət prosesindən kənarlaşdırmağa haqlıdır.

107.6. Qohumluq əlaqələri və ya digər şəxsi asılılıq münasibətləri olan şəxslər məhkəmənin tərkibinə daxil ola bilməzlər.

107.7. Başqa şəxslərə edilən etirazları həll etmək səlahiyyəti olan şəxsə edilən etiraz ilk növbədə həll edilməlidir. Hakimə və ya andlı iclasçıya etiraz etmə ilə eyni zamanda cinayət prosesinin digər iştirakçısına, habelə məhkəmə iclası katibinə, tərcüməçiyə, ekspertə və ya mütəxəssisə etiraz edildikdə, ilk növbədə müvafiq olaraq hakimə, yaxud andlı iclasçıya etiraz etmə məsələsi həll edilməlidir.

107.8. Bir neçə şəxsin eyni vaxtda qohumluq və ya digər şəxsi asılılıq münasibətlərinə görə cinayət prosesində iştirakı istisna olunduqda, digərlərindən daha gec hakim, andlı iclasçı və ya cinayət prosesinin iştirakçısı vəzifəsini əldə etmiş şəxslər ilk növbədə cinayət prosesindən kənarlaşdırılmalıdır.

107.9. Qohumluq və digər şəxsi asılılıq münasibətləri ilə bağlı şəxslər məhkəmə tərkibində olduqda, hansı şəxslərin cinayət prosesindən kənarlaşdırılması məsələsini məhkəmə iclasında sədrlik edən həll edir və bu halda andlı iclasçı hakimdən əvvəl kənarlaşdırılmalıdır.



Maddə 108. Cinayət prosesində iştirakdan azad etmə

108.0. Məhkəmə iclası katibinin, tərcüməçinin, mütəxəssisin və ekspertin cinayət prosesində iştirakını istisna edən hallar yoxdursa, məhkəmə məhkəmə istintaqı başlananadək onları öz xahişləri ilə aşağıdakı hallarda iştirakdan azad edə bilər:

108.0.1. öz borcunu yerinə yetirməsinə mane olan üzrlü səbəblər olduqda;

108.0.2. bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda.



Maddə 109. Hakimə etiraz

109.1. Hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun:

109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə;

109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda;

109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda;

109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə;

109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə;

109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar və yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxması hallarını istisna etmir);

109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda;

109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda.

109.2. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, hakim özü özünə etiraz etməlidir.

109.3. Etiraz məsələsini aşağıdakılar həll edir:

109.3.1. birinci instansiya məhkəməsində cinayət işinə andlı iclasçıların iştirakı ilə və ya hakim tərəfindən təkbaşına, cinayət təqibi ilə bağlı digər materiala isə hakim tərəfindən təkbaşına baxıldıqda hakimin özü özünə və ya ona edilmiş etirazı — həmin məhkəmənin sədri;

109.3.2. birinci, apellyasiya və kassasiya instansiyası məhkəməsində cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala hakimlər kollegiyasından ibarət tərkibdə baxıldıqda hakimin özü özünə və ya ona edilmiş etirazı — onun iştirakı olmadan hakimlər kollegiyası;

109.3.3. birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi;

109.3.4. apellyasiya və kassasiya instansiyası məhkəməsinin iki hakiminin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı — müvafiq olaraq apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədrləri.

109.4. Bu Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulmuş hallarda özü özünə etiraza və ya edilmiş etiraza baxılaraq cinayət prosesi iştirakçılarının və etiraz edilmiş hakimin fikri öyrənilir və müvafiq qərar çıxarılır. Bu qərardan şikayət verilə bilməz. Hakimlər kollegiyasında etirazın lehinə və ya əleyhinə verilmiş səslərin sayı bərabər olduqda hakim cinayət prosesindən kənarlaşdırılır.

109.5. Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir.



Maddə 110. Andlı iclasçıya etiraz

110.1. Bu Məcəllənin 109.1-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri mövcuddursa, habelə qanuna əsasən şəxs andlı iclasçıların siyahısına daxil edilməli şəxs deyilsə, yaxud hakimdən və ya xidmətlə əlaqədar cinayət prosesinin tərəflərindən asılıdırsa, andlı iclasçıya etiraz şərtsiz təmin edilməlidir.

110.2. Andlı iclasçıların müəyyən olunmuş sayı ilə əlaqədar, bu Məcəllənin 364-cü maddəsində nəzərdə tutulmuş qaydada, ittiham və ya müdafiə tərəfi hər hansı andlı iclasçıya dəlilsiz etiraz edə bilər.

110.3. Andlı iclasçıya etirazı məhkəmə iclasında sədrlik edən təkbaşına həll edir.



Maddə 111. Andlı iclasçının öz vəzifələrini icra etməkdən azad olunması

111.1. Məhkəmə iclasında sədrlik edən andlı iclasçını öz vəzifələrini icra etməkdən aşağıdakı hallarda azad edir:

111.1.1. o, cinayət törətməkdə təqsirləndirildikdə və ya şübhələnildikdə;

111.1.2. onun kar, kor, digər fiziki və ya əqli çatışmazlığı olması, habelə məhkəmə icraatı aparılan dili bilməməsi, yaxud kifayət qədər bilməməsi nəticəsində məhkəmə iclasının gedişini tam qavramaq, sənədlərlə tanış olmaq və andlı iclasçılar kollegiyası iclasında öz fikirlərini söyləmək qabiliyyəti olmadıqda;

111.1.3. konkret iş üzrə andlı iclasçıların seçilməsi qurtaranadək onun namizədliyinin siyahıdan çıxarılması xahişi təmin olunduqda.

111.2. Aşağıdakı andlı iclasçılar yazılı ərizələrində əks olunmuş öz xahişlərinə əsasən, məhkəmə iclasında sədrlik edən tərəfindən vəzifələrini icra etməkdən azad oluna bilərlər:

111.2.1. 65 yaşdan yuxarı şəxslər;

111.2.2. üç yaşınadək uşağı olan qadınlar, habelə üç yaşınadək uşağını təkbaşına böyüdən kişilər;

111.2.3. dini və sair etiqadlarına görə ədalət mühakiməsinin həyata keçirilməsində iştirakı mümkün hesab edilməyən şəxslər;

111.2.4. xidməti vəzifəsinin icrasından ayrılması ilə əlaqədar ictimai və dövlət mənafeyinə əhəmiyyətli zərər vura biləcək şəxslər;

111.2.5. məhkəmə iclasında iştirak etməməsinə digər üzrlü səbəbləri olan şəxslər.


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin