Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 209. Cinayət işinin dərhal başlanması



Yüklə 1,91 Mb.
səhifə16/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

Maddə 209. Cinayət işinin dərhal başlanması

209.1. Bu Məcəllədə nəzərdə tutulmuş səbəblər və əsaslar mövcud olduğu bütün hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror dərhal cinayət işi başlamalıdır.

209.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror həmçinin aşağıdakı hallarda dərhal cinayət işini aşkar edilmiş fakt üzrə başlamalıdır:

209.2.1. qətl əlamətlərinin izləri ilə insan meyiti aşkar edildikdə;

209.2.2. tanınmamış insan meyiti, insan bədəninin hissələri, yaxud onların basdırılma yerləri aşkar edildikdə;

209.2.3. insanların kütləvi həlak olması, yoluxması və ya zəhərlənməsi əlamətləri olduqda;

209.2.4. ictimai və ya yaşayış yerlərində, habelə dövlət müəssisə, idarə və ya təşkilatlarının binalarında güclü partlayış, yaxud yanğın baş verdikdə;

209.2.5. qanuni əsaslarla saxlama halları istisna olmaqla, odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular, radioaktiv materiallar, zəhərləyici maddələr aşkar edildikdə;

209.2.6. insanların oğurlanması və ya onların girov götürülməsi əlamətləri, habelə insanlar xəbərsiz itkin düşdüyü hallarda onların qətlə yetirilməsinə şübhələr olduqda;

209.2.7. insan qanunsuz olaraq azadlıqdan məhrum edildikdə;

209.2.8. tarix və ya mədəniyyət abidələri, habelə qəbirlər üzərində təhqiredici hərəkətlər edildikdə;

209.2.9. silahlı qiyam olduqda, hakimiyyət zorla ələ keçirildikdə və ya zorla saxlanıldıqda;

209.2.10. Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsi barədə açıq çağırışlar olduqda;

209.2.11. kütləvi iğtişaş olduqda;

209.2.12. təxribat və ya terror aktı törədildikdə;

209.2.13. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatının, Azərbaycan Respublikası Nazirlər Kabineti üzvünün həyatına sui-qəsd edildikdə;

209.2.14. məhkəməyə hörmətsizlik edildikdə;

209.2.15. hakimin, prokurorun, müstəntiqin, təhqiqatçının, vəkilin, ekspertin, habelə təhqiqat və ya ibtidai istintaq orqanının, məhkəmənin icraatında olan cinayət işi üzrə zərər çəkmiş şəxsin və ya şahidin həyatına sui-qəsd edildikdə;

209.2.16. cəza çəkən və ya həbsdə olan şəxs müvafiq olaraq azadlıqdan məhrum etmə yerindən, həbsdən, yaxud mühafizə altından qaçdıqda.

Maddə 210. Cinayət işinin başlanması qaydası

210.1. Bu Məcəllənin 209-cu maddəsində nəzərdə tutulmuş hallarda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində cinayət işinin başlanması barədə qərar çıxarır.

210.2. Cinayət işinin başlanması barədə qərarda aşağıdakılar göstərilməlidir:

210.2.1. qərarın çıxarıldığı tarix, vaxt və yer;

210.2.2. qərarı çıxarmış şəxsin soyadı, adı və atasının adı, vəzifəsi;

210.2.3. cinayət işinin başlanmasına səbəb, əsas və ya fakt;

210.2.4. cinayət işinin başlanmasına dair cinayəti nəzərdə tutan cinayət qanununun maddəsi;

210.2.5. cinayət işinin başlanmasından sonra onun ibtidai araşdırılma aparılması üçün icraata götürülməsi və ya verilməsi.

210.3. Cinayət işinin başlanması anında cinayətin törədilməsindən zərər çəkmiş şəxs məlum olduqda, cinayət işinin başlanması ilə eyni vaxtda həmin şəxs zərər çəkmiş kimi, cinayətin törədilməsi barədə məlumatla birlikdə mülki iddia verildikdə isə, bu şəxs həmin qərarda həmçinin mülki iddiaçı kimi tanınır.

210.4. Cinayət işinin başlanması barədə qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə, habelə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

210.5. Cinayət işinin başlanması ilə eyni vaxtda davam edən və təkrar cinayətlərin qarşısının alınması, habelə cinayətin izlərinin, iş üçün əhəmiyyətli ola biləcək əşya və sənədlərin saxlanılması və mühafizəsi üçün tədbirlər görülməlidir.

210.6. Cinayət işinin başlanmasından sonra:

210.6.1. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin icraata götürülməsi və ibtidai istintaq aparılması üçün cinayət işini müstəntiqə göndərir və ya cinayət işini öz icraatına götürür və ibtidai istintaq aparır;

210.6.2. müstəntiq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru cinayət işinin başlanması haqda məlumatlandırmaqla cinayət işi üzrə ibtidai istintaq aparır;

210.6.3. təhqiqatçı ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroru cinayət işinin başlanması haqda məlumatlandırmaqla cinayət işi üzrə təhqiqat aparır.

Maddə 211. Cinayət işlərinin birləşdirilməsi və cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması

211.1. Cinayət işlərinin birləşdirilməsi bu Məcəllənin 49-cu maddəsində nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.

211.2. Müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror aşağıdakı şərtlərdən biri mövcud olduqda öz icraatında olan cinayət işinin materiallarından başqa cinayət işini ayrıca icraata ayırır:

211.2.1. təqsirləndirilən şəxsin ittiham edildiyi cinayətlə bərabər onunla bağlı olmayan, təqsirləndirilən şəxs tərəfindən deyil, digər məlum və ya naməlum şəxslər tərəfindən təqsirləndirilən şəxsin iştirakı olmadan törədilmiş başqa cinayət müəyyən edildikdə;

211.2.2. ilkin cinayət işi üzrə icraat araşdırılan bəzi cinayətlərə aid olan hissədə dayandırılmalı olduqda;

211.2.3. ilkin cinayət işi üzrə icraat bir təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olduqda və digər təqsirləndirilən şəxslər barəsində dayandırılmalı olmadıqda;

211.2.4. digər şəxslərlə yanaşı ilkin cinayət işi üzrə təqsirləndirilən şəxs qismində yetkinlik yaşına çatmayanlar cəlb edildikdə (icraatın ayrılması mümkündürsə);

211.2.5. qapalı məhkəmə baxışı üçün əsaslar bir təqsirləndirilən şəxsə aid olduqda, digərlərinə aid olmadıqda;

211.2.6. cinayət işinin həcminin həddən artıq böyüklüyü işdə iştirak edən şəxslərin hüquq və qanuni mənafelərinin təmin edilməsinə maneçilik törətdikdə, araşdırmanı və işin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdıqda.

211.3. Bu Məcəllənin 211.2-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən biri və ya bir neçəsi mövcud olsa da cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında araşdırılmasına maneələr olduqda başqa cinayət işi ayrıla bilməz.

211.4. Başqa cinayət işinin ayrılması haqqında qərarda aşağıdakılar göstərilməlidir:

211.4.1. cinayət işinin ayrılması üçün əsaslar;

211.4.2. cinayət işinin ayrılması üçün səbəb olmuş epizodlar və şəxslər;

211.4.3. cinayət işinin ayrılmasına dair cinayəti nəzərdə tutan cinayət qanununun maddəsi;

211.4.4. cinayət işinin sonrakı ibtidai istintaqının aparılması və öz icraatına qəbul edilməsi haqqında qərar.

211.5. Başqa cinayət işinin ayrılması haqqında qərara işə daxil edilən materialların siyahısı və qərarların, protokolların, sənədlərin, maddi sübutların surətləri, yaxud əsilləri əlavə edilir.

211.6. Başqa cinayət işinin ayrılması haqqında qərarın və ona daxil edilən materialların siyahısının birinci nüsxəsi cinayət işi üzrə ilkin icraata, ikinci nüsxəsi isə ayırılan cinayət işi üzrə icraata əlavə edilir. Başqa cinayət işinin ayrılması haqqında qərarın surəti 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.

211.7. Başqa cinayət işinin ayrılması və onun gələcək istiqaməti barədə cinayət işi üzrə ilkin icraatda iştirak etmiş təqsirləndirilən şəxs, onun qanuni nümayəndəsi və müdafiəçisi, habelə qanuni mənafeləri ilə əlaqəli olduqda zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və onların nümayəndələri məlumatlandırılır.



Maddə 212. Cinayət işinin başlanmasının rədd edilməsi

212.1. Cinayət işinin başlanması üçün səbəblərin qanunsuz olduğu və ya əsasın olmadığı halda təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarır.

212.2. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir.

212.3. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından müvafiq olaraq ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, yaxud məhkəməyə şikayət verilə bilər.

212.4. Təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarında verilmiş şikayət üzrə aşağıdakı hərəkətlər yerinə yetirilir:

212.4.1. ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və ya yuxarı prokuror göstərilən qərarı ləğv edir, 10 (on) gündən artıq olmayan müddətdə əlavə yoxlama keçirilməklə və yaxud keçirilməməklə cinayət işinin başlanması haqqında qərar qəbul edir və onu ibtidai istintaqın aparılması üçün müstəntiqə göndərir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır;

212.4.2. məhkəmə nəzarəti funksiyalarını həyata keçirən məhkəmə göstərilən qərarı ləğv edir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun diqqətini bu Məcəllənin 207, 209 və 210-cu maddələrinin tələblərinin pozulmasına cəlb etməklə bu tələblərin yerinə yetirilməsinin təmin edilməsi barədə qərar qəbul edir, yaxud cinayət işinin başlanmasının rədd edilməsi haqqında çıxarılmış qərarı dəyişdirilmədən saxlayır.

Maddə 213. Cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi

213.1. Aşağıdakı hallarda təhqiqatçı və ya müstəntiq cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti üzrə göndərə bilər:

213.1.1. həmin cinayətin araşdırılması onun səlahiyyətinə aid olmadıqda;

213.1.2. cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildikdə.

213.2. İbtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror cinayət işini başlamadan törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı yalnız həmin cinayət onun fəaliyyət dairəsinin hüdudlarından kənar ərazidə törədildikdə, cinayət işinin başlanması haqqında məsələnin həll edilməsi üçün isə cinayətin törədildiyi yer üzrə yoxlama hərəkətlərinin aparılması zərurəti olduqda, istintaq aidiyyəti üzrə göndərə bilər.

213.3. Təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror xüsusi ittiham qaydasında təqib edilən cinayətlər haqqında zərər çəkmiş şəxslərin şikayətlərini məhkəmə aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərməlidir.

213.4. Törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatı istintaq aidiyyəti qaydasında almış təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror öz səlahiyyətləri daxilində bu Məcəllənin 207, 209 və 210-cu maddələrində nəzərdə tutulmuş tədbirlər görməlidir.

213.5. Cinayət haqqında məlumatın istintaq və ya məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərarın surəti həmin qərarı qəbul etmiş şəxs tərəfindən 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, habelə törədilmiş və ya hazırlanan cinayət haqqında məlumat vermiş fiziki, hüquqi və ya vəzifəli şəxsə göndərilir.



XXVI fəsil. İbtidai araşdırmanın ümumi şərtləri

Maddə 214. Cinayət işləri üzrə təhqiqatın aparılması

214.1. Təhqiqat ibtidai araşdırmanın növü kimi aşağıdakı şəkildə aparılır:

214.1.1. ibtidai istintaqı məcburi olan cinayət işləri üzrə təxirəsalınmaz istintaq hərəkətlərinin icraatı;

214.1.2. böyük ictimai təhlükə törətməyən bəzi aşkar cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat.

214.2. Cinayət işləri üzrə təhqiqatı aşağıdakı təhqiqat orqanları və şəxslər aparırlar:

214.2.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının (təhqiqat orqanlarının) təhqiqatçıları — Azərbaycan Respublikasının həmin müvafiq icra hakimiyyəti orqanları müstəntiqlərinin səlahiyyətlərinə aid edilmiş cinayət işləri üzrə;

214.2.2. rəhbərlik etdikləri hərbi hissələrin, hərbi idarələrin (müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələr və hərbi idarələr istisna olmaqla) cəzaçəkmə müəssisələrinin, həbsdə saxlanılma yerlərinin, dəniz gəmilərinin yerləşdiyi ərazidə (ərazi üzrə) törədilmiş cinayətlərə dair cinayət işləri üzrə — müvafiq olaraq təhqiqatçı səlahiyyətlərini həyata keçirən hərbi hissə komandirləri, hərbi idarə rəisləri, cəzaçəkmə müəssisələrinin və ya həbsdə saxlanılma yerlərinin rəisləri, dəniz gəmilərinin kapitanları və digər müvəkkil edilmiş şəxslər; əks-kəşfiyyat fəaliyyətinin təminatı həyata keçirilən hərbi hissələrdə, hərbi idarələrdə təhlükəsizlik orqanlarının səlahiyyətlərinə aid olan işlər üzrə — müvafiq icra hakimiyyəti orqanlarının təhqiqatçıları.

214.2.3. müvafiq icra hakimiyyəti orqanına aid hərbi hissələrin və hərbi idarələrin ərazisində hərbi qulluqçular tərəfindən və ya hərbi xidmət əleyhinə törədilmiş cinayətlərə dair işlər üzrə - müvafiq icra hakimiyyəti orqanının təhqiqatçıları.

214.3. Təxirəsalınmaz istintaq hərəkətlərinin aparılması şəklində təhqiqat cinayətin izlərinin müəyyən edilməsi və rəsmiləşdirilməsi məqsədilə aparılır. Təhqiqatı bu şəkildə apararkən bu Məcəllənin 147,148,153, 207, 209, 210, 226—232, 234, 236, 238—247, 264, 268—270, 273—276-cı maddələrinin müddəalarına müvafiq olaraq təhqiqatçı:

214.3.1. cinayət işini başlayır və bu barədə dərhal ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verir;

214.3.2. şübhəli şəxsi tutmaq, onun, zərər çəkmiş şəxsin, şahidin, mülki iddiaçının, mülki cavabdehin, şahidlərin dindirilməsi, axtarış, müayinə (şəxsi müayinə) və götürmə kimi istintaq hərəkətlərini aparır;

214.3.3. cinayət işinin başlanmasından sonra 10 (on) gündən gec olmayaraq sonrakı araşdırmanın aparılması üçün cinayət işini istintaq orqanına göndərir;

214.3.4. cinayət işinin başlanmasından 10 (on) gün keçdikdən sonra müstəntiq və ya ibtidai araşdırmanı həyata keçirən prokurorun tapşırığı ilə ayrı-ayrı istintaq hərəkətlərini aparır və ya əməliyyat-axtarış tədbirlərini həyata keçirir;

214.3.5. cinayət işinin başlanmasından 10 (on) gün keçdikdən sonra cinayət açılmamış qalarsa, cinayəti törətmiş şəxsin müəyyən və aşkar edilməsi, tutulması və müstəntiqə təhvil verilməsinə dair tədbirlər görür.

214.4. Məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 128—132, 174—176, 177.1, 186.1, 187.1, 187.2, 196.1, 197.1 və 201.1-ci maddələri ilə nəzərdə tutulmuş böyük ictimai təhlükə törətməyən aşkar cinayətlər üzrə aparılır.

214.5. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində təhqiqat bu Məcəllənin 293—297-ci maddələrində nəzərdə tutulmuş müddəalara uyğun aparılır.

214.6. Öz səlahiyyətləri daxilində istintaq hərəkətlərini apararkən təhqiqatçı aparılan təhqiqatın növündən asılı olmayaraq müvafiq istintaq hərəkətlərinin keçirilməsi qaydasını nəzərdə tutan bu Məcəllənin maddələrinin tələblərinin yerinə yetirilməsini təmin etməklə müstəntiqin hüquqlarından istifadə edir və onun vəzifələrini yerinə yetirir.



Maddə 215. Cinayət işləri üzrə ibtidai istintaqın aparılması

215.1. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə məhkəməyədək sadələşdirilmiş icraat şəklində aparılan təhqiqat istisna olmaqla, bütün cinayət işləri üzrə ibtidai istintaqın aparılması məcburidir.

215.2. Cinayət işləri üzrə ibtidai istintaq prokurorluq və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

215.3. İbtidai istintaq aşağıdakı hallarda prokurorluq tərəfindən aparılır:

215.3.1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100—113, 120—125, 126.3, 135—138, 145, 146, 149, 154—164, 165.2, 165-2, 165-3,166.2, 167-168, 179, 189-1, 190, 191, 193-1, 195, 195-1, 202 - 203-1, 208, 210—212, 222, 223, 262, 268, 286—288, 290—302, 304, 307—315, 316-2.1, 317, 317-1.2, 321, 323-cü maddələrində nəzərdə tutulmuş cinayətlərə dair işlər üzrə;

215.3.2. cinayətin törədilməsində Azərbaycan Respublikası Prezidentinin, Milli Məclisin deputatlarının, Baş nazirin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Məhkəmə-Hüquq Şurasının üzvlərinin, hakimlərin, prokurorluq orqanları əməkdaşlarının, Azərbaycan Respublikasının xaricdəki diplomatik idarələrinin və xarici dövlətlərin Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliklərinin əməkdaşlarının, habelə ədliyyə, polis, təhlükəsizlik, miqrasiya, vergi və gömrük orqanları əməkdaşlarının təqsirləndirilməsi ilə bağlı cinayət işləri üzrə.

215.4. Müharibə cinayətlərinə və hərbi xidmət əleyhinə olan cinayətlərə dair, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlərə dair işlər üzrə ibtidai istintaq hərbi prokurorluq tərəfindən aparılır (göstərilən cinayətlər hərbi qulluqçu olmayan şəxsin iştirakı ilə törədilərsə, onun barəsində cinayət işi üzrə ibtidai istintaq da hərbi prokurorluq tərəfindən aparılır).

215.5. Bu Məcəllənin 215.3 və 215.4-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa, digər cinayət işləri üzrə ibtidai istintaq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır.

215.6. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı həmin işin bir neçə istintaq orqanına aid olduğu müəyyən edildikdə, ibtidai istintaqın hərtərəfli, tam və obyektiv aparılması üçün Azərbaycan Respublikası Baş prokurorunun, onun müavinlərinin , habelə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən müvafiq səlahiyyət verilmiş ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun əsaslandırılmış qərarı əsasında:

215.6.1. prokurorluğa və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına aid olan cinayət işi üzrə — prokurorun və ya prokurorluğun müstəntiqinin rəhbərliyi ilə birgə istintaq qrupu yaradılır;

215.6.2. Azərbaycan Respublikasının bir neçə müvafiq icra hakimiyyəti orqanına aid olan cinayət işi üzrə — cinayətin ağırlıq dərəcəsindən asılı olaraq həmin orqanların müstəntiqlərindən ibarət birgə istintaq qrupu yaradılır və onun rəhbəri müəyyən edilir.

215.7. Cinayət işi üzrə ibtidai istintaqın hərtərəfli, tam obyektiv aparılması üçün işin aidiyyəti olan istintaq orqanından digər istintaq orqanına verilməsinə aşağıdakı müstəsna hallarda Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı əsasında yol verilir:

215.7.1. cinayət işinin istintaqı aid olan orqan tərəfindən cinayətin qeydiyyatdan gizlədilməsi müəyyən edildikdə (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən zəruri tədbirlər görülməmişdirsə, o cümlədən göstərilən hallar aradan qaldırılmamışdırsa və təqsirli şəxslər məsuliyyətə cəlb olunmamışdırsa);

215.7.2. cinayət işinin istintaqı aid olan orqan tərəfindən işin istintaqı zamanı təqsirləndirilən şəxsin qanunsuz həbsdə saxlanılması və ya ona işgəncə verilməsi müəyyən edildikdə;

215.7.3. cinayət işinin istintaqı aid olan orqan tərəfindən bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda şəxsin müdafiəçi ilə təmin edilməməsi müəyyən olunduqda;

215.7.4. cinayət işinin istintaqı aid olan Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının rəhbəri, yaxud onun yaxın qohumu həmin iş üzrə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, yaxud mülki cavabdeh olduqda.

215.8. Azərbaycan Respublikası Baş prokurorunun özü və ya yaxın qohumu iş üzrə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxs, mülki iddiaçı, yaxud mülki cavabdehdirsə, istintaqı prokurorluğa aid olan işin digər istintaq orqanına verilməsi Azərbaycan Respublikası Baş prokurorunun birinci müavininin əsaslandırılmış qararı əsasında həyata keçirilir.

215.9. Bu Məcəllənin tələblərinə uyğun olaraq, başlanmış cinayət işi üzrə istintaq aparan orqanın səlahiyyətinə aid olmayan cinayət qanunu ilə nəzərdə tutulmuş əməllərin əlamətləri sonradan aşkar edildikdə, toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda cinayət təqibinin səmərəliliyini və istintaq müddətlərinə riayət olunmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Baş prokurorunun əsaslandırılmış qərarı ilə istintaqın davam etdirilməsi həmin orqana həvalə edilə bilər.



Maddə 216. İbtidai araşdırmanın aparıldığı yer

216.1. İbtidai araşdırma cinayətin törədildiyi yer üzrə (inzibati ərazi vahidi üzrə) aparılır.

216.2. Cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasını təmin etmək məqsədilə ibtidai araşdırma Azərbaycan Respublikası Baş prokurorunun, Naxçıvan Muxtar Respublikasının ərazisində, həmçinin Naxçıvan Muxtar Respublikası prokurorunun qərarı əsasında cinayətin aşkar olunduğu, şübhəli və ya təqsirləndirilən şəxsin, habelə şahidlərin əksəriyyətinin olduğu yer üzrə də aparıla bilər.

216.3. İbtidai araşdırma zamanı ayrı-ayrı istintaq hərəkətlərinin başqa ərazidə aparılması zərurəti yarandıqda müstəntiq aşağıdakı hərəkətləri yerinə yetirmək hüququna malikdir:

216.3.1. öz qərarı ilə bu hərəkətlərin aparılmasını şübhəli, təqsirləndirilən şəxsin və ya şahidlərin əksəriyyətinin olduğu yer üzrə müstəntiqə, yaxud təhqiqatçıya həvalə etmək;

216.3.2. təxirəsalınmaz hallarda həmin hərəkətləri təqsirləndirilən, şübhəli şəxsin və ya şahidlərin əksəriyyətinin olduqları yer üzrə həmin ərazidə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora məlumat verməklə aparmalı.



Maddə 217. İbtidai araşdırmanın başlanması

217.1. İbtidai istintaq və ya təhqiqat şəklində ibtidai araşdırma (hadisə yerinə baxış keçirilməsindən başqa bütün istintaq hərəkətləri daxil olmaqla) yalnız cinayət işinin başlanması haqqında qərar çıxarıldıqdan sonra aparılır.

217.2. Cinayət işinin başlanmasından sonra müstəntiq və ya təhqiqatçı bu Məcəllənin 85 və 86-cı maddələrində nəzərdə tutulmuş səlahiyyətlərinə və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun göstərişinə əsasən onu öz icraatına qəbul edir və müvafiq qərar çıxarmaqla iş üzrə ibtidai araşdırmaya başlayır. Cinayət işi eyni müstəntiq və ya təhqiqatçı tərəfindən başlandıqda və onlar tərəfindən öz icraatına qəbul edildikdə cinayət işinin başlanması və onun öz icraatına qəbul edilməsi haqqında vahid qərar tərtib edilir.

217.3. Bu Məcəllənin 217.1-ci maddəsində göstərilən qərar çıxarıldıqdan sonra onun surəti 24 saat müddətində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilir.



Maddə 218. İbtidai araşdırmanın müddətləri

218.1. Təhqiqat hər bir halda cinayət işinin başlanmasından ən geci 10 (on) gündən artıq olmayan müddətdə başa çatır.

218.2. Cinayət işi üzrə ibtidai istintaq aşağıdakı müddətlərdə başa çatmalıdır:

218.2.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 2 (iki) ay keçdikdən sonra;

218.2.2. az ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra;

218.2.3. ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 3 (üç) ay keçdikdən sonra;

218.2.4. xüsusilə ağır cinayətlər üzrə — cinayət işinin başlanmasından ən geci 4 (dörd) ay keçdikdən sonra.

218.3. İbtidai istintaq müddəti cinayət işinin başlandığı gündən hesablanır, işin məhkəməyə göndərilməsi və ya icraatına xitam verilməsi haqqında qərarın çıxarıldığı gün bitir.

218.4. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış olma müddəti cinayət işi üzrə ibtidai istintaqın müddətinə daxil deyil. Təqsirləndirilən şəxs və onun müdafiəçisi qəsdən və üzrlü səbəblər olmadan cinayət işinin materialları ilə tanışlığı uzatdıqda, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror müstəntiqin vəsatəti üzrə öz qərarı ilə həmin müddəti məhdudlaşdıra bilər.

218.5. İbtidai istintaq müddətinə həmçinin bu Məcəllənin 53.1-ci maddəsində nəzərdə tutulmuş əsaslarla cinayət işi üzrə ibtidai istintaqın dayandırıldığı müddət daxil edilmir.

218.6. Cinayət işinin mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.2-ci maddəsi ilə müəyyən edilmiş ibtidai istintaq müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru, Naxçıvan Muxtar Respublikasının prokuroru və ya Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən aşağıdakı qaydada uzadıla bilər:

218.6.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;

218.6.2. az ağır və ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;

218.6.3. ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;

218.6.4. xüsusilə ağır cinayətlər üzrə — 4 (dörd) aydan çox olmayan müddətə.

218.7. Cinayət işinin xüsusi mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.6-cı maddəsinə müvafiq olaraq yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikası Baş prokurorunun müavini tərəfindən aşağıdakı qaydada uzadıla bilər:

218.7.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 1 (bir) aydan çox olmayan müddətə;

218.7.2. az ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;

218.7.3. ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;

218.7.4. xüsusilə ağır cinayətlər üzrə — 4 (dörd) aydan çox olmayan müddətə.

218.8. Cinayət işinin müstəsna mürəkkəbliyi ilə əlaqədar bu Məcəllənin 218.7-ci maddəsinə müvafiq olaraq yuxarı prokuror tərəfindən həmin iş üzrə ibtidai istintaqın uzadılmış müddəti müstəntiqin əsaslandırılmış vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun müvafiq olaraq Azərbaycan Respublikasının Hərbi prokuroru, Bakı şəhər prokuroru və ya Naxçıvan Muxtar Respublikasının prokuroru, habelə Azərbaycan Respublikası Baş prokurorunun müavini ilə razılaşdırılmış təqdimatı əsasında Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən aşağıdakı qaydada uzadıla bilər:

218.8.1. böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə — 1 (bir) aydan çox olmayan müddətə;

218.8.2. az ağır cinayətlər üzrə — 2 (iki) aydan çox olmayan müddətə;

218.8.3. ağır cinayətlər üzrə — 3 (üç) aydan çox olmayan müddətə;

218.8.4. xüsusilə ağır cinayətlər üzrə — 6 (altı) aydan çox olmayan müddətə.

218.9. İbtidai istintaqın müddətinin uzadılması haqqında müstəntiqin əsaslandırılmış vəsatəti və müvafiq prokurorlarla razılaşdırılmış ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı ibtidai istintaq müddətinin bitməsinə ən geci 7 (yeddi) gün qalmış yuxarı prokurora təqdim edilməlidir. Yuxarı prokuror ibtidai istintaq müddətinin uzadılması məsələsinə baxarkən aşağıdakı hərəkətləri yerinə yetirməlidir:

218.9.1. müstəntiqlərin vəsatətlərinin və aşağı prokurorların təqdimatlarının qanuniliyini və əsaslılığını yoxlamaq;

218.9.2. cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılmasının təmin edilməsi üzrə müstəntiqin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyətini qiymətləndirmək;

218.9.3. cinayət işi üzrə ibtidai istintaq müddətinin uzadılması və ya həmin müddətin uzadılmasının rədd edilməsi haqqında əsaslandırılmış qərar qəbul etmək;

218.9.4. cinayət işinin araşdırılması ilə bağlı süründürməçilik və ya bu Məcəllənin tələblərinin pozulması hallarını müəyyən etdikdə, öz səlahiyyətləri daxilində təsir tədbirləri görmək.

218.10. Bu Məcəllənin 218.3—218.9-cu maddələrinin müddəalarına riayət etməklə açılmış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq hər bir halda aşağıdakı müddətlər daxilində qurtarmalıdır:

218.10.1. böyük ictimai təhlükə törətməyən cinayətin törədilməsində ittiham üzrə — 6 (altı) aydan çox olmayan müddətdə;

218.10.2. az ağır cinayətin törədilməsində ittiham üzrə — 9 (doqquz) aydan çox olmayan müddətdə;

218.10.3. ağır cinayətin törədilməsində ittiham üzrə — 12 (on iki) aydan çox olmayan müddətdə;

218.10.4. xüsusilə ağır cinayətin törədilməsində ittiham üzrə — 18 (on səkkiz) aydan çox olmayan müddətdə.

218.11. Açılmamış cinayət haqqında cinayət işi üzrə ibtidai istintaq müddətləri bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə cinayət açılanadək bir neçə dəfə Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən uzadıla bilər. Cinayət açıldıqdan sonra iş üzrə ibtidai istintaq müddətləri Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə yalnız bir dəfə uzadıla bilər. Cinayətin törədilməsində iştirakı müəyyən olunmuş şəxsin obyektiv səbəblərə görə cinayət məsuliyyətinə cəlb olunmadığı halda da ibtidai istintaq müddətləri ittiham aktında həmin şəxsə qarşı ittiham irəli sürülənədək Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən bu Məcəllənin 218.8 və 218.9-cu maddələrinin tələblərinə riayət etməklə uzadıla bilər.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin