Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi


Maddə 16. Şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsi



Yüklə 1,91 Mb.
səhifə2/36
tarix06.05.2017
ölçüsü1,91 Mb.
#16995
1   2   3   4   5   6   7   8   9   ...   36

Maddə 16. Şəxsi həyatın toxunulmazlığı hüququnun təmin edilməsi

16.1. Cinayət təqibi gedişində heç kəsin şəxsi (özünün və ailəsinin) həyatının sirrinin, yazışma, telefon danışıqları, poçt-teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatların və başqa məlumatların sirrinin saxlanılması hüququ bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa məhdudlaşdırıla bilməz.

16.2. Poçt, teleqraf və digər göndərişlərin üzərinə həbs qoyma, onu yoxlama və götürmə, telefon və digər qurğularla aparılan danışıqların və başqa rabitə və texniki kanallar vasitəsi ilə ötürülən məlumatların və başqa məlumatların tutulması bu Məcəllə ilə müəyyən edilmiş hallarda, bir qayda olaraq, məhkəmənin qərarı ilə həyata keçirilə bilər.

Maddə 17. Mənzil toxunulmazlığı hüququnun təmin edilməsi

17.1. Bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəs mənzildə yaşayanların iradəsi ziddinə mənzilə daxil ola bilməz.

17.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada yaşayış yerinə, xidməti və ya istehsalat binalarına baxış, orada axtarış və mülkiyyət hüququnu məhdudlaşdıran digər istintaq və prosessual hərəkətlər, bir qayda olaraq, məhkəmənin qərarı əsasında məcburi həyata keçirilir.

Maddə 18. Mülkiyyət hüququnun təmin edilməsi

18.1. Cinayət təqibi gedişində bu Məcəllədə nəzərdə tutulmuş hallardan başqa heç kəsin mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ məhdudlaşdırıla bilməz.

18.2. Prosessual hərəkətlərin həyata keçirilməsi zamanı götürülmüş əmlak müvafiq prosessual hərəkətə dair protokolda göstərilməli, ətraflı siyahıya alınmalı və əmlakın məsuliyyətlə saxlanılması üçün götürülməsinə dair əmlak sahibinə qəbz verilməlidir.

18.3. Cinayət təqibi gedişində pul cəriməsinin tətbiqi, habelə əmlak üzərinə həbs qoyulması məhkəmənin qərarı ilə həyata keçirilir.



Maddə 19. Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi

19.1. Cinayət təqibi gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə zərər çəkmiş, şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir.

19.2. Cinayət prosesini həyata keçirən orqan, zərər çəkmiş şəxs (xüsusi ittihamçı), mülki iddiaçı və ya onun qanuni nümayəndəsi, şübhəli, yaxud təqsirləndirilən şəxsin qanuni nümayəndəsi, habelə mülki cavabdeh cinayət, prosesi gedişində özlərinin dəvət etdiyi nümayəndənin hüquqi yardımından istifadə etmək hüququnu gözləməlidir.

19.3. Zərər çəkmiş şəxsin və ya şahidin dindirilməsi zamanı cinayət prosesini həyata keçirən orqanın həmin şəxslərin nümayəndə qismində dəvət etdikləri vəkilin onların yanında olmasını qadağan etməyə hüququ yoxdur.

19.4. Cinayət prosesini həyata keçirən orqan şübhəli və ya təqsirləndirilən şəxsin aşağıdakı hüquqlarını təmin etməlidir:

19.4.1. tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək;

19.4.2. hüquqlarını izah etmək;

19.4.3. öz müdafiəsini hazırlamaq üçün kifayət qədər vaxt vermək və imkan yaratmaq;

19.4.4. şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə müdafiə olunmaq, yaxud müdafiəçinin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmadıqda, pulsuz hüquqi yardım almaq;

19.4.5. onun əleyhinə ifadə vermiş şahidləri məhkəmə istintaqı zamanı dindirmək.

19.5. Cinayət prosesini həyata keçirən orqan bu Məcəllə ilə müəyyən edilmiş hallarda şübhəli və ya təqsirləndirilən şəxsin qanuni nümayəndəsini işə cəlb etməlidir.

19.6. Cinayət prosesində şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçisinin və qanuni nümayəndəsinin iştirak etməsi bu şübhəli və ya təqsirləndirilən şəxsin hüquqlarını məhdudlaşdıra bilməz.

19.7. Şübhəli və ya təqsirləndirilən şəxs ifadə verməyə, cinayət prosesini həyata keçirən orqana hər hansı materiallar təqdim etməyə və onlara hər hansı yardım göstərməyə məcbur edilə bilməz.

Maddə 20. Özünü və qohumlarını ifşa etməkdə sərbəstlik

20.1. Heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə bilməz və buna görə hər hansı təqibə məruz qala bilməz.

20.2. İbtidai araşdırma və ya məhkəmə baxışı zamanı özünü, yaxud yaxın qohumlarını cinayət törətməkdə ifşa edən məlumatları verməsi təklif olunan şəxs bunun özü üçün hər hansı mənfi hüquqi nəticə verə biləcəyindən qorxmadan ifadə verməkdən imtina etməyə haqlıdır.

Maddə 21. Təqsirsizlik prezumpsiyası

21.1. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.

21.2. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır.

21.3. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.



Maddə 22. Məhkəmə baxışını tələb etmək hüququnun təmin olunması

Cinayət prosesini həyata keçirən orqanlar bu Məcəllə ilə müəyyən edilmiş qaydada hər kəsin ona qarşı irəli sürülmüş ittiham, yaxud barəsində tətbiq olunmuş prosessual məcburiyyət tədbirləri ilə əlaqədar ədalətli və açıq məhkəmə baxışının aparılmasını tələb etmək hüququnu təmin etməlidirlər. Hər hansı səbəbdən məhkəmə baxışını tələb etmək hüququnun rədd edilməsi yolverilməzdir.



Maddə 23. Cinayət mühakimə icraatının yalnız məhkəmə tərəfindən həyata keçirilməsi

23.1. Cinayət mühakimə icraatı Azərbaycan Respublikasının məhkəmə sisteminə daxil olan səlahiyyətli məhkəmə tərəfindən həyata keçirilir. Məhkəmənin hökmü olmadan heç kəs cinayət törətməkdə təqsirli sayıla və məhkum oluna bilməz.

23.2. Fövqəladə məhkəmələrin yaradılması və ya məhkəmənin səlahiyyətlərinin mənimsənilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

23.3. Fövqəladə məhkəmələrin və digər qanunsuz yaradılmış məhkəmələrin hökm və digər qərarlarının hüquqi qüvvəsi yoxdur və icra edilməməlidir.



Maddə 24. Cinayət mühakimə icraatının xalqın nümayəndələrinin iştirakı ilə həyata keçirilməsi

24.1. Bu Məcəllənin 359-cu maddəsində nəzərdə tutulmuş hallarda təqsirləndirilən şəxs cinayət təqibi üzrə ona qarşı irəli sürülmüş ittiham üzrə ədalət mühakiməsinin andlılar məhkəməsi tərəfindən həyata keçirilməsini tələb etmək hüququna malikdir.

24.2. Bu Məcəllənin 24.1-ci maddəsində göstərilən hüququn təmin edilməsi üçün birinci instansiya məhkəməsi cinayət işləri üzrə ədalət mühakiməsinin həyata keçirilməsinə andlı iclasçılar qismində Azərbaycan Respublikasının vətəndaşlarını cəlb etməlidir.

Maddə 25. Hakimlərin və andlı iclasçıların müstəqilliyi

25.1. Hakimlər və andlı iclasçılar müstəqildirlər və yalnız Azərbaycan Respublikası qanunlarının tələblərinə tabedirlər.

25.2. Hakimlər və andlı iclasçılar cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər.

25.3. Hakimlər və andlı iclasçılar cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər.

25.4. Azərbaycan Respublikasının məhkəmələri ədalət mühakiməsini hakimlərin və andlı iclasçıların müstəqilliyinə və iradəsinə qanunsuz təsiri istisna edən şəraitdə həyata keçirirlər.

25.5. Heç kəsin ədalət mühakiməsinin həyata keçirilməsinə müdaxilə etməyə, hakimlərdən, andlı iclasçılardan onların baxdığı, yaxud icraatlarında olan cinayət işləri və ya cinayət təqibi ilə bağlı digər materialların mahiyyəti üzrə izahat tələb etməyə hüququ yoxdur.

25.6. Hər hansı şəxs tərəfindən hər hansı səbəbdən ədalət mühakiməsinin həyata keçirilməsinin birbaşa və ya dolayı yolla məhdudlaşdırılması, ona qanunsuz təsir, hədə-qorxu, müdaxilə edilməsi, hörmətsizlik göstərilməsi, məhkəməyə qarşı açıq-aşkar etinasız hərəkətlər edilməsi yolverilməzdir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Maddə 26. Cinayət mühakimə icraatının aparıldığı dil

26.1. Azərbaycan Respublikası məhkəmələrində cinayət mühakimə icraatı Azərbaycan Respublikasının dövlət dilində və ya müvafiq ərazinin əhalisinin çoxluq təşkil edən hissəsinin dilində aparılır.

26.2. Cinayət prosesini həyata keçirən orqan cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının aşağıdakı hüquqlarını təmin etməlidir:

26.2.1. cinayət prosesi iştirakçılarına öz ana dilindən istifadə etmək hüququnu izah etmək:

26.2.2. ibtidai araşdırma və məhkəmə baxışı zamanı tərcüməçinin köməyindən pulsuz istifadə etmək, ibtidai araşdırma qurtardıqdan sonra cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallarla tam tanış olmaq, məhkəmədə ana dilində çıxış etmək;

26.3. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən cinayət prosesi iştirakçılarının bu Məcəllənin 26.2.2-ci maddəsində göstərilən hüquqlarının təmin olunması Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına həyata keçirilir.

26.4. Cinayət prosesini həyata keçirən orqan təqdim edilməli sənədləri müvafiq şəxslərə cinayət mühakimə icraatının aparıldığı dildə təqdim edir. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən müvafiq şəxslərə təqdim edilməli sənədlər onların ana dilində və ya onların bildiyi başqa dildə təqdim edilir.

Maddə 27. Cinayət mühakimə icraatının aşkarlığı

27.1. Bu Məcəllədə nəzərdə tutulmuş dövlət, peşə və kommersiya sirlərinin, habelə vətəndaşların şəxsi və ailə sirlərinin qorunması halları istisna olmaqla, Azərbaycan Respublikasında cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə ədalət mühakiməsi bütün məhkəmələrdə açıq aparılır.

27.2. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Azərbaycan Respublikasının məhkəmələrində cinayət işləri və cinayət təqibi ilə bağlı digər materiallar üzrə ədalət mühakiməsinin qiyabi aparılmasına yol verilmir.

27.3. Bütün hallarda cinayət mühakimə icraatı zamanı qəbul olunmuş məhkəmə qərarları açıq elan olunur.



Maddə 28. Cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi

28.1. Məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar.

28.2. Hakimlər cinayət mühakimə icraatını həyata keçirərkən qanunun mənafeyindən başqa hər hansı bir mənafeyi ifadə edə bilməzlər.

28.3. Hakim və ya andlı iclasçı şəxsən cinayət prosesinin nəticəsi ilə birbaşa, yaxud dolayı yolla maraqlıdırsa, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə ədalət mühakiməsinin həyata keçirilməsində iştirak edə bilməz.

28.4. Cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələr aşağıdakı vəzifələri yerinə yetirməlidirlər:

28.4.1. cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək;

28.4.2. şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq;

28.4.3. şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq;

28.4.4. cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq;

28.4.5. cinayət prosesi iştirakçılarının iştirak etmək hüququnu təmin etmək.

28.5. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.

28.6. Ədalət mühakiməsinin həyata keçirilməsi qaydalarının ayrı-ayrı işlər və şəxslər üçün, habelə müəyyən şəraitə görə, yaxud hər hansı bir zaman dövründə özbaşınalıqla dəyişdirilməsinə yol verilmir.



Maddə 29. Məhkəmə aidiyyətinə əməl olunması

29.1. Heç kəs onun işinə aidiyyəti qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququndan məhrum oluna bilməz. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

29.2. Bu Məcəllədə nəzərdə tutulmuş məhkəmə aidiyyətinin dəyişdirilməsi və ya işin qanuni hakimin icraatından əsassız götürülməsi qadağandır.

Maddə 30. Hakimin cinayət mühakimə icraatında iştirakının məhdudlaşdırılması

30.1. Birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində cinayət mühakimə icraatında iştirak etmiş hakimin məhkəmə baxışında təkrar iştirakına yol verilmir.

30.2. Bu Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş hallarda hakim cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara baxılmasından özü kənarlaşmalı və ya kənarlaşdırılmalıdır.

Maddə 31. Cinayət mühakimə icraatında qeyri-prosessual münasibətlərin yolverilməzliyi

Məhkəmə tərkibi və cinayət prosesi iştirakçıları arasında, habelə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri arasında cinayət işlərinə və ya cinayət təqibi ilə bağlı digər materiallara baxılması ilə əlaqədar bu Məcəllədə nəzərdə tutulmayan qeyri-prosessual münasibətlər yolverilməzdir.



Maddə 32. Cinayət prosesində tərəflərin çəkişməsi

32.1. Azərbaycan Respublikasında cinayət mühakimə icraatı ittiham və müdafiə tərəfinin çəkişməsi əsasında həyata keçirilir.

32.2. Bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət prosesində tərəflərin çəkişməsini təmin etmək məqsədi ilə:

32.2.1. hər bir tərəf məhkəmədə təmsil olunur;

32.2.2. hər bir tərəf məhkəmədə öz mövqeyini müdafiə etmək üçün bərabər hüquqlara və imkanlara malikdir;

32.2.3. ittiham tərəfi cinayət hadisəsinin baş verməsini, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğunu, bu əməlin törədilməsinə təqsirləndirilən şəxsin aidiyyətini, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb olunmasının mümkünlüyünü sübut edir, təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir;

32.2.4. müdafiə tərəfi cinayət təqibi ilə bağlı irəli sürülmüş ittihamı təkzib edir və ya cinayət prosesini həyata keçirən orqanın diqqətini təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə və ya cinayət məsuliyyətini yüngülləşdirən halların mövcudluğuna cəlb edir və təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifinə və məhkəmənin yekun qərarına dair öz təkliflərini verir;

32.2.5. hər bir tərəf heç kimdən asılı olmayaraq müstəqil surətdə öz mövqeyini seçir və onu müdafiə etmək üçün vasitə və üsullarını müəyyən edir;

32.2.6. məhkəmə cinayət prosesi tərəflərindən hər birinin vəsatəti ilə əlavə olaraq zəruri materialların əldə edilməsinə kömək göstərir;

32.2.7. məhkəmə tərəfindən hökm yalnız cinayət prosesi tərəflərinin iştirakı bərabər əsaslarla təmin edilməklə tədqiq olunmuş sübutlarla əsaslandırılır;

32.2.8. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir;

32.2.9. təqsirləndirilən şəxs sərbəst olaraq təqsirli olduğunu inkar edir və ya özünü təqsirli bilir;

32.2.10. mülki iddiaçı iddiadan imtina edir və ya mülki cavabdehlə barışıq sazişi bağlayır;

32.2.11. mülki cavabdeh iddianı qəbul edir və ya mülki iddiaçı ilə barışıq sazişi bağlayır.



Maddə 33. Cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi

33.1. Hakimlər və andlı iclasçılar cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər.

33.2. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir.

33.3. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33.4. Hakimlərin və andlı iclasçıların sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir.

Maddə 34. Eyni əmələ görə təkrar məhkum etmənin yolverilməzliyi

34.1. Heç kəs eyni əməlin törədilməsinə görə təkrar məhkum edilə bilməz.

34.2. Bu Məcəllənin 41-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmədə müvafiq olaraq dövlət ittihamçısının və ya xüsusi ittihamçının şəxsə qarşı cinayət təqibindən könüllü imtina etməsi eyni əməlin təkrarən həmin şəxsə istinad edilməsini istisna edir (yeni açılmış hallardan başqa).

34.3. Hər hansı əməlin törədilməsinə görə şəxsin barəsində qanuni qüvvəyə minmiş məhkəmənin hökmü varsa, həmin şəxsin haqqında eyni əmələ görə cinayət təqibinin təzələnməsi, ittihamın daha ağır ittihamla əvəz edilməsi və ona daha ağır cəza təyin edilməsi yolverilməzdir.



Maddə 35. Məhkəməyə təkrar müraciət etmək hüququnun təmin olunması

35.1. Bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada cinayət prosesi iştirakçısının cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında məhkəmənin qəbul etdiyi prosessual qərar və hərəkətlərdən yuxarı məhkəməyə şikayət etmək hüququ vardır.

35.2. Məhkum olunmuş hər bir şəxs yuxarı məhkəməyə şikayət verərək aşağıdakı hüquqları həyata keçirir:

35.2.1. barəsində çıxarılmış məhkəmə hökmünün qanunsuz və əsassız olması ilə əlaqədar işə yenidən baxılmasını xahiş etmək;

35.2.2. barəsində çıxarılmış hökmlə təyin olunmuş cəzanın ağırlığı ilə əlaqədar onun yüngülləşdirilməsini xahiş etmək.

35.3. Məhkumun bu Məcəllənin 35.1 və 35.2-ci maddələrində nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılması yolverilməzdir.



Maddə 36. Bəraət qazanmış şəxsin pozulmuş hüquqlarının bərpasının təmin edilməsi

36.1. Cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir.

36.2. Vəzifə səlahiyyətlərindən sui-istifadə və ya cinayət nəticəsində zərər çəkmiş, habelə təqsirsiz məhkum olunmuş, qanunsuz həbsdə saxlanılmış, yaxud cinayət prosesi gedişində hüquqları digər formada məhdudlaşdırılmış şəxslərin hüquqları bu Məcəllə ilə və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada bərpa olunur.

III fəsil. Cinayət təqibi

Maddə 37. Cinayət təqibinin növləri

37.1. Cinayətin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq cinayət təqibi bu Məcəllənin müddəalarına uyğun xüsusi, ictimai-xüsusi və ya ictimai ittiham qaydasında həyata keçirilir.

37.2. Xüsusi ittiham qaydasında cinayət təqibi yalnız zərər çəkmiş şəxsin şikayəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147, 148, 165.1 və 166.1-ci maddələrində göstərilən cinayətlər üzrə həyata keçirilir və məhkəmə müşavirə otağına gedənədək zərər çəkmiş şəxs təqsirləndirilən şəxslə barışdıqda ona xitam verilir.

37.3. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti əsasında və ya bu Məcəllənin 37.5-ci maddəsində nəzərdə tutulmuş hallarda prokurorun təşəbbüsü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127, 128, 129.2, 130.2, 131.1, 132—134, 142.1, 149.1, 150.1, 151, 156—158, 163, 175—177.1, 178.1, 179.1, 184.1, 186.1, 187.1, 190.1, 197 və 201.1-ci maddələrində göstərilən cinayətlərə görə həyata keçirilir.

37.4. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsində nəzərdə tutulmuş hallardan başqa zərər çəkmiş şəxslə təqsirləndirilən şəxsin barışması ilə əlaqədar xitam verilə bilməz.

37.5. İctimai-xüsusi ittiham qaydasında cinayət təqibi zərər çəkmiş şəxsin şikayəti olmadan prokuror tərəfindən yalnız aşağıdakı hallarda başlanıla bilər:

37.5.1. törədilmiş cinayət dövlətin və ya cəmiyyətin mənafeyinə toxunduqda;

37.5.2. cinayət hakimiyyət nümayəndəsi və ya dövlət orqanlarının digər vəzifəli şəxsləri tərəfindən, yaxud onlara qarşı törədildikdə;

37.5.3. cinayət hamilə vəziyyətdə olan qadın, qoca və köməksiz vəziyyətdə olan şəxs barəsində törədildikdə;

37.5.4. cinayət hədə-qorxu, məcburiyyət təsiri altında və ya onu törətmiş şəxsdən asılı vəziyyətdə olan digər şəxs barəsində törədildikdə;

37.5.5. cinayət fəaliyyət qabiliyyəti olmayan və ya cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış şəxs tərəfindən və ya ona qarşı törədildikdə.

37.6. Bu Məcəllənin 37.2 və 37.3-cü maddələrində göstərilməyən digər cinayətlər üzrə cinayət təqibi ictimai ittiham qaydasında həyata keçirilir.



Maddə 38. Cinayət təqibinin həyata keçirilməsi vəzifəsi

38.1. Təhqiqatçı, müstəntiq və ya prokuror hazırlanan, yaxud törədilən cinayətin əlamətlərini əks etdirən əməllər barədə məlumat aldıqda və ya cinayət hadisəsini bilavasitə aşkar etdikdə bu Məcəllə ilə müəyyən edilmiş qaydada cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görməli, həmçinin öz səlahiyyətləri daxilində dərhal təhqiqat və ya istintaq aparmalıdırlar.

38.2. Cinayətin baş verməsi təsdiq olunarsa, dövlət ittihamçısı təqsirləndirilən şəxsi məhkəmə qarşısında ifşa və ona layiqli cəza tələb etməli, zəruri hallarda isə şəxsin barəsində tibbi və ya tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini tələb etməlidir.

38.3. Cinayət prosesini həyata keçirən orqan cinayət qanunu ilə nəzərdə tutulmuş hərəkətlər nəticəsində vurulmuş ziyanın ödənilməsi məqsədilə tədbirlər görməlidir.

38.4. Cinayət təqibi cinayət məsuliyyətini istisna edən hallar aşkar edilənədək və ya bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada dövlət ittihamçısı, yaxud xüsusi ittihamçı cinayət təqibindən imtina edənədək həyata keçirilməlidir.

Maddə 39. Cinayət təqibini istisna edən hallar

39.1. Aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir):

39.1.1. cinayət hadisəsi olmadıqda;

39.1.2. əməldə cinayət tərkibi olmadıqda;

39.1.3. cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə);

39.1.4. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin baş verdiyi anda onu törətmiş şəxs cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmadıqda (həmin şəxsə qarşı tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi zəruri olan hallar istisna edilməklə);

39.1.5. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə);

39.1.6. şəxs barəsində eyni ittiham üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü və ya digər məhkəmənin cinayət təqibini qeyri-mümkün edən ləğv edilməmiş qərarı olduqda;

39.1.7. şəxs barəsində eyni ittiham üzrə təhqiqatçının, müstəntiqin və ya prokurorun cinayət işi başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında ləğv edilməmiş qərarı olduqda;

39.1.8. zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə);

39.1.9. zərər çəkmiş şəxslə təqsirləndirilən şəxs barışdıqda (cinayət təqibi yalnız xüsusi ittiham qaydasında həyata keçirildikdə);

39.1.10. şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətdikdə (bu şəxslərə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi halları istisna olunmaqla);

39.1.11. cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda;

39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda.

39.2. Hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir.

39.3. Bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur.



Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin