Akademik nitq
Monoloji nitq
Dialoji nitq
Poliloji nitq
Akademik nitq dilin elmi fəaliyyətə xidmət edən xüsusi bir növüdür. Elmi kommunikasiya bu cür fəaliyyətin zəruri tərkib hissəsidir. Xüsusi fəaliyyət sahəsi sayılan elmin əsas məqsədi reallıqdakı hadisə və proseslərin obyektiv təsviri, izahı və proqnozudur.Akademik nitqin üç forması var:
Monoloq və ya monoloji nitq,
Dialoq və ya dialoji nitq,
Poliloq və ya poliloji nitq.
Dialoji nitq. Bu nitq fəaliyyətinin bir forması olaraq müəyyən situasiyada iki və daha artıq şəxs arasında bir-birini izləyən, növbələşən canlı ünsiyyət, danışıqdır. Burada danışan, daha doğrusu, fikri ifadə edən şəxs əvvəlcə daxilən öz-özünə düşünür, sonra isə xarici nitqə keçir, demək istədiyini sözlə ifadə edir. Fikri qəbul edən (dinləyən, eşidən) əvvəlcə dinləyir, sonra düşünür, daxili nitqdən xarici nitqə keçərək müsahibinə müvafiq cavab verir. Dialoji nitqdə həmsöhbətlərdən birinin ifadə etdiyi fikir digəri tərəfindən qavranılır. Burada monoloji nitqdən fərqli olaraq söhbətə öncədən hazırlıq görülmür
Bu səbəbdən dialoji nitqdə tərəflər daha fəal olurlar. Dialoji nitqin bütün formalarında (dialoji söhbət, danışıq formalarında) onun iştirakçıları hadisəni təfərrüatı ilə danışır, olanlara öz münasibətini bildirir, dediklərinin daha inandırıcı olması üçün sübutlar, dəlillər gətirirlər. Qarşılıqlı söhbət zamanı tərəflərin işlətdikləri müxtəlif formalar (müraciətlər, ara sözlər, ritorik suallar və s.) ümumi bir bütövlük, fikri vəhdət yaradır. Dialoq zamanı leksik təkrarlara, suala sualla cavabvermə, cümlədə söz düzümünün pozulması, fikrin elliptik qurulması, pauzalar və s. özünü göstərə bilir
Əlbəttə, belə ünsiyyət prosesində anlaşılmanın təmin olunması üçün dilin bütün normalarına riayət edilməklə yanaşı, normal intonasiyanın gözlənilməsi vacib sayılmalıdır. Nitqin dialoji forması mükalimə də adlanır. O, danışıq dili üçün səciyyəvi, yığcam və ixtisar olunmuş nitqidir. Orada ifadələr bir qədər qısa, sintaktik quruluşlar sadədir. Yarımçıq cümlələrdən daha çox işlədilir. Nitqin bu növündə digər vasitələrdən də - jest, mimika, əl-qol hərəkəti və s. geniş istifadə olunur. Dialoji nitqdə intonasiya mühüm rol oynayır.
Dialoji nitqlə müqayisədə monoloji nitq struktur baxımından sadədir. Fikir bir nəfər tərəfindən geniş və ya müxtəsər şəkildə, rabitəli bir tərzdə ifadə edilir. Burada danışanın müsahibi (və ya müsahibləri) ilə əks əlaqəsi olmur. Monoloji nitqdə məqsəd nitqin əsas kommunikativ növlərindən (təsvir, təsdiqləmə, fikir söyləmə, səciyyələndirmə) istifadə etməklə hər hansı bir məzmunun başqasına çatdırılmasıdır. Bu, təşkil olunmuş, proqramlaşdırılmış nitqdir.
Yəni danışan deyəcəklərini əvvəlcədən düşünür, ifadə edəcəyi fikrin həcmini, xarakterini müəyyənləşdirir, müəyyən fərdə və ya auditoriyaya müraciət formasını, dil materiallarını seçir, müsahibinin (müsahiblərinin) səviyyəsini, deyəcəklərinin ona (onlara) necə təsir edəcəyini təsəvvüründə canlandırır. Nitqin bu formasında danışan fikrən və ya yazılı şəkildə plan tutur, şərh edəcəyi məzmunu vermək üçün ona, necə deyərlər, dil donu geyindirir. Hansı sözlərdən, ifadələrdən istifadə edəcəyini, nitqini necə başlayacağını və quracağını və s. özü üçün müəyyənləşdirir.
Monoloji nitqin quruluş sxemi və xüsusiyyətlərinə görə fərqlənən bir sıra növləri vardır: mühazirə, məruzə, məlumat, çıxış, nitq və s.
Mühazirə. Mühazirə ən çox ali məktəblərdə müəyyən fənn üzrə materialın konkret faktlara əsaslanan, geniş nəzəri mühakimə və ümumiləşdirmələrdən ibarət şərhidir: Nitqin bu formasından digər elmi idarələrdə, kütləvi tədbirlərdə və s. yerlərdə də istifadə olunur. Məruzə. Bir mövzu haqqında əvvəlcədən hazırlanıb söylənilən nitqə deyilir.
Çıxış. Rəsmi və ictimai tədbirlərdə (iclaslarda, yığıncaqlarda, müşavirələrdə, nümayişlərdə, konfranslarda və s. yerlərdə) edilən məruzə ətrafında dinləyicilərin öz fikrini, münasibətini bildirməsidir.
Söhbətdə bir neçə adamın iştirak etməsinə isə poliloq deyilir. Poly loqos yunanca (poly — çox, loqos -nitq) çoxlu adamın iştirak etdiyi nitq deməkdir. Belə nitq özünü daha çox dram əsərlərində göstərir.
Monoloq və dialoqdan fərqlənən üçüncü nitq tipi poliloji nitqdir. Daha dəqiq desək, poliloji nitqdə ən azı üç iştirakçı danışan (adresant) funksiyasını yerinə yetirir. Dram əsərlərində poliloji nitq daha çox qeydə alınır. Nitqin tiplərinin təyini onun kimə mənsub olması ilə birbaşa bağlıdır. Dilçilikdə mətndə başqasına aid olan nitqin tipləri məsələsi qoyulur. Bu zaman nitqi ötürmə üsulları əsas götürülür. Elmi ədəbiyyatda özgə nitqinin ötürülməsinin beş üsulu - vasitəsiz, vasitəli, tematik, qeyri-məxsusi vasitəsiz, sərbəst vasitəsiz üsulları göstərilir. Müvafiq olaraq vasitəsiz nitq, vasitəli nitq, qeyri-məxsusi vasitəsiz və sərbəst vasitəsiz nitq anlayışları qəbul edilir.
Tiplərin fərqləndirilməsi zamanı bir halda funksional, digər halda struktur, üçüncü halda semantik meyarlara üstünlük verilir. Bəzən özgə nitqinin iki əsas növü qeyd olunur və sonra həmin növlərin daxili bölgüsünün aparılmasına üstünlük verilir. Danışarkən, yazarkən çox zaman öz nitqimizdə başqasının nitqindən istifadə etməli oluruq. Özgə nitqi iki şəkildə verilir: ya onun məzmunu ilə yanaşı, bütün fonetik, leksik, qrammatik xüsusiyyətləri, hətta intonasiyası da olduğu kimi saxlanılır, yaxud da onun yalnız məzmunu çatdırılır.
Birinci halda özgə nitqi heç bir başqa vasitəyə ehtiyac olmadan, heç bir başqa vasitə ilə qarışdırılmadan, olduğu kimi saxlanmış olur, ona görə də özgə nitqinin bu şəkildə verilməsi "vasitəsiz nitq" adlandırılır. İkinci halda özgə nitqi bir sıra başqa vasitələrin köməyi ilə, müəyyən dəyişikliklər edilməklə verilir və "vasitəli nitq" adlandırılır. Bunlardan əlavə, özgə nitqinin həmin nitq haqqında məlumat verən şəxsin nitqi ilə qarışıq şəkildə verildiyi hallar da vardır. Vasitəsiz və vasitəli şəkildə verilən özgə nitqi az-çox məzmunca da fərqlənə bilir, lakin onlar daha çox quruluşca fərqlənir.