“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya
Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi
arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq
olunması barədə
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. 2006-cı il oktyabrın 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan
Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd
Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu” təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılsın ki, bu
Sərəncamın 1-ci bəndində göstərilən Anlaşma Memorandumunun həyata
keçirilməsini təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 noyabr 2006-cı il
№ 1777
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və İtaliya Respublikasının Kənd
Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında
ANLAŞMA MEMORANDUMU
Bundan sonra “Tərəflər” adlandırılacaq Azərbaycan Respublikasının Kənd Təsərrüfatı
Nazirliyi və İtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi,
kənd təsərrüfatı sahəsində iqtisadi və elmi-texniki əlaqələrin, habelə aqrar-sənaye sahəsində
əməkdaşlığın genişləndirilməsi məqsədilə aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər səmərəli əməkdaşlığa nail olmaq üçün aşağıda göstərilmiş istiqamətlərdə birgə
fəaliyyət göstərəcəklər:
a) bitkiçilik sahəsində toxumçuluq, yeni tarla, tərəvəz və meyvə bitkiləri sortlarının
mübadiləsi;
b) heyvandarlıqda süni mayalandırma, damazlıq və seleksiya işlərinin aparılması
sahələrində əməkdaşlıq;
c) kənd təsərrüfatında aqroservislərin yaradılmasına kömək göstərilməsi;
d) kənd təsərrüfatı məhsullarının müasir texnologiya ilə istehsalı və emalı, marketinqi,
eləcə də infrastruktur sahələrinə investisiya qoyuluşu, bu sahələrdə mövcud müəssisələrin
fəaliyyətinin genişləndirilməsi və yeni birgə müəssisələrin yaradılmasına kömək
göstərilməsi;
e) mineral gübrələr və bitki mühafizəsi vasitələrinin, həmçinin baytarlıq
preparatlarının istehsalı sahəsində əməkdaşlıq;
f) ekoloji təmiz kənd təsərrüfatı məhsulları (meyvə-tərəvəz və bostan bitkiləri) istehsalı
üzrə aqrokimyəvi tədbirlərin aparılması sahəsində təcrübə mübadiləsi;
g) kənd təsərrüfatı sahəsində elmi əlaqələrin genişləndirilməsi və bu istiqamətdə
təcrübə mübadiləsi;
h) kənd təsərrüfatının müxtəlif sahələrinə həsr edilmiş simpozium, seminar,
videokonfrans vasitəsilə həyata keçirilən konfranslar, sərgi və yarmarkaların təşkil edilməsi;
i) beynəlxalq standartlar, texnologiyalar və elmi-texniki yeniliklər barədə məlumat
mübadiləsi;
j) bitkiçilik və heyvandarlıqda genetik və bioloji materiallar mübadiləsi;
k) təbii və qarışıq yem istehsalının inkişaf etdirilməsi sahəsində əməkdaşlıq;
l) yeni iqtisadi münasibətlər şəraitində kənd təsərrüfatı sahəsində elmi-tədqiqat və
islahatların aparılması
işlərinin əlaqələndirilməsi, məlumat və təcrübə mübadiləsi;
m) bitkiçilik sahəsində ziyanvericilərə və xəstəliklərə qarşı mübarizə, eləcə də baytarlıq
tədbirlərinin həyata
keçirilməsi;
n) aqrar sahənin prioritet problemlərinin həlli üçün birgə layihələrin hazırlanması və
həyata keçirilməsi;
o) suvarmanın səmərəli üsullarından istifadə və bu üsulların tətbiqi sahəsində
əməkdaşlıq.
Maddə 2
Bu Anlaşma Memorandumunda nəzərdə tutulan Əməkdaşlıq Tərəflərin öz
səlahiyyətləri çərçivəsində milli qanunvericiliyinə və beynəlxalq öhdəliklərinə uyğun olaraq
həyata keçiriləcəkdir.
Maddə 3
Tərəflər mövcud problemlərin həlli üçün məsləhətləşmələr keçirəcəklər.
Məsləhətləşmələrin keçirildiyi yer, tarix, gündəliyi, habelə xərclərin ödənilməsi qaydası
qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcəkdir və bu Anlaşma Memorandumunda
nəzərdə tutulan fəaliyyətlər onun Tərəflərinin hesabına həyata keçiriləcəkdir.
Məsləhətləşmələr nəticəsində razılıq əldə edilməzsə, mübahisəli məsələlər diplomatik
kanallar vasitəsilə həll ediləcəkdir.
Maddə 4
Tərəflərin qarşılıqlı razılığı əsasında bu Memoranduma dəyişiklik və əlavələr edilə
bilər. Həmin dəyişiklik və əlavələr Memorandumun ayrılmaz tərkib hissəsi olan ayrıca
Protokollarla tərtib ediləcək və 5-ci maddədə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq
qüvvəyə minəcəkdir.
Maddə 5
Bu Anlaşma Memorandumu imzalandığı tarixdən qüvvəyə minir.
Bu Anlaşma Memorandumu beş il müddətinə bağlanılır və Tərəflərdən biri həmin
müddətin başa çatmasına ən azı altı ay qalmış, diplomatik kanallar vasitəsilə onun qüvvəsini
ləğv etmək niyyəti barədə digər Tərəfi məlumatlandırmazsa, onun qüvvəsi avtomatik olaraq
növbəti beşillik müddətlərə uzadılır.
Bu Anlaşma Memorandumu Bakı şəhərində 2006-cı il oktyabrın 20-də iki əsl nüsxədə
Azərbaycan, italyan və ingilis dillərində imzalanmışdır və bütün mətnlər eyni dərəcədə
autentikdir. Bu Memorandumun təfsiri zamanı fikir ayrılığı yaradıldıqda ingilis dilində olan
mətn əsas götürülür.
Azərbaycan Respublikasının İtaliya Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi Kənd Təsərrüfatı,
Ərzaq və Meşəçilik Siyasəti
Nazirliyi
adından adından
(imza) (imza)