Azərbaycan Respublikasının Meşə Məcəlləsi Qəbul edilmişdir: 30 dekabr 1997-ci il


VIII Fəsil Meşə fondundan istifadənin, onun mühafizəsi, qorunması və bərpasının iqtisadi tənzimlənməsi



Yüklə 499,65 Kb.
səhifə6/6
tarix18.04.2017
ölçüsü499,65 Kb.
#14586
1   2   3   4   5   6

VIII Fəsil
Meşə fondundan istifadənin, onun
mühafizəsi, qorunması və bərpasının
iqtisadi tənzimlənməsi


Maddə 64. Meşə fondundan istifadəyə görə ödəmə

Bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunvericiliyində nəzərdə tutulmuş hallardan başqa meşə fondundan və meşə sərvətlərindən istifadənin bütün növləri ödənişlidir.

Meşə təsərrüfatının ümumi gəliri meşə gəlirlərindən və meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən gəlirdən ibarətdir.

Meşə gəliri köküstə oduncaq buraxılışı və meşədən digər istifadələrə görə, habelə meşə fonduna vurulan zərər və itkiyə görə ödəmələrdən ibarətdir. Ödəmələr meşə məzənnələri əsasında hesablanır.

Meşə təsərrüfatının fəaliyyəti nəticəsində əldə edilən gəlirlərə meşə təsərrüfatı istehsalından, meşə sənayesi və qeyri-sənaye meşə istehsalından daxil olan vəsaitlər aid edilir.

Maddə 65. Meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu

Meşələrin bərpasının, mühafizəsinin və qorunmasının, meşə təsərrüfatı istehsalının digər tədbirlərinin, habelə meşə təsərrüfatının inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək məqsədilə meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu yaradılır.

Fondun maliyyə mənbələri meşə gəlirlərindən, meşə təsərrüfatına ictimai yardımlardan və digər vəsaitlərdən ibarətdir.

Meşə təsərrüfatı istehsalı meşələrin qorunub saxlanması və təkrar istehsalı fondu, eləcə də büdcə vəsaiti hesabına maliyyələşdirilir.

Sənaye və qeyri-sənaye istehsalı özünümaliyyələşdirmə (təsərrüfat hesabı) prinsipi əsasında həyata keçirilir.

Maddə 66. Meşə təsərrüfatı sahəsində həvəsləndirmə və güzəştlər

Meşə təsərrüfatı işçilərinə Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həvəsləndirmə və güzəştlər (otlaq, biçənək sahələri təhkim etmək, meşədən mal-qara üçün ot biçmək, yanacaq kimi istifadə üçün güzəştli qiymətlərlə odun, xüsusi geyim və s.) nəzərdə tutulur.


IX Fəsil
Meşə fondundan və ağac-kol
bitkilərindən istifadənin xüsusiyyətləri


Maddə 67. Oduncaq tədarükü

Oduncaq tədarükü meşəbərpa və aralıq istifadə üçün qırma, habelə başqa qırmalar (başdan-başa sanitariya qırmaları, su qovşaqlarının, boru kəmərlərinin, yolların, elektrik xətlərinin tikintisi, habelə mərzlərin, yanğından mühafizə keçidlərinin açılması və digər belə məqsədlər üçün aparılan qırmalar) qaydasında aparılır.



Maddə 68. Kateqoriyalarından asılı olaraq meşələrin qırma üsulları

Dövlət qoruqlarının meşələrində yalnız qoruq rejiminə müvafiq olan qırmaların aparılmasına yol verilir.

Kurort meşələrində, xüsusi qiymətli meşə massivlərində, şəhərlərin və digər yaşayış məntəqələrinin ətrafındakı yaşıllıq zonalarının meşələrində, yabanı meyvə meşələrində və dövlət qoruyucu meşə zolaqlarında aralıq istifadə üçün qırmalar və başqa qırmalar aparılır.

Xüsusi qoruyucu meşə sahələrindən istifadənin bütün növləri məhdudlaşdırıla və qadağan edilə bilər.

Meşəbərpa və aralıq istifadə üçün qırmalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qırma qaydaları (əsasnamə) üzrə aparılır.

Maddə 69. Qırma zamanı oduncaq tədarükünün təşkili və qaydası

Meşəqırma sahələrinin ayrılması, onların meşə istifadəçilərinə verilməsi, habelə meşəqırma tələblərinin pozulmasına görə cərimənin miqdarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən Azərbaycan Respublikası meşələrində köküstə oduncaq buraxılışı qaydaları ilə müəyyən edilir.



Maddə 70. Qırmalar zamanı oduncaq tədarükü həcminin müəyyən edilməsi

Meşədən oduncaq tədarükü hər bir meşə təsərrüfatı müəssisəsinin ərazisi üzrə hesablanmış meşəqırma həcmində aparılır. Hesablanmış meşəqırma həcmindən artıq miqdarda oduncaq tədarükü qadağandır.

Meşəbərpa və aralıq istifadə üçün qırma qaydası ilə oduncaq tədarükünün həcmi meşələrin vəziyyətinə, meşəyə qulluq, seçmə sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların müəyyən edilmiş normalarına əsasən meşə quruluşu işləri aparılarkən müəyyənləşdirilir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Başqa qırma qaydaları ilə oduncaq tədarükünün həcmi meşə fondunun ağac-koldan təmizlənməsi ilə bağlı olan layihələrdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.



Maddə 71. İkinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə qaydası

Meşə fondu sahələri ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə üçün fiziki və hüquqi şəxslərin istifadəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada verilir.

Meşə fondundan ikinci dərəcəli meşə sərvətlərinin tədarükü və meşədən əlavə istifadə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 72. Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları

Müvafiq təşkilatlar tərəfindən meşə fondu sahələrində elmi tədqiqat işləri aparıla bilər. Bu meşə istifadəsi həmin məqsədlərə uyğun gəlmədikdə meşə təsərrüfatı müəssisəsi fiziki və hüquqi şəxslərə meşə fondu sahəsindən istifadəni məhdudlaşdırır və ya qadağan edir.

Mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri üçün verilmiş meşə sahələrində meşə istifadəçiləri təbii landşaftın saxlanılması, yanğın təhlükəsizliyi və meşələrdə sanitariya qaydalarına əməl etmək şərtilə abadlıq tədbirləri görə bilərlər.

Meşə fondu sahələri ov yerləri kimi qanunvericilikdə müəyyən edilmiş qaydada ovçuluq təsərrüfatının ehtiyacları üçün fiziki və hüquqi şəxslərin istifadəsinə və ya icarəsinə verilə bilər.

Meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (AR-in 29 oktyabr 2004-cü il tarixli Qanunu ilə edilmiş düzəlişlərlə – «Az.-n» q., 10 noyabr 2004-cü il).

Maddə 73. Sərhəd zonalarında meşə fondu sahələrindən istifadə qaydası

Sərhəd zonalarında meşə fondu sahələrindən bu Məcəllə ilə müəyyən olunmuş qaydada istifadə edilir.

Sərhəd zonalarında meşə fondu sahələrindən istifadənin xüsusiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Maddə 74. Meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqları, milli parklar və təbiət parkları

Meşə fondu sahələri meşə fondu ərazisində yerləşən dövlət təbiət qoruqlarına Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhkim edilir və onlar bu sahələrdə dövlət idarəetmə funksiyasını həyata keçirir.

Dövlət təbiət qoruqlarının, milli parkların və təbiət parklarının ərazilərindəki meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası bu Məcəlləyə və Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.

Maddə 75. Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri

Kənd təsərrüfatı təyinatlı torpaqlarda yerləşən ağac-kol bitkiləri torpaqqoruyucu, sutənzimləyici və meşə bitkilərinə xas olan digər xüsusiyyətləri ilə torpaqları mənfi təbii, antropogen və texnogen hadisələrin təsirindən qorumaq üçündür.

Bu torpaqlarda yerləşən ağac-kol bitkilərində aparılan qırmalar bu bitkilərin vəziyyətinin yaxşılaşmasını və funksiyalarının yerinə yetirilməsini təmin etməlidir. Ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə qırmaların, habelə başqa qırmaların aparılmasına yol verilir.

Kənd təsərrüfatı təyinatlı torpaqlarda meşə salınması, ağac-kol bitkilərinə qulluq edilməsi, onların istifadəsi, mühafizəsi, qorunması, habelə bunlarla bağlı dövlət nəzarəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.



Maddə 76. Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkiləri dəmir yolu magistralını mənfi təbii hadisələrdən qorumaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq, dəmir yolu nəqliyyatının səsinin təsirini azaltmaq üçündür.

Müvafiq icra hakimiyyəti orqanı göstərilən ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində dövlət idarəetməsini həyata keçirir.

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərində qulluq, sanitariya, yenidənəkmə məqsədilə xüsusi təyinatlı və başqa qırmaların aparılmasına yol verilir. Bu qırmaların aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Dəmir yoluna aid torpaqlarda yerləşən ağac-kol bitkilərinin vəziyyəti, istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

Maddə 77. Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol bitkiləri

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında (avtomobil yollarını və kanalları ayıran zolaqlarda) yerləşən ağac-kol bitkiləri avtomobil yollarını və kanalları mənfi təbii, antropogen və texnogen hallardan mühafizə etmək üçündür.

Avtomobil yollarını və kanalları ayıran zolaqlardakı ağac-kol bitkilərində sanitariya və yenidənəkmə ilə əlaqədar qırmaların və başqa qırmaların aparılmasına yol verilir.

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında meşəsalma, habelə ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması qaydaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir.

Avtomobil yollarına aid torpaqlarda və su fondu torpaqlarında yerləşən ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması üzərində dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.

X Fəsil
Meşələrin istifadəsi, mühafizəsi, qorunması
və bərpası sahəsində mübahisələrin həlli, meşə
qanunvericiliyinin pozulmasına görə məsuliyyət


Maddə 78. Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələrin həlli qaydası

Meşələrin istifadəsi, mühafizəsi, qorunması və bərpası sahəsində mübahisələr məhkəmə qaydasında həll edilir.



Maddə 79. Meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət

Meşə qanunvericiliyinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun intizam, inzibati, mülki və cinayət məsuliyyəti daşıyırlar.

Meşə fondu sahələrinin özbaşına tutulmasına (zəbt edilməsinə) görə inzibati və cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər həmin torpaqları müəyyən edilmiş müddətdə azad etməlidirlər.

Maddə 80. Meşə qanunvericiliyinin pozulması ilə bağlı əqdlərin etibarsızlığı

Meşə qanunvericiliyini pozmaqla bağlanmış əqdlər etibarsızdır.


Azərbaycan Respublikasının
1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş
Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qəbul edilmişdir: 30 dekabr 1998-ci il, № 693.

Əlavə və dəyişikliklər: 1. 23 oktyabr 2003-cü il, № 941;
2. 10 dekabr 2004-cü il, № 159$
3. 2 fevral 2007-ci il;
4. 14 iyun 2007-ci il;
5. 7 oktyabr 2009-cu il.

Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin qüvvəyə minməsi ilə əlaqədar həmin Məcəllənin tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti iki ay müddətində:

qüvvədə olan qanunvericilik aktlarının Azərbaycan Respublikasının Meşə Məcəlləsinə uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;



Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakmiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Məcəlləyə uyğunlaşdırılmasını təmin etsin və bu halqa Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

Azərbaycan Respublikasının meşə qanunvericiliyinin pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktlarının layihələrini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

Azərbaycan Respublikası Meşə Məcəlləsindən irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

Azərbaycan Respublikası Meşə Məcəlləsinin 27-ci maddəsinin birinci hissəsinin on səkkizinci abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

həmin Məcəllənin 24-cü maddəsinin birinci hissəsində, 25-ci maddəsinin dördüncü hissəsində, 26-cı maddəsində, 27-ci maddəsinin birinci hissəsinin ikinci, üçüncü (meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin aparılması qaydalarının müəyyən edilməsinə aid hissədə), dördüncü, beşinci, altıncı, yeddinci, səkkizinci, doqquzuncu, onuncu, on birinci, on üçüncü, on dördüncü, on beşinci və on yeddinci abzaslarında, 31-ci maddəsinin dördüncü hissəsində, 32-ci maddəsinin ikinci hissəsində, 34-cü maddəsinin ikinci hissəsində, 35-ci maddəsinin birinci və üçüncü hissələrində, 37-ci maddəsinin birinci hissəsində, 38-ci maddəsinin üçüncü hissəsində, 39-cu maddəsinin üçüncü və dördüncü hissələrində, 40-cı maddəsinin ikinci hissəsində, 41-ci maddəsinin ikinci hissəsində, 42-ci maddəsində, 43-cü maddəsinin üçüncü və dördüncü hissələrində, 44-cü maddəsinin ikinci hissəsində, 45-ci maddəsinin üçüncü hissəsində, 46-cı maddəsinin üçüncü hissəsində, 52-ci maddəsində, 59-cu maddəsinin üçüncü hissəsində, 62-ci maddəsinin üçüncü hissəsində, 68-ci maddəsinin dördüncü hissəsində, 69-cu maddəsində, 70-ci maddəsinin ikinci hissəsində və 72-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

həmin Məcəllənin 19-cu maddəsinin birinci hissəsində, 21-ci maddəsinin üçüncü hissəsində, 22-ci maddəsinin birinci hissəsində, 27-ci maddəsinin birinci hissəsinin üçüncü (meşə qanunvericiliyinə riayət edilməsinə, həmçinin meşə fondundan istifadəyə, onun mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsinə aid hissədə), on ikinci, on dördüncü (öz səlahiyyəti hüdudlarında) və on altıncı abzaslarında, 33-cü maddəsinin üçüncü hissəsində, 36-cı maddəsində, 39-cu maddəsinin ikinci hissəsində, 48-ci maddəsinin birinci hissəsinin dördüncü abzasında, 50-ci maddəsinin on dördüncü hissəsində, 70-ci maddəsinin üçüncü hissəsində və 71-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir;

həmin Məcəllənin 45-ci maddəsinin ikinci hissəsində, 59-cu maddəsinin birinci və ikinci hissələrində və 61-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata keçirirlər;

həmin Məcəllənin 60-cı maddəsinin birinci və ikinci hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini «Azərbmeşə» İstehsalat Birliyi, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;

həmin Məcəllənin 76-cı maddəsinin ikinci və üçüncü (Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmaqla) hissələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti həyata keçirir; (5)

həmin Məcəllənin 76-cı maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Dövlət Dəmir Yolu İdarəsi «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirirlər;

həmin Məcəllənin 77-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və «Azərbmeşə» İstehsalat Birliyi həyata keçirirlər;



həmin Məcəllənin 27-ci maddəsinin birinci hissəsinin doqquzuncu abzasında nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası öz səlahiyyətləri daxilində həyata keçirirlər.

3. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, aşağıdakıların icrası barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməklə üç ay müddətində:

Azərbaycan Respublikası Meşə Məcəlləsinin 24-cü maddəsinin birinci hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşə fondu torpaqlarının, icarəyə verilməsi qaydasını;

həmin Məcəllənin 25-ci madəsinin dördüncü hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşəqırma biletinin, orderin və meşə biletinin formalarını, onların uçotu, saxlanılması, doldurulması və verilməsi qaydalarını;

həmin Məcəllənin 26-cı maddəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşə fondu sahələrinin bir ilə qədər qısamüddətli istifadəyə verilməsi qaydasını;

həmin Məcəllənin 27-ci maddəsinin birinci hissəsinin on birinci abzasında nəzərdə tutulmuş meşə fondunun mühafizəsi, qorunması və meşələrin bərpası qaydalarını;

həmin Məcəllənin 27-ci maddəsinin birinci hissəsinin on beşinci abzasında müəyyən edilməsi nəzərdə tutulmuş meşə təsərrüfatı sahəsində dövlət statistika hesabatının aparılması qaydalarını;

həmin Məcəllənin 31-ci maddəsinin dördüncü hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşələrin qoruyucu kateqoriyalara aid edilməsi, meşələrin bir qoruyucu kateqoriyadan başqa qoruyucu kateqoriyaya keçirilməsi qaydasını;

həmin Məcəllənin 35-ci maddəsinin üçüncü hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşə fondu torpaqlarının geri alınması ilə əlaqədar meşə istifadəçilərinə dəyən ziyanın ödənilməsi qaydasını;

həmin Məcəllənin 38-ci maddəsinin üçüncü hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşə fondunun dövlət uçotu göstəricilərinin siyahısını, meşə fondunun dövlət uçotu sərhədlərinin formalarını;

həmin Məcəllənin 39-cu maddəsinin üçüncü və dördüncü hissələrində müəyyən edilməsi nəzərdə tutulmuş dövlət meşə kadastrı göstəricilərinin siyahısını, meşələrin iqtisadi qiymətləndirilməsinin metodikasını və dövlət meşə kadastrının aparılması qaydasını;

həmin Məcəllənin 40-cı maddəsinin ikinci hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşələrin monitorinqinin həyata keçirilməsi qaydasını;

həmin Məcəllənin 42-ci maddəsində müəyyən edilməsin nəzərdə tutulmuş köküstə buraxılan oduncaq və ikinci dərəcəli meşə ehtiyatlarının məcburi sertifikatlaşdırılmasının təşkili və aparılması qaydasını;

həmin Məcəllənin 43-cü maddəsinin dördüncü hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşə quruluşu işlərinin aparılması qaydasını;

həmin Məcəllənin 44-cü maddəsinin ikinci hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşə fondu haqqında məlumatın fiziki və hüquqi şəxslərə verilməsi qaydasını;

həmin Məcəllənin 45-ci maddəsinin üçüncü hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşə fondunun vəziyyətinə, istifadəsinə, mühafizəsinə, qorunmasına və meşələrin bərpasına dövlət nəzarətinin həyata keçirilməsi qaydasını;

həmin Məcəllənin 52-ci maddəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşə təsərrüfatına dəyən zərərin və itkilərin ödənilməsi qaydasını;

həmin Məcəllənin 59-cu maddəsinin üçüncü hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşə yanğınlarının söndürülməsinə fiziki və hüquqi şəxslərin cəlb olunması qaydasını;

həmin Məcəllənin 62-ci maddəsinin üçüncü hissəsində nəzərdə tutulmuş meşə fondunun zərərvericilərdən və xəstəliklərdən mühafizəsi üzrə fitosanitar qaydalarını;

həmin Məcəllənin 68-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş meşəqurma qaydalarını;



həmin Məcəllənin 69-cu maddəsində müəyyən edilməsi nəzərdə tutulmuş Azərbaycan Respublikası meşələrində köküstə oduncaq buraxılışı qaydalarını;

həmin Məcəllənin 72-ci maddəsinin dördüncü hissəsində müəyyən edilməsi nəzərdə tutulmuş meşə fondu sahələrindən elmi tədqiqat, mədəni-sağlamlaşdırma, turizm və idman məqsədləri, ovçuluq təsərrüfatının ehtiyacları üçün istifadə qaydalarını təsdiq etsin.
Yüklə 499,65 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin