KEÇİRİLMƏSİ ZAMANI AŞKARLIQ
Maddə 40. Seçki komissiyalarının fəaliyyətində aşkarlıq
40.1. Seçki komissiyalarının fəaliyyəti seçicilər üçün şəffaf olmalıdır.
40.2. Seçki komissiyalarının üzvləri, müvafiq seçki dairəsi üzrə qeydə alınmış namizədlər və onların səlahiyyətli nümayəndələri yaxud onların vəkil edilmiş şəxsləri, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri, siyasi partiyaların, siyasi partiyalar bloklarının vəkil edilmiş şəxsləri seçki komissiyasının iclaslarını, habelə səslərin hesablanmasını, məntəqə və dairə seçki komissiyalarında seçki bülletenləri, seçici siyahıları ilə, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri ilə, səsvermənin nəticələri və yekunları haqqında protokollarla müvafiq işin aparılmasını müşahidə etmək və onlarla tanış olmaq, dairə və məntəqə seçki komissiyalarının qərarlarının və digər seçki sənədlərinin (seçici siyahıları, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələri, seçki bülletenləri və imza vərəqələri istisna olmaqla) surətlərini almaq, seçki komissiyalarında digər seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə etmək hüququna malikdirlər.
40.3. Müvafiq seçki komissiyalarının iclaslarında iştirak etmək və adı çəkilən sənədlərlə tanış olmaq üçün bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin seçki komissiyalarından əlavə icazə almaları və ya müşahidəçi qismində qeydiyyatdan keçmələri tələb olunmur. Müvafiq seçki komissiyası onların seçki sənədləri ilə iş aparılan və ya səslər hesablanan yerə sərbəst daxil olmasını təmin edir.
40.4. Aktiv seçki hüququna malik olan Azərbaycan Respublikası vətəndaşları, o cümlədən bu Məcəllənin 44-cü maddəsində göstərilən xarici vətəndaşlar müşahidəçi qismində çıxış edə bilərlər.
40.5. Müşahidəçi müşahidəni öz təşəbbüsü ilə və ya qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, seçkilər sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatının təşəbbüsü əsasında apara bilər.
40.6. Azərbaycan Respublikasının bütün ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalanadək Mərkəzi Seçki Komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqların təmsil olunacaq namizədin adı, referendum üzrə təşviqat qrupunun adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərar onun verildiyi tarixdən başlayaraq 3 gün müddətində qəbul edilməlidir. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə Mərkəzi Seçki Komissiyası tərəfindən icazə verilmədikdə, Mərkəzi Seçki Komissiyasının bu qərarından apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə, müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verilir.[28]
40.7. Seçki dairəsinin ərazisində müşahidənin aparılmasına dair ərizə seçkilərin elan edildiyi gündən başlayaraq seçkilərin keçirilməsinə 5 gün qalanadək müvafiq dairə seçki komissiyasına təqdim edilə bilər. Ərizədə müşahidə aparmaq niyyətində olan şəxsin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi, zərurət olduqda isə həm də maraqlarını təmsil edən referendum üzrə təşviqat qrupunun adı, qeyri-hökumət təşkilatının, siyasi partiyanın (siyasi partiyalar blokunun) adı və hüquqi ünvanı göstərilməlidir. Ərizəyə iki fotoşəkil əlavə olunmalıdır. Hər bir ərizəyə dair qərarın qəbul edilmə müddəti ərizənin verildiyi tarixdən başlayaraq 2 gündən artıq ola bilməz. Müşahidənin keçirilməsinə rədd cavabı yalnız ərizədə göstərilən məlumatlar təsdiq olunmadıqda verilə bilər. Müşahidənin keçirilməsinə dairə seçki komissiyası tərəfindən icazə verilmədikdə, dairə seçki komissiyasının bu qərarından Mərkəzi Seçki Komissiyasına şikayət verilə bilər. Müşahidənin aparılmasına icazə verildikdə, dairə seçki komissiyası müşahidəçiyə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada hazırlanmış lövhəcik verir.
40.8. Seçki komissiyalarının iclaslarında, seçki sənədləri ilə və səslərin hesablanması ilə əlaqədar işin gedişində kütləvi informasiya vasitələri nümayəndələrinin iştirak etmək hüququ vardır.
40.9. Müvafiq seçki komissiyası yuxarı seçki komissiyalarını, qeydə alınmış hər bir namizədi və ya onun səlahiyyətli nümayəndəsini, namizədi qeydə alınmış siyasi partiyanın, siyasi partiyalar blokunun vəkil edilmiş şəxslərini, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxslərini, komissiyanın iclasında iştirak etmək hüququ olan müşahidəçiləri seçki sənədləri ilə işin və komissiyanın iclaslarının vaxtı haqqında bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulan qaydada məlumatlandırır.
40.10. Seçki komissiyalarında rəsmi daxil olmuş şikayətlərə baxıldıqda maraqlı tərəflərin nümayəndələrinin iclasda iştirak etmək hüququ vardır.
40.11. Seçki komissiyaları vətəndaşlara bu Məcəlləyə uyğun olaraq qeydə alınmış namizədlərin hər birinin tərcümeyi-halı, qeydiyyatın nəticələri, namizədlərin siyahısı haqqında və seçki komissiyasına onların barəsində daxil olmuş digər məlumatlar, referenduma çıxarılan məsələ ilə və ya namizədlə əlaqədar səsvermənin nəticələri haqqında məlumat verirlər.
40.12. Bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslər, müşahidəçilər, o cümlədən beynəlxalq müşahidəçilər, kütləvi informasiya vasitələrinin nümayəndələri bütün seçki komissiyalarında seçki hərəkətlərinin həyata keçirilməsini, səsvermənin nəticələrinin və seçkilərin (referendumun) yekunlarının müəyyənləşdirilməsini, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında protokolların tərtib olunmasını, habelə səslərin hesablanmasını və yenidən hesablanmasını müşahidə edə bilərlər. [29]
40.13. Səsvermə gününədək seçki komissiyasının iclasını müşahidə etmək hüququna yalnız Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada Mərkəzi Seçki Komissiyasında bu hüququn əldə edilməsi üçün qeydiyyatdan keçməklə xüsusi icazə almış müşahidəçilər malikdirlər. Mərkəzi Seçki Komissiyası tərəfindən verilən lövhəcikdə bu hüquq göstərilməlidir. Bu cür müşahidəçiləri Mərkəzi Seçki Komissiyası püşkatma yolu ilə müəyyən edir, o şərtlə ki, bu Məcəllənin 40.5-ci maddəsində göstərilən subyektlərin hər birinin bu cür hüquqa malik olan bir müşahidəçisi olsun (hər bir seçki komissiyası üçün ayrı-ayrılıqda) və hər bir seçki komissiyası üçün belə müşahidəçilərin sayı 10-dan artıq olmasın. Səsvermə günü seçki komissiyasının iclasını müşahidə etmək üçün xüsusi icazə tələb olunmur.
40.14. Seçki komissiyasının bütün üzvlərinin, bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin və müşahidəçilərin hərbi hissələrdə, xəstəxanalarda, sanatoriyalarda, istirahət evlərində və Xəzər dənizində yerləşən neft platformalarında yaradılmış seçki məntəqələri də daxil olmaqla, istənilən seçki məntəqəsinin səsvermə otağına maneəsiz buraxılışı təmin edilməlidir.
40.15. Səsvermə günü səsvermə otağında olan bütün səlahiyyətli şəxslərin, o cümlədən məntəqə seçki komissiyası üzvlərinin bu Məcəllənin 40.2-ci maddəsində göstərilən şəxslərin, kütləvi informasiya vasitələri nümayəndələrinin Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada, həmin şəxsin statusunu müəyyən etməyə imkan verən, soyadı, adı, atasının adı, vəzifəsi və fotoşəkli olan lövhəcik olmalıdır.
40.16. Müşahidəçinin soyadı, adı, atasının adı, yaşayış yerinin ünvanı, habelə onun göndərildiyi seçki komissiyası (komissiyaları) göstərilmiş, eləcə də maraqlarını təmsil etdiyi qeydə alınmış namizədin, siyasi partiyanın, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun, qeyri-hökumət təşkilatının adı göstərilən lövhəciyi olmalıdır. Lövhəcik şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə etibarlı sayılır. Müşahidəçinin göndərilməsi haqqında qabaqcadan xəbər vermək tələb edilmir.
40.17. Səsvermə günü səsvermə otağında olan və seçki hərəkətlərinin həyata keçirilməsini müşahidə edən şəxslərin siyahısı məntəqə seçki komissiyasının katibi tərəfindən aparılır.
Maddə 41. Müşahidə aparılmasının prinsipləri
41.1. Müşahidənin aparılması aşağıdakı prinsiplərə əsaslanmalıdır:
41.1.1. seçki prosesinə bir namizədin və ya siyasi partiyanın mənafeləri naminə təsir göstərilməməlidir;
41.1.2. müşahidə edilən hərəkətlərə aid olan bütün hallar və faktlar nəzərə alınmalıdır;
41.1.3. müşahidə açıq aparılmalıdır;
41.1.4. müşahidənin yekunları faktlara əsaslanmalıdır.
41.2. Sadalanan prinsiplər müşahidəçinin lövhəciyinin arxasında göstərilməlidir.
41.3. Müşahidə seçkilər (referendum) elan olunduğu gündən başlana bilər və müvafiq məhkəmələrdə seçkilərlə (referendumla) əlaqədar bütün mübahisələrə baxıldıqdan sonra, seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün bitir. [30]
Maddə 42. Müşahidəçilərin hüquq və vəzifələri
42.1. Yerli və beynəlxalq müşahidəçilər eyni hüquqlara malikdirlər və eyni vəzifələr daşıyırlar.
42.2. Müşahidəçinin, o cümlədən beynəlxalq müşahidəçinin bu Məcəllənin 40.12-ci və 40.13-cü maddələrində göstərilən hüquqlarla yanaşı aşağıdakı hüquqları vardır:
42.2.1. seçici siyahıları ilə tanış olmaq;
42.2.2. səsvermə günü istədiyi vaxt müvafiq seçki məntəqəsinin səsvermə otağında olmaq;
42.2.3. seçicilərə //çıxarılıb// seçki bülletenlərinin verilməsini müşahidə etmək;[31]
42.2.4. səsvermə yerindən kənarda seçicilərin səs verməsini müşahidə etmək;
42.2.5. seçicilərin sayını hesablamaq, seçki bülletenlərinin, ləğv edilmiş seçki bülletenlərinin sayılmasını müşahidə etmək;
42.2.6. müşahidənin nəticələrinin seçki komissiyasının protokoluna əlavə olunmasını tələb etmək;
42.2.7. müşahidə aparmağı təmin edən şəraitdə və müəyyən məsafədən seçicilərin səslərinin hesablanmasına, seçicilərin səsləri hesablanarkən //çıxarılıb//doldurulmuş və ya doldurulmamış hər bir seçki bülleteninə səsin etibarlılığını yoxlamaq məqsədi ilə baxmaq, səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları (ümumi yekunları) haqqında seçki komissiyasının protokolu və digər sənədlərlə tanış olmaq; [32]
42.2.8. səsvermənin təşkili ilə əlaqədar təklif və iradlarla məntəqə seçki komissiyasının sədrinə, o olmadıqda isə onu əvəz edən şəxsə müraciət etmək;
42.2.9. seçki komissiyalarının sənədlərinin, o cümlədən səsvermənin nəticələri və seçkilərin (referendumun) yekunları haqqında protokolların, səsvermə günü seçki komissiyasının işə başladığı və seçki qutularının möhürləndiyi andan seçki komissiyaları tərəfindən səsvermənin nəticələri haqqında protokolların qəbul edilməsinədək seçki komissiyaları tərəfindən tərtib edilmiş və ya onlara daxil olmuş qoşma sənədlərin təsdiqlənmiş surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxarmaq və ya almaq, əlavə nüsxələri Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə çıxarmaq və ya almaq (müşahidəçinin tələbi ilə seçki komissiyası adı çəkilən sənədlərin surətlərini təsdiq etməlidir), səsvermədə iştirak edən şəxslərin siyahısı ilə tanış olmaq;
42.2.10. müvafiq seçki komissiyalarında seçicilərin səslərinin təkrar hesablanmasını müşahidə etmək;
42.2.11. seçki sənədlərinin dairə seçki komissiyasına və Mərkəzi Seçki Komissiyasına göndərilməsini müşahidə etmək.
42.3. Müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan edilir:
42.3.1. seçicilərə //çıxarılıb// seçki bülletenləri vermək;[33]
42.3.2. seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək;
42.3.3. seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
42.3.4. seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
42.3.5. seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
42.3.6. seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
42.3.7. seçicilər arasında təşviqat aparmaq;
42.3.8. bu və ya digər namizədin, siyasi partiyanın, referenduma çıxarılan sualın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
42.3.9. müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
42.3.10. seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).
42.4. Bu Məcəllənin 42.3-cü maddəsində göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.
42.5. Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini Mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir.
Maddə 43. Kütləvi informasiya vasitələrinin nümayəndələri
43.1. Kütləvi informasiya vasitələrinin nümayəndələri bütün seçki komissiyalarının iclaslarını işıqlandıra, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolları və qərarları ilə tanış ola bilər, habelə müvafiq seçki komissiyasının qərarının, protokolunun və onlara qoşulan digər sənədlərin surətlərinin bir nüsxəsini haqq ödənilmədən çıxara və ya ala bilər, əlavə nüsxələri isə Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqq ödənilməklə ala bilərlər.
43.2. Kütləvi informasiya vasitələri nümayəndələrinin tələbi ilə seçki komissiyası qərarların, səsvermənin nəticələri və seçkilərin yekunları haqqında protokolların surətləri seçki komissiyası tərəfindən təsdiq olunmalıdır.
Maddə 44. Beynəlxalq (xarici) müşahidəçilər
44.1. Beynəlxalq (xarici) müşahidəçilər (bundan sonra beynəlxalq müşahidəçilər) qanunla müəyyənləşdirilmiş qaydada və müvafiq dəvət əsasında Azərbaycan Respublikasına gələrkən Mərkəzi Seçki Komissiyasında qeydiyyatdan keçirlər. Azərbaycan Respublikasının vətəndaşları beynəlxalq müşahidəçi statusu ala bilməzlər.
44.2. Dəvətlər seçkilərin təyin edilməsi barədə qərar rəsmi dərc edildikdən sonra Milli Məclis, müvafiq icra hakimiyyəti orqanları və Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilə bilər.
44.3. İnsan və vətəndaşların hüquq və azadlıqlarının qorunması sahəsində nüfuzu olan qeyri-hökumət təşkilatları da beynəlxalq müşahidəçilərin dəvət olunması haqqında öz təkliflərini Milli Məclisin deputatlarına, Mərkəzi Seçki Komissiyasına və ya müvafiq icra hakimiyyəti orqanına verə bilərlər.
44.4. Beynəlxalq müşahidəçi qeydə alınmaq üçün bu Məcəllənin 40.7-ci maddəsində göstərilən sənədləri təqdim edir. Mərkəzi Seçki Komissiyası beynəlxalq müşahidəçiyə dövlət dilində və xarici dillərin birində onun təqdim etdiyi sənədlərə uyğun tərtib edilmiş vəsiqə — lövhəcik verir. Yalnız belə lövhəciyin olması beynəlxalq müşahidəçiyə seçkilərin hazırlanması və keçirilməsi dövründə bu Məcəllənin 40-42-ci maddələrinə uyğun olaraq fəaliyyət göstərmək imkanı verir.
44.5. Beynəlxalq müşahidəçinin səlahiyyət müddəti Mərkəzi Seçki Komissiyasında qeydə alındığı gündən başlayır və seçkilərin (referendumun) yekunlarının (ümumi yekunlarının) rəsmi dərc edildiyi gün tamam olur. [34]
44.6. Beynəlxalq müşahidəçi öz fəaliyyətini müstəqil və sərbəst həyata keçirir, onun fəaliyyəti müşahidəçini göndərən tərəfin hesabına və ya onun öz şəxsi vəsaiti hesabına maliyyələşdirilir.
44.7. Beynəlxalq müşahidəçi Azərbaycan Respublikası ərazisində olduğu müddətdə dövlətin mühafizəsi altına alınır. Seçki komissiyaları, dövlət hakimiyyəti orqanları və bələdiyyə qurumları ona zəruri yardım göstərməyə borcludurlar.
44.8. Beynəlxalq müşahidəçilər səsvermə günündən sonra seçki qanunvericiliyi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar mətbuat konfransı keçirə və kütləvi informasiya vasitələrinə müraciət edə bilərlər.
44.9. Beynəlxalq müşahidəçilərin seçicilərlə, namizədlərlə, qeydə alınmış namizədlərlə, seçki komissiyalarının üzvləri ilə, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələri ilə, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının vəkil edilmiş şəxsləri ilə görüşmək hüququ vardır.
44.10. Beynəlxalq müşahidəçilər seçki kampaniyasının gedişi, seçkilərin hazırlanması və keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olmaq üçün öz statusundan istifadə edə bilməzlər.
44.11. Beynəlxalq müşahidəçi qanunları, beynəlxalq hüquq normalarını pozduğu hallarda Mərkəzi Seçki Komissiyası onun qeydiyyatını ləğv edə bilər.
Səkkizinci fəsil
Dostları ilə paylaş: |