Azərbaycan Respublikasının Seçki Məcəlləsi



Yüklə 1.64 Mb.
səhifə16/29
tarix01.12.2016
ölçüsü1.64 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   29

SEÇKİLƏRİN (REFERENDUMUN) KEÇİRİLMƏSİ


On beşinci fəsil

SƏSVERMƏNİN TƏŞKİLİ


   Maddə 98. Səsvermə otağı

98.1. Müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə qurumu məntəqə seçki komissiyasına əvəzsiz olaraq səsvermə otağı ayırır.

98.2. Səsvermə otağına səsvermə qutuları, kabinəsi, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım olan digər zəruri əşyalar qoyulmalıdır (qurulmalıdır). Səsvermə qutuları, kabinəsi və digər xüsusi avadanlıq elə yerləşdirilməlidir ki, seçicilərin səs verərkən rahat hərəkət etmələrinə mane olmasın.

98.3. Səsvermə otağında namizədlər haqqında, bülletenlərin doldurulması qaydası haqqında məlumatları göstərilməsi məqsədi ilə Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi formada məlumat lövhələri yerləşdirilməlidir. Göstərilən lövhə elə yerləşdirilməlidir ki, seçicilər lövhədə olan materialları sərbəst oxuya bilsinlər. Seçki bülletenlərinin nümunələrində qeydə alınmış namizədlərin (siyasi partiyaların, siyasi partiyalar bloklarının) adlarından istifadə edilə bilməz, referendum üzrə səsvermə bülletenlərində isə heç bir işarə qoyula bilməz. Lövhədə cinayət və inzibati qanunvericilikdən vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət müəyyənləşdirən məlumatlar yerləşdirilməlidir. Qeydə alınmış namizədin ödənilməmiş və ya üzərindən götürülməmiş məhkumluğu olduqda məlumatda qeydə alınmış namizədin məsuliyyətə alındığı Cinayət Məcəlləsinin müvafiq maddəsinin adı, nömrəsi, namizədin yaşadığı başqa dövlətdə Cinayət Məcəlləsində cinayət sayılan əməli olmuş və bu haqda qanuni qüvvəyə minmiş məhkəmə hökmü çıxarılmışsa, xarici dövlətin müvafiq qanununun adı göstərilməlidir.

98.4. Səsvermə başlandığı andan səsvermə otağında səsvermənin yekunları barədə məlumatları göstərmək məqsədi ilə, səsvermənin yekununa aid böyüdülmüş protokol nümunələri asılmalıdır.

98.5. Səsvermə otağı elə təşkil edilməlidir ki, seçki bülletenlərinin verildiyi yer, kabinələr, səsvermə üçün digər yerlər, səsvermə qutuları məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər tərəfindən sərbəst görünə bilsin.

   Maddə 99. Seçki bülletenləri

99.1. Seçki bülletenlərinin (bundan sonra — seçki bülleteni) hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə azı 35 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

99.2. Seçki bülletenlərində namizədlərin soyadları əlifba sırası ilə yerləşdirilir.

99.3. Hər bir seçki bülleteni Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və onun doldurulması qaydası haqqında izahat verilməlidir. Nömrə seçki bülleteninin kəsilən küncündə yerləşdirilir.

99.4. Seçki bülletenləri Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən azı 10 gün qalmış hazırlanır. Hazırlanmış seçki bülletenlərinin sayı müvafiq seçki dairəsində qeydə alınmış seçicilərin sayından ən çoxu 3 faiz artıq ola bilər.

99.5. Poliqrafiya müəssisəsi yararsız seçki bülletenlərinin seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki Komissiyasının səlahiyyətli üzvünə bülletenləri onların sayı, buraxılma tarixi, nömrələri və vaxtı göstərilmiş akt üzrə təhvil verir. Seçki bülletenlərini sifarişə uyğun olaraq təhvil verdikdən sonra poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq çap edilmiş bülletenləri məhv edir və bu barədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Həmin hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının üzvləri və bu Məcəllənin 40.2-cı və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinə seçki bülletenlərinin buraxılması yeri və vaxtı barədə məlumat verməlidir.

99.6. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən seçki bülletenlərini aldıqdan sonra səsvermə gününə azı 5 gün qalmış müvafiq dairə seçki komissiyasının sədrinin və katiblərinin iştirakı ilə bülletenlərin sayını, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, seçki bülletenlərini dairə seçki komissiyasının sədrinə verir. Hər bir məntəqə seçki komissiyasına verilən seçki bülletenlərinin sayı dairə seçki komissiyasının qərarı ilə müəyyənləşdirilir. Dairə seçki komissiyası səsvermə gününə azı 3 gün qalmış seçki bülletenlərini göstərilən qaydada məntəqə seçki komissiyalarına verir. Məntəqə seçki komissiyalarına verilmiş seçki bülletenlərinin sayı seçki bülletenlərinin verildiyi günədək seçki məntəqəsi üzrə siyahıya daxil edilmiş seçicilərin sayının 90 faizindən az, 0,5 faizindən isə artıq ola bilməz. Seçki bülletenləri məntəqə seçki komissiyası tərəfindən sayılır və alınmış seçki bülletenlərinin sayı məntəqə seçki komissiyasının qərarı ilə təsdiq edilir. Əgər verilməli olan və alınan seçki bülletenlərinin sayı düz gəlməzsə, dairə seçki komissiyası bu uyğunsuzluq haqqında dərhal məlumatlandırılır. Seçki bülletenlərinin üz tərəfinin yuxarı sağ küncü məntəqə seçki komissiyasının möhürü ilə təsdiq edilir.

99.7. Seçki bülletenlərinin verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə edən seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.

99.8. Müstəsna hallarda bu Məcəllənin 35.4 və 35.6-cı maddələrinə uyğun olaraq səsvermə günü üzən gəmilərdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələrində texniki imkanlar olduqda seçki sənədlərinin, o cümlədən seçki bülletenlərinin məntəqə seçki komissiyaları tərəfindən hazırlanmasına icazə verilir. Müvafiq tirajı göstərilməklə seçki sənədlərinin hazırlanması barədə qərar Mərkəzi Seçki Komissiyası ilə razılaşdırılmaqla, müvafiq məntəqə seçki komissiyası tərəfindən qəbul edilir.

99.9. Səsvermə günü səsvermə vaxtı başa çatdıqdan sonra dairə seçki komissiyasında qalan istifadə edilməmiş seçki bülletenləri ləğv edilir və bu barədə dairə seçki komissiyası akt tərtib edir. Seçki bülletenləri ləğv edildikdə bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər iştirak edə bilərlər. Ləğv edilmiş seçki bülletenləri komissiyanın digər sənədləri ilə birlikdə seçki komissiyasının katibində saxlanılır.

99.10. Seçki bülletenləri hazırlandıqdan sonra bəzi namizədlər çıxdıqda və ya onların qeydiyyatı ləğv edildikdə, Mərkəzi Seçki Komissiyasının qərarı ilə dairə və ya məntəqə seçki komissiyaları seçki bülletenlərindən belə namizədlər və ya siyasi partiyalar, siyasi partiyaların blokları barədə məlumatları, çap olunmuş seçki bülletenində qeydə alınmış namizəd, siyasi partiya, siyasi partiyaların bloku haqqında məlumata əlavə və ya dəyişikliklər haqqında  müvafiq məlumatları məntəqə seçki komissiyasının məlumat lövhəsində yerləşdirir.

   Maddə 100. Seçki komissiyalarının səsvermə protokolları

100.1. Bu Məcəllənin Xüsusi hissəsinin tələbləri nəzərə alınmaqla, seçki komissiyalarının səsvermə protokollarının (bundan sonra — protokollar) hazırlanması qaydası, mətni və forması, onların sayı, hazırlanmasına aid tələblər səsvermə gününə ən geci 45 gün qalmış Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

100.2. Hər bir protokola aşağıdakı məlumatlar daxil edilir:

100.2.1. seçicilər siyahısındakı seçicilərin ümumi sayı;

100.2.2. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi alınmış seçicilərin sayı (Milli Məclisə seçkilər və bələdiyyə seçkiləri istisna olmaqla)[79];

100.2.3. məntəqə seçki komissiyasına dairə seçki komissiyasından (dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyasından) verilmiş seçki bülletenlərinin sayı;

//çıxarılıb//[80]

100.2.5. seçki bülletenləri alan seçicilərin sayı;

100.2.6. səsvermə otağından kənarda səs verən seçicilərə //çıxarılıb// seçki bülletenlərinin sayı;[81]

100.2.7. səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi ilə səs verən seçicilərin sayı (Milli Məclisə seçkilər və bələdiyyə seçkiləri istisna olmaqla);[82]

100.2.8. istifadə edilməmiş seçki bülletenlərinin sayı;

100.2.9. ləğv edilmiş seçki bülletenlərinin sayı;

//çıxarılıb//[83]

//çıxarılıb// [84]

100.2.12. daşınar seçki qutularında //çıxarılıb// aşkar edilən seçki bülleteninin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);[85]

100.2.13. daşınmaz seçki qutularında olan zərflərdə aşkar edilən seçki bülleteninin sayı (müəyyənləşdirilmiş formada olmayan bülletenlər istisna edilməklə);

100.2.14. etibarlı sayılan səslərin sayı;

100.2.15. etibarsız sayılmış səslərin sayı (eləcə də ayrıca sətirlərdə — müəyyənləşdirilmiş formada olmayan və heç bir qeyd edilməmiş seçki bülletenlərinin sayı);

100.2.16. korlanmış seçki bülletenlərinin sayı;

100.2.17. protokolun tərtib edilmə tarixi və vaxtı. [86]

100.3. Protokol 3 nüsxədən ibarət olaraq (hər bir nüsxəsi müxtəlif rəngdə olmaqla) karbonlaşdırılmış kağızdan buklet formasında hazırlanır.

100.4. Hər bir protokol Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada bir-bir və ardıcıl olaraq nömrələnməlidir və seçki dairələrinin sayına uyğun olaraq onların seriyaları göstərilməlidir (Mərkəzi Seçki Komissiyasının protokolları istisna olmaqla).

100.5. Protokollar dövlət dilində çap edilir.

100.6. Protokollar Mərkəzi Seçki Komissiyasının qərarı ilə onun nümayəndələrinin müşahidəsi altında poliqrafiya müəssisələrində səsvermə gününə ən geci 30 gün qalmış hazırlanır.

100.7. Poliqrafiya müəssisəsi yararsız protokolların seçilib ayrılmasını təmin edir və Mərkəzi Seçki Komissiyasının səlahiyyətli üzvünə protokollar onların sayı, buraxılma tarixi və vaxtı göstərilmiş akt üzrə təhvil verir. Protokollar sifarişə uyğun olaraq təhvil verildikdən sonra poliqrafiya müəssisəsinin işçiləri çıxdaş olunmuş və artıq çap edilmiş protokolları məhv edir və bu barədə bütün iştirakçıların imzası qoyulmaqla akt tərtib edir. Bu hərəkətlərin edilməsini Mərkəzi Seçki Komissiyasının üzvləri və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Mərkəzi Seçki Komissiyası qeydə alınmış namizədlərə, siyasi partiyaların, siyasi partiyalar bloklarının referendum üzrə təşviqat qruplarının səlahiyyətli nümayəndələrinə protokolların buraxılması yeri və vaxtı barədə məlumat verməlidir.

100.8. Mərkəzi Seçki Komissiyası poliqrafiya müəssisəsindən səsvermə protokollarını aldıqdan sonra səsvermə gününə azı 20 gün qalmış müvafiq dairə seçki komissiyası sədrinin və katiblərinin iştirakı ilə protokolların sayını, seriya və nömrələrini, verilmə tarixini, vaxtını göstərməklə akt tərtib edib, protokolları seçki məntəqələrinin sayı nəzərə alınmaqla dairə seçki komissiyasının sədrinə verir. Dairə seçki komissiyası səsvermə gününə ən azı 4 gün qalmış protokolları göstərilən qaydada məntəqə seçki komissiyalarına verir.[87]

100.9. Protokolların verilməsi və saxlanması üçün seçki bülletenlərini verən, qəbul edən və mühafizə edən seçki komissiyaları sədrləri məsuliyyət daşıyırlar.

100.10. Bu Məcəllənin 35.4-cü və 35.6-cı maddələrinə uyğun olaraq müstəsna hallarda səsvermə günü üzən gəmilərdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış seçki məntəqələrində texniki imkanlar olduqda protokolların məntəqə seçki komissiyaları tərəfindən hazırlanmasına icazə verilir.

100.11. Seçki protokolları ilə eyni müddətdə seçki protokollarının surətləri hazırlanır və seçki komissiyalarına verilir. Hər bir seçki komissiyasına protokolun 30 surəti verilir. Protokolların surətlərində seriya və nömrə poliqrafiya üsulu ilə göstərilmir, onlar protokolun surəti doldurulduqda müvafiq protokola uyğun olaraq yazı ilə qeyd edilir. Bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə verilən seçki komissiyalarının protokollarının və digər sənədlərinin surətlərini onların tələbi ilə komissiyanın sədri və ya katibi təsdiq edir. Bu halda həmin şəxs təsdiq olunan sənədin surətinə «Əsli ilə düzdür» sözlərini yazdıqdan sonra onu imzalayır (protokolun seriya və nömrəsini yazır), komissiyanın möhürü ilə təsdiqləyir və təsdiqetmə tarixini qoyur. Sənədin təsdiq olunan bir surətini bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslər haqq ödəmədən, əlavə surətlərini isə bu Məcəllənin 42.2.9-cu maddəsi nəzərə alınmaqla Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilən haqqı, ödədikdən sonra alırlar.

100.12. Protokollar seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən tərtib edilir və seçki komissiyasının həlledici səs hüquqlu üzvlərinin ümumi sayının ən azı 2/3-si tərəfindən imzalanır. Komissiyanın bütövlükdə protokolla və ya onun ayrı-ayrı hissələri ilə razılaşmayan həlledici səs hüquqlu üzvü protokola öz xüsusi rəyini əlavə edə bilər və bu barədə protokolda müvafiq qeyd aparılır. Protokolun tərtib edilməsini bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslər müşahidə edə bilərlər. Protokolun karandaşla yazılmasına və ona hər hansı düzəliş edilməsinə icazə verilmir.

   Maddə 101. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi

101.1. Referendum və prezident seçkiləri zamanı seçicilərə vahid dairə üzrə səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsi verilə bilər. Səsvermə üçün qeydiyyatdan çıxma vəsiqəsinin (bundan sonra — səsvermə vəsiqəsi) forması, hazırlanma qaydası, sayı, verilmə reyestrinin forması, hazırlanmasına aid tələblər Mərkəzi Seçki Komissiyası tərəfindən səsvermə gününə azı 45gün qalmış təsdiq edilir. Səsvermə vəsiqələri bu Məcəllənin 99.2 — 99.5-ci maddələrində göstərilən qaydada hazırlanır. Səsvermə vəsiqələri yuxarı seçki komissiyasından aşağı seçki komissiyasına bu Məcəllənin 99.6-cı maddəsi ilə müəyyənləşdirilmiş qaydada təhvil verilir. Səsvermə vəsiqələrinin verilməsi və saxlanması üçün müvafiq seçki komissiyalarının sədrləri məsuliyyət daşıyırlar.[88]

101.2. Səsvermə günü seçicilər siyahısına daxil edilmiş, seçki məntəqəsində səs vermək imkanı olmayan seçici müvafiq dairə seçki komissiyasında (səsvermə gününə 45-25 gün qalmış) və ya məntəqə seçki komissiyasında (səsvermə gününə 24-3 gün qalmış) səsvermə vəsiqəsini ala bilər və həmin vəsiqə əsasında səsvermə günü olduğu ərazidəki seçki məntəqəsində səs verə bilərBu qayda Milli Məclisə seçkilər zamanı müvafiq seçki dairəsinin ərazisində, prezident seçkiləri və referendum zamanı respublikanın bütün ərazisində, bələdiyyə seçkilərində isə müvafiq bələdiyyənin ərazisində tətbiq edilir.[89]

101.3. Səsvermə vəsiqəsi müvafiq seçki komissiyası tərəfindən seçicinin ərizəsi əsasında seçiciyə və ya notariat qaydasında təsdiq edilmiş vəkalətnamə əsasında onun nümayəndəsinə verilir. Ərizədə seçicinin səsvermə vəsiqəsi almasının səbəbləri göstərilməlidir. Ərizə verildiyi gündən başlayaraq iki gün müddətində məntəqə seçki komissiyası dairə seçki komissiyasına müraciət edərək, seçicinin əvvəl səsvermə vəsiqəsini alıb-almaması faktını araşdırmalıdır. Bir seçiciyə bir neçə səsvermə vəsiqəsinin verilməsi qadağandır.

101.4. Dairə seçki komissiyası səsvermə vəsiqələrinin reyestrini tərtib edir. Həmin reyestrdə səsvermə vəsiqəsi alan seçicilərin soyadı, adı, atasının adı, doğum tarixi, yaşayış yerinin ünvanı göstərilməlidir. Səsvermə gününə 25 gün qalmış dairə seçki komissiyası məntəqə seçki komissiyalarına seçicilərin siyahıları ilə birlikdə göstərilən reyestrdən təsdiq edilmiş çıxarışları göndərir. Məntəqə seçki komissiyası seçicilər siyahısında həmin çıxarışlara əsasən müvafiq qeydlər apara bilər.

101.5. Səsvermə vəsiqəsinin alınması haqqında seçici və ya onun nümayəndəsi reyestrdə (dairə seçki komissiyasında) və ya seçicilər siyahısında (məntəqə seçki komissiyasında) şəxsiyyət vəsiqəsini və ya onu əvəz edən sənədin seriyasını və nömrəsini göstərməklə imza atır. Bu zaman səsvermə vəsiqəsinin kəsilən küncü reyestrə və ya seçicilər siyahısına əlavə edilir. Bunun əsasında seçici qeydə alınmış seçicilərin hesablanması zamanı nəzərə alınmır və müvafiq protokola daxil edilmir.

101.6. Məntəqə seçki komissiyası verilən səsvermə vəsiqələri haqqında məlumatı vəsiqə verildikdən sonra dərhal dairə seçki komissiyasına təqdim edir. Dairə seçki komissiyası həmin məlumatları hər 2 gündən bir Mərkəzi Seçki Komissiyasına təqdim edir.

101.7. Səsvermə vəsiqəsi bu vəsiqəni verən seçki komissiyasının möhürü ilə təsdiq edilməlidir, onun üzərində müvafiq dairə və ya məntəqə seçki komissiyası üzvünün imzası olmalıdır.

101.8. Səsvermə vəsiqəsi seçici tərəfindən seçki bülleteninin alınması üçün təqdim edildikdə vəsiqə seçicilər siyahısına əlavə edilir.

101.9. Seçici seçkilər günü səsvermə bülletenini alarkən səsvermə vəsiqəsində öz yaşayış yerinin ünvanını göstərməlidir və onu imzalamalıdır.

101.10. Səsvermə günü səsvermə başlananadək istifadə edilməmiş səsvermə vəsiqələri yarı kəsilir, bu barədə dairə və ya məntəqə seçki komissiyası tərəfindən müvafiq akt tərtib edilir və həmin akt əsasında səsvermə vəsiqəsi alan seçicilərin sayı və səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı məntəqə seçki komissiyasının protokolunda göstərilir.

 

   Maddə 102. Seçicilərin barmaqlarının gözə görünməyən mürəkkəblə işarələnməsi



      102.1. Məntəqə seçki komissiyası səsvermə günü seçki bülletenlərini alarkən seçicinin barmağının işarələnməsini zərərsiz, gözə görünməyən mayedən istifadə etməklə həyata keçirir.

      102.2. Seçicinin sol əlinin baş barmağı çiləmə üsulu ilə işarələnir.

      102.3. Seçicinin barmağının əvvəl seçki bülletenini alarkən işarələnməsini müəyyən etmək üçün ultrabənövşəyi lampadan istifadə edilir.[90]

   Maddə 103. Seçki qutuları

103.1. Seçki qutularının ölçüləri (daşınan seçki qutuları üçün ayrıca  daşınmaz seçki qutuları üçün ayrıca ) Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilir.

103.2. Seçki qutuları şəffaf olmalıdır. Onların şəffaflığının dərəcəsi onların dolu olub-olmamasını müəyyən etməyə imkan verməlidir.

103.3. Seçki qutusuna seçki bülleteninin salınması üçün yarıq eyni zamanda birdən artıq seçki bülleteni //çıxarılıb// salınmasına imkan verməməlidir.[91]

103.4. Səsvermə günü seçki qutuları məntəqə seçki komissiyasının sədri tərəfindən Mərkəzi Seçki Komissiyasının müəyyən etdiyi qaydada möhürlənir. Möhürlər plastikdən hazırlanmalıdır və hər birinin öz nömrəsi olmalıdır.

   Maddə 104. Səsvermə qaydası

104.1. Seçkilər günü səsvermə saat 8-dən 19-a kimi keçirilir. Məntəqə seçki komissiyaları səsvermə gününə azı 25 gün qalmış səsvermənin yeri və vaxtı haqqında kütləvi informasiya vasitələri ilə və ya məlumat lövhələri vasitəsi ilə seçiciləri xəbərdar etməlidirlər.

104.2. Yaşayış məntəqəsində seçicilərin ümumi sayı 50-dən azdırsa və həmin yaşayış məntəqələrindən ən yaxın seçki məntəqəsinə çatmaq üçün 1 saatdan çox vaxt tələb olunursa, dairə seçki komissiyası həmin seçicilərin seçicilər siyahısına daxil edildikləri seçki məntəqəsinə çatdırılması üçün ictimai nəqliyyat vasitəsindən istifadə edə bilər. Bu cür istifadənin xərcləri dairə seçki komissiyasına Mərkəzi Seçki Komissiyası tərəfindən ayrılan vəsait hesabına ödənilir.

104.3. Bu Məcəllənin 35.4-cü-35.6-cı maddələrinə uyğun yaradılmış seçki məntəqələrinin məntəqə seçki komissiyaları, seçici siyahılarına daxil edilmiş bütün seçicilər səsvermədə iştirak ediblərsə, səsvermənin vaxtından qabaq qurtarması haqqında məlumat verə bilərlər.

104.4. Seçkilər günü seçici səhhətinə görə və ya digər üzrlü səbəblərdən seçki məntəqəsinə gələ bilməyəcəyini yəqin edərsə, o, seçkilər gününə azı 24 saat qalmış səsvermə otağından kənarda səs vermək istəyini məntəqə seçki komissiyasına yazılı və ya şifahi şəkildə, bilavasitə özü və ya digər şəxs vasitəsi ilə bildirməlidir. Bu istək şifahi şəkildə bildirilibsə, səsvermə zamanı müvafiq ərizə ilə rəsmiləşdirilməlidir. Dairə seçki komissiyaları seçkilər günü Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, uzaq və yolu çətin yerlərdə səsvermə gününə ən çoxu 10 gün qalmış səsverməni keçirməyə icazə verə bilərlər.

104.5. Seçkilər günü saat 7.50-də məntəqə seçki komissiyasının sədri seçki məntəqəsini açıq elan edir, seçki komissiyasının üzvlərinə, orada olan seçicilərə, müşahidəçilərə boş seçki qutularını göstərib möhürləyir, saat 8.00-da səsvermənin başlandığını elan edir.

104.6. Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri, onun sol əlinin baş barmağının dırnaq və dərisinin bir hissəsinin bu Məcəllənin 102-ci maddəsində nəzərdə tutulan maye ilə əvvəl işarələndiyini yoxlayır və içəri daxil olmağa icazə verir. Bu cür işarələnmə müəyyən edilərsə, seçiciyə seçki bülleteni verilmir. Məntəqə seçki komissiyasının digər üzvü seçicinin adının seçici siyahısında olduğunu yoxlayır və ona seçki bülleteni verir. Barmağının maye ilə işarələnməsindən imtina edən seçiciyə seçki bülleteni verilməyəcəyi izah edilir. Seçici razılaşmadıqda ondan seçki məntəqəsini tərk etmək tələb edilməlidir. Bu barədə seçici siyahısında "işarələnmədən imtina etdi" qeydi aparılır. Seçici razılaşarsa, seçicinin sol əlinin baş barmağı işarələnir.[92]

104.7. Seçiciyə seçki bülleteni seçici vəsiqəsi ilə birlikdə şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənəd təqdim edildikdə verilir. Seçici seçki bülletenini aldıqdan sonra seçicilər siyahısına şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi yazılır. Təqdim olunmuş şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriyası və nömrəsi seçicilər siyahısına məntəqə seçki komissiyasının üzvü tərəfindən qeyd edilir. Seçici yazıların düzgünlüyünü yoxlayır və bülleteni alarkən imza edir. //çıxarılıb// Seçicinin seçki bülletenini sərbəst almaq imkanı olmadıqda o, məntəqə seçki komissiyasının üzvləri və müşahidəçilər istisna olmaqla, başqa şəxslərin köməyindən istifadə edə bilər. Seçiciyə kömək edən şəxs öz soyadını və inisialını göstərməklə seçici siyahısında «seçicinin seçki bülletenini alması haqqında imza» qrafasında imza etməlidir.[93]

104.7. Məntəqə seçki komissiyasının bir üzvü seçki məntəqəsinin girişində dayanaraq məntəqəyə daxil olan vətəndaşların seçici vəsiqələrini, şəxsiyyət vəsiqələrini və ya şəxsiyyəti təsdiq edən digər sənədləri yoxlamalıdır.

104.8. Seçki bülleteni seçiciyə verilərkən onun nömrələnmiş sol küncü məntəqə seçki komissiyasının üzvü tərəfindən kəsilmə xətti boyunca kəsilir və özündə saxlanılır.

104.9. Hər bir seçici şəxsən və təklikdə səs verir. Başqa şəxslərin əvəzinə səs verməyə icazə verilmir. Seçki bülleteni seçicidən başqa heç kəsin daxil olmasına icazə verilməyən, gizli səsvermə üçün xüsusi avadanlıqla təchiz edilmiş otaqda və ya kabinədə doldurulur. Seçki bülletenini müstəqil yazıb doldurmaq imkanı olmayan əlil seçici, məntəqə seçki komissiyasının üzvlərindən və müşahidəçilərdən başqa, istədiyi şəxsi kömək üçün otağa və ya kabinəyə çağıra bilər. Bu şəxsin soyadı və inisialı seçicilər siyahısında seçki bülleteni alınması barədə seçicinin imzası ilə birgə göstərilir.

104.10. Seçici doldurulmuş seçki bülletenini //çıxarılıb// səsvermə üçün nəzərdə tutulmuş seçki qutusuna salır.[94]

104.11. Seçki qutuları məntəqə seçki komissiyası üzvlərinin və müşahidəçilərin maneəsiz müşahidə edə bildikləri yerdə qoyulmalıdır.

104.12. Məntəqə seçki komissiyasının sədri səsvermə yerində qayda-qanuna nəzarət edir. Onun sərəncamları səsvermə otağında olan şəxslər üçün məcburidir. Məntəqə seçki komissiyasının sədri seçki məntəqəsində olmadıqda onu məntəqə seçki komissiyasının katibi və ya komissiyanın bu vəzifələr həvalə olunmuş üzvü əvəz edir.

104.13. Seçicinin öz iradəsini ifadə etməsinə təsir göstərməyə cəhd edən və ya gizli səsverməni pozan məntəqə seçki komissiyasının üzvü müvafiq akt tərtib edilməklə işindən kənarlaşdırılır, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxs isə təxirə salınmadan otaqdan çıxarılır. Bu barədə məntəqə seçki komissiyası qərar qəbul edir. Təsirə məruz qalan seçici səs verməyibsə, onun səs verməsinə yol verilmir, seçki bülleteni ondan alınır və etibarsız sayılır.

104.14. Seçki məntəqəsində səsvermədə iştirak edən seçicilərdən, məntəqə seçki komissiyasının üzvlərindən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində nəzərdə tutulanlardan başqa digər şəxslər olmamalıdırlar. Səsvermədə seçici kimi iştiraketmə halları istisna edilməklə, dövlət orqanlarının vəzifəli şəxslərinin olması qadağandır. Hüquq mühafizə orqanlarının işçiləri məntəqədə asayişin bərpa edilməsi məqsədi ilə, məntəqə seçki komissiyasının sədri tərəfindən seçki məntəqəsinə dəvət oluna bilərlər və öz vəzifələrini icra etdikdən sonra seçki məntəqəsini dərhal tərk etməlidirlər. Hüquq mühafizə orqanının işçisi səsvermə zamanı səsvermə otağında olduqda səsvermə dayandırılır. Səsvermə zamanı asayişi bərpa etmək 6 saatdan artıq mümkün olmazsa, dairə seçki komissiyasının qərarı ilə seçki məntəqəsi bağlanır. Belə seçki məntəqələrində səsvermə etibarsız sayılır.

104.15. Seçici seçki bülletenini doldurarkən səhv etdiyini bildirərsə, ona seçki bülleteni vermiş məntəqə seçki komissiyası üzvündən korlanmış seçki bülleteninin əvəzinə yeni seçki bülleteni verməsini xahiş edə bilər. Bu halda seçki komissiyasının üzvü korlanmış bülleteni ortadan kəsməklə ləğv edir, ayrıca zərfə qoyur, seçiciyə yeni bülleten verir və seçicilər siyahısında seçicinin soyadından sağda müvafiq qeyd edir. Bu barədə dərhal ayrıca akt tərtib olunur.

   Maddə 105. Səsvermə otağından kənarda səsvermə

105.1. Məntəqə seçki komissiyası bütün seçicilərə, o cümlədən səhhətinə görə səsvermə otağına gələ bilməyən seçicilərə səsvermədə iştirak etmək imkanı yaratmalıdır. Bu məqsədlə seçki məntəqəsində bir daşınan seçki qutusu olmalıdır.

105.2. Seçicilərin səsvermə otağından kənarda səs vermək haqqında müraciətlərinin sayı səsvermə gününə azı 12 saat qalmış dairə seçki komissiyası tərəfindən təsdiq olunur. Seçicinin səsvermə otağından kənarda səs vermək istəyi məntəqə seçki komissiyasının hər biri müxtəlif siyasi partiyaları təmsil edən və ya bitərəfləri və siyasi partiyanı təmsil edən azı 2 üzvü müşahidəçilərin iştirakı ilə onun yanına gəldikdə seçici tərəfindən məntəqə seçki komissiyasına göndərilən yazılı ərizədə bir daha təsdiq olunmalıdır. Seçici səsvermə otağından kənarda səs vermək istəyini yazılı surətdə bildirməyibsə, o, məntəqə seçki komissiyası üzvlərinin yanında ərizə yazmalıdır. Seçici seçki bülleteni aldığını ərizəsində qeyd edir və imzası ilə təsdiqləyir.Seçiciyə bülleteni verən şəxs seçicinin seçici vəsiqəsinə səsvermə gününün tarixini əks etdirən xüsusi möhür (ştamp) vurur. Bu zaman ərizədə şəxsiyyət vəsiqəsinin və ya onu əvəz edən sənədin seriya və nömrəsi qeyd olunmalıdır. Ərizədə seçici haqqında seçicilər siyahısındakı məlumatlar göstərilməlidir.[95]

105.3. Daşınan seçki qutusundan yalnız səsvermə günü istifadə edilir. Daşınan seçki qutusu ilə gedən məntəqə seçki komissiyasının üzvləri ərizələrin (müraciətlərin) sayına uyğun seçki bülletenləri alırlar (bu saya 3 seçki bülleteni əlavə olunur). Seçicilərin ərizələri ilə əlaqədar istifadə olunan və geri qaytarılmış seçki bülletenlərinin sayı ayrıca tərtib olunan aktda göstərilir. Eyni zamanda seçicilər siyahısında seçicinin seçki məntəqəsindən kənarda səs verməsi məntəqə seçki komissiyasının üzvü tərəfindən ayrıca qeyd olunur. Məntəqə seçki komissiyasının üzvləri daşınan seçki qutusunu səsvermə otağına qaytardıqdan sonra bu qutu səslərin hesablanmasınadək açılmır və onun yarığı bağlanıb möhürlənir.

105.4. Səsvermə otağından kənarda səsvermə elə təşkil edilməlidir ki, vətəndaşın seçki hüquqları, gizli səsvermə və ya seçicinin öz iradəsini ifadə etməsi qaydaları pozulmasın.

   Maddə 106. Seçki məntəqəsində səslərin hesablanması

106.1. Səsvermə müddəti başa çatdıqda məntəqə seçki komissiyasının sədri ucadan elan edir ki, «yalnız seçki bülleteni almış və səsvermə otağında olan seçicilər səs verə bilərlər». Bu zaman təmin olunmalıdır ki, yalnız bu elanadək səsvermə otağında növbəyə dayanmış seçicilər səs versinlər. Seçki qutuları açılmamışdan əvvəl, istifadə edilməmiş seçki bülletenləri səsvermə otağındakı müşahidəçilərin müşahidəsi ilə məntəqə seçki komissiyasının üzvləri tərəfindən sayılır və ləğv edilir. Həmin seçki bülletenlərinin sayı elan edilir və səsvermənin yekun protokolunda qeyd olunur. Seçki bülleteni və zərf almış seçicilərin imzalarının sayı səsvermənin yekun protokoluna daxil edilir. Eyni zamanda, səsvermə vəsiqəsi ilə səs verən və ayrıca seçki məntəqəsindən kənarda, daşınan seçki qutusundan istifadə etməklə səs verən seçicilərin sayı yekun protokolunda göstərilir. Bundan sonra məntəqə seçki komissiyasının sədri seçki qutularının möhür və plomblarının salamatlığını yoxlayır, məntəqə seçki komissiyasının üzvlərini və müşahidəçiləri bununla əyani surətdə tanış edərək seçki qutularını açır.

106.2. Seçki qutuları növbə ilə açılır: əvvəlcə daşınan seçki qutusu, sonra isə daşınmaz seçki qutuları. İlk növbədə daşınan seçki qutusundakı bülletenlər sayılır. Onların sayı səsvermə otağından kənarda səs verilməsi üçün seçicilərin verdikləri ərizələrin sayından çox olmamalıdır. Daşınan seçki qutusu üzrə səslər hesablanarkən bülletenlərin ümumi sayı verilmiş ərizələrin sayından (bülleten alan seçicilərin ümumi sayından) çox olarsa, daşınan seçki qutusundakı bütün səslər məntəqə seçki komissiyasının qərarı ilə etibarsız sayılır. Bu barədə akt səsvermə otağından kənarda səsvermənin keçirilməsini təmin edən məntəqə seçki komissiyası üzvlərinin soyadları göstərilməklə səsvermənin yekun protokoluna əlavə olunur. //çıxarılıb// Seçki məntəqəsi üzrə seçicilər siyahısında olan seçicilərin sayına bu seçki məntəqəsində səsvermə vəsiqəsi ilə səs verən seçicilərin sayı əlavə olunur.[96]

//çıxarılıb//[97]

106.3.1. zərfdə aşkar edilən bülleten müəyyənləşdirilmiş formada olmadıqda;

106.3.2. bir zərfdə bir neçə bülleten olduqda;

106.3.3. zərfdə bülleten olmadıqda;

106.3.4. zərfdə heç bir işarə qoyulmayan bülleten olduqda;

106.3.5. bu Məcəllənin 10-cu və 236.3-cü maddələrində göstərilən hallarda zərfdə olan bülleten üzrə seçicinin iradəsini müəyyən etmək mümkün olmadıqda;

106.3.6. zərfə qoyulmayan bülleten aşkar edildikdə;

106.3.7. möhürlənməmiş zərf aşkar edildikdə.

106.4. Səsin etibarlığına şübhə yarandıqda məntəqə seçki komissiyası məsələni səsvermə yolu ilə həll edir. Səsin etibarsız sayılması haqqında qərar qəbul edilirsə, bülletenin arxa tərəfində etibarsız sayılmanın səbəbləri göstərilməlidir. Belə qeydlər məntəqə seçki komissiyası sədrinin və katiblərinin imzası ilə təsdiqlənməlidir. Etibarsız səslər ayrıca yığılıb bağlanır.

106.5. Məntəqə seçki komissiyasının sədri tərəfindən məntəqə seçki komissiyası üzvlərinin iştirakı ilə seçicilərin səslərinin hesablanması birbaşa səsverməyə yekun vurulanadək fasiləsiz aparılır. Bu zaman istifadə edilmiş hər bir seçki bülleteni möhürlənir. Məntəqə seçki komissiyasının bütün üzvləri və müşahidəçilər səsvermənin nəticələri ilə tanış edilir.

106.6. Səsvermənin nəticələri haqqında məntəqə seçki komissiyasının yekun protokolları bu Məcəllənin 40.2 və 40.4-cü maddələrində göstərilən şəxslərin müşahidəsi ilə tərtib olunur.

106.7. Protokolun 1-ci nüsxəsi, səsvermə günü məntəqə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə məntəqə seçki komissiyasının qəbul etdiyi qərarlar, məntəqə seçki komissiyası tərəfindən seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş seçki bülletenlərinin ləğv edilməsi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməyən səsvermə vəsiqələrinin ləğv edilməsi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə), seçki bülletenlərinin kəsilmiş sol künclərinin sayı haqqında akt, bu Məcəllənin 104.15-ci maddəsində göstərilən korlanmış seçki bülletenlərinin sayı haqqında akt//çıxarılıb// bu Məcəllənin 105.3-cü maddəsində göstərilən akt, seçki bülletenləri və məntəqə üzrə seçicilərin siyahısı (səsvermə vəsiqələri əlavə olunmaqla) əlavə edilməklə dərhal, lakin 24 saatdan gec olmayaraq məntəqə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən iki üzvünün və müşahidəçilərin müşayiəti ilə dairə seçki komissiyasına göndərilir. Adları çəkilən aktlar məntəqə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), məntəqə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.[98]

106.8. Protokolun 2-ci nüsxəsi həmin bülletenlərin kəsilmiş sol küncləri, sıradan çıxmış bülletenlərin kəsikləri səsverməni və səslərin hesablanmasını müşahidə edən, bu Məcəllənin 40.2-ci. və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi məntəqə seçki komissiyasının katibində saxlanılır.

106.9. Azərbaycan Respublikası ərazisindən kənarda yaradılmış məntəqə seçki komissiyaları səsvermənin nəticələri haqqında protokolun 1-ci nüsxəsini ona əlavə edilmiş sənədlərlə birlikdə səsvermə günündən başlayaraq 3 gün ərzində Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilmiş dairə seçki komissiyasına göndərirlər.

106.10. Seçkilərin (referendumun) keçirilməsi və ya səsvermənin nəticələrinin müəyyənləşdirilməsi zamanı yol verilən qanun pozuntuları seçicilərin iradəsini müəyyənləşdirməyə imkan vermədikdə və ya məhkəmənin qərarı olduqda dairə və ya məntəqə seçki komissiyası sәsvermәni baş tutmamış hesab edir.

106.11. Məntəqə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi protokol tərtib edildikdən sonra məlumat lövhəsində asılır və 5 gün saxlanılır.

   Maddə 107. Dairə seçki komissiyası protokolunun tərtib edilməsi

107.1. Bu Məcəllənin 106.7-ci maddəsində göstərilən sənədlər dairə seçki komissiyasının sədrinə təqdim edilir. Dairə seçki komissiyası sədrinin tapşırığı ilə komissiyanın üzvü (üzvləri) təqdim olunan sənədlərin bu Məcəllənin 106.7-ci maddəsinin tələblərinə cavab verməsini, səsvermənin nəticələrində uyğunsuzluğun olub-olmamasını yoxlayır (yoxlayırlar). Sonra səsvermənin nəticələri dairə üzrə səsvermənin nəticələrinin (seçkilərin yekunlarının) yekun cədvəlinə daxil edilir. Məntəqə seçki komissiyasının sənədlərinin qəbul edilməsi haqqında məntəqə seçki komissiyasının sədrinə dairə seçki komissiyasının sədri tərəfindən imzalanmış və möhürlənmiş qəbz verilir.

107.2. Dairə seçki komissiyasının protokolu məntəqə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında səsvermə günündən 2 gün keçənədək tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır.

107.3. Dairə seçki komissiyasının protokolunda bu Məcəllənin 100.2-ci maddəsində göstərilənlərlə yanaşı, məntəqə seçki komissiyalarının sayı və həmin komissiyalar tərəfindən təqdim edilmiş protokolların sayı, dairə seçki komissiyasının protokolunun tərtib edilməsi üçün əsas götürülmüş protokolların sayı, səsvermə baş tutmayan seçki məntəqələrinin sayı, dairə üzrə səsvermədə iştirak edən seçicilərin sayı göstərilməlidir.

107.4. Dairə seçki komissiyasının protokolunun 1-ci nüsxəsi, səsvermə günü dairə seçki komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə dairə seçki komissiyasının qəbul etdiyi qərarlar, dairə seçki komissiyası tərəfindən //çıxarılıb// seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş zərflərin və seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilməklə, dərhal, lakin səsvermə günündən 2 gündən gec olmayaraq dairə seçki komissiyasının sədrinin və müxtəlif siyasi partiyaları təmsil edən üzvlərin müşayiəti ilə Mərkəzi Seçki Komissiyasına göndərilir. Göstərilən aktlar dairə seçki komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), dairə seçki komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.[99]

107.5. Protokolun 2-ci nüsxəsi bağlanıb möhürlənmiş seçki bülletenləri, həmin bülletenlərin kəsilmiş sol küncləri, habelə səslərin hesablanmasını müşahidə edən, bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərin siyahıları ilə birlikdə komissiyanın fəaliyyətinin sonuna kimi dairə seçki komissiyasının katibində saxlanılır.

107.6. Dairə seçki komissiyası məntəqə seçki komissiyasının protokolunda (prolokola əlavə olunan digər sənədlər də daxil olmaqla) səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki məntəqəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması dairə seçki komissiyasının həlledici səs hüquqlu üzvləri tərəfindən aparılır. Səslərin təkrar hesablanması haqqında müvafiq məntəqə seçki komissiyasına və bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir.

107.7. Dairə seçki komissiyasının protokolunun 3-cü nüsxəsi və müvafiq məntəqə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 10 gün saxlanılır.

   Maddə 108. Mərkəzi Seçki Komissiyasının protokolunun tərtib edilməsi

108.1. Dairə seçki komissiyasından seçki sənədləri Mərkəzi Seçki Komissiyasına verilərkən bu Məcəllənin 107.1-ci maddəsinin qaydaları tətbiq olunur.

108.2. Mərkəzi Seçki Komissiyasının müvafiq protokolu dairə seçki komissiyalarının protokollarında olan bütün məlumatların ümumiləşdirilməsi əsasında tərtib edilir. Göstərilən məlumatların ümumiləşdirilməsi fasiləsiz aparılır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası tərəfindən Azərbaycan Respublikasının Milli Məclisinə və bələdiyyələrə seçkilərin ümumi yekunları haqqında protokollar tərtib edilir. [100]

108.3. Mərkəzi Seçki Komissiyasının müvafiq protokolunun 1-ci nüsxəsinə səsvermə günü Mərkəzi Seçki Komissiyasına bu Məcəllənin pozulması ilə əlaqədar daxil olmuş şikayətlər (ərizələr) və bunlar üzrə Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi qərarlar, Mərkəzi Seçki Komissiyası tərəfindən //çıxarılıb// seçki bülletenlərinin alınması haqqında akt, istifadə edilməmiş zərflərin və seçki bülletenlərinin ləğvi haqqında akt (belə bülletenlərin sayı göstərilməklə), səsvermə vəsiqələrinin verilməsi və istifadə edilməmiş səsvermə vəsiqələrinin ləğvi haqqında akt (həmin vəsiqələrin sayı göstərilməklə) əlavə edilir. Göstərilən aktlar Mərkəzi Seçki Komissiyasının sədri və katibləri tərəfindən imzalanır. Şikayətlərin (ərizələrin), Mərkəzi Seçki Komissiyasının qərarlarının, yuxarıda adları çəkilən aktların təsdiq edilmiş surətləri protokolun 2-ci nüsxəsinə tikilir.[101]

108.4. Mərkəzi Seçki Komissiyası dairə seçki komissiyaları tərəfindən təqdim edilmiş protokollarda (onlara əlavə edilən digər sənədlər də daxil olmaqla) səsvermə günündən başlayaraq ən geci 4 gün müddətində səhvlər, yolverilməz düzəlişlər və uyğunsuzluqlar aşkar etdikdə, o, müvafiq seçki dairəsində səslərin yenidən hesablanması haqqında qərar qəbul edə bilər. Bu halda səslərin təkrar hesablanması Mərkəzi Seçki Komissiyasının həlledici səs hüquqlu üzvlərinin iştirakı ilə aparılır. Səslərin təkrar hesablanması haqqında bu Məcəllənin 40.2-ci və 40.4-cü maddələrində göstərilən şəxslərə əvvəlcədən məlumat verilir. Səslərin təkrar hesablanmasına dair protokol tərtib edilir və həmin protokolda «səslərin təkrar hesablanması» sözləri qeyd edilir.

108.5. Mərkəzi Seçki Komissiyasının protokolunun 3-cü nüsxəsi və dairə seçki komissiyalarının protokollarının surətləri məlumat lövhəsində asılır və 15 gün saxlanılır.

   Maddə 109. Seçkilərin və səsvermənin nəticələrinin dərc edilməsi

109.1. Seçkilərin (referendumun) ilkin nəticələri dairə seçki komissiyası səsvermənin nəticələrinə dair protokolları Mərkəzi Seçki Komissiyasına təqdim edildikdən dərhal sonra Mərkəzi Seçki Komissiyası tərəfindən seçki dairələri üzrə səsvermənin nəticələrini ümumiləşdirən cədvəl şəklində dərc edilir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasıının internet səhifəsində yerləşdirilə bilər.[102]

109.2. Mərkəzi Seçki Komissiyası 45 gün müddətində bu Məcəllənin 77.2-ci maddəsində göstərilən kütləvi informasiya vasitələrində dairə seçki komissiyalarının protokollarında olan məlumatları tam şəkildə dərc edir və həmin məlumatlar Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirilə bilər.

109.3. Dairə üzrə seçkilərin (referendumun) ilkin nəticələri seçki məntəqələri üzrə səsvermənin nəticələrinə dair protokolların dairə seçki komissiyası tərəfindən qəbul edilməsindən dərhal sonra Mərkəzi Seçki Komissiyasına, kütləvi informasiya vasitələrinə təqdim edilməlidir və ümumiləşdirilən cədvəl şəklində dərc edilməlidir.[103]

109.4. Məntəqə seçki komissiyasının səsvermənin nəticələri haqqında protokolunda olan məlumatlar seçkilərin keçirilməsindən 5 gündən gec olmayaraq, dairə seçki komissiyasının protokolunda seçkinin yekunu (səsvermənin nəticələri) haqqında məlumatlar isə seçki günündən 10 gündən gec olmayaraq müvafiq olaraq bu Məcəllənin 77.3 və 77.4-cü maddələrində göstərilən kütləvi informasiya vasitələrində rəsmi dərc olunur.

109.5. Seçki günündən sonra 6 ay müddətində Mərkəzi Seçki Komissiyası məntəqə və dairə seçki komissiyalarının protokollarında olan məlumatları öz rəsmi nəşrində tam şəkildə dərc etməlidir.

   Maddə 110. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən seçkilərdə (referendumda) istifadə edilməsi

110.1. Seçkilər (referendum) keçirilərkən (bundan sonra — seçkilər), o cümlədən seçicilər qeydə alınarkən, seçicilərin siyahıları tərtib edilərkən, səsvermənin nəticələri və seçkilərin yekunları müəyyənləşdirilərkən məlumatların vaxtında alınması, verilməsi və yenidən işlənib hazırlanmasında bütövlükdə dövlət avtomatlaşdırılmış informasiya sistemindən və ya onun ayrıca texniki vasitələrindən istifadə edilə bilər. Dövlət avtomatlaşdırılmış informasiya sisteminə aid tələblər və ondan istifadə qaydası Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyənləşdirilir.

110.2. Dövlət avtomatlaşdırılmış informasiya sistemindən və ya onun ayrıca texniki vasitələrindən istifadə edilməsinə nəzarət məqsədi ilə müvafiq seçki komissiyası öz qərarı ilə seçki komissiyasının həlledici səs hüquqlu və məşvərətçi səs hüquqlu üzvlərindən ibarət xüsusi qrup yaradır. Nəzarət qrupu avtomatlaşdırılmış vasitələr kompleksinin işə hazır olmasını, seçki komissiyalarının protokollarından çıxarılan və sistemə salınan məlumatların düzgünlüyünü, protokola əlavə edilmiş məlumatların düzgünlüyünü yoxlayır, bu Məcəllənin tələblərinə, dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadəyə aid Mərkəzi Seçki Komissiyasının təlimatlarına və başqa sənədlərinə əməl olunmasına, müvafiq seçki komissiyasının reqlamenti və planları ilə informasiya sistemindən istifadə üçün nəzərdə tutulmuş hərəkətlərin sənədləşdirilməsinə nəzarət edir. Nəzarət qrupu avtomatlaşdırılmış informasiya sistemləri sahəsində mütəxəssisləri öz işinə cəlb edə bilər.

110.3. Seçki komissiyasının bütün üzvlərinin, müşahidəçilərin, kütləvi informasiya vasitələri nümayəndələrinin dövlət avtomatlaşdırılmış informasiya sisteminə daxil edilən və oradan çıxarılan hər hansı məlumatla tanış olmaq hüququ vardır (Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin III hissəsinin tələbləri nəzərə alınmaqla).

110.4. Seçki komissiyalarının nəzarət qrupuna daxil olan həlledici səs hüquqlu və məşvərətçi səs hüquqlu üzvlərinin bərabər hüquqları vardır və onlar texniki rabitə kanalı ilə seçki komissiyasına verilən hər hansı məlumatla tanış ola, o cümlədən dövlət avtomatlaşdırılmış informasiya sisteminin texniki sənədləşdirilməsi ilə əlaqədar və sistemin bütün texniki heyətinin hərəkətlərinə aid izahat tələb edə, əllə və texniki vasitələrlə işlənmiş məlumatları müqayisə edə bilərlər. Həmin sistemin işçi heyətinin hər hansı birinin və ya müşahidəçilərin hərəkətləri qanuna zidd olduqda, nəzarət qrupu bu barədə seçki komissiyasının sədrinə məlumat verir və pozuntuların aradan qaldırılması yaxud bunlara yol verən şəxslərin kənarlaşdırılması barədə təklif verir. Nəzarət qrupunun keçirdiyi yoxlamaların nəticələri müvafiq seçki komissiyalarının cari sənədlərində əks olunmalıdır.

110.5. Səsvermə başlandıqdan sonra seçkilərin yekunları və səsvermənin nəticələri barədə protokollar imzalananadək aşağı seçki komissiyalarının yuxarı seçki komissiyalarına məlumatlar verməsi əsasında müvafiq seçki komissiyaları tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemindən səsvermənin gedişini və nəticələri müşahidə etmək üçün istifadə olunur. Bu müddətdə yuxarı seçki komissiyalarının informasiya xidmətlərindən aşağı seçki komissiyalarının informasiya xidmətlərinə məlumatların qəbulunu təsdiq edən siqnallardan başqa hər hansı məlumatın verilməsi qadağan edilir.

110.6. Dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə səsvermənin gedişi və onun nəticələri barədə alınan məlumatlar hüquqi əhəmiyyət daşımayan ilkin məlumatlar hesab edilir.

110.7. Seçki komissiyasının katibində saxlanılan seçki komissiyasının protokoluna dövlət avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş məlumatların kompüter vasitəsi ilə çap olunmuş mətni də əlavə edilir. Kompüter çapında olan məlumatların həqiqiliyi məlumatların verilməsinə məsul olan şəxsin və nəzarət qrupu üzvlərinin imzaları ilə təsdiq edilir.

110.8. Dövlət avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş seçicilərin seçkilərdə iştirakı, səsvermənin ilkin və yekun nəticələri, seçkilərin yekunları haqqında məlumatlar Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi qaydada məlumat almaq niyyətində olanların çevik məlumat almaları məqsədi ilə ümumi istifadədə olan informasiya-kommunikasiya xətlərinə daxil edilməlidir.

110.9. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin III hissəsinə uyğun olaraq dövlət avtomatlaşdırılmış informasiya sisteminə daxil edilmiş seçicilər haqqında məlumatların yayılmamasına dövlət təminat verir.

   Maddə 111. Seçki sənədlərinin mühafizəsi

111.1. Məntəqə və dairə seçki komissiyalarının seçkilərin (referendumun) keçirilməsi ilə bağlı sənədləri mühafizə edilən yerlərdə saxlanılır.

111.2. Seçki bülletenləri və səsvermə vəsiqələri seçkilərin yekunlarının rəsmi dərci günündən başlayaraq azı 6 ay müddətində dairə seçki komissiyalarında saxlanılır. Seçki komissiyalarının səsvermənin nəticələri barədə protokolları növbəti seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərci günündən başlayaraq azı bir il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçki komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının yekun maliyyə sənədləri növbəti seçkilərin (referendumun) təyin edilməsi haqqında qərarın rəsmi dərci günündən sonra azı bir il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır. Seçici siyahıları 5 il müddətində Mərkəzi Seçki Komissiyasında saxlanılır.

111.3. Seçki bülletenləri, səsvermə vəsiqələri, seçicilərin siyahıları, səsvermənin nəticələri haqqında seçki komissiyalarının protokolları və onlara əlavə edilmiş sənədlər, seçki komissiyalarının maliyyə hesabatları, qeydə alınmış namizədlərin, qeydə alınmış siyasi partiyaların, siyasi partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının yekun maliyyə hesabatları rəsmi sənədlər sayılır. Seçki sənədlərinin mühafizəsinə və saxlanmasına görə müvafiq seçki komissiyasının sədri bu sənədlər yuxarı seçki komissiyasına və ya dövlət arxivinə təhvil verilənədək məsuliyyət daşıyırlar.

 

On altıncı fəsil


1   ...   12   13   14   15   16   17   18   19   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə