Azərbaycan Respublikasının Seçki Məcəlləsi



Yüklə 1.64 Mb.
səhifə6/29
tarix01.12.2016
ölçüsü1.64 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   29

SEÇKİ (REFERENDUM) DAİRƏLƏRİ VƏ DAİRƏ SEÇKİ KOMİSSİYALARI


   Maddə 29. Seçki (referendum) dairələri

29.1. Seçkilərin (referendumun) keçirilməsi üçün müvafiq ərazi vahidlərində daimi yaşayan və qeydə alınmış seçicilərin sayı haqqında müvafiq icra hakimiyyəti orqanlarının bələdiyyə qurumları ilə birgə Mərkəzi Seçki Komissiyasına təqdim etdikləri məlumatlar əsasında həmin ərazi vahidlərində Mərkəzi Seçki Komissiyası hər 5 ildən bir 125 seçki (referendum) dairəsi (bundan sonra — seçki dairəsi) yaradır. Seçki dairələri, bir qayda olaraq, seçicilərin orta təmsilçilik norması əsasında yaradılır. Seçicilərin orta təmsilçilik norması qeydə alınmış seçicilərin ümumi sayının 125-ə bölünməsi yolu ilə müəyyənləşdirilir. Milli Məclis deputatlarının seçkiləri zamanı seçki dairələri — birmandatlı seçki dairələri, referendum, Prezident seçkiləri, bələdiyyə üzvlərinin seçkiləri zamanı isə — seçki əraziləri hesab edilirlər.

29.2. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilər seçki dairələri üzrə siyahıya alınırlar. Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi yaşayan yaxud uzunmüddətli xarici ezamiyyətdə olan və Azərbaycan Respublikasının müvafiq diplomatik nümayəndəliklərində və ya konsul idarələrində qeydə alınmış seçicilərin sayı haqqında məlumatları Mərkəzi Seçki Komissiyasına müvafiq icra hakimiyyəti orqanı təqdim edir. Mərkəzi Seçki Komissiyası həmin məlumatlar əsasında referendum və Prezident seçkiləri zamanı göstərilən seçicilərin siyahıya alınması üçün müvafiq seçki dairələrinin siyahısını təsdiq edir. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilərin siyahıya alındığı seçki dairələrinin seçicilərinin sayı seçicilərin orta təmsilçilik normasından az olmalıdır.

29.3. Seçki dairələri aşağıdakı tələblərə riayət edilməklə yaradılır:

29.3.1. Azərbaycan Respublikasının inzibati ərazi vahidinin hüdudları daxilində, bir qayda olaraq, orta təmsilçilik normasından 5 faizdən, yolu çətin və ucqar yerlərdə isə 10 faizdən çox (az) olmamaq şərti ilə onların ərazisində qeydə alınmış seçicilərin sayı seçki dairələrində təqribən bərabər olmalıdır;

29.3.2. aralarında sərhəd olmayan inzibati ərazi vahidləri üzrə seçki dairəsinin yaradılmasına yol verilmir;

29.3.3. seçicilərin bu və ya digər qrupunun çoxluq təşkil etməsi naminə məqsədli şəkildə seçki dairələrinin sərhədlərinin müəyyən edilməsinə (dəyişdirilməsinə) yol verilmir.

29.4. Bu Məcəllənin 29.2-ci və 29.3-cü maddələrində göstərilən seçki dairələrinin yaradılması barədə tələblər yerinə yetirilərkən bələdiyyə qurumlarının sərhədlərinin kəsişməməsi zərurəti nəzərə alınmalıdır. Bələdiyyə seçkiləri zamanı bələdiyyə ərazisində yaşayan seçicilərin sayı ilə əlaqədar bu məcəllənin 29.1-ci maddəsinə riayət etmək mümkün olmadıqda, Mərkəzi Seçki Komissiyası başqa seçki dairələrinin sərhədlərini dəqiqləşdirmək yolu ilə bu halı aradan qaldırmalıdır. Müvafiq bələdiyyənin ərazisində birdən çox seçki dairəsinin yaradılması və ya müvafiq seçki dairəsinin tərkibinə birdən çox bələdiyyənin daxil edilməsi nəticəsində bələdiyyənin (bələdiyyələrin) ərazisində yaşayan seçicilərin sayının orta təmsilçilik normasına bölünməsi ilə alınan qalıq bu məcəllənin 29.3.1-ci maddəsində göstərilən faizlərdən çox olduqda, Mərkəzi Seçki Komissiyası seçki dairəsini yaradarkən, bu məcəllənin 29.1-ci maddəsinə riayət etməyə bilər. Bu halda Mərkəzi Seçki Komissiyası seçki dairəsinin yaradılması haqqında qərarda bu məcəllənin 29.1-ci maddəsinə riayət etməyin mümkün olmadığının səbəblərini göstərməklə, öz qərarını əsaslandırmalıdır. [22]

29.5. Mərkəzi Seçki Komissiyası, seçicilər barəsində məlumatlar əsasında, hər beş ildən bir, vahid seçicilər siyahısı tərtib edildikdən sonra 30 gün müddətində seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini təsdiq etməlidir. Həmin dövr ərzində bu Məcəllənin 29.3-cü və 46-cı maddələrinin tələbləri nəzərə alınmaqla seçki dairələrinin sxemi və onun qrafik təsviri yenidən təsdiq edilə bilər.

29.6. Seçki dairələrinin yaradılması sxemini və onun qrafik təsvirini, seçki dairələrinin hüdudlarına dair təklifləri Mərkəzi Seçki Komissiyası tərəfindən yaradılan və mütəxəssislərdən ibarət olan seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiya hazırlayır. Həmin komissiyanın işinə Mərkəzi Seçki Komissiyasının sədr müavini rəhbərlik edir və o, vəzifəsinə görə komissiyanın sədri hesab olunur. Seçki dairələrinin sərhədlərinin müəyyən edilməsi üzrə komissiyanın iclasları hər il vahid seçici siyahısı dəqiqləşdirildikdən sonra iki aydan gec olmayaraq keçirilir. Göstərilən komissiyanın əsas məqsədi seçki dairələrinin bu Məcəllənin 29.3-cü və 29.7-ci maddələrinə cavab verməsinin təmin edilməsidir. Həmin komissiya üzvlərinin yalnız 1/3 hissəsi dövlət qulluğunda ola bilər. Seçki dairələri seçkilərin (referendumun) keçirilməsindən bilavasitə əvvəl yaradılırsa, seçki dairələrinin yaradılması sxemi və onun qrafik təsviri seçkilər (referendum) gününə ən azı 55 gün qalmış təsdiq edilməli və seçki (referendum) gününə azı 50 gün qalmış dərc edilməlidir.[23]

29.7. Seçki dairələrinin yaradılması sxemində aşağıdakılar göstərilməlidir:

29.7.1. hər seçki dairəsinin adı və nömrəsi;

29.7.2. hər seçki dairəsinə daxil olan inzibati ərazi vahidlərinin yaxud şəhər, rayon, şəhərdə rayon üzrə bələdiyyə qurumlarının siyahısı (seçki dairəsinin tərkibinə inzibati ərazi vahidinin, bələdiyyə qurumunun, yaşayış məntəqəsi ərazisinin bir hissəsi daxildirsə, göstərilən sxemdə bu inzibati ərazi vahidinin, bələdiyyə qurumunun və yaşayış məntəqəsinin həmin hissəsinin sərhədləri qeyd edilməlidir. Bir inzibati ərazi vahidində bir seçki dairəsi yaradıldıqda, həmin seçki dairəsinə daxil olan bələdiyyə qurumlarının siyahısı seçki dairəsinin yaradılması sxeminə daxil edilmir);

29.7.3. hər seçki dairəsinin mərkəzi;

29.7.4. hər seçki dairəsində qeydə alınmış seçicilərin sayı, inzibati ərazi vahidində birdən çox seçki dairəsi yaradıldıqda, seçki dairəsinin tərkibinə daxil olan hər bir bələdiyyə qurumunda qeydə alınmış seçicilərin sayı;

29.7.5. Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan seçicilərin yaşadığı xarici dövlətlər göstərilməklə, bu Məcəllənin 29.2-ci maddəsinə uyğun olaraq müvafiq seçki dairəsində siyahıya alınmış həmin seçicilərin sayı.

29.8. Seçki dairələri yaradılarkən və onların yaradılma sxemi müəyyənləşdirilərkən dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə edilə bilər.

29.9. Azərbaycan Respublikası Prezidentinin seçilməsi və referendum keçirilməsi nəzərdə tutulan vahid seçki dairəsi Azərbaycan Respublikasının bütün ərazisini əhatə edir.

29.10. Bu Məcəllənin 46-cı maddəsinə uyğun olaraq seçki dairəsi üzrə siyahıya alınmış seçicilər həm də vahid seçki dairəsində siyahıya alınmış sayılırlar.

   Maddə 30. Dairə seçki komissiyalarının təşkili

30.1. Dairə seçki komissiyaları bilavasitə seçkilərdən (referendumdan) əvvəl yaradılarsa, onlar səsvermə gününə azı 50 gün qalmış təşkil edilməlidir.[24]

30.2. Dairə seçki komissiyası 9 üzvdən ibarətdir. Dairə seçki komissiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən təyin edilirlər.

30.3. Dairə seçki komissiyasının 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən, 3 üzvünün namizədliyi isə heç bir siyasi partiyaya mənsub olmayan Milli Məclis deputatlarını Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən təqdim edilir. Dairə seçki komissiyasının üzvlüyünə namizədləri Mərkəzi Seçki Komissiyasında siyasi partiyaları təmsil edən komissiyanın üzvlərinə müvafiq siyasi partiyaların yerli təşkilatları da təqdim edə bilərlər. Heç bir siyasi partiyaya mənsub olmayan deputatları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri tərəfindən dairə seçki komissiyasına irəli sürülmüş namizədlərin 2-si maraqlı tərəflərlə razılaşdırılır: 1 namizəd deputatları Milli Məclisdə çoxluq təşkil edən siyasi partiyanı Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə, digər namizəd deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları Mərkəzi Seçki Komissiyasında təmsil edən komissiya üzvləri ilə.

30.4. Dairə seçki komissiyalarının üzvləri Mərkəzi Seçki Komissiyasından müvafiq vəsiqə alırlar.

   Maddə 31. Dairə seçki komissiyasının vəzifələri

31.1. Dairə seçki komissiyası aşağıdakı ümumi vəzifələri həyata keçirir:

31.1.1. seçki dairəsinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının seçki hüquqlarına riayət olunmasına nəzarət edir;

31.1.2. bu Məcəllənin qaydalarının pozulması ilə əlaqədar şikayətlərə öz səlahiyyətləri daxilində baxır və əsaslandırılmış qərar qəbul edir;

31.1.3. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçkiqabağı fəaliyyətinə, referendum üzrə təşviqat qruplarının referendumqabağı fəaliyyətinə şərait yaradır;

31.1.4. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına ad verir və seçki məntəqələrinin vahid qaydada nömrələnməsini təmin edir;

31.1.5. seçki bülletenlərinin, seçki bülletenlərinin qoyulması üçün zərflərin, protokolların, səsvermə üçün qeydiyyatdan çıxma vəsiqələrinin və digər seçki sənədlərinin məntəqə seçki komissiyalarına çatdırılmasını təmin edir;

31.1.6. seçkilərin (referendumun) hazırlanması və keçirilməsi üçün ayrılmış pul vəsaitini məntəqə seçki komissiyaları arasında bölüşdürür, bu vəsaitin təyinatı üzrə istifadəsinə nəzarəti təmin edir;

31.1.7. müvafiq icra hakimiyyəti orqanlarından və bələdiyyə qurumlarından seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə bağlı məsələlərə aid məlumatlar alır;

31.1.8. seçkilərin (referendumun) gedişində seçki hərəkətlərinin həyata keçirilməsi qaydası və müddəti haqqında seçicilərə məlumat verir, qeydə alınmış namizədlərə dair məlumatları, seçkilərin (səsvermənin) ilkin nəticələri haqqında məlumatları dərc edir;

31.1.9. məntəqə seçki komissiyalarının otaqlarla, nəqliyyat və rabitə vasitələri ilə təmin edilməsinə, seçkilərin maddi-texniki təchizatı məsələlərinə dair qəbul olunan müvafiq qərarların yerinə yetirilməsinə nəzarət edir;

31.1.10. seçki dairəsinin ərazisində məntəqə seçki komissiyalarına seçki məntəqələrində səsvermənin keçirilməsi işində təşkilati-texniki kömək göstərir;

31.1.11. məntəqə seçki komissiyalarının fəaliyyətini əlaqələndirir;

31.1.12. Mərkəzi Seçki Komissiyasının təsdiq etdiyi qaydalara uyğun olaraq seçki (referendum) sənədlərinin saxlanılmasını təmin edir;

31.1.13. seçkilərin (referendumun) hazırlanması və keçirilməsi ilə əlaqədar sənədlərin, o cümlədən səsvermənin (seçkilərin) nəticələri haqqında protokolların Mərkəzi Seçki Komissiyasına verilməsini təmin edir;

31.1.14. seçki dairəsinin ərazisində dövlət avtomatlaşdırılmış informasiya sistemindən eyni qaydada istifadə olunmasını təmin edir;

31.1.15. məntəqə seçki komissiyalarının üzvlərini təlimatlandırır;

31.1.16. məntəqə seçki komissiyalarının qanunsuz qərarlarını ləğv edir.

   Maddə 32. Dairə seçki komissiyasının fəaliyyət istiqamətləri

Referendumun, Milli Məclisin deputatlarının seçkilərin, Prezident seçkilərinin və bələdiyyə seçkilərinin keçirilməsi zamanı dairə seçki komissiyası bu Məcəllənin 31-ci maddəsinə uyğun olaraq aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:

32.1. Dairə seçki komissiyası referendumun hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

32.1.1.bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda referendum üzrə təşviqat qruplarını qeydə alır;

32.1.2. referendum dairəsində səslərin hesablanmasının nəticələrini müəyyən edir;

32.1.3. referendum dairələrində referendum üzrə təşviqat qruplarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti təmin edir;

32.1.4. bu Məcəlləyə uyğun olaraq başqa səlahiyyətləri həyata keçirir.

32.2. Dairə seçki komissiyası Milli Məclisin deputatlarının seçkilərinin hazırlanması və keçirilməsi zamanı aşağıdakı səlahiyyətləri həyata keçirir:

32.2.1. müvafiq birmandatlı seçki dairəsi üzrə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir;

32.2.2. birmandatlı seçki dairəsi üzrə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi nümunədə vəsiqə verir;

32.2.3. seçki dairəsinin ərazisində namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi partiyalar bloklarının seçki fondları vəsaitinin xərclənməsinə nəzarəti təmin edir;

32.2.4. seçki dairəsinin ərazisində bütün namizədlər, qeydə alınmış namizədlər, siyasi partiyalar, siyasi partiyaların blokları üçün bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir;

32.2.5. birmandatlı seçki dairəsi üzrə seçkilərin yekunlarını müəyyənləşdirir;

32.2.6. təkrar və əlavə seçkilər keçirir;

32.2.7. bu Məcəlləyə uyğun digər vəzifələri həyata keçirir.

32.3. Dairə seçki komissiyası Prezident seçkilərinin hazırlanması və keçirilməsi ilə əlaqədar aşağıdakı səlahiyyətləri həyata keçirir:

32.3.1. prezidentliyə namizədlər üçün seçki dairəsinin ərazisində bərabər seçkiqabağı fəaliyyət şəraiti təmin edir;

32.3.2. seçki dairəsinin ərazisində namizədlər, qeydə alınmış namizədlər tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş seçkiqabağı fəaliyyət şərtlərinə əməl olunmasını təmin edir;

32.3.3. seçki dairəsinin ərazisində Prezident seçkiləri üzrə səsvermənin nəticələrini müəyyən edir;

32.3.4. bu Məcəlləyə uyğun olaraq digər vəzifələri həyata keçirir.

32.4. Dairə seçki komissiyası bələdiyyələrə seçkilərin hazırlanması və keçirilməsi zamanı aşağıdakı vəzifələri həyata keçirir:

32.4.1. seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə irəli sürülmüş namizədlər barəsində məlumatların alınmasını təmin edir, qeydə alınmış namizədlər barəsində məlumatları dərc edir;

32.4.2. seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizədləri, onların səlahiyyətli nümayəndələrini, vəkil edilmiş şəxslərini qeydə alır, onlara Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada vəsiqə verir;

32.4.3. seçki ərazisi üzrə bələdiyyə üzvlüyünə namizədlər üçün bərabər seçkiqabağı fəaliyyətin həyata keçirilməsinə nəzarət edir;

32.4.4. seçki ərazisi üzrə məntəqə seçki komissiyalarının məlumatlarına əsasən səsvermənin nəticələrini müəyyən edir;

32.4.5. təkrar və əlavə seçkilərin keçirilməsini təşkil edir;

32.4.6. bu Məcəlləyə uyğun olaraq digər vəzifələri həyata keçirir.

   Maddə 33. Dairə seçki komissiyası üzvünün fəaliyyətinin təminatları

33.1. Dairə seçki komissiyasının sədri və katibləri öz səlahiyyətləri dövründə dövlət büdcəsi hesabına əmək haqqı alırlar. Dairə seçki komissiyasının üzvləri seçkilərin (referendumun) təyin edilməsi haqqında səlahiyyətli dövlət orqanının qərarının dərc edildiyi gündən seçkilərin (referendumun) nəticələrinin dərc edildiyi günədək olan müddətdə, habelə hər il seçici siyahılarının hazırlandığı dövrdə dövlət büdcəsi hesabına pul təminatı alırlar. Dairə seçki komissiyasının tərkibinə seçilən, dövlət və ya yerli büdcələrdən maliyyələşdirilən orqanlarda, müəssisələrdə, təşkilatlarda və ya təsisatlarda qulluq edən üzvün iş yeri üzrə aldığı əmək haqqı saxlanılır.

33.2. Seçkilər (referendum) dövründə dairə seçki komissiyasının üzvü müvafiq rayon prokurorunun razılığı olmadan cinayət məsuliyyətinə cəlb edilə bilməz tutula bilməz və ya məhkəmə qaydasında müəyyənləşdirilən inzibati tənbeh tədbirlərinə məruz qala bilməz (bu maddədə «rayon prokuroru» dedikdə, seçki dairəsi ərazisinin çox hissəsinin əhatə etdiyi rayonun prokuroru başa düşülür). Dairə seçki komissiyasının üzvü cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda, dairə seçki komissiyasının üzvünü tutan orqan bu barədə dərhal Mərkəzi Seçki Komissiyasına və müvafiq rayon prokuroruna xəbər verir.

33.3. Dairə seçki komissiyası üzvünün seçkilər (referendum) dövründə seçki dairəsinin ərazisində gediş-gəliş üçün hər cür ictimai nəqliyyatdan (taksi və sifarişli reyslər istisna olmaqla) istifadə xərcləri gediş-gəliş sənədləri təqdim olunduqda dairə seçki komissiyasının ayırdığı vəsait hesabına ödənilir.

   Maddə 34. Dairə seçki komissiyasının işinin təşkili

34.1. Dairə seçki komissiyası öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş dairə seçki komissiyasının reqlamenti əsasında qurur.

34.2. Dairə seçki komissiyasının katibliyi öz işini Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilmiş Əsasnamə əsasında qurur.

34.3. Dairə seçki komissiyasının qərarları komissiyanın iclasında 9 üzv iştirak etdikdə – azı 6 üzvün, 8 və ya 7 üzv iştirak etdikdə — azı 5 üzvün, 6 üzv iştirak etdikdə — azı 4 üzvün lehinə səs verməsi nəticəsində qəbul edilir.

34.4. Dairə seçki komissiyasının qərarı 24 saat ərzində dərc edilməlidir və dərc olunduğu gündən qüvvəyə minir.

34.5. Dairə seçki komissiyasının katibliyinin daimi fəaliyyət göstərən işçilərinin sayı, onların vəzifələrinin adları və əmək haqları Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası tərəfindən müəyyən edilir. [25]

 

Altıncı fəsil


1   2   3   4   5   6   7   8   9   ...   29


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə