Azərbaycan Respublikasının Vergi Məcəlləsi



Yüklə 212,08 Kb.
səhifə10/197
tarix18.04.2022
ölçüsü212,08 Kb.
#55678
1   ...   6   7   8   9   10   11   12   13   ...   197
VM2017

13.2.11. Xidmət (iş) –– malların təqdim edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb edən fəaliyyət.

ƏDV-nin məqsədləri üçün pul vəsaitinə və torpağa mülkiyyət hüququnun başqasına verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi xidmət göstərilməsi istisna olunur.

Xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istifadə olunan mallar ayrıca təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə daxil edilməyən kompensasiyalı xərclər müqavilədə və ya ödəniş sənədlərində ayrıca göstərilmirsə, həmin mallar və ya xərclər xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab edilir.

13.2.12. Gəlir – malların (işlərin və xidmətlərin) təqdim edilməsi ilə bağlı əməliyyatların ümumi dəyəri, habelə satışdankənar gəlir. Vergitutma məqsədləri üçün gəlirin əldə edilmə vaxtı bu Məcəllənin 132-ci və 135-ci maddələri ilə müəyyən olunur.

Satışdankənar gəlirlər — digər müəssisələrin fəaliyyətində payçı kimi iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər, istiqrazlar və digər qiymətli kağızlardan əldə olunan gəlirlər, habelə mal və xidmət (iş) istehsalı və satışı ilə bilavasitə bağlı olmayan əməliyyatan götürülən digər gəlirlər, o cümlədən cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ, xarici valyuta əməliyyatları üzrə artan məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia müddəti keçmiş kreditor deponent borc məbləğləri.

13.2.13. Vergi ödəyicisinin, alıcının, sifarişçinin və ya hər hansı şəxsin adı — hüquqi şəxsin dövlət qeydiyyatına alınmış adı, fiziki şəxsin adı, atasının adı və soyadı.

13.2.14. Maliyyə xidmətləri:

13.2.14.1. kreditlərin, maliyyə lizinqi əməliyyatlarının, kredit təminatlarının və pul-kredit əməliyyatlarında hər hansı girov və ya lombard təminatının təqdim edilməsi (yaxud verilməsi) və qaytarılması, o cümlədən krediti və ya təminatı təqdim etmiş şəxsin kreditləri və kredit təminatlarını idarə etməsi;

13.2.14.2. müştərilərin depozitlərinin və hesablarının idarə edilməsi, tədiyələr, köçürmələr, borc öhdəlikləri və tədiyə vasitələri ilə bağlı əməliyyatlar;

13.2.14.3. qanuni tədiyə vasitələri olan valyutanın, pul vəsaitlərinin və əskinasların (numizmatika əşyalarından başqa) tədavülü ilə bağlı əməliyyatlar;

13.2.14.4. səhmlərin, istiqraz vərəqələrinin, sertifikatların, veksellərin, çeklərin və digər qiymətli kağızların tədavülü ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri və ya banknotların, qiymətli kağızların və ya digər qiymətlilərin saxlanması və ya onların qorunmasının təmin edilməsi üzrə xidmətlər maliyyə xidmətlərinə aid deyildir;

13.2.14.5. törəmə maliyyə vasitələri ilə əqdlərə, forvard müqavilələrinə, opsionlara və analoji sazişlərə aid əməliyyatlar;

13.2.14.6. investisiya fondlarının idarə edilməsi ilə bağlı xidmətlər;

13.2.14.7. sığorta və təkrar sığorta əməliyyatları, habelə bu əməliyyatlarla bağlı sığorta agenti və sığorta brokeri xidmətləri.

13.2.15. Dividend — hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş.

Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın bölüşdürülməsi nəticəsində əldə edilən gəlir, həmçinin səhmdarların səhmlərinin faiz nisbətini dəyişdirməyən səhmlərin bölüşdürülməsi, səhmlərin (hissələrin, payların) nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı edilən ödənişlər dividend sayılmır.

13.2.16. Azərbaycan mənbəyindən gəlir:

13.2.16.1. Azərbaycan Respublikasında muzdlu işdən gəlir;

13.2.16.2. Azərbaycan Respublikasında istehsal edilmiş malların istehsalçı tərəfindən təqdim edilməsindən gəlir;

13.2.16.3. Azərbaycan Respublikasında malların təqdim edilməsindən, iş görülməsindən və xidmət göstərilməsindən gəlir;

13.2.16.4. Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyə aid edilən sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, o cümlədən belə daimi nümayəndəlik vasitəsilə təqdim edilmiş mallara (işlərə, xidmətlərə) aid edilə bilən eyni cinsli, yaxud bənzər (oxşar) malların (işlərin, xidmətlərin) təqdim edilməsindən, habelə daimi nümayəndəlik vasitəsilə həyata keçirilən fəaliyyətə aid edilə bilən fəaliyyətdən və ya ona oxşar fəaliyyətdən əldə edilmiş gəlir;

13.2.16.5. Azərbaycan Respublikasındakı sahibkarlıq fəaliyyəti ilə əlaqədar:

vergi ödəyicisinin borclarının onun kreditorları tərəfindən silinməsindən;

bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən;

xərclərin bu Məcəllənin 141-ci maddəsinə uyğun olaraq kompensasiya edilməsindən və ya ehtiyatların azalmasından gəlir;

13.2.16.6. rezident hüquqi şəxsdən dividend şəklində əldə edilən gəlir, həmçinin bu hüquqi şəxsdə iştirak payının satılmasından və ya başqasına verilməsindən əldə edilən gəlir;

13.2.16.7. rezidentlərdən alınan faizlər şəklində gəlir;

13.2.16.8. rezident tərəfindən ödənilən pensiya;

13.2.16.9. Azərbaycan Respublikasının ərazisində daimi nümayəndəliyi və ya əmlakı olan şəxsdən alınan faizlər şəklində gəlir — həmin şəxsin bu faizlər üzrə borcu bu cür daimi nümayəndəlik və ya əmlakla bağlıdırsa;

13.2.16.10. Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlak üçün alınan royalti şəklində gəlir, yaxud bu Məcəllənin 13.2.23-cü maddəsində göstərilən və Azərbaycan Respublikasında saxlanılan və ya istifadə edilən əmlakın təqdim edilməsindən gəlir;

13.2.16.11. Azərbaycan Respublikasında istifadə edilən daşınan əmlakın icarəyə verilməsindən əldə edilən gəlir;

13.2.16.12. Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən bu əmlakda iştirak payının təqdim edilməsindən gəlir;

13.2.16.13. aktivlərinin 50 faizindən çox olan hissəsi birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan ibarət olan müəssisənin səhmlərinin və ya iştirak payının təqdim edilməsindən gəlir;

13.2.16.14. rezidentin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim edilməsindən əldə etdiyi digər gəlirlər;

13.2.16.14-1. bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) subyektlərə rezidentlərin və   qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə  edilən ödənişlər;

13.2.16.15. idarəetmə, maliyyə xidmətləri göstərilməsindən əldə edilən gəlir — bu gəlir rezident hüquqi şəxsin və ya qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisində yerləşən daimi nümayəndəliyi tərəfindən ödənilirsə, yaxud o, həmin müəssisə və ya onun daimi nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən əldə edilmişdirsə;

13.2.16.16. Azərbaycan Respublikasında riskin sığortası və ya təkrar sığortası haqqında müqavilə üzrə ödənilən gəlir;

13.2.16.17. Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya daşınmalar həyata keçirilərkən telekommunikasiya və ya nəqliyyat xidmətlərindən gəlir;



13.2.16.17-1. mədəniyyət, incəsənət, teatr, kino, radio, televiziya, musiqi, rəssamlıq, idman, mühəndislik, memarlıq, arxitektura və elm sahələri üzrə Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı edilən ödənişlər;

13.2.16.18. Azərbaycan Respublikasındakı fəaliyyətlə bağlı meydana çıxan və bu Məcəllənin əvvəlki maddələrində əhatə edilməyən digər gəlirlər. Bu maddəyə uyğun olaraq gəlirin mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi yer, həmçinin onun birbaşa və ya dolayısı ilə ödənilməsi nəzərə alınmır.

13.2.17. Əsas vəsaitlər — istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər.

13.2.18. Faizlər — borc öhdəlikləri ilə bağlı olan hər hansı ödəmə, o cümlədən kreditlərin (ssudaların) və ya depozitlərin (hesabların) verilməsi üçün ödəmə.

13.2.19. Xalis mənfəət — mənfəət vergisi çıxıldıqdan sonra qalan mənfəət.

13.2.20. İştirakçı — səhmdar, payçı və ya müəssisənin mənfəətində digər iştirakçı.

13.2.21. Əmlak — hər hansı daşınan və ya daşınmaz əmlak, o cümlədən qeyri-maddi aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət hüququnun digər obyektləri.

13.2.22. Əmlakın qalıq dəyəri — müəssisənin balansında olan əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri.

13.2.23. Royalti — ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

13.2.24. Nəzarət-kassa aparatı — malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləri.

13.2.25. Forvard kontraktı — şəxsin qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu cür forvard kontraktının bağlandığı anda təsbit edilmiş qiymətlə əldə etməyə (satmağa) öhdəliyini təsdiq edən müqavilədir.

13.2.26. Opsion — qiymətli kağızlar, mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən şərtlərlə bu cür opsionun bağlanması anına və ya tərəflərin qərarına əsasən bu cür əldə etmənin anına satış qiymətlərinin təsbit edilməsi ilə əldə etməyə (satmağa) hüququ təsdiq edən sənəddir.

13.2.27. Qeyri-kommersiya fəaliyyəti — məqsədi gəlir götürmək olmayan və əldə etdiyi gəliri yalnız qeyri-kommersiya məqsədləri, o cümlədən öz nizamnamə məqsədləri üçün istifadə etməyi nəzərdə tutan qanunla qadağan edilməyən fəaliyyətin həyata keçirilməsidir, əks halda bu fəaliyyət kommersiya fəaliyyəti sayılır.



13.2.28. Qeyri-kommersiya təşkilatı — qeyri-kommersiya fəaliyyətini həyata keçirən, əldə etdiyi gəliri təsisçilər (payçılar, iştirakçılar) arasında bölüşdürməyən və onu kommersiya məqsədləri üçün sərf etməyən hüquqi şəxsdir, əks halda bu təşkilat kommersiya təşkilatı sayılır.

13.2.29. Malların ixracı — gömrük qanunvericiliyinə uyğun olaraq ixrac malları hesab edilən malların Azərbaycan Respublikası ərazisindən çıxarılması.

13.2.30. Malların təkrar ixracı — gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac malları sayılan malları idxal etmiş şəxsin həmin malları idxal edəndən sonra təqdim etmədən və idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.

13.2.31. Malların idxalı — gömrük qanunvericiliyinə uyğun olaraq idxal malları sayılan malların Azərbaycan Respublikası ərazisinə gətirilməsi.

13.2.32. Malların təkrar idxalı — gömrük qanunvericiliyinə uyğun olaraq, təkrar idxal malları sayılan malları təqdim etmədən və ixrac olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin həmin malları idxal etməsi.

13.2.33. Azərbaycan Respublikası ərazisindən tranzit — gömrük qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası sərhədindəki iki məntəqə arasında Azərbaycan Respublikası ərazisi ilə daşınma.



Beynəlxalq daşıma — yüklərin və sərnişinlərin Azərbaycan Respublikası ilə (Azərbaycan Respublikasının sərhədlərindən) digər dövlətlərdəki məntəqə arasında daşınma sayılır.

Beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

13.2.34. Muzdlu iş — əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əmək haqqı» adlandırılır.

13.2.35. Xeyriyyəçilik fəaliyyəti — fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı tərəfindən həyata keçirilən və maddi və ya digər köməyə (yardıma) ehtiyacı olan fiziki şəxslərə və ya bilavasitə bu cür kömək (yardım) göstərən təşkilatlara, o cümlədən xeyriyyə təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək (yardım) göstərməkdən, o cümlədən əvəzsiz pul köçürməkdən ibarət olan fəaliyyət, yaxud bu Məcəllədə digər hallar nəzərdə tutulmamışdırsa, ictimai mənafelər naminə həyata keçirilən elmi, təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı hallarda kömək (yardım) göstərilməsi xeyriyyəçilik fəaliyyəti sayılmır:

13.2.35.1. bu cür köməyi (yardımı) alan şəxs köməyi (yardımı) göstərən şəxsin qarşısında mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli öhdəlik (alınan vəsaitdən və ya əmlakdan məqsədli təyinatla istifadə olunmasına dair öhdəlikdən başqa) qəbul edirsə;

13.2.35.2. bu cür köməyi (yardımı) alan və köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı surətdə asılı olan şəxslər sayılırlarsa;

13.2.35.3. bu cür kömək (yardım) hər hansı fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında iştirak etmək üçün göstərilirsə.

13.2.36. Xeyriyyə təşkilatı — xeyriyyəçilik fəaliyyətini həyata keçirən qeyri-kommersiya təşkilatı.


Yüklə 212,08 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   197




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin