13.2.50. İri vergi ödəyicisi — bu Məcəllənin məqsədləri üçün aşağıdakı meyarlardan ən azı birinə uyğun olan vergi ödəyicisi (büdcə təşkilatları istisna olmaqla):
13.2.50.1. əvvəlki 3 ilin hər birində mulkiyyətində olan əsas vəsaitlərinin ilin sonuna qalıq dəyəri 2.500.000 manatdan və əvvəlki 3 il üzrə orta illik dövriyyəsi (ƏDV-siz) 1.250.000 manatdan çox olduqda;
13.2.50.2. son 3 vergi ili ərzində bu Məcəllə ilə müəyyən edilmiş bütün vergi və vergi olmayan digər ödənişlərin hesablanmış məbləği hər il üçün 500.000 manatdan çox olduqda;
13.2.50.3. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq təbii inhisarçılara və ya bazarda hökmran mövqe tutan subyektlərə aid olunan vergi ödəyiciləri, o cümlədən onların Azərbaycan Respublikasının rezidenti olan törəmə təsərrüfat cəmiyyətləri.
13.2.51. Xüsusi vergi rejimli müəssisə — qanunla təsdiq edilmiş hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və digər belə sazişlər və ya qanunlar, o cümlədən neft və qaz haqqında, ixrac məqsədli neft-qaz fəaliyyəti haqqında və xüsusi iqtisadi zonalar haqqında qanunlar çərçivəsində fəaliyyət göstərən, vergitutma və vergi nəzarəti məsələlərində müəyyən dövr ərzində vergilərin hesablanması və ödənilməsi xüsusi qaydalarla müəyyən edilən vergi ödəyiciləri, habelə xarici ölkələrin Azərbaycan Respublikasının ərazisində yerləşən diplomatik və analoji nümayəndəlikləri, konsulluq idarələri və digər rəsmi nümayəndəlikləri.
13.2.52. Sənaye parkının rezidenti — müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada sənaye parkının qeydiyyat şəhadətnaməsini almış və sənaye parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;
13.2.53. Texnologiyalar parkının rezidenti — müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada texnologiyalar parkının qeydiyyat şəhadətnaməsini almış və texnologiyalar parkında fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs;
13.2.54. bina – insanların yaşaması, fəaliyyəti, təbiət təsirlərindən qorunması, onlara sosial, mədəni və məişət xidmətlərinin göstərilməsi, istehsalat sahələrinin yerləşdirilməsi, maddi dəyərlərin saxlanması üçün nəzərdə tutulmuş qapalı həcm-fəza quruluşuna malik olan tikinti obyekti;
13.2.55. ticarət fəaliyyəti – istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti;
13.2.56. ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyəti;
13.2.57. tikinti-quraşdırma işlərinə başlama anı - tikintisinə icazə verilmiş tikinti obyektinin layihəsində, habelə Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsində nəzərdə tutulan tələblərə riayət edilmiş barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektinin layihəsinin memarlıq-planlaşdırma bölməsində nəzərdə tutulmuş tikinti obyektinin inşası üzrə bilavasitə tikinti-quraşdırma işlərinə başlama anı;
13.2.58. investisiya təşviqi sənədi - investisiya fəaliyyətini həyata keçirən hüquqi şəxslərə və fərdi sahibkarlara müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydaya uyğun olaraq verilən, bu Məcəllənin 102.1.23-cü, 106.1.17-ci, 164.1.26-cı, 199.11-ci və 207.5-ci maddələrində (bu Məcəllənin 67-2-ci maddəsi nəzərə alınmaqla) və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş güzəştlərin əldə edilməsinə əsas verən sənəddir;
13.2.59. Maliyyə bazarlarına nəzarət orqanı – maliyyə bazarlarında tənzimləmə və nəzarətin həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum;
13.2.60. kənd təsərrüfatı məhsullarının istehsalı – sənaye üsulu (o cümlədən xüsusi broyler təsərrüfatları, avtomatlaşdırılmış tövlə sistemləri və sair) da daxil olmaqla, heyvanların və quşların yetişdirilməsi, bəslənməsi, diri şəkildə olarkən onlardan məhsulların (ilkin formada, yarımfabrikat kimi istifadə olunaraq yeni məhsula çevrilmədən, kimyəvi tərkibi dəyişdirilmədən, konservləşdirilmədən) əldə edilməsi, bitkiçilik məhsullarının becərilməsi;
13.2.61. kənd təsərrüfatı məhsullarının satışı – bu Məcəllənin məqsədləri üçün aşağıdakı tələblər çərçivəsində kənd təsərrüfatı məhsullarının təqdim edilməsi:
13.2.61.1. istehsal olunan (o cümlədən sənaye üsulu ilə, xüsusi broyler təsərrüfatlarında, avtomatlaşdırılmış tövlə sistemlərində və digər yerlərdə) canlılar diri şəkildə, habelə onlardan diri şəkildə olarkən əldə edilmiş məhsullar ilkin formada, heç bir kimyəvi təsirə məruz qalmadan təqdim edilməlidir;
13.2.61.2. bitkiçilik məhsulları və digər kənd təsərrüfatı məhsulları təqdim edilərkən təbiətdə olduğu ilkin formasını saxlamalı, kimyəvi tərkibi dəyişdirilməməli, konservləşdirilməməlidir;
13.2.62. pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;
13.2.63. topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti;
13.2.64. ticarət əlavəsi – malın ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti (mallar əvəzsiz təqdim edildiyi və ya barter olunduğu halda bazar qiyməti) ilə malgöndərənə ödənilən alış qiyməti arasındakı fərq;
13.2.65. transfer qiyməti – bu Məcəllənin 14-1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla, digər şəxslər arasında eyni şərtlər daxilində həyata keçirilən və müqayisə edilə bilən əməliyyatlarda təsbit olunan qiymətlərin cəminin, həmin əməliyyatların sayına bölünməsi yolu ilə müəyyən edilən orta qiymət, habelə bu Məcəllənin 14-1-ci maddəsinə əsasən müəyyən edilən qiymət;
13.2.66. maliyyə institutu – bu Məcəllənin məqsədləri üçün aşağıdakı fəaliyyətlərdən ən azı birini həyata keçirən vergi ödəyicisi:
13.2.66.1. bank fəaliyyəti;
13.2.66.2. həyatın yığım sığortası və (və ya) annuitet sığortası fəaliyyəti;
13.2.66.3. depozitar fəaliyyəti – bu Məcəllənin məqsədlərinə uyğun olaraq, depozitar dedikdə, fəaliyyətinin əhəmiyyətli hissəsini digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılmasını təşkil edən hüquqi şəxs nəzərdə tutulur. Müəssisənin aşağıdakı müddətlərdən daha az olan müddət ərzində digər şəxslər üçün maliyyə aktivlərinin saxlanılması və əlaqədar maliyyə xidmətlərinin göstərilməsi fəaliyyətindən əldə etdiyi mənfəət onun ümumi fəaliyyəti üzrə əldə etdiyi mənfəətin ən azı 20%-ni təşkil edirsə, maliyyə aktivlərinin saxlanılması təşkilatın fəaliyyətinin əhəmiyyətli hissəsini təşkil etmiş hesab olunur:
13.2.66.3.1. maliyyə institutunun depozitar kimi təsbit edildiyi ildən əvvəlki ilin 31 dekabrında (və ya təqvim ili olmayan hesabat dövrünün son günündə) başa çatan üç illik müddət;
13.2.66.3.2. müəssisənin fəaliyyət göstərdiyi müddət;
13.2.66.4. qiymətli kağızların (veksellər, depozitar qəbzi və sair), törəmə maliyyə alətlərinin, xarici valyutaların məzənnə, faiz dərəcəsi və indeks alətləri, qiymətli kağızlarla ticarət və ya əmtəə üzrə fyuçerslərin müştəri üçün və ya müştərinin adından aparılan ticarət fəaliyyəti;
13.2.66.5. investorların portfellərinin idarə edilməsi fəaliyyəti;
13.2.66.6. bu Məcəllənin 13.2.66.1 – 13.2.66.5-ci maddələrində qeyd olunmuş fəaliyyətlərdən hər hansı biri ilə məşğul olan şəxs tərəfindən idarə olunan hüquqi şəxsin həyata keçirdiyi fəaliyyət;
13.2.67. maliyyə institutlarında vergi monitorinqi – maliyyə institutları tərəfindən vergi və maliyyə məlumatlarının mübadiləsini nəzərdə tutan, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinə əməl edilməsi işinə nəzarət tədbirləri;
13.2.68. elektron audit – vergi ödəyicisinin elektron formatda saxlanılan maliyyə (mühasibat) məlumatlarına xüsusi proqram təminatı vasitəsilə birbaşa və ya məsafədən çıxış imkanı yaradılmaqla aparılan vergi yoxlaması;
13.2.69. vergi üstünlüyü – vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəriciləri dəyişmədən, vergilərin bu Məcəllədə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödənilməsindən yayınma;
13.2.70. vergidən yayınma sxemi – vergi üstünlüyü əldə etmək məqsədi ilə hər hansı formada bağlanılmış əqd və ya aparılmış əməliyyat;
13.2.71. vergi tutulan əməliyyatın faktiki iqtisadi göstəricisi – vergi tutulan əməliyyatın məbləği, həcmi (mal partiyasının həcmi), icra müddəti və şərtləri.