Maddə 116. Sığorta haqlarının gəlirdən çıxılması
116.1. Öz işçilərinin xeyrinə əmlakın zərərdən sığortalanması, habelə xarici sığortaçılar ilə bağlanmış həyat sığortası müqavilələri üzrə sığorta haqları istisna olmaqla, sığortalının ödədiyi sığorta haqları gəlirdən çıxılır.
116.2. Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.
İşəgötürən tərəfindən fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılan həyatın yığım sığortası və pensiya sığortası üzrə ödədiyi sığorta haqları yalnız bank vasitəsilə sığortaçının bank hesabına ödənildikdə çıxılır.
116.3. Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildikdə, ödənilmiş sığorta haqları sığortaçı tərəfindən ödəmə mənbəyində vergiyə cəlb olunur.
Maddə 117. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclərin gəlirdən çıxılması
117.1. Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər bu Məcəllənin 114-cü maddəsi ilə müəyyən edilmiş amortizasiya dərəcəsi ilə hesablanan amortizasiya ayırmaları şəklində ümumi gəlirdən çıxılır.
117.2. Bu maddə vergi ödəyicisinin geoloji-kəşfiyyat işlərini aparmaq və təbii ehtiyatları emal, yaxud istismar etmək hüquqlarını əldə etmək üçün qeyri-maddi aktivlərə çəkdiyi xərclərə də tətbiq olunur.
Dostları ilə paylaş: |