Maddə 157. Qeydiyyat
157.1. ƏDV-nin məqsədləri üçün məcburi və ya könüllü qeydiyyat haqqında ərizə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə verilməlidir.
157.2. Şəxs ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçərkən, vergi orqanı həmin şəxsi ƏDV ödəyicilərinin dövlət reyestrində qeydə almağa və ərizə verildikdən sonra 5 iş günündən gec olmayaraq, ona müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi forma üzrə qeydiyyat bildirişi verməyə, həmin bildirişdə vergi ödəyicisinin adını və ona aid olan digər məlumatı, qeydiyyatın qüvvəyə mindiyi tarixi və VÖEN-i göstərməyə borcludur.
Şəxsin ərizəsindəki məlumatların düzgün olmadığı müəyyən edildikdə, araşdırmanın nəticələri üzrə vergi orqanı tərəfindən bu Məcəllənin 157-2-ci maddəsinin dördüncü abzasında müəyyən edilmiş formada əsaslandırılmış akt tərtib olunur. Akt iki nüsxədə tərtib olunur və bir nüsxəsi şəxsə təqdim edilir. Şəxs aktı aldığı gündən 5 gün müddətində dəqiqsizlikləri aradan qaldırıb vergi orqanına təqdim etməlidir, təqdim edilmiş ərizədə dəqiqsizliklər olmadıqda, şəxs qeydiyyata alınır və bu barədə şəxsə vergi orqanı tərəfindən bildiriş göndərilir.
Şəxs bu maddənin ikinci abzasında müəyyən edilmiş qaydada dəqiqsizlikləri aradan qaldırmadıqda və qeydiyyata alınmadıqda vergi orqanı tərəfindən ona qeydiyyata alınmadan imtina barədə bildiriş təqdim edilir.
Araşdırmanın nəticələri üzrə tərtib olunan aktın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
ƏDV ödəyicisinin qeydiyyat bildirişi ƏDV ödəyicisinə bir dəfə verilir və onda saxlanılır. ƏDV ödəyicisinin qeydiyyat bildirişi itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında ona bildirişin surəti verilir.
157.3. Qeydiyyat hansı tarixin əvvəl başlanmasından asılı olaraq aşağıdakı tarixlərin birində qüvvəyə minir:
157.3.1. məcburi qeydiyyat zamanı:
ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 120.000 200.000 manatdan artıq olduqda — növbəti ayın birinci günündə;
bir əqd və ya müqavilə üzrə ƏDV-yə cəlb olunan əməliyyatın ümumi dəyəri 120.000 200.000 manatdan artıq olduqda — əməliyyatın aparıldığı günədək.
157.3.2. könüllü qeydiyyat zamanı — qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə;
157.3.3. Bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarixdə.
Bu Məcəllənin 85.4-cü maddəsində göstərilən 3 illik dövr bitdikdən sonra vergi ödəyicisi tərəfindən ƏDV-nin dəqiqləşdirilməsinə və əvəzləşdirilməsinə yol verilmir.
157.4. Vergi orqanı ƏDV-nin ödəyicilərinin reyestrini aparmağa borcludur. Vergi ödəyiciləri ƏDV-nin reyestrinə daxil edilərkən onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan istifadə olunur.
157.5. ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini (bu Məcəllənin 158.2-ci maddəsinin ikinci abzasında göstərilən vergi ödəyiciləri istisna olmaqla) vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir.
157.6. ƏDV ödəyicilərinin məlumatlarında dəyişikliklər baş verdikdə ƏDV ödəyicilərinin dövlət reyestrində müvafiq düzəlişlər edilməlidir.
157.7. ƏDV ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı ləğv edildikdə, ƏDV ödəyiciləri barəsində məlumatlar ƏDV ödəyicilərinin dövlət reyestrindən silinməli və verilmiş qeydiyyat bildirişi geri alınmalıdır.
157.8. Bu Məcəllə ilə müəyyən olunmuş hallarda rəsmi sorğulara əsasən sorğu edənə «ƏDV ödəyicilərinin reyestrindən çıxarış» verilir.
Dostları ilə paylaş: |