Azərbaycan RespublikasıTəhsil Nazirliyi Qərbi Kaspi Universiteti



Yüklə 51,54 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü51,54 Kb.
#42244
1   2   3
- XIII- XVIII əsrlərdə Azərbaycanda maarif və elm

XVII XVIII-cı əsr

XVII əsrdə Azərbaycan mədəniyyəti fars mədəniyyətilə qarşılıqlı əlaqədə inkişaf edirdi. "Azərbaycan tarixi" kitabında göstərilir ki, XVII- XVIII əsrlərdə məktəb və maarifi ruhanilər idarə edirdilər. Yaxın ölkələrdə olduğu kimi, Azərbaycanda da uşaqlar təhsili məscidlərin nəzdində təşkil edilmiş məktəblərdə alırdılar. Məktəbə davamiyyət 10 yaşdan başlayır və bütün kənclik illərini əhatə edirdi. Təhsilin davam etdirilməsi birbaşa maddi imkanlardan, həmçinin, şagirdin meyl və qabiliyyətindən asılı idi. Orta məktəb mədrəsə adlanırdı, ali təhsil müddətində tibb, fəlsəfə, astronomiya, ədəbiyyat və digər elmlərin ayrı-ayrı nümayəndələrinin mühazirələri dinlənirdi. Təhsil Yaxın və Orta Şərq ölkələrində olduğu kimi, Azərbaycanda da fanatizm ruhunda aşılanırdı.

XVII əsrin ortalarında Azərbaycanda olan-Evliya Çələbi yazırdı ki, təkcə Şamaxıda 40 ibtidai və 7 orta məktəb vardı. Şah Səfi tərəfindən tikdirilmiş məscidlərin nəzdində çoxlu ayrıca otaqlar-hücrələr vardı, orada tələbələr yaşayırdılar. Həmin səyyahın hesablamasına görə, o vaxta qədər Təbrizdəki ibtidai məktəblərin sayı 600, orta məktəblərin sayı 47-yə çatırdı. Evliya Çələbiyə görə, məktəblər abad idi. Burada dünya şöhrətli alimlər elmin müxtəlif sahələrini tədris edirdilər. Onlardan Mirzə Məhəmməd Məczuba Təbrizi (1657-1658), İman təxəllüslü Molla Mömin, Mir Əli Nağı Ərdəbili, Mövlana Ələkbər Şirvani, Molla Əliqulu Xalxali, Mirzə İbrahim Ordubadi və s. xüsusilə fərqlənirdilər.

XVII əsrdə Azərbaycanda maarif əsas etibarilə şəhər əhalisi arasında yayılırdı. Kəndli kütlələrinin böyük əksəriyyəti elm və təhsildən kənarda qalırdı. Azərbaycan şəhərinin hər məhəlləsində bir neçə məktəb var idi, kənd yerlərində bir məktəb bir neçə kəndə xidmət edirdi. Dövlət bürokratiyası və divanın məmur kadrları bir qayda olaraq şəhərlərdə gənclərdən hazırlanırdı. Onların içərisində kəndli gənclər cüzi idi.

XVII əsrdə Azərbaycan dili bütün Səfəvi imperiyasında, xüsusilə, hakim sinfin içərisində geniş yayılmışdı. Səyyahlar göstərirdilər ki, XVII əsrdə şah sarayında, həmçinin, adlı-sanlı adamların ailələrində Azərbaycan dilində danışırdılar. J.Şarden xalq məsəlinə isnad edərək, Azərbaycan türk dilini hakim dil adlandırırdı. Bu vaxt Azərbaycan türkçəsi "saray dili" adlanırdı, bütün əyanlardan bu dili kamil bilmək tələb olunurdu. Azərbaycan türkcəsi Səfəvilərin doğma dili idi. Bunu müasir İran tarixçiləri də etiraf edirdilər. Nəsrullah Fəlsəfi yazır: "türk dili Səfəvi sarayının rəsmi dili idi". Əhməd Kəsrəvi, həmçinin, öz tədqiqatlarında belə nəticəyə gəlib ki, "Səfəvi dövründə İranda türk (Azərbaycan-S.M.) dilinin yayılması inkişafın kulminasiya nöqtəsinə çatdı".

Bu vaxt türk dillərinə mənsub olan orijinal, zəngin Azərbaycan dilində xeyli poetik və nəsr əsərləri yarandı. Mənbələr göstərir ki, II Şah İsmayıl Sani təxəllüsü ilə Azərbaycan dilində şeir yazırdı.

XVII əsrdə fars ədəbiyyatı tənəzzül dövrü keçirirdi. XVI- XVII əsr Azərbaycan şairlərinin səciyyəvi xüsusiyyəti ondan ibarət idi ki, onlar əsərlərini fars dilində də yaradırdılar. XVII əsrin ortalarında ən istedadlı şairlərdən biri Qövsi Təbrizi idi. Onun divanının əlyazması Gürcüstan və Britaniya müzeylərində saxlanılır. Divanına daxil edilmiş qəsidəyə əsasən deyə bilərik ki, Qövsi Təbrizi Qarabağ bəylərbəyi Uğurlu xan tərəfindən himayə olunurdu. Nəsrabadinin iqrarına görə, Qövsi elm öyrənmək üçün Təbrizdən İsfahana gəlmişdi.

XVII əsrin əvvəllərində Səfəvi-Osmanlı müharibələri zamanı Azərbaycan elmi böyük itki verdi. Onun çoxlu nümayəndələri məhv edildi, çoxları İran şəhərlərinə köçürüldü.

XVII əsrin birinci yarısında Azərbaycanın mədəni həyatında diqqətəlayiq şəxsiyyətlərdən biri Yusif bin Məhəmmədcan Qarabaği Məhəmməd Şahidir.

XVII əsr Azərbaycan incəsənəti XVI əsrdə bütün Yaxın Şərqdə tanınmış Təbriz rəssamlıq məktəbi əsasında inkişaf edirdi. Səfəvilərin idarə etdikləri hər yerdə böyük hörmətlə qarşılanan gözəl rəssam-miniatürçülər nəsli yetişdi.

Məşhur xəttat, I Abbasın kitabxanasının müdiri Əli Reza Təbrizi böyük nəqqaş-miniatürçü, Təbriz miniatür məktəbinin ənənələrinin görkəmli davamçılarından biri idi. 1585-ci ildə Təbriz osmanlılar tərəfindən tutulduqdan sonra Əli Reza şəhəri tərk edib Qəzvinə getdi və orada gənclərə xəttatlıq öyrətdi, eyni zamanda, öz sənətkarlığını təkmilləşdirdi.

Əli Reza Təbrizi həm də incə ornamentçi idi. Şahın fərmanı ilə o, iki il Məşhəddə qaldı və şiələrin səkkizinci imamı Musa ər-Rezanın məzarı ornamentinin tərtibatı üzərində işlədi. Onun işləri indi də XVII əsr incəsənətinin gözəl nümunəsi kimi Məşhəddə "Rezevi" muzeyində saxlanır.

Əli Rezanın təvəllüdü və vəfatı tarixi məlum deyil, lakin 125 yaşında öldüyü bəllidir.

Osmanlı yürüşləri ilə əlaqədar vətəni tərk etmiş görkəmli Azərbaycan nəqqaşlarından biri də Seyid Əli Təbrizidir.

O, 16 cilddən ibarət nağıllar tərtib etmişdi. Bu cildlərin hər səhifəsini rəssam fırça ilə bəzəmişdi. Qeyd etmək lazımdır ki, incəsənət rəssamlıq, miniatür əsərləri ilə sıx təmasda inkişaf edirdi. İncəsənətin nümayəndələri, adətən, böyük şəhərlərdə yaşayıb yaradır, ən məşhurları isə şah kitabxanasının ətrafında toplaşırdılar.

XVII əsrdə biz Təbriz miniatür və rəssamlıq məktəbinin nümayəndələrinə İsfahanda şah saraylarında təsadüf edirik. Onlar zəngin Təbriz məktəbinin qədim ənənələrinə sadiq qalaraq yeni İsfahan rəssamlıq məktəbi yaratmışdılar. Beləliklə, Azərbaycan nəqqaşlıq məktəbi yeni formada özünü göstərir və nümayəndələr yetişdirirdi.

Azərbaycan alimləri əsrin ikinci yarısında Səfəvi imperiyasının bir sıra elm sahələrinə yeni istiqamət verməyə başlayırdı. Mirzə Məhəmməd Təbrizi, Molla Mömin İman, Molla Əliqulu Xalxali, Molla Vaqif Xalxali, Nəcibəddin Rza Təbrizi, Mövlanə Rəcəbəli Vahid Təbrizi və b. kimi ölkənin mədəni həyatının ön səhnəsinə çıxan alim və şairləri yazıb yaradırlar. Onların içərisində Mövlana Mirzə Məhəmməd bin Həsən Şirvani, xüsusilə, fəxri yer tuturdu.

ƏDƏBİYYAT

1. AZƏRBAYCAN TARİXİ (ən qədim zamanlardan-XXI əsrin ilk onilliklərinədək), Ali məktəblər üçün dərslik, (yenilənmiş üçüncü nəşri),  “Bakı Universiteti” nəşriyyatı, BAKI-2016

2. 10. Fərzəliyev Ş.F. Azərbaycan XV-XVI əsrlərdə (Həsənbəy Rumlunun «Əhsənüt -təvarix» əsəri üzrə). Bakı: Elm, 1983, 151 s.

3. Azərbaycan ədəbiyyatı tarixi. 3 cilddə. 1 cild. Bakı: ƏDİ, 1960, 592 s.

4. Azərbaycan tarixi. 7 cilddə. III cild (XIII-XVIII əsrlər). Bakı: Elm, 1999, 584 s.

5. Azərbaycan tarixi. Ən qədim dövrlərdən XX əsrin əvvəllərinə qədər. Bakı: Elm, 1993, 284 s. 6. Azərbaycan tarixi üzrə qaynaqlar. Bakı: Azərbaycan Dövlət Universiteti nəşriyyatı, 1989, 328s.





Yüklə 51,54 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin