Aman malı. (Mal-i əmani). Şəhəri döyüşlə tutan, yaxud, şəhər əhalisindən
narazı qalan hökmdar onlardan böyük məbləğdə aman malı tələb edirdi (64, 196a;
30, 26a; 26, 251). 857- (1453/54)-ci ildə Cahanşah İsfahan şəhərini hələ həddi-
büluğa çatmayan oğlu Məhəmmədi Mirzəyə vermiş və onun əvəzində şəhəri idarə
etməkdən ötrü lələsini yollamışdı. Lələ və isfahanlılar arasında narazılıq baş
verdiyindən bu şəhər camaatı qaraqoyunlu hökmdarının qəzəbinə düçar olmuş və
onların üzərinə 3000 tümən aman malı qoyulmuşdu (64, 196a).
Mal-o cehat. Məhsulun bir hissəsi kimi yığılan renta vergi növüdür (39,
226). Həsən bəy Rumlunun təsvirindən görünür ki, bu vergi olduqca gəlirli
olmuşdur. I Şah İsmayıl Diyarbəkrin idarə olunmasını əmiri Qaraxana verdiyi vaxt
əmir öz əvəzinə oraya Əhməd Çələbi adlı bir nümayəndəsini yollamışdı. Ancaq
Əhməd Diyarbəkrin mərkəzi Amid şəhərinin mal-o cehatını Qaraxana
göndərmədiyindən xan onu öldürmüşdü (65, 156).
Bəzən müəyyən bir yerin mal-o cehatı şəxsə məvacib əvəzinə verilirdi.
Sübut üçün bu cümlə kifayətdir: ―Bu yerin mal-o cehatı məvacibi olan İsgəndər
bəy Əfşar...‖ (61,316a).