Qarabağ xanlığı Kür və Araz çayları arasındakı torpaqları əhatə edirdi. Xanlığın banisi Pənahəli xan Cavanşirlər tayfasından idi. Vaxtilə Nadir şahın ordusunda xidmət etmiş Pənahəli xan onun ölümündən sonra özünü müstəqil hökmdar elan etdi. O, Qarabağ xanlığını İran və qonşu xanlıqların hücumlarından qorumaq məqsədilə 1748-ci ildə Bayat qalasının əsasını qoydu. Qarabağ xanlığının güclənməsi bu yerləri ələ keçirmək istəyən Hacı Çələbini və müstəqilliyə can atan Qarabağ məliklərini ciddi narahat edirdi. Elə buna görə də onlar 1748-ci ildə Pənahəli xanın üzərinə hücum edib Bayat qalasını mühasirəyə aldılar. Lakin bir aydan artıq davam etmiş mühasirə heç bir nəticə vermədi. 1752-ci ildə Qarabağ xanı yeni bir qalanın - Şahbulaq qalasının əsasını qoydu. Pənahəli xan 4 il bu qalada yaşadı. Lakin Şahbulaq qalası da kifayət qədər möhkəm deyildi. Pənahəli xan 1756-cı ildə üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş hündür dağ yaylasında yeni bir qalanın əsasını qoydu. Qala əvvəllər öz banisinin adı ilə Pənahabad, sonralar isə Şuşa adlandırıldı. Çox əlverişli strateji mövqeyə malik olan Şuşa düşmən hücumu üçün əlçatmaz olan bir qalaya çevrildi. Pənahəli xan müxtəlif yollarla xristian məlikləri özünə tabe etməyə çalışırdı. Pənahəli xan onların hamısını özündən asılı vəziyyətə sala bildi. Lakin Rusiyanın yardımından istifadə edən məliklər imkan düşən kimi müstəqil olmağa çalışır və hətta Qarabağ ərazisində erməni dövləti yaratmağı planlaşdırırdılar.
Pənahəli xan Qaradağ, Naxçıvan və İrəvan xanlıqlarına tabe olan Tatev, Sisian, Qafan, Mehri, Güney və Göyçə mahalları Qarabağ xanlığına birləşdirildi. Təbriz, Naxğıvan, Gəncə və Qaradağ xanlıqları müəyyən vaxtlar Qarabağ xanlığından asılı vəziyyətdə olurdular. Pənahəli xan öz xanlığının müstəqilliyini də uğurla qoruyub saxlayırdı. 1757-ci ildə Qarabağ xanlığı Məhəmmədhəsən xan Qacarın hücumuna məruz qaldı. Lakin bir aya qədər Qarabağda qalmasına baxmayaraq düşmən ordusu heç Şuşaya yaxınlaşa bilmədi və geri çəkilməyə məcbur oldu. 1759-cu ildə Urmiya hakimi Fətəli xan Əfşar Qarabağa hücum etdi. Şuşanı 6 ay mühasirədə saxladı, lakin ələ keçirə bilmədi. Uzun sürən mühasirənin şəhərdə vəziyyəti pisləşdirdiyini görən Pənahəli xan oğlu İbrahimxəlil xanı girov verməklə mühasirənin dayandırılmasına nail oldu. İbrahimxəlil xanın hakimiyyəti dövründə (1763-1806-cı illər) Qarabağ xanlığı daha da gücləndi və nəinki Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın ən güclü dövlət qurumlarından birinə çevrildi. Yalnız Azərbaycan xanlıqları deyil, həm də Rusiya, İran və Türkiyə kimi dövlətlər Qarabağ xanlığı ilə hesablaşırdılar.
Dostları ilə paylaş: |