VII MÖVZU: AZƏRBAYCAN XANLIQLAR DÖVRÜNDƏ
Plan:
1. Azərbaycan xanlıqlarının yaranması və onların sosial-iqtisadi vəziyyəti.
2. Azərbaycan xanlıqlarının daxili siyasi həyatı.
3. Azərbaycan xanlıqlarının xarici siyasi əlaqələri. Yadelli işğalçılara qarşı mübarizə.
5. XVIII əsrdə Azərbaycan mədəniyyəti.
1. Azərbaycan xanlıqlarının yaranması və onların sosial-iqtisadi vəziyyəti.
1747-ci ildə Nadir şahın ölümündən sonra Azərbaycanda İran əsarəti sona çatdı və Qarabağ, Şəki, Şamaxı, Gəncə, Naxçıvan, Dərbənd, Təbriz, Urmiya, Ərdəbil, Maku, Marağa, Xoy, Quba, Bakı, Lənkəran, İrəvan və s. xanlıqları, daha kiçik feodal qurumları - İlisu, Ərəş, Qəbələ, Qazax və Şəmşəddil sultanlıqları, Qarabağda isə Vərəndə, Crabert, Gülüstan, Dizaq və Xaçın məlikləri meydana gəldi. Sultanlıqlar və məliklər, adətən, xanlıqlardan asılı idilər. Məsələn, Qəbələ, Ərəş və İlisu sultanlıqları Şəki xanlığından, məliklər isə Qarabağ xanlığından asılı idilər. Azərbaycanda belə çox xanlıq və digər feodal hökmdarlıqlarının meydana çıxması ölkənin ayrı-ayrı vilayətləri arasında sabit iqtisadi əlaqələrin olmaması, natural təsərrüfatın hökm sürməsi, habelə iri feodalların bu və ya digər ərazi üzərində öz hakimiyyətini qurmaq cəhdləri ilə bağlı idi.
Nisbətən kiçik əraziləri əhatə etmələrinə baxmayaraq, Azərbaycan xanlıqlarının əksəriyyəti dövlətə məxsus bütün əlamətlərə malik olub müstəqil daxili və xarici siyasət yeridirdilər. Xanlıqlarda hakimiyyət yerli feodalların əlində idi. Məsələn, Gəncə xanlığının Gəncənin irsi hakimi olan Şahverdi xan Ziyadoğlu, Bakı xanlığının sabiq Bakı hakimi Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd xan, Dərbənd xanlığını Dərbəndin sabiq naibi İmamqulu bəyin oğlu idarə edirdi.
Xanlıqlarda dövlət idarə orqanları xeyli sadələşdirilmişdi. Geniş məmurlar aparatı əvəzinə indi sabiq şah məmurlarının vəzifələrini yerinə yetirən bəylər və digər yerli feodallar əsas rol oynayırdılar. Xanlıqlarda ali hakimiyyət xanların əlində cəmləşmişdi. Onlar qeyri-məhdud hakimiyyətə malik olub xanlığın bütün daxili və xarici siyasət məsələlərinə tam nəzarət edirdilər. Hər bir xanlığın özünəməxsus dövlət idarə quruluşu və məhkəmə orqanları var idi. Bəzi xanlıqlarda dövlət idarə quruluşu dövlət şurası, inzibati, vergi və hərbi idarələrdən ibarət idi. Qarabağ xanlığında bu idarələrin başında İbrahimxəlil xanın qohumları və yaxın adamları dururdular. Xanlıqlar inzibati cəhətdən mahallara bölünürdü. Mahalları naiblər idarə edirdilər. Hər bir naibin ixtiyarında darğalar, yüzbaşılar və kəndxudalar olurdu. Məhkəmə işlərinə şəriət, xan tərəfindən çıxarılan ayrı-ayrı qanunlar və yerli adətlər əsasında baxılırdı. Ən mühüm işlərə xanın özü, digər mülki və cinayət işlərinə isə ruhani hakimlər-qazilar baxırdılar.
Azərbaycan xanlıqlarında əhalinin sosial tərkibi: ən yüksək mövqeyi xanlar, onlardan sonra isə sultanlar, bəylər, ağalar və məliklər tuturdular. Qazax və qonşu yerlərdə bəylərlə bərabər hüquqa malik olan feodal torpaq sahibləri ağalar adlanırdı. Ölkə əhalisinin əsas kütləsini bir neçə qrupa bölünən kəndlilər təşkil edirdi. Onların əksəriyyəti divan, sahibkar və vəqf torpaqlarında sakin olan rəiyyətlərdən ibarət idi. Onların öz təsərrüfatı və torpaq payı var idi. Kəndlilərin sayca az olan digər qrupu rəncbərlər adlanırdı. Onların öz torpaq payı, alətləri və təsərrüfatı yox idi. Maldarlıq təsərrüfatı ilə məşğul olan yarımköçəri elatlar da kəndli ailəsinə aid idi. Şəhər əhalisi daha çox tacir və sənətkarlardan, habelə imtiyazlı təbəqələrin nümayəndələrindən ibarət idi. Ayrı-ayrı şəhərlərdə əhalinin xeyli hissəsini kəndlilər təşkil edirdilər. Torpaq mülkiyyət formaları: divan, mülk, tiyul, vəqf və camaat torpaqları yenə də qalmaqda davam edirdilər. Lakin divan torpaqları getdikcə daha çox xan hakimiyyətinin əlində cəmləşir, tiyul torpaqları mülk xarakteri alırdı. XVIII əsrin ikinci yarısında Azərbaycanda yenə də məhsul rentası üstün yer tuturdu. Lakin rentanın işlə və pulla ödənilən formaları da var idi. Rəiyyətdən alınan əsas vergi malcəhət adlanırdı. Müxtəlif xanlıqlarda onun həcmi məhsulun 1/10 hissəsi ilə 1/3 hissəsi arasında tərəddüd edirdi. Otlaqlardan istifadə əvəzində rəiyyətlərdən əlavə vergi-çöpbaşı alırdılar, bunlardan əlavə bağbaşı, bayramlıq, toy pulu, at arpası, mirzəyanə, darğalıq və s. vergilər ödəyirdilər. XVIII əsrin ikinci yarısında Azərbaycanın iqtisadi həyatında ümumi durğunluq hökm sürürdü. Bununla belə, yadellilərin zülmündən xilas olmuş kənd təsərrüfatı, sənətkarlıq və ticarətdə bir qədər canlanma nəzərə çarpırdı.
Quba, Qarabağ, Şamaxı, Şəki və Gəncə xanlıqlarında əkinçilik nisbətən yaxşı vəziyyətdə idi. Bütün xanlıqlarda əhali bağçılıq, bostançılıq və arıçılıqla məşğul olurdu. Pambıqçılıq daha çox Şirvan, Gəncə, Qarabağ və Naxçıvan xanlıqlarında yayılımışdı. Dərbənd, Quba və Bakı xanhqlarında qızıl boya və zəfəran becərilirdi. Azərbaycan xanhqlarının iqtisadiyyatında xüsusi yer tutan ipəkçiliyin əsas mərkəzləri Şamaxı və Şəki xanlıqları idi. Toxuculuq sənəti xüsusilə geniş yayılmışdı. İstehsal edilən mov, darayi, tafta, zərbaft kimi parçalar xarici ölkələrə də ixrac edilirdi. Quba, Qarabağ və Təbriz öz xalçaları ilə şöhrət qazanmışdılar. Bir sıra gözəl məişət avadanlıqları, zərgərlik məmulatları və müxtəlif növ silahlar istehsal edilirdi. Lahıcda mis qablar, tüfəng və xəncər hazırlanırdı. Şəkidə və Gəncədə milli üslubda gözəl şəbəkələr istehsal edilirdi. Bu dövrdə Azərbaycan şəhərlərinin əksəriyyəti dərin iqtisadi tənəzzül keçirirdi. Bu şəhərlərinin iqtisadi tənəzzülün əsas səbəbi avropalıların Hindistana gedən dəniz yollarından daha intensiv istifadə etmələri ilə bağlı idi. Şərq ölkələrində feodal istehsal üsulunun hökmran olaraq qalması fonunda Qərbi Avropada kapitalist istehsalının getdikcə geniş miqyas alması da bu böhranın dərinləşməsində az rol oynamırdı. Şərqin sənətkar emalatxanalarında bəsit üsulla hazırlanan bir sıra sənətkarlıq məhsulları Qərbdə manufaktura və fabriklərdə istehsal edilən daha ucuz və keyfiyyətli eyni məhsullarla rəqabət apara bilmir və nəticədə özlərinin ənənəvi satış bazarlarından məhrum olurdular. Vaxtilə ancaq Şərqin sənətkarlıq mərkəzlərində istehsal olunan və böyük partiyalarla Avropaya ixrac edilən malların bir çoxu artıq bu ölkələrin özlərində istehsal edilərək bu malların ənənəvi istehlakçıları olan ölkələrə, o cümlədən Azərbaycana göndərilirdilər. 1789-1791-ci illərdə Avropa ölkələrindən Azərbaycana çoxlu miqdarda atlas, məxmər, mahud və pambıq parçalar, bəzək və məişət əşyaları gətirilmişdi. Bu faktlar şəhərlərin iqtisadi həyatının əsasını təşkil edən sənət istehsalına mənfi təsir göstərirdi. Xanlıqlar dövründə Azərbaycan şəhərlərinin tənəzzülə uğramasında təbii fəlakətlər, yadelli işğalçıların hücumları və feodal ara müharibələri də az rol oynamışdı.
Bütün bunlara baxmayaraq, müstəqil xanlıqların meydana gəlməsinin Azərbaycan şəhərlərinin sosial-iqtisadi həyatına müəyyən müsbət təsirini də göstərmək lazımdır. Ayrı-ayrı xanların iqamətgahalarına çevrilən şəhərlərin hərbi cəhətdən müdafiəsinə daha artıq diqqət verilir, nəticədə belə şəhərlərdə həyat nisbətən təhlükəsiz olurdu. Mövcud siyasi şəraitin mənfi təsirinə baxmayaraq, sənətkarların əsas kütləsi yenə də şəhərlərdə cəmləşmişdi.
Əvvəllər olduğu kimi, xanlıqlar dövründə də Azərbaycan şəhərlərinin iqtisadi həyatının əsasını sənətkarlıq, ticarət və kənd təsərrüfatı təşkil edirdi. Şəhərlərin iqtisadi həyatının əsas mərkəzi bazarlar idi. Sənətkar emalatxanalarının və ticarət dükanlarının əksəriyyəti ya bazarlarda, ya da bazarlara bitişik küçələrdə yerləşirdilər. Adətən, böyük şəhərlərdə eyni sənət növü ilə məşğul olan sənətkarlar ayrıca küçələr yaradır, orta və kiçik şəhərlərdə isə qarışıq şəkildə işləyirdilər. Mənbələrdən birində göstərildiyi kimi, şəhər əhalisi hüquq və vəzifələrinə görə imtiyazlı silkə və vergi ödəyənlərə bölünürdülər. Birinci silkə xanlar, bəylər, məliklər, ağalar, axundlar, mollalar, seyidlər, mirzələr və xan nökərləri, ikinci silkə isə tacirlər, sənətkarlar, əkinçilər, şəhər yoxsulları və başqaları daxil idi. Şəhər əhalisinin ümumi sayına nisbətdə imtiyazlı əhalinin sayı 8-15% təşkil etdiyi müxtəlif şəhərlərdə tacir və sənətkarlar təxminən 35-50%-ə bərabər olurdu.
Dostları ilə paylaş: |