AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
“NƏQLİYYAT LOGİSTİKASI VƏ HƏRƏKƏTİN TƏŞKİLİ”
KAFEDRASI
Nəqliyyatda sığorta
Fənnindən
MÜHAZİRƏ KONSPEKTLƏRİ
Qrup 169a
2020/2021 tədris ili
Mühazirə 1.
1. Giriş. Sığorta anlayışı və onun inkişaf tarixi
Sığorta– sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan olunmayan fəaliyyəti ilə əlaqədar yenidən bölgü pul münasibətlər sistemidir.Sığorta iqtisadi anlayış olmaqla yanaşı iqtisadi fəaliyyət sahələrinin və cəmiyyətin inkişafında mühüm rol oynayır. Sığorta istehsal prosesində baş verən maddi itkilərin əvəzinin ödənilməsi ilə əlaqədardır. Dünya təsərrüfat təcrübəsi göstərir ki, xüsusi fondlar hesabına yaradılan sığorta istehsalçıların, vətəndaşların sosial təminatının, dövlət iqtisadi mənafelərinin sığorta vasitəsilə müdafiəsini təmin etməklə bərabər həm də təkrar istehsal prosesini fasiləsiz surətdə tənzimləyir.
Sığortalama dedikdəpul vəsaitlərinin məqsədli (sığorta) fondunun yaradılması üçün maliyyə münasibətləri sistemi və onun təbii fəlakətlərdən və digər gözlənilməyən təsadüflərdən dəyən ziyanın ödənilməsi üçün istifadəsi başa düşülür.Sığorta fondunun yaranması sığorta münasibətlərinin təşəbbüskarı olan sığortaçıların məqsədli ödənişləri hesabına həyata keçirilir.
Sığorta münasibətlərinin yaradılması üçün riskin qiymətləndirilməsi vacib rol oynayır. Risk həmişə konkret obyektlə bağlıdır, sığorta fondundan pul formasında ödənilən konkret hadisə və ya hadisələr toplusudur.
Sığortalanma fiziki və ya hüquqi şəxslə (sığortalanan) sığorta təşkilatı (sığortalayan) arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Sığorta qapalı münasibətlər sistemidir.
Sığorta dörd funksiyanı yerinə yetirir:
Əsas funksiya kimi risk funksiyası çıxış edir. Belə ki, zərər həmişə meydana çıxa bilər. Sığortanın risk funksiyasının mahiyyəti zərərin ödənilməsindədir. Sığorta hadisəsi yarandıqda bu funksiyanın hesabına sığorta iştirakçıları arasında pul vəsaitinin bölüşdürülməsi baş verir.
Sığortanın xəbərdarlıq funksiyasının təyinatı sığorta riskinin azaldılması və xəbərdar edilməsi üzrə tədbirlərin həyata keçirilməsidir.
Sığortanın yığım (əmanət) funksiyasının mahiyyəti ondadır ki, sığortanın köməyi ilə pul məbləği toplana bilər.
Sığortanın nəzarət funksiyasının mahiyyəti sığorta fondunun yaradılması və istifadəsinə nəzarətdədir.
Dostları ilə paylaş: |