döndərmə və çiçəksuyu deyirlər.
Yaz şumu ilə bağlı xışı, kotanı, dəhrəni, baltanı, bıçağı, qayçını qaydaya
salırlar, öküzlər nallanır, səpin üçün saxlanan buğda, arpa quyuları açılır. Qışlığı
tükənənlərə dən verilir. Səməni qoymaq, qovurğa hazırlamaq üçün pay paylanır. Təzə
bağ salmaq istəyənlər torpağa şitili boz ayda basdırırlar. Hamı bir-birinə kömək edir,
"birlik harda, dirilik orada", "cəfa çəkməsən, səfa sürməzsən" inamları ilə yaşayırlar.
Boz ay müddətində Novruza qədər ev-eşiyin, həyət-bacanın təmizlik işlərinə
başlayırlar; yorğan-döşəyin, yastıq-mütəkkənin üzünü "soyub" yuyurlar, yununu
çubuğa tutur, təzələyib üst-üstə yığırlar, xalça-palazı çaya töküb yuyurlar, sərib
qurudurlar. Evin üst gözlərini sahmana salır, qonağına, qardaşlığına, bacılığına
hazırlayırlar.
Ağbirçəklərimiz, qız-gəlinlərimiz boz ay müddətində bayram donluğu üçün ip
əriyən cəhrəyə, evlərdə güzəranlıq və bolluq rəmzi olan nehrəyə güc verirlər. Bu
müddətdə toxucu qız-gəlinlər, həmçinin cəhrə darağını da əyirib qurtarırlar.
Keçipapaqlılar, məzhəkəçilər qapı-qapı gəzib cəhrə-darağını yığışdırmayan, xalça-
palazı yaza qalanların darvazalarını döyüb məzəmmətlə baxar, zarafatyana deyirlər:
Cəhrə-darağı yaza qalanın,
Dili yansın, əli qurusun.
Boz ay... Bu, təbiətin elə bir çağıdır ki, qış nə qədər sərt, amansız olsa da,
gücdən düşür, yazın iradəsi qarşısında məğlub olur, bahar güc-qüvvətə dolur, havalar
yavaş-yavaş mülayimləşir, bənövşə dirçəlib dünyaya bağlanmağa hazırlaşır.
Boz ayın qış nəfəsində yazın işartısı sezilir. Çayların, göllərin ayna buzları
çilinglənir, sular çağlayır, bulaqlar qaynayır, torpağın donu açılır. Çölləri, yamacları
turacların, kəkliklərin, bildirçinlərin nəğməsi bürüyür. Arılar pətəklərindən boylanır.
445
Torpağın köksündən bahar cücərtiləri çırtdayır. Beləliklə, yazın şux və qaynar çağı,
torpağın dirilən və oyanan çağı başlayır.
Yazın ətirli nəfəsini duyan babalarımız əməli işlər görür, torpağın qəlbinə yol
tapır, nəfəsiylə onu isidir. Bərəkətə-ruzi çeşnəsi torpaq da ürəyini min bir nemətli
süfrə kimi açır.
İlin bu vədəsində ellərimizdə havaların soyuq, tutqun keçdiyini görən uşaqlar
ildə bir dəfə "Günəş çağırma" mərasimi icra edərdilər. Novruzdan doğulan həmin
mərasimdə Günəş canlı kimi təsvir edilir, insaniləşdirilir. Günəş həyatdır, işıqlı
sabahdır, şər qüvvələrin məhvi deməkdir. Bu münasibətlə cürbəcür oyunlar keçirir,
şənlik edir, günəşin çıxmasını arzulayır, ondan kömək gözləyirlər.
Baharın, yazın tezləşdirilməsi üçün ulu babalarımızın balaları qırmızı don
geyərək, əl-ələ tutaraq hərlənə-hərlənə günəşi haraylayarlar:
Gün çıx, çıx, çıx!
Kəhər atı min, çıx!
Oğlun qayadan uçdu,
Qızın təndirə düşdü,
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür, çıx!
Gün getdi su içməyə,
Qırmızı don biçməyə,
Gün çıxıbdı; yetirəcək,
Qarı yerdən götürəcək,
Keçəl qızı ötürəcək,
Saçlı qızı gətirəcək
Gün getdi dağ başına,
Örtüb duvaq başına.
Könlü şamama istəyən
Dolansın tağ başına.
"Günəşi çağırma" mərasimində qədim azərbaycanlılar, göründüyü kimi,
Günəşin özünə müraciət edir, onu "oğlunun qayadan uçması", qızının təndirə düşməsi
ilə qorxudaraq tez "kəhər ata minib gəlməyə" çağırırdılar. Bu nəğmədə "keçəl qız"
qışdır, "saçlı qız" yazın, baharın başlanğıcıdır. Elə buna görə də əkinçiliklə,
maldarlıqla bağlı olan azərbaycanlı yazın gəlməsini istəyir və Günəşdən keçəl qızını -
qışı evdə qoymasını, saçlı qızını - yazı gətirməsini diləyir.
Axır ki, qarla-çovğunla çarpışa-çarpışa qış qurtarır, yaz qapının ağzını kəsdirir.
Hər tərəfdən baharın ətri, baharın isti nəfəsi duyulur. Həmişə, hər zaman, ta qədim
çağlardan belə olub. Azərbaycanlılar uzun qışdan sonra səbirsizliklə gözlədikləri yazı
- ilin əziz günlərini, öz doğma milli bayramlarını - Novruz bayramını böyük sevinc və
fərəh hissi ilə qarşılayır...
Beləliklə, qədim azərbaycanlılar əzəli-əbədi dünyanın sirli-sehrli məqamlarını
uzun müddət müşahidə edib keçirdiyi təcrübələr əsasında xalq təqvimini yaratmışlar.
446
Onlar ilin dörd fəsli və aylarının hər biri ilə bağlı saysız-hesabsız inamlar, sınamalar,
ayinlər, deyimlər, rəvayətlər yaratmış, mərasimlər, şənlik və bayramlar, oyun və
əyləncələr, tamaşalar keçirmişlər. Zaman ötdükcə ulularımızın bu mənəvi mədəniyyəti
folklorlaşmış, zəmanəmizədək gəlib çatmış, xalqımızın mifoloji təfəkküründə, şifahi
xalq yaradıcılığında əksini tapmışdır. Dəyərini heç vaxt itirməyən bu mənəvi xəzinə
xalqımızın həyat tərzi, məişəti, güzəranı, arzu və istəyi, dünyagörüşü, inamı və digər
zəruri məsələləri haqqında neçə-neçə böyük məna və mətləblər aşılayır. Bu misilsiz
incilər insan taleyi, cəmiyyət həyatı ilə bağlılıqdan, əməyə, torpağa, zəruri həyat
nemətlərinə qayğı və məhəbbətdən, insanı şər işlərdən uzaqlaşdırmaq, halallığa,
xeyirxahlığa, ədəb-ərkanlı davranışa səsləmək arzusundan doğub.
Hikmətli söz xəzinəmizin həmin müdrik inciləri bir çox hallarda gündəlik
həyatımızın nəbzi ilə vurmuş, ümumi və konkret işlərimizə istiqamət vermiş, təbiətin,
torpağın, onun nemətlərinin qədrini bilməyə, onlardan səmərəli şəkildə bəhrələnməyə,
gələcək nəsillər üçün qoruyub saxlamağa, daha da barlı-bərəkətli etməyə çağırmışlar.
|