Şəmkir rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi
Metodika və biblioqrafiya şöbəsi
“Azərbaycanda Multikulturalizm”
(metodik vəsait)
Şəmkir -2016
2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınmışdır. Ölkəmizdə multikulturalizm artıq alternativi olmayan həyat tərzinə çevrilmişdir. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə respublikamızda gerçəkləşdirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasının bariz nümunəsidir.
Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 2016-cı ildə Bakı şəhərində keçirilməsi barədə qərar qəbul edilməsi dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə qərara alıram:
1. 2016-cı il Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, 2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 yanvar 2016-cı il.
Tərtibçidən
Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb. Bu gün dünya üçün multikultural dəyərlər nə qədər yeni olsa da, Azərbaycan bu dəyərlər sisteminə - yəni, eyni bir ölkədə yaşayan müxtəlif xalqların hüquqlarını tanıyan humanist dünyagörüşü və ona uyğun siyasəti ilə min illərdir bəşəriyyətə nümunə göstərir. Azərbaycanın dünya ölkələrinə təqdim etdiyi multikultural model xalqların dostluq və mehriban şəraitdə birgə yaşamasını təmin edən modeldir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev multikulturalizmi dövlət siyasəti elan edərək Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ili “Multikulturalizm ili” elan etmişdir. Hal-hazırda rayonumuzda on altı xalqın nümayəndəsi yaşayır .Bunların sayı 1655 nəfərdir.Daha çox türkər və ruslar təşkil edirlər. Tədqiqatçılar yazır ki, Azərbaycanda yaşayan almanları ruslar 1819-cu ildə Vyutenberq krallığından köçürüblər. Onların ilk dəfə Yelizavetpolda (Gəncə), sonra onun yaxınlığındakı Yelenendorfda (Göygöl), Hacıkənddə, Şəmkirdə, Bakıda və s. ərazilərdə məskunlaşdığını qeyd edən mütəxəssislər bildirir ki, almanlar ölkəmizdə alman mədəniyyətini, təhsilini, həmçinin üzümçülüyü, şərabçılığı, tikinti-inşaat işlərini inkişaf etdiriblər. "Böyük Vətən müharibəsindən sonra almanların yüksək inkişafını görən Sovet imperiyası onları Sibirə və Qazaxıstana sürgün edib
Kitabxanalar multikulturalizmin və tolerantlığın həyat tərzinə çevrildiyi Azərbaycan gerçəkliyinin mədəni, sosial, siyasi mahiyyətini öyrənməli və təbliğ etməlidirlər. Vəsaitdə Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və təbliğ olunması ilə bağlı kitabxanalarda müvafiq tədbirlərin keçirilməsinə kömək məqsədilə nəzərdə tutulmuşdur.
Azərbaycanda multikulturalizm
Multikulturalizm, multikultural cəmiyyət son vaxtlar tez-tez müraciət olunan mövzulardan biridir. Multikulturalizm (ingilis dilindən tərcümədə “çoxlu mədəniyyətlər” deməkdir) sosialmədəni davranışın və müvafiq siyasi strategiyanın modeli kimi də nəzərdən keçirilir.
Multikulturalizm – ayrıca götürülmüş ölkədə və bütövlükdə dünyada müxtəlif millətlərə və dinlərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilmişdir. Humanist və demokratik nəzəriyyə, yaxud ideologiya olaraq multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Multikulturalizm modeli dedikdə, bir dövlətin sərhədləri daxilində müxtəlif etnomədəni tərəflərin dinc yanaşı yaşaması və öz mədəni xüsusiyyətlərini, həyat tərzini rəsmən ifadə etmək və qoruyub saxlamaq hüququna malik olması nəzərdə tutulur. Multikulturalizm mədəniyyətlərin və sivilizasiyaların dialoqunun zəruri alətidir.
Azərbaycanda multikulturalizm, tolerantlıq və dini dözümlülüyün dövlət siyasəti səviyyəsində inkişaf etdirilməsinin əsaslarını ölkənin qədim dövlətçilik tarixi və bu ənənələrin inkişafı təşkil edir. Tarixi ənənələrə nəzər salsaq görərik ki, istər Səfəvilər dövləti, istər XIX-XX əsrlər maarifçilik dalğası, istərsə də Xalq Cümhuriyyəti dövründə Azərbaycan ərazisində yaşayan digər etnik xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında ulu öndər Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmışdir.
Ümummilli liderimiz Heydər Əliyevin siyasəti nəticəsində ötən əsrin 90-cı illərində Azərbaycanda tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir. Müstəqilliyimizin ilk illərində yaranmış xaosdan ölkəni xilas edən və xalqın istəyi ilə hakimiyyətə gələn ulu öndər Heydər Əliyev respublikamızda dini etiqad azadlığının təminatçısı, milli-mənəvi dəyərlərin qoruyucusu olmuşdur. Heydər Əliyev Azərbaycanda yaşayan dini icmalara qarşı həmişə hörmət və ehtiramla yanaşmış, onların dini bayramlarını təbrik etmiş, adət-ənənələrinə qayğı göstərmişdir. İştirak etdiyi bütün beynəlxalq tədbirlərdə tolerantlıqla bağlı fikirlərini bildirmiş, indiki qloballaşma dövründə dinlərarası, mədəniyyətlərarası dialoqa həmişə üstünlük vermişdir.
Müstəqil Azərbaycanda multikultural dəyərlərin formalaşmasında azərbaycançılıq ideologiyası əvəzsiz rol oynayır. 1993-cü ildə Azərbaycan dövlətini parçalanmadan qurtarmış ümummilli liderin uğurlarının kökündə məhz azərbaycançılıq ideyası dayanırdı. Həmin dövrdə respublikada milli-etnik ixtilaf, bölücülük tendensiyası ayrı-ayrı bölgələrdə özünü daha qabarıq göstərirdi. Belə bir zamanda xalq dinindən, etiqadından və etnik bölgüsündən asılı olmayaraq Heydər Əliyevin azərbaycançılıq ideyası ətrafında birləşdi və ölkəni parçalamaq istəyən qüvvələr zərərsizləşdirildi.
Ulu öndər Heydər Əliyevin zəngin dövlətçilik ənənələrinin layiqli davamçısı olaraq Prezident İlham Əliyevin uğurlu daxili siyasəti nəticəsində azərbaycançılıq ideyası ölkədə yaşayan bütün etnik qrupların vahid ideyasına çevrilmişdir.
Azərbaycan Respublikası polietnik dövlətdir. Xalq, dövləti təşkil edən etnosdan – azərbaycanlılardan və bir sıra milli azlıqlardan: udinlər, ingiloylar, qrızlar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər və digərlərindən təşkil olunmuşdur. Bu millətlərin tarixən Azərbaycandan başqa vətənləri olmamış və buna görə də vahid polietnik Azərbaycan vətəndaşları hesab olunurlar. Bu millətlərdən başqa respublikamızda öz tarixi vətənləri olan ruslar, ukraynalılar, belaruslar, kürdlər, yəhudilər, yunanlar, almanlar və tatarlar yaşayırlar.
Təkcə Bakıda rusların, ukraynalıların, kürdlərin, lakların, ləzgilərin, slavyanların, tatların, tatarların, gürcülərin, ingiloyların, talışların, avarların, axıska türklərinin, Avropa və dağ yəhudilərinin, gürcü yəhudilərinin, alman və yunanların iyirmidən yuxarı cəmiyyətləri və mədəniyyət mərkəzləri vardır. Ümumiyyətlə, etnik azlıqların kompakt şəkildə yaşadıqları bütün rayonlarda belə icmalar mövcuddur.
Məhz Azərbaycanda dağ yəhudilərinin məskəni – Qırmızı Sloboda, Molokan kəndi İvanovka, udin kəndi Nic, öz dili, özünə məxsus adət və ənənələri ilə məşhur olan Xınalıq kəndi və başqa milli azlıqların yaşadığı onlarla belə məskənlər mövcuddur. Etnik azlıqlar da yerli əhali ilə bərabər bütün hüquqlara malikdirlər. Azərbaycanda dinlərarası dialoq və tolerantlığın dünyanın bir çox polietnik regionları üçün nümunə olan xüsusi modeli formalaşmışdır. Ölkə vətəndaşlarının böyük əksəriyyətini təşkil edən müsəlmanların hüquqlarını təmin etməklə yanaşı, dövlət respublika ərazisində yayılan bütün ənənəvi dinlərə qayğı göstərir.
Hazırda Azərbaycanda müsəlman icmaları ilə paralel şəkildə qeydə alınmış qeyri müsəlman dini icmaların fəaliyyətini təmin edən “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və bu qanunun icrasını həyata keçirən Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mövcuddur. Komitənin əsas vəzifəsi isə ölkədə müxtəlif din və konfessiyalara bərabər imkanlar və şərait yaratmaqdan ibarətdir.
Milli azlıqların hüquq və azadlıqlarının qorunması Azərbaycan dövlətinin yürütdüyü siyasətin əsas istiqamətlərindən biridir və tolerantlıq baxımından örnək bir dövlət kimi özünü təsdiqləyən Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün dinlərə etiqad edənlərin azad yaşadığı bir dövlətdir. İrqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən və mənsubiyyətindən asılı olmayaraq, bütün vətəndaşların hüquq və azadlıqlarının bərabərliyini təmin edən milli siyasətin əsas müddəaları Azərbaycan konstitusiyasında (maddə 25, 44.) göstərilmişdir. Azərbaycan Respublikasının milli siyasət konsepsiyası həmçinin aşağıdakı beynəlxalq sənədlərə əsaslanır:
• BMT-nin İnsan hüquqları Haqqında Ümumi Bəyannaməsi;
• İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası;
• BMT-nin “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktı;
• Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktı;
• ATƏT-in insan meyarları üzrə Konfransının Kopenhagen sənədi;
• Müstəqil Dövlətlər Birliyinin üzvləri tərəfindən qəbul edilmiş “Milli azlıqlara mənsub olan şəxslərin hüquqlarının təmin edilməsi haqqında” konvensiya.
Azərbaycanda müxtəlif millətlərin nümayəndələri cəmiyyətin ayrı-ayrı sahələrində məhsuldar işləyərək ölkənin inkişafına layiqli töhfələr verir, dövlət strukturlarında çalışırlar. Milli Məclisdə ölkənin bir sıra etnik azlıqları, o cümlədən, rus, ləzgi, tat, talış və b. öz nümayəndələri ilə təmsil olunurlar.
2014-cü ilin fevral ayında Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidməti yaradılmışdır. Multikulturalizmin həyat tərzinə çevrildiyi Azərbaycanın dünyaya tolerantlıq nümunəsi olaraq daha geniş tanıdılmasının vacibliyini, eləcə də ayrı-ayrı ölkələrdəki müxtəlif multikultural modellərə xas fəlsəfi, sosial, siyasi və digər aspektlərin Azərbaycan reallığında təhlili və təşviqinin əhə miyyətini nəzərə alaraq 15 may 2014-cü ildə “Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidenti Fərman imzalamışdır. Mərkəz Azərbaycançılıq məfkurəsinə uyğun olaraq tolerantlığın və mədəni, dini, linqvistik müxtəlifliyin qorunmasını təmin etmək məqsədilə ardıcıl işlər görür. Azərbaycan dünyada multikulturalizm ölkəsi kimi tanıdılaraq mövcud multikultural modelləri tədqiq və təşviq edir. Mərkəz millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası münasibətlər sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi və təbliği üzrə müxtəlif layihələr həyata keçirir.
Azərbaycan rəhbərliyinin təşəbbüsü ilə ölkəmizdə keçirilən beynəlxalq tədbirlər bütün dünyanı humanizm dəyərlərinə sədaqətli olmağa səsləyir. Tarixdə ilk dəfə olaraq 2008-ci ildə Avropa Şurasına üzv ölkələrin mədəniyyət nazirlərinin Bakıda keçirilən toplantısına İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirləri də dəvət olunmuşdur. Həmin tədbirin hər iki qurumun fəal üzvü olan Azərbaycanda baş tutması isə, təbii ki, böyük siyasi məna daşıyırdı. Respublikamız bu məsələdə liderliyini ötən illərdə də qoruyub saxlamışdır. 2009-cu ildə Bakıda keçirilən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin mədəniyyət nazirlərinin toplantısına isə Avropa Şurasından mədəniyyət nazirləri qatılmışdı. “Bakı prosesi” adlanan bu təşəbbüs sonradan Azərbaycanda dünya dini liderlərinin Zirvə görüşünün, mədəniyyətlərarası dialoq və Bakı Beynəlxalq Humanitar forumlarının keçirilməsinə təkan verdi. 2010-cu ilin aprelində Bakıda dünya dini liderlərinin sammitinin keçirilməsi, noyabrda isə “Dinlərarası dialoq: qarşılıqlı anlaşmadan birgə əməkdaşlığa doğru” mövzusunda tədbirin yüksək səviyyədə təşkili Azərbaycan dövlətinin və prezident İlham Əliyevin ölkədə dini tolerantlığa xüsusi önəm verməsindən irəli gəlirdi. 2011-ci ilin aprel ayında Azərbaycanda növbəti möhtəşəm tədbir – Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə “Çoxmədəniyyətli dünyada sülh şəraitində birgə yaşamaq” devizi altında 2013- cü il may ayının 29-dan iyunun 1-dək Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumu və 2015-ci il 18-19 mayda III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ölkəmizin siyasi-mədəni həyatında mühüm hadisə kimi yadda qalmışdır. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, İSESCO, BMT-nin Dünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış etmişlər
BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun Bakı şəhərində keçirilməsi Azərbaycan dövlətinin beynəlxalq nüfuzunun daha da artırılmasında, Azərbaycan xalqının tarixi mədəni irsinin geniş miqyasda tanıdılmasında əhəmiyyəti böyükdür. Bu isə dünya ölkələrinin Azərbaycandakı multikultural mühitə olan münasibətinin real ifadəsidir
Bir ölkədə yaşanan müsbət dəyərlərin dünyaya yayılması istiqamətində həmin dövlətdə təşkil olunan idman yarışlarının da böyük əhəmiyyəti var. İdman yarışları əslində, elə tolerantlığı, sülhü təbliğ edir. Azərbaycan ilk Avropa oyunlarını təşkil etməklə həm də özünün tolerantlıq,dözümlülük dəyərlərini dünyaya bəyan etdi. Bu baxımdan “Formula-1” avtoyarışları üzrə Avropa Qran Prisi, Şahmat Olimpiadası və 2017-ci ildə keçiriləcək IV İslam Həmrəylik Oyunları da böyük əhəmiyyət kəsb edir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər, forumlar, konfranslar, “Eurovision” mahnı yarışması, idman tədbirləri bir daha sübut edir ki, dünyanın aparıcı beyin, düşüncə mərkəzləri ölkəmizdəki bu maraqlı modeli qəbul edərək, dünyaya nümunə olaraq göstərirlər.
Ölkəmizin və xalqımızın sahib olduğu multikultural dəyərlərin, tolerantlıq ənənələrinin beynəlxalq ictimaiyyətə təqdim edilməsində Heydər Əliyev Fondunun xidmətləri böyükdür. Fond Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı olduqca əhəmiyyətli layihələr həyata keçirir. Bu layihələr Azərbaycan multikulturalizminin bir ölkə çərçivəsində qapalı inkişafını deyil, dünyada dinlərin və mədəniyyətlərin müxtəliflikləri şəraitində fəaliyyət göstərməsini reallaşdırır.
Uğurla həyata keçirilən “Tolerantlığın ünvanı Azərbaycan” layihəsi çərçivəsində ölkədəki məscidlərdə, kilsələrdə, sinaqoqlarda təmir bərpa işləri aparılır. Bakıda yəhudi uşaqları üçün təhsil kompleksinin istifadəyə verilməsi, Fransa regionlarında kilsələrin, müqəddəs Roma katakombalarının bərpası, Həştərxanda Müqəddəs Knyaz Vladimirə abidənin ucaldılması, Bakıda yaşayan yəhudi uşaqları üçün “Xabad-Or-Avner” Təhsil Mərkəzinin yaradılması, dünyanın müxtəlif ölkələrində dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən foto –şəkillərin sərgilənməsi məhz ayrı-ayrı xalqların və konfessiyaların qarşılıqlı hörmət və dostluq münasibətlərinin genişləndirilməsinə xidmət edir. Fondun digər bir xidməti Azərbaycanın Vatikanda sərgi təşkil edən ilk müsəlman ölkəsi kimi tarixə düşməsidir. Bu isə bəşəri multikulturalizmin ən ali nümunələrindən biri kimi dəyərləndirilə bilər.
Hazırda görülən işlərin davamı kimi cənab İlham Əliyev Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədilə 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi haqqında Sərəncam, sonra isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsinə dair Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər Planının icrasının təşkilində əlaqələndirici orqan millətlərarası, konfessiyalararası və mədəniyyətlərarası münasibətlər sahəsində ölkəmizin təcrübəsinin öyrənilməsi və təbliği üzrə müxtəlif layihələr həyata keçirən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi müəyyən edilmişdir.
Azərbaycanda “Multikulturalizm ili”nin elan olunması və bu çərçivədə həyata keçirilən tədbirlər dünyaya bir mesaj, Azərbaycanın bu regionda rolunu müəyyən edən bir faktordur. Yəni biz bir körpü kimi Şərqi də, Qərbi də özümüzdə birləşdirmək iqtidarındayıq.
Bütün bu deyilənlərə yekun olaraq nəticə çıxarmaq olar ki, multikulturalizmdən imtina etmək yaxşı heç nə vəd etmir, çünki bu, anlaşılmazlığa, fobiyaya, qarşıqoymaya və qarşıdurmaya, milli və dini münaqişələrə aparıb çıxaran yoldur. Müasir multimədəni cəmiyyətlər düşünülmüş multikulturalizm siyasəti olmadan sabit inkişaf edə bilməzlər. Bunun əsas örnəklərindən biri Azərbaycan Respublikasının tərəqqisidir ki, burada Azərbaycanın milli mədəniyyətinə müvəffəqiyyətlə inteqrasiya olan müxtəlif xalqların nümayəndələri də harmonik inkişaf edirlər.
Multikulturalizmin təbliğində kitabxanaların rolu
Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və təbliğ olunmasında kitabxanaların da özünəməxsus rolu vardır. Kitabxanalar həmişə milliyyətinə, dininə, dilinə fərq qoymadan çoxsaylı oxucu ordusuna xidmət göstərir, müxtəlif xalqların etiqadını, mədəniyyətini, düşüncə tərzini, məişət və əxlaqını dünya ədəbiyyatının ən gözəl nümunələri vasitəsilə təbliğ edirlər. İl ərzində kitabxanalar multikulturalizmin və tolerantlığın təbliği ilə bağlı aşağıdakı istiqamətlərdə öz işlərini qura bilərlər:
Kitabxanada Azərbaycanda multikulturalizm ənənələrinin qorunub saxlanması, daha da inkişaf etdirilməsi və geniş təbliğ olunması məqsədi ilə kütləvi tədbirin müxtəlif formalarından istifadə etmək olar
Kitab müzakirələri, dəyirmi masalar, mühazirələr, seminar-müşavirələr, konfranslar, məktəblilər arasında sual-cavab gecələri, disputlar ,sərgilər,foto-stendlər təşkil etmək olar.
“Heydər Əliyev fenomeni və multikulturalizm “,“Heydər Əliyev Azərbaycan multikulturalizminin banisidir”, “Azərbaycanda multikulturalizmin tarixi”,”Azərbaycanda tolerantlıq ,“Azərbaycanda yaşayan azsaylı xalqlar”, “Azərbaycan multikulturalizmi bu gün”,“2016-cı il multikulturalizm ilidir” , “Multikulturalizm Azərbaycanın həyat tərzidir”və s başlıqlar altında kitab sərgiləri təşkil etmək olar.
“Azərbaycanın dövlət siyasətində tolerantlıq və multikulturalizm”,“Azərbaycanda tolerantlıq”, “Multikulturalizm və mədəni özünüdərk”, “Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib”, “Azərbaycan - tolerantlığa nümunə ölkə”, “Bu gün multikulturalizm Azərbaycanda dövlət siyasətidir və eyni zamanda, həyat tərzidir” və s. adlarda məruzələr hazırlamaq olar.
Azərbaycanda dini tolerantlıq ənənələrinin təbliği məqsədilə “Multikulturalizm - Azərbaycan Respublikasının dövlət siyasəti kimi”, “Mən fəxr edirəm ki, azərbaycanlıyam”, “Müasir dövrdə Azərbaycan Respublikasında dövlət din münasibətləri”, “Azərbaycan qədim dini ənənələrə və mədəniyyətə malik bir ölkədir” və s. mövzularda mühazirələr keçirmək olar.
Kitabxanada Azərbaycandakı dinlərarası münasibətlər, tolerantlıq ənənələri, milli-mənəvi dəyərlərimizin düzgün təbliği, Azərbaycan tolerantlıq modelinin mahiyyəti, müasir dünyada dini dözümlülüyün əhəmiyyəti, habelə dövlətçilik və vətənpərvərlik məfhumları haqda və digər mövzularda müzakirələrin aparılması tövsiyə olunur. Ərazidə yerləşən Hərbi hissələrdə, məktəblərdə birgə “Bu Vətən bizimdir”, “Multikulturalizm və vətənpərvərlik”, “Milli mənsubiyyət - qürur, Azərbaycanlı olmaq - fəxarətdir” və s. adlarda sual-cavab gecəsi təşkil etmək olar. Bu tədbirin əsasən məktəblilərlə keçirilməsi məqsədəuyğun olardı.
Kitabxanada vaxtaşırı söhbətlərin aparılması tövsiyə olunur. Söhbəti kiçik qrup ilə və ayrı-ayrı şəxslərlə (fərdi) keçirmək olar. Söhbətin əsas xüsusiyyəti qarşılıqlı danışıq, məsələnin birgə müzakirəsidir. Söhbətə hazırlıq metodikası onun məqsədinin müəyyən edilməsindən, mövzunun seçilməsindən, planın işlənməsindən, materialın seçilib öyrənilməsindən, əyani materialların toplanmasından ibarətdir. Söhbəti qəzet və ya jurnal məqaləsinin oxunuşundan, kiçik söhbətdən, hər hansı bir sualın qoyuluşundan başlamaq olar. Mövzunun müzakirəsinə daha çox dinləyici cəlb etmək üçün oxuculara veriləcək suallar diqqətlə düşünülməlidir. Söhbəti istiqamətləndirərkən söhbət aparan şəxs mövzunun bütün məsələlərini əhatə etməli, aydın, yadda qalan misallar gətirməli, inandırıcı sübutlar göstərməli, onu hamının işi və həyatının konkret məsələləri ilə sıx bağlamalıdır.
Məktəblilər arasında multikulturalizm mövzusunda “Multikulturalizm uşaqların gözü ilə” devizi altında rəsm sərgiləri və rəsm müsabiqələri təşkil etmək olar.
Ədəbiyyat
Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları
/elmi red. Abdulla Kamal; tərt.: M.Nağısoylu, F.Ələkbərli, Ə.Bağırov, İ.Quliyev; rəy. T.Kərimli, N.Qasımzadə.- Bakı: BBMM, 2016.- Kitab I.- 288 s.- (Azərbaycan multikulturalizminin qaynaqları seriyası).
Azərbaycanda ənənəvi din
/A.Şirinov [və b]; red. N.Məmmədov; elmi red. A.Şirinov; ön söz müəl. M.Qurbanlı; Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi.- Bakı: Elm və təhsil, 2014.- 442 s.
Heydər Əliyev siyasəti: Tolerantlıq: çıxışlar, nitqlər, görüşlər, təbriklər /[Azərb. Resp. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi]; ön söz M.Qurbanlı; burax. məsul S.Salahlı (Aran).- Bakı: Elm və təhsil, 2015.- 502 s.
Həsənov, A. Müasir şəraitdə Azərbaycanda dini-mədəni dəyərlərin inkişaf xüsusiyyətləri: [monoqrafiya] /Anar Həsənli; elmi red. S.Hüseynov; ön söz İ.Rüstəmov.- Bakı:NurArt, 2014.- 143
Hüseynov, S. Azərbaycanda dini tolerantlıq mədəniyyəti: tarix və müasirlik /S.Y.Hüseynov; elmi red. A.Əlizadə.- Bakı: Təknur, 2012.- 175, [1] s.
Mirzəzadə, R. Multikulturalizm siyasəti və şərq-qərb müxtəlifliyi: Gender, din və mənəviyyat /R.R.Mirzəzadə; elmi məsl. İ.Məmmədzadə; AMEA, Fəlsəfə, Sosiologiya və Hüquq İn-tu.- Bakı: Təknur, 2012.- 159 s.
Mirzəzadə, R. Multikulturalizm siyasəti: Din və gender dialoqunda /R.R.Mirzəzadə; elmi məsl. İ.Məmmədzadə; AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İn-tu.- Bakı: [Təknur], 2013.- 167 [1] s.
Nəsibov, E. İnkişaf və sülh ideyaları /E.Nəsibov; elmi red. C.Cabbaroğlu.- Bakı: [Elm və Təhsil], 2014.- K.5.- 169, [1] s.
Niftiyev, N. Azərbaycanda birgəyaşayış və multikulturalizm /N.Niftiyev; ön söz E.Nəsirov; elmi red. İ.Abbasov; [Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi].- Bakı: [s. n.], 2015.- 407 s.
Tərtib etdi: Metodika və biblioqrafiya şöbəsinin müdiri M.Hüseynova
***
Dostları ilə paylaş: |