Bir ağrı. Heç Məmməd Əmin Rəsulzadə də bilməyəcəkdi ki, bir gün
gələcək, indi mehribanlıqla bağrına basdığı sevimli oğlu onun adı ilə qətlə
yetiriləcək. İnanmazdı ki, günlərin birində oğlu böyüyüb on doqquz yaşına
çatanda, boylu-buxunlu, yaraşıqlı bir igid görkəmində olanda «bolşevik qatillər»
onu yatdığı yerdə həbs edəcək, qaranlıq zindana salacaqdılar. Qaranlıq zindanda
min bir işgəncələr verəndən sonra, «sən müsavat hökumətinin başçısının oğlusan,
xalq düşmənisən» deyib güllələyəcəkdilər. O dəhşətli sorğu-sual zamanında isə
Rəsul qorxmadan, çəkinmədən özünü qətiyyətli aparıb ötkəm də cavablar
verəcəkdi. Rəsulun bu qorxmazlığını görənlər ürəklərində fikirləşəcəkdilər:
«Qoçun oğlu qoç olar». Hadisənin şahidi olanlar ürəklərində fikirləşdiklərini yalnız
əlli üç il keçəndən sonra, qorxu-hürkünün tam çəkildiyinə inanıb mənə
danışacaqdılar.
..Məmməd Əmin Rəsulzadə isə oğlunun belə cəsarətindən xəbərsiz halda
dünyaya göz yumacaqdı.
Vətənin başı üstündə qara buludlar dolaşırdı. Vətəni xilas etmək lazım idi.
Amma necə? Hansı yolla?
Tələsirdi. Nəsib bəy Yusifbəylinin mənzilinə tələsirdi. Saat doqquzda bütün
partiya liderləri orda toplaşıb vəziyyəti müzakirə edəcəkdilər.
Aprelin 27-si idi. 26-sı gecəsində XI ordu artıq Azərbaycan hüdudlarını
keçmişdi.
Saat doqquzda partiya liderləri Nəsib bəyin evinə toplaşdılar. Müxtəlif
fikirlər irəli sürüldü. Şəfi bəy Rüstəmbəyli isə deyirdi: gəlin hökuməti Gəncəyə
köçürək və oradan bolşeviklərə qarşı mübarizə aparaq. Şəfi bəyin təklifi qəbul
olunmadı. Belə qənaətə gəldilər ki, ən yaxşısı Bakıda qalıb hökuməti qan
tökmədən bolşeviklərə verməkdir. Ciddi fikir ayrılığını görüb partiya liderləri belə
razılaşdılar:
Cümhuriyyətin
taleyini
parlamentin
çıxaracağı
qərarla
müəyyənləşdirmək lazımdır.
Aprelin 27-də saat 12-də parlamentin son iclası oldu.
115
Hərbi nazir Mehmandarovun vəziyyət haqqındakı məlumatından və
mövqeyindən də çox şey asılı idi. Amma təcrübəli general bütün imkanlarından
istifadə etmişdi. Bakıda qalan cüzi bir qüvvə ilə 60 minlik düşmən ordusunun
qarşısını almaq olmazdı. Hərbi nazir açıqca elan etdi ki, onun ordusu müqavimət
göstərmək imkanına malik deyil.
«Sosialist» və «İttihad» partiyaları açıq şəkildə hökumətin sovetlərə
verilməsini müdafiə etdilər. «Əhrar» partiyası da bolşeviklərə etirazı olmadığını
söylədi.
Vəziyyət başqalaşmışdı. Yaxınlaşan təhlükə adamların möhkəmliyini
sarsıtmış, fikirlərini dəyişmişdi. Həmin matəm libasına bürünmüş Demokratik
hökumətin son iclasında yalnız o sərt mövqe tutdu. Hamı inandı ki, Məmməd
Əmin Rəsulzadə mübarizə yolundan dönmək fikrində deyil, əksinə, son nəfəsinə
kimi döyüşmək əzmindədir. Adamlar şahidi oldular ki, həyatını Azərbaycanın
istiqlaliyyəti yolunda qurban verməyə hazır olan hökumət başçısı təslim olmaq
istəmir. Həmin o məşum gündə, yurdunun düşmən həmləsinə məruz qaldığı
ərəfədə qorxmadan, çəkinmədən yaxınlaşmaqda olan bolşeviklərə nifrətini və
mövqeyini belə bildirdi:
«Əfəndilər, mötəcazir bir ultumatum qarşısında qalmışıq. Burada təslimdən
bəhs edirlər. Fəqət əfəndilər, təslim nə demək? ...Kimə tərki mövqe edirik?... Bizə
deyirlər ki, hüdudunuzu keçən ordunun başında Nicati adında bir türk komandanı
durmuşdur. Rusiyadan gələn bu mötəcaviz ordu təmin edirlər ki, həyat və məmat
müğadiləsində qalan Türkiyəni xilas üçün gedir.
Əfəndilər, Türkiyə Azərbaycanın xilaskarıdır. Amali milliyyətimizin təbcil
eylədiyi müqəddəs bir məmləkətdir. Onun xilasına gedən qüvvəti biz
məmnuniyyətlə istiqbal və teşyi edərik. Fəqət bir şərtlə ki, bu qüvvət bizim
hürriyyətimizi, istiqlalımızı çeynəməsin. Halbuki, əfəndilər, bizə sormadan
hüdudumuzu keçən hər hansı bir qüvvət, dostumuz deyil, düşmənimizdir!
Duyduğumuz bu propaqanda düşmən propaqandasıdır. Bizi iğfal ediyorlar.
Yalandır. Gələn ordu rus ordusudur. Fərzən komandanı bir türk olsa da yenə
rusdur. İstila ordusudur. Onun istədiyi 1914-cü il hüduduna qayıtmaqdır. Anadolu
imdadına gedəcək bəhanisiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha
çıxmaq istəməyəcəkdir. Qızıl Rusiya ilə anlaşmaq üçün hökuməti mütləq
bolşeviklərə təslim, ultumatumu qəbul etmək zillətinə qatlanmağa ehtiyac yoxdur.
Bu mötəcaziranə ultumatumu rədd etməliyik...
İstiqlalımızı göz bəbəyi kimi müdafiəyə qərar verən bir məclisə dinlədiyi bu
ultimatumu qəbul etmək, hökuməti öz əliylə dost kisvəsinə bürünmüş düşmənə
təslim etməkdir. Biz buraya millətin iradə və arzusuyla gəldik, bizi buradan yalnız
qüvvət və süngü çıxarmalıdır…
...Dediyin sözlər hamının ürəyindən idi. Adamlar yenə səni sevir, inanır,
arxanca da gəlməyə hazır idilər. Çünki görürdülər ki, başı bəlalı Vətənin yolunda
necə həlak edirsən özünü. Ondan qeyri bir idealın, səadətin yoxdur. Vətən istiqlalı
116
ilə yaşayıb nəfəs alırsan. Elə buna görə hamının məhəbbəti vardı sənə. Amma
dövran dəyişmişdi. Dəyişən şərait insanı çox şeyə məcbur edir...
Məmməd Əmin Rəsulzadə çıxışında açıqca bildirirdi ki, son nəfəsinə kimi
bolşeviklərlə vuruşmağa hazırdır, lakin o biri partiyaların imtina etdiyi şəraitdə
«müsavat» partiyası bu çətin vəzifənin məsuliyyətini üzərindən götürür.
İndi son ümid, vətəni bu bəladan qurtarmağın son çıxış yolu Azərbaycanlı
bolşeviklərin göndərdiyi ultimatuma qalırdı. Onlar göstərirdi ki, hakimiyyət ruslara
deyil, azərbaycanlı kommunistlərin ixtiyarına keçir. Bu məsələni dəqiqləşdirmək,
bolşeviklərlə görüşmək üçün bir «komissiya» yaradıldı. Bolşeviklər isə Behbud
bəy Cavanşirin mənzilində oturub cavab gözləyirdilər. Azərbaycanlı bolşeviklər
tez-tez Behbud bəyin evinin pəncərəsindən çölə boylanaraq «xoşbəxt» dəqiqələrin
başlanması intizarında idilər. Hamısının içərisindən qəribə sevinc hissləri keçirdi.
Onlara isə xalqın malını, sərvətini çapıb-talayıb Rusiyaya göndərdiklərinə görə
Lenin bir ötəri «pay» verəcəkdi. Yəni göndərdiyi təşəkkür məktubunun sonunda
yazacaqdı: «Kommunist salamı ilə». Bu «kommunist salamı» sözünü isə
azərbaycanlı bolşeviklər müqəddəs yerdən göndərilən quran kimi qarşılayacaqlar.
Başqa çıxış yolu qalmamışdı. Parlamentdə yaradılan «komissiya»
bolşeviklərlə görüşüb aşağıdakı şərtlərlə hakimiyyəti onlara v e r d i :
1. Rus ordusu Bakıya girmədən dəmir yolu ilə Anadolu imdadına gedəcək.
2. Azərbaycan istiqlal və təmamiyyəti-mülkiyyəsi hər növ, təərrüz və
qüyuddan məsun qalacaq.
3. Azərbaycan ordusu olduğu kimi qalıb inhilal etdirilməyəcək.
4. Azərbaycan firqəsi siyasiyyəsi-hürriyyət və sərbəstlərini mühafizə
edəcəklər.
5. Sabiq rical, əzayi-hökumət və məbusandan kimsə cürmisiyası ilə ittiham
edilməyəcək.
6. Kəmali-sərbəsti ilə toplanacaq Azərbaycan şuraları hökumətinin şəkli-
idarəsini təyin qılacaq idi.
..Sonradan bolşeviklər bu şərtlərin heç birinə əməl etmədilər.
XI ordu Bakıya girirdi. Yolda hərbi nazir Mehmandarovun göndərdiyi bir
teleqramı tutub saxladılar. Bu azad Azərbaycanın paytaxtı Bakıdan göndərilən son
hökumət teleqramı idi. Bu teleqram göndəriləndə hələ Bakı işğal olunmamışdı,
ümid işığı tam sönməmişdi.
Hərbi nazirin milli ordumuza son ümidini yaşadan t e l e q r a m :
«Hərbi sənəddir. Növbədən kənar. Birinci diviziyanın rəisinə. Gəncə.
Bolşeviklər Yalama stansiyasına hücum edib irəliləyirlər. Xudatı tutublar.
Vəziyyət gərgindir. Əmr edirəm: Elə bu gün Qızılburuna Qazaxdan bir, Gəncədən
də bir batalyon göndərin... Sabah batalyonların gələcəyini gözləyəcəyəm.
№ 1417. 1920-ci il, 27 aprel.
G E N E R A L MEHMANDAROV».
117
Bu son teleqram idi. Amma teleqram ünvana gedib çatmadı. Bir də hər şey
gec idi artıq.
XI ordu qarşısına çıxan nə vardısa dağıdıb Bakıya girirdi. Milli hökumətin
yüzlərlə əsgərini yolda öldürüb şəhid edən ordu amansız intiqam ilə Bakıya girirdi.
Həmin günü Bakıya tələsən bir adam da vardı. O bu günü böyük
səbirsizliklə, həsrətlə gözləmişdi. İndi o gün gəlib çıxmışdı. Azəri türklərinin
qanını hərisliklə içməyə tələsən bu adam Anastas Mikoyan idi.
Erməni qatillərini növbəti qəsdə hazırladığına görə gecikib Bakıya iki gün
sonra—aprelin 30-da gələcəkdi.
YOXDUR HƏQĠQƏT!
Yoxdur həqiqət! O həqiqət varsa üzündən qanlı niqabı götürüb gözümə
görünsün! O həqiqət varsa zülmün qılıncını başım üstdə oynatmasınlar! O həqiqət
varsa iti pəncələri ilə bağrımı söküb parça-parça etməsinlər! O həqiqət varsa
sinəmə dağlar çəkib gözümdən qanlı yaşlar axıtmasınlar! Yox, yoxdur həqiqət!
Mən o həqiqətin varlığına inanmıram. Əgər o həqiqət varsa qaranlığı dağıdıb işıq
saçsın!
...Gecənin qaranlığı ilə evə gedirdi. Ümidləri qırılmış, arzuları doğranmış
keçmiş hökumət başçısı yol gedirdi. Gedirdi və içərisi hönkürürdü. Hər şey, hər
şey bitmişdi. Yurdu yenidən talan olunur, özgələrin əsarəti altına düşürdü. Yüzillik
isti torpağından yenicə baş qaldıran istiqlaliyyət gülünü zülmkar əllər qoparıb
atırdı. İnsan iniltisindən, göyə yüksələn fəryadlardan təzəcə dinclik tapmış torpağın
qara günləri başlayırdı. Vətənin azadlıq qapılarına qanlı qıfıllar asılırdı. Neçə
müddət idi ki, başı üzərində üç rəngli bayraq dalğalanan xalq qanlar içində
boğulmaq ərəfəsində idi.
Yol gedir və düşünürdü: hər şey, hər şey qurtardı. Bu gələn rus ordusudur.
Vətənimi istila etmək üçün gəlir. Bu gələn qoşun heç zaman Bakıdan çıxmayacaq.
Bu qoşunu yalnız zorla, qüvvətlə qovmaq mümkündür. Sabahdan qoşun şəhərə
girirdi.
Bir ağrı. İllər keçəcək və o, müxtəlif ölkələrdə çıxaracağı jurnalların
hamısında «27 apreli» matəm günü kimi elan edəcəkdi. Həmin günü qara haşiyəyə
alıb, Azərbaycanın matəmidir deyə bildirəcəkdi. Sonralar isə hər il «aprelin 27-
də» ona matəm teleqramları göndərib, xalqın ağır dərdinə - istiqlalının əldən
getməyinə kədərləndiklərini bildirəcəkdilər.
...Aprelin 28-də Bakının küçələri XI ordu əsgərləri ilə dolu idi. Ədəbsiz
halda Bakının küçələrinə yıxılıb uzanmış bu «sarı əsgərlərə» nifrətlə baxırdı.
Kənardan, kənardan dayanıb bu ağrını çəkirdi. «Gizli müsavat»ın tapşırığını yerinə
yetirməyə məcbur idi. «Gizli müsavat» ona üzə çıxmamağı tapşırmışdı. Yox, o
fəaliyyətindən qalmamışdı. O yenə işləyirdi, xalqını qanlı
işğaldan
qurtarmaq
yollarını düşünürdü. O biri partiyalar təslimçilik mövqeyi tutmuşdu. Amma onun
118
ilhamçısı, lideri olduğu «Müsavat» fəaliyyətdə idi. Bu yolu axıracan gedəcəkdi,
son nəfəsinə kimi mübarizəsini aparacaqdı. Ömrü harda qırılsa, orda da
dayanacaqdı. Fikrində qətiyyətli idi! İnanırdı ki, az keçməmiş indi bolşeviklərə
ümid edənlər tezliklə aldandıqlarını başa düşəcək, onlara təqdim edilən siyasətin iç
üzündən agah olacaqlar. O zaman adamlar yenə onun qaldırdığı üç rəngli bayrağın
dövrəsinə yığılacaqlar.
Çünki bu haqq bayrağı, azadlıq, istiqlaliyyət bayrağıdır. Çünki bu bayraq
təmizdir, büllur çeşmə kimi safdır. Bu bayraq minlərlə Azəri türkünun qanından
yaranıb. Düşünürdü öz-özünə: o bayrağı son nəfəsimə kimi göylərə qaldırıb
enməyə qoymayacağam. Qoy indi rusların qırmızı bayrağını öpüb gözlərinə
qoysunlar, hər yerdə «Yaşasın inqilab» qışqırsınlar. Vaxt gələcək, zaman yetəcək,
onlar da peşiman olacaq, aldandıqlarını biləcəklər. O qırmızı bayraq onların da
başını kəsib nahaqdan qanını axıdacaq. Biləcəklər, əsl həqiqəti biləcəklər. Amma
onda gec olacaq. Budur, indi parlament binasına yığılıb «Ura» sədalarını göylərə
yüksəldirlər. Hətta Leninə muştuluq xəbəri də göndəriblər ki, bəs müstəqil
Azərbaycan sovet sosialist Respublikasının müvəqqəti hərbi inqilab komitəsi
xalqın istəyi ilə hakimiyyəti ələ alır, müsavat hökumətini xalqın düşməni sayır.
Sovet Rusiyasının bütün düşmənləri ilə əlaqəsini kəsir. Altdan da imza qoyublar:
Nərimanov, Mirzə Davud Hüseynov, Musabəyov, Əliheydər Qarayev...
Mayın 3-də Parlament binasından üç rəngli bayrağımızın yerinə
özünüzünkünü asdınız. Heç bilirsinizmi həmin günü nə oldu? Heç bilirsinizmi xalq
həmin günü necə ağlayıb fəryad qopardı? Siz o bayrağı tərpətməklə xalqın ürəyini
yaraladınız. İnildədi, fəryad qopardı xalq. Ah-naləsindən göylər silkələndi, yerlər
yarıldı. Xalqın içərisi nifrət və qəzəb alovu ilə doldu sizə qarşı. İndi həmin od
yanıb hər yanı bürüyür. Onu söndürə bilməyəcəksiniz, gücünüz çatmayacaq!
Bəli, endi bayrağımız. O üç rəngli azadlıq müjdəçisi vəhşicəsinə qoparılıb
ayaqlar altına atıldı. O vicdanımız, namusumuz, qeyrətimiz idi. Namusu, qeyrəti,
ayaq altında tapdanan xalqın qəzəbini yatırmaqmı olar? Bura gəlməkdə məqsədiniz
hamıya aydındır. Buraya sərvətimizi soymağa gəlmisiniz. Əgər elə olmasaydı
gələndən iki gün sonra qızıl neftimizi gəmilərə yükləyib Rusiyaya daşımazdınız!
Bakıya girəndə yüzlərlə biçarə Azərbaycan əsgərini qətlə yetirib
öldürdünüz. Nə idi onların günahı? Onlar ki, öz vətənlərini qoruyurdular! Görün
necə namərdsiniz ki, altmış min qoşunla qarşınızda dayanan min nəfərə güllə
atmısınız, neçə günahsızı yolda al qanına boyamısınız. Bunu xalq bağışlayarmı?
Sanki xalqa göz dağı verirsiniz. Yüzlərlə şəhidini tapdalayıb üstündən keçir,
üç nəfər ölən əsgərinizi Bakının küçələrində musiqi çaldırıb təntənə ilə
basdırırsınız. Özü də harda? Azərbaycan torpağında.
Hələ o yoxdur. Hələ o gəlməyib. O gələndə ayrı dəm-dəstgah olacaq. İşğalçı
əsgərlər sıraya düzüləcək, göyə salam atəşi yağdıracaq, yalançı şüarlarla vağzalı
bəzəyəcəklər. O isə vaqondan düşən kimi süni bir halda gülümsəyib deyəcəkdi:
«Sizi qırmızı Moskva adından təbrik edirəm». Sonra heç nəfəsini dərmədən Şərqin
119
xilaskarına teleqram vuracaqdı ki, bəs «Qızıl Ordu özünü yaxşı aparır, əhvali-
ruhiyyə inqilabidir. Mənim şəxsimdə əhali Sovet Rusiyasını səmimiyyətlə
alqışlayır».
«Mənim şəxsimdə»... Bu xəstəlikdən yalnız ömrünün sonunda yaxa
qurtaracaqsan. Onda gec olacaq. O zaman biləcəksən ki, aldanmısan. Bakıda
minlərlə adamı qətlə yetirdilər, ayaqlarına daş bağlayıb dənizə atdılar, quyulara
doldurdular. Sən isə susurdun. Amma xəbərin var idimi ki, cəllad Pankratov, xain
Mikoyan hansı əməllərdən çıxır, necə nahaq qanlar tökür? Heç bir dəfə də olsun
Mikoyandan Bakıya niyə gəldiyini soruşdunmu? Dedinmi ki, məqsədin nədir?
Maraqlandınmı ki, niyə Mikoyan ömrü boyu yaltaqlandığı rus əsgərlərini yanına
salıb gecələr evlərə hücum çəkir, adamların qızıl üzüyünü, qızıl sırğasını, altununu,
gümüşünü oğurlayıb aparır? İndi hər yerdə «müsavatı» damğalayır, onlar «bəy, xan
hökuməti» qurmuşdular deyirsiniz. Böhtan atır, adımıza ləkə yaxırsınız. Xalq üçün
gördüyümüz işlərin hamısını ləkələmək istəyirsiniz. Əgər qurduğumuz hökumətdə
savadlı, əsilli-nəsilli, ziyalı bəy, mülkədar vardısa, bunun nəyi pis idi. Elə onların
savadının, bacarığının hesabına qısa bir zamanda hər sahədə milliləşdirmə apardıq,
böyük işlər gördük. Bəs siz nə edirsiniz? Rus və erməni soyğunçularını
doldurmusunuz Bakıya! Hamısına da fövqəladə səlahiyyətlər verilib. İndi Bakının
ağası Pankratovdur. Pankratov erməni mafiyası ilə Çikoyanla, Atarbəyovla
əlbirdir. Bəs nə iş görür bu adamlar? Adam öldürür, evləri soyurlar. Niyə bir dəfə
dəfə olsun soruşmursunuz ki, axı biz müstəqil respublikayıq. Pankratov, Mikoyan
nə ağalıq edir burda? Soruşmursunuz...
Amma biz sakit dayanmayacağıq. Gecəli-gündüzlü çalışıb fəaliyyətimizi
davam etdirəcəyik. Xalqı düşdüyü müsibətdən qurtaracağıq. «Müsavat» yenə üç
rəngli bayrağını xalqın başı üzərində dalğalandıracaq! Müsavat işləyir. Müsavat
fəaliyyətdədir.
...Məmməd Əmin Rəsulzadə Bakıda fəaliyyətə başlayan «gizli müsavat»ın
ilhamçısı idi.
«Gizli müsavat» işləyirdi.
«Gizli müsavat»
Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi «Müsavat» partiyası elə
aprelin 27-si gecəsindən fəaliyyətə başladı.
Hökumət bolşeviklərə məcburən veriləndən sonra sədaqətli müsavatçılar -
Mirzə Bala ilə Əbdül Vahab Yurdsevər onun evinə gəldi. Məmməd Əmin
Rəsulzadə onlara lazımi məsləhətlər verib təlimatlandırdı. İşi hansı sahədə
aparmağı, necə mövqe tutmağı dedikdən sonra ayrıldılar. Hamısı bilirdi ki,
Məmməd Əmin Rəsulzadə nəzarətə götürüləcək və onun geniş fəaliyyətinə imkan
verilməyəcək. Ona görə «müsavat»ın təşkilatı quruluşunda müəyyən dəyişiklik
lazım idi.
120
Məmməd Əmin Rəsulzadə ilə görüşüb ayrılandan sonra Cəfər Cabbarlının
şəhər kənarındakı evinə gəldilər. Cəfər Cabbarlı, Mirzə Bala, Əbdül Vahab
Yurdsevər, Məmməd Sadıq Quluzadə və Məmməd Həsən Baharlı birlikdə gizli
partiyanın ümumi mərkəzini yaratdılar.
Əbdül Vahab Yurdsevərin yazdığı:
«Partiya mərkəzi qurulduqdan sonra vəzifə bölgüsünə başlanmış və
komisyonların təşkilinə keçilmişdi. Emin bəyin də razılığı ilə gizli təşkilatın başına
Mirzə Bala Məhmətzadə gətirilmişdi. Müavini sifətilə Bakı komitəsinin təşkili
mənə tapşırılmışdı. Bakı və onun xaricində, Azərbaycanın digər bölgələrində
köhnə «müsavat» komitələrini canlandırmaq və yenilərini qurmaq vəzifəsi
Məmməd Sadıq Quluzadəyə verilmişdi. Təşkilat məsrəflərini ödəmək işi Məmməd
Həsən Baharlıya həvalə olunmuşdu. Ümumi mərkəzin Baş katibliyinə isə Cəfər
Cabbarlı seçilmişdi. Bu vəzifə bölümünə görə ümumi mərkəz yanında tədricən
ilgili komisyonlar da qurulmuşdu. Bu komisyonlar aşağıdakılardır: 1. Siyasi işlər
komisyonu; 2. Təşkilat və propaqanda komisyonu; 3. Maliyyə komisyonu.
Fəaliyyətə başlamamızdan bir-iki ay sonra köhnə parlament üzvü Rəhim
Vəkilli də Ümumi mərkəz üzvlüyünə cəlb edilmiş və siyasi İşlər komisyonunun
başına gətirilmişdi.
Azərbaycanın müxtəlif yerlərində təşkilat qurmaqda heç bir çətinlik
çəkməmişdik... Hamısı mal və can da daxil olmaqla hər şeylərini vətən yolunda
fəda etməyə hazır olduqlarını ifadə edirlərdi».
Məmməd Əmin Rəsulzadənin ilhamçısı olduğu «Gizli müsavat» işləyirdi.
Xalq isə sevirdi «müsavatı».
Ümidləri yalnız «müsavata» — onun ideya rəhbəri olan Məmməd Əmin
Rəsulzadəyə idi.
«Gizli müsavat»ın demək olar ki, bütün təşkilatlarda adamları vardı. «Gizli
müsavat» «İstiqlal» adlı bir qəzet də çıxarırdı. 1923-cü ilin ortalarına qədər çıxan
bu qəzetin 19 nömrəsi çapdan çıxmışdı. «Gizli müsavat» xalqın tarixi ilə bağlı
önəmli günlərdə müxtəlif bəyannamələr çap edib yayırdı. 1923-cü ildə «Müsavat»
təşkilatının gizli mətbəəsində çap olunub xalq arasında yayılan bəyannamələrdən
biri aşağıdakı məzmunda idi:
«MÜSAVAT»IN GĠZLĠ BƏYANNAMƏSĠ
Vətəndaşlar! Millətdaşlar!
Bu gün 27 apreldən üç il keçir. Üç il bundan əvvəl rus ordusu «İnqilab» və
«Kommunizm» şüarıyla vətənimizə soxulmuşdur. Qəssablar yerli Azərbaycan
türklərindən əldə etdikləri ajanların yardımı ilə məmləkətə girmişlərdir. Bu gün hər
kəsə aydın və məlumdur ki, 27 aprel faciəsi kommunistlərin hər yerdə bağırdıqları
kimi Azərbaycan kəndli və fəhlələrinin inqilabı deyil, sadə rus ordusunun vəhşicə
bir istilasıdır. Yüz il bundan əvvəl çarlıq Rusiyası eyni vəhşətlə Azərbaycan
121
xanlıqlarını işğal edib Rusiyaya birləşdirmişdi. O zaman Azərbaycan-türk xalqı
Sisyanovların kirli çəkmələri altında inləyirdi.
27 Aprel faciəsi ilə Azərbaycan ikinci dəfə olaraq rus ordusunun yeni
Sisyanovu olan Orconikidzenin idarəsi altına girirdi. Nəticə hər iki halda eyni idi.
O zaman Azərbaycan-türk xalqının arzu və iradəsi qanlara qərq edilirdi. Bu dəfə
daha müqəddəs istiqlal haqqından əl çəkmək istəməyən Azərbaycanın on minlərlə
dəyərli övladları Gəncə, Qarabağ, Zaqatala, Şamaxı, Göyçay və başqa qəzalarda
güllələnirdi. O zaman Azərbaycan-türk xalqı bütün hürriyyət və haqqını itirdi, bu
dəfə daha Azərbaycan-türk xalqı üçün hürriyyət və haqq deyilən şeylərdən bir əsər
qalmışmıdır?
...Bilirsinizmi ki, 27 aprel faciəsindən sonra nə qədər oxumuşlarımız,
çalışanlarımız, gənclərimiz, subay və əsgərlərimiz, kəndli və işçilərimiz Xəzər
dalğalarına qurban olmuşlardır.. 27 apreldən sonra edamlar, həbslər son günlərə
qədər davam edir, qurbanlar eyni vətənsevərlərdir.
Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında fərq yalnız bundadır ki, o
zaman cahangirlik siyasəti başçısının adı Nikolay, indiki cahangirlik siyasəti
başçısının adı Lenindir. O zamankı zəncirlərin rəngi qara, indiki zəncirlərin rəngi
isə qırmızıdır.
Azərbaycan-türk xalqının fikri və arzusu ilə hesablaşan varmıdır? İndiki
Şuralar hökuməti Azərbaycan-türk xalqını təmsil edirmi? Buradakı başçıların
yüzdə yetmişi özgələrdən ibarət deyilmi? İndiki Şuralar hökuməti Azərbaycan-
türk xalqı adına hansı haqla söz söyləyir? Oradakı başçıların yalnız yüzdə otuzu
türk və müsəlmandır ki, onlar da Azərbaycan-türk xalqı ilə əsla əlaqədar olmayan,
vicdanını, namuslarını, vətən və millətlərini Rusiyaya satmış alçaqlardan ibarətdir.
Süni şəkildə qurulan Şuralar hökuməti nə üçündür? ...Bu Şuraların vəzifəsi
yalnız Rusiyanın istilasını qorumaq üçün deyilmidir?
Bundan sonra artıq kimi aldadacaqlar. Bütün dünya həqiqəti görməkdədir.
Rusiya əvvəlki hüdudlarında olduğu kimi qurulmuşdur. Vətənimizin Muğan kimi
bol məhsullu çölləri və çəmənləri ayrılıb rus kəndlilərinə verilir. Öz geniş
torpaqlarını yabançılara imtiyaz sürətiylə verən Rusiya Azərbaycanın Muğan
çöllərinə yüz minlərlə rus kəndlisini doldurub yurdumuzu hər zaman üçün rus
ölkəsi halına gətirmək istəyir. Bütün dünyanın həsrətlə baxdığı Azərbaycan nefti
Rusiyaya daşınır və bu gün öz neftiylə bütün dünya qarşısında iftixar edən Odlar
yurdunun paytaxtı Bakı Moskvadan izn almadan bir pud neftə belə sahib ola
bilmir. Təsəvvür edin ki, Bakı neftə möhtacdır. Neft Moskvada daha ucuz qiymətlə
satılmaqdadır. Neftimiz Rusiyanın öz malı və milli sərvəti halına gətirilmişdir. 28
mayda Azərbaycan-türk xalqı istiqlalını elan etməklə öz sevimli və şəfqətli
anasının qoynunda azad bir türk mədəniyyəti qurmaq, azad bir sənət, türk
ədəbiyyatı, türk həyatı yaratmaq istəyirdi. Buna əngəl olmaq Rusiyanın yeni
üsuludur. Azəri türkləri yaxşıca bilirlər ki, rus bayrağını qızıl rəngə boyayan türk
122
xalqının axıtdığı qanlardır. Azərbaycan-türk xalqının məsumanə axan qanından
yüksələn milli intibah rus ağalığının son məzar daşı olacaqdır.
Ey türk xalqı, səni hürriyyətə qovuşduracaq və bəxtiyar yaşadacaq, qanlı
mücadiləyə bütün qüvvətinlə hazırlaş. Səni bu mücadilə qurtaracaqdır. Azərbaycan
istiqlalını bir dəfə qurdun, ikinci dəfə də qurmaq bacarığına sahibsən. Düşmənini
tanı, milli intibahını yüksəlt, haqq səninlədir!...
Yaşasın Azərbaycan istiqlalı!
Yaşasın üç rəngli bayrağımız!
Məhv olsun rus cahangirliyi!
Mərkəz heyəti.»
«Gizli müsavat» xalq arasında belə ruhlu bəyannamələr yayır, onları
mübarizəyə çağırırdı. «Gizli müsavat» işləyirdi. Xalq kömək edir, inanır, yardım
göstərirdi ona. «Gizli müsavat» təşkilat üzvlərindən hər ayın başında beş ya on altı
manat (imkana görə) alıb özünü maliyyələşdirirdi. Adamlar da vardı ki, evinin
əşyasını bazarda satıb «Gizli müsavata» yardım əlini uzadırdı. Elə həmin o pullar
ilə Məmməd Əmin Rəsulzadənin xaricə qaçmağı təşkil olundu.
Bakıda ölgünlük idi. İşğalçı rus əsgərləri küçələrə döşənib acgözlüklə evlərə
baxır, gecənin düşməyini gözləyirdilər ki, girib soyğunçuluq, oğurluq etsinlər. Bakı
bütövlükdə onların əlinə keçmişdi. Qətllər, ölümlər Bakıda günü-gündən artırdı.
Gözü yaşlı, ürəyi yaralı adamlar həsrətlə köhnə parlament binasına baxır, o
üç rəngli bayrağın həsrətini çəkirdilər.
Məmməd Əmin Rəsulzadənin ağrılı sözləri:
«Vürudunun ilk günlərində «ixtilalın qansız olduğuna» təəssüf edən bu
xunxar qüvvət artıq cəlladlıq zövqünü tətmin üçün fürsət bulmuşdu. Yalnız üsyan
zühur edən yerlərdə deyil, üsyan ilə əlaqədar olmayan yerlərdə dəxi qurşuna
düzülənlərin hədd və hesabı yox idi..»
Günahsız insanlar «müsavat»çısan, «millətçi»sən, adı ilə güllə hədəfinə
çevrilirdilər.
Çölə baxırdı. Rus əsgərləri gülə-gülə küçədən keçib gedirdilər. Adamlar
dərin matəm içində görünürdü. Əsəbi və dilxor halda ona çatdırılan bolşevik
qəzetlərinə baxdı.
Budur, 1 may münasibətilə yazırlar:
«Yoldaş fəhlələr və vətəndaşlar! Bütün küçələr və meydanlar qırmızı
bayraqlarla, yoldaşlarımızın azadlıq yolunda tökdüyü qanla doludur...
Rusiya proletariatı və kəndlilərinin Qırmızı Sovet ordusunun köməyi ilə biz
Azərbaycandakı istismarçıları—kapitalist və mülkədarları rədd etdik»...
Yazılan sözlərə acı-acı gülümsünürdü. Azadlıq yolunda tökülən qan! Yox,
qan elə tökülmür. O azadlıq yolunda deyil, kiminsə torpağını işğal etmək uğrunda
tökülən qandır. Və sizin təntənə ilə Azərbaycanda basdırdığınız o rus əsgərləri
işğalçıdır!
123
Qəzetlərə baxırdı. Bədəni əsəbdən titrəyə-titrəyə, içərisi kəsilə-kəsilə
qəzetlərə göz yetirirdi.
Yazırdı q ə z e t l ə r :
«...Biz inanırdıq. Bilirdik ki, alçaq müsavat rejimi son günlərini yaşayır…
...Azərbaycan müsavatı erməni daşnaklarının ekiz qan qardaşıdır!»
Yazılanları oxuduqca ayağının altından az qalırdı yer qaçsın.
Qəzetin o biri nömrəsində Azərbaycan əsgərlərinə bolşeviklərin müraciəti
verilmişdi. Mirzə Davud Hüseynovla Çingiz İldırımın imza qoyduqları müraciətdə
əsas fikir budur: hücumu dayandırın!
Qəzetdə bir məlumat da verilmişdi: yalnız mayın 1-də Rusiya «Buniyad»
gəmisi ilə 67,528 pud neft; «Rus» gəmisi ilə 128722 pud neft göndərilib;
«İsgəndəriyyə» gəmisi ilə 76691 pud mazut yola salınıb.
Acı-acı düşündü: «Azərbaycanın sərvətini talan edirlər!»
Əlləri titrədiyindən qəzetin içəri səhifəsini açıb oxuya bilmədi. Oxuduğu
hər məlumat ürəyinə ox kimi sancılıb, içərisini ağrıdırdı. Qəzetdə yenə bir
müraciət verilib. Diqqət etdi. Bir müsavatçı əsgərin öz yoldaşlarına müraciəti idi.
Hər sözündən yalan iyisi gələn müraciəti dilxor vəziyyətdə oxumağa başladı:
«Yoldaş əsgərlər! ...Satılmış müsavatçılar bizi aldadıb deyirdilər ki, bəs biz
vətənə, millətə xidmət edirik və onlar bir də deyirdi ki, əgər bu yolda həlak olsanız,
yeriniz müqəddəslər arasında olacaq.
...Yoldaşlar, bu istismarçılar daha yoxdur!
Kommunizm ideyasına eşq olsun!
İnqilab rəhbərləri olan Leninə və Trotskiyə eşq olsun!»
Nifrətlə qəzetdə yazılan müraciəti oxuyub düşün «Yox, Azərbaycan əsgəri
heç zaman bu sözləri yazmaz. İnanmıram ki, bir vaxtlar əlində silah tutmağı ilə
sevincindən gözləri yaşaran şanlı Azərbaycan əsgəri xəyanət yolunu tutsun. Bu
yalandır. Həqiqətdən uzaqda dayanan bir böhtandır. Mən sizə inanmıram. Bakını
işğal etsəniz də Azərbaycan əsgərindən qorxursunuz. Çünki o silahını yerə
qoymayıb hələ. O əsgər sizə hələ çox qan udduracaq. O əsgər yuxularınıza haram
qatacaq, xalqının talanan sərvətinə görə qanınızı axıdacaq. Onunla asanlıqla
bacarmayacaqsınız. O əli silahlıdır. İstiqlaliyyətin nə olduğunu bilir. Sizin yalan
bicliklərinizə inanmayacaq. Ondan ötrü yalnız bir həqiqət mövcuddur: Vətənin
istiqlalı! Əgər bircə il də geciksəydiniz, Azərbaycan əsgəri ilə bacara bilməzdiniz.
O qüvvətli və sayca da çox olacaqdı. Amma onun çoxalıb qüvvətlənəcəyindən
qorxub Vətənimə hücum etdiniz. O əsgər sizi bağışlamayacaq. Gözlərində istiqlal
alovunu söndürsəniz də ürəyində bir məşəl yanacaq, sizə nifrət yağdıracaq. Ayağı
çarıqlı, əyni cırıq kürklü Azərbaycan əsgəri, ümidim sənədir. Bu gün sınaq
meydanıdır. Xalqımın vuran qolu, qüvvətisən. Xalqın nahaqdan axıdılan qanını
yerdə qoyma! Susdur düşmənin qəflət gülləsini!»
...Həyəcanından, hirs və qəzəbdən bir yerdə dayana bilmirdi. Otaqda tez-tez
o baş - bu başa gəzişirdi...
124
Amma özü bilmirdi ki, belə hirslənməyi, əsəbiləşməyi, içərisindən keçən
ağrılar hamısı onda ömrünün sonuna kimi əzab çəkəcəyi şəkər xəstəliyini artırırdı.
Şəkər xəstəliyi otuz ildən də çox incidib, narahat etdi onu. Bu hadisələr hamısı
onun içərisindən keçib gedirdi. Və şübhəsiz ki, acı təsirini də göstərirdi.
...Sabah Lahıca yola düşməli idi. Bakıda qalmaq olmazdı. Vəziyyət
təhlükəli idi. Onu ciddi halda axtarır, mütləq ələ keçirməyə çalışırdılar. «Gizli
müsavat»ın işini Lahıcdan idarə edəcəkdi. Lahıclı dostu Ağabala Qasımov sabah
onu yola salacaqdı...
..Azərbaycan od içində idi. Xalq rusların işğalını qəbul etmirdi. Yenidən o
xoşbəxt dövrana—Azərbaycan Demokratik Respublikası dövrünə qayıtmaq
istəyirdi.
Azərbaycan əsgəri silahını yerə qoymurdu. Bolşeviklərə qarşı ilk böyük
üsyan 1920-ci ilin may ayında Gəncədə baş verdi.
Dostları ilə paylaş: |