AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə1/26
tarix31.01.2017
ölçüsü2.8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   26


 
AZƏRBAYCANIN GÖRKƏMLĠ ADAMLARI 
 
 
 
 
 
 
 
 
NƏSĠMAN YAQUBLU 
 
 
 
 
 
MƏMMƏD ƏMĠN RƏSULZADƏ 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI. GƏNCLĠK, 1991. 
 
 


 
Rəyçi filologiya elmləri doktoru, 
professor Şamil Qurbanov 
 
Redaktoru Elmira Fərruxzadə 
 
 
 
 
Y 15 Yaqublu N. Q. 
Məmməd Əmin Rəsulzadə. (Azərbaycanın görkəmli adamları). B.Gənclik, 
1991. 308 səh. 
 
 
 
Bu  kitabda  xalqımızın  görkəmli  oğlu  Məmməd  Əmin  Rəsulzadənin  həyat 
və  fəaliyyətindən,  Azərbaycanın  müstəqilliyi  uğrundakı  mübarizəsindən  danışılır. 
Kitabda  M.  Ə.  Rəsulzadənin  İranda,  Türkiyədə,  Azərbaycan  Demokratik 
Respublikası  dövründəki  fəaliyyətinə  geniş  yer  verilib.  M.  Ə.  Rəsulzadənin 
müxtəlif  dövrlərdə  Stalinlə,  Şaumyanla,  Hitlerlə  münasibəti  də  əsərdə  öz  əksini 
tapıb. 
Kitabda  M.  Ə.  Rəsulzadənin  mühacirətdə  çıxardığı  jurnallara,  Azərbaycan 
legionlarının təşkilindəki roluna geniş yer ayrılıb, onu tanıyan, hazırda Türkiyədə 
yaşayan dostlarının xatirələri toplanıb. 
 
 
 
Y 4702060204    149-91 
    M 653(07)-91    
 
ISBN   5 – 8020 – 0708 – 7 
                     
 
 
 
 
 
 
© Gənclik, 1991. 
 
 


 
YADDAġ ĠġIĞINDA 
 
«...Bir gün həyatınızı yazacaq bəxtli bir türk gənci, yaxud da şəxsiyyətinizi 
canlandıracaq bir türk sənətkarı, ömrünüzün hər dövrünü qavrayıb anladıqca «nə 
şərəflidir  mənə  ki,  bu  yaşamağa  dəyər  səhifələri  canlandırıram»  —deyə 
sevinəcəkdir,  bunların  əsərlərini  oxuyan  və  ya  seyr  edənlər  də  sizi  daima  sonsuz 
məhəbbət, hörmət və rəhmətlə anacaqlardır». 
MƏMMƏD ƏMĠN RƏSULZADƏNĠN 
ANADAN OLMAĞININ 
70-CĠ ĠLDÖNÜMÜ MÜNASĠBƏTĠLƏ 
DOSTU CƏFƏR KRIMƏRĠN 
ONA YAZDIĞI MƏKTUBDAN. 
 
Ömrünün qürub çağını yaşayan qoca ölümlə çarpışırdı. Qara nəfəsli ölümün 
iti dırnaqları işıqlı dünyadan aparmaq üçün ona sarı uzanmışdı. Gözlərində qəribə 
bir  təlaş  dolaşsa  da  ölümdən  qorxmurdu.  Amma  tez-tez  təngnəfəs  olur,  boğulur, 
sıxıntıdan qurtarmağa çalışırdı. 
Ölüm yavaş-yavaş ona yaxınlaşırdı. 
Qoca ölümdən qorxmurdu... 
Dünyanın  çox  dəhşətlərini,  zülmlərini  görmüşdü.  Uzaq  Şimalın  buzlu 
cəhənnəmində  neçə  il  ömrü  çürümüşdü.  Günlərlə  ac-susuz  soyuq  döşəmələrdə 
uzanan yüzlərlə dostlarından təkcə o sağ qalmışdı. Neçə igid dostunu itirmişdi! O 
günləri xatırlayanda həmişə əsəbiləşir, gözlərinə qaranlıq çökür, həyəcandan əsirdi. 
Ötənlərlə,  yaşadığı  çoxillik  ömrüylə  bağlı  görüb  şahidi  olduğu  hadisələrin  hamısı 
ağrı-acı içində idi. Belə iniltili xatirələrin yalnız iki ilində güclü işıq alovu vardı. O 
işıq ötənlərin çox-çox uzaqlığından hərdən güclü şəfəq saçır, üzünü nura boyayırdı. 
Ölüm  yatağında  çırpındığı  anlarda  həmin  işığa  can  atırdı  qoca.  Lakin 
ölümün qara nəfəsi o həzin xatirə işığını getdikcə zəiflədir, qaranlığa boyayırdı. 
Qoca yaddaşındakı işığı sönməyə qoymayıb ölümlə çarpışırdı. 
Nəvə-nəticələri,  qohumları,  qonşuları  qocanın  dövrəsinə  yığılmışdılar. 
Hamı onun əzab içində çırpınıb işıqlı dünyayla vidalaşmağına baxırdı. 
Qəfildən qoca qəribə sözlər danışmağa başladı və çoxları bunu ölümqabağı 
sayıqlama kimi başa düşdü. 
Qoca danışırdı:  
— Götürün ordan 55-10-na zəng vurun! 
Otaqdakılar təəccüblə bir-birlərinə baxdılar: Bakıda belə telefonmu var? 
Qoca yenə dilləndi: 
— 55-10 cavab vermirsə, 3-32-yə zəng vurun! 
Otaqdakılar yenə təəccüb içində çiyinlərini çəkdilər. 
Qoca hirsləndi: 
— Onda 6-10-na zəng vurun, ola bilməz ki, cavab verməsinlər. 


 
Hamı  susurdu.  Başı  üzərində  ölüm  kölgəsi  dolaşan,  bükülüb  yumağa 
dönmüş  qocaya  baxıb  ürəklərində  təəssüflənir,  halına  acıyır,  sayıqladığını 
düşünürdülər. 
Qoca  bu  dəfə  sakit,  yavaş-yavaş  danışmağa  başladı.  İndi  onun  dediyi 
sözlərdə sayıqlamaq yox, güclü həqiqət işığı alovlanırdı: 
—  Bakının  gözəl  günləri  idi.  Nikolayevski  küçəsi  ilə  getməyi  xoşlardım. 
Hər  yanda  adamlar  şən,  üzügülər  görünürdü.  Bax  o  tərəfdə,  Birjeva  küçəsində 
Danimarka    konsulluğu vardı. Ondan bir az aralıda, elə həmin istiqamətdə İsveçrə 
konsulluğu yerləşirdi. İtaliya konsulluğu isə Krasnovodski küçəsində idi. Mariyski 
11-də  «uşaq  evi»  vardı,  bütün  maddi  köməyi  hökumət  edirdi.  Parlament  binası 
yanında  «istiqlaliyyət  muzeyi»  yaradılmışdı..  Tez-tez  gedib  o  muzeyə  baxardıq. 
Adamların  əyləncə  yeri    çoxdu.  Primorski  küçəsində  «Təbəssüm  teatrı»,  Dumski 
meydanda «Türk ocağı» yerləşirdi. Şəhərdə gör neçə kinoteatr vardı: Malakanskidə 
«Ampir»,  Vorontsovskidə  «Mars»,  Olkinskidə  «Fransız»,  Böyük  Morskidə 
«Fenomen»...  Gözəl  günlər  idi.  Adamlar  xoşbəxt,  azad  yaşayırdı.  Hər  şey 
özümüzünkü  idi.  Birjeva  küçəsində,  Yefimov  qardaşlarının  binasında  «Modern» 
sirki vardı. Cavanlar hamısı ora axışardı... 
Otaqdakılar  heyrətlə  qocaya  qulaq  asırdılar.  Yox,  bu  sayıqlamağa 
oxşamırdı, işıqlı bir yaddaşdan süzülüb gəlirdi. 
Qocanın üzündə xoş təbəssüm alovlanırdı; 
— Çoxlu texnikumlar, peşə məktəbləri vardı. Qadın gimnaziyasında qızlar 
oxuyurdu.  Onlarla  cəmiyyətlər  açılmışdı,  Böyük  Krepostnaya  47-də  «Ukrayna 
Rada»sı,  Milyuşinski  14-də  «Estoniya  milli  soveti»,  «Zaqafqaziya  almanları 
cəmiyyəti»  vardı.  Şəhərin  həyatı  qaynayırdı.  Dünya  həsəd  aparırdı  belə  şəhərə. 
Dünyanın  hər  yerindən  bu  gözəl  şəhəri  görməyə  gəlirdilər,  o  zaman  qapılar  da, 
sərhədlər  də  hər  yana  açıq  idi.  Adamlar  istədikləri  vaxt  hər  hansı  ölkəyə  gedə 
bilərdilər.  Şəhərdə  çoxlu  tibbi,  fəlsəfi,  elmi  dərnəklər  fəaliyyət  göstərirdi.  Çoxlu 
xəstəxanalar, 
apteklər 
açmışdılar. 
Böyük 
Çəmbərəkənddə, 
Təzəpirdə, 
Şamaxınskidə, Bazarnıdakı müalicəxanalarda pulsuz müalicə olunurdular. Şəhərin 
məşhur həkimlərindən olan Ağa Əlizadə daxili xəstəlikləri, Məlik Sultanov dərini, 
Cəfər İlyas gözü yaxşı müalicə edərdi. Talışinski çox bilikli cərrah idi, Vodovoznu 
küçəsində  əyləşirdi.  Qarabəyov  da  yaxşı  həkim  idi,  Telefonu  13-02;  hamısının 
telefonu  vardı...  Şəhər  cənnətə  dönürdü,  intəhası  qoymadılar.  Allah  mərdiməzara 
lənət eləsin... 
Qoca son sözləri şikayət və inilti dolu bir səslə dedi. Bayaqdan üzündə işıq 
dolaşan bu dünyagörmüş adamın gözləri kədərli halda harasa uzaqlara dikilmişdi. 
Bədəni hirs və həyəcandan əsirdi. 
Evdəkilər qocanın bu əhvalından çox narahat olsalar da ürəklərindən qəribə 
istək  də  keçirdi:  qoca  danışsın,  ötənlərdən  söhbət  etsin,  bayaqkı  telefon 
nömrələrinin kimin olduğunu söyləsin. 


 
Qoca başı üzərində dolaşan ölüm kölgəsini özündən kənar edib yaddaşının 
xoş xatirələrini pıçıldayırdı: 
Şəhərin  düz  mərkəzində  «Mərkəz»  mehmanxanası  salınmışdı.  Bəzəkli 
nömrələri  olan  bu  mehmanxana  elektriklə  işıqlandırılırdı,  Malakan  küçəsində 
yerləşən «Kazino»da qalmaq üçün heç bir əziyyət çəkmək, get-gələ düşmək lazım 
deyildi. Mehmanxanadakı 23—95 nömrəli telefona zəng vurub yer sifariş vermək 
olardı. Hər cür şəraiti olan birinci dərəcəli «Metropol»un da öz gözəlliyi vardı. Hər 
qarışında  qızıl  neft  qaynayan  şəhər  bollu,  bərəkətli  idi.  Ürəyin  istəyəni  tapa 
bilərdin.  Adamlar  da  səmimi,  mehriban  idi.  Hələ  o  bəd  ayaqlar  gəlməmişdi,    
şəhərimiz  xoşbəxtlik,  var-dövlət  içində  alışıb-yanırdı.  Olkinski  küçəsində 
Axundovun  məşhur  Manufaktura-qalenteriya  mağazası  vardı.  Burda  həmişə 
istənilən rəngdə yaraşıqlı ipək və yun paltarlar, qadın geyimləri satılardı. «Rəfiyev 
qardaşları»nın  Milyutin  küçəsindəki  mağazasında  da  hər  şey  olardı.  Əvvəlcədən 
47—48  nömrəli  telefona  zəng  vurub  alacağın  malın  orada  olub-olmadığını  da 
öyrənə  bilərdin.  Elə  həmin  Milyutin  küçəsində  yerləşən  musiqi  mağazasında  
qrammafon, potefon, pianino, müxtəlif  alətlər satılırdı. Qızılı neftli  şəhərimizdən 
Vətənimizin  hər  yerinə  —  Gəncəyə,  Yevlaxa,  Şamxora,  Tovuza,  Xaçmaza, 
Mingəçevirə  qatarlar  işlərdi.  Amma  qoymadılar.  İnsan  qanına  susamışlar  gəlib 
işimizi yarımçıq kəsdilər, minlərlə günahsızın qanını axıtdılar... 
Qocanın həyəcan və əsəbdən sinəsi aramsız halda qalxıb-enirdi.. 
Otaqdakılar  hələ  də  bir  şey  anlaya  bilmirdilər.  Əgər  qoca  öz  cavanlıq 
dövründən — yetmiş il, səksən il əvvəlki Bakıdan danışırdısa, onda çox təəccüblü 
idi:  Bakı  o  zaman  doğrudanmı  belə  gözəl,  varlı-dövlətli  şəhər  olmuşdu? 
Nəvələrindən  biri  bayaqkı  hadisəni  xatırladı:  —  Baba,  o  dediyin  3—32  kimin 
telefonu idi, kimə zəng vurmaq lazım idi. 
Qoca gözlərini məchul bir nöqtəyə dikmiş halda dedi: 
— Azad hökumətimizin Baş naziri Nəsibbəy Yusifbəylinin. 
— Bəs 6—10 kimin telefonu idi? 
— Hərbi nazir Səməd bəy Mehmandarovun. 
Nəvəsi  bir  qədər  fikirləşəndən  sonra  babasının  az  əvvəl  həyəcan  içində 
dediyi birinci telefon nömrəsini xatırlayıb soruşdu: 
— Baba, bəs 55—10 kimin telefonu idi? 
Qoca  bu  suala  cavab  verə  bilmədi.  Çalışıb  bir  söz  demək  istədisə  də 
bacarmadı.  Ölüm  yatağında  çırpına-çırpına  qaldı.  Gözləri  qaranlıqlaşdığından  hər 
yanı zülmət içərisində görürdü. İndi ona  işıqlı görünən heç nə qalmamışdı. Ölüm 
qapıları astaca açılıb onu qaranlıq dünyaya dartıb aparırdı. 
Babasını  torpağa  basdırandan  çox  sonralar  da  nəvəsi  bir  sirri  öyrənə 
bilmirdi:  görən  babam  55—10-na  kimə  zəng  etmək  istəyirdi?  55—10  axı  kimin 
telefonu olub? 
 
 


 
ĠLK «TƏHLÜKƏ» 
 
Novxanı kəndinə xoş qədəmli bahar gəlirdi. 
Kəndin hörmətli adamlarından olan axund Hacı Molla Ələkbərin evində iki 
övlad böyüyürdü: oğlu Məhəmməd Əmin və qızı Şəhrəbanu. 
Adlı-sanlı  axund  ömür-gün  yoldaşı  Zal  qızı  Ziynətlə  sakit  həyat  yaşayır, 
övladlarını böyüdürdülər. Oğluna yaxşı təhsil verib bilik adamı etmək axundun ən 
böyük  arzusu  idi.  Oğlunun  oxumağa  olan  həvəsi  də  onu  sevindirirdi.  Quranı 
mükəmməl  oxuya  bilən  Məhəmməd  Əminin  dərin  zəkası  axundun  diqqətindən 
yayınmırdı.  Axund  fikirləşirdi  ki,  indi  zəmanə  çox  pisdir,  şəhərin  hər  yerində 
hökumət  əleyhinə  söhbətlər  danışılır,  kimlərinsə  gizli  işlər  gördüyünü  deyirlər. 
Oğlunun  belə  işlərdən  uzaq  olub  başqa  yolla  getməyini  istəyirdi  axund.  Hələlik 
oğlunun hərəkəti, davranışı onun ürəyincə idi. 
Bir gün qəribə hadisə baş verdi və axund bu söhbətdən çox narahat oldu. 
...Günəşli bir yaz günündə Məhəmməd Əmin doğma kəndi Novxanını gəzib 
dolaşırdı. Qəfildən həyətlərin birindən kiminsə kədərli-kədərli oxuduğunu eşitdi: 
 
— Gəl, ey gözü vətəndə qalan Hüseynqulu xan, 
     Sülaləsini nəzərdən salan Hüseynqulu xan. 
 
Eşitdiyi  bu  kədərli  el  oxuması  içərisində  qəribə  maraq  oyatdı.  Ayaqları 
sanki  yerə  mıxlanmışdı,  gedə  bilmirdi.  Əslinə  qalanda  heç  getmək  də  istəmirdi. 
Ürəyinə  axıb-dolan,  əhvalını  başqalaşdıran  belə  qəmli  oxumanın  hardan  baş  alıb-
gəldiyini bilmək istəyirdi. Qəribə idi, iki misralıq mahnıda nə böyük ağrı vardı! Bu 
iki  misra  qovulmuş,  yurdundan  ayrı  düşmüş  bir  adamı  çağırırdı.  İnilti,  şikayətlə 
dolu  bu  səs  Hüseynqulu  xanı  səsləyirdi.  Kim  idi  Hüseynqulu  xan?  Bəs  mahnının 
ardını niyə oxumurdular? 
Əyilib  həyətə  baxdı.  Adını  bilmədiyi,  amma  hərdən  kəndin  aralığında 
gördüyü nurani qoca yer əkirdi. Yorulduğundan belə söykənib dayanmışdı və arada 
kədərli avazla oxuyurdu. 
— Gəl, ey gözü vətəndə qalan Hüseynqulu xan... 
Qəlbinin lap dərinliyindən alovlanıb üzə çıxan maraq hissini boğub saxlaya 
bilmirdi.  Qocaya  yaxınlaşıb  bu  sirli  oxumanın  hardan  baş  alıb  gəldiyini,  niyə  bu 
qədər ürəkparçalayan olduğunu bilmək istəyirdi. Bilmək istəyirdi ki, bu axı kimin 
ağrısıdır, bir şəxsin faciəsi, yoxsa çoxluğun dərdidir? Və nəhayət, qoca bu mahnını 
hardan eşidib, kimdən öyrənib? 
Keçib  həyətə  girdi.  Qoca  səs  eşidib  geri  döndü.  Gördü  ki,  qarşısında 
yaraşıqlı bir oğlan uşağı dayanıb.. 
Məhəmməd  Əmin  qocanı  görəndə  özünü  tamam  itirdi.  Gözlərindən  yaş 
axan  qocanın  baxışları,  sifətinin  görünüşü,  geyimi  bayaq  oxuduğu  mahnının  özü 
kimi kədərli idi. 


 
Qoca  oğlanın  bu  qəfil  gəlişindən  çaşan  kimi  oldu.  Kirli  ətəyi  ilə  gözlərini 
silib narazı halda soruşdu: 
— Kimsən? Nə istəyirsən? 
— Axund Hacı Ələkbərin oğluyam. Elə gəldim ki... 
Dili  dolaşdı.  Gəlişinin  məqsədini  açıb  deməyə  çəkindi.  Özündən  çox-çox 
yaşlı olan bu adamdan birdən-birə hər şeyi soruşmaq düzgün olmazdı. 
Sifətində  hələ  izləri  qalan  bayaqkı  kədər  ifadəsini  yığışdırıb  sakit  halda 
gülümsündü: 
— Hə, allah saxlasın, Axund necədir? 
Bayaqkı həyəcanı çəkilib getmiş halda «Yaxşıdır» dedi. 
Qoca  həyəti  əkməyindən,  bu  ilin  bol  məhsullu  olacağından  danışdı.  Yaşı 
yüzdən çox olan qoca qıvraq idi, əlini işdən ayırmamışdı hələ. 
Nəhayət, cəsarətə gəlib qocadan soruşdu: — Baba, siz bayaq kədərli-kədərli 
nəsə oxuyurdunuz. Bilmək istəyirəm ki, o Hüseynqulu xan kimdir elə? 
Bu  sualdan  qocanın  sifəti  tutqunlaşdı  və  zorla  üzünə  qonmuş  təbəssüm 
ifadəsi  yoxa  çıxdı.  Gözlərində  yenə  bayaqkı  ağrı  kölgəsi  dolaşmağa  başladı.  Bir 
müddət sakit dayanıb dillənmədi. Sonra astadan dedi: 
— Belə şeyləri bilməyin hələ tezdir...  
Qoca üzünü yana çevirib işinə başladı. Orda dayanmağın faydasız olduğunu 
bilib  evə  qayıtdı.  Yol  boyu  maraq  içində  düşünürdü:  Bu  Hüseynqulu  xan  kimdir 
axı?  Niyə  onun  adına  qoşulan  mahnını  oxuduqca  qoca  ağlayırdı?  Burda  nə  isə 
qəribə sirr var. 
Axşam  atası  evə  gələn  kimi  Hüseynqulu  xanın  kimliyini  soruşdu.  Axund 
oğlunun qəfil sualından çaşıb qaldı. Sonra oğluna üz tutdu: 
Yenə nə eşitmisən? 
Oğlu  maraq dolu gözlərini atasına  dikmişdi və  onun  həsrətində  olduğu bir 
sirri  açıb  danışacağını  gözləyirdi.  Amma  axund  susurdu.  Öz  aləmində, 
düşüncəsində  idi.  Dünyanın  əksər  elmlərini  öyrənib,  sirrindən  agah  olan  axund 
qəribə  narahatlıq  hissinə  bürünmüşdü.  Oğlunun  bu  marağında  qorxulu  bir  şey 
olmasa da içərisində təlaş keçirirdi. Oğlu gözlərini ondan çəkmirdi. 
Axund həmin günü oğluna heç nə demədi. 
Oğlu min fikir içində yuxuya getdi, sabahı günü yenə yolunu həmin yerdən 
saldı.  Qoca  həyətin  lap  qurtaracaq  küncündə  əyləşib  özünün  dərdi,  qayğısıyla 
düşünürdü.  Kənardan  bir  oğlan  uşağının  həyətə  girib  ona  sarı  gəldiyini  gördü. 
Məsafə azaldıqca oğlanın  sifəti ona tanış gəlirdi.  Nəhayət,  tanıdı: Bu  ki, axundun 
oğludu. Belə gəlməkdə xeyir ola? 
Oğlan  gəlib  salam  verdi,  qocanın  halını  soruşdu.  Sonra  birbaşa  mətləbə 
keçdi: 
— Bilmək istəyirəm ki, Hüseynqulu xan kimdir və niyə dünən onun haqda 
oxuyanda ağlayırdın? 


 
Qoca  heyranlıqla  oğlana  baxdı  və  neçə  illərin  ona  ərməğan  etdiyi  adam 
tanımaq səriştəsinə arxalanıb dedi: «Yox bu oğlanda nəsə var». 
Qoca oğlanın sözünü yerə salıb qəlbinə dəymək istəmədi... 
Məhəmməd Əminin hələ yaşının az vaxtlarında həmin qocadan və az sonra 
müxtəlif mənbələrdən öyrəndiyi sərt həqiqətlər aşağıdakılar idi... 
Müstəmləkə Bakı. XIX əsrin əvvəllərində Bakı çar Rusiyası tərəfindən işğal 
olundu.  Pyotrun  ən  böyük  arzusunu  sələfləri  yerinə  yetirdilər.  Xəzər  dənizi 
üzərində hökmranlığa sahib oldular. Bakı camaatı müstəmləkə siyasətinə asanlıqla 
boyun  əymədi.  Müqavimət  hərəkatına  qoşulub  qəhrəmanlıqlar  göstərdi.  Dəfələrlə 
güclü  düşmən  həmləsinə  məruz  qalan  bakılılar  mərdlikdə  sinə  gərib  dözürdülər. 
Xəyanətkar  düşmən  gəncəlilərin,  başda  Cavad  xan  olmaqla  göstərdiyi 
qəhrəmanlıqdan  sonra  bakılıların  igidliyinin  şahidi  oldu.  İnsan  qanına  susamış  bu 
cəlladlar şəhərə girəcəkləri günü səbirsizliklə gözləyirdilər. Başçılarını (Sisyanovu) 
öldürən  bu  camaatdan  mütləq  o  qanın  əvəzini  çıxacaqdılar.  Gəncədəki  dərsi 
bakılılara  da  vermək  lazım  idi.  Qoy  birdəfəlik  zülm  çəkib  sakit  otursunlar.  Qan 
hərisli  canavarlar  Gəncədə  qadınları,  uşaqları  məscidə  yığıb  hamısını  qılıncdan 
keçirmişdilər. Anaların ağ saçlarını qan gölməçəsində qırmızı rəngə boyamışdılar. 
Dilsiz-ağızsız  körpələrin  imdad  diləmək  ümidi  ilə  onlara  uzanan  balaca  toppuş 
əllərini  kəsmişdilər.  Vəhşiliyin  hər  üzünü  sınaqdan  çıxarmış  bu  «şimallılar»  indi 
Bakı  üzərinə  ayaq  almışdılar.  Qorxulu  düşmən  yavaş-yavaş  şəhərə  girir,  evlərə 
ölüm nəfəsi saçır, adamları qanlı zəncirlə müstəmləkə əsarətinə bənd edirdi. 
Şəhər əhalisi təslim olmur, son nəfəsə kimi döyüşmək istəyirdi. 
 
Düşmən  qüvvətli,  həm  də  çox  idi.  Bir  sürü  ac  yalquzağın  qarşısında 
köməksiz insan nə edə bilər ki? Ac yalquzaq ona qüvvət verəcək, həmişəlik yağlı 
tikəsinə  çevriləcək  zəif  ovundan  əl  çəkərmi?  Hansı  çətinlik  bahasına  olsa  da, 
qarşısındakı  ovdan  heç  zaman  imtina  edib  yan  keçməz!  Köməksiz  ov  indi  onun 
qanlı  pəncəsində  çırpınırdı.  Yox,  bu  tikəsini  nəyin  bahasına  olursa-olsun  əlində 
saxlayacaqdı! 
Əllərinə  keçən  fürsəti  boşuna  buraxmadılar.  Şəhərdə  güclü  qırğın  başladı, 
qan  su  yerinə  axdı.  Vuran  qolları  kəsdilər.  Xalqın  yaddaşına  qanlı  hadisələr  həkk 
etdilər. 
Amma  xalq  bütövlükdə  qırılmamışdı,  adətini,  ənənəsini  yaşadanları, 
ölənlərin  pak  ruhlarını  yad  edib  yas  saxlayanları  qalmışdı.  Dərdini  ucadan  danışa 
bilməyən adamlar pıçıltı ilə başlarına gələn faciələri bir-birinə söyləyirdilər. Qisas, 
intiqam  hissinin  bir  gün  gəlib  yetişəcəyinə  inamlarını  itirməmişdilər.  O  gün 
gələcəkdi, mütləq gələcəkdi! 
 
Baş verən bu dəhşətlərdən az sonra xalq yavaş-yavaş başı üzərindəki qorxu 
qılıncını kənarlaşdırmağa çalışırdı. Bu hələ gizli, zəif bir tərpəniş idi. İlk baxışdan 
hiss olunmayan bu hərəkətə bir istiqamət, təkan vermək lazım idi. 
 
*    *    * 


 
XX əsr Bakıda siyasi coşğunluq, inqilabi mübarizənin ən qızğın dövrü kimi 
qarşılandı. Çar istibdadı və mövcud qayda-qanun əleyhinə Bakının hər nöqtəsindən 
etiraz  məşəli  alovlanırdı.  İstismarın  hər  formasına  məruz  qalmış  xalq  çar  üsul-
idarəsindən, sıxıntı, boğuntu mühitindən hər yolla uzaqlaşmağa çalışırdı. 
Yeni  əsr  köhnənin  yerinə  gələndə  onun  on  altı  yaşı  vardı.  Qaynayan  Bakı 
mühiti,  gördükləri,  eşitdikləri,  oxuduqları  onu  belə  qənaətə  gətirmişdi:  Xalqın 
taleyindən  keçib-gedən  XIX  əsr  camaata  əsarət,  kölə  vəziyyətində  yaşamaqdan 
başqa  heç  nə  gətirməyib.  Cəhalət,  savadsızlıq,  avamlıq,  siyasi  şüurca  yetkin 
olmamaq  xalqın  düçar  olduğu  dəhşətli  bəlalar  idi.  İndi  bu  xəstəlikləri  sağaltmaq, 
hansı vasitə ilə olursa-olsun müstəmləkə çirkabından təmizləmək lazım idi. 
Təzə  əsr  girəndə  o  müəyyən  təhsil  alıb  bilik  qazanmışdı.  Öncə  savada 
yiyələnmiş, sonra məşhur pedaqoq Sultan Məcid Qənizadənin müdir olduğu ikinci 
rus-müsəlman  məktəbində,  bir  müddət  də  Bakı  Texniki  məktəbdə  oxumuşdu. 
Lakin  onu  ən  çox  siyasi  mübarizə,  xalqı  qəflət  yuxusundan  oyadıb,  düçar  olduğu 
xəstəliyi  anlatmaq  istəyi  maraqlandırırdı.  Bu  işdə  ilk  fəaliyyət  addımı  təşkilat 
yaradıb müəyyən adamları dövrəsinə yığmaqda görürdü. 
Dünyanın  birinci  neft  mərkəzi  sayılan  Bakıda  çoxlu  inqilabçılar,  çar 
əleyhdarları  toplaşmışdı.  Onlar  fəhlələr  arasında  geniş  təbliğat  işləri  aparır, 
adamları tətilə, əmək haqqını artırmaq, iş saatını azaltmaq tələbi ilə çıxışlar etməyə 
çağırırdılar.  Camaatı  çar  əleyhinə,  monarxiya  üsul-idarəsini  devirməyə 
hazırlayırdılar.  Hələlik  təbliğatda  yayılan  bəyannamələr  daha  çox  fəhlələrin 
yaşayışı, dolanışığı ilə bağlı tələblərə üstünlük verirdilər. 
Bakıda  ilk  ən  güclü  etiraz  tətili  səkkiz  il  əvvəl  olmuşdu.  Həmin  etiraz 
tətilində  fəhlələrdən  biri  özünü  saxlaya  bilməyib  ağacla  polisi  vurmuşdu.  Sonra 
fəhlələri «sakitləşdirmişdilər». 
XX  əsrin  ilk  ili  idi.  Bakının  havasından  belə  siyasi  mübarizə  iyi  gəlirdi. 
İmperiya  və  monarxiya  zülmü  ilə  barışmayanlar  çar  Rusiyasının  əksər 
əyalətlərindən bu şəhərə toplaşıb dayaq yerləri yaradırdılar. 
...1902-ci  ildə  on  səkkiz  yaşlı  Məhəmməd  Əmin  Rəsulzadə  ilk  siyasi 
təşkilatını  —  «Müsəlman  gənclik  təşkilatı»nı  yaratdı.  Bu  bir  əsrə  yaxın 
müstəmləkə rejimi altında inildəyən  xalqın ağrılarını  sağaltmağa çalışan ilk siyasi 
təşkilat idi. O vaxta kimi də mövcud üsul-idarəyə etiraz edənlər monarxiya qaydası 
ilə barışmayıb müxtəlif mübarizə formalarından istifadə etmişdilər. Daha çox qəzet 
yazıları  və  ədəbi  əsərlərlə  xalqı  əsarətdən  xilas etməyə  çalışan çoxlu şəxsiyyətlər 
olmuşdu.  Lakin  vahid  proqramlı,  işıqlı  məqsədə  xidmət  edən  geniş  formalı  bir 
təşkilat  yaratmaq  hünərini  ilk  dəfə  on  səkkiz  yaşlı  Məhəmməd  Əmin  Rəsulzadə 
göstərdi. 
Sonralar, lap sonralar qocalıb yaşa dolanda ömrünün on səkkizinci ilindəki 
o mühüm hadisəni belə xatırlayacaqdı: 
«— O cümlədən mənim təşkil etdiyim, üzvləri müxtəlif rus litseylərində və 
digər  orta  məktəblərdə  oxuyan  azərbaycanlı  türk  tələbələrdən  ibarət  gizli  bir 

10 
 
təşkilat  da  var  idi.  Bu  təşkilat  öz  üzvlərinin  milli  hisslərini  oyatmaq,  rus 
məktəblərində  tədris  olunmayan  türk  dilini  müstəqil  surətdə  öyrənmək,  yerli 
ədiblərin  əsərlərini  oxumaq,  onların  çarizm  əleyhinə  yazılmış  inqilab  şerlərini 
əzbərləmək  və  arada  bir  rotaprinlə  çap  olunmuş  bəyannamələr  yaymaq,  fəhlələr 
arasına  gedərək  azadlıq  və  inqilab  fikirlərini  onların  arasında  sistemli  surətdə 
yaymaq kimi fəaliyyətlərdə bulunurdu. Təşkilatın rotaprinlə çıxan «Hümmət» adlı 
bir jurnalı da vardı». 
Bu onun qurub-yaratdığı gizli bir təşkilat idi. Evlərində heç kimin bu haqda 
məlumatı  yoxdu.  Dünya  görmüş  atası  axund  on  səkkiz  yaşlı  oğlunun  hansı  işlər 
gördüyünü  bilsəydi,  şübhəsiz  ki,  müəyyən  ölçü  götürərdi.  Amma  bu  haqda  atası 
heç nə bilmirdi. Yaratdığı gizli təşkilatdan yalnız əmisi oğlu Məmmədəlinin xəbəri 
vardı.  Əmisi  oğlu  da  onun  yaratdığı  təşkilatın  üzvü  idi.  Təşkilatla  maraqlananlar 
getdikcə  çoxalıb  artırdı.  Bakıda  fəaliyyət  göstərən  daha  böyük  inqilabi  ocaqlar 
vardı  ki,  onlar  Məhəmməd  Əminlə  xoş  ünsiyyətə  girmək,  öz  tərəflərinə  bacarıqlı 
qüvvələr çəkmək istəyirdilər. Çünki mübarizə qrupunda sağlam qüvvələr nə qədər 
çox olsa, onda fəaliyyətin kəskinliyi də artır. 
İlk  siyasi  mübarizə  ili  kimi  yaddaşına  həmişəlik  həkk  olunan  1902-ci  il 
arxada qaldı. 
1903-cü il... 
Tiflisdə  «Şərqi  Rus»  adlı  qəzetin  nəşr  olunduğunu  eşitmişdi.  Qəzetin 
müsəlmanların  ehtiyacından,  dərd-sərindən  bəhs  edən,  Rusiyada  və  Qafqazda  baş 
verən  hadisələrdən  maraqlı  yazılar  çap  etdiyini  bilirdi.  Uzun  illər  boyu  çarlıq 
əsarətinin  zülmü  altında  inildəyən  və  bütün  inkişaf,  tərəqqi  qapılarının  üzünə 
bağlandığı  Azərbaycan  xalqını  silkələyib  oyatmaqda  qəzetin  xidməti  böyük  idi. 
«Şərqi Rus»un birinci səhifəsində teleqraf xəbərləri yazılırdı. Bütün nömrələrdə isə 
dövrün ab-havasını özündə parlaqlığı ilə əks etdirən, geriliyi, cəhaləti güclü tənqid 
atəşinə tutan müxtəlif mövzulu felyetonlar dərc olunurdu. 
Bir  gün  qəlbində  xoş  istək  baş  qaldırdı.  İstədi  ki,  müsəlmanların  sevimli 
qəzeti  olan  «Şərqi-Rus»a  məqalə  göndərsin.  Bəs  nədən  yazmalı?  Xalqın  hansı 
dərdini,  ağrısını  ilkin  üzə  çıxartmalı,  minlərlə  adamı  da  bu  bəladan  qurtarmağa 
yönəltməli? Xalqın dərdi birdirmi, ikidirmi? Əsarətdə inildəyib, bütün hüquqlardan 
məhrum  olan  xalqın  düçar  olduğu  xəstəliklərin  hansının  çarəsindən  başlamalı? 
Dərdin  çoxluğu  insanı  fəaliyyətdən  salır.  Əl-qolunu  bağlayıb  müti  hala  gətirir. 
Müntəzir  vəziyyətdə  boyun  əydirir,  ya  da  həyatın  iztirablardan  qaralmış  qaranlıq 
küncünə atıb ahu-zar içində sızıldadır. 
Elə ilk  məqaləsini bu dərdlərin birindən, ondan ötrü  əsarətdən qurtarmağın 
ilk işığı olan dildən yazmağı qərara aldı. 
Uzun  əsrlər  boyu  farslaşan,  sonra  da  rus  kəlmələriylə  eybəcərləşib  ulu 
gözəlliyini  itirmək  təhlükəsində  qalan  doğma  türk  dilinin  saflığını  qorumaq  onun 
ən  böyük  arzusu  idi.  Yetmiş,  səksən  ilə  yaxın  idi  ki,  türk  övladları  «uşkollar»da 
özgə  dil  öyrənir,  ana  kəlmələrini  unudub  yaddan  çıxarırdılar.  Şanlı  keçmişindən 

11 
 
getdikcə uzaqlaşıb bu yadlaşan adamlar evdə-eşikdə, çöldə-bayırda incə və saf türk 
lisanında deyil, rusca danışırdılar. Sanki ana türkcə kəlmə kəsməyi özlərinə ar bilir
yaxud  da  gerilik  əlaməti  sayırdılar.  Bu,  xalqın  içərisini  kəsən,  varlığını  tapdaq 
altına salan ən dəhşətli xəstəlik idi. Üzdə tez sağalacağına ümid bəslənilən bu dərd 
qorxulu viruslarını getdikcə geniş kütlələr arasına yayır, çarəsiz olurdu. 
İlk  məqaləsini  yazmaqda  məqsədi  də  bu  qara  tufanın  qarşısını  vaxtında 
almaq  idi.  Yazdığı  məqaləni  poçtla  Tiflisə  göndərdi.  Sonra  həyəcanlı  günlər 
başlandı.  Böyük  səbirsizliklə  yazısından  soraq  gözlədi.  Bəzən  gözləməkdən  səbri 
tükənir,  ümidsizləşirdi.  Məqaləsinin  unudulduğunu,  yaxud  bəyənilmədiyini 
düşünür, lakin içərisindəki  inam    işığını tam öldürmürdü. Hər dəfə gedib «Şərqi-
Rus»  qəzetini  alır,  əvvəl  tələsik  halda  bütün  səhifələri  gözdən  keçirir,  göndərdiyi 
yazını  görməyəndə  məyuslaşır,  sonra    acgözlüklə  çap  olunmuş  məlumatları 
oxuyurdu.  Beləcə,  baharın  xoş  günləri  intizar  içində  yaşadığı  ömürdən  keçib 
gedirdi. Amma bir gün... Həmin gün sevincinin həddi-hüdudu yoxdu. «Şərqi-Rus» 
qəzeti onun göndərdiyi məqaləni «Bakıdan məktub» başlığı altında çap etmişdi. 
Sonralar  yaşa  dolanda,  yurdundan  didərgin  salınıb  ömrünün  qürub  çağını 
yaşayanda ilk yazısının necə çap olunmağını belə xatırlayacaqdı: «Bakıda 1903-cü 
ilin    baharı idi. Qaladibi parkının xiyabanında dolaşan gənclərlə bir yerdə idim. 
Hamısı rusca danışırdı. Ana dili olan türkcə yerinə pozuq da olsa ruscaya üstünlük 
verirdilər. Bu mövzu ilə bağlı rusca danışanları tənqid edən bir məqalə yazdım və  
Tiflisdə çıxan «Şərqi-Rus» qəzetinə göndərdim. 
Mövzunun  qəzetin  adına  və  qayəsinə  uyğun  olmadığını  düşünmədən 
günlərcə  Tiflis  poemasını  gözlədim.  Bu  yazının  «Bakıdan  məktub»  başlığı  ilə 
basıldığını  görüncə  duyduğum  sevinci  deyə  bilmərəm.  Bu  sevinci  ilk  yazısı  çap 
olunanlar yaxşı bilirlər. 
Bu günə qədər davam edən  mücadilələrimin başlanğıcı və çıxış  nöqtəsi bu 
məqalə  olmuşdur.  Etiraf  edirəm  ki,  başlanğıcda  milliyyətçi  olmaqdan  çox, 
hürriyyətçi idim». 
İlk məqaləsinin belə hörmətli qəzetdə çap olunmağı onun yazmaq və çarlıq 
əleyhinə,  istibdad  zülmünə  qarşı  mübarizə  ehtirasını  daha  da  coşdurdu. 
Yurddaşlarının  getdikcə  sıxlaşıb  mövcud  rejimdən  yaxa  qurtarmağa      meylinin  
gücləndiyini də hiss edirdi. Amma xalqın ağrısı bir idimi, iki idimi?... Apardığı bu 
böyük  mübarizə  yolunda  ilkin  maneələrdən  biri  savadsızlıq  idi.  Məktəblərin 
olmamağı,  ana  dilində  oxumağın  qeyri-mümkünlüyü  adamların  gözünü  bağlayır, 
inkişaf  edib  irəli  getmək  istəyini  boğurdu.  Xalqın  cavanları  elm  öyrənmək,  bilik 
qazanmaq  əvəzinə  geriliyi,  cəhaləti  möhkəm  tutub  saxlayan  işlərlə  məşğul  idi. 
Adamların  çoxunda  isə  övlad  oxutmaq  həvəsi  belə  yox  idi.  Atanın,  ananın  bir 
başlıca    istəyi  vardı:    oğul  bir    işin    qulpundan  yapışsın,  çörək  pulu  qazansın. 
Varını,  dövlətini  özgələr  yeyən  bu  adamları  qınamaq  da  olmazdı.  Yoxsulluğun, 
ehtiyacın öz amansız qanunları var! 

12 
 
Amma  içərisindən  keçən  bir  istəyi  -  camaatı  elmli,  oxumuş  görmək 
arzusunu təbliğ edib hamıya çatdırmaq istəyirdi. Elə bu niyyətlə «Müxəmməs» adlı 
bir  şer  yazdı.  Şerdə  elmdən  danışır,  dünyada  hər  şeyin  onunla  bağlandığını  izah 
edirdi. Elmsiz tərəqqi, inkişaf da mümkün deyil. Elmə sahib olmadan düşdüyün qul 
əsarətindən  xilas  yolunu  tapa  bilməzsən.  Elmin  hünəri,  bacarığı  ilə  bağlı  qapıları 
açıb, qaranlıqları işıqlandırmaq olar. 
Yazdığı şeri böyük ümidlə Tiflisə — «Şərqi-Rus» qəzetinə göndərdi. Yenə 
həyəcan və səbirsizliklə dolu günlər başlandı. İlk yazısını az əvvəl çap etmiş qəzet 
şerinə də işıq tutacaqdımı? Əslində onu ən çox narahat edən şerdə xalqa çatdırmaq 
istədiyi  «elmdən  qaçma,  onu  öyrən»  fikri  idi.  Təşkilatında  çalışan  türk  dostlarını 
həm də həvəsləndirmək, apardıqları təbliğat işində onlara dayaq duran qüvvələrin 
olduğunu  bildirmək  istəyirdi.  Deməli,  on  səkkiz,  on  doqquz  yaşında  əsarət 
zəncirindən  açılıb  qurtarmaq  istəyənlər  tək  deyil,  xalqın  ağrıları  üçün  yananlar 
çoxdur... 
«Müxəmməs» şerinin qəzetdə çap olunacağını gözləyirdi... Günləri həyəcan 
içində  yaşayırdı.  İlk  məqaləsinin  işıq  üzü  görməyi  ona  qol-qanad  vermişdi.  İndi 
ikinci yazısının sorağında idi. 
Baharın ən gözəl çağı olan bərli-bəzəkli may ayının ortalarında poçta gedib 
«Şərqi-Rus»  qəzetinin  gəlib-gəlmədiyini  soruşdu.  Növbəti  nömrəni  alıb  elə 
oradaca  səhifələri  gözdən  keçirdi.  İlk  səhifədə  teleqraf  xəbərləri  verilmişdi. 
«Tiflisski  listok»  qəzetindən  alınmış  Qafqaz  xəbərlərinin  ardı  çap  olunmuşdu. 
Qəzetin  üçüncü  səhifəsində  isə  on  doqquzuncu  nömrədən  davam  edən  bir  yazı 
verilib.  Yazıda  həmişəki  ağrı  təsvir  olunub:  dövləti  aliyə  Rusiya  qanunu  ilə 
müsəlman  ruhani  sinfinə  girən  şəxs  gərəkdir  ki,  Rusiyada  təlim  almış  olsunlar. 
...Bəs bizə molla kim, qəravət kim edəcəkdir! 
Üçüncü səhifənin ikinci sütununda onun «Müxəmməs» şeri çap olunmuşdu. 
«Şərqi-Rus»un  18  may  tarixli  20-ci  nömrəsi  də  yaddaşına  xoş  xatirə  kimi  həkk 
olundu. 
Ömrünün sonrakı  kəşməkeşli illərində  də  az şer  yazmadı.  İçərisindən axıb 
gələn  bu  qəlb  ağrılarının  heç  birində  bütün  şerlərə  məxsus  «gül,  bülbül,  bulud, 
yağış» sözlərini  işlətmədi.  Ürəyinin odu ilə  isinmiş  xoş avazlı  misralardan  yalnız 
xalqın ağrısı qopdu, dərdi eşidildi. Ömrünü bütövlükdə həsr etdiyi azadlıq yanğısı 
bu  şerlərin  mayası  oldu.  Qocalıb  yaşa  dolanda  alınmış  vətənindən  uzaq  düşüb, 
doğma  yurdundan,  istəkli  balalarından  tənha  yaşayanda  qəlbinin  iniltisi  və 
ömründən ötüb getmiş günlərin həsrəti ilə sonuncu şerini yazanda da hər istəyinin 
fövqündə  tutduğu,  azadlıqdan,  istiqlaliyyətdən  söz  açdı.  Bunlar  sonralar,  çox 
sonralar oldu. 
Hələlik 1903-cü ildir. Bakıda az sonra təlatümə gələcək coşğun bir dənizin 
zəif  çırpıntıları  hiss  olunur.  Gizli  təşkilatlar  fəaliyyətdədir,  siyasi  coşğunluq  hər 
yanda alovlanır. Çarı devirib yıxmaqdan ötrü müxtəlif üsullarla təbliğatlar aparır. 

13 
 
Məmməd  Əminin  fəaliyyət  dairəsi  getdikcə  genişlənir.  Dostları  ilə  çoxlu 
mütaliələr edir, inqilabi ruhlu yazılar oxuyur, mübarizə yolunda qətiyyətli olurdu. 
1903-cü  il  Bakısının  yadında  qalan  hadisələrindən  biri  Bibi-heybətdən 
başlanan  tətil  idi.  Hələ  aprelin  18-də  qatarda  Bakıya  Balaxanıdan  çoxlu  fəhlələr 
gəlib  toplaşmışdı:  15  minə  kimi  adam  sakitcə  gəzişib      dağılışmışdı.  Bu  qarşıdan 
gələn nümayişin xəbərdarlığı idi. 
Mayın 1-də 20 mindən çox adamın iştirakı ilə etiraz nümayişi keçirildi. Saat 
12-də Tağıyev teatrının və Parapetin yanında çoxlu adamlar toplaşmışdı. Əllərində 
çarın karikaturalarını tutmuş adamlar inqilabi mahnılar oxuyurdular.... 
Bu,  Bakıda  əzilənlərin  ən  güclü  etiraz  səsi  idi.  Getdikcə  alovlanan 
fəaliyyətinin ilk coşğunluq dövrünü Məmməd Əmin Rəsulzadə belə danışarmış: 
....Evimizin  küçəyə  ayrıca  bir  qapısı  açılan  otağında  arxadaşlarımla 
toplanardıq.  Otaqdakı  kitabxanadan  faydalanır,  türkcə  çalışır,  çarlıq  əleyhinə 
danışır və hürriyyət məsələlərini müzakirə edirdik. Yazı və bəyannamələr yazar və 
onları yayardıq. Bu yazılar sonradan qəzet halına düşdü. Xoşuma gələn «hümmətül 
ical  taklauc  cibal»dakı  «hümmət»  sözünü  bu  qəzetə  ad  seçdim.  İstibdad 
əleyhindəki  bu  çalışmalarımda  bir  milliyyətçilik  yox  idisə  də,  milliyyətçiliyə  və 
istiqlalçılığa doğru gedən bir istibdad düşmənliyi vardı. 
Çarlıq əleyhinə olan fikirlərimi ehtiva edən «Hümmət» bir dəfə atamın əlinə 
keçir.  Yazımı  tanıyır.  Məni  sorğu-suala  çəkdi.  Ona  «bu  bir  yazıdır,  sadəcə 
oxunmaq  üçün  yazdım,  bomba  da  ola  bilərdi  və  o  zaman  lazım  olan  yerlərə 
atardım»  dedim.  Gözləmədiyi  bu  cavab  atamı  çox  hiddətləndirdi.  Buna 
baxmayaraq, üzərində çox durmadı. Məni inandığım bir yolda öz fikirlərimlə baş-
başa buraxdı... ». 
Başçılıq  etdiyi  Hümmət  təşkilatına  sonradan  yolları  başqalaşan  Nəriman 
Nərimanov, Məşədi Əzizbəyov və qeyriləri daxil idi. Təşkilatın «Hümmət» adı ilə 
bir  qəzeti  də  çıxırdı.  Sonradan  həmin  qəzet  «Təkamül»  adı  ilə  çıxmağa  başladı. 
«Hümmət»  təşkilatının  fəhlələr  arasında  təsiri  getdikcə  artırdı.  Bu  da  şübhəsiz  ki, 
Bakıda o zaman fəaliyyət göstərən, amma prinsip etibarilə bir-birinə düşmən olan 
bolşevik və menşeviklərin diqqətini cəlb edirdi. 
1903-cü  ildən  fikir  ayrılığına  başlayan  bu  qruplar  mübarizə  üsuluna  və 
taktikalarına  görə  bir-birindən  fərqlənirdilər.  Menşeviklər  də  çarizmi  devirmək 
istəyir  və  respublika  üsul-idarəsini  qurmağa  çalışırdılar.  Yeni  qurulacaq  sistemdə 
burjuaziyanı  inkar  etmir,  zorakılıqdan  uzaqlaşır,  aşağıdan  yuxarıya  əsaslanan  bir 
seçki yolu ilə demokratiyanı üstün tuturdular. 
Bolşeviklərin  yolu  isə  başqa  idi.  Marksizmin  xəyalpərvər  bərabərlik 
nəzəriyyəsi  ilə  zəhərlənmiş  bu  adamlar  mövcud  şəraiti,  qanun-qaydanı,  hər  hansı 
bir zümrə ilə əlaqəyə girməyi qəbul etmir, yalnız proletar sinfinin hegemonluğunu 
təbliğ edirdilər. Onların fikrincə hakimiyyətə gələcək yeganə qüvvə proletariatdır. 
Çünki proletariatın zəncirdən başqa itirməyə heç nəyi yoxdur. 

14 
 
Hələlik  Bakıda  hər  iki  fraksiyanın  təbliğatçıları  və  Məmməd  Əminin 
başçılıq  etdiyi  «Hümmət»  təşkilatı  fəaliyyət  göstərir.  Hamısını  yaxınlaşdıran  bir 
yol var — çar hökumətini yıxmaq. Qalan sahələrdə fikir ayrılığı mövcuddur. 
Elə  həmin  illərdə  o,  sonradan  milyonlarla  insanın  qanını  töküb,  türk 
xalqlarının qatı düşməninə çevriləcək, otuz bir il hakimiyyət başında qalıb özünün 
qorxulu terror maşınını yaradacaq Stalinlə tanış olur... 
Onları  ilk  dəfə  əmisi  oğlu  Məmməd  Əli  tanış  edir  (20-ci  il  hadisələrindən 
sonra Məmməd Əli də vətənini tərk edib Türkiyədə yaşamaq məcburiyyətində qalır 
və  yaxın  münasibətdə  olduğu  Stalin  hakimiyyət  başına  gələndə  onun  da  ailəsinə 
işgəncələr verir). 
Stalin  1904-cü  ilin  iyununda  bolşevik  təşkilatına  başçılıq  etmək  üçün 
Bakıya gəlmişdi. Olduqca  bacarıqlı    və hiyləgər adam idi. Yüksək çalışqanlığı və 
sarsılmazlığı vardı. Dostları onu Koba adlandırırdılar. Sonrakı fəaliyyəti, əməlləri, 
tökdüyü  qanlar  bu  adın  ona  nahaqdan  verilmədiyini  sübuta  yetirdi,  Koba 
gürcülərdə bir quldur dəstəsinin qəhrəmanının adıdır. 
Əmisi  oğlunu  hələ  qorxunc  tirana  dönməmiş  Koba  ilə  necə  tanış  etdiyini, 
görüşdürdüyünü  Məmməd  Əli  ömrünün  səksəninci  ilində  —  onların  hər  ikisinin 
artıq həyatdan köçdüyü bir zamanda belə xatırlayacaqdı: 
—«O  tarixlərdə  çar  rejimini  devirmək  üçün  Qafqaziyada  çalışan  inqilabçı 
sosialistlər, bolşeviklər və  menşeviklər ilə təmas halında idik. Bu partiyaların üçü 
də bizi öz tərəflərinə çəkməyə çalışırdı, biz onlara yanaşmırdıq. Günlərin bir günü 
Stalin məni və Məmməd Əmin bəyi dəvət etdi...». 
Dünyanın ən zülmkar adamı kimi, böyük bir imperiyanı əsarətdə saxlayacaq 
adamla—Koba ilə olan həmin görüşünü isə Məmməd Əmin belə xatırlayarmış: 
«—  Bakı  ətrafında  yerləşən  Balaxanı  neft  mədənləri  tərəfdə  bir  zavodun 
fəhlələrinə  məxsus  evlərdən  birində  olduqca  bəsit  bir  otaqda  qarşımıza  arıq, 
ortadan bir az hündür boylu bir şəxs çıxdı. Sadə geyimli bu zatın çopur-çopur olan 
üzünə diqqət etdim. Ciddi bir halda gülümsəyirdi. Bizi təbii və sərbəst bir  əda ilə 
qarşıladı. Rusca danışığında gürcü ləhcəsi qüvvətli hiss olunurdu. Təbii xoş-beşdən 
sonra söhbət siyasi və sosial məsələlər üstünə keçdi...». 
Stalinlə  ilk  görüş,  ilk  söhbət  onun  ürəyincə  olmadı.  Stalin  söhbətində 
ümumən  bolşeviklərin  xarakterindən,  ideya  və  məqsədlərindən  axıb  gələn 
fikirlərdən  danışırdı.  Proletariatın,  yalnız  bu  sinfin  hegemonluğa  çevrilə  biləcək 
qüvvə  olduğunu  söyləyirdi.  Stalinin  dediklərindən  açıq-aydın  anlaşılırdı  ki,  onlar 
mövcud yaşayış qaydalarını, şəraiti, cəmiyyətdə müxtəlif təbəqələrin olduğunu və 
yaşamaq  haqqına  sahibliyini  nəzərə  almır,  yalnız  romantik  bir  nəzəriyyənin 
torunda çapalayırlar. Onun əqidəsincə bu deyilənə başqa heç bir fikir əlavə etmək 
və  marksizmdən  axıb  gələn  mübarizə  üsulunu  son  məqsədə—proletariatın 
hegemonluğuna  aparan  taktikasını  dəyişmək  olmaz.  (Sonradan  həyat  amansız 
faktlarla təsdiqlədi ki, Lenin də, Stalin də, onların arxasınca gedən başqa bolşevik 
qrupları da proletariatın yox, öz hökmranlıqlarına can atırdılar. Nə Leninin, nə də 

15 
 
Stalinin rəhbərlik etdikləri dövrlərdə fəhlə fəhlə olaraq qaldı. Yenə zülm və əsarət 
altında  inildədi.  Hətta  Leninin  proletariatın  müttəfiqi  saydığı  kəndlini   
hakimiyyətə yaxın qoymamaq haqqında dediyi sözlər də var). 
...Stalinlə ilk söhbətdən Məmməd Əmin daxilən narazı qaldı. Bunun başlıca 
səbəbi də Stalinin bolşevizmin əhvalından irəli gələn bir sözü deməyi oldu. 
Əmisi  oğlunun  Stalinlə  söhbətdən  ən  çox  narazı  qaldığı  o  son  sözləri 
Məmməd Əli belə xatırlayarmış: 
—...Və  onlara  birləşməmizi  təklif  etdi.  Biz  ona  bolşevik  nəzəriyyəsi  və 
ruhunun  məmləkətimizin  ruh  və  yaşayış  tərzinə  uymayacağını  söyləyib  təklifini 
rədd etdik. Çıxarkən bizə: bir rus adı söyləyib «Filan adam da bizi dinləmədi. Biz 
onu təmizlədik» deyə cavab verdi. Biz isə: «Nə bacarırsınızsa edin» deyib ayrıldıq. 
Sonradan  əlaqə  saxlayıb  görüşsələr  də,  müəyyən  işlərdə  birgə  çalışmaları 
olsa da Stalinin bu xoşagəlməz hərəkətindən, xüsusilə də asanlıqla dediyi «aradan 
götürərik»  sözlərindən  Məmməd  Əminin  xoşu  gəlmirdi.  Stalinlə  söhbətində 
içərisində çox sonralar da barışmadığı və özünün 23 ay başçılıq etdiyi hökumətdə 
həmişə  uzaq  saxladığı  «hökmranlıq»  səsi  eşidilirdi.  Proletar  sinfinin  hökmranlığı 
sözünü  Stalin  daha  tez-tez  və  xüsusi  vurğu  ilə  işlədirdi.  Onun  fikrincə  indiki 
mütləq  rejimi  yıxıb,  çar  üsul-idarəsini  devirməkdə  yalnız  proletar  sinfi  maraqlıdı 
və bu işdə hədsiz sədaqətə malikdir. 
Stalinin  dedikləri,  düşündükləri  o  zaman  bütün  bolşeviklərin  əzbərlədiyi 
belə hazır cümlələrdən  ibarət idi. 
Sonrakı mübarizə illərində Stalinə az köməyi dəyməmişdi. Fəhlələr arasında 
tibbi  təbliğat  apardığına  görə  dövlətlilər  Stalini  neft  quyusuna  atmaq  istəmişdilər. 
Məmməd  Əmin  onu  ölümdən  xilas  etmişdi.  1908-ci  ilin  martında  həbs  edilir.  Elə 
həmin  ilin  sentyabrında  onun  gizli  şəkildə  həbsxanadan  qaçırılmağını  təşkil 
edənlərdən biri Məmməd Əmin olur. 
Bir dəfə polislər Stalinin izinə düşmüşdülər. Həbs olunmaq təhlükəsi vardı. 
Novxanıya qaçıb gələn Stalini polislər burda da bərk axtarırdılar. Məmməd Əmin 
ondan  öz  köməyini  əsirgəməmişdi.  Evlərində  neçə  dəfə  çörək  kəsən  bu  adamı 
atasının  axundluq  etdiyi  Novxanı  məscidindəki  minbərin  altında  gizlətmişdi. 
Minbərdə  quran  oxuyan  axund  sonradan  bütün  ailəsinə  işgəncələr  verib  uzaq 
sürgünlərə göndərəcək bir cəlladın minbərin altında gizləndiyini hardan biləydi. 
Həyat  yoldaşı  Maral  arvad  isə  (Məmməd  Əminin  analığı.  Anası  Ziynət 
xanım  vaxtsız  vəfat  etdiyindən  atası  ikinci  dəfə  evlənmişdi.)  nəvələri  ilə  birlikdə 
Stalin  cəlladları  tərəfindən  soyuq  həbsxana  divarları  arasına  atılanda  şikayətlənə-
şikayətlənə  zəif  ümid  işığı  ilə  qaniçənlərə  demişdi:  «Gedin  o  bığlı  oğlana  (yəni 
Stalinə)  deyin  ki,  Maral  arvadı  tutmuşuq.  O  adamı  tutmuşuq  ki,  neçə  dəfə  sənin 
qabağına çay gətirib, çörək qoyub». 
Yazıq arvad yana-yana demişdi bu sözləri. Qorxudan, ürküdən yox, insanlıq 
cildini itirib, sosializm adlı qanlı bir kəfənə bürünmüş dövrandan şikayətlənmişdi. 
Qoca qarını da həbsxanaya salardılarmı? 

16 
 
Hələliksə...  hələlik  o  qanlı  terror  maşınını  işə  salacaq  adam  Novxanı 
məscidində,  minbərin  içində  gizlənib  ürəyinə  kin-küdurət  yığırdı.  Bütün 
insanlardan  qisas  almaq,  onları  özünün  əsarəti  altında  saxladıb,  qula  çevirmək 
planını  düşünürdü.  Bu  məqsədə  gəlib  çatmağın  yeganə  yolu  «proletariatdan», 
«əzilən sinif»dən istifadə etmək idi. 
Axund  minbərdə  müqəddəs  quranı  oxuyur,  adamları  paklığa,  xeyirxahlığa 
çağırırdı. 
Əsrin  cəlladı  isə  minbərin  içində  əyləşib  kütlələri  əzabla  qırıb,  işgəncə  ilə 
öldürməyi düşünürdü. 
Amma onu dəfələrlə ölümdən qurtaran bir adama  —köhnə  mübarizə dostu 
Məmməd Əminə də borcunu qaytaracaqdı. Bütün bunlar çox sonralar olacaqdı. 
Qafqazda  inqilabi  coşğunluq  artır,  siyasi  mübarizə  kəskinləşirdi.  İnqilab 
alovunun  artmağı  çar  imperiyasını  yaşadanların  ümdə  narahatlığına  çevrilmişdi. 
Əsarətdən  silkinib  yaxa  qurtarmaq  istəyən  Bakının  odunu  necə  söndürməli?  Bu 
işdə  uzun  illərin  təcrübəsindən  istifadə  edilməlidir.  Qafqaziyada  imperiya 
boyunduruğuna ən asan yolla girən ermənilərdir. Qafqaz xalqları bu günə kimi də 
Rusiya əsarətində qalmaq əleyhinə üsyanlar edir, döyüşüb qan tökürlər. Hələ ötən 
əsrdən  ermənilər  gizli  yollarla  (sonra  açıqdan-açığa)  rus  təbəəliyini  qəbul  etmək 
istəyində  olduqlarını  bildiriblər.  Hələ  xanlıqlar  dövründən  ermənilər  dəridən-
qabıqdan çıxır, rusların onların türk zülmündən qurtaracağına inanırlar. Çox geniş 
planları  var.  Əvvəl  istəkləri  Rusiyanın  ətəyindən  yapışıb  türk  əsarətindən 
qurtarmaq,  sonra  geniş  ərazilər  əldə  etməkdir.  Ermənilər  həmişə  çar  Rusiyasının 
könüllü  quluna  çevrilməyin  tərəfində  dayanıblar.  Və  bu  yolda  hər  cür  xəyanət 
etməyə razılaşıblar. 
Eyni  zamanda  Türkiyə  ilə  həmişə  müharibə  və  çəkişmədə  olan  Rusiya 
ermənilərin  «biz  xristianıq»  deyib  qürrələnməyindən  məhz  öz  məqsədi  üçün 
istifadə  edirdi.  «Böyük  Ermənistan»  yaratmaq  ideyası  ilə  xəstələnmiş  erməniləri 
qızışdırmağın ən yaxşı yolu onlara torpaqlar vəd etmək idi. 1890-cı ildən fəaliyyət 
göstərən  «Daşnaksütun»  partiyası  onların  arasında  geniş  təbliğat  aparır,  özünə 
çoxlu tərəfdarlar toplayırdı. Əvvəllər Türkiyə torpaqlarına göz dikən ermənilər indi 
bu  boş  xəyallarına  daha  bir  istək  də  əlavə  etmişdilər  —  Azərbaycan  torpaqlarına 
sahib  olmaq.  1904-cü  ildən  başlayaraq  «Daşnaksütun»  partiyasının  bu  ümumi 
göstərişi ilə hərəkət edirdilər. Çar məmurları isə onları gizli şəkildə silahlandırırdı. 
İndi  yenə  məqam  gəlib  çatmışdı  və  onlardan  istifadə  olunmalıydı. 
Azərbaycanın  içərisində—Qarabağda  onlar  çoxluq  təşkil  edirdi  və  bu  torpağı  ələ 
keçirmək çoxdankı niyyətləri idi. 
Qırğını  başlamaq  haqqında  siyasi  uzaqgörənliyi  olmayan  ermənilərə  fitva 
verildi. İmperiya könüllüləri işə başladılar. 
Erməni-müsəlman davası ucbatından evsiz-eşiksiz qalanlara köməkdən ötrü 
ianə  dəftərləri  açılır,  pul-para  toplanılırdı.  İrandakı  müsəlmanlar  din  qardaşlarının 
halına yanıb çoxlu yardım edirdilər. 

17 
 
Qırğın davam edirdi. Günahsız adamların qanı tökülürdü. 
1905—06-cı il qırğınının ağrıları idi bunlar. 
Belə  bir  zamanda  tanınmış  ziyalı  Əhməd  bəy  Ağayev  «Fədai»  partiyası 
yaradıb  xalqı  qırğından  qurtarmağa,  erməni  hücumundan  qorumağa  çalışırdı. 
Partiyanın Qarabağda, Şuşada, Gəncədə yerli komitələri yaradılmışdı. 
Partiya imperiyanın qoruyub müdafiə etdiyi güclü və hiyləgər bir düşmənlə 
üz-üzə  dayanmışdı.  Hər  cür  silahları  —  hətta  topları  olan  ermənilər  imperiyanın 
çaldığı  hava  ilə  oynayıb  uzağı  görmədən,  özgə  torpağına  sahib  olmaq  istəyi  ilə 
vəhşiliklər edirdilər. 
Əhməd  bəy  Ağayevin  başçılıq  etdiyi  «Fədai»  partiyası  həmin  vaxtlar 
Qafqaz baş valisinə bir bəyannamə göndərdi. Ermənilərin qarşısını almağa çağırış 
ruhunda yazılmış bəyannamənin sonu bu sözlərlə bitirdi: 
«Daşnak»  firqəsi  əmin  olsun  ki,  heç  bir  vaxt  biz  öz  millətimizin 
xarabazarlığı  və  külü  üzərində  erməni  millətinin  səadət  və  xoş  güzəranlıq 
qurmasına yol vermərik». 
Azərbaycanın bütün  imkanlı  adamları  yuxarıdan ipi tərpədilən bu  «oyuna» 
qarşı çıxırdılar. 
Davam  etməkdə  olan  dəhşətli  hadisə  Məmməd  Əmini  çox  ağrıdır,  əzab 
verirdi. Xalqın necə qüvvətli və hiyləgər bir düşmənlə üz-üzə dayandığını o yaxşı 
başa düşürdü. Çar imperiyasının belə dəhşətli siması açılanda, ermənilərin onun əl 
oyuncağına çevrilib istənilən xəyanətə hazır olduqlarını görüb anlayanda iyirmi iki 
yaşı  vardı.  Bu  qorxulu  siyasət  oyunu  Məmməd  Əminin  sonrakı  fəaliyyətinin 
məzmunca  başqalaşmağına  böyük  təkan  verdi.  Bu  günə  kimi  tutduğu  mübarizə 
yolundakı çox qaranlıqlara işıq düşdü. Xalqın düçar olduğu bəlaların haradan baş 
alıb gəldiyini tam genişliyi ilə anladı. Elə iyirmi iki yaşın düşüncəsi ilə baş verən 
qırğın haqda içəri ağrılarını yazıb qəzetlərdə çap etdirirdi. «İrşad»da çap olunmuş 
«Kənddə müsibət» məqaləsində yazırdı: 
«...On  bir  aydır  ki,  biz  bir-birimizi  öldürməkdən,  malını  qarət,  əmlakını 
təhriqdən  usanmayırız.  Heç  bir  tərəf  öz  qəbahətini  qanmayıb  göyü  atəşfəşan  kimi 
gah  sakitləşib kahi nafeyi-ədavəti şöləvər ediriz. 
Oktyabrın yeddisindən sonra bu qırğınların təkrarına hərgiz inanmayırdınız. 
Lakin  Gəncə  və  Tiflis  hadiseyi  ələməngizləri  bizim  fikrimizə  müğayir 
olaraq  müsibətlər  üstünə  təzədən  qəm  və  ələm  artırdılar.  Xərabələrin,  füqarələrin 
ədədi dəxi də artdı. Əmma ədib şəhidlərimizdən birisinin dediyi kimi bu vaqiələri 
qanuni-ətalət babindən hesab edib, bir növü özümüzə təskine qəlb verir. Əmma bu 
günlərdə  yetişən  xəbərlər  ki,  guya  Qarabağda  şuluqluq  üz  verib,  bizi  bu  ümiddən 
dəxi  salıyor.  İmdi  hər  kəs  əhvalata  nikbinlik  deyil,  bədbinliklə  baxırlar.  Çoxları 
sülh  və  müsalimətdən  qəti  ümid  edir,  aləmi  ədavət  və  qisasda  cövlan  edirlər. 
Çarəmiz  nədədir?  Din,  ianə  yerləri  açıb  vəhşiyanə  mütəzərrir  olanlara  maddi 
kömək  edəriz...  Üçüncü  əlac  yazıçılar  əlindədir.  Yazıçılar  lazımdır  ki,  nüfaqə  bir 
cüzi  də  olsa  xidmət  edən  məqalələrdən  ibrazi-nifrət  və  narazılıq  etsinlər.  Bunu 

18 
 
bilməlidir  ki,  erməni  müsəlman  əlaqəsinə  zərbi  hərəkət  verən  idareyi-müstəbide-
maziyyə  oldusa  da,  amma  bu  qədər  davam  edib  uzanmasına  hamana  nifaqpərəst 
yazıçıların  təğrirati  tərifayələri  səbəb  oldu.  Hərgah  erməni  məsələsi  panislamist 
kimi kitablar əvəzində məhəbbət və qardaşlığa çağıran rəsalələr nəşr etsəydilər bu 
qədər  nahəq  qanlar  tökülməyib,  bu  qədər  evlər,  xanimanlar  bərbad  olub  viran 
qalmazdı; Bu qədər arvadlar dul, bu qədər uşaqlar yetim düşməz idi. 
Ey vətəndaşlar! Bəsdir bu qədər həlakət! Bəsdir bu qədər qəflət!». 
Məmməd  Əmin  qırğınla  bağlı  yazılarında  ən  çox  bir  şeyə  diqqət  yetirir: 
Günahkar  kimdir?  Günahı  olmayan  adamların  qanını  axıtmaqda  hansı  məqsəd 
güdülür! Və anladır ki, bu iş «şeytan» əli ilə yapılıb. «Şeytan» bu işi görməkdə öz 
məqsədini  güdüb.  Məqalələrinin  birində  isə  hadisəni  törədənlərin  kim  olduğunu 
açıqca yazıb xalqa çatdırır, düşməni tanımağa çağırır. 
«...Budur,  Qarabağ  dağılmış,  Zəngəzur  talan  olunmuş,  yüzlərcə  kəndlər 
yəğmayə  getmiş...  bu  mənzərə  görüləcəyi  şərhə  gələsi,  qələmlə  vəsf  ediləsi  iş 
deyil... 
Hökumət  isə  öz  işinə  məşğul  olub  burasına  heç  diqqət  belə  etmiyor.  Nə 
üçün də eləsin?! 
Hər bir aclara, yalavaclara o kömək etməli olsa, bəs bu hərbi məhkəmələri, 
cəza dəstələrini kim tərtib etsin? Və bir də hökumətə «asiləri» sakit etmək məsələsi 
hər  bir  şeydən  əvvəl,  hər  bir  şeydən  müqəddəm  gərəkdir.  Hökumət  xarici 
məmləkətlərdən  pul  borc  edib  qarabağlılaramı  xərc  eləsin—anlamamışdı.  Bir 
zamanda  ki,  əsl  «məmləkət  düşmənləri»  sağ-salamat  dura—hökumət  gəlib  belə 
cüziyyata  baş  qatacaqmı?  Budur  «şeytan»  işinin  nəticəsi!  Budur  «millətçilərin» 
səmərəsi, budur müxtəlif maskalar altında gizlənən zalimanə qəti rəhmanə işləri!» 
İlkin dövründəki məqalələrində Məmməd Əmin həyatın müxtəlif sahələrinə 
toxunur.  Cavan  və  səriştəsiz  olmasına  baxmayaraq  ifadə  tərzi  qüvvətli,  məntiqi 
kəsərlidir.  Yazılarında  çəkisiz,  boş  sözə  rast  gəlinmir.  Ən  tutqun  və  qaranlıq 
görünən problemə  işıq  salmağı, açıq  gözlə baxmağı bacarır. Məqalələrində  yalnız 
problemləri qaldırmır, eyni zamanda onların həlli yollarını göstərib ümumən fikrini 
ona  yönəldir.  Yazılarında  dil  rəvanlığı,  axıcılıq  var.  Şerdən  süzülüb  gələn  qəribə 
liriklik, pafosluq var məqalələrində. Bu da onun özünə məxsus publisistik üslubun 
formalaşdığını  göstərir.  Məmməd  Əminin  bu  yazılarında  müxtəlif  mübahisəli 
məsələlərə  müdaxiləsi  də  maraqlıdır.  Mübahisələrin  tam  təfərrüatına  bələd 
olduğundan hadisədən düzgün çıxış yolunu da göstərə bilir. 
1906-cı il, Əhmədbəy  Ağayevin redaktorluğu ilə  «İrşad» qəzeti  fəaliyyətə 
başlayır. «İrşad»ın fəal  əməkdaşı və sonradan müvəqqəti redaktoru olan Məmməd 
Əmin qəzetdə çoxlu yazılar çap etdirir. Lakin ilkin vaxtlar çoxları «İrşad»ın çapına 
mane  olur.  Fikirlərini  belə  izah  edirlər:  bu  qəzet  araya  nifaq  salacaq.  «İrşad»a 
hücumlar  başlayır.  Şəhərdə  bəzi  söz-söhbətlər  yayıb  «İrşad»ı  gözdən  salmağa 
çalışır və təkidlə deyirlər. Şəhərdə iki qəzetin çıxmağı nəyə lazım? Bu ümumi işə 
maneçilik törətməyəcəkmi? Əgər «Həyat» qəzeti nəşr olunursa, onda «İrşad» nəyə 

19 
 
lazım? Bəziləri isbat etməyə çalışır ki, bir yerdə iki qəzetin çıxmağı bir ölkədə iki 
hökmdarın  ağalıq  etməyi  kimidir.  Bu  çəkişməyə,  fikir  ayrılığına,  nəhayət,  nifaqa 
gətirib çıxaracaq. 
Məmməd  Əmin  qəribə  fikirlər  irəli  sürən  və  bununla  da  əslində  inkişafa 
mane  olan  adamlara  qəzəblənir,  onları  qaranlıqdan  həqiqət  işığına  çəkir.  «Mocibi 
heyrət» (heyrətə səbəb)   adlı   məqaləsində  yazır: 
«...Əcəba nə üçün gərək qəzetə çox olduqcan nifaq artsın? 
Bərəks, olar cərayit və ruznamələrin çoxluğu ittifaq, ittifad artıb, insaniyyət, 
həqqaniyyət, mədəniyyət tərəqqi etməlidir. Buna intifaatı çox olan millətlərin halı 
şahidi aşkardır. 
Şəhərimizdə  bir  qəzet  nəşr  edilərək,  millətimizə  həyat  bağışlandı.  Həyat 
olandan sonra  «İrşad» lazımeyi  mədəniyyət olduğundan İrşadın zühuru  məmlubi-
təbii olmazmı? 
Fikrimcə  «Həyat»  ilə  «İrşad»  sütunlarında  yekditərinə  intişam  bəndləri 
yazılur isə, hərflər budur əlayiyi-nifaq deyə çığıracaqlar. Lakin xeyir, bu tənqidlər 
hərgiz  qəbi,  ədavətəngiz  olmayıb,  bəlkə  həqiqəti  faş  etməklə  bir  asan  yol,  bir 
müstəqilzadır. 
Ey Həyatçılar! Və ey İrşadçılar! Hər kəsdə nə nəqs, nə eybi var isə, özünə 
faş  edin,  tainki  o  eybdən,  o  nəqsdən  müvərra  olsunlar.  Millətin  ehtiyaclarını, 
dərdlərini  tənqiddən  keçirib  ona  ayinə  olun.  İntiqaddan  əl  çəkməyiniz,  çünki 
tənqidsiz  heç  bir  sənəd  heç  bir  hirorət  tərəqqi  etməmişdir.  Göstərin  ki,  müsadeyi 
əfkaridən nifaq degil, həqiqət, səadət və rəqqi çıxar». 
Cəhalətin, geriliyin üzə çıxardığı ağrılar Məmməd Əminin yazılarından bir 
inilti kimi qopur. Millətin cavanları əyri yola düşüb el-oba dərdi çəkmirsə, əyyaşlıq 
və kefcilliklə məşğul olursa, xalq fəlakətə sürüklənmirmi? 
Aydın  fikirli  ziyalılarımızın  hamısı  o  illərdə  xalqı  avamlıq  və  gerilik 
bataqlığından  dartıb  çıxarmağa  çalışırdılar.  Əsrin  əvvəllərində  yaşayan  az  qələm 
əhli  tapılar  ki,  bu  dərddən  içərisi  narahat  olmasın,  alovlanmasın.  Bu  ağrıya  hələ 
ötən  əsrdə  məruz  qalan  ziyalılarımızdan  biri  —  Həsən  bəy  Zərdabi  min  bir 
müşkülatla «Əkinçi» qəzeti çıxarıb şikayətlə deyirdi: «Bəli, biz hamımız quluq və 
buna  səbəb  bizim  ata-baba  adətləridir.  Xülasə,  Məşriq-Zəmində  azadlıq 
olmadığına, biz Avropa əhlindən geri qalırıq». 
Əsrin əvvəllərində isə əksər ziyalılarımız üzünü xalqa tutub uca səslə, bağrı 
yanıqlı halda deyirdi: «Ey müsəlman qardaşlarım!» Yəni bu müraciətlə bildirmək 
istəyirdi  ki,  başın  üzərində  fəlakət  dolaşır.  Düşdüyün  bəladan  qurtarmaq  yolunu 
tap.  Cəmi  xalqlar  azadlığa  qalxır,  inkişafa  başlayır,  sən  isə  yatmısan.  Ayılıb 
ətrafına nəzər sal, gör ki, aləmdə nələr baş verir, hansı tufanlar qopur, dəyişikliklər 
gedir.  Ayılıb  birdəfəlik  anla  ki,  niyə  səni  saymayır,  istismar  alətinə  çevirirlər, 
torpağının var-dövlətini özgələr yeyir, sən isə aclıq və səfalət içində inildəyir, bir 
kəlmə də olsun demirsən. Sanki bunu qəbul olunmuş qayda kimi qəbul edirsən! Aç 
gözlərini, diqqət et aləmə! Min bir dərdə mübtəla olmuş xalqın halına doğrudan da 

20 
 
yanıb  acılasıdır.  Özgə  əsarətində  sürünməyin  nəticəsi  deyilmi  bu?  Oğurluq, 
quldurluq,  yalan  danışmaq,  adam  öldürmək,  cib  kəsmək,  yoldan  keçəni  soyub 
pulunu almaq və başqa çirkinliklər adamların çoxunun qanına  hopmuşdu və çətin 
bu  xoşagəlməzlikdən  yaxa  qurtarmaq  mümkün  olaydı.  Elə  bunun  ucbatından 
Avropa  ölkələrində  bu  xalqı  azadlığa  layiq  görmürdülər.  Onlar  «islamidir, 
vəhşidir» deyirdilər. 
Məmməd  Əmin  kimi  ziyalılar  isə  bu  damğanın  ləkəsini  silib  aparmaqdan 
ötrü  adamların  öyrəşdiyi  xoşagəlməzlikləri—söz  gəzdirməyi,  ara  vurmağı, 
yalançılıq  etməyi,  oğurluğa  qurşanmağı  bir  kənara  atmağa  çağırırdı.  Ağrılı-ağrılı 
yazırdı: 
«...Oğurluq,  yalan  danışmaq,  yalan  yerə  şəhadət  vermək,  yalan  yerə 
divanxanalarda  «qurani  şərifi  ehtiramdan  salmaq,  yol  kəsmək,  cibgirlik,  nahaq 
qanların tökülməsinə mübaşir və səbəb olmaq, qumar oynamaq, şərab içmək, zina 
etmək,  böhtan  demək,  xəbərçilik—yəni  iki  müsəlman  arasında  fəsad  salmaqdan 
ötrü  söz  gəzdirmək  özgələrinin  malın  batil  vədhi  ilə  yemək  və  başqa-başqa 
insaniyyət  hüdudundan  kənar,  bəlkə  hamısı  biz  əhali  milləti  islamda  görünməsi, 
belə  ki,  dövləti  həbsxanalarda  əgər  beş  nəfər  xaricdəndirsə,  yüzlərlə  bizdəndir. 
Bizləri ənzari mələt, xaricdə vəhşi insaniyyət libasında ari bir şey hesab edirlər». 
Məmməd  Əmini  getdikcə  narahat  edib  ağrıdan  milliyyət  məsələsidir. 
Millətinin  hüquqsuz,  qolu  bağlı  qula  çevrildiyini  indi  o  daha  aydın  başa  düşür  və 
bu  dərdləri  açıb  izah  edən  yazılarında  son  dərəcə  qəzəbli  və  qəti  fikirli  olur. 
Milliyyət  mövzusundakı  yazılarında  bir  sözü  daha  kəskinliklə  işlədir:  istibdad. 
Yəni  bir  nəfərin,  yaxud  bir  qrupun  kefi  istədiyi  kimi  xalqı  idarə  etməsi.  Bu  ən 
zülmkar  bir  siyasətdir,  adamları  mənəvi  böhrana  sürükləyib  məhv  edir.  Bu,  ən 
qorxulu imperiya siyasətidir. İstəyini, arzusunu qırıb çilik-çilik edəndən sonra xalqı 
məhv  etməyə  nə  var  ki?  Yaxud  xalqın  doğma  dilində  məktəbin  olmaması, 
cəmiyyət açmağına, qəzet çıxarmağına icazə verilməməsi onun mənən ölümə gedib 
çıxması deyilmi? Xalqın ən zəif damarından yapışıb başını xırda işlərlə qatmaq və 
bu yolla öz hökmranlığını qoruyub saxlamaq çar imperiyasının başlıca siyasətidir. 
Hələ  XIX  əsrin  əvvəlindən  azərbaycanlıları  əsarətdə  saxlamağın  bütöv  bir 
sistemini hazırlamış çar imperiyası indiyə kimi də bu hazır «gediş»lərdən istifadə 
edirdi. Bəs nə idi bu «hazır gedişlər?» 
Ən  qorxulusu  müsəlmanların  məzhəb  ayrılığı—sünni,  şiə  söhbəti  idi.  Çar 
hökuməti azərbaycanlıların bu zəif yerindən bacarıqla istifadə edirdi. Lazım gələn 
anda  baş  qatmaq  üçün  bu  söhbəti  atırdı  ortaya.  Hətta  bu  işi  qızışdırmaq,  daima 
gərginlik  altında  saxlayıb  çəkişdirməkdən  ötrü  iki  ayrı-ayrı  idarə  yaratmışdı:  1) 
müftilik,  2)  şeyxül  islamlıq.  Tiflisdə  yaradılan  bu  idarələrin  yanında  «Ömər»  və 
«Əli» adları verilən məktəblər də açmışdı. 
Xalq  uzun  illər  boyu  mövcud  haqlardan  belə  məhrum  edilmişdi.  Şəhər 
bələdiyyə  məclislərinin  (Qorodskaya  duma)  yarıdan  çoxunu  -  əksəriyyət  təşkil 

21 
 
edən azərbaycanlılar deyil, başqa  millətlərin nümayəndələri təmsil edirdi. Bakıda, 
Gəncədə belə hallar mövcud idi. 
Çar  siyasəti  azərbaycanlıları  məhvə  aparırdı.  İstila  etdiyi  Qafqaziyada 
ikibaşlı siyasət oyunu oynayırdı. Qafqaziyadakı xristianlar orduya çağırıldığı halda, 
azərbaycanlılar bu hüquqdan məhrum idilər. 
Azərbaycan türkləri çar əsarəti altında inildəyib bütün hüquqlardan məhrum 
edilmişdi.  Əsrin  sonlarına  kimi,  onları  ana  dilində  nə  bir  məktəb  açmağa,  nə  də 
nəşriyyat  yaratmağı  qoyurdular.  (H.  Zərdabinin  «Əkinçi»  qəzetini  hansı  əzab-
əziyyət içərisində çap etməyi məlumdur). 
Çar  imperiyasının  Azərbaycandakı  siyasətində  bir  qorxulu  istiqamət  də 
vardı:  köçürmə.  Erməniləri  Azərbaycan  torpağına  doldurub  özünə  dayaq 
yaratmaqla yanaşı Rusiyadan və Ukraynadan buraya minlərlə adamlar göndərirdi. 
Yalnız  1833-43-cü  illərdə  Rusiya  və  Ukraynadan  köçürülənlərin  hesabına 
Azərbaycanda  15—20  kənd  yaradıldı.  Altıağac,  Mərəzə  kəndləri  1840-cı  ildə 
Astraxanka, Andreyevka, Slavyanka yaşayış yerlərini qurdu. Yalnız ötən əsrdə belə 
süni  yolla  məskunlaşdırılan  rus  mühacirlərinə  43861  hektar  Azərbaycan  torpağı 
ayrılmışdır. 
Bu  siyasətin  hansı  məqsədə  yönəldiyi  aydın  idi.  Azərbaycan  türkləri  öz 
doğma ocağından uzaqlaşsın, imperiyanı müdafiə edən qüvvələr bu mühüm strateji 
və iqtisadi əhəmiyyəti olan torpaqda məskunlaşsınlar. 
Azəri türkləri belə qorxulu oyuna məruz qalıb məhv olmaq təhlükəsində idi. 
İndi  ağrılarından  yazdığı  milliyyətin  faciəsini  yaxşı  görürdü.  Bu  qüvvətli 
selin qarşısını necə  kəsməli? Necə  etməli  ki,  getdikcə  coşub məcrasına  sığmayan 
dəli axınla sel milləti yuyub aparmasın. 
Budur,  Məmməd  Əmin  xalqının  düçar  olduğu  imperiya  zülmünə  etirazını 
bildirir, onun əsl simasını açıb xalqa çatdırır: 
«Rusiya  məmləkətində  hökm  sürən  istibdadın  ən  qədim  və  köhnə  olan 
üsullarından  biri  budur  ki,  istibdad  (yəni  bir  nəfərin,  yaxud  bir  dəstənin  keyfi 
istədiyi  kimi  ilən  idarə)  özünə  tabe  olan  millətləri  bir  növ  ilə  yağılaşdırıb  və 
tutuşdurub və belə müxtəlif millətlər arasına ziddiyyət və düşmənçilik salırdı...» 
Daha  sonra  Məmməd  Əmin  siyasətin  əsl  mahiyyətini  konkret  faktlarla 
göstərir.  Yazır  ki,  imperiya  öz  hökmranlığını  qoruyub  saxlamaqdan  ötrü  heç  bir 
vasitədən  çəkinmir.  Polisiv  köməyi  ilə  qətl  və  qarətlər  düzəldib  araya  nifaq  salır. 
Çünki belə olanda xalqın başı qarışır və o əsl düşməni ilə mübarizə apara bilmir. O 
zaman  hökumət  əziyyət  çəkmədən  sakitcə  hökmranlığını  davam  etdirir,  camaatı 
əsarətdə  saxlayır.  Məmməd  Əmin  bir  məsələyə  də  diqqət  yetirməyi  unutmur. 
Xalqın  öz  içərisindən  olan  satqınları  daha  təhlükəli  sayır.  Belə  adamlar  şəxsi 
mənafeyi  naminə  camaata  xəyanətlər  edir,  millətə  əzab  verirlər.  Və  haqlı  olaraq 
belələrini  «öz  millətini,  qövmini,  hər  bir  əfz  və  namusunu  satan  rəyispər» 
adlandırır. Bu «rəyispər»lə qarşı-qarşıya durmaq daha qorxuludur, çünki o sənin öz 
içərindən çıxıb. 

22 
 
Məmməd Əmin imperiya siyasətini ifşa edib aşağıdakı sübutları göstərir: 
«...Məktəblərdə,  hökumət  divanxanalarında,  məhkəmələrdə  qeyri-ictimai 
dairələrdə  ancaq  rus  dili  gərək  işlənsin,  tamam  ibadətgahlar  gərək  rus  ortodoks 
kilsəsinə mütih olsun və hərgiz, hər bir surətdə olsa da «basurmanlara» yadlara heç 
bir  milli  müsaidələr,  məsəla  ana  dilində  məktəb  açmaq,  cəmiyyəti-xeyriyyələr, 
geşadi  və  qəzetələr  nəşrinə  izn  verilməsin,  özgə  millətlər  hər  bir  padşahlıq 
qulluqdan, böyük qulluqlardan məhrum edilsin və bunların hamısından bu firqənin 
məqsədi  odur  ki,  bacardıqca  Rusiya  dairəsində  olan  millətləri  ruslaşdırıb, 
bacardıqca Rusiyanı qeyri məzhəblərdən paklandırsın». 
Bu  fikirləri  işıqlandırıb  qəzet  səhifələrinə  çıxaranda  iyirmi  iki  yaşı  vardı 
Məmməd  Əminin.  Və  bu  yaşda  imperiya  məmləkətinin  iti  caynağına  ilişib  əsir 
yaşayan xalqının ağrıları ilə yaşayırdı. 
Az sonra etiraz səsini daha da ucaldır. Xalqını əsarətdə saxlayan ünvana üz 
tutur,  onun  daha  eybəcər  xarakterindən  danışır.  Və  bu  sözü  rəngsiz-boyasız 
sözlərlə, sərt bir halda deyir: 
«Bizim Rusiya hökuməti boş vədlər verməyə qoçaqdır». 
1906-cı  ildə,  iyirmi  iki  yaşı  olanda  «Hümmət»  təşkilatının  «Təkamül» 
qəzetinə redaktorluq edirdi. 
1907-ci ildir. Məmməd Əminin iyirmi üç yaşı var... 
Bu  dövrkü  yazılarında  şikayətlənib  bir  fikir  də  söyləyir.  Deyir  ki,  camaatı 
idarə  etmək  elə  adamlara  tapşırılmalıdır  ki,  onlar  bu  işi  bacarsınlar.  Çünki 
çoxlarının işi bacarmamağı ucbatından xalq əzab çəkir, köməksiz vəziyyətdə qalır. 
«Cəmaət  işinin  başında  oturanlar»  vəzifələrini  layiqincə  yerinə  yetirib  aşağı 
təbəqələrin himayəçisi olmalıdırlar. 
Bu  dövrdə  Məmməd  Əminin  diqqət  yetirdiyi  başlıca  məsələ  hürriyyətdir. 
İşıqlı və  parlaq səslənən bu söz  çar Rusiyasında  necə  görünür? Və  ümumiyyətlə, 
monarxiya  üsul-idarəsində, imperiya rejimində bu sözün işlənməsi düzgündürmü? 
Çünki  Rusiya  idarəsinin  rəhbərləri  gözdən  pərdə  asıb,  adamları  aldatmaqdan  ötrü 
ağız dolusu hürriyyətdən danışırlar. Məmməd Əmin iti müşahidə və dərin məntiqli 
yazıları ilə Rusiyadakı hürriyyətin məzmunundan danışır, adamları əsl-həqiqətdən 
agah edir. Rusiyanın yuxarı dairələrinin hürriyyət sözünü işlətməyinin başaldadıcı 
oyun olduğunu deyir. 
Bu  yalnız  kağızlarda  yazılıb  həyatda  heç  zaman  görünməyən  bir 
hürriyyətdir.  Hürriyyət  belə  olmur.  Hürriyyət  azad  olmaq  deməkdir.  Lakin  gəlin 
görək  mövcud  qanunlar  daxilində  bu  mümkündürmü?  Hürriyyət  yalnız  quru 
sözdən  ibarət  deyil.  O  həyatda  əməli  halda  görünməlidir.  Hürriyyətin  mənası 
dərindir.  O,  həyatın  insan  fəaliyyətinin  müxtəlif  sahələrində  görünməlidir.  Bu 
sözün işığı o qədər qüvvətli və parlaqdır ki, üstündəki qaranlıq pərdəni götürəndə 
bütün zülmətlərə işıq saçır. Rusiyada hürriyyət yoxdur. Buradakı hürriyyət qaranlıq 
pərdəyə  bürünüb  və  hökumət  heç  zaman  onun  işığını  camaata  göstərməz.  Çünki 
hürriyyət işığını görüb gözlərinə nur, qollarına qüvvət yığan adamlar ayağa qalxıb 

23 
 
ilkin olaraq bu işığın qarşısını tutanları yox edəcəklər. Bəs bu adamlar kimlər idi? 
Mövcud  hakimiyyəti  əlində  saxlayan  çar  və  onun  məmurları.  Deməli,  bu  halda 
hürriyyətdən danışmaq boş və mənasız bir şeydir. 
Məmməd  Əminin  fikrincə  beş  formada  hürriyyət  var:  Birincisi—söz 
azadlığı;  ikincisi—mətbuat  azadlığı;  üçüncüsü—cəmiyyət  və  ittifaq  azadlığı; 
dördüncüsü—vicdan  azadlığı;  beşincisi—malın  və  canın  mühafizə  olunması 
azadlığı. 
Məmməd  Əmin  böyük  ağrı  ilə  belə  bir  azadlığın  Rusiya  məmləkətində 
olmadığını  deyir.  Söz  azadlığı  insanın  öz  fikrini,  düşündüklərini  qorxub 
çəkinmədən,  kimsədən  ehtiyat  etmədən  açıb  danışması  deməkdir.  Yaşadığı 
mühitdəki  nöqsanları  danışmalı,  səbəblərini  başa  salmalısan.  Hansı  işlərdə  narazı 
qaldığını  açıq-aşkar  bəyan  etmək  hüququn  olmalıdır.  Cəmiyyətdə  baş  verən 
bəlaların hardan axıb gəldiyini və nəhayət, bunun nicat  yollarını xalqa deməlisən. 
Bu  qaydaların  mövcudluğu  şəraitində  söz  azadlığı  mümkündür:  Rusiyada 
hökmranlıq edən sistem isə bunun əleyhinədir. Səsini azca ucaldıb, həqiqət sözünü 
azca hündürdən demək istəsən, polisin qəzəbli ayaq taqqıltılarını eşidəcəksən. Açıq 
fikir təbliğ etmək üstündə çarın buzlu şimala göndərdiyi adamlar az idimi? 
Məmməd  Əmin  Rusiya  məmləkətində  yalnız  adı  çəkilən,  əslində  olmayan 
söz azadlığı haqqında yazırdı: 
«İndi  görək  ki,  hürriyyəti-kəlamın  nəfi  (xeyri)  nədir.  Bunu  yaxşı 
qanmaqdan  ötrü  bir  neçə  misal  gətirəlim.  Məsələn,  bir  şəxs  keçən  müdhiş  rus-
yapon  qırğınında  camaatın  canına,  malına  ziyan  və  zərər  olmasını  qanıb  xalqı 
davadan qabaq başa salmaq istəsə idi, onu haman saat tutub cəzalandırardılar. Və 
yainki  indiki  zamanda  Rusiyanın  kəndləri  aclıq  bəlasına,  fəhlələri  işsizliyə, 
hibubaşın (ərzağın) və ən çox camaata lazım olan şeylərin ki, qənd, neft, tənbəki, 
çay və qeyriləri hesab olunurlar, bahalanmasının səbəbi kim və nə olduğunu qana 
və camaata başa salıb onlara çarə öyrətmək istəsə, haman saat Bilqeysin təxti kimi 
(Bilqeys—Yəməndə Səba şəhərinin hakimi) yox olacaq. Bir də xəbər tutacaqsınız 
ki, Sibirin filan şəhərindən xəbər gəldi...». 
Məmməd  Əmin  Rusiyadakı  söz  azadlığının  ümumi  mənzərəsini  belə 
yekunlaşdırır: 
«Zakonların zahirinə baxırsan görürsən ki, bəli, yaxşı şeyə oxşayır. Amma 
içləri allah göstərməsin! Xülasə, bizdə bu tövr tilsimli sözlər çoxdur». 
Məmməd  Əminin  fikrincə  hürriyyətin  mövcudluğunu  şərtləndirən  ikinci 
amil  mətbuat  azadlığıdır.  Mətbuat  azadlığı  o  vaxt  mümkündür  ki,  hər  kəs 
yazdıqlarını kiminsə maneçiliyi olmadan çap edə bilsin
Bu haqda belə yazırdı: 
—  Hürriyyəti-mətbuat  barəsində  çox  danışmaq  lazım  deyildir,  çünki  bir 
şəxs bir şeyi ki, bildi, haman şeyi kağıza da yazacaq, dildə də deyəcəkdir». 
Məmməd  Əmin  hürriyyətin  üçüncü  əlamətini  cəmiyyətlərin  və  ittifaqların 
yaradılıb sərbəst fəaliyyət göstərməyində görürdü. Cəmiyyətlərin yaradılmağı nəyə 

24 
 
görə vacib idi? Çünki adamların toplaşmaq yeri olardı və burada onlar siyasi fikir 
mübadiləsi edib, dərdlərini danışardılar. İttifaqlar da azad fəaliyyətə başlamalıydı. 
Müxtəlif sənət sahiblərinin öz ittifaqları olmalı idi.  Lakin bu dövlətin  mənafeyinə 
zidd olan, onun hökmranlığına maneçilik törədən qüvvələr idi. 
Məmməd Əmin elə buna görə sərt həqiqəti yazırdı: 
«Hürriyyəti-ittifaqı və cəmiyyəti də dövlət heç sevmir. Hürriyyəti-cəmiyyəti 
ona görə sevmir ki, o bilir ağıl-ağıldan üstün olar. Adamlar bir yerə yığışanda bir-
birinin  dərdindən  xəbər  tutub  bir  yerdə  öz  dərdlərinə  əlac  axtaracaqlar.  Onda 
bunların qabağında davam eləmək olmaz...». 
Hürriyyətin  dördüncü  əlaməti  vicdan  azadlığıdır.  Rusiya  məmləkətində 
zorakılığa  əsaslanan  qanunlar  insanın  düşüncəsini,  əqidəsini,  məzhəbini  də 
zəncirləmişdi. Kimsə öz əqidəsini başqasına zorla sirayət etdirməməlidir. Kiminsə 
məzhəbi  o  birindən  üstün  tutulmamalıdır.  Kimisə  məcburi  hansısa  təşkilata,  ya 
ittifaqa  salmaq  məcbur  deyil.  İnsan  azad  olmalıdır.  Məmməd  Əmin  haqlı  olaraq 
Rusiyanın bununla  bağlı qüsurlarını tənqid edir. Göstərir ki, istək olmadığı  halda 
qırğızın  adını  dəyişib  İvan,  ya  Pavel  qoymaq,  yaxud  onun  müsəlmanlığını  inkar 
edib xaçpərəst dəftərinə yazmaq adamları və xalqı təhqirdir. Hər şəxs əqidəsinin və 
düşüncəsinin, məzhəbinin və fikrinin azadlığına sahib olmalıdır. Bu adicə sahiblik 
hüququ  deyil,  onun  yaşamaq  haqqıdır.  Din  fərqinə  varmaq,  saxta  qanun  gücünə 
inandığından  üz  döndərməyə  məcbur  etmək,  bu  insanlıq  haqqının  tapdanmasıdır. 
Burda hansı vicdan azadlığından söz açıla bilər? 
Məmməd Əmin yazırdı: 
«Fikir, əqidə və məzhəb ürəkdə olan şeydir və onu da aradan nə həbs və nə 
öldürmək  ilə  çıxardıb  atmaq  olmaz.  Adamı  öz  əqidəsindən  çıxartmaq  olar,  ancaq 
söz ilə və o əqidənin puç olmağını ona qandırmaq ilə. Məsəla, bu ona oxşayar ki, 
dəvəni  götürüb  qoşasan  karetə  və  ayaqlarını  da  bir  cür  bağlayasan  ki,  at  kimi 
yerisin,  deyəsən  ki,  bu  atdır,  vəhalanki,  dəvə  faytona  qoşulub  da  dəvəliyində 
baqidir». 
Beşincisi, malın və canın mühafizə olunmasıdır. 
Hürriyyətin  digər  bir  əlaməti  şəxsiyyətin  toxunulmazlığıdır.  Hər  kəsin 
hüququ  qorunmalı,  şəxsiyyətinə  və  heysiyyatına  toxunulmamalıdır.  Dövlət  buna 
ciddi  təminat  verməlidir.  Heç  bir  günah  sahibi  olmadığın  halda  müqəssir  sayılıb 
tutulmamalısan,  yaxud  dövlət  tərəfindən  cəzaya  məruz  qalmamalısan.  Mühakimə 
olunmadan, müqəssirliyin sübuta yetmədən sən toxunulmazsan. 
Bu hüququn da Rusiyada tapdandığı haqda Məmməd Əmin yazırdı: 
«...Məsəla, indi bizim Rusiyada adət olub, görürsən ki, evində oturmusan və 
heç  bir  şeydən  xəbərin  yox,  jandarm  əhatə  edib  axtarmaq  istəyir.  Və  yainki 
görürsən  ki,  küçədə  gedən  yerdə  bir  neçə  jandarm  gəlib  səni  tutdu  ki,  sən 
bədgüman  adamsan,  öz  bədgüman  olmamağını  sübut  edincə  bir  neçə  ay  çəkir  və 
özün də həbsdə qalırsan». 

25 
 
İyirmi  üç  yaşlı  Məmməd  Əmin  Rəsulzadə  yaşadığı  cəmiyyətdə  olmayan 
hürriyyəti belə görürdü. 
Elə o yaşlarında da belə qənaətə gəlir ki, xalqı bu bəlalardan yalnız inqilab 
qurtara bilər. Çünki hökumət qoşunları hürriyyətə ziddir, insanın yaşamaq haqqını 
boğur,  olan  qanunlar  isə  fəaliyyətdən  düşüb.  Dövlət  idarələrindən  haqqını  tələb 
etmək,  işin  düzələcəyinə  ümid  bağlamaq  mənasızdır.  Və  qəti  bir  tərzdə  deyirdi: 
«Yalvarmaq,  yaxarmaq,  kağızları  qaralayıb  divanxanaları  gəzmək  ilə  bizim 
dərdimizə çarə olmaz».... 
İyirmi  üç  yaşlı  Məmməd  Əmin  mövcud  yaşayış  tərzinin  kökündən 
dəyişilməyi  istəyindədir.  İçərisində  baş  qaldıran  mübarizə  ehtirası  alovlanır,  onu 
xalqın düşdüyü fəlakətdən qurtarmağa səsləyirdi. İnqilabi ruhlu, hürriyyət çağırışlı 
yazılar  yazmaq,  siyasi  işlər  görmək  indi  onun  adi  yaşayış  tərzinə  çevrilib.  Bu 
yoldan  geri  çəkilməyi  qeyri-mümkündür.  Yüksək  əqidə  sahiblərinin  hamısının 
tutulduğu,  yaxşı  mənada  başa  düşülən  ideya  fanatikliyi  və  bu  fanatikliyin  axırda 
gəlib son fikrə söykəndiyi «ölmək var, dönmək yox» prinsipi Məmməd Əminin iş 
fəaliyyətinə çevrilib. 
1908-ci  ildir.  İyirmi  dörd  yaşlı  Məmməd  Əmin  bir  istəklə  çırpınır.  Xalqın 
ziyalıları,  iş  görməyə  qadir  olan  bütün  adamları  bir  hədəfə  vursunlar. 
Mədəniyyətin, ümumi inkişafın yolu məhz bu birlikdən başlayır. Hərənin bir yana 
çəkilməsi  xalqı  parçalayır,  onu  gücdən  salır.  Yalnız  birlik  bu  yoldakı  çətinlikləri 
dəf etmək qüdrətindədir. 
Məmməd Əmin həyatın ləngliyindən, hər yanda ətalətin, durğunluğun hökm 
sürməyindən narahatdır. Yaşadığı həyat onu sıxır, yaşadığı mühitin ölgünlüyündən 
tam bezmiş haldadır. Ölkün şəraitdən yaşamaq ləzzəti almaq olar ki? 
İyirmi  dörd  yaşda  gördüyü  haqsızlıq  çirkabı  təmizlənmir  ki,  təmizlənmir. 
Üfunət qoxulu bu həyatın hər yerindən rüşvətxorluq yağır. Bakı şəhər duması xalqı 
aldatmaq işi ilə məşğuldur. Şəhəri idarə edənləri camaatın halı əsla düşündürmür, 
narahat etmir. Hamısı ciblərini pulla doldurmaqla məşğuldur. 
Və nəhayət, iyirmi dörd yaşa qədər gördüyü, şahidi olduğu, müşahidə etdiyi 
çirkin  həyatı  təhlildən  keçirib  bu  hökmü  verir:  «Həmişə  zillətdə  qalmaqdansa, 
birdəfəlik ölmək yaxşıdır». 
Sonrakı  mübarizə  illərində  —  1908-ci  ilin  dekabrında  gəldiyi  bu  qənaəti 
ömrünün  sonuna  kimi  əlində  əsas  tutdu,  özünün  həyat  amalına  çevirdi.  Sürünə-
sürünə  yaşamağı  qəbul  etmədi  və  ağrılı-acılı  bir  həyat  sürməyə  məcbur  oldu. 
Ömrünün  sonrakı  illərində  də  ona  «çəkil  bir  yana,  sakitləş»  deyənlər  az  olmadı. 
Amma  o,  əqidə  adamı  idi  və  bu  yoldakı  təhlükələri  əridib  yox  etməyə  qadir  idi. 
İstəyinə  çatmaqdan  ötrü  son  nəfəsinə  kimi  çarpışdı  və  xalqı  zillətdən  qurtarıb 
işıqlığa çıxarmaq üçün ürəyini məşələ döndərib başı üzərinə qaldırdı, qaranlıqları 
yara-yara  irəlilədi.  Bu  ürək  məşəlinin  alovu  haralarda  görünmədi?  İranda, 
Türkiyədə,  Polşada,  Almaniyada,  Rumıniyada  bu  ürək  alovlanıb  işıq  saçırdı, 
azadlıq  və  istiqlaliyyət  sevgisi  ilə  içəriləri  təşnə  olub  yanan  Azəri  türklərini 

26 
 
yaşadır, ümid və inamlarını artırırdı. Bir parça çörəyə möhtac olanda belə ruhdan 
düşməyib son arzusuna doğru yol gedirdi. Bu qərib və tənha yolda xalqı əsarətdən 
qurtarmaq  istəyi  içərisinə  güc  verir,  başı  üzərində  alovlandırdığı  ürək  məşəlini 
sönməz edirdi. Hələ iyirmi dörd yaşında qəbul etdiyi «həmişə zillətdə qalmaqdansa 
birdəfəlik ölmək yaxşıdır» sözünə ömrünün axırına kimi—1955-ci ilin baharına on 
altı gün qalana qədər sadiq oldu. 
1908-ci  ilin  dekabr  ayında  M.  Ə.  Rəsulzadənin  «Qaranlıqda  işıqlar»  pyesi 
tamaşaya  qoyuldu.  Yazdığı  bu  əsərdə  də  istiqlaliyyət  uğrunda  mübarizəni  təbliğ 
edirdi. Elə həmin ildə daha bir pyes—«Nagəhan bəla»nı yazır. 
Bu  dövrdə  apardığı  inqilabi  mübarizədə  milli  istiqlaliyyət  fikrini 
formalaşdırır, Azərbaycana «muxtariyyət» ideyasını irəli sürürdü. 
Belə «qorxulu» fikirlər təbliğ edən adam diqqətdən kənarda qala bilməzdi. 
İmperiya  qılıncı  korşalmamışdı  və  istənilən  vaxt  qalxıb  enə  bilirdi. 
Müstəmləkə  rejimini  qoruyub  saxlamağa  qadir  olan  bu  qüvvənin  sarsılmağına, 
çürüyüb yıxılmağına hələ müəyyən müddət gərəkdi. 
Çar  üsul-idarəsinin  müdafiəçiləri  bu  «qorxulu»  adamı  təqibə  başladılar. 
Məmməd Əmin Rəsulzadə doğma yurdunu tərk etmək məcburiyyətində qaldı. 
Bu zaman ömrünün iyirmi dördüncü ilini başa vururdu. 
Təqibdən yaxa qurtarıb pənah apardığı yer İran torpağı oldu. 
Bir  ağrı.  1907-ci  ildən  başlayaraq  Çar  Rusiyası  hər  cür  azadlığı  boğmaq, 
açıq  fikirli  adamları  həbs  etmək  yoluna  qədəm  qoydu.  Bu  zərbəni  daha  çox  hiss 
edən  Azəri  türkləri  idi.  Çar  üsul-idarəsi  bu  adamların  Türkiyəyə  meylindən,  xalq 
arasında  İslam  bayrağı  altında  türk  birliyi  fikrinin  təbliğindən  qorxurdu. 
Pantürkizm  idealı  Rusiyadakı  türklər  arasında  kök  atıb  yayıla  bilərdi.  Despot 
üsuluna  keçən  çar  imperiyası  öncə  türkləri  əzməyə  başladı.  Despot  rejiminə 
başçılıq  edən  Stolıpin  imperiyanın  türk  dünyasına  olan        münasibətini  belə 
bildirirdi: 
«Rusiya  müsəlmanlarının  bir  dildə  qonuşan  türk  xalqına  mənsub  olmaları 
heç  bir  zaman  nəzərdən  uzaq  tutulmamalıdır.  Müsəlman  burjuaziyasının  istiqlalçı  
pantürkizm ideolojisi ilə zəhərlənməsi önlənməlidir».   
 
  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə