Gedənlərin ağrısı. Versal müqaviləsinə gedənlər elə ilk günlərdən
çətinliklə qarşılaşmışdılar. Əvvəlcə nümayəndə heyətini konfransa buraxmaq
istəməmiş, günlərlə gözləməyə məcbur etmişdilər. Sonradan bunun səbəbi də
müəyyənləşmişdi. Məlum olmuşdu ki, fransızlar Bakıdan gələn nümayəndələrə
ingilis müstəmləkəsindən gələnlər kimi baxırlar. Sonradan nümayəndə heyəti ciddi
danışıqlar aparıb Parisə getmək icazəsini almışdı. İşin belə həlli zamanı daha bir
xoşagəlməz hadisə baş vermişdi. Həmişə əlində hazır bıçaq tutub onu
azərbaycanlıya vurmaq istəyən ermənilər yenə qazan qaynatmışdılar. Fransızca
88
çıxan erməni qəzeti Əhməd bəy Ağa oğlunun əleyhinə əks təbliğat kompaniyasına
başlamışdı. Əhməd bəy Ağa oğlunu Türkiyə parlamentinin üzvü, türk qəzetlərində
«müttəfiqlər» əleyhinə çoxlu məqalələr yazmış jurnalist kimi təbliğ edib nüfuzdan
salmağa çalışırdılar. Çünki bilirdilər ki, "Əhməd bəyin çox geniş diplomatik
ustalığı, siyasi uzaqgörənliyi, danışıqları məharətlə aparmaq bacarığı var. Xain
ermənilər bunu yaxşı bilirdilər. Və həmişə özgələrin kölgəsinə sığınmağı bacaran
bu adamlar indi də fransızlara «əmi» deyib, azərbaycanlıları gözdən salmağa cəhd
edirdilər. Xəyanət öz işini görmüşdü. Əhməd bəy Ağa oğlunu danışıqda iştirak
etməyə qoymamışdılar. Əhməd bəy Ağa oğlunun əslən qarabağlı olması və
Azərbaycan partamentinin deputatı seçilməsini təsdiq edən sənədlərlə yanaşı,
Tomsonun verdiyi zəmanətin də göstərilməsindən bir fayda çıxmamışdı.
Ermənilərin xain zərbəsi ucbatından nümayandə heyəti çətin vəziyyətə düşmüşdü.
...Bütün bunları Məmməd Əmin Rəsulzadə Əli Mərdan bəy Topçubaşovun
Azərbaycan hökumətinə (mart ayında) göndərdiyi məktubdan öyrənmişdi.
Ermənilərin xəyanətkarlığı onu və bütün nazirləri dilxor etmişdi.
...Amma həyat davam edirdi.
Azərbaycan xalqı Azərbaycan Demokratik Respublikasının üç rəngli
bayrağı altında azad həyat yaşayırdı.
Vətən varsa mən də varam! Vətən nəfəs alıb yaşayırsa, mən də yaşayıram.
Vətənsiz yaşamağı neyləyirəm ki! Vətənsiz də insan olarmı? Vətənsiz insan həyat
ləzzəti anlamaz! Daim içərisi ağrı ilə kəsilər, əzab-əziyyətdən yaxa qurtarmaz!
Vətənsiz insanın üzü gülsə də ürəyi qan ağlar. Vətənin olmağından ötrü bəs nə
gərək? Onu qorumaq, keşiyini çəkmək, yadlar hücumundan xilas etmək, başı
üzərində kiminsə qılıncının parlamağına imkan verməmək. Və nəhayət, onun
yolunda can əsirgəməmək, canı qurban vermək. Qurbansız, şəhidsiz Vətən azad
olarmı? Vətənin azadlığa gedən yolu şəhidinin, qurbanının içərisindən keçir.
Onların pak ruhu ilə Vətən istiqlaliyyətin qədir-qiymətini bilir. Vətən onlardan—o
pak ruhlu şəhidlərdən başlayır. Vətənin torpağı da, suyu da, havası da onların
istəklərindən, arzularından axıb gəlir. Bu həqiqətdir! Vətənin varlığını yaşadan
həqiqətdir! Vətən onda azad olur, zülmətlərdən qurtarır! Və sən o şəhidli, qurbanlı
Vətənə, o azad, başı üzərində istiqlaliyyət bayrağı dalğalanan Vətənə baxıb
deyirsən: nə qədər ki, vətəndəyəm diriyəm.
İndi mən diriyəm! Çünki vətənim azaddır. Vətənimin göylərində üç rəngli
bayraq dalğalanır. Çöllər, çəmənlər, güllər, çiçəklər bu bayrağın nuru ilə boy atır,
böyüyürlər. Bu bayraqdan adamların üzünə təbəssüm qopur, qəlblərinə sevinc axır.
Vətən azaddır, mən isə diriyəm! Vətənsiz diri də olmazdım, yaşamazdım!
Adamlar Azad Azərbaycanda xoşbəxt ömür-gün sürürdülər. Getdikcə
hamıda Vətənin bütövlüyü, onu parçalanmağa qoymamaq fikri möhkəmlənirdi. Bu
günə kimi adamlar, bütöv Vətən anlayışı işlətməmişdilər. Onlara görə vətən yalnız
doğulub boya-başa çatdığın kənddir, obadır. İmperiya əsarəti, amansız çar siyasəti
xalqın «bütöv vətən» anlayışını öldürmüşdü. İmperiyadan əvvəl isə adamlar
89
«xanlıqlar» xəstəliyindən yaxa qurtara bilməmişdilər. Qarabağ xanlığı, Şəki
xanlığı, Naxçıvan xanlığı... Bunlar əslində xanlıq deyildi, xalqın parçalanması,
dəstə-dəstə yaşayıb gücdən düşməsi idi. Elə bunun nəticəsi idi ki, çar qoşunları
Azərbaycana hücuma keçəndə iki xan bir-birilə işbirliyinə gələ bilmədi. Hərəsi
çəkilib bir yanda durdu. Tədbirli, siyasətcil düşmən hərəsini bir yolla təkləyib qanlı
İmperiya pəncəsinə keçirtdi. Bəli, birləşə bilmədi xanlıqlar. Birləşə bilmədilər və
məhv oldular. Çünki elə o zamanın özündə də «bütöv vətən» anlayışı yox idi. Bu
xalqın bostanına ela qara daş atmışdılar ki, neçə əsrlər idi yalnız parçalanmaq, bir-
biri ilə didişmək toxumu cücərdirdi. Xətai dövründə alovlanan «bütöv vətən» fikri
yaddaşlardan silinib getmişdi. Çar imperiyası isə özünün iyrənc oyunları, xatalı
hiyləgərlikləri ilə adamlarda vətən hissini öldürmüşdü.
...Budur, indi xalq azaddır. Xalqın azad qəzetləri, jurnalları «bütöv
Azərbaycan»dan danışır, onun şanlı tarixini, işıqlı keçmişini təbliğ edir. Adamlara
hər gün belə fikir çatdırırlar: sən nə qarabağlısan, nə naxçıvanlı, nə şəkili, şirvanlı,
sən azərbaycanlısan! Bu adı həmişəlik yaddaşında saxla və onunla fəxr et!
Məmməd Əmin Rəsulzadəni indi bir məsələ narahat edirdi: milli ordunun
Bakıya gətirilməsi. İngilislərin danışığından belə məlum oldu ki, onlar milli
ordunun Bakıya gəlməyinə etiraz etmirlər. Az sonra isə məqsədlərini açıq etiraf
edəcəkdilər ki, Bakıdan çıxıb gedirlər. İngilislərlə razılaşandan sonra ordunun
Bakıya gəlməyinə göstəriş verdilər. (Çünki Tomson yalnız türklərin deyil,
Azərbaycan ordusunun da çıxıb getməyinə göstəriş vermişdi.)
Budur, indi milli ordunun yenidən Bakıya gəlməyinə razılıq alınıb. Sabah
Azərbaycan əsgərləri Bakıya gəlir.
1919-cu il aprelin 4-ü idi.
Aprelin 5-nə, milli qoşunun Bakıya gələcəyinə lap az, cəmisi bir gün
qalırdı.
O isə qurduğu azad hökumətin milli qoşununu yaratmağın çətinliklərini,
hansı maneələrin üzə çıxdığını və indinin özündəki əngəlləri acı-acı xatırlayıb
düşünürdü.
...Rusiya imperiyasındakı türklər əsgərlik hüququndan məhrum idi. Yalnız
Volqa boyunda yaşayan türkləri əsgərliyə götürürdülər. Ona görə də Azərbaycanın
milli ordusunu yaratmaq söhbəti ortalığa çıxanda o, demək olar ki, anlaşılmaz
vəziyyətdə qalmışdı. Ordusuz hökumət olmazdı. Ordu hökumətin dayağı, onu
saxlayan qüvvədir. Mütləq ordu yaratmaq lazım idi.
Hələ 1917-ci ilin dekabrından Zaqafqaziya ərazisində ayrı-ayrı milli
korpuslar yaradılırdı: erməni, gürcü, müsəlman. Müsəlman korpusunda yeganə
nizami korpus — Birinci atlı tatar polku idi. Bu polku «dikiy» (vəhşi) diviziya
adlandırırdılar.
Hökumət elan ediləndən sonra Gəncəyə köçdülər. Batumda Türkiyə
nümayəndəliyi ilə danışıqlar aparanda əsas diqqəti milli ordunun yaradılmasına
yönəltmişdilər. Türklər köməklik göstərəcəklərini bildirmişdilər. Və qısa bir
90
zamanda Gəncəyə gələn kimi nizamlı qoşun yaratmağa başladılar. 1918-ci ilin 11
iyulunda türk komandanlığı 1894-99-cu illərdə anadan olanları əsgəri xidmətə
çağırır. Elə bütün çətinliklər, toqquşmalar, böhranlar da burda başlayır. Adamlar
indiyə kimi görünməmiş hadisə ilə qarşılaşırdılar: Əsgərlik! Neçə ay evindən-
eşiyindən ayrı düş! Kiminsə əmrində dayan, yarıac, yarıtox dolan! Bu kimə
lazımdır! Biz uşaqlarımızı əsgərliyə vermirik. Uşağımı gözümdən kənaramı
qoyacağam getsin? Uşaq saxlamışam ki, gedib güllə qabağında dayansın?
Adamlar belə deyirdi və uşaqlarını əsgərliyə vermək istəmirdilər. Vəziyyət
çox dözülməz, acınacaqlı idi.
Məmməd Əmin Rəsulzadənin sözü:
«Bu üzdən ordu təşkili azərbaycanlılar üçün pək müşkül bir iş oluyordu.
Fərəza, Rusiyadan ayrılmış Ermənistan və yaxud Gürcüstan hökumətləri nəşr
eylədikləri bir əmrnamə ilə filan sənəsində rus ordusunda xidmət eyləmiş nəfər və
zabitanı silah altına dəvət edincə on gün sonra yeni hökumətin ilk əsgəri-kadrosunu
təşkil edən, hərbüzərb görmüş, barıt qoxumuş bir qüvvət vücuda gəliyordu.
Azərbaycan isə bundan məhrum idi. Ordunu ordu edən zabitandır. Bu xüsusda dəki
Azərbaycan məhrumiyyəti-tammə içində idi. Rusiya ordusunda xidmət eyləmiş
zabitan pək məhdud idi...»
Türklər milli ordu yaradılmasında böyük işlər görürdü. Bu sahədə Nuru
paşanın böyük əziyyətləri vardı. Tez-tez əyalətlərə gedən Nuru paşa adamlarla
görüşündə həmişə bir şeyi—adamların uşaqlarını əsgərliyə verməsini təbliğ edir,
bunu zərurət sayırdı. Nuru paşa Gəncədə hərbi məktəb açdırmışdı. Hərbi məktəbdə
çoxlu fədakar azərbaycanlılar oxuyurdu.
Lakin orduda vəziyyət pis idi. Nuru paşa söhbətlərinin birində Məmməd
Əmin Rəsulzadəyə əsgər toplamağın çətinliyindən ağrılı-ağrılı danışmışdı. Türklər
Bakıdan gedəndən sonra bu işin daha qorxulu tərəfləri ilə toqquşmalı oldular.
Məsələn, əhalisinin səkkiz mindən çoxu müsəlman olan Bakıdan 5000 əvəzinə 800
adam əsgərliyə verilmişdi. O böyüklükdə Qarabağ general qubernatorluğundan
(yüz iyirmi min müsəlman əhalisi) 7200 əvəzinə, 1902 adam əsgərliyə
götürülmüşdü. Şamaxıdan 1800, Kürdəmirdən 930 adamı əsgərliyə götürmək
mümkün olmuşdu. Bakının kəndləri ilə müqayisədə bu iş daha qorxulu hal almışdı.
Adamlar nəinki etirazını bildirir, uşaqlarını vermirdilər, eyni zamanda gələn
adamlara hücumlar edir, xəsarət yetirirdilər. Qazax qəzasında ağır fəlakətlər
olmuşdu. Kəndləri gəzib əsgərliyə uşaq yığan bir starşinanı öldürmüşdülər.
Aslanbəyli, Kəmərli kəndlərində də hökumət və ordu nümayəndələrini yaxına
buraxmırdılar.
Dözülməz hallardan biri də ordudan qaçmaq idi. Hərbi nazir Səməd bəy
Mehmandarov gileylənib deyirdi:
«Əsgəri xidmətə çağırılanların hələ türklərin vaxtından ordudan qaçmaq
halları indinin özündə davam etməkdədir. Bunun da kəskin səbəbləri vardır: pis
yemək, geyimin, ayaqqabının verilməməsi və s...»
91
Lakin şərait çətin idi. Yüz ildən çox əsgəri xidmətdən məhrum olan xalqın
ağrısını bir günə, bir ilə sağaltmaq mümkün deyildi. Bundan ötrü vaxt,
uzunmüddətli zaman gərəkdi ...
Polkovnik Səlimov hökumətin adına verdiyi gizli raportda gileyli halda
yazırdı:
«...Demək olar ki, bütün əsgərlər Azərbaycanın əyalətlərində yerli əhalinin
hesabına dolanır, yarıac həyat sürürlər. Hətta belə böyük və varlı bir şəhər olan
Bakıda əsgərlərə yemək tapılmır. Nə polkun, nə diviziyanın, nə də korpusların
anbarları var. Əsgərləri həmişə «un şorbası» ilə yedirtmək olmaz ki! ...10-cu
polkun çoxlu əsgəri çəkməsiz və corabsızdır. Ordunu yeməksiz, paltarsız, atsız və
təchizatsız yaratmaq olmaz. Yarıac, paltarsız əsgər əlbəttə ki, evə qaçmaq
istəyəcək.
Özümə mənəvi borc bilərək aşağıdakı fikirlərimi çatdırıram:
1) Günün şüarı ancaq bu olmalıdır: hər şey ordu üçün.
2) Kağızda deyil, rəsmi şəkildə bir korpus yaratmaq lazımdır.
3) Belə bir korpusun yaradılması və təminatı üçün vəsait əsirgəmək lazım
deyil. Böyük Napaleon deyirdi ki, müharibə üçün üç şey lazımdır: 1—pul; 2—pul;
3—pul.
Ordunu yedirtmək, geyindirmək və bolşevikləri nəzərdən qaçırmadan hər
cür xəstəliklərdən qorumaq lazımdır».
..Polkovnik Səlimovun məlumatında acı həqiqətlər vardı. Lakin Məmməd
Əmin Rəsulzadəni ən çox ağrıdan Azərbaycanlı bolşeviklər idi. Orduda əks-
təbliğat aparır, cavanları qaçmağa sövq edirdilər.
Orduda təchizatın da pis olduğunu bilirdi. Amma nə etmək olardı?
Adamlardan məcburən pul yığmaq mümkün deyildi. Onsuz da məqam gözləyən
xain qüvvələr bundan istifadə edərdilər. Digər tərəfdən silah alınması da
çətinləşmişdi. İngilislər ikitərəfli oyun aparırdılar. Azərbaycanın müstəqilliyini
tanısalar da, milli orduya çox az silah satırdılar. Əsgərlərin yaşayış yerləri də pis
şəraitdə idi. Hər dəfə Mehmandarovla, ordu zabitləri ilə görüşəndə böyük inamla
onlara təskinlik verir, deyirdi ki, dözün, hər şey yaxşı olacaq. Az sonra
Azərbaycanın elə güclü ordusu yaranacaq ki, hamı ona həsəd aparacaq! Zabitlər
dözürdü hər çətinliyə! Mehmandarov böyük sərkərdə idi! Milli ordunun
möhkəmlənməyində çox xidməti vardı.
Ən çox giley-güzar ərzaqla təchizat sarıdan idi. Ucqar yerlərdə adamlar
ərzağı gizlədir, əsgərlərə vermirdilər. İndiyə kimi yazıq, avam Azərbaycan kəndlisi
harda eşitmişdi ki, əsgərə çörək lazımdır vermək, çünki o səni qoruyur. Kəndli
bilmirdi bunları. Bu düşüncədən məhrum idi. Ondan ötrü yalnız bir yaşayış
norması vardı: Azərbaycan kimin əlində olursa olsun, mənə dəxli yoxdur. Gündəlik
çörəyim tapılsın.
92
Adamlar belə yanlış əqidənin əsirinə çevrilmişdilər. Ona görə də əsgəri
sevmək, onu qorumaq, saxlamaq, bu sənin öz övladındır, keşiyini çəkir deyib
kəndlini inandırmaq müşkül iş idi.
...Şəraitin çətinliyi, xalqın düşdüyü vəziyyətin ağırlığı hamısı onun
içərisindən keçirdi. O bu hökumətin başçısı idi. Böyük iş götürmüşdü üzərinə. Bir
də belə gün üçün azmı əziyyətlər çəkmişdi! Elə bu gün üçün çalışıb ömrünün neçə
ilini qurban verməmişdimi? O gün gəlmişdi! Xalq azad idi! Amma azadlığı elan
etməklə xalq zülmət dünyasından xilas olmur. Xalqa azadlığı onun yaşayışında,
güzəranında göstərmək gərəkdir. Azadlığın ilkin qoruyucusu milli ordudur. Ordusu
olmayan xalq ağacın qırılıb düşməkdə olan yarpağına bənzəyir. Hər zaman küləyin
o yarpağı yerə salıb məhv etmək təhlükəsi var. O yarpağı əsən küləkdən qorumaq
lazımdır. Külək əsməyə başlayırdı. Həm kənardan, həm də daxildən küləyi
qızışdırıb daha da bərk əsməyə məcbur edirdilər.
Azərbaycan milli ordusu min bir çətinliklə üz-üzə dayanmışdı.
Budur, komandanlıqdan yenə narahat və qanqaraldıcı məlumat alınıb.
Adamlar orduya verilən atın qiymətini qaldırıblar: əvvəllər bir atın qiyməti 3—5
min manat idi. İndi isə qaldırıb 15—25 minə çatdırıblar.
Ordu zabitləri narahatdır. Mehmandarov hökuməti yaranmış vəziyyətdən,
qarşıya çıxan hər çətinlikdən vaxtında xəbərdar edir.
...O isə içərisində inam hissini öldürmür. Təmkinli dövlət başçısı kimi
hərəkət edir. Düşünür ki, adamları inandırmaq, yalnız inandırmaq lazımdır.
Adamlar bilməlidirlər ki, bu onun öz ordusudur, keşiyini çəkib düşməndən
qorumaq üçün yaradılır. O inanmalıdır. Xalqın tezliklə bu həqiqəti qəbul edəcəyinə
şübhə də etmir. O bu xalqı sevir, varlığı, həyatının mənası, yaşayışının idealı kimi
xalqına vurğundur. Həm də bərk həyəcanlıdır, narahatdır. Düşünür ki, bu tarixi bir
fürsətdir, bu imkanı əldən buraxmaq olmaz. Xalq çətinliklə əsarətdən qurtarıb,
azadlığa çıxıb. Onun azadlığını təhlükə altında qoymaq olmaz. Bakıya maraq
çoxdur. Kim bilir, neçə əjdaha ağzını açıb bu yağlı tikəni udmaq istəyir. O
əjdahaların qarşısını ala biləcək yeganə qüvvə milli ordudur. Tələsmək, tələsmək
gərəkdir.
Düşünürdü milli hökumətin başçısı. Ümidli, işıqlı, amma narahat günlər
yaşayırdı.
Orduda isə bütün çətinliklərə baxmayaraq böyük işlər aparılırdı.
...Hələ 1918-ci ilin 6 noyabrında hökumətin qərarı ilə hərbi nazirlik
yaradılmışdı. Nazirliyin bütün işlərini qurub qaydaya salmaq hərbi nazir, artilleriya
generalı Mehmandarova tapşırılmışdı. Nəzərdə tutulmuşdu ki, 1919-cu ilin
noyabrın 1-nə kimi ordunun mühüm hissəsi yaradılsın. Bu müddət ərzində üç polk
heyətindən ibarət iki piyada diviziyası, artilleriya diviziyası və xüsusi hissələrin
daxil olduğu teleqraf, atlı, pulemyotçu və polk artilleriyası dəstələri yaradılmalı idi.
Sonradan isə tərkibində üç polk olan süvari diviziya, hava dəstəsi və dəmiryol
batalyonu təşkil olunmalı idi.
93
Orduda iş gedirdi. Çətinliklərə, maneələrə, ərzağının verilməməsinə,
suyunun kəsilməyinə, bolşeviklərin əsgərləri ordudan qaçırmaq təbliğatına
baxmayaraq Azərbaycan əsgəri əlində silah Vətənin keşiyində dayanırdı.
Hərbi nazir Mehmandarov döyüşçülər və xalq üçün türk xalqının tarixindən
bəhs edən kütləvi ədəbiyyatlar nəşr edilməyini lazım bilirdi. Mehmandarov yazırdı:
«...Biz müsəlmanlar yenicə şüurlu və yaradıcı həyata başlamışıq... Ona görə
də ziyalılarımızın ən mühüm vəzifələrindən biri xalqı və əsgərləri öz tarixi ilə tanış
etməkdir... Bu şübhəsiz ki, xalqın milli hisslərini və türk irqinə məxsusluğu ilə
iftixarını artıracaqdır».
General haqlı idi. Və düzgün olaraq bir şeyi də tələb edirdi: Türk xalqının
görkəmli adamlarına, rəhbərlərinə xalqın ümumi razılığı ilə gələcəkdə heykəl
qoyulmalıdır. Bu xalqın yaddaş tarixini möhkəmləndirəcəkdir.
... «Məhmətciy»in kim olmasını bilməməyi Azərbaycanın bütün işıqlı əməl
sahiblərini ağrıdır, narahat edirdi. «Məhmətcik» özünün türk olduğunu, şanlı
keçmişini, tarixini bilmirsə, onun Vətəni müdafiə etmək istəyi də olmayacaq.
«Məhmətciyin» həqiqəti qavraması üçün onun ulu babalarının tarixindən danışan
kitablar nəşr etmək lazım idi.
Orduda vəziyyətin çətinliyinə baxmayaraq dözüb dayanan mərd və cəsur
azərbaycanlı oğullar çox idi. Pəncərəsiz, qapısız kazarmalarda yaşayan, çəkmənin
olmaması ucbatından ayağına çarıq geyinmiş Azərbaycan əskəri Vətənini sevir,
onu yağılardan qoruyurdu...
ġahid sözü. Müsavatçı əsgər. Hadisədən çox illər keçəcək və heç
düşünməzdim də ki, günlərin bir günü tale məni bir müsavatçı əsgərlə
görüşdürəcək. Müsavatçı əsgərlərdən ikisinin sorağını almışdım. Biri Sabirabadda,
Ulacalı kəndində yaşayır. İkincisinin isə əmircanlı olduğunu, lakin artıq həyatdan
köçdüyünü öyrənmişdim. Özü də danışıb söhbət edəndə həmişə deyərmiş ki,
«Azərbaycan vaxtında» belə yaşayardıq, «Azərbaycan dövründə belə edərdik. Belə
deyirmiş o qoca müsavatçı əsgər. Ömrünün iyirmi üç ayını yaşadığı o xoş zamanı
necə dəqiq və düzgün ifadə edirmiş: «Azərbaycan dövrü». İndi bir daha inanırıq ki,
bizim son iki yüz ildəki yaşayışımızda yalnız iyirmi üç aylıq «Azərbaycan dövrü»
olub. Xalq azad olub, müstəqil yaşayıb: O dövrün işığı hələ ürəyində sönməyən
qoca müsavatçı əsgər isə həmişə məhəbbətlə, həsrətlə deyərmiş: «Azərbaycan
dövrü». Min bir çətinliyə baxmayaraq Azərbaycan hökumətinin milli ordusu
yaradılırdı. Bu ordunun qəhrəmanlıq, cəsarət, vətən sevgili oxumalarını xalq eşidir,
ürəyi iftixar hissi ilə dolurdu.
Sabahı hamı intizarla gözləyirdi. Sabah Məmməd Əmin Rəsulzadənin
başçılıq etdiyi Azərbaycan Demokratik Respublikasının milli ordusu Bakıya
gəlirdi. Analar həsrətlə əsgər paltarı geyinib vətənin keşiyini çəkən oğullarını
gözləyirdilər.
1919-cu il aprelin 4-ü idi. Milli Azərbaycan ordusunun Bakıya girməsinə
bir gün qalırdı.
94
Özü sonradan belə yazırdı:
«Hökuməti milliyyə zamanında Bakının yaşadığı ən səmimi sevinc
günlərindən birisi də bu idi».
Xoşbəxtsən, ey Azəri qadını! Xoşbəxtsən ki, oğlun əsgər paltarı geyib
fəxrlə, vüqarla önündən keçir! Gözlərində təbəssüm, qollarında dağ qüvvəti
Bakının küçələri ilə addımlayır! Oğlunun bu xoş gününə baxıb ağlayırsan. Ağlama,
Azəri qadını, ağlama! Sevincdən, fərəhdən də olsa, ağlama! Azmı göz yaşı axıb!
Azmı iniltilərin eşidilib! Azmı ağlar gündə saxlayıb, göz yaşını axıdıblar! İndi isə
gül, Azəri qadını, gül! Gül ki, ürək sevincini bütün dünyalar eşitsin! Bütün cahan,
külli ərz bilsin ki, azadsan! Və əyninə əsgəri paltar geymiş, əli silahlı mərd övladın
səni qara qüvvələrdən qoruyur. Gül ki, sənin bəxtəvərlik səsindən dağlar, daşlar
lərzəyə gəlsin, azad bir günə çıxdığını bilsin! Gül ki, sənə hər zaman xəyanət edib
zülmətdə yaşadan, indi isə yurdundan qovulub təmizlənən işğalçılar səsindən
qorxuya düşsünlər! Çünki sənin əli silahlı, mərd, cəsur övladın var. Gül, Azəri
anası, gül!
Həmin günün ürəklərə bəxş etdiyi sevinci heç kim unutmayacaq. Əsgəri
təlim keçib nizamla, hərbi qayda ilə Bakının küçələrindən keçən azərbaycanlı
əsgərləri hamı məhəbbətlə salamlayırdı.
Bakı camaatı rahat nəfəs almağa başlamışdı. İndi onu qoruyan,
fəlakətlərdən gözləyən bir qüvvəsi vardı. Özü də bu qüvvə onun öz doğma övladı
idi. Adamlar xoşbəxt və azad dövran yaşayırdılar. Çünki xalqın bütün sərvəti öz
əlində idi. Xalq torpağının da, neftinin də, bütün varının, dövlətinin də sahibi idi.
Xalqın öz milli ordusu vardı, onun sərhədlərini düşmənindən qoruyurdu.
Sonradan hakimiyyətə gələn bolşeviklər Məmməd Əmin Rəsulzadəni və
onun başçısı olduğu azad hökumətini bir şeydə günahlandıracaqdılar, daha doğrusu
üstlərinə böhtan atacaqdılar ki, torpağı niyə kasıblara verməmişdiniz? Belə deyib
«Demokratik» hökuməti ittiham edəcək, onu «bəyin, xanın» müdafiəçisi
adlandıracaqlar. Sonralar Məmməd Əmin Rəsulzadə bu iftiraları eşidəndə acı-acı
gülümsünəcəkdi. Deyəcəkdi ki, bu sözlər həqiqətdən uzaqdır, çox uzaqdır. Həqiqət
isə başqa faktları ortalığa çıxarırdı. Hansı faktları?
Azərbaycan Demokratik Respublikası hələ fəaliyyətə başlamazdan qabaq
Məmməd Əmin Rəsulzadənin lideri olduğu «Müsavat» partiyası 1917-ci ilin
oktyabrında özünün proqramını qəbul etmişdi. Həmin proqramın «torpaq
məsələsi» bölməsində qeyd olunurdu ki, «xəzinəyə, sabiq padşaha və padşah
nəslinə mənsub xanədana, mülkədarlarla xüsusi maliklərə məxsus olan bütün
torpaqlar pulsuz və əvəzsiz olaraq zəhmətkeş və rəncbər xalqa veriləcəkdir». Bu
«müsavatçı»ların torpaq ilə bağlı həyata keçirmək istədikləri proqram idi. Və
Azərbaycan Demokratik Respublikasının ilk günlərindən Məmməd Əmin
Rəsulzadənin başçılıq etdiyi hökumət bu işin həllinə başladı. Həmin vaxtlar
hökumətin ilkin atdığı addım aralarında daim ziddiyyət olan iki sinfi - bəylərlə
kəndliləri barışdırmaq cəhdi oldu. Çünki torpağın düzgün bölünməsində bu iki
95
sinfin arasındakı münasibətdən çox şey asılı idi. Parlament üzvlərindən bir neçəsi
qəzalara göndərilirdi ki, bəylər və kəndlilər arasındakı ziddiyyəti aradan
qaldırsınlar. Hökumətin gördüyü iş yaxşı da nəticələr verirdi.
...İngilislər getməyə hazırlaşırdılar. Tomson Azərbaycanda qalmağın
əhəmiyyətsiz iş olduğunu anlamışdı. Bir də milli hökumətin qoşunu artıq Bakıda
idi. İngilislər bu getmələri ilə bir başqa siyasi mənfəət də güdürdülər.
Məmməd Əmin Rəsulzadə bunu belə izah edirdi:
«Bittəb ingilislərin bu hərəkəti azərbaycanlıların qara gözlərinə aşiq
olduqlarından irəli gəlmirdi. Zatən eşqin bir siyasət amili olduğu dastanı
zamanların ibtidailiyi ilə bərabər çoxdan əfsanəyə qarışıb getmişdir. Burada eşq
deyil, siyasi və iqtisadi mənfəətlər vardır. Bakı petrolunun müstəqil qafqaziyalı bir
hökumət əldə bulunması və ələlümum qafqaziyanın Rusiyadan ayrılması
ingilislərin işinə gəlirdi. Azərbaycan da bu keyfiyyətdən istifadə etməliydi.
Hökuməti-milliyənin diplomasi müvəffəqiyyətləri bununla izah olunurdu».
...İngilislər getməyə hazırlaşırdılar. Bir zamanlar işğalçı kimi gələn, «biz
belə hökumət tanımırıq» deyən ingilislər indi Azərbaycanın müstəqilliyini tanıyıb
gedirdilər. Bu işdə Məmməd Əmin Rəsulzadənin yazdığı siyasi məqsədlərlə
yanaşı, Azərbaycan hökumətinin bacarıqlı diplomatiyasının da mühüm rolu
olmuşdu. Üç-dörd ay əvvəl Bakını Rusiyanın bir parçası kimi tanıyan, Ufada
ağqvardiyaçılarla razılaşmaya gələn, ingilisləri bu qısa zamanda əsl həqiqətə
inandırmaq asan iş deyildi.
...İngilislər getməyə hazırlaşırdılar. 1919-cu ilin may ayından yüklərini
tutub yola düzələn ingilislər avqust ayında tamamilə Bakıdan çıxdılar. Gedəndə
Milli hökumətə 26 milyon pul borclu qaldılar.
İstiqlal bayramı yaxınlaşırdı. Xalq böyük sevinc içərisində mayın 28-də
azad Azərbaycan Respublikasının ildönümünü bayram etməyə hazırlaşırdı.
Küçələrdə 28 mayın xoş görünüşünü özündə əks etdirən üç rəngli bayraqlar
asılmışdı. Bunlar azadlıq bayraqları idi. Bu bayraqlar Azərbaycan xalqının işıqlı
günə çıxdığından, istiqlaliyyət havası udduğundan xəbər verirdi. Azadlıq üçün nə
gərək idi? Torpaq özününkü, sərvətləri özününkü, ordu, qoşun özününkü! Bunlar
deyilmi azad insan yaşayışına yollar açan? Bütün Azərbaycan xalqı istiqlaliyyət
bayramının gələcəyi günü gözləyirdi. O günə az qalırdı.
Həmin o xoş gündə, Azərbaycan istiqlalının ildönümü günündə—28 mayda
«İstiqlal» jurnalı alovlu sözlər yazırdı:
«Bu gün milliyətimizin şənlik və şadyanalıq edəcəyi bir gündür. Bu gün
milli bayramımızdır. Bu gün ən ali və şərəfli bir bayramdır. Azərbaycan istiqlalının
aləmə bildirilmək üçün elan edilən günündən bir sənə keçir. Bu gün bayramdır, pək
ali bir bayramdır. Hakimiyyəti-milliyyə sayiqəsi ilə surətnəzir olan bu böyük
bayram heç şübhəsiz ki, ümum dostlarımızın, canla-başla çalışanlarımızın deyil,
hətta Azərbaycan istiqlalı yolunda bütün varlıqdan məhrum edilən balalarımızı,
96
qucağında oğlanlarının başı kəsilən analarımızı belə şad ürək, fərəhli qəlb, yüksək
ruhlarla sevindirəcək, güldürəcək, şən və məğrur edəcəkdir...»
Azad Azərbaycanda çıxan qəzetlər, jurnallar ondan, yalnız ondan, xalqı ağ
günə çıxarmış aylı, ulduzlu örpəyə bürünmüş istiqlaliyyətdən yazırdılar.
«Azərbaycan istiqlalı elə qiymətdar, elə müqəddəs bir sevgilidir ki, hər
şəkildə olursa-olsun, təcəssüm etdirilərsə, bütün azərilərin fərdənfərd ona sitayiş
etməsi fərzi və təbiidir, zira onun yolunda verilən qurbanlar heç bir məbudun
yolunda verilməmişdir. Ona fəda edilən qəhrəmanlar heç bir məqsədə fəda
edilməmişdir. Ona eşq yetirən aşiqlər heç bir məşuqə üçün mümkün olmamışdır».
Azad xalq istiqlalının bayramı günündə rusun, erməninin qurbanı olmuş, bu
gün üçün canından keçmiş oğullarını da unutmurdu, onları böyük iftixar hissilə yad
edirdi, Azərbaycanın istiqlaliyyəti yolunda, onu əsarətə salmaq istəyən çar
Rusiyası ilə hələ yüz il əvvəl vuruşub həlak olan qəhrəmanlarını—Mirzə
Məhəmməd xanı, Hüseynqulu xanı, Cavad xanı xalq məhəbbətlə yada salırdı. Azad
xalq bu qənaətdə idi: istiqlalsız Azərbaycan, Azərbaycansız Azərilər daha yaşaya
bilməz!
Həmin günü xoşbəxt ömür yaşayan xalq azad Azərbaycan hökumətinin otuz
beş yaşlı başçısı, hamının məhəbbətini qazanmış Məmməd Əmin Rəsulzadənin
sevinc, həyəcan dolu sözlərini eşidirdi:
«Azəri türkləri bu gün ilk dəfə olaraq böyük bir bayram saxlayırlar: istiqlal
bayramı!
Bundan bir sənə əvvəl Zaqafqaziyanın müqəddarını həll üçün Tiflisə
toplanmış olan müsəlman vəkilləri tarixin öylə bir anına təsadüf eləmişlərdi ki, yüz
sənəlikdir, əsarətə yalnız yüksək bir amal nəticəsi deyil, eyni zamanda zəruri bir
ehtiyac kimi xatimə vermək məcburiyyətində qalmışlardı.
Əvət, Zaqafqaziya millətləri bilməcburiyyə elanı-istiqlal etmişlərdi.
Bilməcburiyyə elani istiqlal!».
Milli hökumətin başçısı bu xoş gündə, bəxtəvər anlarda «istiqlalın» necə
əldə olunmağından danışır, adamları istiqlal yolunda tökülən qanları unutmamağa
çağırır. Mart qırğını, Bakı əsarəti, osmanlı türk qardaşlarımızın köməyi, ingilislərin
gəlişi, Biçeraxovun azğınlığı, bunlar hamısı son bir ildə baş verən hadisələrdir.
Amma bu bir ildəki hadisələr təsirsiz və izsiz qalmadı. Adamlarda «bu böhrandan,
sıxıntıdan yaxa qurtarmağın yolu yalnız istiqlaliyyətdədir» fikrini möhkəmlətdi.
Məmməd Əmin Rəsulzadə o xoş istiqlal bayramını salamlayıb deyirdi:
«Hər nasılsa növzadımız bir yaşına çatdı! Bu bir ilin ərzində
azərbaycanlıların verdikləri qurbanlara müqabil qazandıqları yalnız xaricin bizi
müstəqil bir millət kimi tanımağa doğru və göstərdiyi bəzi təmailat deyil, ən böyük
şeyi fikri hürriyyət və istiqlalın artıq milli bir fikir olduğu keyfiyyətidir».
Xalq istiqlalı asanlıqla qazanmamışdı. İstiqlal uğrunda böyük mübarizələr
aparmışdı. İstiqlal günəşi vətənin başı üzərində asanlıqla parlamamışdı. Neçə
qurbanlar bahasına o günəşin üzünü tutan zülmət buludları silib atmaq mümkün
97
olmuşdu. İstiqlaliyyət asanlıqla qazanılsaydı, onun qədir-qiyməti də bilinməzdi.
Xalq canı qədər sevdiyi istiqlala canını şam kimi əritməklə gəlib yetmişdi. Ona
görə də xalqı istiqlaldan, istiqlalı xalqdan ayırmaq olmazdı. Elə bu istiqlalın gücü
ilə milli ordu yaradılmışdı.
Məmməd Əmin Rəsulzadə o xoş gündə fəxrlə deyirdi:
«...Bu alqışlar yalnız siyasi firqələrin nümayəndələrindən deyil, ağac
tüfəngləri ilə «irəli, irəli!» deyə soqaqları dolaşan gənclərlə «Azərbaycan
əsgərlərini» yaşar gözləri və «allah bədnəzərdən saxlasın» duası ilə ötürən
camaətdən nəşeyi-istiqlalı dərk etmiş xalqdan gəlir».
Xalqın sevindiyi bu əziz və xoş gündə hökumət başçısı ona görə ötənləri
xatırladır ki, adamlar istiqlaliyyətin təkcə gəlişini alqışlayıb işi bitmiş saymasınlar,
onu qorusunlar, qara qüvvələrin xəyanətindən saxlasınlar. Çünki yaman gözlər
dikilib istiqlalımıza və imkan gözləyirlər ki, vətən bağçasında bitən bu gülü
qoparıb atsınlar, onu məhv etsinlər.
Məmməd Əmin Rəsulzadə yazırdı:
«Bundan altı ay əvvəl Azərbaycan məclisi-məbusanın açıldığı gün: «Bir
kərə yüksələn bayraq bir daha enməz» demişdim.
O zaman içində bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxövf
idi ki, yüksəltdiyimiz bayrağı pək də yüksəkliyə qaldırmayır, onu yalnız parlaman
binasına münhəsir etdiribdə müdara (gözəl rəftar etmə) göstərmək məcburiyyətinə
qalırdıq.
Bu məcburiyyətdən müntəsir olan bəzi bədbinlər «hanıya bir kərə yüksələn
bayraq bir daha endirilməz!» deyirsiniz?— deyirdilər!
İştə qoy bu günkü gün milli bayraqlara boyanmış Azərbaycan paytaxtı o
kimi bədbinlərin qəlbini təsfiyə etsin!
Bir sənəlik həyat həqiqətən də göstərdi ki, bir kərə açılmış Ləvan-hürriyyət
bir daha bükülməz!».
Hökumət rəhbəri haqlı idi. Doğrudan da bir sənəlik azad həyat adamları tam
ayıltmış, onların tarixinə, keçmişinə, yaşayışına özgə nəzər salmağa məcbur
etmişdi. Xalq bilmişdi ki, onu bu kökə salan, istismar edib inkişaf yollarını
bağlayan imperiyadır, xain düşmənlərin iyrənc siyasətləridir. Xalq yaxşı tanıyırdı
düşmənini. Və indi qəti bir fikrə gəlmişdi: onlardan uzaq olmaq, yaxına
buraxmamaq. Onlar istiqlal qənimidirlər!
Dostları ilə paylaş: |