Ġblis nədir? İblis, bütün insanlara xain olan qüvvət! İblis! İnsanları içəridən
gəmirən bir qurd! İblis! İnsan qanına susamış ac yalquzaq! İblis! Məzlumların,
qolu qüvvətsizlərin qənimi! İblis! Bir parça çörək istəyi ilə yaşayanların ümidini
qılınclayan! İblis! Evlərə girib yanan, ocaqları söndürən, çıxan tüstüsünü kəsən!
İblis! Gülzarlıqları tapdalayıb viranəliyə çevirən! İblis! Xalqların qanı bahasına
əldə etdiyi azadlığı ondan tutub alan!
Qorxuludur, məkrlidir, kinlidir İblis! Ondan özünü qoru, gözlə, ey başı
bəlalı insan!
...İblis yavaş-yavaş Bakıya—onun başçılıq etdiyi azad Azərbaycana doğru
irəliləyirdi. O hələ heç nə bilmirdi...
Səhər əhvalı yaxşı idi. Yeməyini yeyəndən sonra hayat yoldaşı Ümbül Banu
xanım stolu yığışdırdı. Bir qədər sevimli qızı Lətifə ilə oynayandan sonra ayağa
qalxdı. İşə getmək vaxtı idi.
Ümbül Banu xanım məhəbbətlə həyat yoldaşının arxasınca baxırdı. Ömür-
gün yoldaşını seçməkdə bəxti gətirmişdi. Belə saf ürəkli insanı çətindir həyatda
tapmaq. Böyük bir hökumətə başçılıq etsə də sadəliyini itirmirdi. Gecəsi də,
gündüzü də Azərbaycanla bağlı idi. Bütün işlərin gərginliyi onun içərisindən
keçirdi. Amma Ümbül Banu xanım ömür-gün yoldaşından ötrü narahat idi, bərk
narahat idi. Məmməd Əmin demək olar ki, istirahət etmirdi. Bu onun səhhətinə
ciddi təsir göstərirdi. Hərdən diqqətlə həyat yoldaşına baxır, gözlərinin ifadəsindən
içərisində sonsuz ağrıların, narahatlığın dolaşdığını hiss edirdi. Qayğıkeş adam idi
həyat yoldaşı. Xalq üçün işlədiyi bir yana, atasını, sevimli bacısını da unutmurdu.
Həftədə bir dəfə Novxanıya gedib onlara baş çəkir, hal-əhval tuturdu.
Ümbül Banu xanım böyük məhəbbətlə sevimli həyat yoldaşının arxasınca
baxırdı.
...Eşitdiyi xəbər Məmməd Əmin Rəsulzadəni bərk sarsıtdı. Bir müddət rəngi
qaralmış halda dayandı. Sonra yavaş-yavaş özünə gəlməyə başladı.
Türkiyədən hərbi nazir İzzət paşa bir teleqram göndərmişdi. İzzət paşa
yazırdı ki, müharibədəki məğlubiyyətlə əlaqədar Türkiyə ordusu noyabrın 16-na
80
kimi Bakıdan çıxarılmalıdır. Məmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski və
başqa hökumət nazirləri təəccüb içində qalmışdılar: Nə etməli? Vəziyyətdən necə
çıxmalı? İzzət paşanın yazdığında yalnız bir ümidli söz vardı: «Biz məcbur olub
yalnız bunu deyə bildik ki, arzu edən zabitlər türk ordusu ilə əlaqəni kəsib
Azərbaycanda qala bilərlər».
Hökumət başçıları anlaşılmaz vəziyyətə düşmüşdülər. İngilis generalı
Tomson qoşunu ilə tezliklə Bakıya girməli idi. Nə etməli?
Yenicə istiqlaliyyət havasını udan xalq əsarəti, müstəmləkəçiliyimi qəbul
etsin? Uzun illərdən bəri yolunda minlərlə igidin qanı axıdılan azadlığı necə əldə
saxlamalı?
Razılığa gəldilər ki, hər şey diplomatik danışıqlardan asılıdır. Yeganə çıxış
yolu yalnız Tomsonla dil tapmaq, onu həqiqətlərə inandırmaqdır. Tomsonla
danışıq üçün Əhməd bəy Ağayev, Nəsib bəy Yusifbəyov və Rafiyevdən ibarət bir
heyət yaradıldı. Onlar hələlik Ənzəlidə olan general Tomsonla danışıq aparmalı,
Azərbaycanın müstəqilliyinə onu inandırmalı idilər.
Məmməd Əmin Rəsulzadənin qəlbindən ümidli bir fikir keçdi: hər şey yaxşı
olacaq! Azərbaycan öz müstəqilliyini saxlayacaq! Tomsonu razılığa gətirə
biləcəklər.
...Məmməd Əmin Rəsulzadəni bir məsələ də ciddi narahat edirdi. Neçə
etmək ki, türk zabitlərini Bakıda saxlamaq? Türkiyənin hərbi naziri İzzət paşa bu
məsələyə razılığını vermişdi. İndi əsas iş asılı idi zabitlərin özündən. Zabitlər
Azərbaycanda qalmaq üçün buranın vətəndaşlığını qəbul etməliydilər. Türk
zabitlərinə ciddi ehtiyac var. Azərbaycan ordusuzdur. Savadlı, təcrübəli zabit
kadrlarımız çox azdır. Nuru Paşanın məlumatına görə indiyə kimi
azarbaycanlılardan cəmi 1500 əsgər toplanıb. Onlardan isə yalnız 500-ü Bakıdadır.
500 əsgər nə qüvvədir ki? Qarşıdan coşğun sel kimi ingilis qoşunları gəlir.
Vəziyyət də çox pisdir. Bakının kəndləri ilə müqayisədə götürəndə əyalətlərdə
adamlar uşaqlarını əsgərliyə vermir. Çar imperiyası elə balta çalmayıb ki, bu xalqa,
indi yarası sağalmış olsun. Bəs nə etməli? Türk zabitlərini necə yola gətirməli?
Bakının alınmağında, Azərbaycanın işğalçılardan təmizlənməyində minlərlə
qurban vermiş türk ordusu indi Bakıdan çəkilir. Bəs zabitlər belə mürəkkəb və hər
dəqiqə qanlı toqquşma gözləniləcək şəraitdə qalmağa razılıq verəcəklərmi?
Qaranlıq suallar içində çırpınır, vəziyyətdən çıxış yolu axtarırdı:
Məmməd Əmin Rəsulzadənin bu ağrılarını, türk zabitlərini Bakıda
saxlamaq cəhdini əmisi oğlu Məmməd Əli Rəsuloğlu belə xatırlayarmış:
«...Nəhayət, türk ordusu Türkiyə hökumətinin müttəfiqlərlə yapdığı bir
müahidə əsasında Bakıdan çıxmaq məcburiyyətində qaldı. Məmməd Əmin bəy
türk ordusu komandanları nəzdində, bizi buraxıb getməmələri üçün onlardan çox
xahişlər etdi və subayların rütbələrinin bir dərəcə yüksəldiləcəyini və əsgərlərə
əlavə maaş veriləcəyini söylədisə də subaylar arasında olan bir ixtilaf nəticəsində
çəkilib getməyi üstün tutdular».
81
Amma vəziyyətin mürəkkəbliyinə baxmayaraq, qoşunlar əslində Bakını ağır
vəziyyətdə qoyub getmək istəmirdilər. Nuru Paşanın komandanlığında çalışan
Qafqaz Müsəlman Ordusunun siyasi şöbə rəisi Cavad bəy deyirdi: «Türkiyə
hökuməti güclü və qardaş Azərbaycan ordusu yaradılmasından ötrü heç bir
vəsaitini əsirgəməyəcək. Ordu Azərbaycan dövlətinin ixtiyarında ehtiyacı olana
kimi qalacaq».
Amma sonradan vəziyyətin mürəkkəbləşdiyini nəzərə alıb türk qoşunu
Bakıdan çıxarılmışdı.
Məmməd Əmin Rəsulzadə Nuru Paşanın o zaman Bakıda qalmaq üçün
hansı həyəcanlar keçirdiyini sonralar xeyirxahlıq və məhəbbətlə xatırlayarmış.
Amma vəziyyət gərgin idi. Tomson Bakıya gəlirdi. Türk qoşunları isə Bakını tərk
edirdilər.
Türk qoşunları gedirdi.
Bakılılar sakitcə, dərin kədər və qüssə içərisində dayanıb gedən qoşuna
baxırdılar. Xilaskar ordu Bakıdan çıxırdı. Həmin o günü həyəcandan ağlayanlar,
göz yaşı tökənlər də çoxdu. Hamının qəlbindən bir ağrı keçirdi: «Siz gedirsiniz, bəs
halımız necə olacaq? Bizi kimin ümidinə qoyursunuz?»
Türklər gedirdi. Sabah Bakıya ingilislər girəcəkdi.
Məmməd Əmin Rəsulzadə və bütün Azərbaycan hökumətinin üzvləri
həyəcan içərisində idilər. Tomson əvvəlcədən sifariş göndərib bir neçə yeri, o
cümlədən «Metropol» mehmanxanasını əsgərlər üçün boşaltmaq əmrini vermişdi.
Şəhərdə qəribə ölgünlük vardı. Adamlar elə bil doğma bir səs üçün darıxır,
onu eşitmək, elə hey dinləmək istəyirdilər:
Anam beni böyütdü, bu yollara göndərdi...
Yox, bu mahnı daha oxunmayacaqdı! Şanlı türk əsgəri Bakının
küçələrində gəzib şirin ləhcəsiylə bu sözləri deməyəcəkdi. Sabahdan bu şəhərdə
özgə mahnılar oxunacaqdı. Təkcə mahnılarmı oxunacaqdı? Kim bilir, bəlkə yenə
günahsız qanlar töküləcəkdi...
Türklər gedirdi Bakıdan.
Sabah, noyabrın 17-də Tomson Bakıya gəlirdi. Tomsonun Bakıya gəlişini
Məmməd Əmin Rəsulzadə belə xatırlayırdı:
«İxrac bilahadisə icra edildi. Azərbaycan bayrağı ilə müzəyyən körpüyə
çıxan Tomsonu Xariciyyə naziri müavini salamladı. Müqabilində Tomson
kəndisini hərbi-ümuminin xitamı və sülhün iadə etmək üzrə bulunduğu ilə təbrik
etdi.
İki gün sonra komandanlığın əhaliyi-islamiyyəni məyus edəcək bir
bəyannaməsi nəşr olunuyordu...»
Həmin bəyannamədə Tomson təhlükəli bir fikir irəli sürüb: «Rusiyadan
qoparılmış Qafqaziyanın düşməndən təmizlənməsi üçün Ufada təşəkkül edən rus
hökuməti ilə bir araya gəldiyini deyirdi»..
Vəziyyət qorxulu idi!
82
Məmməd Əmin Rəsulzadəni ən çox qəzəbləndirən Biçeraxovun hərəkətləri
idi. İngilis ordusunda türklərə qarşı vuruşmuş köhnə çar zabiti Biçeraxov çox
azğınlıq edir, hər yanda özünü «Bölünməz Rusiya»nın nümayəndəsi kimi aparır,
aeroplanlardan bəyannamələr yayırdı. Şəhərə yaydığı bəyannamələrin birində
deyirdi: «Sizlərə salam olsun, Rusiya vətəndaşları! Müttəfiqlərin köməyi ilə öz
köhnə sərhədlərini bərpa edən böyük Rusiyamız artıq bir çox yerlərdə özünün yeni
həyatını başlayır...».
Şovinist Biçeraxov! Canınızdan bu şovinistlik, özgə torpağında ağalıq,
hökmranlıq hissi çəkilib getmədi! Həmişə Bakıya—bu qızıl neft səltənətinə əyalət
şəhəriniz kimi baxdınız!
Məmməd Əmin Rəsulzadə hər gün Fətəli xanla, Nəsib bəylə, başqa
hökumət nazirləri ilə məsləhətləşir, Tomsonla «dil tapmaq» üsulları axtarırdı. İndi
hər şey—başlıca məsələ olan Azərbaycanın müstəqilliyinin saxlanması məhz
Tomsonla uğurlu iş görməkdən ibarətdir.
Ruslar və ermənilər yenə şəhərdə azğınlıq edirdi: Azərbaycanı Rusiyanın
bir parçası kimi təbliğ edən Biçeraxovun sözləri onları «ruhlandırırdı».
Məmməd Əmin Rəsulzadənin başçılıq etdiyi Azərbaycan hökuməti
vəziyyətdən çıxmaq üçün Tomsonla danışıqlar aparırdı. Belə uğurlu danışıqlar
getdikcə öz bəhrəsini verirdi.
Biçeraxovun Bakıda çevriliş etmək istədiyini eşidən Tomson ona 46 saat
müddətində Bakını tərk etməyi əmr etdi.
Bakı qanında şovinistlik qaynayan, «Bölünməz Rusiya» xəstəliyinə
tutulmuş təhlükəli bir adamdan xilas oldu. Amma ümumi əhval-ruhiyyə hələ
gərgin idi.
İndi başlıca söhbət parlamentin açılışından gedirdi. Tomsonun müəyyən
təzyiqi ilə «Koalisyon hökumət» yaratmaq razılaşdırılmışdı. Başqa millətdən
olanlar da hökumət işində çalışa bilərdilər.
Amma sonradan məlum oldu ki, Bakıdakı «Rus milləti komitəsi»
Azərbaycan parlamentinə nümayəndələrini göndərmək istəmir.
Getdikcə Məmməd Əmin Rəsulzadə və dostları Tomsona hər şeyi başa
salır, rus şovinizminə onda da nifrət oyadırdılar.
Lakin razılıq alınmışdı. Tomson parlamentin açılışına icazə vermişdi.
Məclisin açılışı günü bir maraqlı hadisə baş verdi. Məmməd Əli
Rəsuloğlunun xatirəsi:
«...Məclisin açılacağı gün Azərbaycan bayrağının məclisin binası üzərinə
taxılması işi də bir məsələyə çevrildi. İngilis komandanı bizimkilərə: «Baxınız, biz
nə zamandan bəri buradayız, heç bayraq sancdığımızı gördünüzmü? deyincə
bizimkilər də: «sizin bayrağa ehtiyacınız yoxdur, bizim isə ən böyük arzumuz milli
bayrağımızı taxmaqdır» şəklində cavab vermişlərdi. İngilis komandanı da bu sözü
məqbul saymış, rus və erməniləri artıq həyəcanlandırmamaq üçün yalnız məclisin
toplandığı günlərdə bina üzərinə bayraq taxılmasını xahiş etmişdi. Bizimkilər də bu
83
xahişi qəbul etmişdilər. Bu hal bir ənənə halını almışdı. Bayrağımızın taxıldığı gün
hər kəs məclisin açıq olduğunu bilirdi. Məclisin açılacağı gün rus və ermənilərin
fitnəsindən məclisi qorumaq məqsədiylə hindli müsəlman əsgərlər məclisdən çox
uzaq küçə və caddə başlarında qruplar halında növbə gözləməkdə idilər. Hindli
əsgərlər məsələni anlayaraq xalqımızı təbrik edirlərdi.
Məmməd Əmin bəyin o gün məclisin balkonundan: «Bir dəfə yüksələn
bayraq bir daha enməz» sözü kəndlərdən, neft ocaqlarından şəhərə axın etmiş,
dolub binanın hər yanını tutmuş xalqımız tərəfindən coşğun alqışlarla qarşılandı...»
Bir xoĢ söz. Həmin günü sən hamını heyrətdə qoydun! Həmin günü dediyin
sözlər dalğa-dalğa, ildırım sürətiylə Azərbaycanın hər yerinə yayıldı. Adamlar səni
daha da sevdi, daha da inandı. Sən həmin günü adamların qəlbində qırılıb
çiliklənmiş ümidlərə can verdin, yaşatdın. Sənin xoş ahəngli səsin adamların
qəlbinə yayılıb, onların azadlıq və istiqlaliyyət arzusunu coşdurdu. Dediyin o xoş
məramlı sözlər adamların həmişəlik yaddaşına yazıldı. Elə həmin o gün dediyin
«Bir dəfə yüksələn bayraq bir daha enməz» sözün sonralar xalqımızın həyat
məramına, yaşayışının mənasına çevrildi.
Məmməd
Əmin
Rəsulzadənin
Azərbaycan
Milli
Cümhuriyyəti
parlamentinin ilk açılışındakı tarixi çıxış:
«Möhtərəm millət vəkilləri! Azərbaycan Milli Cümhuriyyətinin ilk
parlamentosunu açmaq səadətinin, siz möhtərəm millət vəkillərini təbrik etmək
şərəfinin öhdəmə düşməsi ilə iftixar edirəm (alqışlar) ...Əfəndilər, Rusiyada zühur
edən böyük inqilab digər həqiqətlər arasında bir böyük həqiqəti dəxi elan etmişdi.
Bu həqiqət millətlərin hürriyyət və istiqlal haqları idi. Rusiya inqilabı təbiətində
mövcud olan ruha sadiq qalaraq təbii yolu ilə inkişaf etsəydi, millətlərin
hüququnun təmin ilə muxtariyyətlərdən mütəşəkkil azad və demokratik bir
Rusiyanı bir an əvvəl təsis edəcəkdi. O vaxt təbii idi ki, Rusiyada yaşayan
müsəlmanların siyasi həyatları digər məhkum millətlərlə bərabər, başqa bir yolda
cərəyan edəcəkdi. Millətlər öz müqəddəratlarının təyinini pək səmimi bir surətdə
Rusiya müəssisan məclisindən gözlərdilər. Fəqət Rusiyada inqilab və demokratizm
naminə zühur edən bir istibdadın nə kimi xarabalıqlar yaratdığını bilirsiniz. İnqilab
naminə hökümfərma olan anarşı və millətlərin hüquqi elanından sonra yürüdülən
qəti mərkəziyyətçilik Zaqafqaziya millətlərini öz başlarının çarəsinə baxmağa sövq
etdi. Zaqafqaziyadan Rusiya qurucu məclisinə seçilən millət vəlilləri, özlərini vəkil
edən camaatın hüququnu Zaqafqaziyada Seymini təşkil və onun istiqlalını elan
etməkdə gördülər.
Eyni məntiq nəhayət Azərbaycan əhalisi tərəfindən seçilən vəkillərin Şurayi
Milli təşkilinə sövq, bu milli şura isə Azərbaycan istiqlalını elan etmək zərurəti
qarşısında qaldı. Azərbaycan istiqlalı elan olundu (alqışlar...).
Biz azərbaycanlılar bütün mövcudiyyətimizlə öz müqəddəratımızı, öz
istiqlalımızı müdafiə və mühafizədə israr edər, səbat və mətanət göstərirsək, heç
şübhəsiz ki, Azərbaycan Cümhuriyyəti paydar olur. Fəqət bunun üçün təkrar
84
ediyorum səbat, mətanət, fədakarlıq istər. İstər ki, biz özümüzün istiqlala layiq
olduğumuzu isbat edəlim. Bu oldumu, sizi təmin edərim ki, kimsə haqqımızı təslim
etməmək cəsarətində bulunamaz. Hankı vicdandır ki, istiqlalı istəyən və ona
ləyaqətini isbat edən bir milləti qəhr etsin. (Alqışlar.)
Əfəndilər! Qafqaziya ehkamı ruhunda heç zaman hürriyyət və istiqlal fikri
hakim olmamışdır. Hürriyyət fikrinin mümməssili (təmsilçisi) olan «Prometey»
Qafqaziya dağlarında zəncirbənd edilmişdi. O daimi zəncirlərini qırmaq
təşəbbüsündə idi. «Prometey»in ruhu Qafqaziyanın butün millətlərində vardır.
Qafqaziya millətlərinin istiqlalı və sərabərlikdə müstəqil olaraq yaşamaları bir
xəyali-beid (uzaq xəyal) deyildir. Qardaş millətimiz olan Şimali Qafqaziya, qapı
bir qonşumuz ermənilər münadibati-dostanəmiz, bütün cüziyyata rəğmən, daimən
səmimi qalan gürcülər bizə bir çox mədəni xidmətləri toxunmuş rus camaatının
mühüm bir qismi ilə əl-ələ verərək Qafqaziyanın müqəddəratını, bu qitə üzərində
yaşayan millətlərin arzusu vəchi ilə təmin edə bilirik (Sürəkli alqışlar, təkrar
alqışlar, yaşa, var ol səsləri.).
Əfəndilər, bu gün Azərbaycanın paytaxtında məclisi-məbusan iftitahındayız
(Millət məclisinin açılışını yapırıq). Azərbaycan bir atəş mənbəyidir. Vətənimiz
hər zaman öz sinəsində bir atəşi müqəddəs bəsləməlidir. Bu atəş əski zamandan
bəri həqiqipərəstlərə rəhbər bir şöleyi-ümid və imam təşkil eyləmişdir. O atəş ki,
bu gün də sərvət və zaman (dövlət, zənginlik) səbəbi və baisi təməddündür
(mədəniyyətdir). Qoy bu atəş Azərbaycan övladlarının sinələrinə dolsun.
Milyonlarla ürəyi bu atəş əbədiyyən sönməz bir məşəl təşkil edib də hürriyyət və
istiqlala doğru getdiyimiz maneəli yolları işıqlandırsın! (Sürəkli və şiddətli
alqışlar...)»
...Alqış səsləri eşidilir. Binanın içərisində də, çölündə də alqış səsləri
göylərə qanadlanır. Alqış səsləri binanın divarlarında, Bakının küçələrində,
evlərində, insanların qəlbində alovlanır. Hər yer səsinin sehrinə, məhəbbətinə
bürünüb. Hər yandan adamlar ümid, şəfqət dolu gözlərlə sənə baxıb deyirlər:
«Yaşa, var ol!».
Parlament binası üzərində üç rəngli bayraq dalğalanır. Bu bayraq türklüyün
(qırmızı), islamın (yaşıl) və müasirləşməyin (mavi) rəmzidir.
Parlament binasına min bir əziyyətlə qaldırdığın o bayraq həmişəlik olaraq
milyonlarla insanın qəlbində əbədi məskən saldı, yaşadı, ömür etdi. Ən ağır
zamanda belə o bayrağa məhəbbəti, o üç rəngə sevgini ürəklərdən silib apara
bilmədilər. Qaranlıq zülmətlərdə, həbsxanalarda, uzaq şimalın soyuğunda belə
adamlar o bayraqdan danışdılar, onu xoş xatirə kimi andılar.
Günlərin bir günü isə Vətən göylərini qara dumanlar alıb, yanan günəşini
söndürəndə, hamı qara geyinib bir küncdə qəmli sükuta batanda, əmin qızı
Ümgülsüm xanım yaşıl bayrağın parlament binası üzərindən endirilib oraya
bolşeviklərin tökdüyü günahsız qanlar rəngində qırmızı parça asılmağına dözə
bilməyəcəkdi.
85
Əmin qızını ona görə həbsxanaya salıb işgəncələr verəcəkdilər ki, o həqiqəti
bilirdi. Parlament binasının üzərinə min bir müşkülatla qaldırıb «Bir dəfə yüksələn
bayraq bir daha enməz» dediyin o bayrağın həsrəti əmin qızının içərisini
göynədirdi və dərdə dözə bilmirdi.
Sən isə eşidirdin, uzaq ellərdə çırpına-çırpına eşidirdin bu ağrıları: O
bayrağı bir daha xalqın başı üzərində yüksəltmək üçün elləri, obaları gəzib, bütün
insanları köməyə çağırırdın...
...Hələlik 1918-ci ildir və parlament binasının üzərində üç rəngli, aylı,
ulduzlu Azərbaycan Demokratik Respublikasının bayrağı dalğalanır.
İngilis generalı Tomson getdikcə həqiqəti aydın başa düşürdü. Azərbaycan
hökuməti rəhbərlərinin mövqeyi ilə razılaşırdı. Çünki Tomson Azərbaycanda
koalisyon (müttəfiq) hökumətin qurulmağını, yəni başqa millətlərin də burda
iştirakını tələb etmişdi. Demokratik hökumət bu tələbi yerinə yetirmişdi. Lakin
Bakıdakı rusların mövqeyi başqa idi və onların hərəkəti Tomsonu acıqlandırırdı.
Azərbaycanın müstəqilliyini qəbul etməyən, buranı Rusiyanın ayrılmaz hissəsi
kimi tanıyan ruslara Tomson hirslə demişdi: «Rusiya yoxdur və nə zaman olacağı
da məlum deyil».
Azərbaycanda Demokratik respublikanın koalisyon (müttəfiq) ruhda
fəaliyyətini nəzərə alan Tomson dekabrın 29-da bütün azərbaycanlıların ürəyindən
olan bir bəyanat verir:
«Xoyskinin rəhbərliyi altında koalisyon Azərbaycan hökuməti yaradıldığını
nəzərə alıb elan edirəm ki, İttifaq komandanlığı bu hökuməti Azərbaycanın bütün
hüdudlarında yeganə yerli qanuni hakimiyyət kimi tamamilə müdafiə edəcək». (Bu
bəyanatın cəmi bir ay əvvəl «Bizim bildiyimiz Azərbaycan xalqının doğma bir
cümhuriyyəti yoxdur, yalnız türk komandanlığının intriqası ilə təşəkkül etmiş bir
hökumət var» deyən Tomson tərəfindən verilməsi Azərbaycan Respublikasının
böyük diplomatik qələbəsi idi).
...Tomsonun bu bəyanatından sonra Məmməd Əmin Rəsulzadə və bütün
hökumət nazirləri rahat nəfəs almışdılar. Məmməd Əmin Rəsulzadə isə demişdi:
«İndi bütün şübhələr dağılıb getdi».
Amma Tomsonun bu bəyanatı hamının ürəyindən olmadı. Rus və erməni
təşkilatları Tomsona etiraz etməyə başladılar. Biri şovinistlik, digəri isə xainliklə
silahlanmış iki qüvvə Azərbaycanın müstəqilliyini tanımaq istəmir, ciddi fəaliyyət
aparırdılar. Çalışırdılar ki, neft sahələrində aranı qatıb çaxnaşmalar yaratsınlar.
Lakin... Məmməd Əmin Rəsulzadənin lideri olduğu «Müsavat» partiyasının üzvləri
işləyirdi:
Əmisi oğlu Məmməd Əli Rəsuloğlunun xatirəsi:
«...Bu xəbəri duyan erməni və ruslar azərbaycanlıları zəif göstərmək üçün
neft ocaqlarında çalışan işçi və ustalara, Xəzər dənizi gəmilərində çalışan
dənizçilərə bir protesto yapdırmağa çalışdılar. Fəqət «müsavatçı»ların ciddi
çalışmaları və propaqandaları nəticəsində bu hərəkətin qarşısı alındı. Bu işdə
86
Abbas bəy, Vəli bəy, Piri bəy, Abdulvahab bəy və adlarını indi xatırlayammadığım
və sonradan bolşeviklər tərəfindən öldürülmüş, sürülmüş bir çox gənc
arkadaşlarımızın böyük fədakarlıqlar göstərdiklərini ayrıca qeyd etmək istəyirəm.
Bu surətlə ingilislər böyük bir önəm daşıyan neft ocaqlarında qüvvətin erməni və
rusların deyil, Azəri türklərinin əlində olduğuna inanaraq, Azərbaycanı Azəri
türklərinə təslim etməyə qərar verdilər. İngilis komandanlığında Fətəli xana: «Biz
Qafqaziyada bu qədər kulturlu və çalışqan türk kütləsinin olduğunu təsəvvür
etmirdik» demişdilər.
...Məmməd Əmin Rəsulzadə erməni və rusların təhlükəli iş görüb,
Azərbaycan hökumətini zəiflətmək məqsədini güddüklərini bilirdi və bununla
əlaqədar hökumətin ingilis komandanlığına etiraz bəyanatı verməyini vacib sayırdı.
Azərbaycan hökuməti tezliklə öz etiraz notasını bildirdi.
Həmin hadisəni Məmməd Əmin Rəsulzadə belə xatırlayırdı: hökumət
bununla iktifa etmirdi. Komandanlığa verdiyi notada «səlahiyyəti-hürriyyət»
komandanlıqca tanınmış bir Azərbaycan hökuməti var ikən düvəli-müttəfiqədən
bulunmayan rus Biçeraxov ordusu ilə asayişi ümumiyyəyi müxəll olmaqdan başqa
bir faidəsi mütəsəvvir bulunmuyan erməni məfrəzəsinin Bakıda bulunmalarına bir
səbəb olmadığını bəyanla məzkur qitəati-əsgəriyyənin bir an əvvəl Azərbaycandan
uzaqlaşmasını tələb eylədi. Bu nota üzərində Biçeraxov alayı 48 saatlıq bir möhlət
zərfində Bakını tərkə məcbur olduğu kimi, erməni məfrəzələrinin inhilalı dəxi
təqərrür etdi».
Biçeraxovun başçılıq etdiyi şovinist ruslar, xain ermənilər Bakını tərk
edirdilər. Gedəndə içərilərindəki qəzəbi, kini gizlədə bilməyib azərbaycanlıları
təhqir edir, bununla iğtişaş salmaq istəyirdilər. Xalq isə dözür, dayanır, bu
xainlərin tez yox olmalarını istəyirdilər.
Bakıda ingilislər qalmışdı. İngilislər getdikcə Azərbaycanın işlərinə az
müdaxilə edirdilər.
...Vəziyyətin gərginliyinə və mürəkkəbliyinə baxmayaraq azərbaycanlıların
yaşayışında milli ruh «hər şey özününküdür» istiqamətində gedirdi. Hökumət
işləyir, yeni qanunlar verir, nizam-intizam möhkəmlənir, iqtisadiyyat ölgünlük
bataqlığından çıxarılırdı. Xalqın ərzaqla təminatı getdikcə yaxşılaşırdı. Yaxın
rayonlardan Bakıya köməklik göstərilir, camaatın xüsusilə çətinlik çəkdiyi çörək
ehtiyacı ödənilirdi. Əhalinin dolanışığının yaxşılaşmağı və bazarda bolluq
olmağından ötrü sərbəst satışa imkan verilirdi.
Azad Azərbaycanda xalqın güzəranı daha da xoş olur, adamlar ana
torpağındakı sərvətlərin ixtiyarını ələ alırdılar.
Xalq xoşbəxt idi. Çünki torpağının da, neftinin də, varının, dövlətinin də
sahibliyini öz ixtiyarına vermişdilər.
Məmməd Əmin Rəsulzadə neçə gün idi ki, hökumət nazirləri ilə ciddi
söhbətlər aparırdı. Qarşıda Azərbaycan hökumətini çətin sınaq gözləyirdi. Fransada
Versal sülh konfransı keçiriləcəkdi, bunun üçün oraya gedən heyət
87
müəyyənləşdirilməliydi. Bu heyət Azərbaycanın müstəqilliyini xarici dövlətlərə
tanıtmalı və onun hüququnu müdafiə etməli idi. Heyətə olduqca məsuliyyətli bir iş
tapşırılırdı.
Versal sülh konfransına aşağıdakı heyətdə nümayəndələr göndərməyi qərara
aldılar: Əli Mərdan bəy Topçubaşov, (heyətin başçısı), Əhməd bəy Ağa oğlu,
Əkbər ağa Şeyxülislamzadə, Məhəmməd Həsən bəy Hacınski, Mir Yaqub
Mehdizadə, Məhəmməd bəy Məhərrəmzadə, Ceyhun bəy Hacıbəyli.
Yanvarın əvvəllərində heyət yola düşdü. Böyük ümidlə, Azərbaycan
istiqlalını dünyaya tanıtmaq istəyi ilə bu adamlar uzaq Parisə yollandılar.
Mehribanlıq və səmimiyyət hissi ilə ayrıldılar. Ayrılanda əməli və qayələri
bir olan həmvətənlərinə baxdı. Demək istədi ki, indi bütün ümidlər sizədir.
Azərbaycanın azadlıq səsini bütün dünyaya siz yaymalısınız.
Məmməd Əmin Rəsulzadə heyətin hansı çətin iş yerinə yetirəcəyini yaxşı
bilirdi. Heyət indiyə kimi imperiya zülmü altında inləmiş, həmişə Rusiyanın bir
əyaləti kimi yaşamış ölkəni müstəqil dövlət olaraq dünyaya tanıtmalı idi. Deməli
idi ki, Azərbaycan Rusiyadan ayrılmış, özü öz müqəddəratını həll etməyə qadir
olan bir ölkədir. Görən amerikalını, ingilisi, fransızı indiyədək azərbaycanlını
«qara tatar» «avam müsəlman» kimi qəbul edən bu xalqları Azərbaycanın müstəqil
bir dövlət kimi yaşaya biləcəyinə inandırmaq mümküm olacaqmı? Çar Rusiyası
Azərbaycanın varlığını inkar etməklə onun beynəlxalq aləmdə məhvinə səbəb olub.
Avropalı, amerikalı üçün yalnız sıldırım qayaları, yaşıl meşələri, sonsuz
gözəllikləri olan Qafqaz var. Bir də onların bildiyi yalnız budur! Qafqazda —
Rusiyanın bu əyalətində kiçik xalqlar yaşayır. Bu xalqlardan hansı birininsə ayrılıb
-müstəqil dövlət halına keçməyini onlar qəbul edəcəkmi?
Amma inanırdı. İnanırdı ki, bu millətin imzası dünyanın bütün azad
xalqlarının arasında görünəcək. Onlar inanacaq Azərbaycanın özünü yaşatmaq
bacarığına. Bu xalqın düşünən başlı, saf əqidəli, milli qeyrətli oğulları çoxdur. Və
başını köləlik zəncirindən təzəcə xilas etmiş bu xalq hələ çox işıqlı düşüncəli,
yüksək istedad sahibi olan adamlar yetirəcək. Elə ingilis Tomsonu inandıran, öz
kübar davranışı, yüksək məntiqi biliyi ilə onu heyrətdə qoyan bu adamlar
olmadımı? Əhməd Ağa oğlunun, Fətəli xanın yüksək savadına Tomson necə də
heyran kəsilmişdi? Yox, bu adamlarla hər işi görmək mümkündür.
Belə işıqlı ümidlər içində gedənləri düşünürdü.
Dostları ilə paylaş: |