AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə4/26
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7140
1   2   3   4   5   6   7   8   9   ...   26

Türkün səsi. «Açıq söz». Bu qəzet türk səsini ucadan xalqa eşitdirdi. 

42 
 
Məmməd  Əmin  Rəsulzadə  bu  haqda  belə  deyirdi:  «Açıq  söz»  ilk  dəfə 
olaraq  o  vəqtə  qədər  Qafqaziya  müsəlmanı  və  yaxud  tatarı  deyilən  xəlqin  türk 
olduğunu  sərahəqi  və  israrla  meydana  atmış  və  bu  xüsusda  hərb  senzoru  ilə 
mübarizə etmək zərurətində qalmışdı». 
 
1915-ci il oktyabr ayının 2-si. Həftənin beşinci günüdür. Bakıda «Açıq söz» 
qəzetinin  birinci  nömrəsi  çapdan  çıxıb.  Qəzetin  baş  mühərriri  otuz  bir  yaşlı 
Məmməd  Əmin  Rəsulzadədir.  Qəzetin  adının  altında  yazılıb:  «Siyasi-ictimai  və 
ədəbi  türk  qəzetəsi».  Çap  olunduğu  yer:  Nikolayevski  küçəsi,  M.  Ələkbərovun 
mətbəəsi, poçt № 357. 
İlkin nömrədə Ömər Faiq Nemanzadənin, Xosrov bəy Sultanovun yazıları, 
Hüseyn  Cavidin  «Dün  və bu  gün» şeri verilib. Müharibədən, Qafqaz cəbhəsindən 
xəbərlər də qəzetdə çap olunub. 
Qəzetin baş məqaləsini isə Məmməd Əmin Rəsulzadə yazıb. 
«Tutacağımız  yol»  adlanan  həmin  məqalədə  Məmməd  Əmin  Rəsulzadə 
yazırdı: 
―Dəhşətlərinə şahid olduğumuz bu yol bir həqiqəti- əsrimizin milliyyət əsri 
olduğunu isbat etdi. «Dünyanın xəritəsi hərbdə dəyişəcək» — deyə heyrətlə qarışıq 
bir  cümlə  indi  bir  çox  ağızlardan  eşidilməkdədir.  Dünya  xəritəsinin  alacağı  yeni 
şəkilə  vətəndaşların  fədakarlığı,  dövlətlərin  təşkilatı  və  orduların  əzəməti  ilə 
bərabərə  heç  şübhə  yoxdur  ki,  vüzuh  və  rüsux  peyda  etmiş  milliyyət 
məfkurələrində böyük təsiri var və olacaqdır. 
Özünün lüzumunca bilib və istiqbal üçün  müəyyən    bir ideal   (məfkurə)  
bəsləyən millət şübhəsiz ki, böyük bir qüvvət təşkil edər... 
Hər  hansı  qalib  şərəf  az-çox  sürünclü  bir  dinclik  vücuda  gətirmək  istərsə 
əsrin vicdanları üzərində ən çox təsir icra   edən   qüvvəti milliyyəti—məfkurəsini   
ihmal  edəməz!  Bunun  böylə  olacağı  arabir  gələcəyin  sülhü  haqqında  söz 
söyləyin...» 
Məmməd Əmin Rəsulzadə baş məqaləni bu sözlərlə bitirir: 
«...Xülasə,  tutacağımız  yolda  önümüzə  çıxacaq  olanlara  qarşı  yeganə 
vasitəmiz olacaq «Açıq söz». 
«Açıq söz» qəzeti xalqın ehtiyaclarından yazır, işıqlı fikirlər yayırdı. 
1915-ci  ilin  oktyabr  nömrəsində  qəzetdə  Məmməd  Əmin  Rəsulzadənin 
«Bizim  ehtiyaclarımız»  məqaləsi  çap  olunur.  Məqalədə  xalqın  dörd  başlıca 
tələbinin  indiki  şəraitdə  vacibliyi  göstərilir:  1)  Aşağı  sinifli  məktəblərin  açılıb 
milliləşdirilməsi;  2)  Ruhani  akademiyasının  açılması;  3)    dindarlar  tərəfindən 
ruhanilərin seçilməsi; 4) Müsəlmanların aldıqlarının qaytarılması.  
Məmməd  Əmin  Rəsulzadənin  irəli  sürdüyü  bu  tələblər  dövrün  tanınmış 
xadimlərindən  olan  Eynalı  Sultanovu  qane  etmir.  Eynalı  Sultanov  «Zaqafqasskiy 
reç»  qəzetində  çıxış  edib  Məmməd  Əmin  Rəsulzadəni  tənqid  edir.  Göstərir  ki, 
müsəlmanların  çoxlu  ehtiyacı  olduğu  halda  nəyə  görə  cəmisi  dörd  tələb  irəli 
sürülüb. Eyni zamanda Rəsulzadədən tələb edir ki, müsəlmanların siyasi hüquqları 

43 
 
məsələsini  qaldırsın.  Eynalı  Sultanov  məqaləsində  tənqidi  bir  az  da  kəskinləşdirir 
və «Açıq söz»ün müsəlmanların ehtiyacına qorxaqcasına yanaşdığını deyir. 
Eynalı  Sultanovun  bu  mövqeyi  Məmməd  Əmin  Rəsulzadəyə  toxunur  və 
«Açıq  söz»  qəzetində  «Qoy  cəsarətlilər  desinlər»  adlı  məqalə  ilə  çıxış  edir:  «Biz 
Qafqaz müsəlmanları üçün ən başlıca və hər şeydən vacib olan dörd tələbi görürük. 
Ola  bilsin  ki,  yenə  belə  vacib  ehtiyaclarımız  var.  Əgər  varsa,  qoy  cəsarətlilər 
desinlər». 
Əlbəttə, bu onların arasında olan fikir müxtəlifliyindən doğan mübahisə idi. 
Amma  Eynalı  bəyin  bir  az  tələsdiyini,  qəzeti  tənqid  etməkdə  «hövsələsizlik» 
göstərdiyini  də  demək  lazımdır.  Çünki  Eynalı  Sultanov  qəzetin  yalnız  altı 
nömrəsindən sonra bu sözləri yazmışdı. «Açıq söz»ün fəaliyyətə başladığından isə 
heç  bir  ay  da  keçmirdi.  Və  bu  müddət  ərzində  qəzetdən,  yaxud  bir  məqalə 
müəllifindən  xalqın  bütün  ehtiyaclarını  qaldırmaq  tələbini  istəmək  də  düzgün 
deyildi.  Şübhəsiz  ki,  M.  Ə.  Rəsulzadə  haqlı  olaraq  heç  olmasa  ana  dilində  bir 
məktəbin  açılmasını  ön  plana  çəkirdi.  Xalq  doğma  dilində  oxumaq  hüququndan 
məhrum idi və Məmməd Əmin Rəsulzadəni bu problem çox ağrıdırdı. Eynalı bəyə 
bir fikri də irad tutmaq olar: təzə fəaliyyətə başlayan,  nəşrinə  min əziyyətlə  icazə 
alınan,  cəmisi  altı  nömrəsi  çıxan  bir  qəzetdə  xalqın  kəskin  siyasi  hüquqlarının 
birdən-birə, elə ilk addımdan qaldırılması mümkün idimi? 
Məmməd Əmin Rəsulzadə «Açıq söz» qəzetindəki yazılarında yalnız Azəri 
türkünün  deyil,  ümumən  çar  imperiyasının  əsarəti  altında  əzilən  türklərin 
problemlərini  qaldırır,  lazım  gələndə  tənqidi  fikrini  bildirirdi.  Türkləri  cəsarətli 
olmağa, haqq işi uğrunda mübarizəyə çağırırdı. Məqalələrinin birində Türküstanın 
çarın  əsarəti  altına  düşməyindən  və  əlli  ildir  ki,  hüquqsuz  halda  yaşamağından 
danışır, «Türküstan əyaləti qəzeti»ni tənqid edir. 
Budur, Türküstanın Rusiya təbəəliyini qəbulunun əlli illiyi tamam olur. Bu 
münasibətlə  «Türküstan  əyaləti  qəzeti»nin  baş  məqaləsində  yüksək  bəlağət  və 
təriflə  türkmənlərin  rus  mədəniyyətini  mənimsəməyindən  və  onların  Rusiyaya 
sədaqətindən məhəbbətlə danışılır. 
Məmməd Əmin Rəsulzadə qəzeti tənqid atəşinə tutur, həqiqəti yazmadığını 
söyləyir.  Göstərir  ki,  belə  lazımsız  sözlərlə  qəzeti  doldurmaqdansa  general-
qubernator  Kuropatkinin  və  onun  generallarının  bütün  əyalətdə  törətdiyi 
vəhşilikdən,  amansızlıqdan,  xalqa  necə  divan  tutmağından  yazsın.  Onda  hər  şey 
üzə çıxacaq və bu «təbəəliyin» türkmən xalqının qanını tökməyi sübut olunacaq. 
Türk xalqının əzilməsinə və bu istibdada göz yumulmasına Məmməd Əmin 
Rəsulzadə dözə bilmirdi. 
1915-ci ilin dekabrında Məmməd Əmin Rəsulzadənin bir maraqlı məqaləsi 
çap  olunur:  «Hacının  hədiyyəsi».  Məqalədə  tanınmış  Bakı  milyonçusu,  xalqın 
böyük  xeyirxahı  Hacı  Zeynalabdin  Tağıyevin  əliaçıqlığından,  səxavətindən 
danışılır. 

44 
 
Peyğəmbərin  anadan  olması  münasibətilə  «İsmailiyyə»  binasında  təntənəli 
yığıncaq  keçirilir.  Dövrün  qəbul  edilmiş  qaydalarına  görə,  əvvəlcə  imperatorun 
adına  xeyirxahlıq  dolu  sözlər  deyilir,  «Səfa»  məktəbinin  uşaqları  xor  oxuyurlar. 
Uşaqların  oxumağını  alqışlayırlar.  İsmayılbəy  Səfərəliyev  elan  edir  ki,  Hacı 
Zeynalabdin Tağıyev xəstə olduğuna görə burda iştirak edə bilmir və camaatın onu 
bağışlamağını xahiş edir. 
Gecədə  iştirak  edə  bilməyən  Hacı  öz  xahişi  ilə  yazılan  məktubu  yığıncağa 
göndərir.  Məktubu  oxumaq  Məmməd  Əmin  Rəsulzadəyə  həvalə  olunur. 
Məktubdan məlum olur ki, Hacı Bakıda yaşayan Kazan tatarlarına və dağıstanlılara 
əlli min manat peşkəş verib onlara iki məscid tikdirəcək. 
Məmməd  Əmin  Rəsulzadə  qəzetində  xeyirxah  Hacıdan  böyük  məhəbbətlə 
yazırdı: 
«İsmailiyyə» binasında peyğəmbərin anadan olmağına həsr edilən həmin o 
təntənəli  yığıncaqdan  ən  çox  yadda  qalan  Hacının  qiymətli  məktubu  idi.  Bu 
məktub  Qafqazın  milli  tarixi  səhifələrini  bəzəyən  bu  əmanətlə  yanaşı  dayanacaq. 
Məktubu imzalayan adamı isə xalq əbədi bir hörmətlə xatırlayacaq». 
Bir  xoĢ  xatirə.  Çox-çox  sonralar,  bu  hadisədən  neçə  illər  ötəndən  sonra 
gedib  Hacı  Zeynalabdin  Tağıyevin  unudulmuş,  yaddan  çıxmış  doxsan  yaşlı  qızı 
Sara  xanımla  görüşəcəyəm.  Həmin  o  görüşümüzdə  atasının  Məmməd  Əmin 
Rəsulzadəyə  münasibətini  soruşacağam.  Sara  xanım  ötənlərin  işığına  boylanıb  bu 
sözləri deyəcək: 
«Atam  Məmməd  Əminin  də,  Nəsib  bəyin  də  hörmətini  saxlardı.  Onların  
işinə, hökumət qurmağına sevinərdi». 
Ağrılı  səs.  1920-ci  ilin  Aprel  fəlakətindən  sonra  hakimiyyətə  gələn 
bolşeviklər Məmməd Əmin Rəsulzadənin adına hər böhtanı deyəcək, qara ləkələr 
yaxacaqdılar.  Qızıl  istibdadın  hökmranlığa  başladığı  həmin  o  dövrdə  yalançı 
bolşevik  düşüncəsi  ilə  zəhərlənmiş  azərbaycanlı  komissarlardan  biri—Mirzə 
Davud  Hüseynov  Məmməd  Əmin  Rəsulzadənin  «Hacının  hədiyyəsi»  yazısına 
böhtan yıxıb, istehza ilə yazacaqdı: 
«Məmməd  Əmin  Rəsulzadədən  cənab  Hacının  məktub  əmanətinin  yerini 
soruşmaq maraqlıdır. Bəlkə o həmin məktubu Finlandiya sərhədindən qaçanda özü 
ilə götürüb və indi İstanbulda qızıl yeşikdə saxlayır». 
Sonra bir mənasız söz də deyəcəkdilər Məmməd Əmin Rəsulzadə haqqında: 
«...Ancaq  Məmməd  Əmin  bu  yığıncağa  təsadüfi  düşən  sadə  tamaşaçı  kimi 
pərəstiş eyləmir, o bu heyətin fəal üzvü və Tağıyevin yaxın, xüsusi inandığı adam 
kimi məktubu xüsusi tonla, hisslə oxuyur». 
Maraqlıdır,  görəsən  Hacı  Zeynalabdin  Tağıyevin  yaxını  olmaq  günah 
işdirmi?  Xalqın  əlindən  tutan  belə  xeyirxah  adamları  Məmməd  Əmin  Rəsulzadə 
həmişə qoruyub saxlayıb. Mirzə Davud Hüseynov kimi milli mənliyini itirənlər isə 
qocanı, ağsaqqallı, dövlətli, kasıb, kimi gəldisə gülləyə hədəf ediblər. 

45 
 
1916-cı  il  idi.  «Açıq  söz»  qəzeti  Azəri  türklərinin  ehtiyacından, 
dərdlərindən  yazırdı.  Qəzetin  demək  olar  ki,  hər  nömrəsində  Məmməd  Əmin 
Rəsulzadənin  məqaləsi çap olunurdu. İndi də Məmməd Əmin Rəsulzadəni Dövlət 
Dumasındakı  vəziyyət  narahat  edir.  Müsəlmanlardan  ibarət  deputat  qrupunun 
müəyyən işlər görəcəyinə ümid var. Deputatlar da az fəallıq göstərmir. Müsəlman 
deputatlar  Dövlət  dumasında  müxtəlif  fraksiyaların—kadetlərin,  oktyabristlərin, 
mərkəz qrupun yaratdığı «bloka» daxil olublar. «Blokun» qarşıya qoyduğu məsələ 
budur:  ölkənin  mərkəzləşdirilməsi  üçün  əhalinin  əhvalını  yüksəldib  hökumətlə 
birləşmək lazımdır. 
Məmməd  Əmin  Rəsulzadə  müsəlman  deputatların  bu  proqressiv  əhvallı 
«bloka»  daxil  olmasını  nəyə  görə  müdafiə  edir?  Səbəb  budur:  onların  diqqətini 
müsəlmanların  ehtiyaclarına  yönəldib,  müəyyən  imtiyazlar  əldə  etmək,  Rus 
ictimaiyyətinin  «bloka»  daxil  olan  bu  açıq  fikirli  adamları,  şübhəsiz  ki, 
müsəlmanların müəyyən istəklərinə biganə qalmayacaqlar. 
Məmməd  Əmin  Rəsulzadə  bununla  əlaqədar  olaraq  «Dövlət  dumasının 
açılışı» məqaləsində yazırdı: 
«...Müsəlmanlar nə istəyirlər? 
İstəyirlər  ki,  müsəlman  olduqlarına  görə  onları  tapdalamasınlar.  Onları 
müsəlman olduqlarına görə bürokratçılığa dözməyə məcbur etməsinlər. 
Onların dili, dini hər cür təzyiqdən azad olsun. 
Məgər  müsəlmanların  bu  istəklərinin  təmin  edilməsi  vətənin  müdafiəsində 
dayanan  və  bundan  sonra  da  hər  vasitə  ilə  vətəni  qoruyacaq  vətəndaşların 
patriotluğuna mane olurmu?» 
Məmməd Əmin Rəsulzadə Dövlət duması yolu ilə xalqa müəyyən hüquqlar 
verilməsi uğrunda öz yazıları ilə mübarizə aparırdı. 
«Açıq söz» cəmiyyətin yaralarına toxunur, sağlamlıq, xilas olmaq yollarını 
göstərirdi.  O  əzilən,  inildəyən  müsəlmanın  ağrısı  ilə  yaşayırdı.  Qəzet  istismarda 
olan Azəri türkünün səsini batmağa qoymur, ucaldırdı. 
Məmməd  Əmin  Rəsulzadənin  hürriyyət  və  millətçilik,  türklük  ruhu  ilə 
yazılan məqalələri «Açıq söz»ün səhifələrini işıqlandırırdı. 
«Açıq söz» artıq sarsılan, yıxılmağına cəmi bir il qalmış imperiya əsarəti ilə 
ciddi mübarizə aparırdı. 
«Açıq  söz»  qəzetini  xatırlayan  adamlar  həm  də  Məmməd  Əmin 
Rəsulzadənin bütün ömrü boyu apardığı Azərbaycan davasının tərəfdarlarıdır: 
Süleyman Təkinər: 
«...«Açıq  söz»  bütün  rus  məhkumu  türklərin  də  qurtuluş  davasını  təbliğ 
etmiş  və  yenə  1917-ci  il  ümumrusiya  müsəlmanlarının  Moskva  konqresində  onu 
müdafiə və qəbul etdirib, bütün məhkum türklərin qurtuluşunu hədəf tutmuşdur». 
Abdulla Battal Taymas: 
«M.  Emin  bəyi  vaxtilə  çıxarmış  olduğu  («Açıq  söz»)  qəzetəsi  vasitəsi  ilə 
qiyabən  də  tanıyırdım.  Bu  qəzet  kiçik  həcmli  olsa  da,  yeni  bir  ruh  daşıyan  fikir 

46 
 
qəzeti  idi.  Zəngin  neft  məmləkəti  olan  Bakıda  «Həyat»,  «İrşad»,  «Təzə  həyat», 
«İqbal» və bu kimi böyük həcmli qəzetlər də vardı. Ancaq bunlar «Açıq söz» kimi 
bir dava, bir əməl qəzeti sayılmazlardı». 
Mirzə Bala: 
«...Bu  tərifə  görə  Rusiya  imperatorluğu  daxilindəki  türklər,  o  cümlədən 
azərbaycanlılar,  hakim rus  millətiylə heç bir  münasibəti və bağlılığı olmayan ayrı 
və  müstəqil  milli  bir  mövcudiyyətdir.  Onlardan  ayrı  dilləri,  ədəbiyyatları, 
xristianlıqdan  başqa  bir  dinləri,  adət  və  ənənələri,  parlaq  tarixi  və  mədəniyyət 
əsərləri  ilə  müstəqil  milli  varlıq  olan  bu  türklərin  qurtuluş  davası  Rəsulzadə 
tərəfindən  toplu  ələ  alınmış  və  «Müsavat»  partiyası  ilə  bu  partiyanın  orqanı  olan 
«Açıq söz» qəzeti, bu hərəkatın ələmdarı olmuşdur». 
Abdul Vahab Yurdsevər: 
«Emin bəyin «Açıq söz»ü Azərbaycanda çıxan digər qəzetlərdən çox fərqli 
idi.  Digər  qəzetlərimiz  ümumiyyətlə  dini  və  bəzən  də  milli  vəhdət  fikri  üzərinə 
məhəlli  bir  intibah  hərəkəti  vücuda  gətirməyə  çalışarkən,  «Açıq  söz»  elmi  bir 
tərzdə  işlənmiş  modern  bir  türkçülük  cərəyanını  təmsil  ediyor  və  gərək  siyasi, 
gərəksə ictimai sahələrdə açıq və mütəhhəs bir müğadilə proqramını irəli sürürdü. 
Sırf gənc qələmləri yetişdirməkdən ötrü, Emin bəy «Açıq söz»də bir «açıq 
sütun»  yeri  ayırmışdı.  Bu  «açıq  sütun»  hal-hazırda  məmləkət  daxilində  və 
xaricində  Azərbaycan  davasını  sədaqətlə  müdafiə  edən  bir  çox  mühərrirlərə 
məktəb vəzifəsini görmüşdür». 
 
*** 
 
Ayağı çarıqlı, ürəyi atəşli Azəri türkü! Qəlb istəyinin həyatda işıqlanmağına 
az  qalıb.  Səni  neçə  illərdir  ki,  odlarda  yandırıb  cismini  külə  döndərən  imperiya 
yıxılmaqdadır. Rişələri qırılıb çürüyən ağac torpaqda dayana bilərmi? Torpaq heç 
zaman  zülm  bitirmir!  Torpaq  toxum  cücərdir.  Qoynunda  bəsləyib  böyütdüyü 
toxumun  qan  hərisi  kimi  məzlumların  canına  daraşacağını  hardan  bilsin?  Belə 
xəyanətkar bəhrə verən toxumun kökünü sonradan gec də olsa çürüdür torpaq. 
...O  gün  yaxınlaşırdı.  Xalqın  qanını  sorub  işgəncə  ilə  içərisini  dağlayan 
imperiya ağacı kökündən qopmuş halda yerə yıxılırdı. 
Bu xəbəri eşitdiyi gün sevincindən qanadlanmışdı. Xalq əsarətin, istibdadın 
yırtıcı  ağzından  xilas  olmuşdu.  Türk  xalqlarının  qatı  düşməni  olan  çar  Rusiyası 
hökmranlığına son qoyulmuşdu. Üç yüz illik bir sülalənin hakimiyyəti bitmişdi. Bu 
əsarət qoxulu sülalənin qanlı qılıncı  yüz ildən çox Azəri türklərinin başı üzərində 
oynamışdı. İmperiyanın qorxunc və heybətli toxumunu qanında gəzdirən bu çarlıq 
sülaləsi  hansı  oyunlardan  çıxmamışdı?  Necə  qanlar  töküb,  faciələr  törədib 
müstəmləkəçiliyini qoruyub saxlamışdı! 
Budur,  indi  sona  yetdi  hər  şey.  Həyatda  daimi  nə  var  ki?  İnsan  da, 
hakimiyyət  də,  hökmranlıq  da,  yaxşı  da,  pis  də  hamısı  bir  gün  gəlib  axır  nöqtəyə 

47 
 
çıxır.  Zalım  dünya  yalnız  «gəliş»  tərəfdarı  deyil  ki,  o  «gedişi»  də  sevir,  eyni 
məhəbbətlə də yola salır. Zalımlıq və qaniçənliyin qurtaracaq bir günü var. Amma 
insan,  yazıq  insan,  dünyanın  ömrüylə  müqayisədə  çox  az  yaşayan  bu  əzabkeş 
varlıq bir gün görə bilmir. 
Düşünürdü. Qəribə hisslər, duyğular bürümüşdü içərisini. Eşitdiyi bu xəbər 
onu irəliyə, hələ qarşıdan tam çəkilib getməmiş qaranlıq duman qatını yox etməyə 
çağırırdı.  Onu  beş  ildən  çox  böyüdüyü  torpaqdan  didərgin  salan,  günlərlə  soyuq 
həbsxanada yaşadan bir rejim devrilmişdi. Amma çəkdiyi əzablara məhz bu günün 
şahidi olduğuna görə heyifslənmirdi. Daha da sevinirdi. 
Məmməd  Əmin  Rəsulzadə  çar  imperiyasının  yıxılmaq  xəbərini  eşidib 
sevinəndə 1917-ci ilin fevral ayı idi. 
Elə  həmin  gündən  «müsavatçı»  dostlarını  başına  toplayıb  qəti  fikir    irəli 
sürdü:  Azərbaycana  muxtariyyət  verilməlidir.  Bütün  hüquqları  indiyə  kimi 
tapdanıb  əlindən  alınmış  xalq  muxtariyyət  şəklində  yaşamalıdır.  Bu  günə  kimi 
yalnız milli mədəni hüquqlar qazanmağımız uğrundakı mübarizə indi milli-mahallı 
muxtariyyətlə aydınlaşmalıdır. Milli-mahallı muxtariyyət xalqı torpağının da sahibi 
edir. 
Bir  Ģikayət.  Az  sonra  Məmməd Əmin  Rəsulzadə  bu işıqlı fikirlərinə  görə 
hücumlara  məruz  qalacaqdı.  Hələ  yatmış,  qəflət  yuxusundan  oyanmamış  adamlar 
olacaqdı  ki,  onu  günahlandıracaq,  yeni  tapdanmış  hüquqların  əldə  olunması  ilə 
kifayətlənmək  istəyəcəkdilər.  Bunu  xalqın  öz  içərisindən  çıxanlar  edəcəkdi. 
Yuxarıdan  çar  imperiyasını  devirib  hakimiyyətə  gəlmiş  burjua-demokratik  ruhlu 
ruslardan  bir  qrupu  isə  «bölünməz  Rusiya»nı  əllərində  möhkəm  saxlamağa 
çalışacaqdılar. Yeni hökumətin başında dayanan Kerenski ilə də çox sonralar ciddi 
mübahisələri  olacaqdı.  Sonrakı  mühacirət  dövründə  Məmməd  Əmin  Rəsulzadə 
Kerenskini  «Bölünməz  Rusiyanı»  müdafiə  etməkdə  günahlandıracaq,  yazdığı 
əsərlərində onun ideyalarının müstəmləkəçilikdən başqa bir şey olmadığını sübuta 
yetirəcəkdi. 
Onların  arasında  elə  həmin  ildən  başlayan  bu  dava  otuz  ilə  kimi  davam 
edəcəkdi. 
1917-ci  ilin  aprel  ayında  Bakıda  Qafqaz  müsəlmanlarının  qurultayı  oldu. 
Qurultay  bütün  Qafqaz  müsəlmanlarının  həyatında  mühüm  rol  oynayan  bir  qərar 
çıxardı. 
Bu haqda Məmməd Əmin Rəsulzadə özü belə yazırdı: 
«—Bakıda  nisanın  15-də  ilk  dəfə  olaraq  «qurultay  namilə  Qafqaziya 
müsəlman  konqresi  toplanıyor.  Qurultay  hər  şeydən  əvvəl  və  hər  məsələdən  daha 
qızğın bir surətdə  azad  Rusiyanın alacağı  mətlub şəkli idarəni  müzakirə  etdikdən 
sonra aşağıdakı qərarı çıxarıyordu: 
«A  —  Qafqaziya  müsəlman  qurultayı  milli-siyasi  məqsədə  aid  məsələni 
müzakirə edərək  müsəlman qövmlərinin  mənafeyini ən ziyadə təmin edən  Rusiya 

48 
 
şəkli  idarəsinin  məhəlli  federasion  əsası  üzərinə  qurulu  cümhuriyyət  müctəmeyi-
inam olduğunu qəbulə qərar verir». 
«B  —  İslam  dinində  olan  bütün  qövmlərin  ruhani  və  mədəni  irtibatını 
nəzərə alaraq Qafqaziya müsəlman qurultayı bütün Rusiya müsəlmanları üçün vəzi 
qəvanin səlahiyyətinə malik ümumi bir idarə təşkilini lazım görür». 
1917-ci  ilin  may  ayı  idi.  Bakıdan  hərəkətə  başlayan  qatar  neçə  gün  idi  ki, 
Moskvaya gedirdi. 
Bu  onun  Moskvaya  ilk  gəlişi  idi.  Sonradan  bu  şəhərə  yenə  yolu  düşəcək, 
hətta bir müddət burada mühacirətdə —nəzarətdə yaşamağa məcbur olacaqdı. 
Sonralar  həmişə  nifrətlə  yada  salacağı,  qızıl  totalitarizmin  yuvası 
adlandıracağı  bu  şəhərdə  həmin  ili  mühüm  bir  qurultay  keçirilirdi:  Rusiya 
müsəlmanlarının qurultayı. 
Bu  qurultayda  o,  öz  parlaq  çıxışı,  dərin  zəkası,  ağlı  ilə  hamını—qurultaya 
toplaşan  700  adamı  heyrətdə  qoyacaqdı.  Əzilən  müsəlman  və  türk  dünyasının 
düşdüyü möhnət quyusundan çıxmaq və azad nəfəs almaq yolunu güclü məntiq və 
vahid ideya xətti ilə izah edəcəkdi. Qurultayda ona qarşı əks duranlar da olmuşdu. 
Yüzə kimi adam başqa mövqedə dayanıb, onun ideyasını qəbul etməmişdilər. Bəs 
nə  deyirdi  bu  adamlar—islamçı-sosialistlər  cəbhəsində  duranlar  hansı  ideyanın 
tərəfdarı kimi çıxış edirdilər? 
Bu  adamlar  yeniləşmiş  Rusiyadan  yalnız  «milli-mədəni  muxtariyyət» 
almaqla  kifayətlənirdilər.  Onların  əqidəsincə  Rusiya  bu  əsaslar  üzərində,  yəni 
bütün  xalqlara  öz  mədəniyyətini,  dinini  inkişaf  etdirmək  imtiyazları  vermək 
əsasında qurulmalıdır. Milli-mədəni muxtariyyətlə onlar kifayətlənirdilər. 
Məmməd Əmin Rəsulzadə bu fikri qətiyyən qəbul etmirdi. O «milli-mədəni 
muxtariyyət» mübarizəsi dövrünün artıq ötüb keçdiyini yaxşı bilirdi. Çünki özü on 
beş  illik  siyasi  mübarizəsində  az  belə  tələblər  irəli  sürməmişdi.  Xalqın  doğma 
dilində  məktəb  açılması,  qəzet,  kitab  çap  edilməsi,  fikir,  düşüncəsinin  boğulması 
halları ilə çox döyüşmüşdü. İndi yaxşı başa düşürdü ki, üç yüz illik bir monarxiya 
üsul-idarəsinin  devrildiyi  şəraitdə  yalnız  bu  tələblə  kifayətlənmək  xalqın  yenə 
əsarət altında inildəməyi deməkdir. Moskva Moskvalığında qalırdı. Dəyişən yalnız 
onun  rəngi,  bir  də  əyninə  geydiyi  paltar  idi.  İçəri  hökmü,  siyasəti  yaşayırdı  hələ. 
Məhkum xalqlar yenə onun tabeliyində can verirdi. Bəs əsarətdən qurtarmaq yolu 
nədən başlayırdı? Hansı yolla xalqı işığa çıxara bilərdi? 
Torpaq,  yalnız  torpaq  bu  əsarətdən  xalqı  xilas  edərdi.  Torpağı  özününkü 
olmayan  xalq  əsarət  buxovundan  da  xilas  ola  bilməz.  Xalq  özü  torpağını  idarə 
etməlidir. 
Bütün düşündüklərində və qəti proqram kimi irəli sürdüyü bu fikirdə «vahid 
və  müstəqil  Azərbaycan»  ideyası  formalaşırdı.  Növbəti  atacağı  addım  Rusiyadan 
tam ayrılıb müstəqil yaşayan «Azərbaycan» olacaqdı. 
Hələlik bu işıqlı ideyasını muxtariyyət qazanmaqda görürdü.  

49 
 
«Müstəqil  Azərbaycan» fikrini  indi ortalığa  atmaq olmazdı. Bundan ötrü 
hələ  şərait  yaranmamışdı.  İndidən  yatmış  şiri  oyadıb  onu  xalqın  üstünə  salmaq 
ağılsızlıq  idi.  Şirin  içərisindəki  «parçalamaq,  hökm  sürmək»  istəyi  ölüb 
getməmişdi.  Şir  təhlükəlidir,  çox  təhlükəlidir.  Onunla  oynamaq  olmaz.  İndiki 
şəraitdə şiri yalnız təmkinlə, yumşaq tədbirlə yola gətirmək lazımdır. 
Ağıllı,  siyasətcil  adam  idi.  Hadisələrin  gedişini  izləyib  məntiqi    əsaslar 
çıxarmağı  bacarırdı.  Müxtəlif  yerlərdə  keçdiyi  siyasi    mübarizə  məktəbi  onu 
möhkəmləndirmişdi. 
Hələ  1917-ci  ilin  mart  ayında  çar  hakimiyyəti  devriləndən  az  sonra 
Daşkənddəki dostlarından birinə məktub yazmışdı. Məktubda yazdığı sözlər onun 
uzaqgörən siyasətindən, bütün  türklərə  istiqlaliyyət qazandırmaq istəyindən xəbər 
verirdi.    Məktubda  yazırdı:  «Bizim  türklük  davamızla  birlikdə  bir  də  Qafqasiya 
məsələsi vardır. Onsuz ötüşə bilmərik. Məsələ  Rusiyanı parçalamaqdan ibarətdir. 
Ondan sonra biz özümüzü və bir-birimizi taparıq». 
1917-ci ilin martında yazdığı məktubda Məmməd Əmin Rəsulzadə məntiqi 
siyasət irəli sürürdü: Rusiyanı parçalamaq! Bəs necə parçalamaq? Rusiyanı güc və 
zorla  dağıtmaq  mümkün  deyil.  Burda  yeganə  yol  onu  xalqlara  muxtariyyət 
verməyə  məcbur  etməkdir.  Ayrı-ayrı  xalqların  muxtariyyət  şəklində  yaşaması 
Rusiyanın  parçalanmasına  və  tezliklə  məhkum  xalqlar  üzərindəki  ağalığına  son 
qoyur. 
...Buna  görə  də  Rusiya  İsveçrə  sistemi  halında  ayrı-ayrı  milli  dövlətlərdən 
ibarət  federativ  bir  cümhuriyyət  olmalıdır.  Məmməd  Əmin  Rəsulzadə  Qafqaziya 
müsəlmanlarının  Moskva  qurultayında  irəli  sürdüyü  bu  fikrin  qələbəsinə  də  nail 
oldu.  Qurultayda  iştirak  edən  700  nümayəndədən  600-ü  onun  «muxtariyyət» 
ideyasına səs verdi. Qalan yüz nəfər isə razılaşmayıb etiraz etdilər. Səs çoxluğu ilə 
Məmməd Əmin Rəsulzadənin təklifi qəbul olundu. 
Qurultayda  onun  fikrinə  qarşı  çıxıb,  «milli  dövlətlərə  bölünmək  Rusiya 
müsəlmanlarını  parçalayacaq»  fikrini  ortaya  atanlara  Məmməd  Əmin  Rəsulzadə 
belə cavab vermişdi: 
«—Bu  hərəkət  türk-müsəlman  birliyini  parçalamayacaqdır.  Milli  dövlətinə 
qovuşacaq olan hər bir türk eli coşğun bir türk irmağıdır. Bu irmaqlar yenə türklük 
dənizinə qədər axacaq və orda  birləşəcəkdir. 
Biz  türkük  və  türklərin  oğullarıyıq.  Böylə  olduğumuz  üçün  qürur 
duymalıyıq.  Biz  türkün  mənliyindən  bir  türk  kulturu  yaratmaq  istəyirik.  Buna 
məcburuq.  Rusiyadakı  30  milyon  müsəlmandan  29  milyonunun  türk  olduğunu 
unutmamalıyıq. Rusiyadakı türk xalqı yüz illərdən bəri bölünmüşlərdir. Fəqət indi 
sadə  birləşmə  istəyində  deyil,  eyni  zamanda  öz  milli  mövcudiyyətini  qəbul 
etdirmək istəyində olan niyyətlərini hayqırmaqdadırlar». 
Qurultayda  Məmməd  Əmin  Rəsulzadənin  çıxışı  alqışlarla  qarşılandı.  Bir 
qırğız şairi isə ona məhəbbətini bildirib çıxışına şer qoşdu. 

50 
 
Məmməd  Əmin  Rəsulzadənin  Moskva  qurultayında  irəli  sürdüyü  daha  bir 
fikir  də  hamının  ürəyincə  idi:  Azərbaycan,  Qafqaziya,  Türküstan,  İdil-Ural,  Krım 
və Sibir türklərini birləşdirəcək bir türk federasiyonu yaratmaq. 
Həmin o qurultayın iştirakçılarından biri olan professor  Zəki Vəlidi Toğan 
sonradan bu sözləri yazırdı: 
«...15—20  gün  sonra  Daşkənddən  Moskvaya  gəldik.  Orda  toplanan 
ümumrusiya  müsəlmanları  qurultayına  azərbaycanlı  Əli  Mərdan  bəy  Topçubaşov 
rəyasət ediyordu. Emin bəy qonuşuyordu. Bütün konqreyə azərbaycanlıların hakim 
olduğu görünür və Azərbaycan liderlik edirdi. Emin bəyin sıx-sıx alqışlanan qayət 
sarih  və  sarih  olduğu  qədər  də  beliğ  və  həyəcanlı  danışması  700  kişilik  konqre 
əzasından  600-nü  onun  proqramı  ətrafında  birləşdirdi.  Əgər  700  kişi  içərisində 
Emin bəy və arkadaşları olmasaydılar, konfrans istiqlal və muxtariyyət tezisinə rəy 
verməzdi». 
Rus məhkumu millətlərin qurtuluş liderlərindən biri olan Cəfər Seyidəhməd 
Krımər sonralar Məmməd Əmin Rəsulzadəyə göndərdiyi bir məktubda o hadisəni 
belə xatırlayırdı: 
«Sizi  şəxsən  1917-də,  Moskva  Konqresində  tanımaq  bəxtiyarlığına  nail 
olmuşdum.  Bütün  Rusiya  müsəlmanlarının  xatirəsini  daima  rəhmətlə  anacağı  Əli 
Mərdan  bəy  Topçubaşovu  da  hörmətlə  orada  salamlamışdım.  Bilxassə, 
Azərbaycanımızın  siz  əziz  övladları,  o  qurultayın  düşüncə  və  həyəcanına  ən 
qüvvətli  təsir  göstərdiniz.  Başçılıq  etdiyim  Krım  heyəti  də  o  dövrdə,  sizlər  kimi 
Rusiyanın  federasion  əsasında  qurulmasına  tərəfdardı.  Bu  görüş  birliyi  tezisimizi 
ən  müvəffəqiyyətli şəkildə  azərbaycanlı qardaşlarımızın təsbit və  sizin  ən  yüksək 
həyəcan,  müstəsna  bir  bəlağətlə  müdafiə  etmiş  olmanız  o  sırada  açıq  ifadə 
edilməmiş olmasına rəğmən  «Türk  yurdu» ilə təşriki  məsainizdən türkçülüyünüzə 
inanmış olan məni sizə yalnız fikrən deyil, ruhən də, qəlbən də bağlamışdı». 
Qurultaydakı  çıxışdan  sonra  Məmməd  Əmin  Rəsulzadə  Rusiyadakı  bütün 
türklərin  hörmət  və  nüfuzunu  qazanır.  Elə  bunun  nəticəsi  idi  ki,  Məmməd  Əmin 
Rəsulzadə  həmin  ili  Azərbaycan  və  Türküstandan  Rusiya  parlamentinə  millət 
vəkili seçilir. 
Məmməd Əmin Rəsulzadə bütün Rusiya əsarətində  məhkum olan türklərin 
istiqlaliyyəti uğrunda çalışırdı. 
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin