AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2.8 Kb.
PDF просмотр
səhifə3/26
tarix31.01.2017
ölçüsü2.8 Kb.
1   2   3   4   5   6   7   8   9   ...   26

Ġlk  eĢidilən  səs.  Əsrin  əvvəllərində  imperiya  əsarətində  əzilən  türkün 
haqqını, hüququnu müdafiə məqsədi ilə Nijni-Novqorod şəhərində Əli Mərdan bəy 
Topçubaşlının,  İsmayıl  bəy  Qaspirallının,  Yusif  Akçoranın,  Sədri  Məqsudi  və 
Fateh  Kəriminin  təşəbbüsü,  fəaliyyəti  nəticəsində  «Rusiya  Müsəlmanları  İttifaqı» 
adlı partiya quruldu. Partiyanı yaratmaqda məqsəd əsarət altında inildəyən türkləri 
bir amal  uğrunda birləşdirib irticaya qarşı mübarizə aparmaq, imperiya zülmündə 
əzilməkdən  xilas  etmək  idi.  Çünki  çar  Rusiyasında  yaşayan  türklər  eyni  kökdən 
olduqlarını  bilmirdilər.  Parçalanmış  halda  yaşayır,  zəif  qüvvə  təşkil  edirdilər.  Bu 
qüvvələri  oyadıb  kimliyini  bildirmək,  başlıca  düşmənə  qarşı  mübarizəyə 
hazırlamaq lazım idi. 
İsmayıl  bəy  Qaspirallı  həmin  o  illərdə  türklüyün  səsinin  yenicə  ucalmağa 
başladığı dövrdə — 1906-cı ildə demişdi: 
«Ümumən  türklərin  əsli  və  nəsli  birdir.  Zaman  və  məkan  ihtilafıyla  şivə 
adətlərimizdə ihtilaf peyda olmuşdur. Bu ihtilaf bir-birimizi anlamayacaq dərəcəyə 
gəlməmişdir.  Bundan  sonra  məktəblərimizi  bir  olan  ədəbi  lisanlarımızla  hadim 
olacaq hala gətirmək lazımdır». 
Bu  görkəmli  türk  ziyalıları  deyirdilər:  məzhəb  ayrılığının—yəni  qəsdən 
imperiya tərəfindən ortalığa atılan sünni şiə söhbətinin—türklüyün birliyinə heç bir 
maneçiliyi yoxdur və ola bilməz. 
Əli Mərdan bəy Topçubaşlı o zaman demişdi: 
«Məzhəb  müxtəlifliyi  böyük  əhəmiyyətli  bir  şey  deyildir».  Bu  fərqlər 
Rusiya müsəlmanlarının ruhani işləmələri üçün ümumi bir müəssisə vücuduna dini 
nöqteyi-nəzərdən bir maneə təşkil etməz». 
...Çar imperiyasının «ruslaşdırma», «türkçülüyü boğmaq» siyasəti iri sənaye 
şəhəri olan Bakıda daha kəskin hiss olunmuşdu. Bakı mühitində belə bir zamanda 
türklüyün işığını ilk yandıran Əli bəy Hüseynzadə olmuş, açdığı qəzetlə xalqa «sən 
türksən» fikrini aşılamağa çalışmışdı. Böyük insan Əli bəy Hüseynzadə hələ 1906-
cı ildə öz fikrini belə ümumiləşdirirdi: «Türk qanlı, islam imanlı, firəng qiyafəli». 
Getdikcə alovlanan, başına yeni fikirli adamlar toplayan bu türk ocağını çar 
imperiyası tezliklə boğub    söndürmüşdü. 
Həmin ocaq indi İstanbulda alovlanırdı. 1911-ci il idi. 
Azad türk arzusu,  fikri ilə  yanan bu ocağın dövrəsinə  yığılanlardan biri də 
Məmməd Əmin Rəsulzadə idi. 
«Türk  ocağı»nda  iĢıq.  İstanbuldakı  «Türk  ocağı»na  dövrün  görkəmli 
ziyalıları  toplaşmışdı.  Məmməd  Əmin  Rəsulzadə  «Türk  ocağı»nda  görkəmli 

35 
 
ziyalılarla—Əli  bəy  Hüseynzadə,  Əhməd  bəy  Ağa  oğlu  və  başqaları  ilə  birgə 
çalışıb fəaliyyət göstərirdi. 
Bu  zamanlarda  fəaliyyətə  başlayan  «Türk  yurdu»  dərgisində  Məmməd 
Əmin  Rəsulzadə  «İran  türkləri»  başlığı  altında  bir  sıra  məqalələr  yazır.  Onun  bu 
sıradan olan məqalələri böyük əhəmiyyətə malik idi. Çünki bu günə kimi İrandakı 
azərbaycanlıların türkçülük xüsusiyyətlərini belə geniş şəkildə əks etdirən yazı çap 
olunmamışdı. Parçalanmış Azərbaycanın Arazın o tayında ağrı çəkən türklərindən 
çoxları  xəbərsizdi.  Məmməd  Əmin    Rəsulzadə  İran  türklərinin  səsini  geniş  türk 
dünyasına çatdıran ilk ziyalı idi. 
Məmməd  Əmin  getdikcə  müsəlman  dünyasının  böyük  mütəfəkkiri    Şeyx 
Cəmaləddin Əfqani ilə maraqlanır. Onun  fikirlərini, fəlsəfi düşüncələrini öyrənir... 
Şeyx  Cəmaləddin  Əfqani  hansı  işıqlı  ideyaları  ilə  Məmməd  Əmin  Rəsulzadənin 
diqqətini  cəlb  edirdi?  İlkin  olaraq  milliyyət  şüurunu  oyatmağı  ilə,  milliyyətçiliyin 
təbliği  ilə.  Böyük  mütəfəkkir  bütün  xoşbəxtliyi  milliyyətin  daxilində  görürdü. 
Əfqani  milliyyətçi  fikirlərini  bu  məntiqlə  yekunlaşdırırdı:  «Milliyyət  xaricində 
səadət yoxdur». 
Məmməd  Əmin  Rəsulzadə  Əfqaninin  düşüncələri  ilə  tanışlığa  qədər  də 
milliyyətdən bəhs edən fikirlər irəli sürmüş,  məqalələr  yazmışdı.  Millətlərin zülm 
altında  inildəməyini  və  bu  fəlakətin  xoşagəlməz  mənzərəsini  əks  etdirmişdi. 
Milliyyətin  imperiya  əsarətində  azadlıq  və  hürriyyətdən  kənar  olduğunu  və 
müxtəlif firqələrin milliyyət fikrinə münasibətini bildirmişdi. 
Lakin  indi  Əfqanidən  çox  şey  öyrənirdi.  Əfqani  ona  milliyyət  işində  yeni 
ideyalar  verirdi.  Sonradan  Əfqanidən  öyrəndiklərini  öz  işində—Bakıdakı 
fəaliyyətində əsas tutacaqdı. 
Həmin 
illərdə—«Türk 
ocağı»nda 
siyasi 
mübarizə 
əqidəsinin 
möhkəmləndiyi bir zamanda böyük islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin 
«Milli  birlik  fəlsəfəsi»  əsərini  farscadan  türk  dilinə  çevirib  «Türk  yurdu» 
jurnalında nəşr etdirir. 
«Türk  ocağı»nda  qızğın  mübahisələr  gedirdi.  «Türkçülük»  ideyasına 
əsaslanan  bu  ciddi  fikir  mübadiləsində  Əli  bəy  Hüseynzadə  ilə  Ziya  Gökalpın 
mövqeləri müxtəlif idi. Türk aləmində ilk dəfə olaraq «türkləşmək, islamlaşmaq və 
müasirləşmək» fikri irəli sürən Əli bəy Hüseynzadə «Osmanlı lisanını» qızğınlıqla 
müdafiə edirdi. 
Ziya  Gökalp  isə  Əli  bəyin  «türləşmək,  islamlaşmaq  və  müasirləşmək» 
fikrini əsaslı şəkildə işləyib sadə türkcə yazmağı, danışmağı irəli sürürdü. 
Məmməd  Əmin  Rəsulzadə  Türkiyə  mühiti  ilə  tanış  olduğu  ilk  gündən 
buradakı  bir  qızğın  mübarizənin  tez-tez  şahidi  olurdu:  Osmançılıq,  yoxsa 
türkçülük? 
Hələ  ötən  əsrin  ortalarından  başlanan  bu  söhbət  indi  də  davam  edirdi.  Hər 
yerdə  türk  dili,  türk  düşüncəsi,  türk  əqidəsi  əvəzinə  «Osmanlı  dili,  Osmanlı 
əqidəsi» işlənirdi. Sanki çoxları türk sözünü işlətməyə qorxur, yainki bunu özlərinə 

36 
 
təhqir sayırdılar. Çoxları osmanlı sözü altında yüksək inkişafa, əqidəyə, düşüncəyə, 
nəzakətə  malik şəxsi anlayırdı. Türkü isə bu qaydalardan  uzaq sayırdılar. Bəziləri 
bu  sözü  cəmiyyətdə,  həyatda  işlətməyin  qəti  əleyhinə  idi.  (Əlbəttə,  «Osmanlı 
lisanı» ilə «osmanlılığı» müdafiənin arasında da fərq var.). 
Ziya  Gökalpın  dərin  təhlil  edib  təkmilləşdirdiyi  «türkçülük»  ideyasının 
Məmməd Əmin Rəsulzadəyə böyük təsiri olmuşdu. 
O, yazırdı: 
«...Mərhumun  (Ziya  Gökalpın)  «Türk  yurdu»nda  nəşr  olunan  türkləşmək, 
islamlaşmaq  nə  müasirləşmək»  məqalələri  məni  vəcdə  gətirdi.  Bakıya  getdim. 
Mətbuat  dil  məsələsi  ilə  məşğul  idi.  Bu  məsələdə  Ziya  nəzəriyyəsini  müdafiə 
etməyə  başladım.  Türkçülüyü  təbliğ  üçün  müharibə  ərəfəsində  çıxarmağa 
başladığımız  «Açıq  söz»  qəzetinə  Ziyanın  sözlərini  bir  «şüar»  götürdük.  Daha 
sonra Ziyanın son zamanlarda  «Türk millətindənəm, islam hümmətindənəm, qərb 
mədəniyyətindənəm»  şəklində  dediyi  bu  «şüar»  türkçülük,  xalqçılıq  vəzifələri 
üzərində 
təşəkkül 
edən 
milliyyətpərvər 
«Müsavat» 
firqəsinin 
proqram 
müqəddiməsində  yer  tapdı.  Rus  istibdadında  mütəfərrük  xanlıqlar  şəklində  deyil, 
müttəhit və milli bir kütlə surətində nicat bulan Azərbaycan türklüyü, bu istiqlalını 
tərtəmiz  edəcək  bayrağa,  əsri  məfkurəsi  ilə  mütənasib  bir  məna  vermək  istəyirdi. 
Bu mənanı da «türkləşmək, islamlaşmaq və müasirləşmək» məfhumlarında buldu: 
Bayrağı mavi, yaşıl və al rəngli qumaşlardan yapdı». 
Türkiyə həyatı, «türk ocağı»nda işıqlı düşüncə sahibləri ilə qarşılıqlı təmas 
Məmməd  Əmin  Rəsulzadənin  türkçülük  əqidəsini  möhkəmləndirdi.  İndi  onu  bir 
ciddi  məsələ  narahat  edirdi:  türkçülük  ideyasını,  yəni  «ey  xalq,  sən  kimsən,  əslin 
hardandır?» fikrini yayıb genişləndirmək. Bu ideya xalq arasında təbliğ olunmazsa, 
onun  oyanışı,  hürriyyət  istəyi  ilə  mübarizəyə  qalxması  mümkün  deyil.  Hər 
addımda  hüququ  tapdalanan  xalqın  kölə  zəncirini  qırıb  atması  yolunda  ilkin 
hərəkət  hansı  soydan  qopduğunu  bilməsidir.  Bunu  xalqa  çatdırmadan  onu  qəflət 
yuxusundan, dibinə endiyi bataqlıqdan qurtarmaq olmaz. 
(Bakıya  qayıtdıqdan  sonra  Məmməd  Əmin  Rəsulzadə  bir  çox  yazılarında 
«Türk ocağı»nda tez-tez eşitdiyi və mübahisəsi hələ davam etməkdə olan «Osmanlı 
lisanı  ilə»  «Azəri  türkcəsi»nə  öz  münasibətini  bildirdi.  «Şəlalə»  jurnalında  «Dil 
ictimai  bir  amil»  və  «Yeni  lisançılar  və  türkçülər»  adlı  məqalələr  çap  etdirdi.  Dil 
haqqında  gedən  söhbət,  münaqişələr  ona  qol-qanad  vermişdi.  Sevinirdi  ki,  artıq 
Azəri türkcəsində danışmaq zamanı gəlib çatıb. 1915-ci ildə nəşr etməyə başladığı 
«Açıq söz» qəzetini də məhz ədəbi Azəri türkcəsi ilə çıxarırdı). 
İndi ürəyi Bakını istəyirdi. Doğma yurduna getmək, öyrənib əxz etdiyi işıqlı 
fikirləri yaymaq  başlıca arzusu idi. 
Amma  vətən  qapıları  üzünə  bağlanmışdı.  Elinə,  obasına  qayıtmağa 
qoymurdular.  O,  çar  imperiyasının  düşməni  idi  və  adı  gizli  hökumət  dəftərində 
qeydə alınmışdı. 

37 
 
Doğma  yurduna  qayıtmaq  həsrəti  ilə  çırpınanda  iyirmi  doqquz  yaşı  vardı. 
(Az  sonra  bu  bağlı  qapılar  açılacaq,  ona  daha  yeddi  il  də  yurdu  Azərbaycanda 
yaşamaq imkanı veriləcəkdi. Yeddi ildən sonra isə vətənin qapısı həmişəlik üzünə 
bağlanacaqdı.  Bu  soyuq  və  sərt  həqiqətin  getdikcə  ona  yaxınlaşdığını  hələ  hiss 
etmirdi. İndi üzünə bağlanmış vətən qapısının açılacağı ümidində idi). 
...Birdən sanki möcüzə baş verdi. Vətənə qayıtmağına icazə verdilər. 
1913-cü  ildə  Romanovlar  sülaləsinin  300  illiyi  ilə  bağlı  olaraq  mühacirlər 
hökumət  tərəfindən  bağışlandı  və  Məmməd  Əmin  Rəsulzadə  beş  ilin  ayrılığından 
sonra doğma elinə, obasına qayıtdı. 
1913-cü il idi... 
 
Hələ  İstanbulda  olduğu  vaxtlar  əmisi  oğlu  Məmməd  Əli  ilə 
məktublaşırdılar.  Hər  ikisi  siyasi  bir  firqənin  yaradılması  ideyasını  irəli  sürürdü. 
Belə firqənin  hansı quruluşda olmağı  haqqındakı  fikirlərini Məmməd Əmin  yazıb 
əmisi  oğluna  çatdırırdı.  Az  sonra  əmisi  oğlu  Məmməd  Əlidən  bir  məktub  aldı. 
Əmisi oğlu fərəh hissi ilə «Müsavat» adlı bir partiyanın qurulduğunu yazırdı. 
1911-ci il idi. 
Bakıda «Müsavat» adlı partiya yaradılmışdı. 
«Müsavat».  Əslində  ərəb  kəlməsi  olan,  «bərabərlik»  mənasını  ifadə  edən 
bu  yeddi  hərfli  sözü  sonradan—1920-ci  ildən  başlayaraq  qorxunc  kabus  kimi 
işlətməyə  başladılar.  Həyatda,  cəmiyyətdə,  insaniyyətlikdə,  millətçilikdə 
bərabərliyi  müdafiə  edən  «müsavat»a  qızıl  imperializm  tərəfdarları  ləkə  yaxdılar, 
böhtan dedilər. «Müsavat» sözünü işlətmək ölümə bərabər tutuldu. 
«Müsavat» eyni zamanda neçə azəri türkünün sevgili  idealına çevrilib onu 
özünün vurğunu etdi, «Müsavat» neçə illər idi ki, zülm altında inildəyən türklüyün 
ümidinə  çevrildi.  Müsavat  Azəri  türklərinin  başı  üzərində  üç  rəngli,  aylı,  ulduzlu 
istiqlaliyyət  atəşini  yandırdı.  Xalq  sevdi,  bağrı  yanıq  qəlbinə  basıb  bu  bayrağın 
işığına toplaşdı. Gözlərdə sevinc  alovlandırdı, ömürlərdə günəşə döndü müsavat. 
Əqidəsinin  möhkəmliyi,  dönməzliyi,  sarsılmazlığı  ilə  müsavatçılar  xalqın  əbədi 
sevgisini  qazandı.  Bu  işığı  ürəklərinə  yığanlar  olmazın  işgəncələrinə  məruz 
qalsalar  da,  tutduqları  yoldan  dönmədilər.  «Müsavat»  xalqın  ömrünə,  gününə, 
yaşayışına iyirmi üç ay azadlıq gətirdi. Ona bütövlük, sarsılmazlıq, «sənin də  yer 
üzündə yaşamaq haqqın var», «sən şanlı və böyüksən», «əsarətdə inildəməməlisən, 
bu  zülmdən  qurtarmaq,  ağ  günə  çıxmaq  bacarığın  var»  fikrini  aşıladı.  «Müsavat» 
yüz  ildən  yuxarı  əsarət  altında  qalıb  tarixi  qaranlıqda  yatan  bir  xalqı  dünyanın 
iyirmi  üç  böyük  dövlətinə  tanıtdı.  Dünyanın  əksər  ölkələri  paytaxt  şəhərinə  — 
Bakıya  elçilər  göndərib  səfarətxanalar  açdı.  «Müsavat»  illərcə  hüququ  tapdanan 
xalqın  oğullarının  əyninə  əsgər  paltarı  geyindirib  onda  Vətənin  bütövlüyünü  və 
onun  keşiyində  durmaq  sevgisini  oyatdı.  İgidlərin  qollarındakı  qanlı  əsarət 
zəncirini qırıb atdı və onun yerinə azadlığını qorumaq silahını bağladı. «Müsavat» 
neçə illər idi  ki, xalqın qarlı-buzlu  şimala daşınan qızılını, neftini, bütün  sərvətini 
onun  öz  sahibi  etdi.  Xalq  bolluq  içində  yaşamağa  başladı.  Hər  cür  inkişafı, 

38 
 
düşüncəsi,  ətalətdən  silkinib  qurtarmaq  cəhdi  qırılan  xalqa  mənəvi  sərvətini, 
mədəni tərəqqisini yüksəltmək imkanı verdi. O zamana kimi qorxulu səslənən türk 
dili  məktəblərdə  tədris  olunmağa  başladı.  Xalqın  övladlarının  beyninə  şimal 
düşüncəsi  deyil,  məxsus  olduğu  şərq  mənliyi,  şüuru  yeridildi.  Məktəblərdə 
oxuyanlar  «İvan»ın,  «Pyotrun»  deyil,  özünün  şanlı  tarixini  öyrənməyə  başladı. 
Babəkin  azadlıq  yolunda  başının  kəsildiyini,  Xətainin  bütöv  Azərbaycan 
yaratdığını, Cavad xanın son nəfəsinə kimi vuruşub «ölmək var, dönmək yoxdur» 
dediyini  eşitdi.  «Müsavat»  bolşeviklərin  Azərbaycanı  işğalından  sonrakı 
zamanında  da  fəaliyyətini  saxlamadı.  Gizli  işə  keçib  bəyannamələr  yaydı.  Xalqı 
dayanmamağa,  mübarizə  aparmağa  səslədi.  «Müsavat»ın  yolunda  ölüm  atəşini 
köksünə qəbul edənlər, düşmənə boyun əyməyənlər oldu. Güllə qabağında, ölümün 
atəş saçan pəncəsinin  uzandığı vaxtda  fəxrlə, qürurla  «bəli,  müsavatçıyam»  deyib 
minlərlə vətən övladı işıqlı həyata göz yumdu. Neçə qadın başına örtdüyü azadlıq 
rəmzi  olan  ağ  kəlağayını  qana  boyayıb  «müsavat»a  məhəbbət  və  sədaqətlərini 
göstərdilər. 
Qaranlıq  gecələrdə  qızıl  imperializmin  zəhərli  toxumlarını  yenidən  azad 
Azərbaycan  həyatına  səpənlər  xalqın  minlərlə  igid  oğlunun  ayağına  ağır  daş 
bağlayıb müsavatçı adı ilə dənizdə batırıb öldürdülər. 
Zəkalı, sarsılmaz adamları şimalın buzlu cəhənnəminə göndərdilər. O soyuq 
buzlar arasında belə adamlar təslim olmur, mübarizə əzmini qırmırdı. Günlərlə ac-
susuz  qalır,  etirazını  bu  yolla  dünyaya  çatdırır,  müsavata  sadiqliyini  bildirirdilər. 
Solovkinin,  Sibirin  bu  qorxunc  ölüm  dənizinin  şahə  qalxan  soyuq  suları  isə 
minlərlə  Azəri  türkünü  boğub  məhv  etdi.  Son  nəfəslərində  belə  bu  adamlar 
«Yaşasın istiqlal», «Yaşasın müsavat!» dedilər. 
Sənin, sənin adını çəkdilər, ey aydın hilallı, ulduzlu bayraqlı müsavat! Sənin 
qəlbində,  içində  çox  böyük  bir  atəş  alovlanırdı!  Sənin  o  atəş  işığın  neçə  insanı 
sevindirib  özünə  bağladı.  Divarlarında  ölüm  qoxusu,  tavanında  işgəncə  zəhəri, 
vəhşət  hissi  sürünən  «Çeka»,  «Osobı  otdel»  binaları  sənin  işığınla  dünyaya  göz 
yumanların «Müsavat, müsavat» sözlərindən titrəyib silkələndi. Bu sözdən sonralar 
da  qorxub  onu  Azəri  türklərinin  yaddaşından  və  əqidəsindən  silib  aparmağa 
çalışdılar. Amma bu ad yaşadı, inam və ümidləri qırılmağa qoymadı.  
«Müsavat» bərabərlik deməkdir.  
Bir  müsavatçının  xatirəsi.  Onlar  üç  nəfər  idi.  Müsavatın  işığını  ilkin 
olaraq  onlar  yandırmışdılar.  Sonradan  hər  üçü  vətəndən  –  müsavatı  qurduqları 
Bakıdan—doğma Azərbaycandan didərgin düşdülər. Onlardan yalnız biri sağ qalıb 
yaxın  illərə  kimi  yaşadı.  Onun  da  ömrü  əzab  içində,  mənəvi  sıxıntılarda  keçdi. 
Yurdundan aralıda—qürbət eldə vətən həsrəti ilə çırpındı. 
 
Amma  yurdundan  didərgin  düşmüş  bu  qocanın  səsi  intizarında  olduğu 
doğma  yurdunun  dağlarına  yetişmədi.  Eləcə  içərisi  ağlaya-ağlaya  qaldı.  Yalnız 
ömrünün sonunda—yüz yaşında olanda qapıları həmişəlik üzünə bağlanmış doğma 

39 
 
vətənindən—Azərbaycandan  altmış  iki  ilin  ayrılığından  sonra  görüşünə  gələn 
oğlunu bağrına basdı və acı-acı hönkürdü.. 
Həmin  qoca  Məmməd  Əmin  Rəsulzadənin  əmisi  oğlu  Məmməd  Əli 
Rəsuloğlu idi. 
Məmməd Əli Rəsuloğlu «müsavat»ın üç qurucusundan biri idi. 
«Müsavat» partiyasının necə qurulmağı haqqında onun xatirələrindən: 
«...1911-ci  ilin  bir  son  bahar  günü  idi.  Arkadaşların  gizli  toplantı  və 
müşavirə  yeri olan rəhmətlik Abbas Kazımzadə bəyin mağazasının arxa odasında 
Abbas bəy ilə oturmuşduq. Arkadaşlarımızdan rəhmətlik Tağı Nağıoğlu bəy içəriyə 
girdi  və  bizə  «gürcülərin,  ermənilərin,  rusların  siyasi  partiyaları  var,  bizim  nədən 
olmasın.  Biz  də  bir  partiya  quraq  dedi».  Bir  neçə  gün  yapdığımız  müzakirə  və 
müşavirədən sonra «Müsavat» partiyasını qurmağa qərar verdik. Zatən o tarixlərdə 
İstanbulda  olan  Məmməd  Əmin  bəy  də  bizə  yazdığı  məktublarda  siyasi  bir 
partiyanın qurulmasının vacib olduğunu yazır, bu işdə hazırlıqlar içində olmamızı 
istəyirdi... 
Böyləcə  «Müsavat»  partiyası  qurulduqdan  sonra  partiyaya  qəbul  ediləcək 
arkadaşları  təsbit  etməyə  başladıq.  Bu  da  o  zamankı  dövrə  görə  zor  bir  işdi. 
Müsavat  partiyasına  ilk  aldığımız  arkadaşlar  bunlardır:  Vəli  Mikayıloğlu  (ikinci 
dünya  hərbində  İranı  işğal  edən  Kommunist  Ruslar  tərəfindən  Zəncan  şəhəri 
ətrafında yaxalanaraq Rusiyaya gətirilmiş və güllələnmişdir), Seyid Hüseyn Sadiq 
(Azərbaycanın  tanınmış  ədəbiyyat  və  sənət  adamı  Sibirdə  sürgündə  olmuşdur), 
Əbdürrəhim  bəy  (Əcəli  ilə  ölmüşdür),  Axund  Yusif  ləqəbi  olan  Yusif  Ziya 
(Türküstanda  basmaçılarla  birlikdə  Ənvər  Paşa  komitəsində  bolşeviklərlə 
vuruşarkən şəhid olmuşdur), Seyid Musəvi  (çarlıq  rus  ajanları  tərəfindən  şəhid 
edilmişdir)». 
«Müsavat»  partiyasının  nüfuzu  getdikcə  artırdı.  Partiyanın  nəinki  şimali 
Azərbaycanda  və  Qafqaziyada,  eyni  zamanda  güney  Azərbaycanda  da  şöbələri 
yaradılmışdı.  «Müsavat»ın  ilkin  qəbul  etdiyi  proqram  islam  fikri  üzərində 
qurulmuşdu və  islami ideyalara  daha  çox üstünlük  verirdi.  Onun proqramında  öz 
istiqlalını  itirmiş  müsəlman  xalqlarına  yardım  və  istiqlal  qazanmış  müsəlman 
məmləkətlərinə kömək fikri əsas yer tuturdu. İlkin proqramda türkçülük məfkurəsi 
qabarıq  verilməmişdi.  Bunun  da  səbəbi  həmin  məfkurənin  yenicə  formalaşmağa 
başlaması idi. 
Sonradan  «müsavat»ın  proqramında  dəyişiklik  edib,  ona  türkçülük  fikrini 
gətirən və partiyanın fəaliyyətini yalnız «islamla» məhdudlaşmaq xəttinə yönəldən 
Məmməd Əmin Rəsulzadə oldu. 
Bu dövrdə «Müsavat» partiyası böyük işlər görürdü. Balkan müharibəsində 
Türkiyəyə  yardım  göstərmək  təbliğatını aparırdı. Təbliğat öz işini  görürdü.  Çoxlu 
Azəri gəncləri könüllü halda Türkiyə tərəfindən vuruşmağa gedirdi. Adamlar qızıl, 
gümüş pul toplayıb türk xalqına yardım edirdilər. 

40 
 
«Müsavat»  işləyirdi.  Balkan  hərbində  Türkiyənin  məğlubiyyətinə  çalışan 
çar Rusiyasının siyasətini ciddi tənqid edirdi. 
«Müsavat»  fəaliyyətdə  idi.  Partiyanın  üzvü  Seyid  Hüseyn  gizli  bir 
bəyannamə  yazdı.  Həmin  bəyannamədə  «müsavat»  bütün  Qafqaz  müsəlmanlarını 
Osmanlı  imperatorluğuna  köməyə  çağırdı.  Bəyannamə  gizli  şəkildə  çap  olundu. 
Abbas  Kazımzadə  (Məmməd  Əmin  Rəsulzadənin  yaxın  dostu  və  onunla  birlikdə 
Lahıcda  həbs  olunan  «Müsavatçı»)  çap  olunmuş  bəyannamələri  Tiflisə  aparıb 
Qafqaz müsəlmanları arasında yayılması üçün poçt qutularına atıb sabahı günü geri 
dönmüşdü.  Bəyannamələr  Qafqaz  müsəlmanları  arasında  böyük  həyəcana  səbəb 
olmuşdu. 
İmperiya  buyruqçuları  yatmamışdı.  Yayılan bəyannamələrin səsi onlara  da 
gəlib  çatdı.  Bu  gizli  işləri  görən  kim  olar?  Xalqı  ayıltmağa—türk  dövlətinin 
varlığını qorumağa kim səsləyə bilər? 
Axtarışa başladılar. Polis idarəsinin şübhəli adamlar dəftərində  bir adamın 
adı dairəyə alınmışdı. Həmin adam çoxdan idi ki, Azərbaycandan çıxıb getmişdi. 
Amma  bu  onun  sakit  dayandığına,  fəaliyyətdən  qaldığına  əsas  verirdimi?  Əvvəl 
İrana getmişdi.  Amma  hazırda Türkiyədə, İstanbulda  yaşamağı haqda  məlumatlar 
alınıb. Bu yalnız onun işi ola bilər. 
...Polis düşünürdü. 
— Əmisi oğlu Məmməd Əli Rəsuloğlu xatırlayırdı: 
«Bu  bəyannamə  dolayısı  ilə  bir  gecə  mənim  evimdə  də  axtarıldı.  Axtarış 
aparan  komissar  müavini:  «İstanbulda  yaşayan  qardaşın  (Məmməd  Əmin 
Rəsulzadəni  nəzərdə  tuturdu)  tərəfindən  sənə  bir  bəyannamə  göndərildiyini  və 
sənin  də  onu  bütün  Qafqaziyaya  yaydığını  deyirlər.  Bu  bəyannamə  sizdə  də 
tapılmadı». 
«Müsavat»ın  Qafqaziya  türkləri  arasında  yayıb  çar  imperiyasını  qorxuya 
salan bəyannamə aşağıdakı məzmunda idi:  
«...Biliniz  və  agah  olunuz  ki,  bizim  yeganə  çareyi-nicatımız  Türkiyənin 
istiqlalı  və  onun  tərəqqisindədir.  Əgər  biz  indi  də  əvvəlki  hissizliyimizdən  vaz 
keçməzsək  bu  üzdən  dünyanın  gözü  önündə  həqq,  insaniyyət  və  milliyyətimizi 
qaib edib əğyarə əcir, tabe və adətən əsirlikdə qalacağımıza şübhə edilməsin...» 
«Cəmi  aləm  biliyor  ki,  bu  müharibəyi  xilafəti-islamiyyəyə  malik  olan 
Türkiyəyə açan Balkanın kiçik və ufaq hökumətləri deyildir. Zira, şir nə qədər zəif 
olsa  da  çaqqallar  və  tülkülər  ona  yaxın  gəlməyə  cürət  edəmməzlər.  Bu  işləri 
işləyən insaniyyət və islamiyyət düşməni və «jandarmi-aləm» ləqəbi ilə müləqqəb 
olan  Şimal  ayısı  Rusiya  hökuməti-müstəbidəsidir  ki,  hər  gün  nə  qədər  ləvazimi-
səhiyyə,  ətibba,  ianələr  və  könüllü  adı  ilə  bölük-bölük  nizamilər  (yəni  əsgərlər) 
göndəriyor». 
«Şu saətdə bolqar, serb və qaradağlıların Nizami səflərində hədsiz-hesabsız 
rus  zabitləri  və  topçuları  mübarizə  etməkdədir.  Osmanlıların  məğlubiyyəti 
həqqində çəkilən teleqraflar həpməğuldur. Bu surətlə onlar bir tərəfdən Rusiyadan 

41 
 
hərbə  gedənlərə  cürət  vermək,  digər  tərəfdən  də  müsəlmanları  qorxutmaq 
istiyorlar.  Aləmi  islamın  başına  gələn  bəlaların  əksərinə  bəlkə  də  həpsinə  şibu... 
və...  hökuməti-müstəbidə  səbəb  olmuşdur.  Digər  məmləkətlərdəki  islam 
qardaşlarımız  can  və  mal  ilə  müavinətdə  bulunduqları  halda  biz  Rusiya 
müsəlmanları nədən bir ğəmad kimi donmuşuz!». 
Yazılan  bu  sözlərdən  çar  Rusiyası  bərk  narahat  idi.  Əsarətdə  saxladığı 
türklərin oyanmaq təhlükəsi vardı. 
 
DOĞMA BAKIDA 
 
Bakıya  1913-cü  ildə  qayıtmışdı.  Lakin  diqqəti  cəlb  etməyib  polisin 
nəzarətindən  yayınmaq  üçün  bir  ilə  kimi  başqa  sahədə  çalışdı.  Əslində  siyasi 
fəaliyyətini dayandırmamışdı, gizli şəkildə davam etdirirdi. 
Bir  qədər  keçəndən  sonra  «İqbal»  qəzetində  işə  başladı.  «Dirilik»  və 
«Şəlalə»  jurnallarında  maraqlı  məqalələr  çap  etdirdi.  Bu  dövrdə  yazdığı 
məqalələrdə türkçülük ideyasını əsas tuturdu. 
Amma həyatı  yenə sakit keçmədi.  «İqbal» qəzetindəki bir məqaləsinə  görə 
hərbi senzura ilə aralarında ciddi toqquşma oldu. Məmməd Əmin Rəsulzadəni həbs 
etdilər. Lakin bu həbs uzun sürmədi və bir aydan sonra azadlığa buraxıldı, həbsdən 
azad edilməyində «müsavatçı» dostlarının böyük köməyi oldu. 
Təqiblərə, sıxma-boğmaya baxmayaraq Məmməd Əmin Rəsulzadə tutduğu 
mübarizə yolundan dönmürdü. Xalqının azadlıq və istiqlaliyyətə çatacağı ümidi ilə 
yaşayırdı. 
Budur.  Məmməd  Əmin  Rəsulzadə  böyük  təşkilatçılıq  işi  aparır.  Birinci 
dünya  müharibəsi  artıq  başlayıb.  Müharibədə  Qafqaz  cəbhəsində  hərbdən  zərər 
çəkən  müsəlmanlara  yardım  göstərmək  üçün  Bakıdakı  Xeyriyyə  Cəmiyyəti  öz 
xeyirxah  əlini  uzadır.  Cəmiyyətin  işindən  o  da  köməyini  əsirgəmir.  Elə  bu 
məqsədlə  həmin  vaxtlar  «Qardaş  köməyi»  adlı  bir  qəzet  çıxarmağı  öhdəsinə 
götürür.  Qəzet  elə  birinci  nömrədən  sonra  bağlanır.  Bakıda  «Müsavat»ın  «Ədəb 
yurdu»  adlı  bir  gizli  klubu  vardı.  Məmməd  Əmin  Rəsulzadə  həmin  klubun  fəal 
iştirakçılarından idi. 
Amma  bütün  bu  işlər  onun  yazmaq,  istədiyini  demək,  ürəyindən  keçənləri 
xalqa  çatdırmaq  alovunu  söndürmürdü.  Bakıda  həmin  vaxtlar  az  qəzet  və  jurnal 
çıxmırdı.  Bu  onun  məqalələrini  bu  mətbuat  orqanları  böyük  məmnuniyyətlə  dərc 
edirdilər. Lakin onun öz dərdləri vardı. Və bu ağrısını artıq ürək qəfəsində saxlaya 
bilmirdi.  Neçə  illərdən  bəri  idi  ki,  o  ürək  qəfəsində  çırpınan  quşu  açıb  azadlığa 
buraxmaq, qol-qanad vermək istəyirdi. Həmin gün yaxınlaşmaqdaydı. 
Nəhayət,  çəkdiyi  əziyyətlərin  bəhrəsi  olan  «Açıq  söz»  qəzetinin  nəşrinə 
icazə aldı. 
1915-ci il idi... 
1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2016
rəhbərliyinə müraciət

    Ana səhifə