AZƏrbaycanin göRKƏMLĠ adamlari



Yüklə 2,62 Mb.
Pdf görüntüsü
səhifə7/26
tarix31.01.2017
ölçüsü2,62 Mb.
#7140
1   2   3   4   5   6   7   8   9   10   ...   26

Bakı  od  içindədir.  Bakı  od  içində  alovlanırdı.  Daxili  həyatında  gərginlik, 
həyəcan  hökm  sürürdü.  Bu  şəhərin  qızıl  nefti  onun  taleyini  həmişə  qara  boyadı. 
Qızılı  neft  Bakıya  ağ  gün  gətirmədi,  onu  əsarət  altında  saxladı.  Son  yüz  ildə 
Bakının bir dəfə də olsun üzü gülmədi, daima başı qılınclı oldu. 
...«Şaumyan  hökuməti»  Bakıdakı  hökmranlığını  davam  etdirirdi.  Yenə 
ermənilər  sağa,  sola  at  çapır,  istədiklərini  edirdilər.  Bakının  sərvəti  isə  Şimala 
göndərilirdi.  Azərbaycanlı  bolşeviklər  hələ  Şura  hökumətinin  xalqa  ağ  gün 
gətirəcəyinə inanırdılar. 
...Türk  qoşunları  Bakıya  yaxınlaşırdı.  Azərbaycan  və  Türkiyə  hökuməti 
arasındakı  Batum  müqaviləsinə  əsasən  türklər  Azərbaycana  kömək  edir,  onu 
işğalçılardan  təmizləyirdilər.  Milli  ordu  yaradır,  süvari  milis  qrupları  təşkil 
edirdilər. 
Türk qoşunları Bakıya yaxınlaşırdı. 
Bu  xəbər  Şaumyanın  kürkünə  birə  salmışdı.  Qorxurdu  ki,  yenə  gəlib 
qulağını kəsəcəklər. Əvvəl bic bir siyasət işlədir. Hökumət üzvlərinə, qarşısındakı 
müntəzir dayanan azərbaycanlı bolşeviklərə göstərişlər verir ki, xalq arasında ciddi 
təbliğat  aparıb  «müsavat»ı  gözdən  salsınlar.  Çünki  məhz  onlar  türkləri  Bakıya 
dəvət ediblər. Özü isə camaat arasında belə şaiyələr yayır: 
«Türkləri  dəvət  etmiş  olan  bəylər  bütün  köhnə  qaydalara  qaytaracaqlar, 
işğalçılıq siyasətindən müsəlman əhalisi müsibətlər çəkəcəkdir». 
Bu  sözləri  Şaumyan  deyir.  Xalq  isə  inanmır.  Bic  erməninin  fırıldaqlarını 
yaxşı  bilirlər.  Xalq  türklərin—öz  qan  qardaşlarının  yolunu  gözləyir.  Ümid,  xilas 
yolu yalnız  türk qoşunundadır. 

72 
 
Şaumyan narahatdır. Türklər yaxınlaşır Bakıya. Xalq ona nifrət edir. Bəs nə 
etməli?  Ümid  yeri  var.  Ümid  işığı  yenə  yuxarıda—«əmi»sindədir.  «Əmi»si  hələ 
ona silah göndərir. Hələ ümid var. Tez əyləşib məktub yazır: 
«Əziz Vladimir İliç! 
Bu  gün  nəhayət,  Ter-Qabrielyan  gəldi  və  bizə  4  zirehli  avtomobil,  13 
aeroplan və bir çox başqa ləvazimat gətirdi. Bunların hamısı üçün sağ olun». 
...Türk  qoşunları  ciddi  müqavimətlə  qarşılaşsa  da  irəliləyirdi.  Bakıdakı 
silahlı  ermənilər  ümidlərini  itirməyib  döyüşürdülər.  Şaumyan  həyəcan  içində 
çırpınırdı. «Böyük Ermənistan» ideyası təhlükə altında idi.  
«Əmi»sinə təcili teleqram göndərdi: 
«Cəbhədə  vəziyyət  pisləşir.  Təkcə  bizim  qüvvələrimiz  kifayət  etmir. 
Rusiyadan güclü kömək lazımdır». 
Amma  Şaumyanın  qışqırığı,  hay-küyü  nahaq  idi.  Türk  qoşunları  Bakıya 
girmək  ərəfəsindəydi.  Elə  bu  zaman...  Qorxu  və  çaxnaşma  keçirən  bolşeviklərlə 
erməni  daşnaklar  arasında  nifaq  yarandı.  Və  təcili  şəkildə  bu  qara,  bir-biri  ilə 
çəkişən  qüvvələr  ingilisləri  Bakıya  dəvət  edib  ikinci  oyuncaq  bir  hökumət 
qurdular. («Sentrokaspi» hökuməti). 
Türk  ordusu  xalqın  ümidi,  nicatı  idi.  Xalq  türklərin  Bakıya  girəcəyini 
intizarla gözləyirdi. 
«Müsavat»  işləyirdi.  Qeyrətli  və  cəsur  müsavatçılar  xalqın  başı  üzərində 
dolaşan  təhlükəni  sovuşdurmaq  üçün  gecəli-gündüzlü  çalışır,  şəhərdə  yeni 
qurulmuş  «Kaspi»  hökumətinin  fitnələrini  izləyir,  onların  hərəkətləri,  harda 
yerləşmələri haqda türk ordusuna məlumat çatdırırdı: 
O  ağır  və  həyəcanlı  günləri  Məmməd  Əmin  Rəsulzadənin  əmisi  oğlu 
Məmməd Əli Rəsuloğlu belə xatırlayırdı: 
«Türk  ordusu  qərargahına  xəritə,  plan  yetişdirmək  üçün  «Müsavat» 
partiyası  bütün   qüvvəsiylə   çalışırdı.   Hər gün dəniz və quru yolla türk ordusu 
qərargahı nəzdində bulunan arkadaşımız Abbas bəy vasitəsilə şəhərdəki əsgərlərin 
hərəkəti haqqında türk ordusu qərargahına lazımi məlumatlar verilirdi. Bolşeviklər 
bu məlumatın sürətlə öyrənilməsinə heyrət edirlərdi...» 
Bir ağrı. Yazıq Məmməd Əli! Əmin oğlu İstanbulda ağrı içində çırpınırdı, 
özün  Bakıda.  Sonradan  bu  xatirələrini  göz  yaşı  içərisində  danışacaqsan.  Azad 
Azərbaycanı yaşatmaq üçün hər ikiniz ömrünüzü, gününüzü çürütdünüz. Amma nə 
sənin qədrin bilindi, nə də əmin oğlu Məmməd Əminin! 
...«Müsavat»  işləyirdi...  Bakıda  isə  ermənilərdən,  ingilislərdən,  ruslardan 
ibarət silahlı qüvvələr vardı. Alınan məlumatdan aydın olurdu ki, şəhəri döyüşsüz 
verməyəcəklər. 
Türklər isə inamlı idi.. 
Bakının  alınması  uğrunda  qanlı  döyüşlər  gedirdi.  Minlərlə  şanlı  türk  oğlu 
Bakı döyüşlərində canını qurban verdi. 

73 
 
Sentyabrın 14-dən 15-nə keçən gecə türk qoşunları sürətli hücumla Bakıya 
girdilər.  Düşmən  təslim  oldu.  Bakı  xain  qüvvələrdən  xilas  edildi.  Gecə  saat  üçdə 
başlanan bu əməliyyat qısa bir vaxtda türklərin qələbəsi ilə qurtardı. 
Sentyabrın  15-i  günü  Qafqaz  Müsəlman  ordusunun  komandanı  general-
leytenant  Nuru  Paşa  Gəncəyə  -  Azad  Azərbaycan  hökumətinin  başçılarına  xoş 
xəbərli teleqram göndərdi: 
«Allahın köməyi ilə Bakı şəhəri 15(9) 34-də, saat 9-un başlanğıcında bizim 
qoşunlar tərəfindən alındı». 
Qafqaz Müsəlman ordusunun komandanı  
general-leytenant NURİ. 
Nuru Paşanın bu xoş xəbərli teleqramı hələlik Gəncədə əyləşən Azərbaycan 
hökuməti başçılarını hədsiz dərəcədə sevindirmişdi. Nazirlər sovetinin sədri Fətəli 
xan Xoyski Nuru Paşaya göndərdiyi təcili cavab teleqramında Azərbaycan xalqının 
və hökumətinin adından məhəbbət və minnətdarlığını belə bildirmişdi: 
«Qafqaz Müsəlman ordusunun komandanı Nuru Paşaya! 
Xoşbəxtəm  ki,  xalqın  adından  siz  əlahəzrətlərinə,  xeyirxah  türk  oğullarına 
və  Azərbaycan  paytaxtını  düşməndən  azad  edən  inanılmış  cəsur  əsgərlərə 
təşəkkürümüzü çatdırıram. 
Nazirlər sovetinin sədri  
FƏTƏLİ XAN». 
Həmin  günü  Bakı  camaatı  sevincindən  ağlayırdı.  Neçə  illik  əsarət  və 
zülmdən xilas olmuşdu Bakı. Erməni xəyanətinə, ingilis söyüşünə, rus nifrətinə—
hər  şeyə  son  qoyulmuşdu.  İndi  Bakının  küçələrində  kobud  sözlər  işlədib  azğınlıq 
edən  «yoldaş»lar,  «arə»lər  deyil,  şirin,  xoş  İstanbul  ləhcəsi  ilə  danışan  türklər 
gəzişirdi.  Qorxu,  hürkü  adamların  canından  çəkilib  getmiş,  rahat  və  xoşbəxt 
güzəran  başlanmışdı.  Sentyabrın  15-i  günü  bakılılar  ilk  dəfə  olaraq  gecəni  rahat 
yatdılar.  Çünki  qabaqlar  ermənilər,  ingilislər  istənilən  zaman  evə,  həyətə  soxula 
bilərdilər.  İndi  isə  Bakını  qoruyan  canı  bir,  qanı  bir,  dini  bir  qardaşları  vardı. 
Bakılılardan imkanı olanlar sevincindən, fərəhindən bu şanlı türk oğullarının ayağı 
altında qurbanlar kəsirdi. 
 
Şad xəbəri İstanbulda eşitdi. Həmin o günü özü sonradan belə xatırlayırdı: 
O  zaman  biz  İstanbulda  idik.  Vüstayi  Avropa  dövlətlərinin  iştirakı  ilə 
toplanacaq  konfransa  iştirak  üçün  digər  Qafqaziya  Cümhuriyyətləri  ilə  bərabər 
Azərbaycan 
Cümhuriyyətini 
təmsil 
edən 
heyəti-müəxxəsə 
riyasətində 
bulunuyordu.  O  dövrün  hərbiyyə  naziri  və  baş  komandan  vəkili  bulunan  Ənvər 
Paşa həzrətləri telefon ediyorlardı:  
- Əmin bəy, Bakı alındı! 
Bu  qısa  xəbərin  məndə  tövlid  etdiyi  təsiri  qabil  deyil,  təsvir  edəməm.  O 
təsiri hələ unudammıyorom». 
Bir  ağrı.  Həmin  günü o da  ağlayırdı.  Minlərlə  azərbaycanlı kimi onun da 
gözlərindən  yaş  süzülürdü.  Sevincindən  ağlamağa  haqqı  da  vardı.  Bu  günün 

74 
 
intizarını  azmı  çəkmişdi?  Bu  günü  azmı  həyəcanla  gözləmişdi?  Amma  o  xəbəri 
eşidəndə keçirdiyi xoşbəxtlik hisslərini yalnız bu sözlərlə ümumiləşdirir: «O təsiri 
hələ  unudammıyorom».  Bəs  səbəbi  nədir  ki,  o  böyük  hadisəni  yalnız  bu  sözlərlə 
bitirirdi?  Çünki  o  bu  sözləri  yazanda  ikinci  il  idi  vətənini  bolşeviklər  gəlib  talan 
etmişdi.  Xalqının  minlərlə  oğlunun  ayağına  daş  bağlayıb  dənizə  atmışdılar.  Bakı 
yenə zülm və əsarət altında inildəyirdi... 
Hələliksə,  1918-ci  ilin  sentyabr  ayıdır.  Məmməd  Əmin  Rəsulzadə 
İstanbuldadır.  Bakının  azad  olunması  xəbərini  eşidəndən  sakitlik  tapmır.  Türkiyə 
rəhbərləri  ilə  danışıqlar  aparır,  Almaniyanın  Brest-Litovsk  sazişindəki  təhlükəli 
razılaşmasını,  Leninin Bakı  neftinə  sahib olmağını ləğv etdirmək  istəyir. Türkiyə 
siyasətçiləri  bu  işə  biganə  qalmırlar.  Diplomatik  sahədə  qızğın  «döyüş»  gedir. 
Hansının üstün gələcəyi bir azdan məlum olacaq. Almaniyanın tutacağı mövqedən 
çox  şey  asılıdır.  Nəhayət,  xeyirxah  türk  diplomatiyası  və  Məmməd  Əmin 
Rəsulzadənin  böyük  bacarığı  Almaniyanın  Azərbaycana  yeni  gözlə  baxmağına 
maraq yaradır. 
Elə həmin vaxt—1918-ci ilin sentyabr ayının 23-də Tələt Paşa ilə Almaniya 
arasında  gizli  protokol  imzalanır.  Almaniya  Azərbaycanın  müstəqil  dövlət  kimi 
yaşamasına  razılıq  verir.  Tələt  Paşa  ilə  imzalanan  protokolda  göstərilirdi  ki, 
Türkiyə  Azərbaycanı  boşaldır,  bunun  müqabilində  isə  Almaniya  Azərbaycanın 
istiqlalının Rusiya tərəfindən tanınmasını  təmin edir. 
Məmməd Əmin  Rəsulzadə böyük  ümid içində  yaşayırdı:  Almaniya Rusiya 
kimi qorxunc bir dövləti Azərbaycanı tanımağa razılaşdırsa bütün təhlükə sovuşub 
gedərdi.  Hələlik  hər  şey  ümidli,  işıqlı  idi.  İndi  qəlbindən  yalnız  bir  istək  keçirdi: 
Tezliklə  Bakıya—bütün  qara  qüvvələrdən  xilas  olub  azadlıq  məşəli  ilə  işıqlanan 
doğma şəhərə getmək. Xəzərin istiqlaliyyət qoxuyan mavi sularını bağrına basmaq, 
xoşbəxt günlər yaşayan vətəni qayğılardan qurtarmaq. 
Tələsirdi... 
 
AZAD AZƏRBAYCANDA 
 
Bakıda  xoşbəxtlik  və  bəxtəvərlik  idi.  Xalq  azad  həyat  yaşayırdı.  Türk 
əsgərlərinin  şəhərə  gəlişi  hamını  sevindirirdi.  Türklərin  gəlişinə  şerlər  yazılır, 
nəğmələr qoşulurdu.  
Bu  səs  hər  yerdə  əks-səda  verir,  asimanlara  yüksəlirdi.  Bu  səsi 
Azərbaycanın  hər  yerində  ucadan  təkrar  edirdilər.  Bu  sözlə  uşaqlar  küçələrdə 
oynayır,  körpələrin  canından  süngü  yaralarının  ağrıları  çəkilib  gedirdi.  Bu  sözlə 
balacalar  yuxuya  gedir,  səhəri  açırdılar.  Erməni  xəyanətindən  neçə  oğlunu,  qızını 
itirib əli qoynunda qalan, bu günə kimi yalnız göz yaşı axıdıb ağı deyən analar indi 
az da olsa sakitləşib dillənirdilər: Sən gəl, sən!» 
Minlərlə  türk  əsgəri  Azərbaycanın  istiqlaliyyəti  yolunda  canını  qurban 
vermişdi.  Xalq  onların  bu  sədaqətini,  qəhrəmanlıq  və  qardaş  sevgisini  əzizləyir, 

75 
 
ürəklərinin  başında  yer  ayırırdı.  Bakını  təmizləmək  üçün  türk  əsgərləri  otuz  altı 
saat düşmənlə fasiləsiz döyüşmüşdülər. 
Vətən azad idi! Parlament binasında azad hökumət işə başlamışdı. 
Hələ Gəncədə olarkən Azərbaycan hökuməti bir çox qərarlar qəbul etmişdi. 
Bu  qərarların  hamısı  Azərbaycanın  müstəqilliyi  yolunda  atılan  ilkin  addımlar  idi. 
Çətin  və  gərgin  vəziyyətdə  olmasına  baxmayaraq  Azərbaycan  hökuməti  işləyirdi. 
Hökumətin Bakıya köçənə kimi qəbul etdiyi bəzi qərarlar: 
1. 1918-ci il, 21 iyun. Azərbaycan bayrağını qırmızı materialdan, üstündə ağ 
aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul 
etmək. 
2. 1918-ci il, 27 iyun. Türk dilini Dövlət dili kimi qəbul etmək. 
3.  1918-ci  il,  12  iyul.  Bakı  vaxtını  Azərbaycanın  bütün  hüdudlarında  saat 
vaxtı kimi qəbul etmək. 
4.  1918-ci  il,  22  avqust.  Xarici  pasportların  verilməsi  səlahiyyəti 
qubernatorlara tapşırılır. 
5. 1918-ci il, 20 avqust. Ağdaş qəzasını şəhər adlandırmaq. 
6.  1918-ci  il,  30  avqust.  Yelizavetpol  şəhərini  Gəncə,  Qaryagin  qəzasını 
Cəbrayıl adlandırmaq. 
7.  1918-ci  il,  9  sentyabr.  Azərbaycanın  milli  bayrağını  yaşıl,  qırmızı  və 
mavi rəngli ağ aypara və səkkiz guşəli ulduzu təsvir olan bayraq kimi qəbul etmək. 
Gözlərində  sonsuz  sevinc  hissi  Bakının  küçələrini  gəzirdi.  Bakının  azadlıq 
nəfəsinə  bürünmüş  küçələrində  adamlar  qayğısız,  ağrı-acıdan  kənar  görünürdülər. 
Vətən azad idi, insanlar xoşbəxt idi! 
Sevinirdi.  Bu  günü  neçə  il  gözləmişdilər!  Bu  günün  gəlməyindən  ötrü  nə 
qədər adam qurban getmişdi. Onların ruhu şad olsun! Məzarları nurla dolsun. Xalq, 
azad hökumət onları unutmayacaq! 
Elə  Bakıya  gəlişinin  ilk  günündəcə  hökumət  nazirləri  ilə  söhbət  etmiş  və 
orda bu məsələyə toxunmuşdular. Razılaşmışdılar  ki, qayğılardan uzaq olan kimi, 
mart hadisələrində həlak olan azərbaycanlıların, Bakının alınmasında canını qurban 
verən türk əsgərlərinin xatirəsini əbədiləşdirmək lazımdır. 
Nikolayevski  küçəsinə çatanda dayandı. Bir dəstə türk  əsgəri sıra ilə keçib 
gedirdi.  Kənarda  dayanan  adamlar  məhəbbətlə  onlara  baxır,  balaca  uşaqlar  isə 
özlərini əsgərlərə oxşadırmış kimi əllərini,  ayaqlarını oynadırdılar. 
Sonra məhəbbətlə türk əsgərlərinə baxdı. Rahatlıqla nəfəs alıb Nikolayevski 
küçəsi  ilə  parlament  binasına  tərəf  gedirdi.  Türk  generalı  Nuru  Paşa  ilə  də 
danışmışdı.  Paşa  gileylənmişdi ki,  azərbaycanlıları orduya götürmək,  əsgəri təlim 
keçmək  çox  çətindir.  Qayda-qanuna  heç  cürə  əməl  etmirlər.  Paşanın  dediklərində 
həqiqət  vardı.  Azərbaycanlılar  hərbi  xidmətə  çağırılmadığından  əsgəri  qaydalara 
öyrəşə bilmirdilər. Amma hər şey yaxşı olacaq. Paşa da bu fikirdə idi. 
İndi  isə  vətən  azad  idi.  Azad  vətənin  xoşbəxtlik  işığını  yandıran  yerə—
parlament binasına növbəti qayğıları həll etməyə getdi. 

76 
 
AZAD VƏTƏN 
 
Sən  vaxtında  gəldin.  Vaxtında  bağlı  qapıları  açıb  qaranlıqlara  işıq  saldın. 
Gəlişini  necə  intizarla  gözləmişik,  ey  istiqlal!  Ayağın  dəyən  hər  qarış  ana 
torpağımız  gül-çiçəyə  bürünür.  Nə  böyük  qüdrətin,  sehrin  var,  istiqlal!    Sənin 
yalnız  adını  eşitmişdik.  Uzaqdan  xoş  təbəssümlə  çöhrənə  baxıb  xiffət  çəkmişdik. 
İnana bilmirdik ki, o gülümsünən gözlərin bir gün bizə də şəfqətlə baxacaq. İşıqlı 
ürəyindən bizim də ellərə  mərhəmət  yağacaq. Bizi də  yada salıb, bədbəxtliyimizə 
acıyacaqsan.  Sənin  bu  xeyirxahlığını  heç  zaman  unutmayacağıq.  Dünyaya  göz 
açan bütün övladlarımıza səndən danışacağıq. Beşikləri başında adına qoşduğumuz 
nəğmələri  oxuyacağıq.  Deyəcəyik  ki,  onlar  da  səni  bizim  kimi  sevsinlər,  ömrünə 
alqışlar desinlər. 
Nə  yaxşı  ki,  sən  gəldin,  ömrümüzə  şadlıq  gətirdin,  ey  istiqlal!  Sənin 
mərhəmətinlə,  bizə  olan  sonsuz  məhəbbətinlə  yaşayıb,  azad  dövran  sürürük.  İndi 
öz  milli  hökumətimiz  var,  milli  qoşunumuz  yaradılır.  Bütün  sərvətimiz 
özümüzünküdür. Neftimizi, pambığımızı, varımızı, dövlətimizi dünyanın istənilən 
ölkəsinə göndəririk. İndi nə rus, nə erməni, nə ingilis işimizə qarışa bilir. Özümüz, 
hər  şeyi  özümüz  həll  edirik.  Qurduğumuz  azad  hökumətin  sərhədlərini  də 
müəyyənləşdiririk.  O  sərhəddən  heç  kim  keçə  bilməz.  O  sərhəddi  türk 
qardaşlarımızla  birlikdə  əsgərlərimiz  qoruyur.  Rus,  ingilis,  erməni  sərhədin  o 
tayında  qalıb.  Bura  bizimdir,  bizim  vətənimiz,  yurdumuzdur.  Bir  kimsənin 
özümüzdən başqa burda hökmü yeriməz. 
Azad  Azərbaycanda  xalq  xoşbəxt,  əsarət  və  istibdaddan  uzaq  ömür-gün 
sürürdü. Həyat gözəl, yaşamaq mənalı idi. 
Dövrün qəzetlərindən: 
«Yaxın  günlərdə  Konstantinopoldan  türk  tədris  məktəblərində  dərs  demək 
üçün 17 müəllim gələcək. Çoxlu dərsliklərin də göndərilməsi gözlənilir». 
Azad Azərbaycan qəzetləri öz xilaskarı haqqında məlumat verirdi xalqa: 
«Müsəlman  Qafqaz  ordusunun  Baş  komandanı  Farux  Nuru  Paşa  dünən 
Yelizavetpoldan (Gəncədən) Bakıya qayıdıb». 
Azərbaycan qəzetləri ermənilərin təslimini xəbər verirdi: 
«Qarabağdan  məlumat  alınıb  ki,  çox  da  uzun  sürməyən  döyüşdən  sonra 
ermənilər təslim olub silahlarını veriblər». 
Xalq xoşbəxt yaşayırdı. Çünki o azad idi. 
 
*** 
 
Məmməd  Əmin  Rəsulzadə  həmin  günü  Baş  nazir  Fətəli  xan  Xoyski  ilə 
söhbət  edirdi.  Baş  nazir  söhbət  zamanı  ermənilərlə  dünənki  görüşünü  danışdı. 
Azərbaycan  hökumətini  təbrik  etmək  üçün  Gəncədən  bir  qrup  erməni  gəlibmiş. 

77 
 
Ermənilər  Azərbaycan  hökumətini  tanıdıqlarını,  hökumətin  işində  canla,  başla 
çalışacaqlarını bildirirdilər. 
Bic ermənilər. Quyruqları qapı arasında qalan kimi azərbaycanlılara qardaş 
deyirlər.  Elə  ki,  bir  az  başları  dikəldi,  arxadan  xaincəsinə  zərbə  vurmağa 
başlayırlar. İndi səs eşidən kimi tez qaçıb gəliblər Bakıya. Azərbaycan hökumətinə 
and-aman  edirlər  ki,  bəs  sizinlə  dostuq.  qardaşıq.  Bilirlər  ki,  indi  onları  müdafiə 
edən  ruslar,  ingilislər  şəhərdən  qovulublar.  «Əmi»ləri  gedibsə,  onda  kimə 
arxalanacaqdılar. Yenə bu xalqın ürəyi yumşaq, əli səxavətlidir. Yenə bu xalq onun 
tökdüyü qanı, etdiyi xəyanəti bağışlayacaq. 
...Məmməd  Əmin  Rəsulzadə  Fətəli  xandan  eşitdiyi  bu  söhbəti  ağrı-acı  ilə 
dinləyirdi.  Ötənlərin,  xüsusilə  də  mart  qırğınının  dəhşətli  səhnələri  gözü  önündən 
çəkilib  getmirdi.  İndi  xain  ermənilər  barışığa  gəlmişdilər.  İçərisi  qəzəbdən 
alovlanırdı. 
1918-ci il idi... 
Həyat davam edirdi. Azad Azərbaycanda adamlar xoşbəxt ömür sürürdülər. 
Azərbaycan hökuməti yüksək enerji ilə işləyirdi. 
Hökumətin  ilk  diqqət  yetirdiyi  işlərdən  biri  ermənilərin  Azərbaycana 
vurduğu  ziyanı  ödəməkdir.  Alınan  məlumatlar  çox  acınacaqlı  idi:  199  müsəlman 
kəndi  yandırılıb,  135  mindən  çox  adam  ya  öz  torpağından  qovulub,  ya  da  ki, 
öldürülüb.  Hökumət  ermənilərin  bu  cinayətləri  ilə  bağlı  istintaq  aparmaq  üçün 
fövqəladə komissiya yaradıb. 
Azad  Azərbaycan  hökuməti  işləyirdi.  Məmməd  Əmin  Rəsulzadə  tez-tez 
Fətəli  xanla,  hökumət  nazirləri  ilə  görüşür,  məsləhətləşirdi.  Fətəli  xan  hökuməti 
Azərbaycanın  bütün  sahələrində  milliləşdirmə  aparırdı.  Bunlardan  ən  başlıcası 
Azərbaycandakı təhsil müəsisələrinin və neft sahələrinin milliləşdirilməsi idi.  Biri 
xalqın  mənəvi,  digəri  maddi  sərvəti  idi.  Birincini  həll  etmək  üçün  Türkiyədən 
dərsliklər  gətirilib  müəllimlər  dəvət  olunması  nəzərdə  tutulmuşdu.  Bundan  ötrü 
Türkiyəyə bir qrup adam göndərmək nəzərdə tutulurdu. 
Neftin istehsalı, daşınması ilə bağlı  «Şaumyan» hökumətinin verdiyi bütün 
qərarları  isə  Azərbaycan  hökuməti  ləğv  edir,  milliləşdirirdi.  Çünki  bu  günə  kimi 
Azərbaycanın  nefti  müftə-müsəlləh  Rusiyaya  daşınır,  əvəzində  Lenin  ermənilərə 
silah verirdi. 
Azərbaycan  hökuməti  özünün  1918-ci  il  24  sentyabr  tarixli  qərarı  ilə  bu 
israfçılığa son qoyurdu. 
Ġçimizdəki  Denikinlər.  Azərbaycanın  çörəyini  yeyib,  özgələrinin  Bakıda 
hakimiyyətini  istəyənləri  Üzeyir  Hacıbəyov  belə  adlandırırdı.  Və  göstərirdi  ki, 
«İçimizdəki Denikinlər» xarici düşməndən qat-qat qorxuludur. 
Məmməd  Əmin  Rəsulzadəni  ən  çox  düşündürüb  narahat  edən  bu 
«Denikinlər»  idi.  Azad  Azərbaycan  hökuməti  qurulmuşdu.  Xalq  xoşbəxt  ömür 
yaşayırdı. Yaxşı, bəs bu adamlar nə istəyirdi? Adını azərbaycanlı qoyan, bolşevik 
düşüncəsi ilə oturub-duranların nə idi məqsədi? 

78 
 
Bu  adamların  daxildə  və  Azərbaycandan  kənarda  Demokratik  hökumət 
əleyhinə  işlər  görməyini  eşidirdi.  Məlumatlar  çatdırılırdı  ona.  Məmməd  Əmin 
Rəsulzadə bu adamların Leninlə yaxınlıq etdiyini, ondan imdad gözlədiklərini acı-
acı düşünürdü. Xalq bu «Denikinlər»dən görən nə zaman xilas olacaq? 
Xalqın  içərisindən  çıxan  Denikinlər  işləyirdi.  Lenin  onların  başını  aldadıb 
istifadə edir, Azərbaycanda müstəqil sovet Respublikası quracaqsınız deyirdi.  
Budur, 
Nərimanov 
Həştərxandadır. 
Azərbaycanda 
Demokratik 
Respublikanın qurulmağını bilir. Amma narazıdır. Bəs fikri nədir Nərimanovun? 
Xalq azad bir dövran  yaşayanda,  Azərbaycan  Demokratik Respublikasının 
istiqlaliyyət  havasını  udanda  Nərimanov  nə  işlə  məşğul  idi?  Dostlarından  birinin 
dedikləri: 
«Biz  «Hümmət»  təşkilatında  işləyən  türk  kommunistləri  Həştərxana  gəlib 
yoldaş  Nərimanovu  orada  gördük.  Burada  azərbaycanlılar  ilə  tatar  yoldaşlar 
Nərimanovun  ətrafına  toplaşaraq  onun  rəhbərliyi  ilə  firqə  təşkilatını  və  Şura 
aparatını möhkəmlətməkdə idilər...» 
1918-ci  il  idi.  Azərbaycanda  Demokratik  Respublika  qurulmuşdu. 
Nərimanov «Şura  aparatını» möhkəmlədirdi. 
Dadaş Bünyadzadə isə daha da «irəli» getmişdi. Özü bu haqda belə yazırdı:  
«Mən  İliçə  xəbər  verdim  ki,  Azərbaycanda  iki  cərəyan  var:  Bunlardan  biri 
ondan ibarətdir ki, Bakı və Azərbaycan azad edildikdə müstəqil Sovet Respublikası  
yaratmaq  lazımdır, ikinci cərəyan isə ondan ibarətdir ki, heç bir respublika lazım 
deyildir, Azərbaycanı quberniyalara bölmək və RSFSR-lə birləşdirmək lazımdır». 
«İçimizdəki  Denikin»lərin  xəyanətkarlığı  haqqında  çox  eşidirdi,  çox.  Bu 
adamların  romantik  ideallarından  xalqa  ağır  zərbə  dəyəcəyini  görürdü.  Xalqı 
yenidən uçuruma itələyən yalançı bolşevik fikirləri ilə yolunu azmış adamlardan nə 
yolla xilas olmalı? 
Fikirlər ağrıdır, kəsirdi içərisini. 
Xalq  gözəl  günlər  yaşayırdı.  Malının,  dövlətinin,  yerüstü  sərvətlərinin 
sahibi idi. Kimsə daxili işlərinə qarışmır,  kənardan  müdaxilə  yox idi.  Qorxu hissi 
tamam    çəkilib  getmişdi.  Bütün  azad  ölkələrdə  olduğu  kimi,  adamlar  istədikləri 
vaxt  hara,  hansı  dövlətə  getmək  arzusunda  olsaydılar,  icazə  verilirdi.  İstədiyini 
kənara aparıb sata bilərdin.  Kimsənin əlindən almağa ixtiyarı yoxdu. 
Azad Azərbaycan qəzetləri yazırdı: 
«Oktyabrın  yeddisində  Ədliyyə  nazirliyi  «Metropol»  mehmanxanasından 
Babayevin Naberejnı küçəsində yerləşən evinə köçür». 
Azad  Azərbaycanın  paytaxtı  Bakıda  çoxlu  məktəblərin,  gimnaziyanın 
olduğundan xəbər verirdi qəzetlər: 
«Bakıdakı 3-cu kişi gimnaziyası xahiş edir məlumat verək ki, tədrisi davam 
etdirmək  istəyənlərin  və  bütün  siniflərə  qəbulun  yazılışı  hər  gün  gimnaziyanın 
kanselyariyasında səhər saat 9-dan 1-ə kimi aparılır». 

79 
 
Azad  Azərbaycan  qəzetləri  Bakıda  teatrın,  musiqinin  yenidən  fəaliyyətə 
başladığından yazırdı: 
«Oktyabrın 4-də çətinliklə Bakıya gəlib çatan müsəlman qrupunun qüvvəsi 
ilə  qış  mövsümünün  açılışı  oldu.  Öz  sevimli  aktyorlarını  salamlamaq  üçün  çoxlu 
adam axışıb gəlmişdi. Amma təəssüflər olsun ki, «Mikado» teatrının yeri darısqal 
olduğundan oyun zalında  yalnız  gələnlərin bir hissəsi  yerləşmişdi,  qalanlarına  isə 
ötənlərin dəhşətindən sonra istedadlı komiklərin, Hüseynzadə və Anaplinskinin və 
«Arşın  mal  alan»ın  möcüzəli  musiqisini  eşidib  ürəkdən  istirahət  etmək  qismət 
olmadı». 
Azərbaycanın  azad,  bəxtəvər  günləri  idi.  Xalq  varının,  dövlətinin,  qızılı 
neftinin sahibi idi. Rusun, erməninin, ingilisin ağalığına son qoyulmuşdu. 
Azərbaycan Demokratik Respublikası fəaliyyətdə idi.       
Yüklə 2,62 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin