Ġlk eĢidilən səs. Əsrin əvvəllərində imperiya əsarətində əzilən türkün
haqqını, hüququnu müdafiə məqsədi ilə Nijni-Novqorod şəhərində Əli Mərdan bəy
Topçubaşlının, İsmayıl bəy Qaspirallının, Yusif Akçoranın, Sədri Məqsudi və
Fateh Kəriminin təşəbbüsü, fəaliyyəti nəticəsində «Rusiya Müsəlmanları İttifaqı»
adlı partiya quruldu. Partiyanı yaratmaqda məqsəd əsarət altında inildəyən türkləri
bir amal uğrunda birləşdirib irticaya qarşı mübarizə aparmaq, imperiya zülmündə
əzilməkdən xilas etmək idi. Çünki çar Rusiyasında yaşayan türklər eyni kökdən
olduqlarını bilmirdilər. Parçalanmış halda yaşayır, zəif qüvvə təşkil edirdilər. Bu
qüvvələri oyadıb kimliyini bildirmək, başlıca düşmənə qarşı mübarizəyə
hazırlamaq lazım idi.
İsmayıl bəy Qaspirallı həmin o illərdə türklüyün səsinin yenicə ucalmağa
başladığı dövrdə — 1906-cı ildə demişdi:
«Ümumən türklərin əsli və nəsli birdir. Zaman və məkan ihtilafıyla şivə
adətlərimizdə ihtilaf peyda olmuşdur. Bu ihtilaf bir-birimizi anlamayacaq dərəcəyə
gəlməmişdir. Bundan sonra məktəblərimizi bir olan ədəbi lisanlarımızla hadim
olacaq hala gətirmək lazımdır».
Bu görkəmli türk ziyalıları deyirdilər: məzhəb ayrılığının—yəni qəsdən
imperiya tərəfindən ortalığa atılan sünni şiə söhbətinin—türklüyün birliyinə heç bir
maneçiliyi yoxdur və ola bilməz.
Əli Mərdan bəy Topçubaşlı o zaman demişdi:
«Məzhəb müxtəlifliyi böyük əhəmiyyətli bir şey deyildir». Bu fərqlər
Rusiya müsəlmanlarının ruhani işləmələri üçün ümumi bir müəssisə vücuduna dini
nöqteyi-nəzərdən bir maneə təşkil etməz».
...Çar imperiyasının «ruslaşdırma», «türkçülüyü boğmaq» siyasəti iri sənaye
şəhəri olan Bakıda daha kəskin hiss olunmuşdu. Bakı mühitində belə bir zamanda
türklüyün işığını ilk yandıran Əli bəy Hüseynzadə olmuş, açdığı qəzetlə xalqa «sən
türksən» fikrini aşılamağa çalışmışdı. Böyük insan Əli bəy Hüseynzadə hələ 1906-
cı ildə öz fikrini belə ümumiləşdirirdi: «Türk qanlı, islam imanlı, firəng qiyafəli».
Getdikcə alovlanan, başına yeni fikirli adamlar toplayan bu türk ocağını çar
imperiyası tezliklə boğub söndürmüşdü.
Həmin ocaq indi İstanbulda alovlanırdı. 1911-ci il idi.
Azad türk arzusu, fikri ilə yanan bu ocağın dövrəsinə yığılanlardan biri də
Məmməd Əmin Rəsulzadə idi.
«Türk ocağı»nda iĢıq. İstanbuldakı «Türk ocağı»na dövrün görkəmli
ziyalıları toplaşmışdı. Məmməd Əmin Rəsulzadə «Türk ocağı»nda görkəmli
35
ziyalılarla—Əli bəy Hüseynzadə, Əhməd bəy Ağa oğlu və başqaları ilə birgə
çalışıb fəaliyyət göstərirdi.
Bu zamanlarda fəaliyyətə başlayan «Türk yurdu» dərgisində Məmməd
Əmin Rəsulzadə «İran türkləri» başlığı altında bir sıra məqalələr yazır. Onun bu
sıradan olan məqalələri böyük əhəmiyyətə malik idi. Çünki bu günə kimi İrandakı
azərbaycanlıların türkçülük xüsusiyyətlərini belə geniş şəkildə əks etdirən yazı çap
olunmamışdı. Parçalanmış Azərbaycanın Arazın o tayında ağrı çəkən türklərindən
çoxları xəbərsizdi. Məmməd Əmin Rəsulzadə İran türklərinin səsini geniş türk
dünyasına çatdıran ilk ziyalı idi.
Məmməd Əmin getdikcə müsəlman dünyasının böyük mütəfəkkiri Şeyx
Cəmaləddin Əfqani ilə maraqlanır. Onun fikirlərini, fəlsəfi düşüncələrini öyrənir...
Şeyx Cəmaləddin Əfqani hansı işıqlı ideyaları ilə Məmməd Əmin Rəsulzadənin
diqqətini cəlb edirdi? İlkin olaraq milliyyət şüurunu oyatmağı ilə, milliyyətçiliyin
təbliği ilə. Böyük mütəfəkkir bütün xoşbəxtliyi milliyyətin daxilində görürdü.
Əfqani milliyyətçi fikirlərini bu məntiqlə yekunlaşdırırdı: «Milliyyət xaricində
səadət yoxdur».
Məmməd Əmin Rəsulzadə Əfqaninin düşüncələri ilə tanışlığa qədər də
milliyyətdən bəhs edən fikirlər irəli sürmüş, məqalələr yazmışdı. Millətlərin zülm
altında inildəməyini və bu fəlakətin xoşagəlməz mənzərəsini əks etdirmişdi.
Milliyyətin imperiya əsarətində azadlıq və hürriyyətdən kənar olduğunu və
müxtəlif firqələrin milliyyət fikrinə münasibətini bildirmişdi.
Lakin indi Əfqanidən çox şey öyrənirdi. Əfqani ona milliyyət işində yeni
ideyalar verirdi. Sonradan Əfqanidən öyrəndiklərini öz işində—Bakıdakı
fəaliyyətində əsas tutacaqdı.
Həmin
illərdə—«Türk
ocağı»nda
siyasi
mübarizə
əqidəsinin
möhkəmləndiyi bir zamanda böyük islam mütəfəkkiri Şeyx Cəmaləddin Əfqaninin
«Milli birlik fəlsəfəsi» əsərini farscadan türk dilinə çevirib «Türk yurdu»
jurnalında nəşr etdirir.
«Türk ocağı»nda qızğın mübahisələr gedirdi. «Türkçülük» ideyasına
əsaslanan bu ciddi fikir mübadiləsində Əli bəy Hüseynzadə ilə Ziya Gökalpın
mövqeləri müxtəlif idi. Türk aləmində ilk dəfə olaraq «türkləşmək, islamlaşmaq və
müasirləşmək» fikri irəli sürən Əli bəy Hüseynzadə «Osmanlı lisanını» qızğınlıqla
müdafiə edirdi.
Ziya Gökalp isə Əli bəyin «türləşmək, islamlaşmaq və müasirləşmək»
fikrini əsaslı şəkildə işləyib sadə türkcə yazmağı, danışmağı irəli sürürdü.
Məmməd Əmin Rəsulzadə Türkiyə mühiti ilə tanış olduğu ilk gündən
buradakı bir qızğın mübarizənin tez-tez şahidi olurdu: Osmançılıq, yoxsa
türkçülük?
Hələ ötən əsrin ortalarından başlanan bu söhbət indi də davam edirdi. Hər
yerdə türk dili, türk düşüncəsi, türk əqidəsi əvəzinə «Osmanlı dili, Osmanlı
əqidəsi» işlənirdi. Sanki çoxları türk sözünü işlətməyə qorxur, yainki bunu özlərinə
36
təhqir sayırdılar. Çoxları osmanlı sözü altında yüksək inkişafa, əqidəyə, düşüncəyə,
nəzakətə malik şəxsi anlayırdı. Türkü isə bu qaydalardan uzaq sayırdılar. Bəziləri
bu sözü cəmiyyətdə, həyatda işlətməyin qəti əleyhinə idi. (Əlbəttə, «Osmanlı
lisanı» ilə «osmanlılığı» müdafiənin arasında da fərq var.).
Ziya Gökalpın dərin təhlil edib təkmilləşdirdiyi «türkçülük» ideyasının
Məmməd Əmin Rəsulzadəyə böyük təsiri olmuşdu.
O, yazırdı:
«...Mərhumun (Ziya Gökalpın) «Türk yurdu»nda nəşr olunan türkləşmək,
islamlaşmaq nə müasirləşmək» məqalələri məni vəcdə gətirdi. Bakıya getdim.
Mətbuat dil məsələsi ilə məşğul idi. Bu məsələdə Ziya nəzəriyyəsini müdafiə
etməyə başladım. Türkçülüyü təbliğ üçün müharibə ərəfəsində çıxarmağa
başladığımız «Açıq söz» qəzetinə Ziyanın sözlərini bir «şüar» götürdük. Daha
sonra Ziyanın son zamanlarda «Türk millətindənəm, islam hümmətindənəm, qərb
mədəniyyətindənəm» şəklində dediyi bu «şüar» türkçülük, xalqçılıq vəzifələri
üzərində
təşəkkül
edən
milliyyətpərvər
«Müsavat»
firqəsinin
proqram
müqəddiməsində yer tapdı. Rus istibdadında mütəfərrük xanlıqlar şəklində deyil,
müttəhit və milli bir kütlə surətində nicat bulan Azərbaycan türklüyü, bu istiqlalını
tərtəmiz edəcək bayrağa, əsri məfkurəsi ilə mütənasib bir məna vermək istəyirdi.
Bu mənanı da «türkləşmək, islamlaşmaq və müasirləşmək» məfhumlarında buldu:
Bayrağı mavi, yaşıl və al rəngli qumaşlardan yapdı».
Türkiyə həyatı, «türk ocağı»nda işıqlı düşüncə sahibləri ilə qarşılıqlı təmas
Məmməd Əmin Rəsulzadənin türkçülük əqidəsini möhkəmləndirdi. İndi onu bir
ciddi məsələ narahat edirdi: türkçülük ideyasını, yəni «ey xalq, sən kimsən, əslin
hardandır?» fikrini yayıb genişləndirmək. Bu ideya xalq arasında təbliğ olunmazsa,
onun oyanışı, hürriyyət istəyi ilə mübarizəyə qalxması mümkün deyil. Hər
addımda hüququ tapdalanan xalqın kölə zəncirini qırıb atması yolunda ilkin
hərəkət hansı soydan qopduğunu bilməsidir. Bunu xalqa çatdırmadan onu qəflət
yuxusundan, dibinə endiyi bataqlıqdan qurtarmaq olmaz.
(Bakıya qayıtdıqdan sonra Məmməd Əmin Rəsulzadə bir çox yazılarında
«Türk ocağı»nda tez-tez eşitdiyi və mübahisəsi hələ davam etməkdə olan «Osmanlı
lisanı ilə» «Azəri türkcəsi»nə öz münasibətini bildirdi. «Şəlalə» jurnalında «Dil
ictimai bir amil» və «Yeni lisançılar və türkçülər» adlı məqalələr çap etdirdi. Dil
haqqında gedən söhbət, münaqişələr ona qol-qanad vermişdi. Sevinirdi ki, artıq
Azəri türkcəsində danışmaq zamanı gəlib çatıb. 1915-ci ildə nəşr etməyə başladığı
«Açıq söz» qəzetini də məhz ədəbi Azəri türkcəsi ilə çıxarırdı).
İndi ürəyi Bakını istəyirdi. Doğma yurduna getmək, öyrənib əxz etdiyi işıqlı
fikirləri yaymaq başlıca arzusu idi.
Amma vətən qapıları üzünə bağlanmışdı. Elinə, obasına qayıtmağa
qoymurdular. O, çar imperiyasının düşməni idi və adı gizli hökumət dəftərində
qeydə alınmışdı.
37
Doğma yurduna qayıtmaq həsrəti ilə çırpınanda iyirmi doqquz yaşı vardı.
(Az sonra bu bağlı qapılar açılacaq, ona daha yeddi il də yurdu Azərbaycanda
yaşamaq imkanı veriləcəkdi. Yeddi ildən sonra isə vətənin qapısı həmişəlik üzünə
bağlanacaqdı. Bu soyuq və sərt həqiqətin getdikcə ona yaxınlaşdığını hələ hiss
etmirdi. İndi üzünə bağlanmış vətən qapısının açılacağı ümidində idi).
...Birdən sanki möcüzə baş verdi. Vətənə qayıtmağına icazə verdilər.
1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı olaraq mühacirlər
hökumət tərəfindən bağışlandı və Məmməd Əmin Rəsulzadə beş ilin ayrılığından
sonra doğma elinə, obasına qayıtdı.
1913-cü il idi...
Hələ İstanbulda olduğu vaxtlar əmisi oğlu Məmməd Əli ilə
məktublaşırdılar. Hər ikisi siyasi bir firqənin yaradılması ideyasını irəli sürürdü.
Belə firqənin hansı quruluşda olmağı haqqındakı fikirlərini Məmməd Əmin yazıb
əmisi oğluna çatdırırdı. Az sonra əmisi oğlu Məmməd Əlidən bir məktub aldı.
Əmisi oğlu fərəh hissi ilə «Müsavat» adlı bir partiyanın qurulduğunu yazırdı.
1911-ci il idi.
Bakıda «Müsavat» adlı partiya yaradılmışdı.
«Müsavat». Əslində ərəb kəlməsi olan, «bərabərlik» mənasını ifadə edən
bu yeddi hərfli sözü sonradan—1920-ci ildən başlayaraq qorxunc kabus kimi
işlətməyə başladılar. Həyatda, cəmiyyətdə, insaniyyətlikdə, millətçilikdə
bərabərliyi müdafiə edən «müsavat»a qızıl imperializm tərəfdarları ləkə yaxdılar,
böhtan dedilər. «Müsavat» sözünü işlətmək ölümə bərabər tutuldu.
«Müsavat» eyni zamanda neçə azəri türkünün sevgili idealına çevrilib onu
özünün vurğunu etdi, «Müsavat» neçə illər idi ki, zülm altında inildəyən türklüyün
ümidinə çevrildi. Müsavat Azəri türklərinin başı üzərində üç rəngli, aylı, ulduzlu
istiqlaliyyət atəşini yandırdı. Xalq sevdi, bağrı yanıq qəlbinə basıb bu bayrağın
işığına toplaşdı. Gözlərdə sevinc alovlandırdı, ömürlərdə günəşə döndü müsavat.
Əqidəsinin möhkəmliyi, dönməzliyi, sarsılmazlığı ilə müsavatçılar xalqın əbədi
sevgisini qazandı. Bu işığı ürəklərinə yığanlar olmazın işgəncələrinə məruz
qalsalar da, tutduqları yoldan dönmədilər. «Müsavat» xalqın ömrünə, gününə,
yaşayışına iyirmi üç ay azadlıq gətirdi. Ona bütövlük, sarsılmazlıq, «sənin də yer
üzündə yaşamaq haqqın var», «sən şanlı və böyüksən», «əsarətdə inildəməməlisən,
bu zülmdən qurtarmaq, ağ günə çıxmaq bacarığın var» fikrini aşıladı. «Müsavat»
yüz ildən yuxarı əsarət altında qalıb tarixi qaranlıqda yatan bir xalqı dünyanın
iyirmi üç böyük dövlətinə tanıtdı. Dünyanın əksər ölkələri paytaxt şəhərinə —
Bakıya elçilər göndərib səfarətxanalar açdı. «Müsavat» illərcə hüququ tapdanan
xalqın oğullarının əyninə əsgər paltarı geyindirib onda Vətənin bütövlüyünü və
onun keşiyində durmaq sevgisini oyatdı. İgidlərin qollarındakı qanlı əsarət
zəncirini qırıb atdı və onun yerinə azadlığını qorumaq silahını bağladı. «Müsavat»
neçə illər idi ki, xalqın qarlı-buzlu şimala daşınan qızılını, neftini, bütün sərvətini
onun öz sahibi etdi. Xalq bolluq içində yaşamağa başladı. Hər cür inkişafı,
38
düşüncəsi, ətalətdən silkinib qurtarmaq cəhdi qırılan xalqa mənəvi sərvətini,
mədəni tərəqqisini yüksəltmək imkanı verdi. O zamana kimi qorxulu səslənən türk
dili məktəblərdə tədris olunmağa başladı. Xalqın övladlarının beyninə şimal
düşüncəsi deyil, məxsus olduğu şərq mənliyi, şüuru yeridildi. Məktəblərdə
oxuyanlar «İvan»ın, «Pyotrun» deyil, özünün şanlı tarixini öyrənməyə başladı.
Babəkin azadlıq yolunda başının kəsildiyini, Xətainin bütöv Azərbaycan
yaratdığını, Cavad xanın son nəfəsinə kimi vuruşub «ölmək var, dönmək yoxdur»
dediyini eşitdi. «Müsavat» bolşeviklərin Azərbaycanı işğalından sonrakı
zamanında da fəaliyyətini saxlamadı. Gizli işə keçib bəyannamələr yaydı. Xalqı
dayanmamağa, mübarizə aparmağa səslədi. «Müsavat»ın yolunda ölüm atəşini
köksünə qəbul edənlər, düşmənə boyun əyməyənlər oldu. Güllə qabağında, ölümün
atəş saçan pəncəsinin uzandığı vaxtda fəxrlə, qürurla «bəli, müsavatçıyam» deyib
minlərlə vətən övladı işıqlı həyata göz yumdu. Neçə qadın başına örtdüyü azadlıq
rəmzi olan ağ kəlağayını qana boyayıb «müsavat»a məhəbbət və sədaqətlərini
göstərdilər.
Qaranlıq gecələrdə qızıl imperializmin zəhərli toxumlarını yenidən azad
Azərbaycan həyatına səpənlər xalqın minlərlə igid oğlunun ayağına ağır daş
bağlayıb müsavatçı adı ilə dənizdə batırıb öldürdülər.
Zəkalı, sarsılmaz adamları şimalın buzlu cəhənnəminə göndərdilər. O soyuq
buzlar arasında belə adamlar təslim olmur, mübarizə əzmini qırmırdı. Günlərlə ac-
susuz qalır, etirazını bu yolla dünyaya çatdırır, müsavata sadiqliyini bildirirdilər.
Solovkinin, Sibirin bu qorxunc ölüm dənizinin şahə qalxan soyuq suları isə
minlərlə Azəri türkünü boğub məhv etdi. Son nəfəslərində belə bu adamlar
«Yaşasın istiqlal», «Yaşasın müsavat!» dedilər.
Sənin, sənin adını çəkdilər, ey aydın hilallı, ulduzlu bayraqlı müsavat! Sənin
qəlbində, içində çox böyük bir atəş alovlanırdı! Sənin o atəş işığın neçə insanı
sevindirib özünə bağladı. Divarlarında ölüm qoxusu, tavanında işgəncə zəhəri,
vəhşət hissi sürünən «Çeka», «Osobı otdel» binaları sənin işığınla dünyaya göz
yumanların «Müsavat, müsavat» sözlərindən titrəyib silkələndi. Bu sözdən sonralar
da qorxub onu Azəri türklərinin yaddaşından və əqidəsindən silib aparmağa
çalışdılar. Amma bu ad yaşadı, inam və ümidləri qırılmağa qoymadı.
«Müsavat» bərabərlik deməkdir.
Bir müsavatçının xatirəsi. Onlar üç nəfər idi. Müsavatın işığını ilkin
olaraq onlar yandırmışdılar. Sonradan hər üçü vətəndən – müsavatı qurduqları
Bakıdan—doğma Azərbaycandan didərgin düşdülər. Onlardan yalnız biri sağ qalıb
yaxın illərə kimi yaşadı. Onun da ömrü əzab içində, mənəvi sıxıntılarda keçdi.
Yurdundan aralıda—qürbət eldə vətən həsrəti ilə çırpındı.
Amma yurdundan didərgin düşmüş bu qocanın səsi intizarında olduğu
doğma yurdunun dağlarına yetişmədi. Eləcə içərisi ağlaya-ağlaya qaldı. Yalnız
ömrünün sonunda—yüz yaşında olanda qapıları həmişəlik üzünə bağlanmış doğma
39
vətənindən—Azərbaycandan altmış iki ilin ayrılığından sonra görüşünə gələn
oğlunu bağrına basdı və acı-acı hönkürdü..
Həmin qoca Məmməd Əmin Rəsulzadənin əmisi oğlu Məmməd Əli
Rəsuloğlu idi.
Məmməd Əli Rəsuloğlu «müsavat»ın üç qurucusundan biri idi.
«Müsavat» partiyasının necə qurulmağı haqqında onun xatirələrindən:
«...1911-ci ilin bir son bahar günü idi. Arkadaşların gizli toplantı və
müşavirə yeri olan rəhmətlik Abbas Kazımzadə bəyin mağazasının arxa odasında
Abbas bəy ilə oturmuşduq. Arkadaşlarımızdan rəhmətlik Tağı Nağıoğlu bəy içəriyə
girdi və bizə «gürcülərin, ermənilərin, rusların siyasi partiyaları var, bizim nədən
olmasın. Biz də bir partiya quraq dedi». Bir neçə gün yapdığımız müzakirə və
müşavirədən sonra «Müsavat» partiyasını qurmağa qərar verdik. Zatən o tarixlərdə
İstanbulda olan Məmməd Əmin bəy də bizə yazdığı məktublarda siyasi bir
partiyanın qurulmasının vacib olduğunu yazır, bu işdə hazırlıqlar içində olmamızı
istəyirdi...
Böyləcə «Müsavat» partiyası qurulduqdan sonra partiyaya qəbul ediləcək
arkadaşları təsbit etməyə başladıq. Bu da o zamankı dövrə görə zor bir işdi.
Müsavat partiyasına ilk aldığımız arkadaşlar bunlardır: Vəli Mikayıloğlu (ikinci
dünya hərbində İranı işğal edən Kommunist Ruslar tərəfindən Zəncan şəhəri
ətrafında yaxalanaraq Rusiyaya gətirilmiş və güllələnmişdir), Seyid Hüseyn Sadiq
(Azərbaycanın tanınmış ədəbiyyat və sənət adamı Sibirdə sürgündə olmuşdur),
Əbdürrəhim bəy (Əcəli ilə ölmüşdür), Axund Yusif ləqəbi olan Yusif Ziya
(Türküstanda basmaçılarla birlikdə Ənvər Paşa komitəsində bolşeviklərlə
vuruşarkən şəhid olmuşdur), Seyid Musəvi (çarlıq rus ajanları tərəfindən şəhid
edilmişdir)».
«Müsavat» partiyasının nüfuzu getdikcə artırdı. Partiyanın nəinki şimali
Azərbaycanda və Qafqaziyada, eyni zamanda güney Azərbaycanda da şöbələri
yaradılmışdı. «Müsavat»ın ilkin qəbul etdiyi proqram islam fikri üzərində
qurulmuşdu və islami ideyalara daha çox üstünlük verirdi. Onun proqramında öz
istiqlalını itirmiş müsəlman xalqlarına yardım və istiqlal qazanmış müsəlman
məmləkətlərinə kömək fikri əsas yer tuturdu. İlkin proqramda türkçülük məfkurəsi
qabarıq verilməmişdi. Bunun da səbəbi həmin məfkurənin yenicə formalaşmağa
başlaması idi.
Sonradan «müsavat»ın proqramında dəyişiklik edib, ona türkçülük fikrini
gətirən və partiyanın fəaliyyətini yalnız «islamla» məhdudlaşmaq xəttinə yönəldən
Məmməd Əmin Rəsulzadə oldu.
Bu dövrdə «Müsavat» partiyası böyük işlər görürdü. Balkan müharibəsində
Türkiyəyə yardım göstərmək təbliğatını aparırdı. Təbliğat öz işini görürdü. Çoxlu
Azəri gəncləri könüllü halda Türkiyə tərəfindən vuruşmağa gedirdi. Adamlar qızıl,
gümüş pul toplayıb türk xalqına yardım edirdilər.
40
«Müsavat» işləyirdi. Balkan hərbində Türkiyənin məğlubiyyətinə çalışan
çar Rusiyasının siyasətini ciddi tənqid edirdi.
«Müsavat» fəaliyyətdə idi. Partiyanın üzvü Seyid Hüseyn gizli bir
bəyannamə yazdı. Həmin bəyannamədə «müsavat» bütün Qafqaz müsəlmanlarını
Osmanlı imperatorluğuna köməyə çağırdı. Bəyannamə gizli şəkildə çap olundu.
Abbas Kazımzadə (Məmməd Əmin Rəsulzadənin yaxın dostu və onunla birlikdə
Lahıcda həbs olunan «Müsavatçı») çap olunmuş bəyannamələri Tiflisə aparıb
Qafqaz müsəlmanları arasında yayılması üçün poçt qutularına atıb sabahı günü geri
dönmüşdü. Bəyannamələr Qafqaz müsəlmanları arasında böyük həyəcana səbəb
olmuşdu.
İmperiya buyruqçuları yatmamışdı. Yayılan bəyannamələrin səsi onlara da
gəlib çatdı. Bu gizli işləri görən kim olar? Xalqı ayıltmağa—türk dövlətinin
varlığını qorumağa kim səsləyə bilər?
Axtarışa başladılar. Polis idarəsinin şübhəli adamlar dəftərində bir adamın
adı dairəyə alınmışdı. Həmin adam çoxdan idi ki, Azərbaycandan çıxıb getmişdi.
Amma bu onun sakit dayandığına, fəaliyyətdən qaldığına əsas verirdimi? Əvvəl
İrana getmişdi. Amma hazırda Türkiyədə, İstanbulda yaşamağı haqda məlumatlar
alınıb. Bu yalnız onun işi ola bilər.
...Polis düşünürdü.
— Əmisi oğlu Məmməd Əli Rəsuloğlu xatırlayırdı:
«Bu bəyannamə dolayısı ilə bir gecə mənim evimdə də axtarıldı. Axtarış
aparan komissar müavini: «İstanbulda yaşayan qardaşın (Məmməd Əmin
Rəsulzadəni nəzərdə tuturdu) tərəfindən sənə bir bəyannamə göndərildiyini və
sənin də onu bütün Qafqaziyaya yaydığını deyirlər. Bu bəyannamə sizdə də
tapılmadı».
«Müsavat»ın Qafqaziya türkləri arasında yayıb çar imperiyasını qorxuya
salan bəyannamə aşağıdakı məzmunda idi:
«...Biliniz və agah olunuz ki, bizim yeganə çareyi-nicatımız Türkiyənin
istiqlalı və onun tərəqqisindədir. Əgər biz indi də əvvəlki hissizliyimizdən vaz
keçməzsək bu üzdən dünyanın gözü önündə həqq, insaniyyət və milliyyətimizi
qaib edib əğyarə əcir, tabe və adətən əsirlikdə qalacağımıza şübhə edilməsin...»
«Cəmi aləm biliyor ki, bu müharibəyi xilafəti-islamiyyəyə malik olan
Türkiyəyə açan Balkanın kiçik və ufaq hökumətləri deyildir. Zira, şir nə qədər zəif
olsa da çaqqallar və tülkülər ona yaxın gəlməyə cürət edəmməzlər. Bu işləri
işləyən insaniyyət və islamiyyət düşməni və «jandarmi-aləm» ləqəbi ilə müləqqəb
olan Şimal ayısı Rusiya hökuməti-müstəbidəsidir ki, hər gün nə qədər ləvazimi-
səhiyyə, ətibba, ianələr və könüllü adı ilə bölük-bölük nizamilər (yəni əsgərlər)
göndəriyor».
«Şu saətdə bolqar, serb və qaradağlıların Nizami səflərində hədsiz-hesabsız
rus zabitləri və topçuları mübarizə etməkdədir. Osmanlıların məğlubiyyəti
həqqində çəkilən teleqraflar həpməğuldur. Bu surətlə onlar bir tərəfdən Rusiyadan
41
hərbə gedənlərə cürət vermək, digər tərəfdən də müsəlmanları qorxutmaq
istiyorlar. Aləmi islamın başına gələn bəlaların əksərinə bəlkə də həpsinə şibu...
və... hökuməti-müstəbidə səbəb olmuşdur. Digər məmləkətlərdəki islam
qardaşlarımız can və mal ilə müavinətdə bulunduqları halda biz Rusiya
müsəlmanları nədən bir ğəmad kimi donmuşuz!».
Yazılan bu sözlərdən çar Rusiyası bərk narahat idi. Əsarətdə saxladığı
türklərin oyanmaq təhlükəsi vardı.
DOĞMA BAKIDA
Bakıya 1913-cü ildə qayıtmışdı. Lakin diqqəti cəlb etməyib polisin
nəzarətindən yayınmaq üçün bir ilə kimi başqa sahədə çalışdı. Əslində siyasi
fəaliyyətini dayandırmamışdı, gizli şəkildə davam etdirirdi.
Bir qədər keçəndən sonra «İqbal» qəzetində işə başladı. «Dirilik» və
«Şəlalə» jurnallarında maraqlı məqalələr çap etdirdi. Bu dövrdə yazdığı
məqalələrdə türkçülük ideyasını əsas tuturdu.
Amma həyatı yenə sakit keçmədi. «İqbal» qəzetindəki bir məqaləsinə görə
hərbi senzura ilə aralarında ciddi toqquşma oldu. Məmməd Əmin Rəsulzadəni həbs
etdilər. Lakin bu həbs uzun sürmədi və bir aydan sonra azadlığa buraxıldı, həbsdən
azad edilməyində «müsavatçı» dostlarının böyük köməyi oldu.
Təqiblərə, sıxma-boğmaya baxmayaraq Məmməd Əmin Rəsulzadə tutduğu
mübarizə yolundan dönmürdü. Xalqının azadlıq və istiqlaliyyətə çatacağı ümidi ilə
yaşayırdı.
Budur. Məmməd Əmin Rəsulzadə böyük təşkilatçılıq işi aparır. Birinci
dünya müharibəsi artıq başlayıb. Müharibədə Qafqaz cəbhəsində hərbdən zərər
çəkən müsəlmanlara yardım göstərmək üçün Bakıdakı Xeyriyyə Cəmiyyəti öz
xeyirxah əlini uzadır. Cəmiyyətin işindən o da köməyini əsirgəmir. Elə bu
məqsədlə həmin vaxtlar «Qardaş köməyi» adlı bir qəzet çıxarmağı öhdəsinə
götürür. Qəzet elə birinci nömrədən sonra bağlanır. Bakıda «Müsavat»ın «Ədəb
yurdu» adlı bir gizli klubu vardı. Məmməd Əmin Rəsulzadə həmin klubun fəal
iştirakçılarından idi.
Amma bütün bu işlər onun yazmaq, istədiyini demək, ürəyindən keçənləri
xalqa çatdırmaq alovunu söndürmürdü. Bakıda həmin vaxtlar az qəzet və jurnal
çıxmırdı. Bu onun məqalələrini bu mətbuat orqanları böyük məmnuniyyətlə dərc
edirdilər. Lakin onun öz dərdləri vardı. Və bu ağrısını artıq ürək qəfəsində saxlaya
bilmirdi. Neçə illərdən bəri idi ki, o ürək qəfəsində çırpınan quşu açıb azadlığa
buraxmaq, qol-qanad vermək istəyirdi. Həmin gün yaxınlaşmaqdaydı.
Nəhayət, çəkdiyi əziyyətlərin bəhrəsi olan «Açıq söz» qəzetinin nəşrinə
icazə aldı.
1915-ci il idi...
Dostları ilə paylaş: |