6.4.Saxlanıldığı zonalardan asılı olaraq Sarcocystis gigantea ilə yoluxmuş qoyunların qan zərdabında bəzi transaminazaların dinamikası
Transaminazalar maddələr mübadiləsində mühüm rol oynayan fermentlərdir. Aspartataminotransferaza (AST) və alaninaminotransferaza (ALT) təsirinə görə oxşar olub, onların iştirakı ilə aminturşuların aminqruplarını ketoturşulara transfer edir və peraminləşmə prosesində kabrohidrat və zülal mübadiləsi asasında əlaqəni həyata keçirir [32].
Tədqiqatlar nəticəsində alaninaminotransferazanın (EC 2.6.1.2) və aspartat-aminotransferazanın (EC 2.6.1.1) qoyunların saxlanıldığı zonalardan asılı olaraq fermentlərin aktivliyində baş verən dəyişkənliklər cədvəl 6.4-də verilir.
Müəyyən edilmişdir ki, sağlam 12 və 18 aylıq qoyunların qan zərdabında AST və ALT-nin aktivliyi dağlıq zonada saxlanılan heyvanlarda belə olmuşdur: 12 aylıq heyvanlarda müvafiq olaraq 0,96±0,01 mkmol/ml•saat və 0,52±0,01mkmol/ml·saat, 18 aylıq heyvanlarda isə 1,21±0,02 mkmol/ml•saat və 0,60±0,01 mkmol/ml·saat -dır.
Cədvəl 6.4- də verilən məlumatlardan göründüyü kimi dağlıq zonadan düzənlik zonaya keçdikcə aspartat – və alaninaminotransferazanın aktivliyi artır. Düzənlik zonada saxlanılan 12 və 18 aylıq heyvanların qanında AST-nin aktivliyi dağlıq zonada saxlanılan qoyunların göstəricilərindən müvafiq olaraq 0,35 mkmol/ml•saat və 0,16 mkmol/ml•saat, dağəyəti zonada saxlanılan heyvanların göstəricisindən isə 0,01 mkmol/ml•saat və 0,05 mkmol/ml•saat çox olmuşdur.
Cədvəl 6.4
S.gigantea ilə yoluxan qoyunların qan zərdabında saxlanılan zonalardan asılı olaraq
transaminazaların dinamikası (M±n, mkmol/ml•saat)
Zona
|
Aminotransferazaların göstəriciləri, mkmol/ml•saat
|
AST
|
ALT
|
Qrup I
|
Qrup II
|
Qrup I
|
Qrup II
|
12 aylıq
|
Dağlıq
|
0,96±0,01
|
1,09±0,01
P<0,05
|
0,52±0,01
|
0,54±0,01
P>0,05
|
Dağ ətəyi
|
1,30±0,02
|
1,40±0,01
P<0,01
|
0,59±0,02
|
0,65±0,02
P<0,05
|
Düzənlik
|
1,31±0,01
|
1,47±0,01
P<0,01
|
0,65±0,02
|
0,70±0,02
P<0,05
|
18 aylıq
|
Dağlıq
|
1,21±0,02
|
1,33±0,02
P<0,01
|
0,60±0,01
|
0,70±0,02
P<0,01
|
Dağ ətəyi
|
1,32±0,03
|
1,43±0,01
P<0,01
|
0,68±0,01
|
0,83±0,02
P<0,01
|
Düzənlik
|
1,37±0,0
|
1,51±0,02
P<0,01
|
0,72±0,03
|
1,01±0,02
P<0,01
|
Qeyd: Qrup I – yoluxmamış - kontrol heyvanların göstəriciləri, Qrup II – yoluxmuş heyvanların göstəriciləri.
Alaninaminotransferazanın aktivliyində yuxarıda qeyd edilən qaydada artım 12 və 18 aylıq heyvanların qanında da müşahidə edilmişdir (cədvəl 6.4).
Dağlıq zonada S.gigantea ilə yoluxan heyvanların qanında AST-nin aktivliyi 0,13 mkmol/ml•saat, ALT-nin aktivliyi isə 0,02 mkmol artaraq birinci halda 1,09±0,01 mkmol/ml•saat (P<0,05), ikinci halda isə 0,54±0,01 mkmol/ml•saat (P>0,05) təşkil etmişdir. Dağətəyi və düzənlik zonalarda saxlanılan heyvanların qanında sarkosporidioz bütün hallarda AST və ALT-nin aktivliyinin statistik dürüst artmasına səbəb olur (P<0,05-0,01).
18 aylıq dağlıq zonada saxlanılan heyvanların qanında sarkosporidioz aspartataminotransferazanın aktivliyinin 9,92%, alaninaminotransferazanın aktivliyi-nin isə 16,67% artmasına səbəb olur. Bu zaman fermentlərin aktivliyində baş verən dəyişkənliklər statistik dürüst olmuşdır (P<0,01).
Bütün tədqiq edilən zonalarda saxlanılan 18 aylıq S.gigantea ilə yolumuş heyvanların qan zərdabının biokimyəvi göstəricilərindən AST və ALT-nin aktivliyi kontrol qrupun göstəricisindən yüksək, baş berən dəyişkənliklər statstik dürüst olmuşdur.
AST və ALT-nin ən yüksək aktivliyinin düzənlik zonada saxlanılan heyvan-ların qan zərdabında olduğu müəyyən edilmişdir.
18 aylıq S.gigantea ilə yoluxan heyvanlarda qeyd edilən fermentlərin aktivli-yinin 12 aylıq heyvanların göstəricilərindən yüksək olmasının səbəbini yaşlı heyvan-ların cavan heyvanlara nisbətən yüksək doza ilə yoluxma ehtimalının çox olması ilə izah edilə bilər. Fermentin aktivliyin yaşla əlaqədar olaraq artması ilə yanaşı, eyni zamanda əlavə olaraq sarkosporidioz AST-nin aktivliyin artmasına səbəb olur.
AST və ALT-nin aktivliyinin dinamikasına parazitin hepatositlərə mexaniki və maddələr mübadiləsinin məhsulları təsir edir. Eyni zamanda parazitinin toksiki maddələrinin (bu halda sarkotoksinin) təsirindən, transaminləşmə prosesində substrat rolunu oynayan sərbəst aminturşuların miqdarının artması [39], hüceyrə membranının keçiriciliyinin və ya onun tamlığının pozulması da səbəb ola bilər.
6.5. Sarcocystis gigantea sistalarında aspartat – və alanin-aminotransferazanın aktivliyi
Koksidilərin züallları digər heyvanlarda olan aminturşulardan təşkil olunmuşdur. Əgər onlar eyni amintuşulardan ibarətdirsə onların zülal mübadiləsi proseslərində alaninaminotransferaza və aspartataminotransferaza fermentləri də iştirak etməlidir. Lakin bizə məlum olan mənbələrdə S.gigantea sporosistalarında onların inkişafından asılı olaraq qeyd edilən fermentlərin aktivliyinin öyrənilməsi
haqqında məlumatlara təsadüf etmədik.
Məlumdur ki, S.gigantea sistalarının ölçüləri inkişafından asılı olaraq fərqlənir. Bunu əsas götürərək belə bir məsələni aydınlaşdırmağı qərara aldıq ki, ALT və AST-nin aktivliyinin sistaların inkişafından asılı olaraq neçə dəyişir.
Biokimyəvi analizlər üçün qoyunların qida borusundan toplanan S.gigantea sistaları laboratoriyada ölçülərinə (yaşına) görə iki qrupa bölünmüşdür: kiçik (2-4x4-7mm) və böyük (4-8x10-11 mm) ölçülü. Böyük və kiçik ölçülü sistaların hər birindən ayrılıqda 0,5 q götürərək 0,005M asetat buferində soyuq mühitdə şüşə homogenizatorda homogenizasiya olunmuşdur. Sonra homogenant УЗДН-1 ultrasəs disperqatorunda 22 KqH tezlikdə (300Vt) 10 dəqiqə 1 dəqiqə fasilələrlə dağıdılmışdır. Nümunələrin dağıdılması buzlu suya qoyulmuş sınaq şüşəsində aparılmışdır. Alınan homogenantlar 30 dəqiqə müddətində 18000 dövr/dəqiqə sentirfuqa edilmişdir. Supernatantda fermetlərin aktivliyi öyrənilmiş və alınan məlumatlar cədvəl 6.4-də verilir.
Müəyyən eilmişdir ki, ölçüləri 2-4x4-7mm olan sporosistalarda ALT və AST-nin aktivliyi ölçüləri 6-8x10-11 mm olan sporosistalarda olan aktivliyindən yüksəkdir (cədvəl 6.4).
Cədvəl 6.4-də verilən məlumatların müqayisəli analizi göstərir ki, sista və ya sporosistaların yaşı artdıqca hər iki fermentin aktivliyi azalır və bu zaman hər iki fermentin aktivliyində baş verən dəyişkənliklər statistik dürüstdür. Bu yəqin ki, sistaların inkişafı ilə əlaqədar olaraq onlarda baş verən morfoloji və funksional dəyişkənliklər ilə əlaqədardır.
Cədvəl 6.4
S.gigantea sporosistalarında aspartat – və alaninaminotransferaza fermentlərinin
aktivliyinin dinamikası (M±Sd, n=5)
Sporosistaların
ölçüləri
|
Alaninaminotransferaza
mkmol/q·saat
|
Aspartaminotransferaza
mkmol/q·saat
|
2-4x4-7mm
|
0,69±0,01
|
0,98±0,03
|
4-8x10-11 mm
|
0,56±0,03
P<0,05
|
0,73±0,02
P<0,05
|
Beləliklə, alınan məlumatları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, sporosistaların inkişafından asılı olaraq, onların ölçülərinin artması ilə paralel olaraq aspartat – və alaninaminotransferazanın aktivliyi azalır. Fermentlərin aktivliyinin azalmasının səbəbini parazitin sistalarının inkişafını başa çatdırması, mübailə proseslərinin zəifləməsi ilə əlaqəli olması ilə izah etmək olar. Çünki, ədəbiyyat məlumatlarından da, məlumdur ki, cavan orqanizmlərdə inkişaf ilə əlaqədar olaraq mübadilə, metabolizm prosesləri yaşlı orqanizmlərə nisbətən sürətlə gedir.
VII FƏSİL
ALINAN NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Sarkosporidioz kənd təsərrüfatı və vəhşi heyvanlar arasında geniş yayılan xəstəlik olub, öyrənilməsinə az əhəmiyyət verilən parazitar xəstəliklərdəndir. Buna səbəb sarkosporidilər ilə yoluxmuş heyvanların kəsilmədən əvvəl sağlam görünməsidir. Sonralar sübut edildi ki, sarkosporidilər digər koksidilər kimi lokallaşdığı orqanlarda, həmçinin bütün orqanizmdə ciddi patoloji dəyişkənliklərə səbəb olurlar.
Xəstəliyin törədiciləri haqqında kifayət qədər geniş məlumatların olmasına baxmayaraq, sarkosporidioz ciddi problem olub, hələ də sarkosporidilərin bir çox növləri ev heyvanlarının və insanların yoluxdurma səviyyəsinin yüksək olması ilə baytarlıq və tibb üçün problem olaraq qalır.
Dünyada və respublikada aparılan çoxsaylı tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, heyvanların sarkosporidilər ilə yoluxması 80-100% təşkil edir. Xəstəlik baytarlıq sanitar vəziyyətinin çox aşağı olduğu, it və pişiklərin qoyunlar ilə təmasda olduğu təsərrüfatlarda daha geniş yayılmışdır [59, 73, 123, 54, 126, 108, 127, 24, 43, 2].
Dissertasiyanın ədəbiyyat məlumatları fəslində qeyd edildiyi kimi parazitin təsiri ancaq zədələnmiş orqana (yerli təsir) deyil, bütün orqanizmə olur. Nəticədə xəstə heyvanların çəkisi azalır, bunun nəticəsi olaraq onun məhsuldarlığı, ətin tərkibinin dəyişməsinə səbəb olmaqla onun qidalılıq dəyərinin aşağı düşməsinə səbəb olur. Toxumalarda lokalizasiya olunan parazitin sistalarının həyat fəaliyyətinin məhsulları orqanizmin intoksikasiyasına səbəb olub, maddələr mübadiləsinin normal gedişini pozur. Sarcocystis sistalarının maddələr mübadiləsinin məhsulu olan sarkotoksin və ya sarkosistin qüvvətli təsirə malik olan zəhər olub, mərkəzi sinir sisteminə, ürək qaraciyər və bağırsağın fəaliyyətinə təsir göstərir.
Sarkosporidilər – parazit ibtidailər cinsinə Sarcosystis Lankester, 1882 daxil edilən, sista əmələgətirən koksidilər olub obliqat – heteroksen həyat dövriyyəsinə malikdir. İnkişafı aralıq və əsas və ya son sahibdə gedir. Birinci halda parazit əzələlərdə, ikinci halda isə ancaq bağırsaqda inkişaf edir. Aralıq sahibdə ən uzun müddətli inkişaf mərhələsi keçirərək sarkosista və ya sista əmələ gətirir [50].
Ədəbiyyat məlumatlarının təhlili göstərdi ki, qoyunlarda parazitlik edən 4 növdən (Sarcocystis tenella, S.gigantea, S.arieticanis, S.medusiformis) [83, 153] ikisinə (S.gigantea və S.tenella) Azərbaycanda təsadüf olunur. Bu növlərdən də S.tenella daha patogen növ hesab olunur. Bunlardan birincisinin əsas sahibi pişiklər, ikincisinin isə itlərdir. S.gigantea-nın qoyunlarda təsadüf edilən əsas inkişaf mərhələsi parazitin makrosistaları, S.tenella-nın isə mikrosistalarıdır.
Tədqiqat işinin əsas məqsədlərindən biri, qoyunlarda parazitlik edən sarkosporidilərin növ tərkibini müəyyənləşdirmək, invaziyanın intensivliyinin və ekstensivliyinin ilin fəsillərindən, heyvanların cinsiyyətindən, yaşından asılılığını müəyyənləşdirmək olmuşdur. Bizim apardığımız tədqiqatlara qədər sarkosporidilərin yayılmasının öyrənilməsi istiqamətində müəyyən tədqiqatlar aparılmışdır [43, 2, 6, 16, 43, 24, 34]. Bu tədqiqatlar respublikanın bütün ərazilərini əhatə etmədiyindən invaziyanın ekstensivliyi və intensivliyi haqqında tam təsəvvür yaratmır.
Qarşıya qoyulan məsələləri həll etmək üçün respublikanın Böyük Qafqaz, Kür çökəkliyi, Kiçik Qafqaz və Lənkəran fiziki-coğrafi vilayətlərində saxlanılıb kəsilən müxtəlif yaş qrupundan olan qoyunların orqanlarından və əzələlərindən götürülən nümunələr vizual və mikroskopik üsullar ilə tədqiq edilmişdir.
Vizual və mikroskopik üsullar ilə müayinələr nəticəsində qoyunların müxtəlif orqanlarında təsadüf edilən makro - və mikro - sistaların morfoloji parametrlərini digər tədqiqatçıların tapdıqları sporosistalar ilə müqayisə etdikdə onların S.tenella və S.gigantea növlərinə aid olduğu müəyyən edilmişdir. Beləliklə, Azərbaycanda iki növ sarkosporidinin – Sarcocystis tenella və S.gigantea parazitlik etdiyi müəyyən edilmişdir. Alınan nəticələr həm dünya və həm də Azərbaycan alimlərinin aldıqları nəticələr ilə uzlaşır [128, 43, 120, 71].
Tədqiqat aparılan 4 fiziki-coğrafi vilayətlərə daxil edilən müxtəlif rayonlarda qoyunlarda parazitlik edən sarkosporidilərin növ tərkibini müəyyən etmək üçün vizual və mikroskopik tədqiqatlar zamanı heyvanların ürəyi, dili, qida borusu, diafraqması və gövdə əzələləri müayinə edilmişdir. Yoxlanılmış orqanlardan S.gigantea sistalarına ancaq qida borusunda təsadüf edilmişdir.
Bizim tədqiqatlar zamanı S.gigantea və S.tenella növlərinin sistalarının ölçüləri haqqında məlumatların ədəbiyyat məlumatları ilə müqayisəsi cədvəl 7.1-də verilir.
Cədvəl 7.1-dən göründüyü kimi bizim tərəfimizdən tapilan S.gigantea sistaları öz morfoloji xüsusiyyətlərinə görə başqa alimlər tərəfindən təsvir olunan göstəricilərinə uyğun gəlir ki, bu da təsvir olunan sistaların S.gigantea sistalarına mənsub olması şübhə doğurmur.
Bizim tədqiqatın nəticələri göstərir ki, qida borusunda təsadüf etdiyimiz kiçik sarkosistaların ölçüsü 2-4x4-7mm, böyüklərinin ölçüləri isə 4-8x10-11-mm dir.
Mikroskopik tədqiqatlar nəticəsində qoyunların ürək, diafraqma, qida borusu, dil və gövdə (və ya qarın) əzələlərində forma və ölçülərinə görə ciddi fərqlənməyən S.tenella-nın mikrosistalarına təsadüf edilmişdir. Bizım aldığımız nəticələrin ədəbiyyat məlumatları ilə müqayisəsi cədvəl 7.1- də verilir.
Müəyyən edilmişdir ki, respublikada qoyunların S.gigantea ilə yoluxması 6,1%, S.tenella ilə yoluxması isə 84,8%-dir. S.gigantea sistaların xüsusilə qida borusu əzələlərində təsadüf edildiyi halda, S.tenella–ya isə qeyd edilən orqanlar ilə yanaşı qarın əzələləri, ürək və dil əzələlərində lokalizasiya olunduğu müəyyənləşdirilmişdir. Bu orqanların S.tenella ilə yoluxma ekstensivliyi S.gigantea ilə yoluxmaya nisbətən yüksəkdir. S.tenella növü S.gigantea növünə nisbətən daha patogen növ olduğundan buradan da aydın olur ki, S.tenella qoyunçuluq təsərrüfatlarının inkişafı üçün necə təhlükə mənbəyidir.
Ayrı-ayrı bölgələrdə qoyunların sarkosporidilər ilə yoluxmasının bölgələrin iqlim şəraitindən asılı olaraq öyrənilməsi göstərir ki, heyvanların S.tenella ilə yoluxması arasında əsaslı fərq nəzərə çarpmır.
Musayev, Yolçiyev və b. (1992) tərəfindən aparılan tədqiqat işlərinin nəticələrində göstərilir ki, nisbətən mülayim iqlim şəraitinə malik olan dağətəyi bölgələrdə heyvanların və ev quşlarının yoluxma ekstensivliyi dağ və aran bölgələri-nə nisbətən yüksəkdir. Belə bir halı Avstraliyanın səhra və yarımsəhra bölgələrində qaramalın sarkosporidilər ilə yoluxmasını öyrənən G.Saviani də göstərir [145].
Cədvəl 7.1
Sarcocystis gigantea və S.tenella növlərinin morfoloji xüsusiyyətləri
Müəlliflər
|
Tapıldığı orqanlar
|
Sarcocystis gigantea
|
Tapıldığı orqanlar
|
Sarcocystis tenella
|
Sistaların ölçüləri
|
Merozoitlərin ölçüləri
|
Sistaların ölçüləri
|
Merozoitlərin ölçüləri
|
Munday, Obendorf, 1984 [128]
|
Qida borusu
|
15 mm
|
12-15x3-4 mkm
|
Ürək, skelet əzələləri
|
-
|
8-15x7-13.5mkm
|
Musayev, Qaibova və b, 1987 [43].
|
Qida borusu,
gövdə əzələləri
|
2-10 mm
|
-
|
Ürək, diafraqma, qida borusu,
skelet əzələləri
|
246-608x45-64mkm
|
-
|
Levine, N.D., Lee J.J. 1985 [120]
|
-
|
-
|
-
|
Skelet əzələləri
|
300-600x14-60 mkm
|
13-23x9-17mkm
|
S.Ç.Mahmudov 1995, [2].
|
Qida borusu,
Diafraqma
|
8,8-4x2-10 mm
|
11-13x3-5 mkm
|
Ürək, diafraqma,
qida borusu,
|
240-600x43-61mkm
|
-
|
Beyazit A., Yazicioğlu Ö., Karaer Z., 2007, [71].
|
Diafraqma
|
8-14 х 3-6,5 mm
|
-
|
Qida borusu, dil və ürək əzələləri
|
0,25-12х0,25-8mm
|
-
|
Bizim tədqiqatın nəticələrinə görə
|
Qida borusu
|
2-8x4-11 mm
|
-
|
Ürək,
diafraqma,
qida borusu,
dil və qarın əzələləri,
|
1-1,5x8-12 mkm
0,5x 2-3 mkm
1x7 mkm
1-1,5x10-11 mkm
| |
Bizim tədqiqatların nəticələrinə görə qoyunların sarkosporidilər ilə yoluxmasının qurşaqlardan asılı olaraq dəyişilməsində müəyyən bir qanunauyğunluq aşkar edilməmişdir. Dağ, dağətəyi və aran bölgələrinin müxtəlif iqlim şəraitinə malik olmalarına baxmayaraq qoyunların S.tenella ilə yoluxması arasında elə bir əhəmiyyətli fərq olmamışdır. Belə güman etmək olar ki, sanitariya qaydalarına əməl edilməməsi nəticəsində, heyvanların sarkosporidilər ilə yoluxması əsas etıbarı ilə otlaq sahələrinin, yemin və suyun xəstə itlər və pişiklər tərəfindən ifraz olunan sporosistalar ilə çirklənməsindən asılı olduğundan, heyvanların S.tenella ilə yoluxmasında iqlim şəraitinin təsiri nəzərə çarpmasa da, S.gigantea ilə yoluxmasında nəzərə çarpır.
Sarkosporidiozun epizootologiyasında ətraf mühitə düşmüş oosistaların yaşama müddətinin mühüm rol oynadığı məlumdur. Müəyyən edilmişdir ki, ətraf mühitə düşmüş sarkosporidilərin sporosistaları əlverişli şəraitdə invazion xüsusiyyətini 9 aya qədər saxlayır [48]. Abşeron şəraitində isə ətraf mühitdə sarkosistaların sporosistaları 4 aya qədər invazion xüsusiyyətini saxlayır [24, s. 101].
Yay aylarında temperaturun yüksək olması nəticəsində sporosistaların məhv olması ehtimalı yüksəlir. Payız və qış aylarında temperaturun aşağı düşməsi isə az da olsa sporosistaların məhv olmasına səbəb olur. N.İsgəndərovanın məlumatlarına görə Abşeron şəraitində payız və qışda S.tenella sporosistaları 125 sutka struktur dəyişkənliklərinə məruz qalmır [24, s.102-106].
Belə hesab edirik ki, heyvanların S.gigantea ilə yoluxmasında ilin fəsillərinin müəyyən rolu vardır. Yaz aylarında parazitlərin inkişafı üçün əlverişli şərait olduqda yoluxma ekstensivliyi də digər fəsillərə nisbətən yüksək olur.
Müəyyən edilmişdir ki, yaşlı heyvanlarda xəstəliyin intensivliyi, cavan heyvanlara nisbətən yüksək olur.
Ədəbiyyat məlumatlarına görə digər koksidilərdə olduğu kimi, sarkosporidilər ilə təkrar yoluxmaya qarşı immunitet yaranmır. Ona görə də yaşlı heyvanların cavan heyvanlara nisbətən sporosistalar ilə daha çox təmasda olma ehtimalı yüksək olduğundan invaziyanın intensivliyi də yaşlı heyvanlarda yüksək olur.
Beləliklə, kənd təsərrüfatı heyvanlarının sarkosporidilərinin öyrənilməsi nəticə-
sində aldığımız məlumatları keçən əsrin axırlarında aparılan tədqiqat işlərinin nəticələri ilə müqayisəsi göstərir ki, kənd təsərrüfatı heyvanlarının saxlanılması şəraitinin dəyişməsi, ictimai təsərrüfatların ləğv edilməsi, yeni fərdi fermer təsərrüfatlarının yaradılması sarkosporidiozun ekstensivliyi və intensivliyinə elə bir əhəmiyyətli təsir göstərməmişdir.
Praktiki olaraq bizə məlum olan bütün ədəbiyyat mənbələrində göstərilir ki, koksidilər ilə yoluxmanın ekstensivliyi sahibin yaşından asılıdır. Yaşlı heyvanlarda yoluxma ekstensivliyinin cavan heyvanlara nisbətən yüksək olmasını onların otlaqlarda və s. yerlərdə sarkosporidilər ilə daha çox kontaktda olması ilə izah edirlər. Bizim tədqiqatın nəticələri də göstərir ki, 1 yaşdan 2 yaşına qədər olan heyvanlarda xəstəliyin ekstensivliyi, 1 yaşına qədər olan heyvalardan yüksəkdir.
Ədəbiyyatlarda tək-tək olsa da qoyunların sarkosporidilər ilə yoluxma ekstensivliyinin və intensivliyinin onların cinsiyyətindən asılılığı haqqında məlumatlara təsadüf edilir. Bu mənbələrdə göstərilir ki, dişi fərdlərin erkək fərdlərə nisbətən sarkosporidilər ilə yoluxması yüksəkdir [71].
Qaramal arasında sarkosporidiozun heyvanların cinsiyyətindən asılı olaraq yayılmasının öyrənilməsi nəticəsində məlum olmuşdur ki, erkək heyvanların sarkosporidilər ilə yoluxması (92%), axtalanmış öküzlərə (60%) və inəklərə nisbətən (51%) çoxdur [38].
Bizim bu istiqamətdə apardığımız tədqiqatın nəticələri də ədəbiyyat məlumatları ilə uzlaşır. Tədqiqatın nəticələrinə görə erkək fərdlərin S.tenella və S.gigantea ilə yoluxma ekstensivliyi, dişi fərdlərin qeyd edilən növlər ilə yoluxma ekstensivliyi aşağı olmuşdur. Bunun səbəbi, erkək fərdlərin hormonal statusu, onların tez kəsimə getməsi, dişi fərdlərə nisbətən qapalı tövlə şəraitində saxlanılması nəticəsində, onların yoluxma mənbələri ilə az kontaktda olması ilə əlaqədar olması ilə izah edilə bilər.
Azərbaycanda kənd təsərrüfatı heyvanlarının (qoyunların) sarkosporidiozunun öyrənilməsi göstərdi ki, parazitoloji vəziyyət qənaətbəxş deyil. Kənd təsərrüfatı heyvanlarında zoonoz təbiətli növlərin aşkar edilməsi göstərir ki, bu məsələ ancaq baytarlıq üçün deyil, tibb üçün də problem olaraq qalır.
Təkamüldə parazit ilə sahibin uzun müddət birlikdə qarşılıqlı münasibətdə olması nəticəsində mürəkkəb parazit-sahib münasibətləri formalaşmışdır. Bu münasibətlərinin mexanizmlərinin mahiyyətini aydınlaşdırmaqla, proseslərə müdaxilə edib sahibə zərər yetirmədən parazitə qarşı effektli müalicə və profilaktika tədbirləri hazırlamaq olar. Bu baxımdan koksidilərin, o cümlədən də sarkosporidilərin biokimyasının öyrənilməsi böyük nəzəri və praktiki əhəmiyyət kəsb edir.
Parzitlərin sahibinın metabolik proseslərinə təsiri onun ayrı-ayrı həlqələrinə təsir etməklə olur. Biokimyanın, molekulyar biologiyanın və digər elm sahələrinin müasir metodlarından istifadə etməklə bu proseslərin mexanizmlərini aydınlaşdırmaqla onun bərpası yollarını da müəyyənlişdirmək mümkündür. Parazitin mübadilə proseslərində iştirak edən fermentlərinin öyrənilməsi, onun metabolizmi haqqında fikir söyləməyə imkan verir.
Parazit və sahibin mübadilə proseslərində iştirak edən fermentlərinin müqayisəli şəkildə öyrənilməsi parazit və sahibin metabolizmin oxşar və fərqli cəhətlərini aşkara çıxartmaqla alınan nəticələrdən parazitə qarşı effetkli müalicə və profilaktika tədbirlərinin işlənilib hazırlanmasında istifadə edilə bilər.
Tədqiqatların nəticəsi olaraq müəyyən edilmişdir ki, qan zərdabında, orqan və toxumalarda ümumi zülal, zülal fraksiyaları və fermentlərin aktivliyi əhəmiyyətli dərəcədə dəyişikliklərə məruz qalır.
Ədəbiyyat məlumatlarının təhlilindən aydın olur ki, sarkosporidioz zamanı sahib orqanizmdə, ciddi dəyişkənliklər baş verir. Qaraciyərdə və skelet əzələlərində qilukogenin, qanda albuminlərin miqdarı azalır [13, 46], transaminazaların, qələvi və turş fosfatazaların fəallığı dəyişir [121, 82], mineral maddələrin mübadiləsi pozulur [44].
7%-li poliakrilamidgel vasitəsilə qaraciyər toxumasından 17 fraksiya, qida borusundan və diafraqmadan 15 fraksiya, ürək əzələlərindən isə 16 fraksiya ayrılmışdır. Kontrol və S.tenella ilə yoluxmuş qoyunların qaraciyər, qida borusu, ürək və diafraqmasının zülallarında baş verən dəyişkənliklərin öyrənilməsi göstərir ki, qida borusu və diafraqmadan 15 zülal ayrılmasına baxmayaraq bu zülallardan EHS 0,33 olan zülala diafraqmada EHS 0,56 fraksiyaya isə qida borusu əzələsində təsadüf edilmişdir. Hər iki orqanda (qida borusu və diafraqma) digər zülalların EHS-nin eyni olmasına baxmayaraq onlar miqdarına görə bir-birindən kəskin fərqlənir. Məsələn, EHS 0,25 olan zülalın miqdarı qida borusunda 15,86% təşkil edirsə, bu elektroforetik hərəkət sürətinə malik fraksiyada zülalın miqdarı diafraqmada 5,27 %-dir. EHS 0,71 olan fraksiyada isə əksinə qida borusunda zülalın miqdarı 2,11% təşkil edirsə, diafraqmada həmən fraksiyada zülalın miqdarı 13,87 %-dir (cədvəl 4.2).
Zülal fraksiyalarının nisbətinin öyrənilməsi orqanizmdə müxtəlif patologiyaların aşkara çıxarılmasına imkan verir. Albuminlər orqanizmdə qələvi-turşu tarazlığının onkotik (kolloid-osmotik) təzyiqin saxlanılmasında mühüm rol oynayır. Albuminlər orqanizmdə qaraciyər hüceyrələrində yaranır, ona görə qaraciyər xəstəlikləri zamanı onun miqdarı aşağı düşür. Albuminlərin miqdarının artmasına su itirilməsi, bağırsaq vasitəsilə zülal itkisi zamanı təsadüf edilir. Həmçinin albuminlərin miqdarının artmasına A-avitaminozlar, bədxassəli şişlər, toksikoz da səbəb olur [26].
Qlobulinlər orqanizmdə əsasən dinamik funksiya yerinə yetirir [31, s. 62-73]. Alfa qlobulinlərin funksiyası kifayət qədər müxtəlif olub, onlar proteolitik fermentlərin ingibitoru, tiroksin, kortizol və kortikosteranın daşınmasında və s. iştirak edir. Alfa qlobulinlərin miqdarı müxtəlif xroniki xəstəliklər, şişlər, travmalar, infarkt, revmatizm və s. hallarda artır. Şəkərli diabet zamanı isə azalır [26, 20].
Beta qlobulinlər dəmir və lipidlərin daşınmasında iştirak edir. Onun miqdarı şəkərli diabet, ateroskleroz, nefritik sindromlar zamanı artır, hipo-β-lipoproteinemiya zamanı azalır. Beta qlobulinlər C. reaktiv zülallara aid olub iltihab prosesləri zamanı meydana çıxır [26, 20].
Tədqiqatlarda sarkosporidilər ilə yoluxmuş heyvanlar ilə paralel olaraq müxtəlif yaş qrupundan olan sağlam heyvanların qan zərdabında ümumi zülal və zülal fraksiyalarının dinamikası öyrənilmişdir. Alınan kəmiyyət göstəriciləri mövcud ədəbiyyat məlumatlarına uyğun gəlir. Müşahidə edilən bəzi fərqlərın olmasını heyvanların cinsindən asılı olması ilə izah edilir.
Tədqiqatın nəticələri göstərdi ki, 1 yaş və 2 yaşa qədər olan yoluxmuş erkək fərdlərin qan zərdabında albuminlərin miqdarı sağlam heyvanların göstəricilərindən aşağı olur.1 yaşa qədər olan yoluxmuş erkək fərdlərin qan zərdabında albuminlərin miqdarı 28,24±0,26 q/l, dişi fərdlərdə isə 27,94±0,26 q/l olmuşdur. 2 yaşa qədər olan yoluxmuş erkək və dişi fərdlərin qan zərdabında da albuminlərin miqdarının azaldığı müəyyən edilmişdir. Bu göstərici erkək və dişi fərdlərdə müvafiq olaraq 30,54±0,27 və 30,60±0,31 q/l olmuşdur (sağlam heyvanların qan zərdabında müvafiq olaraq 3276±0,29 və 32,19±0,40 q/l). Yaşla əlaqədar olaraq albuminlərin miqdarında baş verən artımı nəzərə almasaq yoluxan heyvanların qan zərdabında albuminlərin miqdarı faktiki olaraq fərqlənmir. Yəni, xəstəlik zamanı albuminlərin miqdarında baş verən dəyişkənlik statistik dürüst deyil.
Alfa qlobulinlərin miqdarı hər iki yaşdan olan xəstə erkək və dişi fərdlərin qanında fizioloji norma hüdudunda olmuşdur.
Beta qlobulinlərin miqdarı hər iki yaşdan olan erkək və dişi fərdlərdə xəstə heyvanların analoji göstəricisi ilə müqayisədə demək olar ki, eyni olmuşdur. Bütün qruplarda beta qlobulinlərin miqdarı azacıq sağlam heyvanların göstəricilərindən aşağı olmuşdur (P>0,05). Bizim aldığımız bu məlumatlar fikrimizcə albuminlərin miqdarının azacıq da olsa artması xəstə heyvanların orqanizmdə baş verən patoloji prosesləri göstərir.
Bütün tədqiq edilən xəstə heyvanların qanında qamma – qlobulinlərin miqdarı sağlam heyvanların müvafiq göstəricisindən yüksək olmuşdur (P<0,05). Bu zülallar məlumdur ki, orqanizmin immun sistemində mühüm rol oynayan zülallardır. Belə ki, qamma qlobulinlərin miqdarının artması həmişə orqanizmə müsbət təsir göstərmir. Qamma qlobulinlərin miqdarının həddində çox artması allergik xəstəliklərə səbəb ola bilər.
Afonskiy S.İ. tərəfindən müəyyən edilmişdir ki, heyvanların yaşı artdıqca qan zərdabında qlobulinlərin miqdarı artır və ona paralel olaraq albuminlərin miqdarı azalır [8, с.334-335]. Bizim tədqiqatın nəticələrinə görə isə sağlam heyvanların yaşı artdıqca qlobulinlərin miqdarının artması ilə paralel olaraq Afonskiynin nəticələrinin əksinə olaraq albuminlərin miqdarı alfa – və beta – qlobulinlərin miqdarının azalması hesabına artır.
Sağlam və xəstə heyvanların qan zərdabında qamma qlobulinlərin ən yüksək
miqdarına erkək fərdlərdə təsadüf edilmişdir. Bu bizim fikrimizcə erkək fərdlərdə
zülal mübadiləsinin dişi fərdlərə nisbətən intensiv getməsi ilə əlaqədardır.
Xəstə heyvanların qanında sağlam heyvanlara nisbətən qamma qlobulinlərin miqdarının çox olması orqanizmin parazitə qarşı müdafiə mexanizminin fəaliyyətə başlaması ilə əlaqədardır.
Zülal fraksiyalarının miqdarını tədqiq edərkən zülal koefisentinə albumin/qlobulin nisbətinə də diqqət yetirilmişdir. Zülal koefisenti 1 yaşa qədər olan erkək və dişi fərdlərdə 0,77 təşkil etmiş, S.tenella ilə yoluxan erkək və dişi fərdlərdə bu göstərici 0,59-a qədər azalmışdır.
2 yaşa qədər olan sağlam heyvanların erkək və dişi fərdlərinin qan zərdabında albumin/qlobulin koefisenti müvafiq olaraq 0,82 və 0,80, yoluxmuş erkək və dişi fərdlərdə isə 0,74 olmuşdur. Zülal koefisentinin belə aşağı olması xəstə heyvanların orqanizmində qlobulinlərin miqdarının artması, albuminlərin isə miqdarının azalması ilə əlaqədardır.
Müəyyən edilmişdir ki, sarkosistalardan ayrılan toksin-sarkotoksin bir çox laboratoriya heyvanların toxumalarında nevroza səbəb olur. Xəstəlik zamanı parazitlərin mübadilə məhsulları olan toksinlərin, bu halda sarkotoksinlərin orqanizmə təsirindən maddələr mübadiləsinin intensivliyi zəifləyir. Qaraciyərin normal funksiyası pozulur.
Alınan məlumatları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, sarkosporidioz 1 yaşa və 2 yaşa qədər olan erkək və dişi fərdlərin qan zərdabında ümumi zülalın miqdarına faktiki olaraq statistik dürüst təsir göstərmir. Bütün yaşdan və qrupdan olan xəstə heyvanlarda sağlam heyvanlar ilə müqayisədə beta qlobulinlərin miqdarı azalmış, alfa qlobulinlərin və qamma qlobulinlərin miqdarı isə artmışdır.
Qoyunların saxlandıqları zonalardan asılı olaraq qan zərdabının ümumi zülalının öyrənilməsi göstərdi ki, dağlıq zonadan düzənlik zonaya keçdikcə qan zərdabında ümumi zülalın miqdarı artır. Məsələn, dağlıq zonada ümumi zülalın miqdarı 69,20±0,29 q/l təşkil edirsə, dağətəyi zonada 74,20±0,23q/l, düzənlikdə sax-lanılan qoyunların qan zərdabında isə 75,10±0,31q/l-ə dək yüksəlir. Belə bir qanununauyğunluq 18 aylıq qoyunlarda da müşahidə edilir.
Sarcocystis gigantea ilə yoluxmuş qoyunların qan zərdabının ümumi zülalının miqdarının öyrənilməsi göstərir ki, sarkosporidioz ümumi zülalın miqdarının azalmasına səbəb olur. Yoluxan qoyunların qan zərdabında ümumi zülalın miqdarının azalması kontrol qrupda olduğu kimi zonadan asılı olaraq azalır. Bu zaman yoluxan qoyunların müvafiq göstəriciləri kontrol qrupun göstəricilərindən az olmuşdur.
Albuminlər və qlobulinlər heyvanların orqanizmində maddələr mübadiləsində iştirak edən xüsusi zülallardır. Tədqiqatın nəticəsi göstərir ki, öyrənilən göstəricilər-dən albuminlərin miqdarı sağlam heyvanların qan zərdabında artır, qlobulinlərin ümumi miqdarı isə azalır. Maddələr mübadiləsi dağlıq və dağətəyi zonalarda saxlanılan qoyunlara nisbətən yüksək olan düzənlik zonalarda saxlanılan 12 aylıq yoluxmuş qoyunlarda qlobulinlərin miqdarı kontrol qrupun göstəricilərinə nisbətən 1,92q/l artırsa bu göstərici 18 aylıq qoyunlarda 0,69q/l təşkil edir.
Sağlam heyvanların qan zərdabında albuminlərin miqdarının artması onların intensiv çəki artımı ilə əlaqədardır. Ədəbiyyatlardan məlumdur ki, albuminləri yüksək səviyyədə olan heyvanlarda gündəlik çəki artımı, az olanlara nisbətən çox olur.
Müxtəlif fizioloji funksiyalar yerinə yetirən qlobulinlərin öyrənilməsi xüsusi ilə maraq kəsb edir. Qlobulyar zülallar orqanizmin müdafiəsində mühüm rol oynayan zülallardır.
Kontrol qrupda albumin fraksiyalarının miqdarı arasında elə bir əhəmiyyətli fərq aşkar edilməmişdir. Bu göstəriciləri yoluxan qoyunların göstəriciləri ilə müqayisə etdikdə qan zərdabında qlobulinin miqdarının artdığı müəyyən edilmişdir.
Bizim tədqiqatın nəticələri göstərdi ki, yoluxan qoyunların qan zərdabında, qlobulinlərin miqdarı artır, albuminlərin miqdarı azalır.
Düzənlik zonada saxlanılan qoyunların qan zərdabında qlobulinlərin miqdarı, dağətəyi və dağlıq zonalara nisbətən çox olmuşdur. Belə bir hal yoluxan qoyunlarda da müşahidə edilmişdir. Dağlıq şəraitində saxlanılan yoluxan qoyunların qan zərdabında qlobulinlərin miqdarı 0,31 q/l (kontrol 38,60 q/l) artırsa, düzənlik zonada saxlanılan qoyunlarda bu artım 1,92 q/l təşkil edilmişdir.
Müxtəlif klimatik zonalarda saxlanılan qoyunların qan zərdabında ümumi zülal
fraksiyalarının miqdarında olan fərqi orqanizmin yaşadığı mühitə uyğunlaşması ilə izah edilə bilər.
Alınan məlumatların müqayisəli analizi göstərir ki, sarkosporidioz heyvanların yaşadığı iqlim zonasından asılı olmayaraq ümumi zülalın miqdarının azalmasına qlobulinlərin miqdarının isə artmasına səbəb olur.
Düzənlik zonada saxlanılan heyvanların qanında qlobulinlərın miqdarı dağ və dağətəyi zonalara nisbətən yüksək olması onların sarkosporidioza qarşı daha dözümlü olduğunu göstərir.
Beləliklə, əldə edilən məlumatlar onu deməyə əsas verir ki, qoyunların yaşından və dağlıq zonadan düzənlik zonaya keçməsi ilə əlaqədar ümumi zülal və zülal fraksiyalarının miqdarı artır. Belə bir qanunauyğunluq, sarkosporidiozun təsirindən ümumi zülalın miqdarının azalmasına baxmayaraq yoluxan qrupda da müşahidə edilir, lakin kontrol qrupun göstəriciləri ilə müqayisədə ümumi zülalın miqdarı aşağıdır.
Zülalların miqdarının azalması parazitin toksiki maddələrin təsirindən qaraciyərin funksiyasının pozulmasından asılıdır. Belə ki, bir çox parazitar xəstəliklər
qaraciyərin zülal sintez edən funksiyasının pozulmasına səbəb olur.
Məlumdur ki, albuminlərin əsas sintez olunduğu orqan qaraciyərlərdir. Ümumi zülalın azalma intensivliyi qaraciyərin zədələnmə dərəcəsindən asılıdır. Ümumi zülalın miqdarının azalmasına xroniki parenximatoz hepatitlər, intoksikasiya-lar və s. səbəb ola bilər. Eyni zamanda albuminlərin, fibrinogenlərin və qlobulinlərin bir hissəsinin sintezini həyata keçirən qaraciyər hüceyrələrinin zədələnməsi onları lazım olan miqdarda sintez olunmasının qarşısını almaqla hipoproteinemiya, hipoalbuminemya və hipofibrinogenemiyaya səbəb olur [25].
Beləliklə, qaraciyərin funksiyasının pozulması nəticəsində bu zülalların kifayət qədər sintez oluna bilinməməsi onun miqdarının azalmasına səbəb olan əsas amillərdən biridir.
Qan orqanizmin elə bir mühitini əmələ gətirir ki, hüceyrə normal fəaliyyət göstərməsi üçün məhz qan vasitəsilə lazım olan zəruri maddələri alır və eyni zaman-
da həyat fəaliyyətinin məhsullarını qan vasitəsilə kənar edir. Qanın tərkibi orqanizm-
də gedən normal və patoloji proseslərin göstəricisidir.
Qanın zülal mənzərəsində baş verən dəyişkənliklər müxtəlif səbəblərdən baş verə bilər. Məsələn, inəklərin qaba yem rasionundan yaşıl yem rasionuna keçilməsi ilə əlaqədar qanda qlobulinlərin miqdarı artır. Boğaz heyvanlarda dölün inkişafı ilə əlaqədar inkişafın son mərhələlərində qanda ümumi zülalın miqdarının azalması ilə paralel olaraq qlobulinlər ilə zənginləşir [57, s.48-63].
Erkək və dişi fərdlərin yaşından asılı olaraq sağlam və xəstə heyvanların qanında ümumi zülal və zülal fraksiyalarının dinamikasında baş verən dəyişkən-liklərin öyrənilməsi göstərir ki, 1 yaşa qədər xəstə və sağlam qoç və qoyunlarda ümumi zülalın miqdarı demək olar ki, üst-üstə düşür. Xəstə heyvanların qanında ümumi zülalın miqdarının azalmasına baxmayaraq baş verən dəyişkənliklər statistik dürüst olmamışdır (P>0,05). 1 yaşdan yuxarı heyvanların qan zərdabında ümumi zülalın miqdarının artdığı müəyyən edilmişdir. 2 yaşa qədər heyvanların həm erkək və həm də dişi fərdlərinin qan zərdabında ümumi zülalın miqdarının artması müşahidə edilir. Erkək və dişi fərdlərin qanında ümumi zülalın miqdarı arasında elə bir ciddi fərq olmamışdır. Bu yaşdan olan heyvanların qan zərdabında da xəstəlik ümumi zülalın miqdarının azalmasına səbəb olmasına baxmayaraq statistik dürüst olmamışdır.
Müəyyən edilmişdir ki, yaşla əlaqədar olaraq qan zərdabında albuminlərin miqdarı artır. Albuminlərin miqdarı yaşla əlaqədar olaraq erkək fərdlərin qan zərdabında 30,79±0,31 q/l-dən 32,76±0,20 q/l-ə qədər, dişi fərdlərin qan zərdabında isə albuminlərin miqdarı 30,24±0,26 q/l-dən 32,19±0,40 q/l-ə qədər artır. S.tenella ilə yoluxan hər iki yaş qrupundan olan qoyunların qan zərdabında ümumi zülalın miqdarı heyvanların cinsiyyətindən asılı olmayaraq azalır.
Beta qlobulinlərin miqdarı əksinə 1 yaşa qədər erkək heyvanlarda 2 yaşa qədər heyvanlar ilə müqayisədə çoxdur. Onun ən az miqdarı 2 yaşa qədər heyvanlarda olub 4,61±0,17 q/l, eyni yaşdan olan dişi fərdlərdə isə beta qlobulinlərin miqdarı 5,51±0,23 q/l təşkil etmişdir.
Orqanizmin fəaliyyətində mühüm rol oynayan zülal fraksiyalarından biri də qamma qlobulinlərdir. Qamma qlobulinlərin miqdarı qan zərdabında heyvanların yaşından asılı olaraq artır. S.tenella ilə yoluxan heyvanlarda da sağlam heyvanlara nisbətən qamma qlobulinlərin miqdarının artdığı müəyyən edilmişdir (P>0,05), belə ki, qamma qlobulinlərin ən az miqdarı (21,03±0,08) 1 yaşa qədər erkək fərdlərin qan zərdabında qeydə alınmışdır. Digər yaş qrupundan (1 yaşdan 2 yaşa qədər) olan heyvanlarda isə bu göstərici əhəmiyyətli dərəcədə fərqlənməmişdir (P>0,05). Parazitar xəstəliklər zamanı qamma qlobulinlərin miqdarının artması haqqında məlumatlar ilə bizim aldığımız məlumatlar uyğun gəlir.
Alfa qlobulinlərin miqdarında xəstə və sağlam 1 yaşdan 2 yaşa qədər qrupdan olan heyvanlarda statistik dürüst dəyişkənlik müşahidə edilməmişdir. Onun ən az miqdarının 1 yaşa qədər olan sağlam və xəstə dişi fərdlərın qan zərdabında olduğu müəyyənləşdirilmişdir.
Tədqiqatın nəticələri göstərir ki, xəstə heyvanlarda albuminlərin miqdarı fizioloji norma hüdudundan aşağı, beta qlobulinlərin miqdarı isə bütün qrupdan olan heyvanların qan zərdabında fizioloji norma hüdudundan yüksək olsa da statistik dürüst deyil.
Alınan məlumatlar sübut edir ki, bütün yaşdan olan heyvanların qan zərdabında albuminlərin miqdarının azalması qlobulin fraksiyalarının artmasına səbəb olur. Müəyyən edilmişdir ki, albumin və qlobulin fraksiyalarının nisbəti (A/Q) heyvanların yaşından və xəstəliyin təsirindən dəyişir.
S.gigantea ilə yoluxan heyvanların qan zərdabında albumin/qlobulin fraksiyaları-nın nisbətinin – zülal koefisenti göstəricisinin azalması təsadüfi olmayıb, xəstə heyvanların qan zərdabında albuminlərin miqdarının azalması qlobulin fraksiyaları-nın artması ilə əlaqədardır.
Fəsillərindən asılı olaraq xəstə və sağlam (kontrol) heyvanların qan zərdabının ümumi zülal və zülal fraksiyalarının dinamikasının öyrənilməsi göstərdi ki, 1 yaşlı heyvanların qan zərdabında ümumi zülalın miqdarı dişi və erkək fərdlərdə orta illik göstəricidən qışda müvafiq olaraq 9,87q/l və 7,12 q/l, yazda isə 9,87q/l və 1,42 q/l az olmuşdur. Yaz və payız fəsillərində erkək və dişi fərdlərdə bu göstəricinin qiyməti
orta illik qiymətdən 3,88q/l və 3,98 q/l çox olmuşdur.
18 aylıq qoyunlarda ümumi zülalın miqdarı qış fəslində dişi və erkək fərdlərdə
orta illik göstəricidən müvafiq olaraq 2,76 q/l və 2,82 q/l, yaz fəslində müvafiq olaraq 1,32 q/l və 1,01 q/l az olmuş, yayda 2,56 q/l və 2,48 q/l, payızda 1,52 q/l və 1,35 q/l çox olmuşdur.
Zülalın minimal miqdarı 1 yaşlı və 18 aylıq qoyunlarda qış fəslində, maksimal miqdarı isə yay fəslində olmuşdur. Yay və qış aylarında 1 yaşlı qoyunlarda ümumi zülalın miqdarı arasında fərq dişi və erkək fərdlərdə müvafiq olaraq 13,75 q/l və 12,85 q/l, 18 aylıq heyvanlarda isə 5,32 q/l və 5,30 q/l olduğu müəyyən edilmişdir. Oxşar hal S.gigantea ilə yoluxan 12 və 18 aylıq həm dişi və həm də erkək fərdlərdə qeydə alınmışdır.
Albuminlərin miqdarı 12 aylıq sağlam, S.gigantea ilə yoluxan erkək və dişi fərdlərin qan zərdabında yay fəslində, 18 aylıq heyvanlarda isə qış fəslində olmuşdur. 12 aylıq qoyunlarda yaz fəslində albuminlərin miqdarı xəstə və sağlam heyvanlarda qış fəslində müəyyən edilən göstəricisi ilə müqayisədə azalmış, yay fəslində isə yenidən artmağa başlamış, payızda yenidən azalmışdır. Belə hal 18 aylıq qoyunların qan zərdabında da müşahidə edilmişdir.
Sağlam, S.gigantea ilə yoluxan xəstə 12 və 18 aylıq heyvanlarda albuminlərin miqdarı yaşla əlaqədar olaraq fərqlənməsinə baxmayaraq hər iki yaş qrupundan olan erkək və dişi fərdlərin qan zərdabında qış fəslində alfa qlobulinlərin miqdarı minimal olmuş, yaz və payız fəslində isə onun miqdarı həm xəstə və həm də sağlam heyvanların qanında orta hesabla 1,5 dəfə artmışdır.
Beta qlobulinlərin miqdarına isə xəstəlik statistik dürüst təsir göstərməsə də, 12 aylıq erkək və dişi fərdlərin qanında onun miqdarı qış-yaz və payız-yaz fəsillərində çox az fərqlənmişdir. Bütün tədqiq edilən qruplarda beta qlobulinlərin miqdarı aşağı norma hüdudunda olmuşdur. Belə hal 18 aylıq heyvanların da qanında qeydə alınmışdır.
Müəyyən edilmişdir ki, S.gigantea ilə yoluxma zamanı qoyunların qan zərdabında alafa - və beta - qlobulinlərin miqdarında statistik dürüst dəyişkənlik baş vermir, qammaqlobulinlərin miqdarı isə artır. Məlumdur ki, beta qlobulinlər C-reaktiv (C-reactivr protein, CRP) zülallara aid olub, iltihab prosesləri zamanı onun miqdarı artır.
Alfa qlobulinlərin miqdarında başqa bir mənzərə, 1 yaşlı qoyunların qan zərdabında müşahidə edilir. Alfa qlobulinlərin miqdarı S.gigantea ilə yoluxmuş dişi fərdlərdə yaz fəslində azalır, yay və payız fəsillərində artır. Erkək fərdlərın qan zərdabında isə alfa qlobulinlərin miqdarı bütün fəsillərdə artır.
Beləliklə, dişi fərdlərin qanında alfa qlobulinlərin miqdarı aşağı norma, erkək fərdlərdə isə yuxarı norma hüdudunda olmuşdur.
Qamma qlobulinlərin də minimal miqdarı hər iki yaş qrupundan olan heyvanlarda qış fəslində, maksimal miqdarı isə payız fəslində olmuşdur. Sarko-sporidioz heyvanların qanında qamma qlobulinlərin artmasına səbəb olduğundan onun miqdarı bütün fəsillərdə kontrol qrupun göstəricisindən yüksək olmuşdur. S.gigantea ilə yoluxmuş heyvanların qanında qamma qlobulinlərin minimal miqdarının qış fəslində, maksimal miqdarının isə payız fəslində olduğu qeydə alınmışdır.
Yaz, yay və payız fəsillərində qammaqlobulinlərin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq, bu göstəricinin qış fəslində aşağı olması, heyvanların bu dövrdə zəif immunoloji müdafiə sisteminə malik olmasını göstərir. Ona görə də bu fəsildə qeyri-əlverişli şəraitdə xəstəlik daha da kəskinləşir. 12 aylıq xəstə qoyunların qan zərdabında qamma qlobulinlərin miqdarı dişi fərdlərdə yaz və payız, erkək fərdlərdə isə payızda yuxarı norma hüdudunda olmuşdur. 18 aylıq qoyunların dişi və erkək fərdlərinın qan zərdabında qamma qlobulinlərin miqdarı yuxarı norma hüdudundan da yuxarı olmuşdur (P<0,05-0,01).
Alınan məlumatları ümumiləşdirərək belə nəticəyə gəlmək olar ki, fəsillərdən və heyvanların yaşında asılı olaraq qan zərdabında ümumi zülalın və qamma qlobulinlərin miqdarında əsaslı dəyişikliklər baş verir.
Ədəbiyyat məlumatlarına görə alfa- və beta-qlobulinlərin miqdarının artması, qammaqlobulinlərin miqdarının əhəmiyyətli dərəcədə azalması böyrəklərin, zədələnməsi və toksikoz üçün xarakterikdir. Bizim tədqiqatın nəticələri isə bu məlumatlardan fərqlənir. Bizim məlumatlara görə isə parazitin mübadilə məhsulu olan toksinin təsirindən S.tenella ilə yoluxma zamanı ümumi zülal və albuminlərin miqdarı azalır, qlobulinlərin miqdarı isə artır.
Parazit-sahib münasibətlərinin formalaşdığı təkamül prosesində parazit və sahibin maddələr mübadiləsi arasında müəyyən oxşarlıq yaranmışdır. Sahib ilə parazitin maddələr mübadiləsi arasında fərqli əlamətləri aşkara çıxartmaqla sarkosporidiozun törədicilərinə qarşı mübarizə tədbirlərinin elmi əsaları hazırlana bilər.
Sarcocystis tenella ilə yoluxan qoyunların müxtəlif toxuma və orqanlarından ayrılan sistalarının zülallarının öyrənilməsi nəticəsində əldə edilən məlumatlar müqayisəli şəkildə araşdırılmışdır. Bu istiqamətdə aparılan tədqiqatlar sözsüz ki, qarşıya qoyulan məsələlərin həlli üçün kifayət deyildir, ona görə də belə tədqiqat işlərinin davam etdirilməsi aktualdır. Biokimyəvi tədqiqatlar S.tenella sistalarının daha çox lokalizasiya olunduğu qida borusu əzələləri və qida borusundan ayrılan S.tenella sistaları üzərində aparılmışdır. S.tenella ilə yoluxmuş və yoluxmamış qoyunların qida borusundan EHS və molekul kütlələrinə görə fərqlənməyən 15 zülal fraksiyası ayrılsa da fraksiyalar zülalın miqdarına görə fərqlənirlər. Yoluxmuş heyvanların qida borusunda müəyyən edilən 15 fraksiyada zülalların bəzilərinin miqdarı artmış, bəzilərinin isə azalmışdır. Kontrol və S.tenella ilə yoluxan qida borusundan ayrılan 15 zülaldan yoluxan toxumada miqdarı artan zülallar ümumi zülalın 60%-ni, azalanlar isə 40%-ni təşkil etmişdir. Onlardan da yoluxan qida borusunda kontrol ilə müqayisədə miqdarı statistik dürüst artan zülallar 33,33%, azalanlar isə 13,33% olmuşdur.
Elektroforez metodu ilə S.tenella sistalarında 20, qida borusundan isə 15 zülal fraksiyası ayrılmışdır. Sista və qida borusunda təyin edilən zülallardan 10-nun elektroforetik hərəkət sürəti eyni olmuşdur ki, bu da qida borusunda 66,67% təşkil edir.
Parazitin zülal tərkibinin sahibin zülal tərkibinə oxşar olması onun sahibin immun sisteminə uyğunlaşması kimi baxıla bilər. Ancaq bir fakt nəzərə alınmalıdır ki, hər bir orqanizmin spesifik zülalları vardır ki, onlar da bu zülallara görə fərqlənirlər.
Sahibin orqanizmində və sahibdə amin turşuların miqdarının arasında paralellik olduğu haqqında ədəbiyyat məlumatlarına təsadüf edilir [14]. Müəlliflər tərəfindən 3 növ kopepodun selom mayesinin amin turşu tərkibi, onun bədənində olan parazitlərin – pleroserkadilərin (T.nodulosus) və hemolimfasının zülallarının amin turşu tərkibinin öyrənilməsi göstərir ki, bəzi aminturşuların tərkibində keyfiyyət fərqləri proserkoidlərin zülal fraksiyalarında və onun üçün qeyri-spesifik sahib olan A.vernalis-də müşahidə edilir. Zülallarının amin turşu tərkibi arasında uyğunluq proserkoidlərin və onun spesifik sahibi olan E.gracilis-in hemolimfasında aşkar edilmişdir.
Vısoçskayanın məlumatlarına görə qidanın dəyişilməsi sahibin maddələr mübadiləsinin dəyişilməsinə səbəb olmaqla, parazitin – helmintin toxumasının amin turşu tərkibinə də təsir göstərir. O belə hesab edir ki, balıq və onların helmintlərinin toxumalarının amin turşu tərkibinin oxşarlığı və onlarda oksiprolin və oksilizinin olmaması təsadüfü olmayıb parazitin sahibin toxumasına uyğunlaşması ilə əlaqədardır [14].
S.tenella sistalarının zülallarının (15 fraksiya) onun aralıq sahibi olan qoyunların qida borusu zülalları (20 fraksiya) ilə müqayisəsi göstərir ki, parazitin sistalarında təsadüf edilən elektroforetik hərəkət sürəti 0,05; 0,06; 0,10; 0,31; 0,53; 0,56; 0,75; 0,81; 0,82; 0,94 olan fraksiyalara qida borusunda təsadüf edilməmişdir.
Ədəbiyyat məlumatlarının və bizim tədqiqatın nəticələri göstərir ki, S.tenella və S.gigantea sistaları və onların lokalizasiya olunduğu toxuma üçün ümumi olan zülallar ilə yanaşı, spesifik zülallara da malikdirlər. Bunlar sarkosporidioza qarşı mübarizə tədbirləri aparılan zaman mütləq nəzərə alınmalıdır.
Beləliklə, S.tenella ilə yoluxmuş qoyunların qida borusu əzələlərində zülalların miqdarının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, sistaların xüsusilə daha çox lokalizasiya olunduğu bu orqanda parazitlər patomorfoloji dəyişkənliklər törətməklə biokimyəvi proseslərə də təsir göstərir. Sahib heyvanların maddələr mübadiləsində baş verən biokimyəvi dəyişkənliklər parazitlərin həzm sistemindən - bağırsaqdan qanla toxumalara daxil olan sporozoitlərin lokalizasiya olunduğu toxumalarda inkişafı zamanı yaranır. Sistalar burada böyüyərək yetkinləşir. Bu proseslər orqanların toxumalarında getdiyindən onların tamlığı pozulur, morfoloji dəyişkənliklər baş verir.
Tərəfimizdən öyrənilən S.tenella sistalarının zülalları S.Ç.Mahmudov [2] tərəfindən öyrənilən S.gigantea sistalarının zülalları ilə müqayisəsi göstərir ki, onun tərəfindən S.gigantea sistalarında təyin edilən 21 zülal fraksiyasından, tərəfimizdən S.tenella sistalarında müəyyən edilən 20 fraksiyadan 13-nün elektroforetik hərəkət sürəti eyni olmuşdur.
Sözsüz ki, tərəfimizdən öyrənilən S.tenella ilə Mahmudov tərəfindən öyrənilən S.gigantea növləri genetik cəhətdən yaxın növlər olduğundan maddələr mübadiləsi də oxşar olmalıdır. Bununla belə ədəbiyyat məlumatlarının təhlili göstərir ki, genetik cəhətdən oxşar növlərə qarşı yaranan immunitet növ spesifikliyinə malikdir. Yəni genetik yaxın bir növ ilə yoluxma onu digər növ ilə yoluxmadan qorumur.
Beləliklə, qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, bu növlər genetik yaxın növlər olsa da, inkişaf mərhələlərində zülal tərkibinə görə fərqlənirlər. Formalaşmış sistalarda yeni struktur və funksional zülallar əmələ gəlir.
Y.Yolçiyev E.tenella oosistalarının amin turşu tərkibini və sərbəst amin turşuların miqdarını müqayisəli şəkildə öyrənərkən onlar arasında ciddi kəmiyyət fərqinin olduğunu və bu növün oosistalarının sporlaşma prosesində yeni zülalların əmələ gəlməsi ilə əlaqədar baş verdiyini söyləmişdir [21].
Müəyyən edilmişdir ki, sarkosporidilərin maddələr mübadiləsinin son məhsulları – sarkotoksin qüvvətli zəhər olub, orqanizmdə toksikoza səbəb olur [55].
Toksikozlar zamanı ilk zədələnməyə məruz qalan böyrəklər və qaraciyərdir. Qaraciyər hüceyrələrinin - hepatositlərin zədələnmə dərəcəsinin qiymətləndiril-məsində aminotransferazaların aktivliyinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Qan zərdabında bu fermentlərin aktivliyinin təyin edilməsi qaraciyər xəstəliklərinın diferensial diaqnostikasında istifadə olunur. Aminotransferazalar qana hepatositlərin membranının zədələnməsi nəticəsində daxil olur, ona görə də qaraciyər xəstəlikləri zamanı hepatositlərin zədələnməsi qanda aminotransferazaların aktivliyinin dəyişməsi ilə müşaət olunur.
Aparılan tədqiqatın nəticələrinə görə müəyyən edilmişdir ki, heyvanların yaşı artdıqca alaninaminotransferaza və aspartataminotransferazanın aktivliyi artır.
Əksər tədqiqatçıların [52, 47] fikrinə görə transaminazaların miqdarı cavan heyvanlarda yaş artdıqca artaraq maksimum qiymətinə 6-12 aylığında, Q.N.Zelenovun məlumatına görə isə 18 aylığında çatır [28, 30]. Bizim aldığımız nəticələr qeyd edilən tədqiqatçıların aldıqları nəticələr ilə uzlaşır.
Aparılan tədqiqatların nəticələrinə görə qan zərdabında alaninaminotransferaza və aspartataminotransferazanın aktivliyində müşahidə edilən dəyişkənliyin fizioloji norma həddində olduğu müəyyənləşdirilmişdir. ALT və AST aktivliyi heyvanların yaşından asılı olaraq artır.
Qoyunların saxlanıldığı zonalardan asılı olaraq onların qan zərdabında aminotransferazaların aktivliyinin dinamikasının öyrənilməsi nəticəsində müəyyən edilmişdir ki, sağlam-kontrol qrupda heyvanların qan zərdabında AST və ALT-nin miqdarı dağlıq zonadan düzənlik zonaya keçdikcə artır. Dağlıq zonada 12 aylıq qoyunların qan zərdabında AST və ALT –nın aktivliyi 0,96 və 0,52 mkmol/ml·saat təşkil edirsə, bu göstərici düzənlik zonada saxlanılan heyvanların qanında müvafiq olaraq 1,35 və 0,65 mkmol/ml·saat-a qədər yüksəlir. Sağlam heyvanlarda bu fermentlərinin aktivliyinin nisbətən yüksək olması düzənlik zonada saxlanılan qoyunlarda metabolizm proseslərinin, dağlıq və dağətəyi zonalarda saxlanılan heyvanlarda olduğundan sürətlə getdiyini göstərir.
S.gigantea ilə yoluxmuş heyvanların qan zərdabında qoyunların yaşından asılı olmayaraq ALT və AST –nın aktivliyi artır. Aminotransferazaların aktivliyinın artması bütün zonalarda saxlanılan heyvanların qanında müşahidə edilmişdir. Bu zaman fermentlərin aktivliyin artması ancaq intensivliyinə görə fərqlənir. Müəyyən edilmişdir ki, ALT və AST-nın aktivliyin artma intensivliyi hər iki yaşdan olan qoyunlarda düzənlik zonada daha yüksəkdir.
Yayda aminotransferazaların aktivliyinin artması orqanizmin inkişafı və əzələ toxumasının formalaşmasının sürətlənməsi ilə əlaqədar olaraq biokimyəvi proseslərin intensivliyinin artması ilə əlaqədardır. Məlumdur ki, heyvanların bu və ya digər şəraitə uyğunlaşmasını onun interyer göstəricilərinə görə qiymətləndirmək olar.
Ümumilikdə, müxtəlif zonalarda saxlanılan heyvanların qan zərdabın biokimyəvi göstəricilərindən ümumi zülal, zülal fraksiyalarının və aminotransferaza-ların aktivliyinin norma hüdudunda olması heyvanların klinik sağlam olduqlarını göstərir.
Beləliklə, apardığımız parazitoloji və biokimyəvi tədqiqatlar heyvanların sarkosporidiozları zamanı yaranan parazit-sahib münasibətlərinin məlum olmayan bəzi mexanizmlərini aydınlaşdırır və onu daha da dərindən başa düşmək üçün zəmin yaradır.
Dostları ilə paylaş: |