87.XIX əsr Azərbaycan mədəniyyəti.
XIX əsrdə Azərbaycan mədəniyyətində milliliklə ümumbəşərilik, milli-mənəvi dəyərlərlə, Şərq dəyərlərilə müasir, Avropa dəyərləri vəhdət təşkil etdi.Ulu Öndər Heydər Əliyev XIX əsr Azərbaycan mədəniyyəti haqqında demişdir: "XIX əsr bizim qazandığımız uğurların, o cümlədən, müstəqil dövlət qurmaq əzmimizin köklərini uzaq və yaxın tariximizdə, xüsusilə, XIX əsrdə formalaşmış və təşəkkül tapmış qaynaqlarda axtarıb tapmaq lazımdır. Bu qaynaqlar həm ayrı-ayrı görkəmli şəxsiyyətlərin, Abbasqulu Ağa Bakıxanovun və Mirzə Kazım bəy kimi nadir insanların çox uğurlu yaradıcılıq fəaliyyətində öz əksini tapmış, həm də birbaşa milli-maarifçilik ideyalarının gerçəkləşməsilə bağlı olmuşdur. Azərbaycanda məhz bu dövrdə demokratik mətbuat, anadilli məktəb, dünyəvi teatr yaranaraq, milli şüurun formalaşmasına güclü təkan verdi".
ABŞ tədqiqatçısı T.Svyatoçovski yazır ki, Rusiyanın işğaldan sonra Azərbaycanın hər iki hissəsi müəyyən cəhətdən bir-birilə yaxınlaşsa da, digər səbəblərdən onlar bir-birindən uzaqlaşmağa başladılar. Bu uzaqlaşmanın bir əlaməti də Arazın şimal hissəsində ziyalı təbəqəsinin inkişaf etməsi idi. Bu ictimai qüvvə və eyni zamanda, mədəni hadisə ənənəvi islam mədəniyyəti və Rusiyanın təmsil etdiyi nisbətən müasir Avropa mədəniyyətinin qovuşmağından meydana gəldi. "Ziyalılar" (intelligensiya) termini Azərbaycanın tarixi kontekstində Avropa dillərində olduğundan bir qədər fərqli məna daşıyır. Bu, sözün geniş yayıldığı Rusiyada onun ənənəvi izahı müxtəlif sosial təbəqələrdən olan ayrı-ayrı fərdlərin ümumi peşə və ya iqtisadi vəziyyətlərinə görə deyil, ideyalarına görə birləşərək qrup yaratması idi.
Həmin dövr Azərbaycan ziyalıları arasında Abbasqulu Ağa Bakıxanov xüsusi yer tutur. Bakı xanları nəslindən olan A.A.Bakıxanov Əmirhacıyan kəndində doğulmuş, gəncliyi isə Qubada keçmişdi. Öz dövrünün savadlı adamlarından olan mütəfəkkir-alim Şərq dillərinin, fəlsəfə və ədəbiyyatın gözəl bilicisi idi. Qafqazdakı rus qoşunları baş komandanının tərcüməçisi olan A.A.Bakıxanov Tiflisdə rus və Qafqazın digər xalqlarının görkəmli elm və mədəniyyət xadimləri ilə tanış olmuş, rus dilini mükəmməl öyrənmişdi.
Azərbaycan maarifçiliyinin ilk nümayəndələrindən biri də böyük maarifçi-demokrat, alim-filosof, ictimai xadim və dramaturq Mirzə Fətəli Axundov olmuşdur. XIX yüzilliyin birinci yarısında Azərbaycan təhsil ocaqları əsasən məscidlərin nəzdindəki məktəblər və mədrəsələr idi. Azərbaycanın bir sıra görkəmli maarif və mədəniyyət xadimləri məhz həmin təhsil ocaqlarında maariflənmişdilər. Azərbaycanın bir çox şəhər və kəndlərində belə təhsil ocaqları fəaliyyət göstərirdi. 1858-ci ildə Şamaxı quberniyasında 4700 nəfərin təhsil aldığı 299 məktəb və mədrəsə var idi. Onlardan 262-si kənddə, 37-si isə şəhərdə idi. Azərbaycan Rusiyaya ilhaq edildikdən sonra milli maarifçilərin səyi ilə Azərbaycan-rus məktəbləri yaradıldı. Bu tipli ilk məktəblər keçən yüzilliyin 30-cu illərində Şuşada, Nuxada, Bakıda, Gəncədə, Şamaxıda və Naxçıvanda açılmışdı. Əsasən varlıların uşaqlarının təhsil aldığı həmin ibtidai təhsil məktəblərində rus və Azərbaycan dilləri, coğrafiya və şəriət tədris olunurdu. Sonrakı illərdə bu məktəblərdən əlavə, dörd sinifli məktəblər də açıldı. Deyilən tədris müəssisələrini açmaqda çar hökumətinin əsas məqsədi yerli inzibati idarələrdə müstəmləkə siyasətini yürütməkdə ona kömək edə biləcək tərcüməçilər - mirzələr, bir sözlə, etibarlı milli kadrlar yetişdirmək idi.
Görkəmli mütəfəkkir Mirzə Şəfi Vazeh (1794-1852) Gəncədə memar ailəsində anadan olmuşdu. O, ilk təhsilini məktəb və mədrəsədə almış, lakin dini xurafatın qatı düşməni olan şair Azərbaycan və Şərqin klassik ədəbiyyatını öyrənmiş, rus ədəbiyyatı ilə tanış olmuşdu. Gəncədən Tiflisə köçmüş şair burada M.F.Axundovla tanış olmuş, Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi olmuşdur. M.Ş.Vazeh lirik şeirlər yazmış, əsərlərində azadlıq müjdəçisi kimi çıxış etmişdir. Öz yaradıcılığında şair qadın azadlığı məsələsinə xüsusi yer verirdi, müsəlman qadınlarını çadranı atmağa çağırırdı. Şair cəsarətlə olmasa da, yoxsul kütlələrin vəziyyətini kökündən dəyişəcək, sosial dəyişikliklər barəsində mülahizələr söyləmişdir.
Mirzə Şəfinin şeirləri bizə orijinalda deyil, alman dilində çatmışdır. Onun şeirlərinin əlyazması alman yazıçısı F.Bodenştedt bu şerləri özününkü kimi qələmə vermiş və belə uydurma irəli sürmüşdür ki, Mirzə Şəfi onun ləqəbidir. Şəfinin şeirlərinin bəziləri hələ o vaxt rus dilinə tərcümə edilmiş və görkəmli bəstəkar və pianoçu A.Q.Rubinşteyn həmin şeirlərə nəğmələr bəstələmişdi.
Dostları ilə paylaş: |