1837-ci ilin avqustunda Qubada Rusiya imperiyasının müstəmləkə zülmünə qarşı silahlı üsyan başladı. Bu üsyan əhatə dairəsinə və iştirakçıların sayına görə digər üsyanlardan fərqlənirdi.Üsyançıların sayı 12 min nəfərə çatırdı. Üsyanın başlıca qüvvəsi kəndlilər olsa da, Quba bəylərinin böyük hissəsi də onlara qoşulmuşdu.
Üsyana Hacı Məhəmməd başçılıq edirdi. Üsyan gedişində Hərbi Şura yaradıldı. Hərbi Şuranın hazırladığı plana əsasən üsyançı dəstələr Quba şəhərini mühasirəyə aldılar. Bir dəstə üsyançı Qubaya daxil oldu. Lakin üsyançıların əsas qüvvələrinin Qubaya hücum etməkdə ləngiməsi şəhəri tamamilə ələ keçirməyə imkan vermədi. Üsyançılar mərdliklə vuruşsalar da, uğur qazana bilmədilər və şəhəri tərk etməyə məcbur oldular.
Qafqazın baş hakimi Qubaya əlavə qüvvələr göndərdi. Üsyan amansızlıqla yatırıldı. Hacı Məhəmməd Bakı Hərbi-səhra məhkəməsinin hökmü ilə dar ağacından asıldı. Üsyanın digər fəal iştirakçıları Sibirə sürgün edildi.
Şəki üsyanı. Rusiya imperiyasının müstəmləkə rejiminə qarşı böyük xalq çıxışlarından biri də Şəki əyalətində baş verdi. Xanlıq dövründə vergidən azad olan maaflar üzərinə yenidən vergi və mükəlləfiyyətlər qoyulmuşdu. Kəndli və sənətkarlardan ilbəil yeni vergi və rüsumlar yığılırdı. Hökumət məmurları özbaşınalıqlar edir, ali zümrəyə qarşı ayrı-seçkilik siyasəti yeridirdilər. Bu səbəblərdən Şəkidə üsyan başladı.
Şəkinin keçmiş hakimi Səlim xanın oğlu Hacı xan tərəfindən İrandan Şəkiyə göndərilən Məşədi Məhəmməd əhalini üsyana qaldırdı. Üsyançılara Dağıstan əhalisi də qoşuldu. Məşədi Məhəmməd 5 minlik qoşun toplayaraq 1838-ci ilin yayında hökumətə qarşı fəal mübarizəyə başladı.
Dostları ilə paylaş: |