81.Çar Rusiyasının Şimali Azərbaycanda İşğal reyiminin qurulması,Xanlıqların ləğvi,komendant idarə üsulunun yaradılması.
Şimali Azərbaycanın Rusiya tərəfindən istila edilməsinin gedişində yeni inzibati sistemi yaradılmağa başladı. Rus qoşunlarına müqavimət göstərən xanlar hakimiyyətdən məhrum edilir, xanlıqlar isə başda komendant olmaqla dairə və əyalətlərə çevrilirdilər. Komendantlar Qafqazdakı rus ordusunun baş komandanı tərəfindən mayor və daha yüksək rütbəli rus zabitlərindən təyin olunurdu. Məsələn, Gəncə xanlığı hərbi cəhətdən tabe edilən kimi, ləğv edildi; onun yerində başında rus zabiti dayanan hərbi dairə yaradıldı. Bakıda da elə belə olmuşdu.
Bəzi hallarda komendant idarə sistemi tətbiq edilməzdən əvvəl qısa müddətə keçid sistemi yaradıldı. Quba xanlığı 1806-cı ildə işğal edildikdən sonra rus hərbi dairələrinin nəzarəti altında yerli bəylərdən – naiblərdən təşkil olunmuş müvəqqəti orqan tərəfindən idarə olunan əyalətə çevrildi. Yalnız 1810-cu ildə hakimiyyət komendanta verildi.
Ölkənin yerdə qalan hissəsində - Qarabağ, Şəki, Şirvan və Lənkəran xanlıqlarında işğalın birinci mərhələsində əvvəlki sistemi və idarə aparatı saxlanılmışdı. Bu xanlıqlar Rusiyaya ikitərəfli (dövlətlərarası) müqavilə əsasında, silahlı qüvvə tətbiq edilmədən ilhaq edilmişdi. Məhz buna görə də onlar özlərinin siyasi statusları ilə fərqlənirdilər:adları çəkilən xanlıqlar Rusiya imperiyası sistemində asılı dövlət qurumları vəziyyətində idilər. Xanların daxili idarəçilikdə hüquqları əvvəlki həcmdə saxlanılsa da, onların səlahiyyət və hakimiyyətləri xeyli dəyişikliyə məruz qalmaqla məhdudlaşdırıldı. Belə ki, xanlıqlarınm ərazisində rus hərbi qüvvələri yerləşdirilir, hakim vassaların özləri isə çar generalları siyahısına daxil edilir və Qafqazdakı hərbi məsələlər üzrə baş komandanın tapşırıqlarını yerinə yetirirdilər. Bununla belə, 20-ci illərə yaxın çarizm öz vassalarının xidmətindən imtina etməyi lazım bildivə bütün xanlıqlar ləğv edildi. Şəki xanlığında 1819-cu ildə, Şirvan xanlığında 1820-ci ildə, Qarabağ xanlığında 1822-ci ildə, Talış xanlığında 1826-cı ildə köhnə idarəçilik ləğv edilərək, komendantlıqlarla əvəz edildi.
Şimali Azərbaycan ərazisində altı əyalət – Talış, Şirvan, Şəki, Qarabağ, Bakı və Quba əyalətləri, Yelizavetpol dairəsi, Car-Balakən vilayəti (1830-cu ildə yaradılmışdı) və iki distansiya:Qazax və Şəmşəddil distansiyaları yaradıldı.
Əyalətlər iki dairədə birləşdirildi. Şəki, Şirvan, Qarabağ və Talış əyalətləri Şuşada yerləşən hərbi dairəyə tabe olan, "Müsəlman dairəsi" adlandırılan dairəyə daxil idilər.
Əyalətdə faktiki olaraq bütün hakimiyyət komendantların əlində cəmlənmişdi. Onun ən mühüm vəzifələrindən biri dövlət əmlakına rəhbərlik etmək idi. Xan hakimiyyəti ləğv edildikcə, xanların və düşmən əhvali-ruhiyyəli bəylərin bütün əmlakı – məskunlaşmış və məskunlaşmamış torpaqlar, otlaqlar, bağlar, balıq vətəgələri, duz mədənləri, neft quyuları və s. dövlətin ixtiyarına keçirdi. Bu əmlakın bir hissəsini dövlətin özü istismar edir, digər hissəsini isə iltizama verirdi. Hər iki halda komendant təsərrüfat hissəsinin başçısı kimi çıxış edirdi. Dövlətə məxsus "əmlakı yoxlamaq və dəqiq müəyyənləşdirmək", dövlətin gəlirini artırmaq üçün vasitələr axtarmaq onun vəzifəsinə daxil idi. Komendant xəzinə torpaqlarından vergilərin vaxtında toplanmasına, həmçinin sahibkar kəndlilərinin dövlət mükəlləfiyyətlərini yerinə yetirməsinə göz qoyurdu. Gömrük pulu (rəhdari) və qapan pulu (mizan) vergilərin verilməsinə nəzarət və komendantın səlahiyyətinə daxil idi.
Çarizmin müstəmləkəçilik siyasətinin bilavasitə icraçısı və həyata keçiricisi olan komendantlar yerli feodalların siyasi etibarlılığını, onların çarizmə necə xidmət etdiklərini diqqətlə izləyirdilər. Onlardan özlərini mütləqiyyətin sadiq xidmətçiləri kimi göstərənlər komendant tərəfindən tiyul hüququ ilə məskun və qeyri-məskun torpaqlarla, rəncbərlərlə bolluca təmin edilirdilər. Sadiq bəylərə məskunlaşmış torpaqlar və rəncbərlər verilməsi, məsələn, Qubanın komendantı polkovnik Lisaneviç tərəfindən 1810-cu ildə yerli feodal Məmməd bəyə ilk torpaq mükafatının verilməsinin əsaslandırılması buna xarakterik misaldır: "Sizin tərəfdən bizim əlahəzrət hökmdara göstərilən hüsn-rəğbətə görə... mən sizə kəndləriniz Zərqova və Talabinin idarəsini... tam inamla sizə tapşırıram ki, siz bunu özünüzün Rusiya hökumətinə sədaqətinizə hörmət kimi qəbul edərək, əlahəzrət imperatora bütün hörmətinizi saxlayacaqsınınız və təkcə öz şəxsdi xeyrinizi gözləməyib, əhalini də bu cür cinayətlərdən (çar hakimiyyətinə qarşı çıxışlardan) çəkindirəcəksiniz və kəndliləri və yaxud başqa birilərini buna sövq edənlərin qarşısını alacaqsınız".[1]
Dostları ilə paylaş: |