79.Naxçıvan və İrəvan xanlıqlarının Rusiya tərəfindən işğal edilməsi.
Uzun illər Tiflis, İrəvan, Moskva, Sankt-Peterburq arxivlərində araşdırdığı sənədlərin işığında müəllif elə faktları təqdim edir ki, indiyədək o faktları yad etmək sanki tarixin "yadından çıxmışdır".
Bütün problem-faciələrin əsası Naxçıvan xanlığının Rusiya imperiyası tərəfindən işğalından sonra başlayır. Z. Şahverdiyev bu məsələlər üzrə araşdırmalarında tarixi gerçəkliklərin faktiki nəticələrini dilə gətirməklə hadisələrin ictimai-siyasi köklərini də açıqlamış olur. Bu köklərin daxili stimulu belə bir tarixi gerçəkliyə bağlıdır ki, Rusiyanın Qafqaza qarşı yürüş və basqınlarının acı nəticələri Naxçıvana da ağır zərbələr vurmuşdur. XVIII əsrin sonlarından başlayaraq, çar hökuməti Qafqaza qarşı açıq- aşkar işğalçılıq iddialarını daha da genişləndirmişdir. Giorgiyevski müqaviləsindən sonra (1783) Rusiyanın Azərbaycan ərazilərinə və xanlıqlara qarşı işğalçılıq maraqları artdı. Tədqiqatçının bəzi tarixi gerçəklikləri fakt kimi yada salarkən diqqəti problemin, hadisələrin əhatə dairəsinə, ağırlıq aktlarına yönəltmişdir. Ağırlığın ilkin stimulu bundan başladı ki, ruslara, Xoy və İrəvan xanlıqlarına münasibətdə Naxçıvanın mövqeyi zəiflədi. II İrakli Naxçıvana hücumlar etdi. Digər bir halda, Qarabağ xanının "Naxçıvanda möhkəmlənməsinin qarşısını almaq üçün Xoy və Urmiya xanlıqları da Naxçıvan xanlığının müdafiəsinə qalxmağa təhrik edilirdi".
Kəlbalı xanın (1787-1820) hakimiyyətə gəlməsi, ruslarla birtərəfli münasibət yaratması faktı da XIX əsrin ciddi hadisələrindən biri kimi, təkcə Naxçıvan və İrəvan üçün deyil, həm də Qarabağ xanlığı üçün də siyasi gərginliklər yaradırdı.Bu, Azərbaycana xəyanətin daha ciddi və aşkar şəkil almasının yeni təzahürü idi. Tədqiqatçı bunları da xatırladır ki, Qacarın 1795-ci il yürüşündən sonra Rusiya çarı II Yekaterina V. Zuboru 1796-cı ildə Qafqaza göndərir. Kəlbalı xanla Zubov arasında yazışma olur və Kəlbalı xan Rusiyanın təbəəliyini qəbul edəcəyini bildirir.
Tədqiqatçı, doğru olaraq, faktları sadalayır, ona dair şərh vermir. Burada faktlar özü-özünü şərh edir və bu faktların işığında Azərbaycanın tarixi faciələrinin siyasi, milli təbəddülatları aydın görünür.
Kəlbalı xan da başqaları kimi rus təbəəliyini Azərbaycanın nicatı üçün qəbul etmirdi; hər şey vəzifə tutmaq, öz titulunu saxlamaq üçün idi. Ağa Məhəmməd Şah Qacar türk dünyasını, Şimali və Cənubi Qafqazı rus işğalından qorumaq üçün yürüş etmişdi. Ruslar xanlıqlar arasındakı münasibətləri pozmaq üçün hər kəsi bir vədlə öz tərəfinə çəkirdi. Xəyanətinə görə Kəlbalı xan tutulub Tehrana aparıldı, bir gözü çıxarıldı, bir daha belə xəyanətlər etməməsi şərtilə altı ildən sonra buraxıldı, İrəvana göndərildi. Onun ruslarla yenidən birtərəfli əlaqələr yaratması İrəvan və Naxçıvan ərazilərini təcavüz altında qoydu. Bu birtərəfli münasibətlərin nəticələrindən biri bu oldu ki, tədqiqatçının da qeyd etdiyi kimi,Danil Eçmiədzinə rəhbər təyin edildi. Sisyanov 1804-cü ildə rus-İran müharibəsinin başlanmasınadək Kəlbalı xanın vasitəçiliyi ilə Danil-Davit məsələsini həll etməyə cəhd göstərirdi. Bu, yerli əhalini - türkləri sıxışdırmaq, onları hüquqsuz hala salmaq siyasətinin başlanması demək idi. Lakin İrəvan və Naxçıvan əhalisinin, habelə onlara kömək edən Xoy, Maku döyüşçülərinin mübarizliyinə görə ruslar İrəvan və Naxçıvan xanlıqlarını işğal edə bilmədilər.
Kəlbalı xan "Gülüstan" müqaviləsindən sonra da ruslarla əlaqələr yaradır, işğal altında olan Azərbaycan ərazilərinin azad edilməsi üçün vahid milli siyasətin yeridilməsinə maneələr törədirdi. Təəssüf ki, bunu "Naxçıvan xanlığı" kitabının müəllifləri Naxçıvanın müstəqilliyi siyasəti hesab edirlər.
1820-ci ildə Kəlbalı xan ölür. Bundan sonra oğlu Ehsan xanın fəaliyyəti önə çıxır. 1826-cı ildə Şah- Azərbaycan qoşunları ələ keçirilmiş əraziləri geri qaytarmaq üçün hücuma keçirlər. Lakin Ehsan xanın və Mehdiqulu xanın Paskeviçə gizlicə məktub göndərərək rus təbəəliyini qəbul etmək istəmələri həm İrəvan, həm də Naxçıvan xanlıqlarının ruslar tərəfindən işğalı ilə nəticələnir.
Bütün bunlara nəzərən, müəllifin tədqiq metodolojisi üçün xarakterik olan bir məziyyəti də qeyd etmək gərəkdir: tədqiqatçı faktları arxiv materialları və araşdırmalar sistemi kontekstindən yada salmaqla Naxçıvan xanlığının XIX əsrin əvvəllərindəki ictimai, siyasi vəziyyəti haqqındakı birtərəfli baxışlara aydınlıq gətirmişdir.
Zəhmət Şahverdiyevin tədqiqata cəlb etdiyi ikinci məsələ Naxçıvanın işğalından sonrakı mərhələyə aiddir. Konkret olaraq, bu məsələni "Rusiya imperiyası tərkibində Naxçıvanın inzibati-ərazi quruluşu və idarə sistemi" adı ilə bağlayır.
Tədqiqatçı bunu xatırladır ki, Naxçıvan zəbt edilərkən onun əraziləri Dərələyəz və Azadciran mahallarını əhatə edən bölgələrdən ibarət idi. Naxçıvan xanlığı işğaldan əvvəl Cənubi Azərbaycana tabe idi (səh. 40). İşğaldan sonra Naxçıvan və Azadciran (Ordubad) dairəsinin naibliyi Ehsan xana və Şıxəli xana tapşırıldı. Yuxarıda qeyd etdiyimiz kimi, bu vəzifə onların ruslara xidmətinin (əraziləri tabe etmələrinin) nəticəsi olaraq verilmişdir.
İnzibati baxımdan işğaldan əvvəl İrəvan xanlığının 15 mahaldan ibarət olması faktını rus arxiv sənədlərinə əsasən söyləyən tədqiqatçı həm İrəvan, həm də Naxçıvan xanlıqlarının Azərbaycan üçün nə qədər əhəmiyyətli mövqeyə malik olduğunu diqqət mərkəzinə çəkir. Müəllif , rus arxiv sənədlərinə əsasən, işğaldan əvvəl İrəvan xanlığının 15 mahaldan ibarət olduğunu da göstərir. Bunlar aşağıdakılardan ibarət idi: 1)Qırxbulaq; 2)Zəngibasar; 3)Qarnibasar: 4)Vedibasar; 5)Şərur mahalı; 6)Sürməli mahalı; 7)Dərəkənd-Parçenis mahalı; 8)Saatlı mahalı; 9)Talin mahalı; 10)Seyid Axsaxlı mahalı; 11)Sərdarabad mahalı; 12)Karpibasan mahalı; 13)Abaran mahalı; 14)Dərəçiçək mahalı; 15)Göyçə mahalı.
İrəvan xanlığının başçısı Hüseyn xan idi.
1827-ci ildə xanlıq rusların əlinə keçəndən sonra öz müstəqilliyini itirdi. Oktyabrın 26-da Naxçıvan və İrəvan xanlıqları üçün A.İ.Krasovskinin komandanlığı ilə Müvəqqəti idarə yaradıldı. İdarəetmədə daha iki məsul şəxs var idi: erməni Nerses Astaraketsi və Borodin. Ümumilikdə, Naxçıvan və Ordubad nahiyələrində rus pristavlarına xüsusi rol verilmişdi. Buradaca belə bir faktı yada salmaq lazımdır ki, çar hökuməti Qafqazı, türklərin ərazilərini- Dərbənddən başlayaraq bütün Şimali Azərbaycan torpaqlarını ələ keçirmək üçün ayrı-ayrı ölkələrdə yaşayan erməniləri də şirnikləndirmiş, onlardan əsgər, döyüşçü dəstələri yaratmış, Azərbaycanda "Erməni vilayəti" yaratmağa söz vermişdir.
Dostları ilə paylaş: |